İYİRMİ ÜÇ yeniyetmə



Yüklə 0,83 Mb.
səhifə13/19
tarix30.12.2017
ölçüsü0,83 Mb.
#18642
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

Uşaqlığım


Kəndli kişi və qadınları görəndə xəyalım öz kəndimizə uçdu. Qürub çağı yuxarı kəndin qoyunları bizim kiçik kəndimizdən keçirdi, dırnaqlarının altından qalxan toz axşama qədər havada qalırdı. O vaxtlar hava qaralanda ürəyim darıxırdı. Axşamlar kənd qaranlıq və vahiməli olurdu.

Tövlədə qoyunların hay-küyü kəsiləndə və kəndi ağır sükut bürüyəndə anam lampaları yandırırdı. Birini ağ gəç divarları olan qonaq otağına qoyurdu. Biz oğlanlar orada qalırdıq. Bir lampanı da divarları palçıqdan olan qonşu otağa aparırdı. Bir taxça vasitəsilə bizim ağ otağımıza birləşmiş o otaq mətbəximiz və anamla bacımın yataq otağı idi. Mən lap balaca olanda anamla yatırdım, böyüyəndən sonra isə yorğan-döşəyimi ağ otağa aparıb qardaşlarım Möhsün, Hüseyn, Əli və Həsənlə yatmağa başladım.

O illərdə şəhərdə təhsil alan qardaşlarım Musa və Həsən bayram günlərində bizə qatılırdılar və beləliklə, ağ otaq yeddi nəfərin olurdu. Səkkizinci qardaş İsa idi. Onun ailə-uşağı vardı və bizim qonşuluğumuzda öz evində yaşayırdı.

Palçıq otaqda adətən, ocağın üzərində şam yeməyi bişirdi. Bu tərəfdə isə mən və Möhsün lampanın işığını ədalətlə aramızda bölürdük. Yusif şəhərə getməzdən öncə lampa işığında dərslərimizi yazanda böyük problemlə üzləşirdik. Lampanın dəstəyinin kölgəsi üçüncü adamın dəftərinə düşürdü. Həmişə dalaşırdıq ki, kölgədə oturmaq kimin növbəsidir. Bəzən böyük qardaşımız Həsən dalaşdığımızı görəndə qalxıb böyük tor çıraqların birini təmir edir, neftlə doldurur, torunu dəyişir, spirtə batırıb yandırırdı. Sonra çırağın neft balonunun nasosunu sürətlə vurur, son mərhələdə kranı açır və yanan kibriti torun altına tuturdu. Tor yanıb köpür, kül olurdu, ağ bir top kimi parlayıb otağı işıqlandırırdı.

Həmin gecələrin birində otağımızın lampasının fitili bitmişdi. Həsən bütün köhnə tor lampaları bir-bir yoxladı, amma hərəsinin bir nöqsanı vardır və yanmırdı. Həsən çox çalışdı, amma bir iş görə bilmədi. Səbri tükəndi. Kəlbətinlə lampanın torunu sıxdı. Tor əzilib töküldü. Həsən tor lampanı götürüb otaqdan bayıra tulladı və dedi: "Gözləyin, indi düzəldəcəyəm". Donub qalmışdıq ki, böyük qardaşımız nə fikirləşir. O, Rumıniya traktorunu işə saldı və gəlib otağın qabağında dayandı. Traktorun akkumulyatorundan otağa iki sim çəkdi. Adətən, alət qutusunda olan kiçik lampalardan birini simlərə birləşdirdi. Otağa tor lampadan da güclü ağ işıq doldu. Hər şey əla idi, yalnız kiçik bir problem qalmışdı: Biz tor lampanın səsinə vərdiş etmişdik, səssiz güclü işıq altında dərs yazmağa çətinlik çəkirdik.

Gecə idi və mən hələ də kəndli ərəb uşaqların həyat tərzinə həsrət çəkirdim. Yəqin ki, anaları o anda lampaları yandırıblar ki, uşaqlar məktəb tapşırıqlarını yazsınlar.

Həsən İskəndərinin səsi ilə özümə gəldim: "Əhməd, qəribə dövrandır ha! İyirmi gün öncə biz belə bir avtobusla Məşhədə gedirdik, indi isə Allah bilir bu avtobus bizi haraya aparır".


Bağdad


Bağdad şəhərinə girəndə günəş yenicə çıxmışdı. Avtobusun sürücüsü əlini siqnaldan çəkmirdi. O, bununla paytaxtın əhalisinə əsir apardığını bildirirdi.

Məhəmməd Abpeykər hələ hərəkətsiz avtobusun yerində qalmışdı. Başqaları isə oturacaqlarda oturub onları gözləyən gələcək haqqda düşünürdülər. O anda görmədiyim birinin səsi avtobusu bürüdü. Hamı səsin sahibinə sarı boylandı. Əsirlik qəribliyi şuxtəbliyinə təsir etməyən bir gənc əsir idi. Sürücüyə deyirdi: "Zəhmət olmasa, birinci dörd yolayrıcında saxlayarsız, düşmək istəyirəm". Güldük və bu bizim əsirlikdən sonrakı ilk gülüşümüz oldu. Əsirlərin biri də salavat deməyimizi istədi və dedik. Vəziyyət dəyişdi. Bir daha əhval-ruhiyyəmiz yüksəldi. Avtobusun kədərli və sakit ab-havası dəyişildi. O anlarda həmin gülüş və salavata nə qədər ehtiyacımız var imiş.

Avtobus şəhərə girmişdi. Bağdadlılar da bəsrəlilər kimi rəftar edirdilər: söyüş və tərifin qarışığı.

Enli bir küçədə böyük bir qapının önündə dayandıq. Qapının hər iki tərəfində iki qədim top görünürdü və hər topun arxasında bir mühafizə köşkü vardı. Bizi müşayiət edən avtomobil hamıdan qabaq daxil oldu və əsirləri daşıyan avatobuslar onun ardınca böyük qapıdan keçdilər. Deyəsən, çatmışdıq. Ora hündür xurma ağacları arasında təmiz yolları olan geniş hərbi zona idi. Sonralar o böyük qarnizonun İraqın Müdafiə nazirliyi olduğunu bildim. Qoltuqları altında qovluq olan qırmızı papaqlı hərbçilər müxtəlif binalara gedib-gəlirdilər.

Avtobusdan düşüb ensiz küçədən keçdik. Yolun sonunda soldan dəmir bir qapı açılırdı. Kiçik sahədə bizi bir neçə əsgər gözləyirdi. Ora bir zindanın həyəti idi. Giriş qapısının üstünə yazılmışdı: "Bura girən insan çıxanda başqa bir insana çevrilir!" Bütün sahəsi 50 kvadrat metrdən artıq deyildi. O kiçik həyətdə böyük qıfılları olan iki dəmir qapı iki kiçik zindana açılırdı.

Zindanlar nazik bir divarla bir-birindən ayrılırdılar. Divar olmasaydı, iki zindan bir yerdə diaqonalı təxminən yeddi metr olan bir yarımdairə əmələ gətirərdi.

Zindanların boz qapıları üzərində iki kiçik baca görünürdü. Onların ikisi də bağlı idi. Biz içəriyə girdik. Zindandan rütubət iyi gəlirdi; günəş görmədən quruyan paltar kimi.

10-12 kv. metrlik üçkünc zindan bizim hamımızı görmürdü. O isti və bağlı mühitdə bir-birimizə yapışıb oturduq. Yaralılar çox əziyyət çəkirdilər. Yerləşəndən sonra gözüm bizdən qabaq orada olan iki iranlı zabitə sataşdı. Taqətsiz təbəssümlə bizə xoşgəldin dedilər. Onlardan əlavə bir kişi də var idi. Onun daha yüksək rütbəli olduğu nəzərə çarpırdı. Bunu gənc zabitlərin ona hörmətindən anlamaq olurdu. Onlar həmin kişini cənab Polkovnik Təqəvi15 çağırırdılar. Cənab polkovnik Təqəvinin bir ayağı qurşağa qədər gipsdə idi. Köhnə pambıq döşək üzərində oturub divara sökənmişdi. Əsir idi, amma hələ də hərbçi zəhmi qalmışdı.



Bir ərəb kişi


Zindanın qapısı quru səslə bağlanmışdı. Bizsə istidən boğulurduq. Bütün bədənimizdən su axırdı. Paltarımızdakı quru qanlar yenilənmişdi. Yaralanmasam da Əkbərin qanı hələ paltarlarımı boyayırdı. Əsirlər hər dəfə tərpənəndə yaralılar inildəyirdilər. Susuzluq bütün taqətimizi almışdı. Kimsə qapıya möhkəm zərbə vurdu. Qapıdakı kiçik baca açıldı. İraqlı çavuş bacanın o tərəfindən çağırırdı: "Saleh! Saleh!"

Salehi tanımırdım. Əsgər bir daha təkrar etdi: "Saleh! Saleh!"

Zindanın küncündə cənab polkovnikın yanında oturmuş təxminən qırx yaşlı kişi yerindən qalxıb tələsik bacaya sarı qaçdı. Xırda gözləri, qarabuğdayı üzü və cod saçları vardı. O, uzun ərəb donu ilə çılpaq baldırlarını çətinliklə örtürdü. İraqlı əsgər bacanın arxasından ucadan və hirslə nəsə dedi.

Saleh bizə sarı qayıdıb qəliz ərəb ləhcəsilə qışqırdı: "Cənablar, sakit! Qardaşlar, lütfən sakit olun! Hamı dinləsin!" Danışıqlar dayandı. Saleh davam etdi: "Bu əsgər deyir ki, siz üç qrupa bölünməlisiniz. Ordu qüvvələri bir tərəfə, Bəsic üzvləri bir tərəfə, pasdarlar da bir tərəfə. Amma təbii ki, sizin aranızda pasdar yoxdur".

İraqlı çavuş Salehi çağıranda o, uzun ərəb donu ilə bacaya doğru qaçıb demişdi: "Bəli, ağam". Mən bundan onun casus olduğunu zənn etmişdim. Lakin bu dəfə o, mənim düşüncə məhkəməmdə bəraət aldı. “Təbii ki, sizin aranızda pasdar yoxdur" deyəndə bir anda mənim gözlərimdə casusluqdan çıxıb xilaskara döndü. İzaha ehtiyac yox idi. Saleh bizə kod verirdi. Demək istəyirdi ki, burada heç kəs pasdar, yəni korpus hərbçisi olduğunu bildirməməlidir. Burada pasdar olmaq böyük cinayətdir və onu acı aqibət gözləyir. Demək istəyirdi ki, aranızda pasdar varsa da, özünü Bəsic üzvü və ya ordu qulluqçusu adlandırsın. Hərçənd, kobud iraqlı çavuşun gözü önündə bu qədər təhlükəli izahlar yerinə sadəcə dedi: "Təbii ki, sizin aranızda pasdar yoxdur".


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə