Жавид фялсяфяси



Yüklə 463,65 Kb.
səhifə4/5
tarix21.06.2018
ölçüsü463,65 Kb.
#50874
1   2   3   4   5

Cavid və Cabbarlı
Cavid və Cabbarlı. Biri ideyalar, mahiyyətlər dünya­sında qərar tutur və yerdəkilərə sadə bir təzahür kimi baxır, o biri yerdə olanların zahiri pərdəsini götürməklə mahiyyəti də, ideyanı da gerçək həyatın özündən intixab etməyə ça­lışır.

Əslində hər iki dahi eyni bir yolu qət edir. Biri sə­ma­dan enir, o biri səmaya yüksəlir. Biri həyatın ali məna zir­vəsindən həyatın dibinə işıq salır, o biri həyatın dibindən onun ali mənasına doğru insanlarla birlikdə çox çətin bir yüksəliş yolu keçməyə çalışır. Yollar eyni olsa da, səmtlər bir-birinin əksinədir. Əvvəlcə özü nura çatıb, insanlara nurdan pay verməklə, insanlarla birlikdə nura doğru yürüş et­mək fərqli hadisələrdir. Lakin istiqamətlər fərqli olsa da, məqsədlər, məramlar eynidir.

Bəli, hər iki ədib həm böyük mütəfəkkir, filosof, həm də gözəl sənətkardır. Lakin kim əvvəlcə filosofdur, kim əvvəlcə sənətkar? Bax, əsas fərq də burada üzə çıxır.

Cabbarlı xüsusi fəlsəfi təhsil görməmişdir. Onu hə­ya­tın özü yetişdirmişdir. O, həyatdan, gerçəklikdən çıxış edir. Onun böyük rəssamlıq istedadı ətrafda baş verən pro­sesləri bütün incəlikləri ilə təsvir etməyə imkan verir. Təsadüfi deyil ki, Cabbarlı özü ədəbiyyatı təsviri sənətlə müqayisə edir: «Zatən ədəbi əsərlər də fırçası qələm olmuş rəsmlər deyillərmi?» (C.Cabbarlı. «Ədəbi mübahisələr»).

Cabbarlı hadisələrdən çıxış edir və onları ümumi­ləş­dirməklə mahiyyətə doğru addımlayırdı. Bədii ümumiləş­dirmə elə güclü idi ki, real hadisələrin təsviri arxasında mahiyyətlər və onlar arasındakı münasibətlər də üzə çıxırdı...

Bəli, Cabbarlı əvvəlcədən filosof deyildi. O, əvvəl­cə­dən rəssam idi. Sosial və mənəvi proseslərin rəssamı. Lakin onun getdiyi yol sadə həyat həqiqətlərinin arxasındakı bö­yük mənalara doğru aparırdı. O hadisədən mahiyyətə, tək­cədən ümumiyə, sənətkarlıqdan filosofluğa doğru gedirdi. Fəlsəfə Cabbarlı yaradıcılığında təməl yox, son mərtəbə idi...

Cavid isə əvvəlcədən filosof idi. O yüksək təhsil gör­müş, bir sıra fəlsəfi təlimlərdən xəbərdar olan və öz fəlsəfi kon­sepsiyası, ideyaları olan və bu ideyaları bədii yolla, sə­nət vasitəsilə çatdırmaq istəyən bir sənətkar idi. Cavid bir­başa yüksək mərtəbədən başlayır. İdeyalardan başlayıb hə­yatın özünə doğru gəlir.

Cabbarlı bir təbiətşünas alim, eksperimentator səyi, en­tu­ziazmı ilə yaşadığı maddi dünyanın iç üzünü axtarır; qırır, dağıdır, sökür, yenidən qurur, yenidən sökür, bütün daxili qat­ları alt-üst edir, açıb bizə göstərir, lakin yenə əsl ma­hiyyət deyil, yeni bir pərdə, yeni bir illüziya, yeni bir riya, yeni bir saxtakarlıq, haqsızlıq üzə çıxır... Bəs haradadır hə­­qiqət? Bəs mahiyyətə necə çatmaq olar? Bax, bu suallar bütün aydınlığı ilə gözlərimiz önündə canlanır, lakin elə bil ki, cavab tapılmır. «Sevil»də çadranın atılması və guya ma­hiyyətin, həqiqətin üzə çıxarılması, «Oqtay Eloğlu»nda pər­dənin sökülməsi, divarların iç üzünün göstərilməsi, «Od gə­lini»ndə hətta paltardan da xilas olmaq, adət-ənənənin də bu­xovlarından azad olmaq, islamın da ehkamlarına qarşı çıxmaq cəhdləri – mütləq azadlıq axtarışları... Bütün bunlar, təbii ki, uğurla nəticələnmir. Onda nədir bu axtarışların mə­nası? Məna elə axtarışın uğursuzluğundadır. «Mənfi cavab da bir cavabdır».

Cavid isə lap əvvəlcədən mahiyyət qatında əyləşib bi­zim bu fani (maddi) dünyada kölgələrin oyununu izləyir. Lakin oxucu həmin bu fani dünyanın içində olduğundan onu mahiyyət qatına qaldırmaq, ideyalar aləminə yüksəlt­mək və buradakı mətləbləri ona çatdırmaq o qədər də asan iş deyil.

Cavid üçün əsas məqsəd ideyanı çatdırmaqdır. Bədii üsul və təhkiyə ola bilsin ki, hətta təsadüfi seçilmiş vasitə­lərdir. Yəni əsas inkişaf xətti ideya ilə bağlı olduğundan hadisələr sonradan seçilir və bu ideyanın təkamülünə uy­ğunlaşdırılır. Cavid irəlicədən qoyduğu bir fəlsəfi ideyanın bədii yolla açılışına çalışarkən cari, gerçək hadisələrdən daha çox tarixi mövzulara və rəvayətlərə müraciət edir. Bu mövzular ümumbəşəri mövzulardır. Konkret zaman və mə­kanla bağlı deyildir. Hətta tarixdə həqiqətən məlum olan hadisələr də konkret zaman-məkan müəyyənliyindən, döv­rün spesifik xüsusiyyətlərindən, milli etnoqrafik mündəri­cədən azad olunur, bütün bunlar ancaq rəmzlərlə təqdim edi­lir və təhkiyə ancaq ideyanın açılışına xidmət edir. Sanki bədii xarakter də, milli kolorit də arxa plana keçir və ide­yanın inkişaf yolunu kölgədə qoymamaq üçün bir fon ro­lunu oynamaqla kifayətlənir. Yəni Caviddə hadisələr ikinci plandadır, fokusdan kənardadır və burada hər hansı detalın elə bir əhəmiyyəti yoxdur. Məhz ona görədir ki, maddi realizm müstəvisində, konkretlik prizmasında Cavid yara­dıcılığı tənqidə tab gətirmir.

Cabbarlı isə konkretdir. Çünki ilkin olaraq ideyadan deyil, gerçək hadisələrdən çıxış edir. Burada zaman da, mə­kan da müəyyəndir. Burada həm milli müəyyənlik, həm ta­rixi müəyyənlik, həm də sosial müəyyənlik o dərəcədə qa­barıqdır ki, hadisələrin gedişindən dövrün tək rəngini deyil, ruhunu da sezmək mümkün olur. Cabbarlı rənglərdən ruha doğru gedir. Cavid isə ruhu şəffaf götürür. Cavid dünyasın­da ruhun rəngi, yeri, ölçüsü olmur. Ruh məkan və zaman xa­ricindədir. Lakin o hadisələrdə təzahür edir.

Cabbarlı dünyası çoxmərtəbəli dünyadır. Birinci qatda təsvir olunanlar yerli-yataqlı hadisələrdir. Ruh hadisələrin fövqündə, arxa planda təzahür edir. Lakin Cabbarlı gerçək­likdə cərəyan edən hadisələrin bədii ümumiləşmə səviyyə­sində real təsvirini verməklə yanaşı, bu hadisələrin alt qat­la­rını, onların daxilindəki təzadları da qələmə alır. Və nəticə etibarı ilə həm də bu hadisələrin əsasında dayanan ideyalar aləminin özündəki daxili çarpışma və təbəddülatları işıq­landırmalı olur ki, bu da sonrakı, yüksək qatdır.


* * *
Bədii ədəbiyyatın mövzu dairəsi çox genişdir. Həm üfüqi, həm də şaquli müstəvidə. Üfüqi müstəvi dedikdə, coğ­rafi məkan və hadisələrin müxtəlifliyini nəzərdə tuturuq. Şaquli müstəvidə isə hissi-mənəvi dərinlik dərəcəsi öz ək­sini tapır. Bəzən bir otağın, bir insanın, hətta bir çiçəyin həndəsi-coğrafi məkanından kənara çıxmadan da, çox geniş mövzu diapozonunu əhatə etmək olar.

İnsanın keçirdiyi ən adi hiss və həyəcanlardan ən mürəkkəb fikirlərə qədər, adi bir təbiət mənzərəsindən tut­muş insan taleyinə və hətta bəşəriyyətin böyük prob­lem­lərinə qədər, bir sözlə, insanı duyğulandıran və düşündürən nə varsa – hamısı bədiiləşərək ədəbiyyatın mövzusuna çev­rilə bilər. Burada duyğu və düşüncələrin özü ilə bərabər, onları doğuran hadisələr, gerçək durumlar, proseslər də qə­ləmə alınır... Hadisələrdən yenə ideyaya qayıdılması, bədii əsərin ideya məzmununun açılması isə çox vaxt oxucunun öhdəsinə düşür, lakin oxucu tam sərbəst buraxılmayıb, müəyyən emosional-psixoloji hala yönəldilir ki, bu da hadisədən mahiyyətə, ideyaya keçid üçün bir növ hazırlıq mər­hələsidir. İdeya hamı üçün əsasən eyni yönümdə, lakin hər bir oxucunun səviyyəsinə uyğun dərəcədə hadisələrin ge­dişindən, təhkiyənin özündən intixab olunur.

Ədəbiyyatın əhatə dairəsinin böyük bir zolağı fəlsəfə­nin problematikası ilə üst-üstə düşür. Ədəbiyyat üçün bu zolaqdan kənarda da kifayət qədər böyük meydan var və sənətkarlar çox vaxt məhz sənət üçün spesifik sahələri (duy­ğu­landırma zonası) qələmə almağı üstün tuturlar... Fəl­səfi zonaya çox az-az sənətkar daxil olur. Necə ki, dənizin dayaz yerində üzə bilənlərin heç də hamısı dərin sahələrə baş vurmur. Çünki bu, təhlükəlidir. Bu dərinliyə girmək ra­hat, oradan çıxmaq isə çətindir. Ona görə də, bir çox hal­lar­da fəlsəfi mövzulara girişən yazıçılar qoyduğu problemlərin içində itib-batır, ideya aydınlığı olmadığından oxucunu da özü ilə bərabər burulğana salır, çıxışsız qoyurlar. Halbuki, əsas vəzifə məhz çıxış yolunu göstərməkdir.

Azərbaycan ədəbiyyatında fəlsəfiliyə meyl həmişə olub. Lakin iki sənətkarın yaradıcılığında fəlsəfi zona əsas yaradıcılıq sahəsidir. Cavid və Cabbarlı, demək olar ki, bü­tün yaradıcılıqlarını fəlsəfi problemlər üzərində qurublar. Baş­qa sözlə, bədii forma açıq-aşkar fəlsəfi təfəkkür səviy­yəsində qoyulan problemlərin təsvir üsulu kimi ortaya çıxır. Bu problemlər bir qayda olaraq maddiliyin (altun, var-döv­lət, vəzifə, hakimiyyət, güc, zor) və mənəvinin (haqq-əda­lət, gözəlliyə pərəstiş, ülvi duyğular, ləyaqət, sevgi) konkret təzahürləri arasında mücadilə formasında ortaya çıxır. La­kin maddi-mənəvi qarşıdurması ancaq şəxsi münasibətlər miq­yasında qalmır, ictimai prizmadan keçərək sosial qarşı­dur­malara gətirir. İnsanların problemləri cəmiyyətin prob­lem­ləri səviyyəsinə qaldırılır və fərdi müstəvidəki müna­sibətlərə həm mənəvi, həm də ictimai-siyasi ziddiyyət sə­viyyələrindən nəzər salınır...

Cavid də, Cabbarlı da tərəddüd etmədən sosial fəlsə­fə­nin ən aktual problemlərinə birbaşa müdaxilə edir və çox vaxt problemin olduqca dərin qatlarına enirlər. Lakin adi oxucu nəzərləri üçün bu dərin qatlardan müəllif tərəfindən kəsik xətlərlə cızılmış çıxış konturlarını görmək çətindir. Təəssüf ki, çox vaxt tənqidçilər də bu məqamlardan sükutla keçirlər. Cabbarlı dühası bəzən adi bir hadisənin təsvirində elə dərinliklərə və ənginliklərə girir, şaquli ox boyunca elə vüsətlə manevr edir ki, onu izləmək çox vaxt peşəkar tənqid üçün də çətin olur.
* * *
Cavidin «İblis»ində kapitalizm cəmiyyətinin çatışmaz­lıqları, naqis ictimai mühitin mahiyyəti konkret hadisələrlə ya­naşı, ümumiləşmiş İblis obrazı ilə təqdim olunur. Bu, bir tərəfdən, insanların hesablaşmalı olduğu reallıqdır (acı, sərt, lakin real bir dünya), digər tərəfdən, insanın qəbul etmədiyi bir reallıqdır. İnsan naqis cəmiyyətdə gedən prosesləri mə­nən qəbul etmir, lakin gerçəkliklə hesablaşmamaq da müm­kün deyil...

Şekspirin Hamleti belə reallıqla barışmadığından, öl­mə­yi üstün tutur. Lakin ölüm yolunu seçməzdən qabaq tə­rəd­düdlər keçirir, çıxış yolu axtarır... Böyük filosof-tənqidçi Lev Şestov «olum, ya ölüm» dilemmasının əsər boyu ancaq tə­rəddüdlər, çaşqınlıq və daxili mübarizə kontekstində da­vam etməsi, real həyat müstəvisində isə tam bir fəaliy­yətsizlik və qətiyyətsizliyin hökm sürməsini bir çatışmazlıq ki­mi qeyd edir. Bəli, Hamlet əlində qılınc vuruşur. Lakin ki­minlə, nə üçün? Və nəhayət, zəmanənin haqsızlıqlarına qar­şı mübarizə meydanında deyil, ədalətsiz bir dueldə ölü­mə çatır... Əlbəttə, ölümün əsl səbəbi bu dueldən çox-çox əv­vəl, daha dərin qatlarda baş qaldırmışdır. Lakin fikirdə, mə­nəviyyatda gedən dramatik proseslərlə ictimai həyatın real­lıqları arasında heç bir uyğunluq yoxdur.

Bütün böyük dramaturqlar əslində həmişə eyni sual­ları qoyurlar. Lakin öz dövrlərinin dilində. Şekspirin «olum, ya ölüm?» kimi qoyduğu sual fəlsəfənin həmişə aktual prob­lemlərindən birinin konkret bədii ifadə forması idi. Problem isə bundan ibarətdir: mühitə, cəmiyyətə, bəşəriy­yə­tə uyğunlaşmaq («palaza bürünüb elnən sürünmək», təs­lim olmaq), yoxsa mühiti, cəmiyyəti özünə, öz sosial və mə­nəvi ideallarına uyğunlaşdırmaq?! Birinci variantı seçib yaşamaq, «olmaq», əlbəttə, asandır. İkinci yol çox çətindir. Burada «olmaq» üçün dövrün nəbzinə uyğun üsul, ideya və iradə tapılmadıqda, o, həmişə «ölüm» yolu olur. (Düzdür, bu iki variantın keçidində üçüncü – aralıq variantlar da var. Naqis mühiti qəbul etməmək, lakin ona qarşı aktiv mövqe tutmadan, özünü «kənara çəkmək», «çıxdaş olmaq» va­riantı. Məsələn, kefli İskəndərin sərxoşluq yolu. Lakin bu yol öz təkamülündə istər-istəməz ikinciyə keçidlə nəticələn­mə­lidir. Zira sərxoşluq da həyatı inkarın, «ölüm» yolunun bir formasıdır. Yaxud L.Tolstoyun «Canlı meyit» pyesində Protasov cismən sağ olsa da, yaşadığı mühit üçün, onu vax­tilə tanıyanlar üçün ölmüşdür. O, əvvəllər özünün də daxil olduğu naqis ictimai mühitdən təcrid olmuş halda qalmağı üstün tutur. Bu da «olum» ilə «ölüm» arasında bir vəziy­yətdir. Lakin əsərdən çıxan məntiqi nəticəyə görə, bu aralıq və­ziyyət şərəfli ölümü əvəz edə bilmədiyinə görə, son nə­ti­cədə yenə də fiziki ölüm labüd olur.) Ona görə də, bu prob­le­min qoyulduğu pyeslər, bir qayda olaraq, faciə jan­rında olur. Dramaturqlar çox vaxt bu böyük problemi sa­də­ləş­di­rərək, onu ''olum, ya ölüm'' formuluna salır və hə­yatda qal­mağı – həyatla barışmaq, ölümü isə həyata, mü­hitə etiraz ak­tı, üsyan kimi təqdim edirlər. Və nə qədər para­doksal görünsə də, «olum» – fərdi mənin ölməsi, ək­sinə, «ölüm» – fərdi mənin özünü təsdiqi, yaşamaq uğrunda mübarizəsidir. Problemin bu cür sadə qoyuluşu: yaşamağın mütilik, təs­lim­çilik, ölməyin – barışmazlıq, üsyan kimi təq­dim edil­məsi, əslində həyatın, «olmağın» həqiqi böyük mə­na­sını açıl­mamış qoyur. Bu böyük məna isə, yuxarıda qeyd et­diyimiz kimi, mühitin, cəmiyyətin dəyişdirilməsi və naqis həyata deyil, fərdi mənin böyük ideallarına cavab verən yeni bir həyata uyğunlaşmasıdır. Daha doğrusu, bu artıq «uy­ğunlaşma» deyil, yaradıcılıqdır, inqilabdır.

Cavid və Cabbarlı elə bir dövrdə yaşayırdılar ki, on­ların «inqilab» idealları bolşevik inqilabı ilə müqayisə olun­maya bilməzdi. Cavid sonuncunu qəbul etmir, Cabbarlı isə özünəməxsus bir şəkildə qavrayır və təqdim edirdi. Bu ba­xım­dan, təkcə aydınların tragik inqilabçı ruhu deyil, al­maz­ların inqilabı da özünəməxsus bir «olum, ya ölüm» prob­le­mi idi. Bu, elə bir zəmanə idi ki, ''olum'' yolu – ''ölüm''ə, ''ölüm'' yolu – ''olum''a çevrilmişdi. Qırmızı in­qi­lab öz ölüm qismətini artıqlaması ilə yaşayaraq (sözün müs­təqim mə­na­sında ''ölüm'' planını dolduraraq) zəfər çalmış, indi daha qalib mövqeyindən ''olum'' yolçularına ölüm hök­mü oxu­yur­du. Bir qütb başqa bir qütblə əvəz olunmuşdu. Ona görə də, Cabbarlının inqilabdan sonrakı əsərlərinə daha çox də­rə­cədə məhz bu prizmadan baxmaq lazımdır.

Cavid isə problemin konkret bir dövr üçün bu və ya digər təzahürlərini deyil, ümumiləşmiş fəlsəfi həllini, düstu­runu tapmağa cəhd edirdi.

Arif bir növ Hamleti xatırladır. O da fikir müstəvi­sindəki pozitiv mövqeyə baxmayaraq, real həyatda pas­siv­lik və çaşqınlıq nümayiş etdirir. Lakin son anda estafeti real həyatda daha qətiyyətli görünən Elxana verir.

Aydın da mahiyyət müstəvisində bir qədər Hamleti xatırladır. Lakin cəngavərlik dövrü, duellər dövrü keç­di­yindən, ancaq söz qılıncı ilə kifayətlənməli olur. Dövrün faciəsini yaşamaqla bərabər, həqiqətə yol açmağa çalışır, uğursuzluğa uğrayınca kefli İsgəndərin yolunu tutur. Lakin diqqətlə yanaşıldıqda burada Protasovla paralel daha güc­lü­dür. Aydın da neçə illərdən sonra qayıdıb, tanınmaz halda cəmiyyətdəkiləri seyr edir. Lakin bunu Protasov kimi so­yuq­qanlılıqla edə bilmir, həyata İsgəndərsayağı müdaxilələr edir. Zəmanəyə inamını itirsə də, insanlara inamını itirmir. Son anda Gültəkini hələ də sevdiyini göstərməklə, naqis cə­miyyətin günahını onun qurbanı olmuş insanın ayağına yaz­madığını sübut edir. Şərin mənbəyini insanların xislətində deyil, dövrün, zəmanənin, mühitin xislətində axtarmaq tə­şəb­büsü göstərir. Bu baxımdan, C.Cabbarlının «Aydın»ı təkcə «Hamlet»lə deyil, həm də «İblis»lə böyük ideya ya­xın­lığına malikdir.
***
Hadisələri araşdırarkən və ilk nəzərə çarpan cəhət­lər­dən çıxış edərkən eyni dövrdə yazıb-yaratmış bu iki sə­nət­kar arasında xeyli böyük fərqlər və hətta ziddiyyətlər gör­­mək mümkündür. Lakin bu böyük düha sahiblərinin ideya dünyasına daxil olduqda, fərqlərin daha çox metod və tə­zahür fərqi olduğu, ideyaların dərinliyində isə ağlasığmaz bir yaxınlıq və hətta eyniyyət mövcudluğu aşkara çıxır. Ca­vidin «Xəyyam»da dediyi kimi, « Ayrı olsaq da, həqiqətdə birik.».

Cavidlə Cabbarlı arasındakı fərq ancaq metod fərqi de­yil. Daha doğrusu, metod fərqi törəmədir və ən başlıcası, zamana görə nisbidir. Təsadüfi deyildir ki, bir əsərdən son­ra kimin daha çox realist, kimin daha çox romantik oldu­ğu­nu fərqləndirmək çətinləşmişdir. Keçən əsrin əvvəlində dün­yanı, həyatı planetlər miqyaslı, qlobal bir proses kimi gö­türən Cavid nə qədər mücərrəd və «səmavi» görü­nür­dü­sə, yeni əsrin əvvəlində, qloballaşma artıq həyatın bütün sa­hələrinə nüfuz etdiyi bir vaxtda, bir o qədər realist görünür.

Əsl fərq bədii metodlardan öncə insanların, cəmiy­yətin tərəqqi yoluna münasibətdə, «nədən başlamaq» məsə­ləsində üzə çıxır.

Hər iki sənətkar yaxınlaşmaqda olan həşəmətli bir kabusun, qorxunc bir qüvvənin, kapital dünyasının, Qərbin kütləvi mədəniyyətinin milli-mənəvi dəyərlərimizin sərhəd­lə­rini keçərək cəmiyyətimizə, ailəmizə, şəxsi həyatımıza ne­cə daxil olduğunu və bu proseslərin daha nələrə apara bi­ləcəyini anlayır və bütün bunlara qarşı mübarizə yolları ara­yırdılar. Hər iki sənətkar bu böyük ümumbəşəri, föv­qəl­milli proseslərin qloballığını, dönməzliyini görür, onlarla üzləş­məyin qaçılmazlığını dərk edir və özünü, öz milli varlığını, əsrlərdən, nəsillərdən bizə miras qalmış yüksək əxlaqi-mə­nəvi keyfiyyətləri bu burulğanlar içərisindən çıxarmaq üçün yol­lar axtarır, bütün mümkün vasitələri və qüvvələri səfər­bər etməyə çalışırdılar. Azərbaycanda sosialist inqilabı de­yi­lən hadisə baş verdikdən sonra zəmanənin bu iki böyük qələm sahibinin mübarizə metodları getdikcə daha çox dərəcədə fərqlənməyə başladı. Cavid yenə də milli məni ka­pital dünyasının təsirlərindən qorumaq istiqamətindəki bu mü­barizəni davam etdirmək, Cabbarlı isə kapital kabusunun qar­şısını mahiyyətcə guya ona qarşı dayanan yeni ictimai reallığın – kommunizm kabusunun vasitəsilə kəsmək möv­qe­yindən çıxış etdi.

Cavid hətta sosializm mərhələsini də kapital dünya­sı­nın ümumi meyllərindən fərqli, müvəqqəti bir hadisə kimi «diqqətdən kənarda» qoyaraq, məhz ümumi problemləri araş­dırmaqda davam edirdi. Cari zamana olan bu eti­na­sız­lı­ğı o, məkanı genişləndirmək, hadisələrin vaqe olduğu məm­ləkətləri mücərrədləşdirmək, planetar miqyas seçmək hesa­bına kompensasiya edirdi. Lakin o vaxt Cavidin nə üçün məhz belə bir yol seçdiyini başa düşmək çox çətin idi. Bunun əsl səbəblərini başa düşmək, məhz həmin dövrdə ya­şa­nan həyati gerçəkliyin heç də əsl böyük həqiqət olmayıb, bu böyük həqiqətdən müvəqqəti bir sapıntı olduğunu dərk etmək üçün zamana ehtiyac var idi. İndi biz, böyük bir zaman keçdikdən sonra, böyük ictimai-iqtisadi çevrilişlər, təbəddülatlar epoxası arxada qaldıqdan sonra, yeni əsrin zir­vəsindən rahatca keçmişə nəzər salaraq, Cavidin cari hə­yata, çağdaş proseslərin işıqlandırılmasına nə üçün bu qədər etinasızlıqla yanaşdığını daha aydın cavablandıra bilərik. Ca­vidin yerdə baş verən proseslərin içərisinə nüfuz etmək na­minə, qərar tutduğu uca səmalardan nə üçün enmək istə­mə­diyini anlamaq o dövrün hətta ən böyük sənətkarı üçün də, görünür, çox çətin idi. O vaxtın bir sıra ədəbiyyatçıları Cavidin öz zəmanəsinə qatılmadığını, cari proseslərə biganə qaldığını ideoloji mövqedən, soyuqqanlılıqla tənqid edir, onu xalqın, cəmiyyətin problemlərindən uzaq bir “burjua şairi” kimi təqdim etməklə guya sualın cavabını tapmış olur­dular. Lakin belə izah C.Cabbarlını qane etmirdi. Cab­barlı üçün istedadına, böyüklüyünə şübhə etmədiyi və ideyalarını şəksiz bölüşdürdüyü Cavidin təhkiyə və təsvir sərbəstliyi və real cismani həyatın təfərrüatlarına sayğısız mü­nasibəti çox təəccüblü görünürdü.

Cabbarlı suallarında israrlı idi. O, burada nə isə gizli bir səbəb olduğunu və bu səbəbin məhz fəlsəfə ilə bağlı­lı­ğı­nı bir sövq-təbii ilə duysa da, konkret izah tapa bilmə­di­yin­dən həyəcanlanır və bəzən çox kəskin tənqidi mövqe tutur­du: «Ya Cavid həyatı olduğu kimi götürəmiyor və ya da bü­tün əsərlərini bir fikir, bir fəlsəfə xatirəsi üçün quraş­dı­rı­yor...» (C.Cabbarlı. «Ədəbi mübahisələr»).

Lakin Cabbarlı Cavidi tənqid edə-edə əslində onun ma­hiyyətinə hamıdan çox yaxınlaşır. O, Cavidi onu tərif­lə­yən­lərdən daha yaxşı başa düşür. Tənqid edə-edə axtarır, ax­tara-axtara mətləbin lap astanasına gəlib çıxır. Bəli, Ca­vid cismən içərisində olduğu həyatı təsvir etmirdi. Zaman və məkan müəyyənliyindən kənara çıxırdı. Bu isə sənətin, xüsusən, realistik sənətin əsas prinsipləri ilə uzlaşmırdı. Zi­ra, «ən gözəl əsər mühitin, cəmiyyətin hal və keyfiyyətini bə­yan edənlərdir» (C.Cabbarlı. «Ədəbi mübahisələr»). Bəs za­­man və məkanın hüdudlarından kənara çıxan, lokal mü­hitin, cari həyatın konkret rənglərinin, cizgilərinin fövqündə duran əsərlər nə ilə səciyyələnir? Məhz burada Cabbarlı qoyduğu sualların cavabını özü verir: «... Bir əsər bir fikir ifadəsi üçün yazılırsa, o artıq sənət və ədəbiyyat deyil, bəlkə də fəlsəfədir.» (C.Cabbarlı. «Ədəbi mübahisələr»).

Bəli, fəlsəfə!

Cabbarlı Cavidi sənət prinsiplərindən uzaqlaşmaqda təq­sirləndirir. Lakin Cavid sənətdən hansı səmtə doğru uzaq­­laşır? Aşağıyamı enir, «burjua idealogiyasınamı» qul­luq edir? Yox, Cabbarlı belə mücərrəd və əsassız ittiham­lar­dan çox uzaqdır. O, əsl səbəbi axtarır və tapır da! Fəlsəfəyə doğru!? Lakin nə kimi bir fəlsəfəyə? Bax, əsl sual da elə bu­dur. Sualın düzgün qoyulması mahiyyətin dərkinə açardır.
* * *
Hələ XIX əsrdə böyük M.F.Axundovun qoyduğu sual: «Qərbdə təhsil almağa gedən gənclərimiz oradan bizə nə gətirəcəklər?», – sualı XX əsrdə daha kəskin və daha ciddi şə­kildə qarşıya çıxır və getdikcə aktuallaşırdı. Sovet döv­ründə gənclərimizin təhsil almaq üçün daha Parisə deyil, Moskvaya getməsi «Qərb kabusu» problemini aradan gö­tür­­mürdü; problem aktuallığını yenə də saxlayırdı. Lakin Cavid də, Cabbarlı da bu mənada Moskvanın adını çəkmir, yenə Parisdən danışırdılar. Düzdür, Moskva kapital dünya­sını təmsil etmirdi, lakin Qərb əxlaqının təmsilçisi olaraq qa­lırdı. Ona görə də, «Aydın»da, «Uçurum»da, «Afət»də, «Sevil»də qoyulan problemlər sovet dövründə də, indinin özündə də həmin böyük milli-mənəvi problemin işıqlandı­rıl­masına xidmət edir. Sadəcə olaraq, bu gün həmin məsə­lə­lər daha kütləvi və daha kəskin formalarda təzahür edir. Ona görə də Qərb dünyası qarşısında ucaldılmış ideoloji çə­pərlər götürüldükdən sonra böyük sel halında hücum çəkən və bəzən də məqsədyönlü diversiya səciyyəsi daşıyan «küt­ləvi mədəniyyətin» qarşısını almaq üçün yeni tipli çəpərlərə ehtiyac vardır. Lakin hələ bu yeni çəpərlər çəkilənə qədər böyük babalarımızın bizə bu günümüz üçün miras qoyduğu əsərlərin xidmətindən istifadə etməliyik. Ədəbiyyatımız hə­min xətti günün rənglərinə uyğunlaşdıraraq davam etdir­mə­li, elmi fikir, təbliğat, publisistika birləşərək bu istiqamətdə vahid müdafiə cəbhəsi yaratmalıdır. Lakin çox təəssüf ki, əsrin əvvəllərində qadınları gözləyən bədbəxtliyin, faciənin timsalı kimi yaradılmış gültəkinlər əsrin sonunda həmin bu obrazı yaradan aktrisanın dilindən az qala qadınlarımızın idealı kimi təqdim edilir. Və əgər aktrisanın bu etirafı nor­mal qarşılanırsa, deməli, mühit yaxşılığa deyil, pisliyə doğ­ru dəyişilmişdir.

Bu gün «Aydın»ın yeni quruluşda tamaşası özü ilə bə­ra­bər Qərb əxlaqı gətirən kapital hakimiyyətinin 70 illik fa­silədən sonra cəmiyyətimiz üçün yenidən böyük təhlükə mənbəyinə çevrildiyi bir şəraitə təsadüf edir. Lakin çox təəsüf ki, XX əsrin 20-ci illərindən bəri keçirdiyimiz mə­nə­vi tənəzzül tamaşanın əvvəlki səviyyədə, orijinaldakı təmiz­liklə qoyuluşuna da mane olur. Ariflər, aydınlar, gültə­kin­lər, afətlər kapitalın qanadlarında gələn Qərb ab-havasından boğulanların parlaq nümunəsidir. Lakin bu gün bizim məq­sədimiz bu qlobal proseslərin qurbanları üçün sadəcə ağ­la­maq və ya hətta günahı mühitin üzərinə ataraq onlara bəraət qazandırmaq deyil, faciələrin qarşısını almaq üçün real va­si­tələr aramaqdır.

Cavid hələ o vaxt, bəlkə zamanı qabaqlayaraq, bəlkə də İstanbulun nümunəsini görüb onu Bakıya da trans­for­masiya etməklə «Uçurum»da Şərq-Qərb münasibətlərinin müasir dövr üçün çox aktual məqamlarına toxunurdu:
Avropada işıq da var, zülmət də.

Orda səfahətdə var, fəzilət də.

O bir əngin dəniz ki, çox qorxuncdur.

İnsan gah inci bulur, gah boğulur.

Qərb dünyasındakı əksilikləri, təzadları çox gözəl du­yan, gözəl bilən Cavid bizim Qərbə birtərəfli münasibəti­miz­dən çox narahat olur: «Avropadan – fəzilət, himmət, cid­diyyət, vüqar dururkən – yalnız çürük bir züppəlik aldılar», – deyən şair, elə bil ki, gələcək təhlükələri görərək, bizi «ayıq davranmağa» dəvət edirdi.

O vaxt Cavidi realizmdən uzaqlaşmaqda təqsirləndi­rir­dilər. Lakin Cavid mümkün gələcəyin mümkün fəsad­la­rı­nı irəlicədən əks etdirir və belə bir gələcəyin heç vaxt real­laşmaması üçün çalışırdı...

Lakin, heyhat! O zaman gəldi. Təhlükələr reallaşdı. Və çox təəssüflər olsun ki, bu gün Cavid daha yalnız səma şairi olaraq qalmır, həm də reallıqları əks etdirir. Təəssüflər ol­sun ki, bu gün kapital dünyasının törətdiyi zinalara qarşı mənəvi müqavimət o dərəcədə zəifləmiş ki, onun qurbanları aydınların, gültəkinlərin böyük dramatik mübarizəsini, fa­ciəsini yaşamadan, Cabbarlının heç vaxt ağlına belə gətir­mədiyi bir halda, çox sadəcə – cəlallar və afətlərin taleyini yaşayırlar. Cavidsə hələ o vaxt bunları çox sakit yazırdı, sanki olan bir şeyi təsvir edirdi. Cabbarlı üçün bu ağla­sığ­maz bir eniş, «Uçurum»dakından daha dəhşətli və əslində qeyri-mümkün olan bir uçurumdur.

Cabbarlı Cavidin hansı dövr üçün yazdığını anlamaq üçün gələcəyə də nəzər salır və bunları ən bədbin proqnoz halında da qəbul etmir. (Cabbarlı türkü, türklüyü çox uca tutur, lakin çox ucada olanın düşərkən daha aşağı yuvarlan­maq «şansını» unudur). Cabbarlı bu proqnozu təhlil edərək yazır ki, bəzilərinə görə «... şimdi bizdə Afət həyatı yoxsa da, get-gedə həyat tərəqqi edib qadınlarımız açılınca əlli ildən sonra Afət həyatı vücuda gələ bilər. Cəlal bizdə yoxsa da, bəlkə Türkiyədə buluna bilər, – deyənlərə də cavab ola­raq... biz deyirik ki, qırx il də, əlli il də bundan sonra Azər­baycan, ya türklüyün başqa bir ölkəsi, həmçinin Türkiyə Afət həyatı ilə yaşaya bilməyəcəkdir...» (C.Cabbarlı. «Ədəbi mü­bahisələr»).

Necə də böyük bir inam! Necə də böyük bir ro­man­tika!

Bax, burada, bu günkü həyatın müstəvisində rollar dəyişir, Cavid daha çox realist, Cabbarlı daha çox romantik təsiri bağışlayır.

Ey böyük Cabbarlı! Biz sənə inanmaq istəyirik. Sənin kimi inamlı olmaq istəyirik. Biz bu günkü halların müvəq­qəti bir çaşqınlıq olduğuna, ötəri, keçici olduğuna inanmaq is­təyirik! İnanırıq da! İnanırıq, çünki səbəblərini bilirik. Bil­diyimiz şeylə mübarizə etmək isə daha rahatdır.

Ey böyük Cavid! Əsrin sonunda, qloballaşma döv­rün­də bizi gözləyən bəlaları, reallıqları qələmə aldığın üçün, bizi irəlicədən xəbərdar etdiyin və Qərbə optimal münasibət düsturunu formalaşdırdığın üçün biz Sənə minnətdarıq!

Əvvəla, bilmək lazımdır ki, müasir Azərbaycan ger­çək­li­yində cəlallar və afətlər heç də milli tərəqqinin aparıcı qüvvələrini deyil, yeni yaranmış və hələ dərin kök atmamış müvəqqəti bir zümrənin timsalıdır. Cavid bu obrazları bədii ümumiləşdirmə səviyyəsində təqdim edə bilir, ona görə ki, onlar artıq tək-tək adamlar olmayıb, bütöv bir zümrə, tə­bə­qədir. Lakin heç də elita olmayıb, mənən yoxsul nuvo­riş­lərin və onların həyat tərzinə həsəd aparan meşşanların tim­sallarıdır. Qərbin «müasir» həyatı və «kütləvi mədəniyyə­ti­nin» təsiri altına düşmüş zəif iradəli insanlardır. «Uçu­rum»da oxuyuruq:


Yurdumuzu sardıqca,

Düşgün Paris modası,

Hər kəsə örnək oldu

Sərsəm firəng ədası.
Cabbarlı, əlbəttə, haqlıdır ki, afətlər və cəlallar türkün təmsilçisi ola bilməzlər. Lakin Cavid də qarşısına belə bir məq­­səd qoymur. O, sadəcə olaraq nə vaxtsa cəmiyyətdə müm­kün ola biləcək alternativ həyat tərzini təsvir edir. On­lar da cəmiyyətin, ictimai mühitin reallıqlarıdır. Cəmiy­yə­tin apa­rıcı qüvvələrinin əsas vəzifələrindən biri də elə məhz bun­dan ibarətdir ki, ictimai tərəqqinin daxili mən­ti­qindən, milli mentalitetdən irəli gəlməyən yabançı ictimai proseslə­rin genişlənməsinə imkan verməsin. Onların qarşı­sını ta­ma­milə almaq isə ona görə mümkün deyil ki, hətta ən yüksək inkişaf səviyyəli cəmiyyətlərdə də milli özünüdərk həddinə çatmamış bəsit mənəviyyatlı və zəif iradəli insanlar vardır. Qloballaşma və insan hüquqları isə məhz mənəvi şikəstlərin də «hüququnu» müdafiə edir.

Biz bu gün qapıları bütün dünyaya açılmış yeni, azad bir cəmiyyət qurarkən, demokratikləşməni, fikir plüraliz­mi­ni qəbul edərkən, həyat tərzlərinin də plüralizmini qəbul et­mək məcburiyyətindəyik. Lakin başqa bir əxlaqın bizimlə paralel mövcudluğuna dözmək, heç də bizim özümüzü hə­min yabancı əxlaqı qəbul etmək məcburiyyətində qoy­mur. Biz, sadəcə olaraq, müxtəliflik və mədəni-mənəvi plüralizm şəraitində özəlliyimizi qorumağı və inkişaf etdirməyi öyrət­məliyik.

Bax, həyatın bu yeni dialektikasını, qloballaşma art­dıqca milliləşmənin də onunla həmahəng olaraq artmalı ol­du­ğunu anlasaq və cəmiyyətdəki milli iradədən məhrum tör-töküntü ilə milli elitanın yerini dəyişik salmasaq təşviş üçün elə bir ciddi əsas yoxdur.

Sadəcə olaraq, anlamalıyıq ki, milli mənəviyyatın öz ətaləti ilə yaşayacağına əminlik dövrü arxada qalmışdır. İn­di biz öz vətənimizdə də milli mən-i qorumaq, yaşatmaq, in­ki­şaf etdirmək üçün hər an mübarizəyə hazır olmaq, yaxşı düşünülmüş vasitələrlə mücadilə aparmaq məcburiyyə­tin­də­yik. Bu mücadiləni uduzmamaq üçün klassik ədəbi-fəl­səfi irsimizi yaşatmağı və müasir düşüncə ilə birləşdirməyi öyrənməliyik.

Müasir həyatın dialektikası ədəbiyyata münasibətdə də müxtəlifliyin vəhdətini tələb edir. Bizə bu gün ayrılıqda Cavid və ya Cabbarlı deyil, həm Cavid, həm də Cabbarlının ide­yalarından bəhrələnən vahid mədəni-mənəvi özünümü­dafiə və inkişaf konsepsiyası lazımdır.

Bu gün çox vaxt «milli birlik»dən danışılır, «biz niyə birləşə bilmirik?» sualı qoyulur. Lakin unudulur ki, milli bir­­lik zaman kəsiyində mümkün deyil. Bunun üçün zaman oxunda birlik axtarmaq, öz böyük mənəvi sələflərimizlə bir­­ləşmək lazımdır.

Bütün bu deyilənlərə əlavə olaraq XX əsrin bu iki böyük şəxsiyyəti arasında daha bir ümumi cəhəti qeyd et­mək istərdik. Bu – dil məsələsidir. Müasir Azərbaycan dili­nin formalaşmasında onların rolu məsələsidir.

Hamı tərəfindən qəbul olunmuş, lakin yenə də layiq olduğu dərəcədə vurğulanmayan həqiqətlərdən biri budur ki, müasir Azərbaycan dilinin formalaşmasında heç kim Cə­­fər Cabbarlı qədər böyük rol oynamamışdır. Cabbarlı türk dilini gözəl bilməklə yanaşı, məhz yerli türk ləhcəsinin müstəqil ədəbi-bədii dil səviyyəsinə çatdırılması sahəsində əvəzsiz xidmət göstərmişdir. Lakin Cavidin dilimizin inki­şa­fında rolu barədə fikirlər müxtəlifdir. Çoxları hətta onu yabançı üslubda yazmaqda təqsirləndirir, müasir dilimizdə fərqli ünsürlərə Osmanlı şivəsinin təsiri kimi qiymət verir­lər. Lakin məhz Cavidin dilimizi zənginləşdirmək, böyük türk dilinin potensial imkanlarının müasir Azərbaycan dilini inkişaf etdirmək sarıdan xidməti ədalətsizcəsinə heçə en­dirilir və ya ən yaxşı halda çox sönük şəkildə qeyd olunur.

Bax, bu sahədəki həqiqətə işıq salmaq üçün o dövrün gerçəkliyindən verilən qiyməti yada salmaq yerinə düşərdi. Həm də ona görə ki, bu böyük həqiqi qiyməti kim isə baş­qa­sı deyil, məhz C.Cabbarlı verir: “Caviddə su kimi duru, almaz kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahına çalışan lisanımızın təkamül özülü ola biləcəkdir, zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri, ədibləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir. Bizcə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda tətbiq ediləcəyi kimi, ərəbləşmiş Fikrət və Hamid lisanlarını da meydandan sıxıb-çıxaracaqdır” (C.Cabbarlı. “Ədəbi mü­bahisələr”).

Müasir dövrdə, məhz cavidlərin, cabbarlıların böyük səyləri nəticəsində formalaşmış Azərbaycan ədəbi dili ilə müqayisədə bizə, bəlkə də, çətin görünən Cavid lisanının o dövr üçün həqiqətən böyük bir tərəqqi olduğunu ancaq onun müasirləri düzgün qiymətləndirə bilərdi.


* * *
Cavid milli və dini dəyərlərlə müqayisədə, ümum­bə­şəri dəyərlərə daha böyük önəm verir. Onun maarifçiliyi də, dünyəvi məktəblər uğrunda mübarizəsi də, bizcə, hər hansı bir millətə və dinə mənsub olmaqdan öncə, bir bəşər övladı olaraq özünü dərk etməyi ön plana çəkməsindən irəli gəlir. Maraqlıdır ki, gəncliyində daha çox millətçi olan Cabbarlı da tədricən ümumbəşəri ideyalara doğru təkamül yolu ge­çir. «Od gəlini»ndə oxuyuruq: «Bizim üçün ərəb, fars, rum, yəhudi olsun – heç bir fərqi yoxdur. Bax, bu ərəbdir. Bizə azad əmək əli uzadır. O, bizim qardaşımızdır. Biz ərəb mö'­tə­­səmlərinə, Bağdad xilafətinə qarşı vuruşuruq. İki ad­dım­lığımızda Şirvan şəhriyarlığı da ona qarşı çarpışır. Lakin biz onunla birləşmirik. Çünki bizim üçün Şirvan şəhriyarilə Bağdadın mö'təsəmləri, Bizansın imperatorları, Makedoni­yanın iskəndərləri, Romanın qeysərləri, neronları arasında heç bir fərq yoxdur. Biz insan dostunun dostu, insan düş­mə­ninin düşməniyik». (səh.63)

Cavid məkan və zaman müəyyənliyindən, etnik və dini mənsubiyyətindən, mənəvi-əxlaqi məxsusiyyətindən ası­­lı olmadan bütün insanların eyni bir mahiyyətə yük­səl­mək şansını qəbul edir. Məhz mahiyyətə varanda, insani, ümumbəşəri keyfiyyətlər önə çıxanda üfüqi müstəvidəki fərq­lər itir və insanlar ancaq vertikal müstəvidə, haqqa, hə­qiqətə yaxınlıq dərəcəsinə görə fərqlənirlər. Burada «məni hər kim sevirsə, yüksəlsin» («Şeyx Sənan») fəlsəfəsi rəhbər tutulur. Yaxud Cabbarlıda «alçaq cismani duyğuları atıb, ruhani bir yüksəkliyə varmaqdan» («Od gəlini») söhbət açılır.

Həm də bu yüksəliş intellektual müstəvidən daha çox mənəvi müstəvidə həyata keçməlidir. Çünki Allaha ancaq inanmaq, O-nu ancaq müqəddəslik duyğusu ilə dərk etmək olar. Təfəkkür, məntiq, rasional idrak burada acizdir. Cavid bu ideyanı «Xəyyam»a girişdə – münacat səsi ilə belə ifadə edir:
Ey fəzalarda gülümsər əbədi şerü xəyal!

O nə qüdrət, o nə hikmət, o nə ahəngü cəlal!?

Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal,

Yenə yox kimsədə əsla səni idrakə məcal.
Haqqa yaxınlaşdıqca dini fərqlər artmır, azalır. Görü­nür, insanın daxilən təmizlənməsi, yüngülləşməsi, pərvaz­lan­ması, eşqin qanadlarıyla haqqa doğru uçması ideyaları həm də dinlərin vəhdəti ideyasına gətirir.
Din bir olsaydı yer üzündə əgər,

Daha məsud olardı cinsi-bəşər.
Həm də bu fikir təkcə Dərvişin dilindən eşidilmir. Şeyx Sənan İslamı daha dərindən anladıqca xristianlığı da ehtiva etməyə çalışır:
Mənə olmuş cahan pərəstişkar,

İmdi pək başqa bir cəlalım var.

Sanma İslamə rəhbərəm tənha,

Peyrəvimdir xristianlar da.
Yaxud başqa bir yerdə Şeyx Sənan deyir:
Birsə həqq, cümlə din də bir... naçar,

Xəlqi yalnız ayırmış azğınlar...
Yaxud Cabbarlıda oxuyuruq:

«Siz ey min-min qəbilələrə, millətlərə, irqlərə ayrılmış məzlum bəşəriyyət!» «Mən bu gün bütün istilalara, mühari­bə­lərə, qırğınlara, əsirliyə, köləliyə, cəbrə, istibdada, al­tun­lara, hökumətlərə, qanunlara, dinlərə, allahlara, bütün əski varlığa qarşı üsyan bayrağı qaldırıram».

«Bu yalnız ərəblərdə deyil, yalnız burada deyil, hər yer­də belə olmuşdur. Bunu babillilər də belə etmişlər, yu­nan­lar da belə etmişlər, rumlar, yəhudilər də belə et­miş­lər. İsalar, musalar, iskəndərlər, saysız-hesabsız insan qəs­sab­ları hamısı belə etmişlər»

Cavid də, Cabbarlı da böyük müqəddəslik duyğusun­dan ayrı salınmış, özgələşmiş, dinsizləşmiş, hadisələşmiş, müx­təlifləşmiş və bu müxtəlifliklərin qarşıdurmasını yarat­mış əski dünyanın əleyhinə çıxaraq, insanın öz daxili-mə­nəvi yüksəlişinə, sevgiyə, məhəbbətə və insani məhəbbətin gücü ilə əldə edilmiş ümumbəşəri birliyə səsləyirdi. Dinləri birləşdirərək hamısına qarşı eyni dərəcədə üsyan edən El­xan əslində dinləri birləşdirərək hamısına eyni dərəcədə xid­mət edən Şeyx Sənanın o biri qütbü deyilmi? Və qütblər eyni mahiyyətdə birləşmirmi?

Dinlər, təriqətlər arasında fərq bir qayda olaraq ha­disə, mərasim müstəvisində özünü göstərir. Dinin mahiyyə­ti isə müqəddəslik duyğusu ilə bağlıdır. Bu duyğu olma­dıq­da dini ehkamlar, dini ayinlər, dini mərasimlər əsl dini əvəz edir və din əvəzinə dini pərdəyə bürünmüş psevdodin yara­nır ki, o da mahiyyəti etibarilə dinsizlikdən fərqlənmir.

Təsadüfi deyildir ki, Cavid də, Cabbarlı da məhz «din pərdəsi»nə, «din qalxanı»na qarşı mübarizə aparıblar. Xəli­fə­nin hədiyyə göndərdiyi rəqqasələrə işarətlə Xəyyam «Din pər­dəsi altında nə xoş, incə, lətifə», – deyir. Eləcə də Elxan «mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını qəbul edə bilmərəm», – deyir.

Caviddə də, Cabbarlıda da «din» ideyası «azadlıq» və «məhəbbət» ideyaları ilə qarşılaşdırılır. «Od gəlini»ndə Xür­rəm diyarının mənəvi kodeksi belə səslənir: «Azad sev­gi, azad vicdan könlümün tanrısı». Dini hiss daxili bir eh­ti­yac olmadıqda, insanın mənəvi yüksəlişindən, saflığın­dan, paklığından, müqəddəslik səviyyəsinə yüksəlmiş ali duy­ğu­larından doğmadıqda, kənardan icbari yolla təlqin edil­dikdə bu böyük azadlıq carçıları onu qəbul edə bil­mirlər. Həm də bu mövqe 20-ci əsrin əvvəllərində meydana gəl­məyərək, Şərq fəlsəfi fikrində qədim köklərə malikdir. Cavidin şəxsi fikirləri, böyük Ömər Xəyyamın mövqeyi ilə necə də səsləşir:

Mən ömrümü sərməst olaraq şən dilərəm, şən.

Bir dindəyəm, azadə bütün küfr ilə dindən.

(«Xəyyam»)


Bu misralar Ömər Xəyyamın məşhur rübaisindən tər­cü­mə olunaraq mətnə daxil edilmişdir. Həmin mövqe «Xəy­yam»dakı digər obrazın – Sevdanın dili ilə də təqdim olunur:

Bir vəhşi göyərçin kimi mən də,

Şən könlümü azadə dilərdim.

(«Xəyyam»)


Bu ideyalar hələ «Şeyx Sənan»da da irəli sürülürdü. La­kin Cəfər Cabbarlı Şeyx Sənanın dinlə azadlığı uzlaş­dırmaq cəhdlərini tənqid etsə də, onun «Od gəlini»ndəki azad­lıq axtarışları da son nəticədə sadəcə dinsizlikdən de­yil, nəfsin tərbiyəsi, mənəviyyatın yüksəlişi ideyasından bəh­rələnir. Maraqlıdır ki, «Od gəlini»ndən sonra yazılan «Xəy­yam» bu ideya təkamülündə sintez məqamına uyğun gəlir. Və biz iki müxtəlif dramaturqun birlikdə triada sis­temi qurduqlarının şahidi oluruq. Cabbarlı «Şeyx Sənan»ı in­kar edir və «Od gəlini»ni yaradır. Cavid inkarı inkar mə­qamında «Xəyyam»ı yaratmaqla hər iki ideyanın sinte­zinə nail olur.
Yüklə 463,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə