İxtisasın adı: Kənd təsərrüfatı Modulun adı: Torpaqşünaslıq Modulun nömrəsi



Yüklə 0,58 Mb.
səhifə3/19
tarix27.04.2018
ölçüsü0,58 Mb.
#40278
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

TƏLIM NƏTICƏSI I.


Tədrisin nəticəsinin təsviri:

Torpağın yaranması haqqında biliklərə sahib olur və region üçün mühüm torpaq tiplərini tanıyır.


Sərbəst iş üçün tapşırıqlar

  • torpağın yaranması haqqında məlumat toplayın(məlumatlar internet axtarış sistemi və tanıdığınız ədəbiyyatlardan əldə oluna bilər);

  • yaşadığınız ərazində olan torpaq tipləri haqqında məlumat toplayın və yoldaşlarınızla bölüşün;

3.1. Əsas geoloji komponentlər (torpaq əmələgətirən süxurlar).


Torpaqəmələgətirən amillər haqqında təlimin əsasları V.V.Dokuçayev tərəfindən qoyulmuşdur. V.V.Dokuçayev müəyyən etmişdir ki, xüsusi təbiət cismi kimi torpaq aşağıdakı amillərin – iqlim, bitki və heyvanat aləmi, torpaqəmələgətirən süxurlar, relyef və ərazinin yaşı (zaman) amilinin sıx qarşılıqlı təsiri nəticəsində formalaşır (Şəkil 1.1).


Şəkil 1.1 Torpağın formalaşması sxemi

Müasir torpaqşünaslıqda yuxarıda göstərilən amillərlə yanaşı, insanın təsərrüfat fəaliyyəti də torpaqəmələgəlməyə və torpaq örtüyünə bilavasitə və dolayısı ilə təsir göstərən amillərə əlavə edilir.



Torpaqəmələgətirən süxurlar - Torpağın formalaşdığı dağ süxurları torpaqəmələgətirən və ya ana süxurlar adlanır.

Torpaqəmələgətirən süxur torpağın maddi əsası olub, ona öz qranulometrik, mineraloji, kimyəvi tərkibini, həmçinin torpaqəmələgəlmə proseslərinin təsiri altında tədricən müxtəlif dərəcədə dəyişən fiziki, kimyəvi, fizikikimyəvi xassələrini verir.

Torpaqəmələgətirən süxurları mənşəyinə, tərkibinə, quruluşuna və xassələrinə görə fərqləndirirlər. Yerin bərk qabığı və ya litosfer maqmatik, metamorfik və çökmə süxurlardan ibarətdir(şəkil 1.2).

Maqmatik və ya püskürülmüş süxurlar. Əsasən bərk olub, başqa - bərk kristallik süxurlar ( qranit, peqmatit, dunit və s.) adı ilə də tanınırlar. Maqmatik süxurlar litosferi təşkil edən süxurların 95 %-ni təşkil edir. Lakin onlar nadir hallarda, əsasən dağlıq ərazilərdə torpaqəmələgətirən süxurları təşkil edir.

Metamorfik süxurlar – törəmə bərk kristal süxurlar olub, yerin dərinliklərində yüksək temperatur və ya təzyiq altında maqmatik və çökmə süxurlardan yaranmışdır. Onların da torpaqəmələgəlmədə rolu azdır. Yerin səthinin çox hissəsi əsasən çökmə süxurlarla örtülüdür.

Şəkil 1.2. Torpaqəmələgətirən süxurların formalaşması sxemi


Çökmə süxurlar – bərk kristal süxurların və ya müxtəlif orqanizmlərin qalıqlarının aşınma məhsullarıdır.

Onlar üç qrupa bölünürlər: qırıntı çöküntülər, kimyəvi çöküntülər və biogen çöküntülər. Kimyəvi və biogen mənşəli çökmə süxurlar arasında karbonatlı çöküntülər - əhəng, mergel, dolomit, təbaşir torpaqəmələgəlmədə əhəmiyyətli rol oynayır.

Torpaqəmələgətirən süxurların formalaşması dağ süxurlarının aşınması, aşınma məhsullarının daşınması və çökdürülməsi prosesləri ilə əlaqədardır.

3.1.1 Əsas torpaqəmələgətirən süxurlar


Əsas torpaqəmələgətirən süxurlara yumşaq çökmə süxurlar aid edilir. Onların üzərində hər yerdə torpaqlar inkişaf etmişdir. Dördüncü dövrün çökmə süxurları genezisindən və formalaşma şəraitindən asılı olaraq tərkibinin müxtəlifliyi, quruluşu, kiplik və digər xassələrinin müxtəlifliyi ilə səciyyələnir ki, bu da formalaşmaqda olan torpaqların torpaqəmələgəlmə xüsusiyyətlərində və münbitliyində əhəmiyyətli dərəcədə əks olunur.

Aşağıda dördüncü dövrün çökmə süxurlarının əsas genetik tiplərinin təsviri verilmişdir.



Elüvial süxurlar və ya elüvi - ana süxurların aşınma məhsulları olub, yarandığı yerdə toplanırlar. Elüvi dağlıq vilayətlərdə və düzən sahələrdə formalaşır.

Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq ərazilərində, həmçiinin Murovdağ və Şahdağ silsilələrində kobud qırıntılardan ibarət şistli-qumlu tərkibli elüvial süxurlar yayılmışdır



Delüvial süxurlar və ya delüvi – yağış və ərinti suları vasitəsilə yamaclarda çökdürülmüş gətirmələrdir. Delüvial süxurlar dağətəyi vilayətlərdə, xüsusən də Böyük Qafqazın cənub yamacında yayılaraq müxtəlif torpaqlar üçün ana süxur rolunda çıxış edir.

Prolüvial süxurlar və ya prolüvi - dağlıq ərazilərdə, dağların ətəyində müvəqqəti, lakin güclü sel və su axınlarının fəaliyyəti nəticəsində yaranır. Bu cür çöküntülər sel axınlarının müşahidə olunduğu Böyük Qafqazın cənub yamacları və qismən Naxçıvan MR üçün səciyyəvidir.

Allüvial süxurlar və ya alüvi - çay daşqınları zamanı çökdürülmuş çöküntülərdən (subasar və ya çaybasar alüvi) ibarətdir. Azərbaycan ərazisində allüvial çöküntülərin ən geniş yayıldığı ərazi Kür-Araz ovalığı hesab olunur. Bununla belə, digər regionların (Böyük və Kiçik Qafqaz, Lənkəran) iri və orta böyüklüklü çayların (Katex, Qanıx, Lənkəran, Tərtər və s.) subasar hissələrində allüvial çöküntülər yayılmışdır.

Göl çöküntüləri - qədim relyefin çökəkliklərini doldurur. Duzlu göllər quruyaraq şoranlar əmələ gətirir. Abşeron və Kür-Araz ovalıqlarında bu cür göllərə tez-tez təsadüf etmək mümkündür.

Buzlaq və ya moren çöküntüləri - buzlaqlar tərəfindən müxtəlif süxurların yeri dəyişdirilmiş və çökdürülmüş aşınma məhsullarıdır. Azərbaycanda buzlaq çöküntülərinə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində təsadüf olunur. Talış dağlarında buzlaq çöküntülərinin müşahidə olunmaması, bu ərazinin sonuncu buzlaşmaya məruz qalmaması ilə əlaqədar olmuşdur.

Flüvialqlasial və ya su-buzlaq çöküntülərinin yaranması güclü buzlaq axınlarının fəaliyyəti ilə bağlıdır.

Örtük gillicələri - buzlaq çöküntüləri zonasında yayılmışdır və onlara buzlaqlara yaxın ərazilərdə dayaz ərinti sularının çökdürdüyü süxurlar kimi baxılır.

Löss və lössabənzər gillicələr - müxtəlif genezisə malikdirlər. Kimyəvi və su-fiziki xassələrinə görə bu süxurlar bitkilərin inkişafı üçün əlverişlidir. Əlverişli iqlim şəraitində onların üzərində yüksək münbitli qaratorpaqlar, həmçinin boz, şabalıdı, boz meşə torpaqları formalaşır.

Eol çöküntülər - küləyin akkumulyativ fəaliyyəti nəticəsində yaranır. Bu fəaliyyət səhralarda özünü daha intensiv şəkildə göstərir. Eol çöküntülərə çeşidlənmiş qum gətirmələri aiddir. Bu gətirmələr defliyasiya vilayətindən bir qədər aralıda çökdürülərək müxtəlif relyef formaları – düyünlər, barxanlar və s. əmələ gətirir.

Dəniz çöküntüləri-Bu çöküntülər Xəzərsahili ərazilərdə geniş yayılmışdır.

Torpaqəmələgətirən süxurların torpaqəmələgəlmədə rolu onunla müəyyən olunur ki, onlar üzərlərində formalaşan torpaqların xassə və tərkiblərini müəyyən edirlər.

Süxurların mineraloji, kimyəvi və qranulometrik tərkibi bitkilərin böyümə şəraitini müəyyən edir, humus toplanmaya, podzollaşmaya, qleyləşməyə, şorlaşma və digər proseslərə təsir göstərir.

Bütün bu misallar sübut edir ki, torpaqəmələgəlmənin sürəti və istiqaməti, torpaq münbitliyinin formalaşması və səviyyəsi, həmçinin torpaqlardan kənd təsərrüfatında istifadənin xarakteri ana süxurdan asılıdır.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə