İYİRMİ ÜÇ yeniyetmə



Yüklə 0,83 Mb.
səhifə4/19
tarix30.12.2017
ölçüsü0,83 Mb.
#18642
1   2   3   4   5   6   7   8   9   ...   19

Əkbər Daneşi


Bizim kəndimizdə ucaboy gənclər çox idi, amma heç biri Əkbərə çatmazdı. Onun uca boyu. yaraşıqlı üzü, çatma qaşları və iri gözləri vardı. Biz cəbhədən qayıdanda Əkbər Kermanın 05 saylı qarnizonuna təlimə getmişdi. Lakin təlimin ortasında anası ona belə bir xəbər yollamışdı: "Sən evin kişisisən. Atanın vəfatından sonra mənim, iki bacının və üç qardaşının ümidi sənədir. Əgər gedib şəhid olsan, biz nə edəcəyik? Bizi kimə tapşırırsan?"

Xəbəri Əkbərin kiçik qardaşı Mənsur bir neçə göz yaşı ilə birgə ona çatdırmışdı. Əkbər cəbhəyə getməyi həddən çox istəsə də, təlimi buraxıb kəndə qayıdırdı, lakin Kermanda bizimlə rastlaşdı. Bir gecə bizimlə qaldı. Ertəsi gün kiçik qardaşını kəndə yolladı və bizimlə cəbhəyə yola düşdü.



Çətin gün


Kermanın Texnika institutu o zamanlar cəbhəyə ezam mərkəzi kimi fəaliyyət göstərirdi. Kerman vilayətinin bütün rayonlarından döyüşə hazır Bəsic üzvləri institutun dairəvi binasına toplaşmışdılar.

Ezam günü idi. Sarəllah briqadasının yaraşıqlı və gənc komandiri Qasim Süleymani əmr etmişdi ki, hamı futbol meydançasına toplaşsın. Əllinəfərlik qruplarla çəmən üzərində oturduq. Hacı Qasim adamların arasında gəzişir və hər birini süzürdü. Meysəm Əfqani6 onun arxasınca gedirdi. Meysəm ucaboy və enlikürək adam idi. Qasimdən bir addım öndə getsəydi, baxan onun əsas komandir olduğunu düşünərdi.

Hacı Qasim, Meysəm və digər bir neçə pasdar bizə sarı gəlirdilər. Canıma qorxu düşdü. O, döyüşçüləri ələməyə gəlmişdi. Azyaşlılar onun ələyindən düşürdülər. O, belələrini cərgədən çıxarıb deyirdi: "Siz qarnizona gedin. İnşallah, növbəti dəfə sizdən istifadə olunar".

Briqada komandiri yaxınlaşdıqca həyəcanım da artırdı. Məni cərgədən çıxaracağından və əməliyyatda iştiraka həsrət qoyacağından qorxurdum. O anda Hacı Qasimə nə qədər nifrət edirdim. Bu kimdir ki, döyüşüb-döyüşməmək məsələsində mənim yerimə qəraq çıxarsın. Mən müharibəyə yaramıramsa, nə üçün Qüds qarnizonuna gedib təlim keçməyimə icazə verdilər? Əgər döyüşə qoymayacaqdılarsa, bəs hərbi təlimçi Yunus Zəngiabadi7 hansı haqla gecə saat üçdə komanda verib bizi məcbur edirdi ki, dörd dəqiqə ərzində silahlı formada Qüds qarnizonunun buzlu həyətində düzülək? Əgər mən uşağamsa və müharibəyə yaramıramsa, nə üçün cənab Bəhai müxtəlif silahların sökülüb-yığılmasını mənə öyrətmişdi? Cənab Damğani hansı haqla poliqonda o qədər tələbkarlıq edirdi? Nə üçün cənab Mehrabi günorta saat birdə bizi Sahibəzzaman dağlarının arxasındakı geniş çöllərdə itmiş boş patronu tapmağa məcbur edirdi və hədələyirdi ki, tapmasaq, nahar yeməyinə bir neçə xurmanı da verməyəcək? İstəyirdim Hacı Qasim bilsin ki, mənim yalnız boyum bir qədər qısadır, on altı yaş da az deyil. Ürəyim istəyirdi ki, cürətlə önündə dayanıb deyim: "Cənab, siz bilirsiniz ki, mən iki ay cəbhədə olmuşam?! Bilirsiniz ki, Nord cəbhəsində iraqlılara səsim yetən bir məsafədə keşik çəkmişəm və hətta yoldaşıma qəlpə dəyib?" Demək istəyirdim, amma cürət etmirdim.

Hacı Qasimin geyindiyi formanı sevirdim. Ümümiyyətlə, görkəmi mehriban idi. Digər komandirlərdən fərqli olaraq, təvazökarlıqla baxırdı və mehribancasına əmr verirdi. Eyni zamanda, bu dəfə o da ixrac olunanların etirazına məhəl qoymadı.

Hacı Qasim mənə yaxınlaşmışdı. Sanki uçurumun kənarında idim. Öz-özümə düşündüm ki, kaş saqqalım olaydı. Yanımda duran bığlı-saqqallı adama həsəd aparırdım. O həngamədə yaxamdan yapışmış yeniyetməliyi lənətləyirdim. Üzümdə tük yox idi, dodağımın üstündəki yaşıl xətt də bir işə yaramırdı. Gərək üzümü yana çevirəydim ki, Hacı Qasim görməsin. Bəs boyum necə? Digərlərindən bir baş və boyun qədər kiçik idim; darağın sağlam dişləri arasında sınıq bir diş kimi. Bu sınıq dişdən ötrü nəsə düşünməli idim.

Çətin idi, amma dizlərim üstdə bir qədər qalxdım. Elə qalxdım ki, Hacı Qasim qalxdığımı düşünməsin; yarıqalxmış vəziyyətdə. Hacı Qasimi aldatmaq üçün hərbi çantamdan da kömək aldım. Onu komandirin keçdiyi tərəfə qoydum və boynumu Hacı Qasimin baxdığı səmtin əksinə çevirdim. Dəmir papağın da rolu vardı. Dəmir papaqların böyük-kiçiyi olmur, bir ölçüdədir. Bu, o anda mənim üçün böyük şans idi.

Bu planla həm boy, həm də saqqal problemim həll olurdu. Hacı Qasimin diqqətlə baxmağı qalmışdı, onu da etmədi. Getdi və mənim adım cəbhəyə gedənlər siyahısında qaldı. Bu siyahı dəmiryol vağzalında qatarın pillələrinə ayaq basıb fəxrlə minmək imkanı yaradırdı.



İxrac olunanlar


İxrac olunanların səs-küyü çəmənliyi bürümüşdü. Onların bəzisinin yaşı və bədəni məndən böyük idi. Böyük bir iş bacardığımı anladım və bu tərəfdə olduğuma görə rahat nəfəs aldım. Cərgədən çıxarılanların biri Xanukdan olan Salman Zadxoş idi. İş-işdən keçmişdi və daha heç nədən çəkinmirdi. Hacı Qasimin üstünə qışqırıb dedi: "Mən bilmək istəyirəm siz kimsiniz ki, bizim dinimiz və ölkəmiz üçün vuruşmağımıza qoymursuz?! Biz bu qədər təlim keçmişik, bu qədər əziyyət çəkmişik. Vallah, bu, insafsızlıqdır!" Salman ağlayır və qışqırırdı. Nəhayət, Hacı Qasim dillənib dedi: "Azyaşlı uşaqlar əsir düşəndə onları məcbur edirlər ki, zorla müharibəyə göndərildiklərini desinlər". Salman əvvəlki cəsarəti ilə dedi: "Əksinə, uşaqlar böyüklərdən cəsarətlidirlər. Üstəlik, bəzi iddialılar əməliyyatda quruyub qalırlar. Bəli!" Hacı Qasim daha Salmana bir söz demədi. O getdi, gözüyaşlı Salman isə çəmənlikdə qaldı.

İxrac edilənlərin biri də Əlirza Şeyxhüseyni idi. Onun yalnız on altı yaşı vardı. Cərgədən çıxarılanda Salmandan fərqli olaraq, heç bir etiraz etmədən sakitcə çıxdı. Düşündüm ki, bəlkə cəbhəyə getməkdə israrlı deyil. Əslində isə o, başqa şeyə görə arxayın idi. Cərgədən çıxarılan kimi hərbi çantasını götürüb yataqxanaya getdi. Qayıdanda gördüm ki, əyninə yeni bir pasdar forması geyinib; gözləri kimi yaşıl forma. Sarı saçı ilə o geyimdə çox yaraşıqlı görünürdü. Həmin forma ona çox özünəinam verirdi. Anladım ki, o, həmin yaşda da pasdardır. Korpus formasını geyinəndən sonra üstündən xətt çəkilmiş adını asanlıqla yenidən yazdırıb cəbhəyə gedənlərin sırasına qatıldı.



Vağzal


Dəmiryol vağzalında qələbəlik idi; yenə güzgü, yenə Quran, yenə üzərlik qoxusu. Ciroftdakı yolasalma mərasimindən fərqli olaraq Kermanın dəmiryol vağzalında tək deyildim. Həsən və Əkbər də orada idilər. Qatar fitinin səsi vağzalı başına alanda son nigaranlığım da yox oldu. Üçümüz dördnəfərlik kupeyə girib qapını bağladıq. Qatar sanki bir qala kimi məni qoruyurdu. Qatarın qapısı önündə pasdarlar siyahını diqqətlə oxuyur və baxırdılar ki, əlavə kimsə qatara minməsin. Lakin onlar bilmədilər ki, qarışıqlıqda zirək bir yeniyetmə döyüşçülərin ayaqları və əşyaları arasından qatara girdi. Tez axırıncı vaqona keçdi və boş bir kupedə çarpayanın altında gizləndi. O yeniyetmə Salman Zadxoş idi.

Qatar yavaş-yavaş yola düşdü. Camaat ucadan salavat deyirdi. Qatar fit çalıb sürətini artırdı. Kerman şəhəri arxada qaldı və qatar şəhərdən kənardakı çöllüklərə girdi.

Pasdarlar saymaq üçün bir-bir kupelərə girirdilər. Əlavə kimsə minməmişdi. Sərnişinlərin sayı siyahıya uyğun idi.

Bir saatdan sonra qatar Zərənd vağzalından keçəndə Salman qan-tərin içində gizləndiyi yerdən çıxdı. Onu görən hər kəs güldü. Hətta qatarın mühafizəçi pasdarları da Salmanın yorğun görkəmini görüb təslim oldular və sonadək karvanla qalmasına icazə verdilər.




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə