İYİRMİ ÜÇ yeniyetmə



Yüklə 0,83 Mb.
səhifə1/19
tarix30.12.2017
ölçüsü0,83 Mb.
#18642
  1   2   3   4   5   6   7   8   9   ...   19

İyİrmİ üç yenİyetmə

Əhməd Yusifzadənin xatirələri


(Ayətullah Xameneinin rəyi ilə)










Kitаbın аdı:................İyirmi üç yeniyetmə

Tərcümə edən:..............Vüsal Hüseynzadə

Çаp tаriхi:............................................2017

Çаp növbәsi:.....................................Birinci

Tirаj:.....................................................1000

Bizi əsarətdən xilas edən Allaha həmd-səna,

Kermanın cənub əhalisinin unutmadığı şəhid qardaşım Musanın və övladlarından ayrı düşən, gözləri daim yolda qalan mərhum anamın əziz xatirəsi,

Şəhid Seyid Abbas Səadətin və bu kitabda adı keçən bütün şəhidlərin ruhuna dərin hörmətlə

Bu kitabı kölgəsi altında böyüdüyüm böyük qardaşım Həsən Yusifzadəyə və övladlarım Əli və Fatimə ilə birgə həyat hüzurumu borclu olduğum yoldaşım Vəhidə Sadat Hüseyniyə təqdim edirəm!


Ayətullah Xameneinin rəyi


2015-ci ilin novruzunda bu gözəl və maraqlı kitabı oxuyub çox sevindim, yaşları kiçik, iradə və məqsədləri isə çox böyük olmuş bu kişilərlə görüşdüm. Bu istedadlı yazıçını, o iyirmi üç yeniyetməni və bütün bu möcüzəvi gözəllikləri yaratmış qüdrət və hikmət əlini alqışlayır, Allaha şükür edirəm.

Mən Kermanı çoxdan görmüş və tanımışam. İndi isə bir də bu kitabın vasitəsilə tanıdım və onun rəngarəng, gözəl və parlaq çöhrəsinə bir daha şahid oldum.


25.03.2015

Giriş


"İyirmi üç yeniyetmə" bənzəri heç bir müharibədə görünməmiş macəranın şərhidir. Səkkizillik əsarətdən qurtulandan bir il sonra – 1991-ci ildə bu macəranı yazıb çap üçün bir nəşriyyata verdim. Çapdan çıxan isə o dövrün ad-san həvəsində olan gənclərindən birinin qələmilə yazılmış kiçik bir kitabça oldu. Əsla ürəyimcə olmadı.

2006-cı ildə ölkəmizin məsuliyyətli rejissorlarından olan Mehdi Cəfəri iyirmi üç yeniyetmə əsasında 13 hissəlik sənədli film hazırladı. Bu film tamaşaçısı az olan dördüncü kanaldan yayımlansa da, iyirmi üç yeniyetmənin qəhrəmanlığı müəyyən həddə qürbətdən çıxdı.

Bütün bu illər ərzində arzulamışam ki, bu hadisələri bütün acı və şirin tərəflərilə birgə qələmə alıb xalqımızın müqavimət tarixinə qeyd edim. Allaha şükür olsun ki, bu səadət nəsib oldu və iyirmi üç yeniyetmənin əhvalatı indi sizin önünüzdədir.

Giriş olaraq bir neçə məqamı xatırlatmağı vacib bilirəm. Birincisi budur ki, oxuduğunuz hadisələr otuz il öncə baş verib. Bu baxımdan, bəzi hadisələrin baş verdiyi tarix bir neçə gün tez və ya gec yazıla bilər; yalnız bir neçə gün.

İkincisi budur ki, hadisələri xatırlamaq və bu kitabı yazmaq üçün 1991-ci ildəki əlyazmalarımdan və əziz dostum cənab Mehdi Cəfərinin qrupumuzun üzvlərindən aldığı saatlarla müsahibələrdən istifadə etmişəm. Oxucu əmin ola bilər ki, bu kitabda yazılanlar nağıl və xəyal deyil, mənim və dostlarımın görüb-düşündükləridir.

Üçüncüsü budur ki, bu kitabda bizim 8 il 3 ay 17 gün əsirliyimizin yalnız ilk 8 ayı təsvir olunmuşdur. Digər illər Rəmadi, Beynəlqəfəseyn və Mosul düşərgələrində çoxlu acı və şirin xatirələrlə keçib. İnşallah, onları da yazaram.

İyirmi üç yeniyetmənin qəhrəmanlarından on altısı Kermandandır və indi ömürlərinin qırxıncı illərini başıuca yaşayırlar. Təəssüf ki, bu qrupdan Seyrcanın Parizindən olan Seyid Abbas Səadət əbədi diyara tələsmişdir.

Sonda Müqavimət ədəbiyyatı və incəsənəti şöbəsinin sədri əziz qardaşım Mürtəza Sərhəngiyə təşəkkür etməyi lazım bilirəm. Bu kitabın ərsəyə gəlməsi onun əməkdaşlığına və tövsiyələrinə borcludur. Həmçinin Kerman vilayətinin Müqəddəs müdafiə dəyərlərinin nəşri mərkəzinin sədri Mehdi Əbülhəsəniyə minnətdarlığımı bildirirəm. O, müharibə veteranlarını həmişə xatirələrini yazmağa həvəsləndirib və həvəsləndirir.

Əhməd Yusifzadə, Kerman, 2012-ci ilin yayı

Başlanğıc


Xuzistanın nəmli çöllərində qış, yayda susuz qumların isti olduğu qədər soyuq olur. Qamışlıqdan sərt külək əsirdi. Üzüm soyuqdan qızarmış, çəkmələrim palçıqdan ağırlaşmışdı. Acından qarnım quruldayırdı. Sanki sövdəsiz-qərarsız kimisə gözləyirdim. Yağışlı səhranın sonunda palçıqlı bir vanet1 göründü. Çətinliklə bizim səngərlərimizə sarı gəlirdi. Öz-özümə dedim ki, kaş Yusif və Möhsün də maşında olaydılar. Onlardan ayrı düşmüşdüm. Ötən gecə hər ikisini ikinci postda düşürmüşdülər, kiçik qardaş olan məni isə birbaş birinciyə aparmışdılar.

Günəş qamışlığın arxasında gözdən itirdi. Vanet yaxınlaşmışdı və hələ də çətinliklə irəliləyirdi. Önündəki yol deyildi, palçıqlı bir səhra idi. Təkərləri palçıq üzərində sürüşüb sağa-sola burulanda bildim ki, vanetin üstündə heç kim yoxdur; nə Möhsün, nə də Yusif. Allaha yalvarırdım ki, heç olmasa, sürücü özü ilə yeməyə bir şey gətirmiş olsun; məsələn, bir qazan isti və yağlı mərci-plov.

Maşın mənim dayandığım səngərin yanında durdu. Sürücü düşüb komandirin ardınca getdi. Fürsəti fövtə vermədim. Ayağımı palçıqlı buferin üstünə qoyub yuxarı qalxdım. Vanetin üstündə böyük bir qazan vardı. Hələ içindəkini görməmiş ağzım sulandı. İsti və yağlı mərci-plovun ətrini duymağa hazırlaşırdım ki, sürücü dedi: "Bağışla, qardaş, içində bir şey qalmayıb".

Qazanın dibində azca səbzi xuruşu görünürdü. Üzərini bərkiyərək çatlamış yaşıl yağ layı örtmüşdü. Sevincək qazanı aşağı endirdim. İyirmi dörd saat aclıqdan sonra bir az donmuş səbzi tapmışdım. Onu yemək üçün bir qədər çörək də lazım idi. Maşın isə ət və plovunu arxa postdaki uşaqların yediyi azca göyərtidən başqa bir şey gətirməmişdi; heç bir tikə çörək də. Səngərin içini, arxasını, istehkam səddinin aşağısını - hər yeri axtardım. Üstüörtülü bir səngərin damında patron qutuları arasında əl boyda kiflənmiş quru çörək tapdım. Allah bilir, neçə gün günəşin və yağışın altında qalmışdı. Onu yuyub qarnımı matəmdən çıxardım.

Bu müddətdə komandir lazım olan ərzağın siyahısını yazıb, boş qazanı maşına qoyan sürücüyə verdi. Sükanın arxasına keçəndə mən də Möhsünü və Yusifi tapmaq üçün yanında oturdum. Dedi: "Haraya?" Dedim: "Arxadakı posta".

İkinci səddin arxasında maşından enəndə axşam olmuşdu. Səngərlərdəki radiolardan azan səsi gəlirdi. Gənc döyüşçülər sədd boyunca müəyyən məsafələrlə düzülmüş su tankerlərindən tələsik dəstəmaz alırdılar. Soruşa- soruşa Möhsünü, Yusifi və kəndimizdən olan dostumuz Həsən İskəndərini tapdım. Böyük qardaşım Yusif itkin düşdüyüm iyirmi dörd saatda nigaran qaldığını bildirdi. Onları görməyə sevindim və səngərlərindəki ərzağı görüb təəccübləndim: konserv, kompot, çörək, mürəbbə... Halbuki biz ön postda acından ölürdük.

Ertəsi gün döyüşçüləri böldülər. Mən, Möhsün, Yusif, Əlican Tacik və Borzu Qane2 mənim bir gecə tək qaldığım yerə düşdük. Həsən İskəndəri bizdən təxminən üç kilometr aralıda olan Dubb-Hərdan cəbhəsinə düşdü. Bizim cəbhəmiz Nord adlanırdı. Əhvazın yaxınlığında olan Nord boru zavodunun adından götürülmüşdü.

Həmin günlərdə iraqlılar Əhvazın arxasında saxlanmışdılar. Bizim vəzifəmiz müəyyən yerləri hələ Əhvazdan ümidini üzməmiş düşməndən qorumaq idi. Bizim səddimiz Əhvaz-Xürrəmşəhr yolunun düz sol çiynindən başlayırdı. İraqlılara ən yaxın səngərimiz səddin yola birləşən yerində idi. Gecə-gündüz növbə ilə səngərdə dayanıb yolun kənarını qoruyurduq. Saatlarla səngərdə silah arxasında oturub qarşıdakı qamışlığa gözümü dikir və yolu da diqqətdə saxlayırdım. Yol, uşaqların daşla vurub öldürdüyü ilan kimi qamışlığın ortasında sakit qalmışdı. Ortasındakı ağ xəttə o qədər mərmi düşmüşdü ki, çətinliklə görünürdü. Yol uzun müddət idi yolçusuz qalmışdı və üzərində heç bir təkərin hərarətini hiss etməmişdi.


Nord


1982-ci ilin yanvar və fevral aylarını Nord cəbhəsində keçirdik; hər üç qardaş bir səngərdə. Yusifin iyirmi, Möhsünün on səkkiz, mənim də on altı yaşım vardı. Komandirimiz çox da tələbkar olmayan kaşanlı bir gənc idi. Bizim işimiz gecə-gündüz keşik çəkməkdən ibarət idi. Saatlarla səngərdə qamışlığın sükutunu dinləyirdik ki, xış-xış səsi eşitsək, ya da eşitdiyimizi zənn etsək, hər tərəfi avtomat atəşinə tutaq. Külək uca bir qamışı tərpədən kimi ən azı beş güllə havada idi. O qədər boşuna atəş açırdıq ki, heç vaxt hirsləndiyini görmədiyimiz gənc komandir atəş açmaqdan ötrü çətin qaydalar tətbiq etdi. Bizim problemimiz yalnız gözəgörünməz səslərə sarı atəş açmaq deyildi. Bəzən yeknəsəq həyat bizi yorurdu və bekar olanda atıcılıq yarışı keçirməkdən başqa bir yolumuz qalmırdı. Bəzən də kalaşnikovun güllələrini quru çörək ardınca gəlmiş sərçələri vurmağa sərf edirdik. Belə vaxtlarda gənc komandir özündən çıxır, kəndli qarı və yumurtalarının əhvalatını növbəti dəfə danışır və yadımıza salırdı ki, güllələr həmin qarının bağışladığı yumurtaların pulu ilə alınmışdır.

Yuvaları yağışla dolan və tərslikdən bizimlə bir səngərdə yaşayan siçanlarla oynamaq da başqa bir əyləncəmiz idi. Bir gün Əlican onların birini tutdu, boynuna nazik ip bağladı, ipin o biri ucunu da güllə qutusuna düyünlədi. O, postdan qayıdanda balaca siçanın önünə yemək qoyur və səngər yoldaşlarını güldürmək üçün onunla danışmağa başlayırdı. Siçan səngərdə gündə üç dəfə yemək yeyirdi və yəqin ki ona çox da pis keçmirdi. Sözügedən söhbətlərdə siçan adətən, iraqlı əsir rolunu oynayırdı.

Əlican Nord cəbhəsinin yeknəsəqliyindən bezmişdi. O, Bostan və Fəthülmübin əməliyyatlarından təzə gəlmişdi. Həmin qalibiyyətli əməliyyatların təntənəsini Nord qamışlıqlarının sükutu ilə müqayisə edəndə çox sıxılırdı. Onun orada olması digərləri üçün isə yaxşı hal idi. Döyüş təcrübələrinin yanında həm də zarafatcıllığı işə yarayırdı. Xüsusən də əsiri ilə danışanda gülməkdən uğunurduq. O, əsir siçanla bəzən amiranə, bəzən də nəvazişlə danışırdı; ev-ailəsindən, Bağdadın havasından və cəbhəyə gəlmə səbəbindən soruşurdu. Sonra səsini nazikləşdirib onun dili ilə suallarına cavab verirdi.

Gözəl əlyazma


Yağışlı bir gün səngərdə keşik çəkir və qamışlığa nəzarət edirdim. Uzaqda yolun sağında bir ziyarətgahın yaşıl günbəzi görünürdü. Yəqin ki, heç bir ziyarətçisi yox idi, iki cəbhə arasında tək-tənha qalmışdı.

Yusif silahını çiyninə aşırıb keşikçi səngərinə yaxınlaşırdı. Səddin sərt yoxuşundan qalxıb səngərə girdi. Qum kisəsinin üstündə oturudu. Əlindəki kağızı mənə uzadıb dedi: "Musadan məktub var". Sevincək qardaşımız Musanın məktubunu aldım. Musa o zaman Kəhnuc rayonunun Qalagənc sovetliyində maarif müdiri işləyirdi. Kərxenur əməliyyatında iştirak edəndən sonra xidmət üçün oraya getmişdi. O, özünün gözəl xətti ilə yazmışdı: "Əziz qardaşlarım! Biz sizinlə fəxr edirik. Siz sübut etdiniz ki, Allahın dini təhlükəyə düşəndə məktəb qələmlərini cəbhə silahları ilə əvəz edib müsəlman ölkəmizi qoruyursunuz".

Gözəl əlyazması mənə uzun və incə barmaqlarını xatırlatdı. Həmişə şəhərdən gələndə çantasını açıb kitablarını gizli bir yerə qoyurdu. Anamıza tapşırırdı ki, kitabları kimsə görməsin. Sonra üzərində adətən, sənət adamlarından birinin şəkli olan rəngli jurnalın arasından kağızları götürüb bizə oxuyurdu. İmam Xomeyninin Parisdən yaydığı bəyanatlar idi.

Bir dəfə özü ilə şəkil də gətirmişdi. Yumru eynəklə bir yazını oxuyan seyidin ağ-qara şəkli idi. Gözəl xəttilə şəklin arxasına yazmışdı: "Şiə dünyasının böyük təqlid müctəhidi həzrət Ayətullah Seyid Ruhullah Xomeyni".

O, həmin gözəl xəttilə bizə məktub yazmış, bizi qorxmaz döyüşçü adlandıraraq öymüş və həvəsləndirmişdi. Məktubu məni darıxdırdı. Yadıma düşdü ki, bir dəfə bayrama gələndə çantasında şəkil və bəyanatdan əlavə, idman alətləri də vardı. O, bir espander də gətirmişdi. Espanderin hər bir dəstəyini bir əllə tutub bir-birinə əks istiqamətə dartanda açılıb sinəsinin önündə dururdu. Bunu bir neçə dəfə təkrar edəndən sonra gücümüzü sınamaq üçün bizə verdi. Yusif və Möhsün bacardılar, mənsə yox. Musa mənim bacarmadığımı görüb yayların birini açdı və beləliklə, mən də onu açıb-bağlaya bildim. Musanın yumşaq qara bir plastik halqası da vardı. Onu pəncəsi içində sıxıb-buraxırdı.

Musa zövqlü bir gənc idi. Adam onunla həmsöhbət olmaqdan doymurdu. Başqalarına öyrətmək üçün həmişə nəyisə vardı. Şah rejiminin son illərində Kerman institutunda oxuyurdu. Bir dəfə kəndə gələndə mənə dedi: "Əhməd, gəl sənə kağızdan çaynik düzəldim". Sevincək dəfətərimin ortasından bir ağ vərəq qoparıb ona verdim. Uzun barmaqları ilə kağızı qatlamağa başladı. Onu iyirmi dəfə qatladı və axırda kağızın içinə möhkəm üfürdü və bir göz qırpımında hər iki tərəfində qulpu olan ağ bir çaynik əmələ gəldi. Hələ təəccüb içində idim ki, Musa dedi: "Üstəlik, içində çay da dəmləmək olar". Dedim ki, zarafat edirsən. Dedi: "Doğru deyirəm". Dedim: "Dəmlə görüm". Musa çaynikin içinə bir qədər quru çay atdı. Onu yarıya qədər qaynar su ilə doldurub neft pilətəsinin üzərinə qoydu. Mən mat-məəttəl baxırdım. Təəccübümü görüb izah etdi ki, alov suyun kağızı məhv etməsinə, su da alovun kağızı yandırmasına qoymur. Kağız çayniki qorumaq üçün su və alovun bu əməkdaşlığı mənə maraqlı idi.

Musa on üç günlük novruz tətillərində səhərlər idman edirdi. Günboyu da kitablarından birini götürüb novruz otları və sarı çiçəklər arasında gəzişirdi. Məni də özü ilə aparırdı. Bir gün isə atlanma ipinin dəstəyini sındırmışdım. O, üzümə vurmadı, amma mən xəcalətimdən əriyib onunla getmədim. Qalan günlər isə onunla gedirdim. O, ucadan şeir də oxuyurdu. Bəzən şeirləri izah edir, bəzən də şair haqda məlumat verirdi.
Azadlığın ayağına başımı qoyduğum zaman,

Azadlıqdan ötrü canımdan əlimi üzdüm!
Fərruxi Yəzdinin bu beytini oxuyanda onun həyatını, Yəzd hakiminin əmrilə dodaqlarının tikilməsini danışdı. Onun bu beytini də oxudu:
Bu əhvalatı mənim tikilmiş dodaqlarımdan eşit

Ki yanmış qəlbimdən ötrü ürəyin yansın!
O, Fərruxi Yəzdinin başına gələnləri bağın sonundakı qamışlığın yanında mənə danışdı; hansı ki, böyük qardaşımız Həsən heç vaxt o qamışlığın kökünü kəsə bilmədi.3

Həmin bahardan bir neçə il ötmüşdü və mən başqa bir qamışlığın ətrafında idim. Səngərin önü göz işlədikcə su idi və bir də qamışlıq, qamışlıq, qamışlıq.


Həsən İskəndəri ilə görüş


Bir dəfə Borzunu razı saldım ki, yanaşı cəbhəyə Həsən İskəndərinin yanına gedək. Borzu mehriban oğlan idi. Cəbhəyə gəlməzdən öncə atası Məşədi Qələndərin Fariyab-Ciroft marşrutlu mikroavtobusunda, onun yanında otururdu. Borzu Bostan və Fəthülmübin əməliyyatlarında da iştirak etmişdi.

Yola düşdük. Bir az həyəcanlı idim. Getməyimiz haqda nə komandirə bir söz demişdim, nə də Yusifə. Qumqumalarımızı su ilə doldurduq, silahlarımızı çiynimizə aşırdıq və soldakı bataqlıq boyunca göz işlədikcə uzanan çöllükdə hərəkətə başladıq. Yolda bəzən düşmən raketlərinin səsini eşidirdik. Raketlər başımız üzərindən öz ordumuzun mövqelərinə doğru gedirdi. Qorxu məni bürümüşdü. Təpənin arxası və səngərin içi təhlükəsiz idi, çöllükdə isə hər an görünə bilərdik. Bununla belə, çalalarda qalmış suları buxarladan isti qış günəşi altında irəliləyirdik. Bir saatdan sonra bir təpəyə yaxınlaşdıq. Keşikçilərə kimliyimizi anladıb səngərlər yerləşən sahəyə daxil olduq. Həsəni çox asanlıqla tapdıq. Bizi görüb təəccübləndi. Bir-birimizi qucaqlayıb gülüşdük. Hal-əhval tutduqdan sonra Həsən bizi səngərinə apardı. Səngəri bizimkindən yaxşı idi. Səngərin bir tərəfinə çörək, pendir və iki böyük metal qutuda kök mürəbbəsi qoymuşdular.

Həsən və onun səngər yoldaşları bizə isti xörək gətirdilər. Yeməkdən sonra orada və digər cəbhələrdə baş verənlərdən danışdılar. Məsələn, dedilər ki, kəşfiyyatçı uşaqlardan biri iraqlıların səngərinə gedib birini öldürmüş və sübut olaraq yazığın qulağını kəsib gətiribmiş.

Həsənlə görüşdən doymadıq, amma gün batmazdan öncə səngərlərimizə qayıtmalı idik. Həsən İskəndəri və onun yoldaşları ilə görüşüb-öpüşüb yola düşdük. Bir neçə addım getmişdik ki, Həsən çağırdı: "Əhməd, dayan, işim var". Dayandım. Həsən yaxınlaşıb dedi: "Bayramda Məşhədə gedəkmi?" Sevincək razılaşdım və Borzu ilə birgə yolumuza davam etdik.

Qayıdarkən yolda yarısı yerə basdırılmış bir qutu gördük. Onu çətinliklə palçıqdan çıxarıb qapısını açdıq. Qutunun içində sapsağlam və parıltılı iri patronlar gördük. Sanki xəzinə tapmışdıq. Onu özümüzlə aparmaq istədik, amma yol uzaq və qutu ağır idi. Bacardığımız qədər patronlardan götürdük və gün batmadan səngərlərimizə çatdıq. Həsənlə görüş haqda Əlicana və qardaşlarım Yusiflə Möhsünə danışdıq. Patronların başımıza gətirəcəyindən isə xəbərsiz idik.

Bir hadisə


Bir neçə gün idi gənc komandir bizdən çox şübhələnirdi. Eşitmişdi ki, bəzi uşaqlar J-3 və kalaşnikovla ördək ovuna gedirlər. O, qarı ilə yumurtalarının ibrətamiz əhvalatının bizə təsir etmədiyinə əmin olduğu üçün dedi: "Bundan sonra kim boşuna güllə atsa, postdan qovulacaq. Siz hər dəfə atəş açanda düşmən qorxuya düşür və raket atmağa başlayır". Doğru deyirdi. Bir dəfə səngərlərimizin ortasına bir neçə raket düşdü və uşaqlardan birinin ayağı yaralandı. Komandir də onun qanını boşuna atəş açanların boynuna atdı.

Gənc komandir bir müddət bizi hədə ilə yola verdi, nadincliyimiz ucbatından yaraşıqlı saqqalının bir hissəsi yananda isə ciddi tənbeh etmək qərarına gəldi.

Hadisə belə oldu: Bir gecə mən və Borzu çöldən tapdığımız patronların barıtını çıxarıb Borzunun corabına tökdük. Çay içmək istəyəndə qəhvədanın altında alov yandırmaq üçün onlardan istifadə edirdik. Düzdür, barıtlar tez yanırdı və qəhvədanın qaynamasına kömək etmirdi, lakin bunun özü yaxşı bir əyləncə idi.

Bir gün gənc komandir də gəlib ocağın yanında oturdu. Borzu onu görüb barıt corabının ağzını bağladı və alovun yaxınlığına qoydu. Komandir bizə nəsihət verirdi ki, beytülmalı hədər verməyək, boşuna güllə atmayaq, ördəklərə doğru atəş açmayaq və sair. Lakin bu zaman gözlənilmədən barıt hərarətdən alovlandı və vulkan kimi ətrafa şölə saçdı. Onun alovundan komandirin saqqalının bir hissəsi yandı. Xoşbəxtlikdən, gözlərinə və üzünə bir şey olmadı. Komandir çox hirslənib dedi: "Tez deyin görüm bunları haradan gətirmisiniz?" Borzu dedi: "Allah haqqı, çöldən tapmışıq. Patronlar tank kalibri üçün idi, bizim işimizə yaramırdı. Burada tankımız yoxdur axı".

Borzunu təsdiqləyib dedim: "Qardaş, biz hamısını gətirə bilmədik. Çox idi. Bir qutu dolu idi. Məncə, ordunun imiş".

Bu sözlər komandirin hirsini soyutmadı. O, dərhal arxa cəbhə müavinliyinə məktub yazdı ki, bu qardaşlar silah anbarında yardım üçün göndərilirlər. Məktubun altını imzalayıb Əlican Tacikə verdi.

Yalvarmağa başladıq, amma xeyri olmadı. Mənimlə Borzunun intizamsızlığı səngərimizin bütün uşaqlarının ayağına yazıldı. Ertəsi gün yemək maşını gələndə komandir bizi sürücüyə təqdim edib bildirdi ki, bu "dəyərli" uşaqlar silah qutularını yükləmək işinə baxsınlar. Beləliklə, ön postda döyüşçü məqamından arxa cəbhədə fəhləlik və hanballıq səviyyəsinə endik.

Yeni peşə


Yeni xidmət yerimiz Əhvazın Nord boru zavodunun anbarları idi. O zaman oraya boru yerinə silah-sursat qutuları yığılmışdı və hər gün ətraf cəbhələrdən oraya bir neçə yük avtomobili gəlirdi. Bizim işimiz ağır patron, qumbara və mərmi qutularını anbardan çıxarıb bir-bir ehtiyatla kamaza yığmaqdan və döyüşçülərə göndərməkdən ibarət idi. Anbarın yanında bizə kiçik bir otaq da verdilər. Otaqda bir yeni neft pilətəsi və bir neçə ədyal vardı. Silah anbarının növbətçisi sadə bir isfahanlı gənc idi. O, bir neçə gündən sonra yavaş-yavaş biz beş nəfərin zarafatcıllığına alışdı. Bəzən özü də zarafat edirdi. Vəzifəsindən razı deyildi, onu özünə sığışdırmırdı. Bizim birinci postdan gəldiyimizi biləndən sonra isə daha çox xəcalət çəkdi. O, bu həqarəti aradan qaldırmaq üçün bekar olanda bizə cəbhə xatirələrindən danışırdı.

O, müharibədə düşdüyü təhlükəli mövqeləri söyləməklə çatdırmaq istəyirdi ki, adi anbar növbətçisi deyil, əsl döyüşçüdür və müvəqqəti olaraq bu işdə çalışır. Nə olsa da, mərifətli və səmimi oğlan idi. Düşünürdük ki, bəlkə o da komadirinin saqqalını yandırdığı üçün buraya sürgün edilib. Amma yox, o, belə nadincə bənzəmirdi.

Orada gündüzlər ağır, gecələr isə rahat keçirdi. Hər dəfə yağış yağanda yarıya qədər su ilə dolu səngərlərin əvəzinə otağımız və pilətəmiz vardı, gecələrimiz unudulmaz zarafat və gülüşlərlə keçirdi. Bir dəfə gənc növbətçi Bostan əməliyyatında iştirakından danışırdı. Deməli, düşmən minalı sahədə onları atəşə tutubmuş. O, düşmənin necə güclü atəş açdığını anlatmaq üçün dedi: "Pis mövqedə idik. Bilirsiniz sağ-solumuzdan necə atəş açırdılar? Güllə kimi!" Bunu deyəndə bizdən gülüş atəşləri açıldı. Sonralar həmişə onu ələ salıb deyirdik: "Doğrudan da güllə kimi atəş açılırdı?" Bizimlə onun arasında səmimi dostluq oradakı son günümüzə qədər davam etdi. O, Möhsünü hamımızdan çox istəyirdi. Möhsün yaxşı rəsm çəkirdi. Qutuların üzərinə kömürlə maraqlı şəkillər çəkirdi. Bir dəfə atəş açan bir döyüşçü şəkli çəkib altından yazmışdı: "Döyüşçü qardaş, ən azı, kəndli qarıya görə gülləyə qənaət et!" Əlican da ona deyirdi: "Sanki özün dünənə qədər bu güllələrlə sərçə vurmurdun!"

Bir gün silah aparmağa gələn sürücülərin biri gənc komandirdən məktub gətirdi. O bizim xidmət yerimizə qayıtmağımızı istəyirdi. Sevincək əşyalarımızı götürüb özümüz yüklədiyimiz qutuların üzərində oturduq və səngərlərimizə qayıtdıq. Ondan sonra daha heç zaman gənc komandiri incitmədik.

İki ay ötdü. Bir dəfə pasdar4 forması geyinmiş və çəkmələrini rəngləmiş komandir dedi ki, ertəsi gün yeni qüvvələr postu təhvil alacaqlar və biz evlərimizə qayıda biləcəyik.

Ertəsi gün Əhvazın Qolf qarnizonunda təhvil-təslim etdik. Silah və daraqlarımızı anbara verdik və avtobus bileti alıb elə toz-torpaqlı paltarlarla Kermana qayıtdıq.

Kəndimiz Hurpasefiddən novruz ətri gəlirdi - 1982-ci ilin novruzu.

Məşhəd


Həsənlə birgə verdiyimiz sözə əməl etməyin, yəni müqəddəs Məşhədə səfərin vaxtı çatmışdı. Novruza bir həftə qalmış Seyrcana getdik, oradan da bir yük maşınına minib Şiraza doğru yola düşdük. Sürücü tək olmasın deyə bizi götürmüşdü. O, dağın başından gözəl mənzərəsi görünən duz gölünə tamaşa etmək həvəsimi görüb Neyrizlə İstehban arasındakı yüksəkliklərdə dayandı, düşüb xatirə şəkli çəkdirdik.

Hər bir qonaq kimi Şiraza çatdıqda əvvəlcə Şahçıraq ziyarətinə getdik. Sonra bir mehmanxana tapıb əşyalarımızı qoyduq və gəzintiyə çıxdıq.

Şirazda iki gün qaldıq. Hafiz və Sədinin məqbərələri dərs kitablarında gördüyümüz kimi idi. Qədim dərs kitablarında Şirazdan başqa bir şəkil də vardı: şəhərin meydanlarının birində güldən düzəldilmiş saat şəkli, gül saatı. O meydanı nə qədər axtardımsa, tapa bilmədim.

Şirazdan Tehrana, oradan da Məşhədə getdik. Məqbərənin yaxınlığında həyətdəki ağacların arasında su hovzu olan böyük bir evin bir otağını kirayələdik. Şimaldan olan iki 60-70 yaşlı kişi də orada qalırdı. Qocalarla xatirə şəkli çəkdirdik. Deyəsən, bizim kimi onlar da ailəsiz, ikisi birgə İmam Rzanı (ə) ziyarət etmək qərarına gəlmişdilər.

1982-ci ilin novruzunda, şəmsi ili dəyişən anda Behişti-Rzada şəhidlərin məzarı başında idik. Sonra məqbərəyə qayıtdıq.

Məşhəddə bir neçə gün qaldıq. Dönüş biletimizi Təbəs marşrutu üzrə aldıq. Quru səhralardakı yolla qayıdarkən dərs və məktəb haqda düşünürdüm; uzun yay tətilinin son saatlarında məktəblilərin birdən-birə xatırladıqları və tətilin bütün ləzzətini məhv edən düşüncələrdən. Doğrusu, 2-3 ay geriliyimi necə düzəldəcəkdim? Cəbr və həndəsəni kimdən öyrənəcəkdim? Bu fikirlərdən təngə gəlmişdim.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə