İxtisas/ Bank işi Fakültə/ İqtisadiyyat və idarəetmə Fənn



Yüklə 16,99 Kb.
tarix31.12.2021
ölçüsü16,99 Kb.
#82132
Ruslan 1.1 (2)


Bakı Dövlət Üniversiteti nəzdində İqtisadiyyat və Humanitar Kolleci

Ad / Soyad: Ruslan Məmmədov

İxtisas/ Bank işi

Fakültə/ İqtisadiyyat və idarəetmə

Fənn/ Firmanın iqtisadiyyatı

Fənn müəllimi/ Çobanzadə Pəri

Qrup/ 380

Mövzu/ İstehsal firmasının əsas fondları və istehsal gücü

Cəmiyyətin sosial-iqtisadi inkişafının maddi əsasını təşkil edən ictimai istehsal iş qüvvəsinin, əmək predmetlərinin və əmək vasitələrinin müxtəlif kəmiyyət nisbətlərində və kombinasiyalarda birləşdirilərək insanların tələbatlarını ödəmək üçün maddi nemətlərin yaradılması prosesidir. Əmək vasitələri və əmək predmetləri, məlum olduğu kimi, ictimai istehsalın maddi ünsürləridirlər.

Əmək prosesindəki və məhsulun yaradılmasındakı roluna görə əmək vasitələri istehsalın mühüm amilidir. Məhz əmək vasitələri istehsalın texniki və ictimai əmək məhsuldarlığının səviyyəsini müəyyən edir. Əmək vasitələri dedikdə, binalar, qurğular, nəqliyyat vasitələri, iş maşınları və avadanlıqları, güc maşınları, ötürücü mexanizmlər, ölçü və tənzimləmə cihazları və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi istehsal avadanlıqlarıdır ki, bunlara xammal və materialları bilavasitə emal edən və onlarda müəyyən fiziki, kimyəvi dəyişiklik apara bilən, onu yeni istehlak dəyərinə çevirə bilən bütün dəzgahlar, maşınlar, aqreqatlar və mexanizmlər daxildirlər.

Əmək vasitələri dəyər ifadəsində istehsal əsas fondları adlanır. Başqa sözlə, əsas fondlar istehsal prosesində uzun müddət və bütövlükdə – bütün ünsürləri birlikdə – iştirak edən, öz natural formasını ömrü boyu saxlayan və dəyərini istehsal edilən məhsulun üzərinə köhnəlmə dərəcəsindən asılı olaraq – hissə-hissə keçirən əmək vasitələrinin maddi-texniki deyil, dəyərlə ifadə olunmuş formasıdır. Azərbaycan Respublikası qanunvericiliyinə görə, dəyəri 100 manatdan yuxarı və ömür müddəti 1 ildən çox olan istehsal-texniki təyinatlı əmək vasitələrinin dəyəri əsas fondlara, dəyəri 100 manatdan və ömür müddəti isə 1 ildən az olanlar isə dövriyyə fondlarına aid edilir. Belə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sisteminin sadələşdirilməsi ilə əlaqədardır. Çünki dəyəri 100 manatdan az olan və ömür müddəti 1 ildən çox olan istehsal vasitələrinin əsas fondlar kimi uçotunun aparılması əmək tutumludur və uçot işini xeyli dərəcədə mürəkkəbləşdirir. İstehsal əsas fondlarının tərkibinə yalnız istehsal prosesinə cəlb edilmiş və müəyyən funksiyaları yerinə yetirən əmək vasitələri daxil edilir. Mövcud uçot qaydasına müvafiq olaraq əsas fondların dəyərinə istehsal firmalarının, təchizat və satış təşkilatlarının anbarlarında olan maşın və avdanlıqlar, quraşdırmaq üçün alınmiş, quraşdırılması nəzərdə tutulmuş, yolda olan və əsaslı tikinti balansında olan avadanlıqların dəyəri daxil edilmir.

Firmanın əsas fondları istehsal əsas fondları və qeyri-istehsal əsas fondlarına bölünür. İstehsal əsas fondlarına bilavasitə istehsal prosesində iştirak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən əmək vasitələri daxil edilir. Qeyri-istehsal əsas fondlarına isə müəssisənin ixtiyarında olan mənzil fondları, mədəni-məişət xidmətinin (klublar, uşaq bağçaları, səhiyyə məntəqələri, istirahət düşərgələri və s.) binaları, qurğuları və s. aid edilir. İstehsal əsas fondlarından fərqli olaraq, bunlar istehsal prosesində iştirak etmədiklərindən, öz dəyərlərini yaradılan məhsulun üzərinə keçirmirlər, daha doğrusu, keçirə bilməzlər.

Onlar öz dəyərlərini istismar edildikcə itirirlər. Bunlar üçün ödəniş fondu yaradılmır. Qeyri-istehsal əsas fondlarının təkrar istehsalı yalnız yeni investisiya qoyuluşu vasitəsilə həyata keçirilir. İstehsal əsas fondlarının tərkib hissələrindən biri də qeyri-maddi aktivlərdir. Bunlar da insan əməyinin "məhsulu" olduqlarından dəyərin daşıyıcılarıdır, əsas fondlardır, lakin onların (qeyri-maddi əsas fondların) fiziki əsasları (ölçüləri) yoxdur. Qeyri-maddi aktivlər də, fiziki əsası olan əsas fondlar kimi, uzun müddət istifadə olunduqlarından öz dəyərlərini tədricən itirirlər.

İstehsal əsas fondlarından istifadənin səmərəlilik səviyyəsi öz əksini həm də istehsal gücündən istifadədə tapır. Firmanın istehsal gücü – müəyyən dövr ərzində elm və texnikanın ən yeni nailiyyətlərinin, mütərəqqi texnoloji proseslərin və qabaqcıl istehsalat təcrübəsinin geniş tətbiqi, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi əsasında, mövcud istehsal əsas fondlarından tam istifadə etməklə optimal nomenklaturada, çeşiddə və keyfiyyətdə müəyyən məhsul buraxılışı üzrə maksimum imkandır. İstehsal gücü ayrı-ayrı sexlər, aqreqatlar, xətlər üzrə də müəyyən edilir.

İstehsal gücü istehsal bölmələrinin (müəssisə, sex, istehsal sahəsi, iş yeri) il ərzində məhsul buraxmaq üzrə maksimum imkanlarını xarakterizə edən, istehsal potensialını əsaslandırmaq üçün çox qiymətli və hesablama metodikası nisbətən mürəkkəb olan texniki-iqtisadi göstəricidir. Bu göstəricinin əhəmiyyəti istehsal potensialının əsaslandırılması ilə bitmir; onun vasitəsilə habelə mövcud olan istehsal əsas fondlarının imkanları aşkar edilir, investisiyaya ehtiyacın həddi müəyyən edilir. İstehsal gücünün düzgün hesablanmasının mühüm bir əhəmiyyəti də firmanın perspektiv üçün avadanlığa tələbatının real həddini və təchizat işinin həcmini aşkar etməkdir.

İstehsal gücləri müəssisədə sifarişlər zənbilinin realizə olunması, istehsalın həcminin planlaşdırılmasında çox mühüm rol oynayır. İstehsal gücləri və onlardan istifadə dərəcəsi hər bir müəssisənin istehsal proqramını hazırlayarkən və əsaslandırarkən ilkin məlumat kimi istifadə olunur.

Alınmış sifarişlərin yerinə yetirilməsi reallığı onun müvafiq texniki-iqtisadi hesablamalarla, xüsusən də istehsal güclərinin ölçüsü ilə əsaslandırmaq nəticəsində təmin edilir. İstehsal gücü il üçün bütün məhsulun nomenklaturası üzrə hesablanır. Hər bir məhsul növü üzrə istehsal gücü—natural ölçü vahidlərində, ayrı-ayrı məhsul növləri üzrə isə – dəyər və natural ifadədə müəyyən edilir.

Yeni işə salınmış müəssisə, sex və aqreqatların istehsal gücü layihə gücünə bərabər qəbul edilir. İstehsal gücü əsas istehsalın aparıcı sexlərinin gücünə görə müəyyən edilir; çünki bu sexlərdə əsas texnoloji proseslər yerinə yetirilir və onlar hazır məhsul buraxılışının təmin olunmasında həlledici əhəmiyyətə malikdir. Müəssisənin istehsal gücü aparıcı sexlərdəki avadanlıqların sayı və məhsuldarlığından, onların ekstensiv və intensiv istifadə dərəcəsindən, istehsalın və əməyin təşkili səviyyəsindən asılıdır.

Qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatda 3 növ istehsal gücünü biri-birindən fərqləndirirlər:

a) layihə gücü – tikinti layihəsinin texniki sənədlərində göstərilən istehsal gücü;

b) cari istehsal gücü – mənimsənilmiş istehsal gücü;

c) ehtiyat istehsal gücü Sonuncu işin ən qızğın vaxtında istifadə edilir.

Adətən o layihə gücündən az, cari istehsal gücündən isə çox olur. Ehtiyat istehsal gücünə ehtiyat avadanlıqların işə buraxılması ilə nail olunur. İstehsal gücü müəyyən olunarkən müəssisənin ehtiyat və təcrübəsınaq sahələrinin avadanlıqları da hesablamaya daxil edilir. Ehtiyatda olan avadanlıqlar istehsalın vaxtlı-vaxtında hazırlığını və yeni növ məhsul buraxılışının mənimsənilməsini asanlaşdırır, istehsalın çevikliyini artırır, planın yerinə yetirilməsi gedişində meydana çıxan disproporsiyaların aradan qaldırılması problemini həll edə bilir. Fasiləsiz istehsal prosesi əsasında işləyən müəssisələr üçün istehsal gücü - ildəki təqvim günlərinin sayı və günün uzunluğu əsasında hesablanır. Əsas sexləri iki və ya bundan az növbədə işləyən müəssisələr üçün istehsal gücü – avadanlığın ikinövbəli, bəzi müəssisələr üçün isə üçnövbəli iş rejimi əsasında müəyyən edilir. Bazar iqtisadiyyatı şəraitində istehsal proqramının formalaşması, onun müxtəlif resurslarla əsaslandırılması və qəbul olunmuş sifarişlərin yerinə yetirilməsi istehsal gücünün düzgün müəyyən edilməsindən asılıdır. Müəssisədə məhsul satışı imkanları qəbul olunmuş sifarişlərlə müəyyən edilirsə, istehsal imkanları istehsal gücü vasitəsilə aşkarlanır. Bu baxımdan tələb və təklifin tarazlığının təmin olunması zəruriliyi ilə əlaqədar olaraq müəssisədə istehsal gücü düzgün müəyyən edilməlidir.

İstehsal gücü (onun ölçüsü) bir qrup müəyyənedici, təsiredici və həlledici amillərdən asılıdır. Bu amillərə istehsalın ictimai təşkili formaları (təmərküzləşmə, kombinələşmə, ixtisaslaşma, kooperativləşmə), istehsal avadanlıqlarının sayı və texniki mükəmməllik səviyyəsi, tətbiq edilən texnoloji istehsal üsulunun mütərəqqilik dərəcəsi və s. aid olunur. Lakin istehsal gücünü hesablayarkən yalnız onun həcminə təsiredici deyil, müəyyənedici və həlledici rol oynayan amillər nəzərə alınır. Həmin amillər aşağıdakılardır:

1.İl ərzində, istismara daxil edilən və istehsaldan götürülənləri nəzərə almaqla, qurulmuş avadanlıqların sayı;

2.İl ərzindəki dəyişikliklər nəzərə alınmaqla, istehsal meydançalarının sahəsi;

3.Avadanlığın vaxt fondu;



4.Avadanlığın qabaqcıl, texniki cəhətdən əsaslandırılmış məhsuldarlıq norması və məhsulun əməktutumluğu.
Yüklə 16,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə