İxtisas: Beynəlxalq Münasibətlər Qrup: bm -1701 Müəllim: Fidan Yusifova



Yüklə 73,81 Kb.
tarix23.04.2022
ölçüsü73,81 Kb.
#85955
Qarabağ Azərbaycandır


AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ



I İmtahan Sualı

Fakültə: Sosial menecment

Kafedra: Dillər

İxtisas: Beynəlxalq Münasibətlər

Qrup: BM -1701

Müəllim: Fidan Yusifova

Tələbə: Eltac Mehdiyev

Fənn: Azərbaycan dili və nitq mədəniyyəti

Bakı 2020

Qarabağ Azərbaycandır”



Azərbaycanın əsrarəngiz guşələrindən və mədəniyyət mərkəzlərindən olan qədim Dağlıq Qarabağ böyük Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə --1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kvadratkilometr ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da həmin ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XIX əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlarına yiyələnmək iddiası dayanır.

Dağlıq Qarabağ Azərbaycanın ən qədim və gözəl guşələrindən biridir. Azərbaycanın poeziya və musiqi  beşiyi olan Dağlıq Qarabağ Azərbaycan Respublikasının əzəli-əbədi torpağı, ayrılmaz tərkib hissəsidir. Əsrarəngiz təbiəti, zəngin mənəvi və mədəni adət-ənənələri olan bir diyardır. Qarabağ həm də bir çox görkəmli Azərbaycan alimlərinin, yazıçı və şairlərin, rəssam və musiqiçilərin vətənidir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər tarixi-coğrafi bir anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaq­larına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış­dır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSRİ-nin rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin ortalarından SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar.Həmin fəaliyyətin tərkib hissəsi olaraq, 1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulmuş, onlardan 216 nəfər vəhşicəsinə qətlə yeti­rilib, 1154 nəfər isə yaralanmışdır. Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılmışdı. 1920-1923-cü illərdə məqsədyönlü surətdə həyata keçirilən proseslər nəticəsində keçmiş Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. İndiyədək Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsindən bəhs edilərkən, demək olar ki, onun ərazisinin inzibati bölgüsü tarixinin ən mühüm hadisələrinə lazımi diqqət yetirilməmişdir. Təhlil göstərir ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb, yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirmək yolu ilə təşkil olunub. Yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür. Ermənilər vaxtı ilə köçüb gəldikləri Qərbi Azərbaycanda - İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda da bu hiyləni işlətmək niyyətindədirlər.

Dağlıq Qarabağın bir tərəfdən, Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması və bununla da digər Azərbaycan torpaqları ilə tarixi bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən, Dağlıq Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi qayğı, bu diyarın sovet hakimiyyəti illlərində sosial-siyasi və iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı. Lakin 1980-ci illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni «ideoloqları» və onların himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması Vilayət Statistika İdarəsinin Stepanakertdə nəşr etdirdiyi statistik məcmuələrdə əksini tapmışdır.


1988-ci il fevralın 20-də DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-yə birləşdirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. İki gün sonra isə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

Münaqişə gündən-günə daha da genişləndi və Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Res­publikasının ərazisinin 20 faizi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon işğal olundu.

Ermənistan-Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsi nəticəsində 1 milyon­dan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər isə əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə – Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağ­lı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavəng mo­nastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağaraları və Xocalıda tunc və dəmir dövrünə aid kurqanlar daxildir.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlar­dan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları əsasında böyük bərpa və qu­ruculuq işləri görülmüş, kənddə normal həyat bərpa olunmuşdur.

Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib, ağır artilleriya qurğuların­dan Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 mülki şəxs qətlə yeti­rilmiş, bir nəfər isə ağır yaralanmışdır.

Daha sonra 2020-ci il iyul ayının 12-də günorta saatlarında Ermənistan tərəfinin növbəti təcavüzkar həmləsi işğal altında olan torpaqlarımızda deyil, Azərbaycan və Ermənistanın sərhəddində yerləşən Tovuz rayonu istiqamətində oldu. Ermənilər bu dəfə hədəf kimi Azərbaycan üçün strateji əhəmiyyətə malik olan bölgəmizə hücüm etmək niyyəti ilə öz işğalçı siyasətlərini bir daha sübut etdilər. Lakin buna baxmayaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən adekvat cavab atəşləri ilə susdu­ruldu.



Erməni siyasi hərbi rejimi mövcud münaqişəni sülh yolu ilə həll etmək əvəzinə özlərinin işğalçı mövqelərindən əl çəkməyərək sentyabr ayının 27-də səhər saat 6-00 radələrində növbəti dəfə işğal olunmuş bölgələrimizin yaxınlığında yerləşən mülki əhalini ağır artilleriya silahları ilə atəşə tutmağa başladı. Bu, artıq 30 ilə yaxın müddət ərzində səbrlə dözən və sülh tərəfdarı olan Azərbaycanın səbr kasasını daşdırdı. Rəşadətli ordumuz tərəfindən əks həmlə ilə düşmən ordusu nəinki susduruldu həm də, işğalda olan Füzuli və Cəbrayıl rayonlarındakı 7 kəndimiz, Murovdağ zirvəsi Modagiz ətrafındakı yüksəkliklər ordumuz tərəfindən işğaldan azad edildi. İnanırıq ki, tez bir zamanda şanlı Azərbaycan Bayrağı işğal altında olan digər torpaqlarımızda dalğalanacaqdır.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sözləri ilə desək, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır !
Yüklə 73,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə