İstiqamətin şifri və adı: tem: 030000 Fizika İxtisasın şifri və adı: tem: 030032 Nanohissəciklərin fizikası



Yüklə 16,42 Kb.
tarix18.05.2018
ölçüsü16,42 Kb.
#44919
növüReferat

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Fizika fakültəsi

İstiqamətin şifri və adı: TEM: 030000 Fizika

İxtisasın şifri və adı: TEM: 030032 Nanohissəciklərin fizikası
Nanomaterialların kimyəvi fizikası kafedrasının magistrantı

Cabbarova Könül Şahbaz qızının

magistr elmi dərəcəsi almaq üçün

PVDF+ZnS nanokompozitlərinin quruluşu və lüminessensiya xassələri”
mövzusunda
D İ S S E R T A S İ Y A İ Ş İ N İ N

R E F E R A T I
Elmi rəhbər:

Fizika elmləri doktoru, professor



Ramazanov Məhəmmədəli Əhməd oğlu

Kafedra müdiri:

Fizika elmləri doktoru, professor

Ramazanov Məhəmmədəli Əhməd oğlu

BAKI - 2011
REFERAT

Hal-hazırda yarımkeçirici nanokristallarının öyrənilməsi fizika və kimyanın vacib istiqamətlərindən sayılır. Nanohissəciklərin optik və lüminessent xarakterinin stabilliyi isə ən aktual məsələlərdəndir.

Son dövrlərdə nanohissəcik, nanosistemlərin sintezi və xassələrinin öyrənilməsi istiqamətində tədqiqatçıların daimi artan marağını xüsusi qeyd etmək lazımdır. Nanohissəciklərin sintezinə və xassələrinin öyrənilməsinə dair çoxsaylı maraqlı işlər mövcuddur. Bu elmi araşdırmalar sırasında nanohissəciklərin polimer mühitdə formalaşması prosesinə dair aparılan işlər xüsusi əhəmiyyət kəsb edir.

Polimer nanokompozitdə nanostruktur dedikdə, nanometr ölçülü nizamlı mikroheterogenlik başa düşülür. Nanostrukturun iştirakı hesabına nanohissəciklərin ölçüsünə, ölçüyə görə paylanmasına nəzarət etmək mümkündür. Bu faktorlar əhəmiyyətli dərəcədə nanokompozitlərin unikal xassələrini (katalitik, maqnit, yarımkeçirici, qeyri-xətti optik və s.) və onların tətbiq sahələrini müəyyən edir.



Polimer əsasında metal və ya yarımkeçirici nanohissəcikli kompozitlərin alınması problemi olduqca aktual məsələlərdən sayılır. Yalnız yarımkeçirici hissəciyin son dərəcə kiçik ölçüsü ilə deyil, polimer matrisanın quruluş xüsusiyyəti ilə də şərtlənən belə nanokompozitlər unikal xassələrə malik olurlar. Belə materiallarda optik, elektrik, katalitik, struktur xassələrinin nanohissəciyin ölçüsündən asılılığı və onun dəyişilməsi ilə qeyd olunan xassələrin idarə olunması aşkar edilmişdir.

Dissertasiya işi üç fəsildən ibarətdir. Birinci fəsil polimer matrisa və qeyri-üzvi maddə əsaslı hibrid nanokompozisiya materialları, onların alınma üsulları, fiziki və kimyəvi xassələrinə həsr olunmuşdur. Həmçinin, yarımkeçirici nanohissəcikli polimer nanokompozitlərin spektral xüsusiyyətləri və onlarda kvant ölçü effekti haqqında məlumat verilmişdir. İkinci fəsildə isə yarımkeçirici-polimer əsaslı nanokompozitlərin sintez qanunauyğunluqlarından bəhs edilmişdir. Burada əsas yeniliklərdən biri odur ki, polimer matrisa və yarımkeçirici maddə əsaslı hibrid nanokompozisiya materialları matrisada izolyasiya metodu ilə sintez edilmişdir. Bundan başqa polivinilidenflüorid və sink sulfid əsaslı nanokompozisiya plyonka nümunələrinin strukturu, optik xassələri, ZnS nanohissəciklərinin ölçüsü və quruluşunu tədqiq etmək üçün istifadə edilən atom-qüvvə mikroskopu, spektroflüorimetr, infraqırmızı spektroskopiya (İQS) və ultrabənövşəyi spektroskopiya (UBS) metodları haqqında məlumat verilmişdir. Üçüncü fəsildə ilk öncə PVDF+ZnS polimer nanokompozisiya materiallarının ilkin məhlulların qatılığından və hazırlanmasının texnoloji rejimlərindən asılı olaraq atom-qüvvə mikroskopiya (AQM) metodu ilə tədqiqi verilmişdir. Müəyyən edilmişdir ki, ilkin məhlulların (sink sulfat və natrium sulfid) qatılığından asılı olaraq polivinilidenflüoriddə sintez olunan ZnS nanohissəciklərinin ölçüsü dəyişilir. 0.1M məhlul qatılığı üçün alınmış hissəciklərin ölçüsü ~35 nm, 0.5M məhlul qatılığı üçün alınmış hissəciklərin ölçüsü ~52 nm, 1.0M məhlul qatılığı üçün isə ~74 nm olmuşdur. Amma plyonka nümunələrinin hazırlanmasının texnoloji rejimlərindən asılı olaraq ZnS nanohissəciklərinin ölçüləri (~52-53 nm) dəyişilməmişdir. Daha sonra PVDF+ZnS polimer nanokompozisiya materiallarının spektroflüorimetr metodu ilə tədqiqi verilmişdir. Müəyyən olunmuşdur ki, ilkin məhlulların qatılığı artdıqca, PVDF+ZnS nanokompozitlərin lüminessensiya spektrlərində dəyişikliklər baş verir və bu kvant ölçü effekti ilə bağlıdır. Eyni qatılıqlı, lakin müxtəlif texnoloji rejimlər vasitəsilə alınmış nanokompozisiya plyonka nümunələri üçün də lüminessensiya spektrləri çəkilmişdir. Alınmış nəticələrə əsasən müəyyən edilmişdir ki, ZnS nanohissəciklərinin alınmasının texnoloji rejimi PVDF+ZnS nanokompozisiya plyonka nümunələrinin optik xassələrinə təsir etmir. İnfraqırmızı spektroskopiya (İQS) metodunun köməkliyi ilə polivinilidenflüorid polimerində oksidləşmə-destruksiya proseslərinin inkişafı qiymətləndirilmişdir. Nəhayət PVDF+ZnS polimer nanokompozisiya materiallarının ultrabənövşəyi spektroskopiya (UBS) metodu ilə tədqiqi zamanı ilkin polimer və nanohissəciyin müxtəlif ölçü və qatılığında alınan təbəqələr üçün kvant ölçü səviyyələrindəki keçidlərə müvafiq olan xarakterik maksimumlar müşahidə edilmişdir.
Yüklə 16,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə