İYİRMİ ÜÇ yeniyetmə



Yüklə 0,83 Mb.
səhifə12/19
tarix30.12.2017
ölçüsü0,83 Mb.
#18642
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Bəsrədə bir gecə


Əsir karvanı bir neçə dəqiqə dayanandan sonra yenidən hərəkətə başlayanda hava təxminən qaralmışdı, çaydakı gəmilər işıqlarını yandırmışdılar. Həddən artıq darıxırdım. Həsən də öz aləmində idi, şəhərin işıqlarının çaydakı əksinə tamaşa edirdi. Dirsəyimlə böyrünə vurub dedim: "Həsən, şami-qəriban (qəriblər axşamı) deyirlər ha, budur?" Qəm-kədər dolu quru və yorğun təbəssüm etdi, ah çəkib dedi: “Allah bilir, indi Əkbər haradadır? İlahi, haradadırsa, Özün onu qoru!" Kürd əsgər barmağını dodağına qoydu. Sakit olduq.

Hərbi maşınlar Bəsrənin boşalmaqda olan küçələrindən keçib bir qarnizonun qarşısında düzüldülər. Maşınlardan endik. İkilaylı böyük dəmir qapının önündə bir neçə alma və çörək qutusu qoyulmuşdu. Hərbi forma geyinmiş operatorlar hər yeri işıqlandırmışdılar. Projektorların güclü ağ işıqları iri almaların və çörək qutularının üzərinə düşürdü. Çörək və alma götürüb qapıdan içəri keçən hər bir əsir hər yandan İraq telekanallarının kameralarına düşürdü.

İraqlıların sümun adlandırdıqları bir çörək və iri bir alma götürüb nəzarətçilərin arasındakı cığırla böyük bir zala çatdım. Bütün yüz, yaxud yüz əlli nəfərimizi zala yerləşdirdilər. Sonra qapı bağlandı və kimsə ona böyük bir qıfıl vurdu.

Ömründə ilk dəfə bir qapı üzünə qıfıllananda qəribə hisslər keçirirsən. Sanki o qıfıl səninlə danışır və deyir: "Hələlik sənə yaşamaq qadağandır. Taleyin haqda qərar verilənədək burada qalmalısan!" Qapının dəmir laylarının bağlanmasından, dəstəyinin çəkilməsindən və açarın fırlanmasından yaranan qulaqbatıran səslər gözətçinin açarı əlində sıxdığı anda bitir.

Bu səslər həmin dairəvi günbəzdə qalan məyusedici səslərdəndir. Mən onu minlərlə dəfə eşitmişəm.

Hər kəs zalın sement döşəməsinin bir tərəfində oturdu. Yeddisaatlıq sükutu pozub taleyimiz haqda danışmaq imkanı yaranmışdı. Amma hər şeydən öncə 24 saatlıq orucu çörək və alma ilə açmalı idik. Hələ də Əkbərin qanı qalmış əlimlə yaşıl almanı götürüb dişlədim. Çörək isə dişləməli deyildi.



Camaat namazı


Zalın o başından azan səsi gəlirdi. Təyəmmüm alıb azançı dayanan yerə doğru getdim.

Bəndər-Abbasdan olan qarabuğdayı döyüşçü Əli Salehi imam oldu. Hamımız qanlı paltarlarla bir neçə sıraya düzülüb arxasınca namaza başladıq. İki namazın arasında iraqlı nəzarətçiliərin pəncərələrin arxasından bizim təkbir, rüku və səcdələrimizə təəccüblə baxdıqlarını gördüm. İraq ordusunun komandirləri əsgərlərinə iranlıların məcus və atəşpərəst olduqlarını demişdilər. Onlar da "məcusların" namaz qılmalarını təəccüblə izləyirdilər. Namazdan sonra əsgərlərdən biri məndən soruşdu: "Sən müsəlmansan?" Dedim: "Bəli, müsəlmanam". Dedi: "Məcus iranlı!"

Heç nə demədim. Pəncərənin önündən keçəndə zalın qapısı açıldı. İki silahlı əsgər içəri girib birbaş Əli Salehinin üstünə getdilər, onu təpik və yumruqla qaldırıb apardılar. Əsirlik yavaş-yavaş əsl üzünü göstərməyə başlayırdı. Bəndər-Abbaslı gəncdən ötrü dua etdik. Bir neçə dəqiqədən sonra onu üz-başı şişmiş halda qaytardılar ki, bir də camaat namazı qılmaq fikrinə düşməsin.

Həsənlə bir saat əsarət adlı acı hadisədən danışdıq. Sonra elə bərk və soyuq sementin üstündə yuxuya getdik; qu tükündən hazırlanmış yataqda yatan padşahdan da rahat! Gecə yarısı iraqlıların hay-küyünə və zindanın qapısının səsinə oyandıq. Bir-bir dindirmə otağına getməli idik. Orada iki zabit bir tərcüməçinin köməyilə günortakı zabitin suallarına bənzər suallar verirdilər. Çalışırdım oxşar cavablar verim ki, sonra başım ağrımasın. Yenə də dedim ki, komandirimiz şəhid olub, gecə qaranlıq olduğu üçün tank və texnikaları görməmişəm, əməliyyatda iştirak edən canlı qüvvənin sayını da bilmirəm.

Zabit doğru dediyimə əmin olmaq üçün düz qarşımda dayanıb ağır əlilə qulağımın dibinə bərk sillə vurdu. Gözlərimdə iki güclü elektrik naqili qapandı, qulaqlarımda isə tufan başladı: hu-hu-hu!

Bu, əsirliyin ikinci ağrılı silləsi idi; biri vətən torpağında, biri də Bəsrədə. Birinci sillə qəlbimi, ikinci sillə isə qulaqlarımı ağrıtdı. Zabit suallarını bir daha təkrar etdi. Bilmək istəyirdi ki, güclü zərbə effekt verib, yoxsa yox. Mənim cavablarım isə əvvəlkindən fərqlənmədi. Məni Bəsic üzvü kimi qeyd etdi və dindirmə otağından bayıra atdı. Həsənin növbəsi çatdı. O da gedib səhərki cavablarını təkrarladı, bir neçə sillə, yumruq və təpikdən sonra qayıtdı. Daha rahat yata bilərdik. Qulaq ağrısı da yuxumu qaçıra bilmədi. Padşah yenidən qu tükü üzərində yuxuya getdi.



Əsirlikdə açılan səhər


Ətrafdakı məscidin minarələrindən sübh azanı verilirdi. Yuxudan oyandım. Hamı oyanmışdı. Təyəmmümlə namaza başladıq, amma bu dəfə cəm halda yox. Günəş doğanda aclıq hiss etdim. Səhər yeməyindən xəbər-ətər yox idi, amma ayaqyoluna getməyə icazə verdilər. Rahatlandıq. Təxminən saat on idi. Pəncərənin önündə oturmuşdum. O tərəfdə İraq əsgərləri get-gəl edirdilər. Pəncərənin ağzında mavi rəngli kiçik bir qutu gördüm. Götürdüm. Üstünə c, b və n hərfləri yazılmışdı. Sözün mənasını bilmirdim. Dedim yəqin nəsə dadlı bir şeydir. Açmağa heç kimdə heç nə yox idi. Üzük və saatlarımızı da almışdılar, o ki qala bıçağa. Qutunu yerinə qoydum. Yarım saatdan sonra hamı aclıqdan əziyyət çəkəndə yenidən götürdüm, açmaq üçün yol axtarmağa başladım. Beynimə bir fikir gəldi. İraqlılar ötən gecə kimliyimi göstərən metal birkamı görməmişdilər. Hələ də boynumda idi. Onu zəncirindən ayırdım. Qıraqları küt və oval idi. Onu bıçaq kimi itiləməli idim. İraqlıların görməyəcəyi tərzdə zalın sement döşəməsinə o qədər sürtdüm ki, bıçaq kimi iti oldu. Qutunu asanlıqla açdım. İçində pendir vardı, amma bizim adət etdiyimiz pendirlərdən deyildi, rezin kimi bir şey idi. Ağ rezin yeməkdənsə aclığı üstün tutdum. O qədər əziyyətdən qazancım bu oldu ki, ərəbcə pendirə “cubn” deyildiyini öyrəndim. Əsirlikdə öyrəndiyim ilk ərəb sözü bu oldu.

Bağdada doğru


Günorta çağı bir əsgər bir ətək çörək və bir vedrə su gətirdi. Daha alma yox idi. Almalar yalnız çəkliş üçün idi. Nahar etdik, namaz qıldıq və iraqlıların arasına yenidən çaxnaşma düşdü. Pəncərədən bizi gözləyən avtobusları gördüm. Sürücülər hərbi geyimdə idilər. Həsəndən ayrı düşməmək üçün yanından uzaqlaşmırdım. Onun adı məndən qabaq oxunanda ürəyim üzüldü, amma bir neçə dəqiqə sonra mənim adımı da çəkdilər.

Cəld əsgərin göstərdiyi avtobusa sarı qaçdım. Pillələrdən qalxanda bir səs eşitdim: "Əhməd!" Həsən idi. Yanındakı oturacaq boş idi. Gedib oturdum və Allaha şükür etdim. Günbatan çağı qollarımız bağlı halda Bəsrədən çıxdıq. Həsənin yanımda olması mənə ürək-dirək verirdi, o qərib qürubda mənə arxa dayaq olurdu. Hər yerdə məni qorumağı özünə borc bilən böyük qardaş kimi idi. Həsən sakit və qəmli halda avtobusun pəncərəsindən qırmızı günəşin səhra üzərindəki son şüalarına tamaşa edirdi. Mənsə ailəmizin yaşadıqlarını və daha sonra yaşayacaqlarını düşünürdüm: anamın mənim üçün ah-nalələrini, bütün ailənin dərdini çəkən yeganə bacım Fatiməni, hamısı məndən böyük olan yeddi mehriban qardaşımı. Görəsən mənim əsir düşdüyümü nə vaxt və necə eşidəcəkdilər. Öz-özümə dedim: Yəqin ki onlar cənub cəbhəsində böyük bir əməliyyat keçirildiyini və mənim də orada iştirak etdiyimi indi öyrəniblər. Bir neçə gündən sonra mən evə qayıtmayanda Musa və Yusif cəbhələri, xəstəxanaları və Merac komitələrini gəzəcəklər. Kaş elə indi onları 16 yaşımda yaşadığım acı taledən xəbərdar edə biləydim!

Gözüm xuzistanlı əsir Məhəmməd Abpeykərə14 düşdü. O, Kermanın qaçqın düşərgələrindən cəbhəyə yollanmışdı. Başından qəlpə yarası almış, başıbağlı şəkildə avtobusun döşəməsində qalmışdı. Tərpənmirdi. Düşündüm ki, bu ağır durumla elə oradaca öləcək. Əsirlərin biri Məhəmmədə sarı əyilib bir an baxdı və ümidsizcəsinə dedi: "Tapşırdı". Hamı Məhəmmədin qəribliyinə ah çəkib kədərləndi. Əmin olmaqdan ötrü başqa bir əsir yerindən qalxıb qulağını xuzistanlı əsirin sinəsinə qoydu. Bir qədər sakit qalıb dedi: “Yox, nəfəs alır”. Sevindik. Məhəmmədin ürəyi hələ döyünürdü.

Avtobus kənd evlərinin və yaşıl tarlaların kənarından keçirdi. Uzaqlarda, Bəsrə-Bağdad yolunun kənarında ərəb əkinçilər tarladan qayıdır, inəklərə böyük ot tayaları yükləyib gətirirdilər. Ürəyim çox istəyirdi ki, sürücü avtobusu saxlasın və mən düşüb kəndlilərin birilə çiy kərpicdən tikilmiş evlərin birinə gedim, daha ürəyimdə əsirlik adlı bir kədər qalmasın. Lakin həyat mənim istədiyim kimi deyildi.

Avtobus eləcə sürətlə gedirdi. Əsirlərdən biri yorğun və qərib sərnişinlərin dağınıq fikirlərini bir yerə topladı.

- Məhəmməd və ali-Məhəmmədə salavat!

Hamı salavat dedi. İraqlı əsgərlər əl-ayağa düşüb bizdən sakit qalmağımızı istədilər. Başqa biri dedi: “İslam döyüşçülərinin salamatlığı üçün salavat!"

- Allahummə səlli ələ Muhəmməd və ali-Muhəmməd və əccil fərəcəhum və əhlik ədaəhum əcməin!

O iki əsir salavat dedizdirməklə böyük iş gördülər. Vəziyyət tamamilə dəyişdi, əhval-ruhiyyəmiz yüksəldi və ürəklərimizdə ümid işığı yandı.

Sürücü Ümm-Gülsümün kasetini dəyişib başqa kaset qoydu: "Səndən sonra yoldaşım ağlamaqdır. Sənin qəmin məni yoldan çıxarıb. İndi mən bu qərib şəhərdə yalqız və yorğunam". Qəribə idi! Ərəb sürücü bu qəmli mahnının bizə aid olduğunu haradan bilmişdi? Biz də bu şəhərdə yalqız və qərib idik.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə