Известия нахчыванского отделения национальной академии наук азербайджана серия общественных и гуманитарных наук, 2018, №1



Yüklə 241,97 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü241,97 Kb.
#56624


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ 

ictimai v» humanitar elmlər seriyası, 2018. M I

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА 

Серия общественных и гуманитарных наук, 2018, № 1

PROCEEDINGS OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES NAKHCHTVAN BRANCH OFFICE 

The series o f social sciences and humanities, 2018, № 1

İLHAMİ ƏLİYEV

AMEA Naxçıvan Bölməsi 

E-mail:  ilhamialiyev@yahoo.com.tr

NAXÇIVAN BÖLGƏSİNDƏKİ İMAMZADƏLƏR İSLAM 

MƏDƏNİYYƏTİ ABİDƏSİ KİMİ

Məqalədə  Naxçıvan  Muxtar Respublikası  ərazisindəki  İslam  mədəniyyəti  abidələri  sırasına  daxil 

olan Naxçıvan şəhər,  Nehrəm və Parçı  imamzadələrindən bəhs olunur.  Qeyd edilir ki,  bu imamzadələr öz 

vətənlərindən  didərgin düşmüş imam  övladları  üçün tikilmişdir və əsrlərdir ki, yerli əhali tərəfindən hör­

mətlə yad edilir.  Özündə yerli  və İslam  mədəniyyətinə xas memarlıq xüsusiyyətlərini  birləşdirən  bu  dini, 

tarixi  abidələr əsasən Səfəvilər dövründə  ucaldılmışdır.  Səfəvilər dövlətinin  dini siyasətinə  uyğun  olaraq 

formalaşdığına görə imamzadə kompleksləri əsasən bu dövlətin əhatə etdiyi torpaqlarda inşa edilmişdir.

Açar sözlər: islam,  imamzadə,  abidə,  mədəniyyət, memarlıq kompleksləri.

Azərbaycanın  qədim  tarixə  malik,  zəngin  mədəniyyət  mərkəzlərindən  biri  olan 

Naxçıvan  Muxtar  Respublikası  ərazisində  günümüzədək  qalan  İslam  mədəniyyəti  abi­

dələrdən  biri  də  imamzadələrdir.  Səfəvilər  dövrünə  aid  olan  bu  memarlıq  abidələri  -  

Naxçıvan  şəhər  imamzadəsi,  Nehrəm  imamzadəsi,  Parçı  imamzadəsi  və  s.  bu  günümü­

zədək  gəlib  çatmışdır.  İmamzadə  “imam”  ərəb,  “zadə”  fars  sözlərinin  birləşməsindən 

yaranan  imam  oğlu  və  ya  övladı  deməkdir.  İmam  övladlarının  Azərbaycanda,  xüsusilə 

də Naxçıvanda dəfn edilməsinə gəldikdə isə şiələrin yeddinci  imamı  Museyi-Kazım  hic­

ri-qəməri  183-cü  ildə  (miladi  799-800-cü  ildə)  xəlifə  Harun  ər-Rəşid zamanında  zəhər­

lənib  öldürüldükdən  sonra  onun  övladları  təqib  olunmuş  və  onlar  canlarını  qurtarmaq 

üçün didərgin düşüb  müxtəlif yerlərə qaçmışlar  [6,  s.  57].  Azərbaycanda həmin  yerlərin 

arasında  Naxçıvan  bölgəsi  də  olmuşdur.  İslam  dünyasında  Məhəmməd  peyğəmbərin 

nəslindən  olan və bu  nəslin davamçıları  sayılan imamların övladları  xalq  arasında böyük 

nüfuz  sahibi olduqları üçün onlar öləndən  sonra  da qəbirləri  əsrlərdir ki,  yerli  əhali tərə­

findən  müqəddəs  tutularaq  ziyarət  yerlərindən  birinə  çevrilmişdir.  Bu  qəbirlərin üzərin­

də insanlar sonralar İslam memarlığına xas türbələr inşa etmiş,  bu türbələri  imam övlad­

ları  üçün  olduğundan  imamzadə  adlandırmış  və  hər  zaman  onları  müqəddəs  məkana 

çevirmişlər.

AMEA-nın  müxbir  üzvü  H. Səfərli  qeyd  edir  ki,  orta  əsrlər  zamanı  bu  müqəddəs 

yerlərin  funksiyası  təkcə  ziyarətgah  olmaqla  məhdudlaşmamış,  onlar  həm  də  ərazidə 

fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə mənsub dərvişlərin yığıncaq,  ibadət,  zikr və 

yaşayış  yeri  olmuşdur  [8,  s.  99].  Görünür,  bu  abidələr  həm  də  İslam  ayinlərinin  və  iba­

dətlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Bölgə  ərazisində  günümüzədək  gəlib  çatmış  imamzadələrdən  biri  Naxçıvan  şəhər 

imamzadəsidir.  İmamzadə  kompleksi  şəhərin  cənub-şərq  hissəsində,  qədim  Naxçıvan- 

qalanın  qərb  tərəfində  yerləşir.  Bu  dini  memarlıq  abidəsi  3  binadan  ibarətdir.  Abidənin 

cənub  tərəfində  yerdən  dördbucaqlı  formada  yuxarısı  silindr  şəkilli  inşa  edilən  türbə

59



onun  əsas  hissəsini təşkil  edir.  Onun üzərində  Bərdə türbəsi  və  Şeyx  Səfi türbəsində  ol­

duğu  kimi  xalını  xatırladan  bəzək ünsürü  və kufi  xətti  ilə  dəfələrlə  təkrarlanan  “Allah” 

sözü  işlənmişdir  [7,  s.  179].  Türbənin  içərisində  uzunluğu  150  sm,  hündürlüyü  88  sm, 

eni  115  sm  olan,  sənduqə  tipli  bir qəbir vardır.  Bu  məzarın üzərində  onun kimə  məxsus 

olması  haqqında  məlumat yoxdur.  Yerli  əhalinin  bildirdiyinə görə bu  şiələrin  səkkizinci 

imamı  İmam  Rzanın oğlunun qəbridir.  Bu fikri  rus  alimi  V.M.Sısoyev  də qeyd  etmişdir 

[10,  s.  107].  O,  həmçinin  burada  olan  böyük  qəbrin  üzərində  yazısı  olan  sarı  mərmər 

daşdan  sinə  daşı  və  qəbrin  yanında  əhali  tərəfindən müqəddəs  sayılan  iki  ədəd  qara  da­

şın  olduğunu  da  yazmışdır.  Təəssüf ki,  həmin  kitabə  günümüzədək  gəlib  çatmamışdır. 

İndiki  vəziyyətdə  qəbir qara mərmər daşla üzlənmişdir.  Qəbrin  səkkizinci  imamın oğlu­

na  aid  olması  fikrinin doğru  olmasına gəldikdə  isə  onun  xalq  arasında imamzadə adlan­

dırılması  bu  fikri  deməyə  əsas  verir.  Bu  məlumatın  düzgünlüyünün  bir  səbəbi  isə  yerli 

şiə  əhalinin  imamlara böyük  hörmətinin  olması  ilə  bağlıdır.  İmamzadənin  əsasını  təşkil 

edən bu türbənin  inşa edilmə tarixinə gəldikdə  isə  keçən  əsrin 20-ci  illərində “Azərbay­

can  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti”nin  göndərişi  ilə Naxçıvanda  olmuş  epiqraf İ.Əzim- 

bəyovun  tədqiqatlarından  aydın  olur  ki,  vaxtilə  onun  üzərində  -   şimal-qərb  tərəfində 

nəsx  xətti  ilə  yazılmış  kitabəsi  olmuşdur  [9,  s.  310-311].  Həmin  kitabədən  aydın  ol­

muşdur  ki,  bu  abidə  Səfəvi  şahı  II  Təhmasibin  zamanında,  yəni  1722-1732-ci  illərdə 

Hacı  Fulad  bəyin  oğlu  Həzrət  Rufai  bəy  tərəfindən  inşa  etdirilmişdir  [7,  s.  180-181]. 

Kitabə  sonradan  yox  olduğundan  son  illərdə  türbə  təmir  edilərkən  İ.Əzimbəyovun  mə­

qaləsindən istifadə edilərək kitabənin yerinə yenisi qoyulmuşdur.

Bu  türbəyə  bitişik  kompleksin  dördbucaqlı  formasında  olan  birinci  salonu  ondan 

şimalda  yerləşir.  Türbədən ona təxminən  1,5  m  ucalığında olan giriş qapısı vardır.  Yəni 

türbəyə giriş onun  şimal tərəfindən olan yeganə qapısındandır.  Birinci  salondan  şimalda 

isə ona bitişik,  həm eni,  həm də uzunluğuna görə ondan nisbətən böyük  ikinci  salon yer­

ləşir.  Birincidən  fərli  olaraq  ikinci  salonun  mərkəzində  böyük  günbəzi  vardır.  Çöldən 

kompleksə giriş qapısı  bu  salonun qərb tərəfindəndir.  Türbədəki  məzardan başqa imam­

zadə  kompleksində  başqa  bir  qəbir  yoxdur.  Amma  V.M.Sısoyevin  yazdığına  görə  bu 

hissədə Naxçıvan xanlarının məqbərəsi  olmuşdur.  Müəllif Naxçıvan xanlarından Abbas­

qulu xanın oğlu Mustafa Qulu xan Naxçıvanskinin orada dəfn edildiyini qeyd etmiş,  yan 

divarlarda taxçalar,  şimal  divarda  buxarı  olduğunu  yazmışdır  [10,  s.  108].  İndiki  vəziy­

yətdə  divarlardakı  taxçalar  qalır,  buxarı  isə  yoxdur.  Yerli  əhali  buradakı  qəbri  ziyarət 

edərkən kişilər birinci salonda, qadınlar isə ikinci  salonda ibadət edirlər.

İmamzadə  kompleksindən  şimalda  ondan  bir  neçə  metr yüksəkdə  yerdən  dördbu­

caqlı  formada,  həmin  dördbucağın üzərində altı  bucaqlı  və  başı  soğanvari  formada  olan 

bir  türbə  vardır.  Üzərində  heç  bir  kitabəsi  olmayan  bu  türbənin  iki  qapısı  vardır.  Daha 

doğrusu  onun  alt  zirzəmi  hissəsinə  giriş  qərb  tərəfindən üst  hissəsinə  giriş  isə  şimal  tə­

rəfindəndir.  İçərisində qəbir yoxdur.  Nisbətən  daha  salamat  qalmış  bu  türbədə alt  zirzə­

mi  hissə  sərdabə  ola bilər.  Belə  ki,  bu  haqda  V.M.Sısoyev  yazır  ki,  imamzadəyə  yaxın, 

çox  da böyük olmayan,  bir  məzarüstü tikili  vardır.  Onun  içində,  torpağın üzərində üstü­

nə  mumiya  çəkilmiş  cəsədin  bütöv bir  skeleti  vardır.  Ardınca  müəllif yazır,  deyirlər ki, 

əvvəllər  cəsədi  çıxarıb  Kərbəla  və  ya  Nəcəfə  aparmaq  istəmişlər,  1918-ci  il  hadisələri 

buna  mane olmuş  və cəsəd bu vəziyyətdə  qalmışdır  [10,  s.  108].  Buradan  aydın olur ki, 

bu türbənin alt qatı,  yəni zirzəmi  hissəsi qəbir yeri olmuşdur.

Qeyd  edək ki,  imamzadə  kompleksində  və  onun  yaxınlığında  yerləşən  hər iki türbə 

orada  dəfn  edilmiş  müqəddəs  insanların  şərəfinə  inşa  edilmişdir.  Bu  həmin  müqəddəs­

lərə onları tanıyan və onlara böyük hörməti olan  insanların və dövrün hakim dairələrinin 

istəyindən  yaranmışdır.  Yəni  əvvəl  qəbirüstü  türbələr,  sonra  isə  birinci  türbəyə  bitişik

60



digər yardımçı binalar tikilmişdir [4,  s.  191].  Yardımçı  binaların Kəngərli xanlarının qə­

birləri üzərində və türbəyə gələn ziyarətçilər üçün tikildiyini də demək olar.

Hazırda imamzadə kompleksində təmir işləri aparılır.

Naxçıvan  bölgəsi  ərazisində  yerləşən  digər böyük  imamzadələrdən  biri  də  muxtar 

respublikanın iri  yaşayış  yerlərindən biri  olan Babək  rayonun Nehrəm  kəndindədir.  İndi 

də  dəfn  mərasimləri  keçirilən  qəbiristanlığın  mərkəzində  yerləşən  bu  imamzadə  türbə, 

məscid,  təkyə  və  başqa  yardımçı  binalardan  ibarət  böyük  bir  kompleksdir  [7,  s.  183]. 

Burada  da  kompleksin  əsasını  türbə  (eni  8  m,  uzunu  9,5  m,  hündürlüyü  4,5  m,  günbə­

zinin hündürlüyü 6 m  [2,  s.  144]) təşkil edir.

Onun  içərisində bir qəbir  vardır.  Bu  qəbirin  üzərində  heç  bir  kitabə  olmadığından 

onun  kimə  məxsus  olması  dəqiq  müəyyən  edilməmişdir.  Yalnız  kənd  əhalisinin  dedik­

lərindən  belə  məlum  olur  ki,  bu  məzar  yeddinci  imam  Museyi-Kazımın  oğlu  Seyyid 

Əqilə  məxsusdur.  O,  da Abbasilərin  zülmündən  qaçaraq,  bölgənin  bu  iri  yaşayış  yerinə 

pənah gətirmiş,  burada əhali  arasında bir  imam  övladı  kimi  böyük  hörmət qazanmış,  ölü­

mündən sonra qəbri müqəddəs ziyarətgaha çevrilmiş və üzərində türbə inşa edilmişdir.

Qeyd  edək  ki,  Seyyid  Əqilin  qardaş  və bacıları  da  Azərbaycan  və  qonşu  ölkələrin 

ərazisində  dəfn  edilmişlər.  Belə  ki,  onun  qardaşları  Səfi  (Səffan)  Ordubadın  Düylün  kən­

dində,  İbrahim  Şərurun  Xanlıqlar  (Parçı)  kəndində,  Əhməd  Zəngəzurun  (Mehri  rayo­

nunda)  Buğakar  kəndində  [5,  s.  11],  Qasım  Təbriz  şəhəri  yaxınlığında  Sofiyan  qəsəbə­

sində,  bacıları  Hökümə  xanım  Abşeron  rayonundakı  Şıx  kəndində,  Rəhimə  xanım  Sa­

bunçu rayonundakı Nardaran qəsəbəsində dəfn olunmuşlar.

Bölgə əhalisinin  ən  çox sevdiyi  və ziyarət  etdiyi  müqəddəs yerlərdən  birinə çevril­

miş  bu  imamzadə  türbəsi  və  onun  digər  binaları  olan  məscid,  təkyə  və  şairənin  heç  bir 

kitabəsi  günümüzədək  qalmamışdır.  Yalnız  türbənin  daxili  divarlarında  dini  məzmunlu 

sözlər  yazılmışdır.  Divarlarda  gəc  və  kaşı  üzərində  yazılan  bu  kəlmələri  AMEA-nın 

müxbir üzvü,  professor H.F. Səfərli  oxuyaraq tədqiq  etmiş və  belə  nəticəyə gəlmişdir ki, 

həmin yazılar  hicri-qəməri  1138-ci  ildə  (miladi  1725-ci  ildə)  Mehdi  adlı  xəttat tərəfin­

dən yazılmışdır [5,  s.  12].

İmamzadə  binasında  2006-2007-ci  illərdə  aparılan  bərpa  işləri  zamanı  abidənin 

eyvanı  hörülərək dəhlizə çevrilmiş,  insanların  ibadət etmələri  üçün binanın  qərb tərəfinə 

düzbucaqlı  formalı  məscid  və  qoşa  minarə  əlavə  edilmişdir.  Bişmiş  kərpiclə  inşa  olun­

muş  bina  kompleks  halına  salınmışdır  [2,  s.  144].  Hazırda  imamzadədə təmir  işləri  apa­

rılır.

İmamzadə  Naxçıvan  imamzadəsi  ilə  bir  dövrdə  -   Səfəvi  şahı  II  Təhmasibin  za­



manında inşa edilmişdir [7,  s.  186].

Bölgə  ərazisində  günümüzədək  qalan  imamzadələrdən  biri  də  Şərur  rayonunun 

Xanlıqlar  kəndindədir.  Əslində  bu  imamzadə  keçən  əsrdə  Xanlıqlar  kəndi  ilə  birləşən 

Parçı  kəndində yerləşir.  Elə kəndin  adı  ilə  Parçı  imamzadəsi  adlanır.  Yerli  əhali  tərəfin­

dən böyük hörmətlə ziyarət  edilən bu  dini  abidə kəndin  şimal tərəfində tikilmişdir.  Gün­

bəzi  böyük  olan  bu  imamzadənin  mərkəzi  salonunda  bir  qəbir  yerləşir.  Son  dövrlərdə 

aparılan  təmir  işləri  zamanı  qəbrin  üstü  götürülmüş,  başdaşı  və  sinədaşı  qoyulmuşdur. 

Lakin  üzərində  heç bir  kitabə  yoxdur.  1925- 1928-ci  illərdə “Azərbaycan  Tədqiq  və  Tə- 

təbbö  Cəmiyyəti”nin  Naxçıvan  şöbəsi  tərəfindən  aparılan  araşdırmalar  zamanı  Parçı 

kəndindəki  bu  abidə  də  qeydə  alınmışdır.  Belə  ki,  1928-ci  ilə  aid  40  №-li  protokolda 

göstərilmişdir  ki,  Xanlıqlar  kəndinə  yapışıq  Parçı  kəndində  üstündə  böyük  günbəzi  və 

böyük həyəti  olan bir pir vardır ki,  camaat  onu  “Şahzadə  İbrahin  ibn Musa”  ziyarətgahı 

adlandırır [1,  s.  66].  Həmin cəmiyyətin üzvlərindən olan Məhəmməd  Rasizadə bu  haqda 

nəşr etdirdiyi  məqaləsində  göstərmişdir  ki,  qəbirin  kitabəsində  “İbrahim  ibn  Musa”  ya­

61



zılmışdır  [3,  s.  81].  Həmin  illərdə  qəbrin  üzərində  olmuş  tarixi  kitabəsi  onun  İbrahim 

Musa  oğluna  aid  olduğunu  göstərirdi.  Təəssüf ki,  günümüzədək  bu  məlumatı  bildirən 

kitabə  qalmamışdır.  Atasının  adından,  imamzadə  adlandırılmasından  və  yerli  əhalinin 

dediklərindən aydın  olur ki,  bu qəbir yeddinci  imam Museyi-Kazımın oğlanlarından biri 

olmuş  İbrahimə  məxsusdur  [7,  s.  188].  O,  bu  kənddə  məskunlaşmış  və  burada  da  dün­

yasını  dəyişərək  dəfn  edilmişdir.  Əsrlərdir  ki,  bölgə  əhalisi  onun  xatirəsinə  tikilmiş  bu 

imamzadəyə gələrək onun qəbrini ziyarət edir.

Əsaslı  şəkildə  təmir  edildikdən  sonra,  2016-cı  ilin  fevralında  açılışı  olan  Parçı 

imamzadəsinin tarixi görkəmi və qədim memarlıq elementləri qorunub saxlanmışdır.

İslam  mədəniyyəti  abidələri  sırasına  daxil  olan  imamzadələr  tarixi  Azərbaycan 

ərazisində,  xüsusilə  də onun ayrılmaz tərkib  hissəsi  olan Naxçıvan bölgəsində  Səfəvilər 

dövründə  bu  dövlətin  dini  siyasətinə  uyğun  olaraq  formalaşmışdır.  Belə  komplekslərin 

səciyyəvi xüsusiyyətləri əvvəllər mövcud olmuş dəfn tikililərini təmir-bərpa və yenidən­

qurma yolu ilə abadlaşdırılmasından və  bərpa olunmuş məqbərəyə bitişik,  məscid,  təkyə 

və  digər  xidmət  otaqları  tikilməsi  yolu  ilə  dini  kompleksin  yaranmasından  ibarət  ol­

muşdur [4,  s.  191].  Bu dövrdə formalaşdığına görə imamzadə kompleksləri  əsasən  Səfə­

vilər  dövlətinin  ərazisində  dəfn  edilmiş  imamlar  və  onların  övladlarının  xatirəsinə  inşa 

edilmişdir.



ƏDƏBİYYAT

1.  Xəlilov F.  Naxçıvanı öyrənən elmi cəmiyyət. Bakı: Nurlan, 2005,  196 s.

2.  Qənbərova G. Naxçıvanın Arazboyu türbələrinin bədii xüsusiyyətləri və memarlıq 

quruluşu / II Uluslararası  Aras havzası sempozyumu.  13-15  Aralık 2011- İğdır.  Erzu- 

rum: Zafer Ofset Ltd., 2012, s.  139-149.

3.  Rasizadə M.  Şərur dairəsinə səyahət haqqında qeydlər / “Azərbaycam öyrənmə yolu”,. 

№4-5,  Bakı,  1930,  s.  81-83.

4.  Salamzadə Ə. V., Məmmədzadə  K.M.  Azərbaycan memarlığının Naxçıvan məktəbi 

abidələri.  Bakı: Elm,  1985, 268  s.

5.  Səfərli H.F., Cəfərov H.R. Naxçıvan ziyarətgahları.  Bakı:  Qorqud,  1998,  84  s.

6.  Səfərli H.F. Naxçıvan imamzadəsinin kitabələri  / Azərbaycanda elmin inkişafı və 

regional problemlər (28 fevral -   1  mart 2005-ci il tarixdə keçirilmiş elmi konfransın 

materialları).  Bakı:  Nurlan,  2005,  s.  56-63.

7.  Səfərli H.F. Naxçıvanda sufiliklə bağlı mərkəzlər.  Bakı:  Elm və təhsil,  2013,  328  s.

8.  Səfərli H. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan:  Əcəmi,  2017, 216 s.

9.  Алимбеков И.  Мусульманские надписи Тифлиса, Эривани и Нах.  ССР //Извес­

тия «Азкомстарис»а,  вып. 4 (тетрадь 2).  Баку,  1929,  с.  295-311.

10.  Сысоев В.М. Нахичевань на Араксе и древности Нах.  ССР (отчет о поездке ле­

том  1926 г.). Известия «Азкомстарис»а,  вып. 4 (тетрадь 2).  Баку,  1929, с.  87-121.

Ильхами Алиев

ИМАМ-ЗАДЕ В НАХЧЫВАНСКОМ РЕГИОНЕ КАК 

ПАМЯТНИК ИСЛАМСКОЙ КУЛЬТУРЫ

В  статье  описываются  расположенные  на территории  Нахчыванского  регио­

на  исламские  культурные  памятники  Имам-заде  (места  захоронения  потомков

имамов):  в  городе Нахчыване,  в  селе  Неграм,  в  селе  Парчы  и др.  Отмечается,  что

эти Имам-заде  воздвигнуты  в  честь имамов  или  их потомков,  которые не по  своей

62



воле  покинули  родину.  Эти  исторические  религиозные  памятники  были  построе­

ны  в  эпоху  Сефевидов  на  местах  погребения  имамов.  Мы  пришли  к  выводу,  что 

эти  памятники  существовали  только  на  территории  Сефевидского  государства  и 

соответствовали его религиозной политике.



Ключевые слова: ислам, Имам-заде,  памятник,  культура,  архитектурные комплексы,

llhami Aliyev

IMAM-ZADEHS IN THE NAKHCHIVAN REGION AS MONUMENTS 

OF THE ISLAMIC CULTURE

The  paper  describes  Islamic  cultural  monuments  of Imam-zadeh  (places  of burial 

of imams’  descendants) located  in the Nakhchivan city,  in the village ofNehram,  in the 

village of Parchy  located  in the territory of the Nakhchivan  region.  It  is noted that these 

Imam-zadehs  were  erected  in  honor  of the  imams  or  their  descendants,  who  did  not 

voluntarily  leave  their  homeland.  These  historical  religious  monuments  were  built 

during the Safavid era at the burial ground of the Imams.  We came to the conclusion that 

these monuments existed only in the territory of the Safavid  state and corresponded to its 



religious policy.

Keywords: Islam, Imam-zadeh,  monument, culture,  architectural complexes.

(AMEA-mn miixbir itzvii F?xraddm Safarli tarafindan taqdim edilmiçdir)

63

Yüklə 241,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə