İtalo Kalvino İKİYƏ BÖLÜNMÜŞ



Yüklə 124,66 Kb.

tarix14.09.2018
ölçüsü124,66 Kb.


 

 



 

 


 

 




 

İtalo Kalvino 

 

 

 



 

 

 



 

 

 



 

 

 



İKİYƏ BÖLÜNMÜŞ 

VİKONT 

 

 



 

 

 



 

 

 



 

 

 




 

Tərcümə:  

Əsəd Əsədzadə 

  

Redaktor: 

 Nərgiz Cabbarlı 

  

Naşir:  

Müşfiq XAN 



  

Korrektor:  

Cəlalə Əliyeva 



  

Mətn tərtibatı:  

Bəxtiyar Ələkbərov 



  

Dizayn və qrafika:  

Teymur Fərzi 



 

İtalo Kalvino. İkiyə bölünmüş vikont 

"XAN" nəşriyyatı. Bakı-2015. 104 səh. 

 

 

“XAN” nəşriyyatının rəsmi razılığı olmadan kitabın və  

ya onun hər hansı bir hissəsinin təkrar çapı qadağandır. 

 

 

Avstriyalılarla  Osmanlılar  arasında  savaşa  qatılan  Terralbalı  vikont 

Medardonu  bir  Osmanlı  mərmisi  ikiyə  bölür.  Vikont  öz  ölkəsinə  yarım 

insan olaraq qayıdır. Bu maraqlı əhvalat sonradan bir oyun kimi böyüyən 

gözəl  nağıla  dönür.  Nağıl  boyunca  yarımvikontun  ətrafında  onun  özün-

dən pis parçalanmış olan insanlar hərəkət edirlər. 

İtalo  Kalvino  məşhur  bir  xalq  nağılının  motivləri  əsasında  qələmə 

aldığı bu gözəl romanda özünün bitib tükənməz düşüncələrindən birinimi 

mövzuya çevirmək istəyib, yoxsa getdikcə dəyişən, şikəst qalan, düzəlmə-

si mümkünsüz görünən müasir insana düşündürücü mesajmı göndərmək 

istəyib – bu sualın cavabını kitabla tanış olduqdan sonra biləcəksiniz. 

 

ISBN: 9 7 8 - 9 9 5 2 - 4 0 5 - 4 8 - 4 

 

©"XAN" nəşriyyatı / 2015 

 



 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İkiyə bölünmüş vikont 

 


 

 



 


 

 



İtalo  Kalvino  15  oktyabr  1923-cü  il  tarixində  Kubanın 

Santyaqo  de  Las  Veqas  kəndində  anadan  olmuşdur.  Gənc 

yaşlarında  İtaliyaya  köçmüş,  Kommunist  Partiyasına  üzv 

yazılmış,  “L`Unita”  qəzetində  və  müxtəlif  dərgilərdə  çıxan 

yazıları  sayəsində  II  Dünya  müharibəsindən  sonra  italyan 

mədəniyyətinin tanınmış simalarından birinə çevrilmişdi. İlk 

əsərlərindən  başlayaraq  İtaliyanın  ən  önəmli  yazıçılarından 

olan Kalvino bu ölkədə bir çox ədəbiyyat mükafatı almış və 

1960-cı ildə nəşr olunan “I nostri antenati (atalarımız)” kita-

bına  salınan  fantastik  hekayələri  ilə  beynəlxalq  miqyasda 

şöhrət qazanmışdır. 1950-ci illərdə fantaziya və alleqoriyaya 

maraq göstərən yazıçı üç povesti sayəsində imzasını oxucu-

ların yaddaşına  yaza bildi: “İkiyə bölünən vikont”, “Ağaca qo-

nan baron” və “Mövcud olmayan cəngavər”. 

Kalvinonun  şüur  axını  üslubunda  yazdığı  və  kainatla 

insanların  yaradılışından  bəhs  edən  “Kosmokomik  hekayə-

lər”indən, Marko Polo-Kubilay Xan münasibətləri çərçivəsin-

də  arzu,  yaddaş,  həyat,  ölüm  kimi  mövzular  haqqında  bö-

yük  incəliklə  və  şeiriyyətlə  qələmə  aldığı  “Görünməz  şəhər-

lər”indən,  yazma  və  oxuma  bacarığını,  oxucunun  mətnlə 

qarşılıqlı  əlaqəsini  anladan  “Bir qış gecəsi  əgər bir  yolçu”dan, 

tərtib  etdiyi  və  onun  düşüncəsinə  görə  iqtisadi  yükü  olan 

Fiabe İtaliane”yə qədər (“İtaliya nağılları”) bir çox əsəri əha-

tə  edən  yazarlıq  həyatının  son  məhsulu  “Amerika  Dərslə-

ri”dir. 

Kalvino 19 oktyabr 1985-ci ildə beyninə qan sızması nə-

ticəsində Sienada vəfat etmişdir. 

 

 




 

 



 

 



Türklərlə  xristianlar  arasında  müharibə  gedirdi.  Da-

yım,  Terralbalı  vikont  Medardo  atını  Bohema  düzənliyində 

xristianların ordugahına doğru çapırdı. Arxasınca da nökəri 

Kursio. 


Səmada ağ leylək dəstəsi alçaqdan uçur, donuq və dur-

ğun havanı dağıdırdı. 

 – Niyə bu qədər çox leylək var? – Medardo Kursiodan 

soruşdu, – Hara gedirlər belə? 

 

Müharibəyə  qoşulmuş  qonşu  hersoqu  məmnun  etmək 



üçün  könüllü  olaraq  orduya  yazılan  dayım,  hələ  ki  təcrü-

bəsiz  idi.  Xristianların  əlində  olan  son  qaladan  bir  at  və  bir 

nökər götürərək imperatorun qərargahına gedirdi. 

– Döyüş meydanına gedirlər, – nökər qısaca cavab verdi. 

– Yol boyu bizə yoldaşlıq edəcəklər. 

Vikont Medardo o tərəflərdə leylək görməyin yaxşı əla-

mət sayıldığını bilirdi, ona görə də leylək gördüyü üçün se-

vinməyə çalışırdı. Amma nədənsə özünü narahat hiss edirdi. 

–  Kursio,  bu  çöpayaqlı  quşların  döyüş  meydanında  nə 

işi var ki? – soruşdu. 

–  Qıtlıq  tarlaları  acınacaqlı  hala  saldıqdan  və  quraqlıq 

çayları qurutduqdan bəri, – nökər cavab verdi, – onlar da in-

san  əti  yeyirlər.  Ölülərin  olduğu  hər  yanda  qarğalarla  kər-

kəslərin yerini indi leyləklər, durnalar, flaman quşları alıb. 

O vaxtlar dayım gənc idi; hisslərin qarışıq və coşqun ol-

duğu, yaxşı ilə pisin hələ meydan çıxmadığı, ölüm-itimli ol-

sa belə, yaşadığı hər yeniliyin təsirli və həyat sevgisi ilə dolu 

olduğu bir yaşda idi... 




 

– Yaxşı, bəs, qarğalar, kərkəslər, o biri yırtıcı quşlar hara 



getdilər?  –  soruşdu.  Üzü  saralmışdı,  amma  gözləri  hələ  də 

parlayırdı. 

Nökər bığlı, qarabuğdayı,  danışarkən başını aşağı salan 

bir əsgər idi. O, ümumiyyətlə heç vaxt başını yerdən qaldır-

mazdı. 

–  Vəbadan  ölənləri  yeyə-yeyə  onlar  da  vəbaya  tutuldu-



lar,  –  dedi  və  nizəsini  uzaqda  qaralan  kolluqlara  tərəf  tuş-

ladı.  Diqqətlə  baxanda,  bunların  əslində  kolluq  yox,  yırtıcı 

quşların tükləri, ya da qurumuş ayaqları olduğu başa düşü-

lürdü. 


– Quşunmu, yoxsa insanınmı daha əvvəl öldüyü, qarnı-

nı  doyurmaq  üçün  kimin  kimin  üstünə  atıldığı  bilinmir,  – 

Kursio dedi. 

İnsanları qırıb tökən vəbadan qaçmaq üçün onlar kütlə-

vi şəkildə uzaqlara köçməyə çalışmış, amma burada can ver-

mişdilər. Bomboş düzənlik boyunca ora-bura sərələnmiş, ya-

ralardan  üz-gözü  tanınmaz  hala  düşmüş,  skelet  qalağına 

dönmüş  çılpaq  kişi  və  qadın  cəsədləri  görünürdü.  Üstəlik, 

nədənsə lələkləri də vardı; sanki cılız qollarından, sinələrin-

dən lələkli qanadlar çıxmışdı. Bunlar insan cəsədlərinə qarış-

mış kərkəs leşləri idi. 

Ərazidə  vuruşma  izləri  gedərək  artırdı.  Atların  ikisi  də 

gah yana qaçdıqlarından, gah da şahə qalxaraq irəli getmək 

istəmədiklərindən daha ağır hərəkət  edirdilər. 

– Yaxşı, bu atlar niyə belə edirlər? – Medardo nökərdən 

soruşdu. 

– Ağam, atlar öz bağırsaqlarının iyini heç xoşlamazlar. 

Həqiqətən  də  keçdikləri  düzənlik  arxası  üstə  qalmış, 

nalları yuxarı qalxmış, bəzisi üzü torpağa batmış, ya da yanı 

üstə düşmüş at leşləriylə dolu idi. 




10 

 

–  Kursio,  burada  niyə  bu  qədər  at  ölüb  ki?  –  Medardo 



soruşdu. 

–  Adətən  atlar  qarnının  deşildiyini  hiss  edəndə,  bağır-

saqlarını  tutmağa  çalışırlar,  –  Kursio  izahat  verdi,  –  bəzisi 

üzüaşağı  uzanır,  bəzisi  də  bağırsaqları  tökülməsin  deyə  ar-

xası üstə yatır. Amma hər iki halda da çox keçmədən ölürlər. 

– Deməli, bu müharibədə ən çox atlar ölür? 

– Türklərin qılıncları sanki atların qarnını deşmək üçün 

hazırlanıb.  Bir  az  irəlidə  insan  cəsədlərini  də  görəcəksiniz. 

Əvvəl atlar, sonra atlılar vurulub. Baxın, gəlib çatdıq, ordu-

gah oradadır. 

İrəlilədikcə üfüqdə yüksələn çadırların təpələri, impera-

tor ordusunun sancaqları və duman görünürdü. 

İrəliyə doğru addımladıqca son döyüşdə həlak olanların 

demək  olar  ki,  hamısının  cəsədinin  yığışdırılaraq  dəfn  edil-

diyini gördülər.  Aradabir saman yığını üstünə atılmış içalat-

lar, xüsusilə də barmaqlar gözə dəyirdi. 

– Bəzən, bizə yolu göstərən bir barmaq da görmək olur. 

– Medardo dayım dedi. - Bunun mənası nədir? 

– Tanrı günahlarını bağışlasın, üzükləri almaq üçün diri-

lər ölülərin barmaqlarını kəsirlər. 

– Kim var orada? – şimala baxan bir ağacın gövdəsi kimi 

kif basmış yosun örtülü bir növbətçi çığırdı. 

– Yaşasın müqəddəs İmperatorluq tacı! – Kursio bağırdı. 

–  Lənətə  gəlsin  Sultan!  –  növbətçi  cavab  verdi,  –  nolar, 

komandanlığa gedən kimi deyin növbəni dəyişmək üçün bir 

nəfər göndərsinlər, yoxsa burada lap ağaca döndüm. 

Nəcis yığını üstündə vızıldaşan milçək buludundan qaç-

maq üçün atlar artıq daha sürətlə irəliləyirdilər. 

– Dünənki döyüşdən sonra nə qədər igidin bağırsaqları 

hələ də yerdədir, özləri isə göy üzündə, – Kursio xaç çəkdi. 




11 

 

Ordugahın girişində buruq saçlı, qat-qat uzun ipək pal-



tar geyinmiş, sinələri görünən qadınların qışqıra-qışqıra, ça-

ğırış  dolu  qəhqəhələrlə  onları  qarşıladıqları  talvarın  yanın-

dan keçdilər. 

– Saray qadınlarının çadırıdır, – Kursio dedi. – Başqa heç 

bir orduda belə gözəl çadır görə bilməzsiniz. 

Dayım  qadınları  görmək  üçün  arxaya  boylana-boylana 

at sürürdü. 

– Diqqətli olun, ağam, – nökər xəbərdarlıq etdi, – hamısı 

kir-pas içindədir, özü də vəbalı. Türklər belə savaş qəniməti 

kimi  bunlara  əl  vurmaz.  Üstlərində  sadəcə  hamamböcəyi, 

taxtabiti, bit deyil,  kürəklərində əqrəblər, kərtənkələlər yuva 

salıb bunların... 

Səhra toplarının yanından keçdilər. Topçu əsgərlər su ilə 

şalğamdan ibarət yemək paylarını gün boyu atəş açmaqdan 

qızışmış tunc karabinlərin, topların üstündə isidirdilər. 

Arabalarla torpaq gətirilir, topçular isə onu ələkdən ke-

çirirdilər. 

–  Barıt  azalmağa  başlayıb,  –  Kursio  izahat  verdi,  –  dö-

yüşlərin getdiyi yerdə torpağa o qədər çox qarışıb ki, yalnız 

ələyərək bir neçə atımlıq barıt əldə etmək olur. 

Sonra süvarilərin axuru gəlirdi. Buradan milçək əlindən 

keçmək olmur, baytarlar isə kişnəyən, təpik atan dördayaq-

lıların dərisini tikişlə, sarğı ilə, qaynar qətran bulamacı ilə sa-

ğaltmağa çalışırdılar. 

Sonra bir müddət piyadaların çadırları bir-birini əvəz et-

di.  Axşam  düşmüşdü.  Çadırların  önündə  çılpaq  ayaqlarını 

ilıq su dolu ləyənə salaraq oturmuş əsgərləri görmək olurdu. 

Onlar gecə də, gündüz də qəfildən “silahlan” əmri verildiyi 

üçün “ayaq dincəltmə” fasiləsi zamanı belə dəbilqələrini baş-

larına  taxmış,  mizraqlarını  əllərində  tutmuşdular.  Yüksək, 




12 

 

köşklərdə olduğu kimi parça döşəməli çadırlarda isə zabitlər 



qoltuq  altlarını  pudralayır,  lələklərdən  hazırlanmış  yelpik-

lərlə sərinlənirdilər. 

– Bu, qadınları təqlid etmək üçün deyil, – Kursio dedi, – 

sadəcə, əsgərlik həyatının çətinliyinə baxmayaraq, keflərinin 

yerində olduğunu göstərmək istəyirlər. 

 

Terralba vikontu dərhal imperatorun hüzuruna apar-



dılar.  O,  xalçalarla  döşənmiş,  gerblərlə  bəzənmiş  çadırında 

xəritə  üstündə  səhər  olacaq  vuruşmanın  planını incələyirdi. 

Xəritələr masanın üstünə sərilmişdi, imperator isə marşallar-

dan  birinin  uzatdığı  iynə  qabından  aldığı  iynələri  ona  san-

cırdı.  Masada  o  qədər  iynə  vardı  ki,  xəritə  anlaşılmaz  hala 

düşmüşdü; nəyəsə baxmaq üçün hər dəfə iynələri çıxartmaq, 

sonra  yenidən  yerinə  taxmaq  lazım  gəlirdi.  Bu  çıxartmalar-

taxmalar  əsnasında  imperator  da,  marşalları  da  əlləri  boş 

qalsın deyə iynələri dodaqları arasında saxlayır, ancaq mırıl-

danaraq danışa bilirdilər. 

İmperator  önündə  ikiqat  olan  gənci  görəndə  sual  verir-

miş kimi mızıldandı və o dəqiqə ağzındakı iynələri çıxardı. 

–  İtaliyadan  yeni  gələn  bir  cəngavər,  əlahəzrət,  –  gənc 

adamı təqdim etdilər. – Genuya bölgəsinin ən zadəgan ailə-

lərindən olan Terralba vikont. 

– Dərhal leytenant rütbəsi verilsin! 

Dayım  dabanlarını  bir-birinə  vurub  hazır  vəziyyətə  ke-

çərkən,  imperator  krallara  xas  ağır  hərəkətlə  salamı  aldı  və 

bütün xəritələr bir-birinin üstündə qıvrılaraq yerə düşdülər 

Medardo yorğun olduğu halda, o gecə gec yatdı. Çadırı-

nın qarşısında irəli-geri addımlayır, növbətçilərin səsini, atla-

rın kişnərtisini, bəzi əsgərlərin yuxuda sayıqlamasını eşidir-

di. Göy üzündə Bohema ulduzlarına baxır, yeni rütbəsini, sa-

bahkı  vuruşmanı,  uzaqdakı  ana  yurdunu  düşünürdü.  Ürə-




13 

 

yində nə həsrət, nə şübhə, nə də qayğı vardı. Onun üçün hə-



lə ki, hər şey yerli yerində və qanunauyğun idi; Onu gözlə-

yən qorxunc  aqibəti qabaqcadan görə bilsəydi, bu qədər acı 

olmasına baxmayaraq, bəlkə onu  da təbii və qaçılmaz hesab 

edəcəkdi. 

Gözlərini düşmənin olduğu gecə üfüqünün bitdiyi yerə 

dikmiş, qollarını sinəsində çarpazlamış, uzaq və müxtəlif hə-

qiqətlər və özünün bunların arasında olması haqqında düşü-

nürdü; bundan doğan məmnunluq içində əlləriylə çiyinlərini 

qucaqladı. Bu döyüşdə tökülən və çay kimi, bulaq suyu kimi 

bütün yer üzünə yayılan qanının ruhuna qədər çatdığını hiss 

edir, hirs, ya da mərhəmət hissi duymadan onun ayaqlarını 

yalamasına və vücuduna yayılmasına icazə verirdi. 

 

 



14 

 

 



II 

 

Savaş  ertəsi  gün  düz  saat  onda  başladı.  Leytenant  Me-



dardo  hücuma  hazır  xristian  ordusunun  hərəkətini  at  üs-

tündə oturaraq izləyir, özünü tozlu bir əkin yerindən sünbül 

qoxusu  gətirən  Bohema  küləyinə  qarşı  durubmuş  kimi  hiss 

edirdi. 


–  Arxaya  baxmayın,  ağam,  –  çavuş  rütbəsində  düz  ya-

nında  dayanmış  Kursio  bağırdı.  Sonra  bu  xəbərdarlığına 

haqq qazandırmaq üçün alçaq səslə davam elədi, – deyilənə 

görə, döyüşdən əvvəl uğursuzluq gətirirmiş. 

Əslində  isə  o,  Vikontun  xristian  ordusunun  yalnız  ni-

zamsız  əsgərlərdən,  ehtiyat  qüvvələrin  isə  taqətsiz  düşmüş 

bir  neçə  piyada  dəstəsindən  ibarət  olduğunu  görüb  cəsarə-

tinin qırılmasını istəmirdi. 

Dayım uzaqlara, üfüqdə yaxınlaşan buluda baxır və dü-

şünürdü:  “Bu  bulud  türklər,  əsl  türklərdir,  böyür-başımda 

yerə  tütün  tüpürənlər  isə  xristian  döyüşçüləridir;  indicə  gə-

lən  zəng  səsi  hücum  çağırışı,  həyatımın  ilk  hücum  çağırışı, 

qulaqları  kar  edən  bu  gurultu,  bu  titrəmə,  döyüşçülərlə  at-

ların böyük bir sıxıntıyla baxdıqları torpağa batmış bu göy-

daşı  isə  top  mərmisi,  qarşılaşdığım  ilk  düşmən  mərmisidir. 

“Bu son mərmidir” deyəcəyim günün heç gəlməməsini dilə-

yirəm”. 

Qılıncını  çəkmiş,  gözlərini  duman  içində  gah  itib,  gah 

görünən  İmperatorluq  bayrağına  zilləmişdi;  düzənlikdə 

dördnala  çaparkən  dost  toplarının  atdığı  mərmilər  göy   

üzündə,  başının  üstündə  dolanır,  düşmən  topları  isə  hələ 

indidən  xristian  cəbhəsində  dəliklər  açır,  torpağı  qəfildən 

çətir  kimi  havaya  sovururdu.  “Türkləri  görəcəm!  Türkləri 



15 

 

görəcəm!”  -  düşünürdü.  İnsan  üçün  düşmən  sahibi  olmaq, 



sonra da onun təsəvvür etdiyi kimi olub-olmadığını görmək 

qədər maraqlı bir şey yoxdur. 

Türkləri gördü. İkisi düz qarşıdan gəlirdi. Atları örtüklü 

idi,  balaca  yumru  qalxanları  dəridən,  paltarları  isə  qara  və 

zəfəran  rəngli  çizgili  parçadan  hazırlanmışdı.  Sarıqları,  tor-

paq rənginə oxşayan üzləri və bığları Terralbada  “Türk Mi-

ke” adı ilə tanınan birininkinə çox bənzəyirdi. Türklərdən bi-

ri öldü, digəri isə birini öldürdü. Amma kim bilir, daha neçə-

si gəlirdi; artıq təkbətək döyüş başlamışdı. İki türkü görmək 

hamısını  görmüş  olmaq  kimi  idi.  Onlar  da  əsgər  idi,  bütün 

təchizatları ordunun malı idi. Üzləri kəndli üzü kimi yanmış 

və  inadkar  görünürdü.  Medardo  onları  görməsinə  görmüş-

dü; artıq Bildirçin keçidindən yanımıza – Terralbaya qayıda 

bilərdi.  Amma  gec  idi,  orduya  könüllü  yazılmışdı.  Yatağan 

zərbələrindən  qorunaraq  qaçırdı.  Sonunda  piyada  bir  türk 

tapıb  öldürdü.  Öldürməyi  öyrəndikdən  sonra,  bu  dəfə  qısa 

boylu bir atlının qarşısına çıxdı, amma səhv elədi. Çünki ki-

çiklər daha təhlükəli olurlar. Atların altına soxulur, yatağan-

la heyvanların qarınlarını cırırdılar. 

Medardonun da atı ayaqlarını aralayıb dayandı. 

– Neyləyirsən? – Vikont çığırdı. Həmin an özünü yetirən 

Kursio aşağını göstərərək: 

– Ora baxın, – dedi, – heyvanın bütün içalatı yerə tökü-

lüb. 


Yazıq heyvan altdan yuxarı sahibinə baxdı, sonra bağır-

saqlarını  toplamaq  istəyirmiş  kimi  başını  aşağı  əydi,  amma 

bu, sadəcə bir igidlik nümayişi oldu; özündən getdi və öldü. 

Terralbalı Medardo piyada qalmışdı. 

– Mənim atımı alın, cənab leytenant, – Kursio çığırdı. 



16 

 

Amma atını saxlaya bilmədi, bu dəfə özü bir türkün oxu 



ilə vurulub atdan salındı, heyvan isə qaçaraq uzaqlaşdı. 

– Kursio! – Vikont qışqırdı və yerdə inildəyən nökərinə 

tərəf qaçdı. 

– Məni düşünməyin, ağam, – nökərin səsi eşidildi, – xəs-

təxanada ərik arağı olsun, yetər. Deyirlər ki, hər yaralıya bir 

kasa düşür. 

Medardo  dayım  tünlüyə  qarışdı.  Savaşın  gedişi  müəy-

yən deyildi. O qarışıqlığın içində qalib gələnlərin xristianlar 

olduğu  düşünülürdü.  Türklərin  sıralarını  dağıtmış,  mövqe-

lərini ələ almışdılar. Dayım başqa igidlərlə birlikdə düşmən 

topçularınadək  gedib  çıxmışdı;  Türklər  isə  xristianları  atəş 

altında  tuta  bilmək  üçün  tez-tez  topların  yerini  dəyişdirir-

dilər.  İki  türk  topçusu  təkərli  bir  topu  ora-bura  döndərirdi. 

Onlar  öz  ağır  davranışları,  saqqalları,  ayaqlarına  enən  ge-

yimləri ilə iki münəccimə oxşayırdılar. Dayım: 

–  İndi  gəlib  topu  necə  döndərməyi  göstərərəm  sizə,  – 

dedi.  Coşqulu,  təcrübəsiz  olduğu  üçün,  toplara  sadəcə  yan-

dan, ya da arxa tərəfdən yaxınlaşmaq lazım gəldiyini bilmir-

di. Qılıncını çəkib, topun lüləsinin qarşısına keçdi; o iki mü-

nəccimi  qorxudacağını  düşünürdü.  Qorxmaq  bir  yana, 

adamlar düz onun sinəsinə atəş açdılar. Terralbalı Medardo 

havaya uçdu. 

...Axşam  döyüşlərə  ara  verildi.  İki  araba  savaş  meyda-

nındakı  xristianları  toplamağa  başladı.  Arabalardan  biri  ya-

ralılar, digəri isə ölülər üçün idi. İlk seçim savaş meydanında 

edilirdi.  “Bunu  mən  alıram,  onu  da  sən  al”.  Xilas  edilməsi 

mümkün  görünənlər  yaralıların  arabasına qoyulurdu;  sadə-

cə  parça,  qalıntı  halına  gəlmiş  meyitlər  isə  dəfn  edilmək 

üçün  ehtiramla  ölülər  arabasına  yüklənirdi;  cəsəd  adı  belə 

verilməyənlər isə, yem olaraq leyləklərə tərk edilirdi. O gün-




17 

 

lərdə  itki  çoxaldığına  görə  yaralıların  qurtarılması  üçün 



daha  ciddi  səy  göstərilməsinə  əmri  verilmişdi.  Bu  səbəblə 

Medardonun  qalıntıları  da  yaralı  sayılmış,  yaralılar  araba-

sına qoyulmuşdu. 

İkinci seçim xəstəxanada edilirdi. Vuruşmalardan sonra 

səhra  xəstəxanası  döyüşün  özündən  də  qorxulu  bir  vəziy-

yətə düşürdü. İçində qurbanların olduğu xərəklər yerdə sıra-

lanır, onların ətrafında isə əllərində kəlbətin, qayçı, iynə, kə-

silmiş  orqanlar,  kəndir  yumaqları  daşıyan,  ağızlarından  nə-

fəs almağa çalışan həkimlər dayanırdı. Ölmüş olsa belə, hər 

cəsədi  yenidən  həyata  qaytarmaq  üçün  əllərindən  gələni 

edirdilər.  Bir  yeri  doğrayır,  bir  yeri  tikir,  qanaxmanı  bintlə 

saxlamağa çalışır, damarları əlcək kimi tərsinə çevirib yerinə 

yerləşdirir,  yaranın  içinə  qandan  çox  sap  qoyur,  əməliyyatı 

bitirib tikirdilər. Bir xəstə öləndə isə faydalanacaq nəyi varsa 

başqasının əməliyyatında istifadə edirdilər. İşləri ən çox qa-

rışdıran bağırsaqlar olurdu; bir dəfə dağılırdısa, yerinə necə 

qaytarılacağını bilmək olmurdu. 

Örtük qaldırılanda Vikontun bədəninin dəhşətli şəkildə 

parçalandığı meydana çıxdı. Sadəcə bir qolu ilə bir ayağı ək-

sik deyildi, o qolla o ayaq arasında olan sinə  və  qarın hissə-

sini  də  mərmi  yox  etmiş,  parça-parça  olmuşdu.  Başında  bir 

göz, bir qulaq, bir yanaq, yarım burun, yarım ağız, yarım çə-

nə, yarım alın var idi; başın digər yarısı isə xəmirə dönmüş-

dü. Qısası, bədəninin yarısı-sağ tərəfi qurtulmuşdu, hətta ol-

duğu kimi qalmışdı; parça-parça olan sol tərəfi ondan ayıran 

böyük bir oyuq sayılmazsa, üstündə bir cızıq belə yox idi. 

Həkimlər  çox  məmnun  idilər.  “Aman  Allah,  nə  gözəl 

yaralıdır!” –  deyirdilər. –“Ölməyibsə, xilas etməyə çalışmaq 

olar”. 



18 

 

Dərhal onun başına toplaşdılar. Bu vaxt öz sırasını göz-



ləyən,  qoluna  ox  batmış  yazıq  əsgərlər  qan  zəhərlənməsin-

dən  can  verirdilər.  Həkimlər  tikir,  yerləşdirir,  sarıyırdılar; 

kim bilir daha nələr edirdilər. Bilinən o idi ki, ertəsi gün da-

yım tək gözünü, yarım ağzını açaraq və burun dəliyini şişir-

dərək nəfəs almağa başladı. Terralbalıların mayası güclü çıx-

mışdı. O, artıq yaşıyırdı və ikiyə bölünmüşdü. 

 

 



19 

 

 



III 

 

Dayım  Terralbaya  qayıdanda  yeddi-səkkiz  yaşlarında 



idim.  Axşam  gəldi;  hava  qaralmışdı;  oktyabr  ayı  olduğun-

dan göy üzü tutqun idi. Bütün günü üzüm toplamışdıq; sal-

xımlar  arasından,  qaraya  çalan  dənizdə  imperatorluğun  or-

dusunu  daşıyan  gəminin  yelkənlərinin  yaxınlaşdığını  gör-

dük. O ərəfələrdə hər gördüyümüz gəmiyə: “Mastro

1

 Medar-



do  bu  gəmi  ilə  qayıdır”,  –  deyərdik;  gəlməsini  səbirsizliklə 

gözlədiyimiz  üçün  deyil,  nəyisə  gözləməyin  özü  xoşumuza 

gəldiyindən  belə  edərdik.  Bu  dəfə  dediyimiz  düz  çıxmışdı; 

belə ki, həmin axşam Fiorfiero adında bir gənc, qəsəbənin ən 

hündür  təpəsində  üzüm  əzərkən  “gələnlər  var!”  bağırınca, 

inandıq. Ətraf demək olar zülmət içində idi; dərənin dibində 

qatır  saxlayanların  yandırdığı  məşəlləri  gördük;  körpüdən 

keçdiklərində əllərində xərək olduğunun fərqinə vardıq. Heç 

şübhə yox idi; Vikont savaşdan qayıdırdı. 

Xəbər  həmin  andaca  bütün  vadiyə  yayıldı;  dostlar,  qo-

humlar, baxıcılar, çobanlar, cəngavərlər qalanın həyətinə yı-

ğıldı. Bircə son zamanlar həyətə belə enməyən Medardonun 

atası, mənim də babam –yaşlı vikont Ayolfo yox idi. Həyat-

dan bezdiyi üçün müharibəyə getməmişdən əvvəl bütün ha-

kimiyyəti  oğluna  həvalə  etmişdi.  Elə  o  vaxtdan  qalanın  bö-

yük damında bəslədiyi quşlara meyli artmış, yatağını quşxa-

naya daşıtdırıb ora qapanmışdı; nə gündüz çıxırdı ordan, nə 

də gecə. Yeməyini quşların yemləriylə birlikdə – quşxananın 

barmaqlıqları arasından verirdilər. Ayolfo hər şeyini bu var-

lıqlarla  bölüşürdü.  Oğlunun  müharibədən  qayıtmasını  göz-

ləyərkən qırqovulları, göyərçinləri əzizləyərək vaxt keçirirdi. 

                                                           

1

Bəy, başçı, cənab 




20 

 

Qalamızın  həyətində  heç  vaxt  bu  qədər  adam  görmə-



mişdim;  haqqında  başqalarından  eşitdiyim  şənlik  və  savaş 

vaxtları  artıq  keçmişdə qalmışdı.  İlk  dəfə qalanın  da,  divar-

larının  da  nə  qədər  baxımsız,  keçiləri  otladıb  donuzlara  su 

içirtdiyimiz həyətin isə nə qədər palçıqlı olduğunun fərqinə 

vardım. Hamı gözləyə-gözləyə vikont Medardonun necə qa-

yıdacağını müzakirə edirdi; Türklər tərəfindən ağır yaralan-

dığı xəbəri çoxdan eşidilmişdi, amma şikəstmiydi, topalmıy-

dı,  yoxsa  üzü-gözü  yaralar  içindəmiydi  –  kimsə  bu  barədə 

qəti məlumata malik deyildi; xərək görməyimiz isə daha pis 

nəticə ilə üz-üzə gələcəyimizi söyləyirdi. 

Nəhayət, xərək yerə qoyuldu, qara kölgənin tam ortasın-

dan  bir  gözbəbəyinin  parıltısı  göründü.  Kök,  yaşlı  dayə  Se-

bastyana ona  yaxınlaşmaq istədi, amma kölgədən etiraz işa-

rəsi olaraq bir əl qalxdı. Sonra xərəkdəki vücud çətinliklə çır-

pınıb hərəkət etdi; Terralbalı Medardo gözlərimizin önündə-

cə bir qoltuq ağacına dirənərək ayağa qalxdı. Başından yerə-

dək  uzanan qara  bir cübbəsi vardı;  arxaya  atılmış  sağ  tərəfi 

üzünün və qoltuq ağacına dayaqlanaraq duran adamın yarı-

sının görünməsinə mane olurdu; sol tərəfində hər şey sanki 

parça və paltar bolluğu altında qalaraq gizlənmişdi. 

Dikəlib ətrafına – bizə baxdı, kimsənin ağzından bir kəl-

mə belə çıxmadı; bəlkə də o, tək gözü ilə bizə baxmır, sadəcə 

özündən uzaqlaşmaq istəyirdi. 

Dənizdən külək qalxdı, əncir ağacının qırılan budağının 

çırtıltısı eşidildi. Dayımın cübbəsi dalğalandı; külək cübbəni 

şişirdir,  yelkən  kimi  havalandırırdı;  sanki  onun  vücudunun 

içindən keçirdi; hətta elə bil heç vücud da yox idi; cübbə bir 

xəyalət  kimi  bomboş  idi.  Bir  az  da  diqqətlə  baxdıqda  dayı-

mın dirəyə taxılmış bayraq kimi göründüyünün fərqinə var-



21 

 

dıq; dirək çiyindən, qoldan, yandan, qoltuq əsasına dayaqla-



nan nə varsa – ondan ibarət idi, yerdə qalanı yox idi. 

Hərəsi bir tərəfə baxan, arxalarını bir-birinə çevirdikləri  

üçün qəribə görünən keçilər Vikontu sabit, mənasız baxışlar-

la süzürdülər. Daha həssas, çoxbilmiş donuzlar isə ora-bura 

qaçışır,  bir-birilə  toqquşurdular;  axırda  biz  də  qorxumuzu 

gizlədə  bilmədik.  Dayə  Sebastyana  qollarını  yuxarı  qaldıra-

raq: 

– Fəlakət! – deyə bağırdı. 



Bizi  belə  bir  mənzərə  ilə  üz-üzə  qoyduğuna  görə  əsəb 

keçirən dayım qoltuq ağacının ucunu irəli verib titrəyə-titrə-

yə qalanın girişinə tərəf irəlilədi. Xərək daşıyıcıları ayaqları-

nı bir-birinin üstünə aşıraraq giriş nərdivanlarında oturmuş-

dular; bunlar qızıl sırğalı, ülgüclə təmizlənmiş başlarında pi-

pik kimi bir neçə tel saxlamış, üst-başları tökülmüş insanlar 

idi. Ayağa qalxdılar; rəisləri olduğu kənardan bilinən çantalı 

adam dedi: 

– Pulumuzu gözləyirik, senyor.  

– Nə qədər? – Medardo soruşdu, – danışanda elə bil, gü-

lürdü. 

 

Çantalı adam dedi: 



– Xərəklə adam daşımağın neçəyə olduğunu bilirsiniz. 

Dayım  kəmərindən  bir  kisə  çıxardıb  hambalın  ayaqları 

altına atdı. Adam kisəni yoxladıqdan sonra: 

–  Amma  bu,  razılaşdığımızdan  çox  azdır,  senyor,  –  de-

yib narazılıq etdi. 

Külək cübbəsinin ətəyini havalandırarkən, Medardo da-

yım ”yarısı”, – deyə cavab verdi. Hambalın yanından keçdi, 

tək  ayağıyla  sıçraya-sıçraya  pillələrlə  yuxarı  qalxdı;  qəsrin 

içinə  açılan,  yarı  aralı  böyük  qapıdan  keçdi; qoltuq  əsası  ilə 



22 

 

iki  ağır  qapı  layını  itələyərək  gurultu  ilə  bağladı;  sonra  da 



açıq qalmış kiçik qapını çırparaq içəridə görünməz oldu. 

Biz  hələ  də  evinin  olduğu  qəsr  qanadına  gedən  dəhliz-

dən qoltuq ağacının taqqıltılarını, açılıb örtülən qapıların sə-

sini eşidirdik. 

Atası quşxananın barmaqlıqları arxasında ayaqüstə göz-

ləyirdi.  Amma  Medardo  ona  salam  verməyə  belə  getmədi; 

təkbaşına  otağına  qapandı;  kimsəyə  görsənmək,  açıqlama 

vermək  istəmirdi;  qapısını  döyüb  üzr  istəmək  istəyən  dayə 

Sebastyana ilə belə uzun müddət danışmadı. 

Qoca  Sebastyana  qaralar  geyinən,  tüllə  örtülü  üzündə, 

gözlərinin kənarlarında bircə qırışı belə olmayan, cüssəli qa-

dın idi; Terralba ailəsinin bütün körpələrini əmizdirmiş, bö-

yük olanların hamısı ilə yatmış, bütün ölənlərin gözlərini qa-

pamışdı.  İndi  iki  könüllü  dustağın  otaqları  arasında  var-gəl 

edir, onlara necə kömək edəcəyini bilmirdi. 

Ertəsi  səhər  Medardo  hələ  də  həyat  əlaməti  göstərmə-

diyindən biz qaladan uzaqlaşıb üzümlüyə getdik. Kimsənin 

kefi yox idi, bağlarda Medardonun başına gələnlərdən başqa 

bir şey danışılmırdı; əlbəttə, bu, onu çox sevdiyimizdən de-

yil,  mövzunun  qəribə  və  qaranlıq  olmasından  irəli  gəlirdi. 

Yalnız  dayə  Sebastyana  qəsrdə  qalmışdı  və  hər  gurultunu 

böyük bir diqqətlə dəyərləndirməyə çalışırdı. 

 Qoca Ayolfo sanki oğlunun belə kədərli və qəribə şəkil-

də qayıdacağını bilirmiş kimi ən sevdiyi quşlardan birini əh-

lilləşdirmiş, ona qəsrin o ərəfələrdə boş olan və Medardonun 

evinin  yerləşdiyi  qanadınadək  uçmağı,  otağının pəncərəsin-

dən içəri girməyi öyrətmişdi. Həmin səhər yaşlı adam quşun 

qəfəsini açdı, oğlunun pəncərəsinədək uçuşunu izlədi, sonra 

göyərçinlərinə yem verməyə başladı. 



23 

 

Çox keçmədən qəfəslərə çırpılan bir şeyin çıxartdığı səs 



eşitdi.  Qoca  çölə  boylandı.  Tellərin  üstündə  quşunun  ölüsü 

vardı. Qoca onun ölüsünü ovuclarının içinə aldı, bir qanadı-

nın qopardılmaq istənərək parçalanmış, bir ayağının iki bar-

maq arasında sıxılaraq qırılmış, bir gözünün oyulmuş oldu-

ğunu gördü. Ayolfo quşu sinəsinə basıb ağlamağa başladı. 

Həmin  gündən  yataq  xəstəsi  oldu,  qohumları  quşxana-

nın barmaqlıqları arasından onun çox xəstə olduğunu görür-

dülər. Amma kimsə gedib kömək edə bilmirdi, çünki içəriyə 

qapanmış, açarları gizlətmişdi. Quşlar qocanın yatağının ət-

rafında  uçuşur,  nə  bir  yerə  qonur,  nə  də  qanad  çalmaqdan 

yorulurdular. 

Ertəsi  səhər  quşxanaya  baxan  dayə,  vikont  Ayolfonun 

öldüyünü gördü. Bütün quşlar dənizin ortasında dalğalanan 

kötüyə qonan kimi, yatağın üstünə qonmuşdular. 

 

 

 




24 

 

 



IV 

 

Medardo atasının ölümündən sonra evdən çıxmağa baş-



ladı. İlk dəfə bunun fərqinə varan da bir səhər qapıları aralı, 

otaqları  bomboş  görən  dayə  Sebastyana  oldu.  Uşaqlar  Vi-

kontun arxasından getmək üçün yollara düşdülər. Axşam tə-

rəfi budaqları meyvə dolu bir armud ağacının yanından keç-

dilər.  Uşaqlardan  biri  “yuxarıya  baxın”  deyən  kimi,  ağar-

maqda olan gün işığında sallanan armudları gördülər, görən 

kimi  də  qorxuya  düşdülər.  Çünki  armudlar  bütün  deyildi; 

hər biri uzunlamasına kəsilmiş, yarımçıq halda sapından ası-

lı  qalmışdı;  hər  armudun  sadəcə  sağ  hissəsi  vardı  (baxılan 

yerə görə sol hissəsi də ola bilərdi, amma hamısı eyni tərəf-

dən kəsilmişdi), digər hissəsi isə yox olmuşdu; bəlkə də diş-

lənmişdi. 

 

Uşaqlar dedilər: 



– Vikont buradan keçib. 

Gün boyu  bu qədər ac qaldığına görə, yəqin ki, o, gecə 

qarnını  doyurmaq  üçün  qarşısına  çıxan  ilk  ağaca  dırmanıb 

armud yemişdi. 

Yolda  uşaqlar  bir  daşın  üstündə  qalmış  və  vərdiş  etdi-

yindən tullanmaq istəyən yarımcan bir yarım qurbağaya rast 

gəldilər. “Düz yoldayıq!” – deyib irəliləməyə davam etdilər. 

Yarpaqlar  arasında  yarım  yemişi  görmədikləri  üçün  bir  ara 

yolu itirdilər, amma sonra geri qayıdıb yemişi tapdılar. 

Beləcə,  çəmənlikdən  keçərək  meşəyə  çatdılar,  ikiyə  bö-

lünmüş bir göbələk, bir daşgöbələyi, sonra bir başqasını – zə-

hərli bir qırmızı  göbələk gördülər; meşədə yerdə bəzən “tə-

kayaqlı”,  çətirlərinin  sadəcə  yarısı  açıq  olan  göbələklərlə  də 

qarşılaşırdılar. Sanki iti bir bıçaqla ikiyə bölünmüşdülər, di-




25 

 

gər hissələrindən qırıntı belə qalmamışdı. Bunlar qurd göbə-



ləyi, qızıl göbələk, çəmənlik göbələyi kimi müxtəlif növlərdə 

göbələklər  idi.  Zəhərli  olanların  sayı  hardasa  zəhərsiz  olan-

lar qədər vardı. 

Bu  dağınıq  izlərin  ardınca  gedən  uşaqlar  “rahibələr” 

adını daşıyan və otların arasında bir bataqlığın da olduğu çə-

mənliyə  gəlib  çıxdılar.  Hava  qaralırdı,  bataqlığın  sahilində 

cübbəsinə  bürünərək  oturmuş  Medardonun  zəif  kölgəsi  ağ, 

sarı, torpaq rəngli göbələklərin üzdüyü suya düşmüşdü. Gö-

lün üzünə səpilmiş göbələklər Medardonun yarısını qopart-

dığı göbələklər idi. Suyun üstündə bütövmüş kimi görünür-

dülər.  Vikont  onlara tamaşa edirdi. 

Uşaqlar  bataqlığın    o  biri  sahilində  gizləndilər,  bir  şey 

deməyə cəsarət etmədilər; onlar da üzən göbələklərə baxırdı-

lar; elə bu zaman hamısının yeməli olduğunun fərqinə vardı-

lar:  görəsən  zəhərli  göbələklər  necə  olmuşdu?  Bataqlığa  at-

madığına  görə,  Vikont  yəqin  ki  onlarla  nə  isə  eləmişdi? 

Uşaqlar yenidən meşədə qaçmağa başladılar. Çox uzağa get-

mələrinə ehtiyac qalmadı, çünki cığırda, əlində səbət gətirən 

bir uşaqla rastlaşdılar: bütün zəhərli göbələklər səbətin için-

də idi. 


 

Əziz oxucularımız, əgər bu kitabı tam versiyada oxumaq istəyirsinizsə, 

aşağıdakı ünvana gəlib ala, yaxud zəng etməklə evinizə (ofisinizə) sifariş 

verə bilərsiniz: 

Ünvan: 

KİTABEVİM.AZ | Kitab və digər çap məhsullarının satışı 

Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.) 



 

Telefon: 

012 498 79 89, 055 877 24 44 



http://kitabevim.az/

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə