Жавид вя Жаббарлы



Yüklə 1,76 Mb.
səhifə1/7
tarix08.04.2018
ölçüsü1,76 Mb.
  1   2   3   4   5   6   7


Səlahəddin Xəlilov

Cavid və Cabbarlı.

Müxtəlifliyin vəhdəti

(fəlsəfi etüdlər)

Bakı, «Azərbaycan Universiteti» nəşriyyatı, 2001 – 180 səh.

Elmi redaktor və ön sözün müəllifi: Yaşar Qarayev, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi


Hüseyn Cavidin 120, Cəfər Cabbarlının 100 illik yubileylərinə ithaf olunur.

Müəllifdən



Sovet dövründə, fəlsəfi fikir üçün əlçatmaz, ün­yet­məz ideoloji çəpər çəkildiyi bir vaxtda, neçə mi­n­il­lik tarixi olan milli məfkurə ancaq bədii ədəbiyyat vasitəsilə sızıb keçir və gələcək nəsillərə çatdırılmaq üçün öz varisliyini, kəsilməzliyini təmin edirdi.

Fəlsəfəyə klassik elmdən, fizikadan gələn bu sətirlərin müəllifi də fəlsəfi fikirdə öz milli-mənəvi təsdiqini tapmaq cəhdi göstərərkən peşəkar fəlsəfədən daha çox bədii ədəbiyyata və ilk növbədə milli drama­tur­giyaya müraciət etməli oldu. İlk diqqəti cəlb edən də, təbii ki, öz həyatı bahasına ideoloji tabuya eti­na­sız­lıq göstərərək bütün yaradıcılığını qadağan məfkurə zo­lağında quran böyük Cavidin əzəmətli siması oldu. Fizikanın fəlsəfi məsələləri və elmşünaslığın məhdud prob­lematikasından darıxıb böyük fəlsəfəyə boylandığım o illərdə respublikamızda Cavidin 100 illik yubileyinə hazırlıq gedirdi. Cavidin pyesləri əsasında yeni tamaşalar, televiziya filmləri hazırlanırdı. Məmmədcəfər Cəfərovun, Mehdi Məmmədovun, Yaşar Qarayevin və digər görkəmli tədqiqatçıların əsərləri çap olunur, ədəbi ictimaiyyətdə geniş müzakirələr gedirdi. Belə bir məqamda mən də Cavid yaradıcılığına müraciət edərək «İblis»də fəlsəfi motivlər» adlı bir məqalə yazdım. Bu, əslində, əsərin elmi-fəlsəfi tədqiqindən daha çox, bir fəlsəfə tədqiqatçı­sının «İblis» haqqındakı təəssüratları idi. Sonralar mən Cavid yaradıcılığının Şərqin fəlsəfi fikir dünyasına daxil olmaq üçün ən kəsə yol, ən etibarlı pəncərə olduğunu görərək, bu sahədə daha ətraflı tədqiqat aparmaq qərarına gəldim. «Cavid fəlsəfəsi» kitabı bu istiqamətdə ilk addım kimi ortaya çıxdı.

Cavidin 100 illik yubileyindən Cabbarlının 100 illik yu­bi­leyinə qədər keçən dövr ərzində ara-sıra ədəbiyyatla bağlı möv­zulara müraciət etsəm də, əsasən elmşünaslıqla məşğul olan bir tədqiqatçı üçün fizikadan ədəbiyyata qədər uzanan bö­yük bir məsafəni diqqət mərkəzində saxlamaq heç də həmişə müm­kün olmamışdır. Lakin nə qədər çətin olsa da, böyük Cab­bar­lıya olan borcumu da, heç olmazsa, qismən qaytarmalı idim. Kim nə deyirsə desin, müasir Azərbaycan ədəbi-fəlsəfi dili və üs­lubu üçün borclu olduğumuz ən böyük simalardan biri Cəfər Cabbarlıdır. Milli fəlsəfi fikrin hüdudları isə ilk növbədə dilin hüdudları ilə məhdudlaşır. Bəsit dillə böyük fəlsəfə ortaya qoymaq mümkün deyil.

Lakin Cavidin və Cabbarlının müasir fəlsəfi fikir qarşısındakı xidmətləri ancaq geniş dil meydanının yaradılması ilə məhdudlaşmır. Yaratdıqları meydanda ilk böyük abidələrin də müəllifləri onların özüdür.

***

Ümumbəşəri, kosmopolit fizikadan bəhrələnmiş rasional düşüncə tərzimin milli fəlsəfi fikir axarına düşməsi üçün ən çox milli ədəbiyyata ehtiyac duyduğumu etiraf edirəm. Həm də bu təkcə mənim timsalımda deyil, bütün dövrlərdə belə olmuşdur. Fəlsəfənin məhz düşüncə tərzini şərtləndirən özək hissəsi – milli fəlsəfi fikir təkcə elmi-fəlsəfi kateqoriyalardan istifadə etməklə məhdudlaşmamış, həm də yeri gəldikcə klassik bədii obrazlara müraciət etmişdir. Fəlsəfi əsərin təhkiyəsində fikrin ən kəsə yolla çatdırılmasına xidmət edən bədii obrazlar bir qayda olaraq milli klassik ədəbiyyatdan götürülür, rəmzləşir, standartlaşır, kateqoriyalaşır. Bu, çox spesifik bir prosesdir. Əgər hər bir tədqiqatçı bədii obraz nümunəsi kimi başqa-başqa mənbələrə müraciət etsə, oxucu onu anlamaq üçün gərək hər dəfə yeni əsərlər oxuya. Lakin Bir rəmz olaraq artıq «Hamlet» seçilibsə və ədəbi tənqid buradakı ayrı-ayrı bədii obrazların, sücetlərin, ifadələrin və s. fəlsəfi açılışını artıq dönə-dönə veribsə və bu obrazlar, rəmzlər hamılıqla öyrənilibsə, milli düşüncənin strukturuna daxil olubsa, tədqiqatçıların çox az adama məlum olan başqa bir obraza müraciəti təfəkkür yolunu qısaltmaq, fikri aydınlaşdırmaq əvəzinə daha da dumanlandırar, uzaqlaşdırar.

Elmi əsərlər tam müstəqil ola bilməzlər. Hər bir elmi ideya mütləq başqasının davamı kimi ortaya çıxır. Elmi fikirlər toplanaraq bütün dövrlərin və bütün millətlərin vahid, möhtəşəm bir abidəsini yaradırlar. Bədii yaradıcılıqda isə toplanma yoxdur. Müasir fizik Nyutonun, Eynşteynin çiyinləri üzərinə çıxdığından daha ucada durmuşdur. Müasir rəssam, müasir yazıçı isə Mikelancelonun, Şekspirin çiyinləri üzərində deyil, yanında dayanmaqla onlardan yüksəyə qalxa bilmir. Müasir bir şair Füzulini bütünlüklə əzbər də bilsə, onun poeziyası Füzuli şerinin üzərində yüksəlmir, əgər zamanın sınağından çıxarsa, boy sırası ilə onun yanında dayanır. Burada zaman oxu elə bil ki, böyük klassiklərin şərəfinə irəliyə deyil, geriyə doğru yönəlmişdir.

Hər bir bədii əsər müstəqil bir hadisədir. Və o başqa bədii əsərlərin sücetinə qatılaraq öz ömrünü uzada bilmir. Lakin klassika adlandırdığımız elə bədii əsərlər də vardır ki, onların ideyaları ədəbi tənqidin və ədəbi-elmi tədqiqatların sayəsində, əslində ancaq elmə mənsub olan toplanma (kumulyativlik prinsipi) qaydaları ilə gələcək əsərlərin məzmununa daxil olur. Elə bil ki, ədəbiyyatın, bəlkə də bəxti gətirərək klassikaya çevrilmiş nümunələri elmi fikrin qanadlarına qonaraq davamlı fikir prosesinin iştirakçısına çevrilirlər.

Lakin bədii ədəbiyyatın öz təhkiyə və məzmun hüdudundan kənara çıxaraq daha davamlı mənəvi-idraki proseslərə qatılması heç də yalnız ədəbi tənqid və ədəbiyyatşünaslıq vasitəsi ilə həyata keçmir. Bunun başqa bir yolu da ictimai şüur vasitəsi ilə fəlsəfi fikir mündəricisinə daxil olmaqdır. Necə ki şifahi xalq ədəbiyyatı neçə-neçə nəsillərin düşüncə tərzində davamlı bir proses kimi yaşayır, eləcə də klassik ədəbiyyatın ayrı-ayrı bədii ideya və obraz nümunələri adi şüura qatılaraq nəsillərdən nəsillərə ötrülür.

Bu iki üsul arasında fərqlərdən biri budur ki, El ədəbiyyatındakı kimi Milli şüura qatılmadan fərqli olaraq ədəbiyyatşünaslıq və fəlsəfi təhlil qanadlarında davamlı prosesə çevrilən klassika millilik hüdudlarını keçərək ümumbəşəri, beynəlmiləl miqyas ala bilər. Necə ki, «İliada»ya, «İlahiyyat komediyası»na, «Hamlet»ə müraciətlər təkcə ayrı-ayrı millətlərin deyil, bütövlükdə Qərb təfəkkür tərzinin formalaşmasında iştrak etmiş, onun üzvi tərkib hisələrinə çevrilmişlər. Və bu gün bizlərin də təfəkkürünə sirayət etməkdədirlər. Əlbəttə, burada pis heç bir şey yoxdur, o halda ki, əks əlaqə də mümkün olaydı.

***

Müstəqil Azərbaycanın bütün istiqamətlərdəki quruculuq fəaliyyətinin əsasında, heç şübhəsiz, milli fəlsəfi fikir dayanmalıdır. Lakin hadisələr dünyasının axarı dayanıqlı fəlsəfi fikrin formalaşmasını gözləmir. Bəzən hadisələr müstəvisində zaman fikir müstəvisindəkinə nisbətən daha sürətlə axır. Ona görə də milli fəlsəfi fikir heç də sıfırdan başlamayaraq, əcdadlarımızın qoyduğu bünövrə üzərində qurulmalıdır. Lakin orta əsrlərin islam fəlsəfəsi bizdən çox uzaqdadır, həm də, əsasən, ərəb dilində yaradılmışdır. 20-ci əsrin peşəkar fəlsəfəsi isə yaxın olsa da milli fəlsəfi ruhdan məhrumdur və əsasən rus dilində və ya rus dilindən tərcümələrə istinadən yazılmışdır.Nəzərə alsaq ki, əsl milli fəlsəfi fikir ancaq milli dildə yaradıla bilər, milli düşüncə tərzinin, milli fəlsəfi fikrin başlıca daşıyıcısı məhz milli bədii ədəbiyyat sayılmalıdır. Belə olan halda mənim Cavid və Cabbarlı yaradıcılığına münasibətim sadəcə ədəbiyyata müraciət olmayıb, həm də milli fəlsəfi fikrin ən yaxın təməl daşlarını müstəqillik dövrümüzdə fəlsəfi özünüdərkin strukturuna və mədəni-mənəvi quruculuq proseslərinə daxil etmək təşəbbüsüdür.

Müasir dövrdə, böyük sələflərimizin uğrunda mübarizə apar­dığı, lakin bu gün məhz bizə qismət olmuş müstəqillik il­lə­rin­də milli fəlsəfənin həm bir ideya, həm də bir milli iradə ola­raq formalaşdırılması kimi ağır yükü ufaq çiyinlərimizdə da­şımağın bütün ağırlığını və məsuliyyətini dərk edərək bu şərəfli yükü böyük mütəfəkkirlərimizlə bölüşmək qərarına gəldik.

***

Müəllif bunu da qeyd etməyi lazım bilir ki, o, ixtisası etibarilə bir ədəbiyyatşünas olmadığından, qarşısına Cavid, yaxud Cabbarlı yaradı-cılığını təfərrüatı ilə, bütün “qayda-qanunu” ilə tədqiq etmək məqsədi qoymamışdır.

Müqayisəli təhlil də, ayrı-ayrılıqda təhlil də müəllifin ən çox təsirləndiyi bəzi klassik nümunələr əsasında aparılmış və əsərlərin məzmun və formasından daha çox, ideyaların təhlili ön plana çəkilmişdir. Digər tərəfdən, Cavid və Cabarlı yaradıcılığının öyrənilməsinə həsr olunmuş tədqiqat işləri, ədəbi-tənqidi məqalələr və kitablar da, tamamilə mümkündür ki, diqqətdən kənarda qalmış, onlara elmi tədqiqatın tələblərinə uyğun surətdə pozitiv və ya tənqidi münasibət bildirilməmişdir. Mən ancaq Cavidin «İblis» pyesi haqqında tədqiqat işi sayıla biləcək bir əsər yazmışam. İndi təqdim olunan kitabdakı məqalələr isə əsasən fəlsəfi esse səciyyəsi daşıyır və mövzu, zaman və məkan konkretliyindən uzaqdır. Əlbəttə, hər hansı ədəbiyyatçı belə bir sərbəstliyə, yəqin, yol verməzdi. Kənar şəxs, bir fəlsəfə tədqiqatçısı üçün isə, güman edirəm ki, bu, bağışlana biləcək bir qəbahətdir.

İxtisasımın vurğulanması belə təəssürat yarada bilər ki, mən Cavid və Cabbarlının ilk dəfə olaraq yeni rakursda, fəlsəfi müstəvidə nəzərdən keçirildiyini diqqətə çartdırıram. Məhz belə səhv təsəvvür yaranmasın deyə, xüsusi olaraq qeyd etmək istəyirəm ki, həqiqi ədəbi tənqid heç vaxt fəlsəfi baxış dairəsindən kənarda təsəvvür oluna bilməz. Ona görə də, Cavidin də, Cabbarlının da tədqiqatçıları ixtisas etibarı ilə ədəbiyyatşünas olsalar da, istər-istəməz bu sənətkarların yaradıcılığında zəngin olan fəlsəfi ideyaların təhlilinə də müraciət etməli olmuşlar. Və bu sırada mən bir tədqiqatçını xüsusi fərqləndirmək istərdim. Bu, rəsmi ixtisasına görə ədəbiyyatçı olsa da, təfəkkür tərzinə görə filosof olan Yaşar Qarayevdir. O, həm Cavidin, həm də Cabbarlının poetik-dramaturci yaradıcılıq dünyasına, bu dünyanın ən dərin qatlarına bəlkə də hamıdan çox baş vurmuş, bu sahədə müstəsna uğurlar qazanmışdır.

Neçə minillik tarixi olan rəsmi fəlsəfənin bütün qayda-qa­nunları ilə təhlil aparıb gəldiyim qənaətlər son nəticədə çox vaxt Yaşar Qarayevin tənqidçi-filosof qələminin məhsulu ilə üst-üstə düşür. Bir fərqlə ki, keçdiyimiz yollar əsasən eyni olsa da, istiqamətlər müxtəlifdir. Mən fəlsəfədən ədəbiyyata gəli­rəm, Yaşar müəllim ədəbiyyatdan fəlsəfəyə. Bizim yaradıcılıq yo­lundakı görüşümüz bir növ Cavid və Cabbarlının görüşünü xa­tırladır (Bax: bu kitabın birinci fəsli). Elə fərq də daha çox me­todlarda üzə çıxır. Yaşar Qarayev bütün incəliyi ilə bildiyi ədə­bi-bədii materialları ümumiləşdirməklə (induktiv metodla) ədə­bi-elmi konsepsiya yaradır, mən ideyadan təsirlənərək esse ya­zıram və onu sonradan seçdiyim detallarla konkret­ləş­dir­məyə çalışıram.

Girişdə məhz Yaşar Qarayevi yada salmağıma gəlincə, nə yaxşı ki, mən onun bu kitaba yazdığı ön sözə həssaslıqla yanaşa bildim. «Cavid və Cabbarlı»ya ön söz olaraq Yaşar Qarayev «Bədii seyrə işıq fəlsəfədən düşür» adlı gözəl məqalə yazmışdır. Və burada kitaba münasibətdən daha çox, oradakı ideyaları daha da inkişaf etdirmək təşəbbüsü gördüm. Özü də bu təşəbbüs çox uğurlu alınmışdır. Ancaq Yaşar müəllimə məxsus bir təvazökarlıqla «buradakı fikirlərin bir qismini mən artıq demişəm», – yox, «bu fikirləri belə də demək olar» formasında bir sətiraltı məna sezdim. Və götürüb Yaşar müəllimin dörd il öncə mənə bağışladığı «Tarix: yaxından və uzaqdan» kitabındakı müvafiq məqalələri diqqətlə oxudum. Və mənə daha yaxın olan fikirləri seçib hansı formadasa bu kitaba daxil etmək qərarına gəldim.

Gənc tədqiqatçı Hacı Azər Əbilovun da «Hüsni-xuda şairi» kitabında çox uğurla söylədiyi bir sıra fikirləri bura əlavə etməyi lazım bildim. Maraqlıdır ki, Hacı Azər də Cavid üslubunda düşünür. Yəni məkan, zaman və mövzu konkretliyinin hüdudlarını tez-tez keçir, geniş fikir fəzasında çox sərbəst manevr edir. Onun hətta publisistikasında da bir poeziya vardır. Bu yaxınlarda Hüseyn Cavid adına mükafatın laureatı olmuş bu gəncin həm də Cavid ruhunun daşıyıcılarından biri olduğuna şübhə etmirəm.

***

Və nəhayət, oxucuları çox intizarda saxladığıma, hətta ön sözə də ön söz yazmaqla metafizik təfəkkürün bütün naqisliklərini biruzə verdiyimə görə, onlardan bir daha üzr istəyir və onları Cavidlə Cabbarlının müştərək dünyasına dəvət edirəm. Bu dünya – iki müxtəlif fikir mərkəzindən yayılan dalğaların görüşündən doğur. Və bu görüşün yaratdığı interferensiya mənzərəsi əslində üçüncü, yeni bir dünya, yeni fikir zolağıdır. Bu kitab həmin zolağa müəyyən işıq salır, lakin burada əsl səyahətə çıxmaq sonrakı mərhələnin işidir. Həyatın axarı şərait yaratsa, müəllif bu mövzuya bir də qayıdacağını nəzərdə tutur.

Ön söz əvəzi:

Bədii sehrə işiq fəlsəfədən düşür
Sənətdə, fəlsəfədə orta əsrlərin əzəli-əbədi problemi - hə­yat və ölüm, əsarət və azadlıq, zülm və haqq mü­na­si­bət­ləri öz təhlil və təkzibini son yüzillikdə hamıdan çox iki mütəfəkkirin dünyagörüşündə tapdı: Caviddə, bir də Cab­barlıda.

Bu vaxta qədər həm Cavid, həm də Cabbarlı barədə çox əsərlər yazılıb. Lakin vahid tipoloji müstəvidə və orta əsrlərlə ortaq kontekstdə Cavid-Cabbarlı konsepsiyası bizim milli ədə­bi-fəlsəfi fikirdə hələ də işlənməmiş halda qalırdı. Oxuçulara təq­dim olunan kitab birbaşa bu problemə həsr edilib və bu­ra­dakı təhlillər əvvəldən axıra qədər məhz xatırlatdığımız həmin üç cinahlı məkanın bədii-fəlsəfi qütbləri arasında cərəyan edir.

Əsrin əvvəlində iki müxtəlif zəkadan düşən ayrı-ayrı işıqlarda görünən iki mənzərə və həmin zəkaların cəmindən yaranmış bir gur işıqda görünən vanid məhzərə - sən demə, dəqiq fəlsəfi açım və informasiya effekti baxımından bunlar bir-birindən nə qədər fərqli imiş!..

Yaxın keçmişə məhz eyni bir vaxtda qoşa çıraqdan - həm Caviddən, həm də Cabbarlıdan salınan işıq problemi ilk dəfədir ki, bu kitabda toplanan beş bədii-fəlsəfi essedə irəli sürülür və ixtisaslı elmi, ədəbi-fəlsəfi həllini tapır.

Təhlilin predmetində sintezə meyl onun üslubunda, metodologiyasının tərzində və səpkisində də öz davamını tapır: hər yerdə və həmişə məhz filosofun mühakimələri və ədəbiyyat tarixçisinin, filoloqun müşahidələri bir-birini ta­mam­layır. Nəticədə müəllif bu vaxta qədərki neçə-neçə tə­zad­da, «əyintidə» harmoniyanı, neçə-neçə məchulluqda, xa­os­da örtülü, ilahi sahmanı və nizamı tanımaqda bizə kömək edir.

Ziddiyyətdə harmoniyanı, müxtəliflikdə ümumiliyi bir proses kimi göstərməyə müəllif, hər şeydən əvvəl, iki böyük sənətkar arasında mürəkkəb münasibətlərin məzmununun, alt qatının təhlilində nail olur. «Bu iki sənətkar arasında xeyli böyük fərqlər və hətta ziddiyyətlər görmək mümkündür. Lakin bu böyük düha sahiblərinin ideya dünyasına daxil olduqda fərqlərin daha çox metod və təzahür fərqi olduğu, ideyaların dərinliyində isə ağlasığmaz bir yaxınlıq və hətta eyniyyət mövcudluğu aşkara çıxır».

Müəllifə görə, hər iki sənətkarın yanaşı, qoşa millətin başına dolaşdığı orbitdə səmtlər fərqlidir, yollar eyni; coğrafi qütblər fərqlidir, fəlsəfi ünvanlar eyni. Lakin nə səmtlərin, nə də qütblərin yerdəyişməsi onların vəh­də­tin­dən, bütövlüyündən yaranan cəmin məzmununda ma­hiy­yət dəyişməsinə gətirib-çıxarmır. Cinahların (toplananların) yerdəyişməsi, qütb və səmt fərqləri özünü yalnız estetik indeksdə - Cavid-Cabbarlı qütblərinin təşkil etdiyi bədii strukturda, məzmununda filosof-sənətkar nisbətinin (faizinin) qarşılıqlı münasibətində özünü göstərir: hansı daha əvvəl filosofdur, sonra sənətkar və, əksinə.

Xalqın milli taleyinə maraqda, bu taleyə xidmətdə göstərdiyi tarixi missiyada həm Cavidi, həm də Cabbarlını bir­ləşdirən eyni hüdudların sənədi və təfsilatı kimi müəllif ki­tabda maraqlı ədəbi-fəlsəfi paralellərin bütöv bir sil­si­lə­si­ni bizə təqdim edir. Lakin müəllifin təhlilinə məxsus ye­ni­li­yin, orijinallığın daha qabarıq ifadəsi bu dahiləri birləşdirən yox, ayıran xüsusiyyətlərin şərhində özünü göstərir.

Haradadır həqiqət? Və hansı cinahdadır milli, mənəvi, tarixi nicata aparan yol? Yaxınlaşan «burcua kabusu»ndan milli taleyi və milli-etnik «mən»i necə qoruyaq? - bu səngərdə onlar hər ikisi hələ bir yerdə­dir. Total, mütləq mülkiyyətçilikdə burcua kabusunu hər ikisi tanıyır. Lakin artıq elə həmin kabus əks rə­n­gə, qırmızı, bolşevik, sosialist örtüyə və tülə bürü­nən­də, onda mahiyyətcə eyni, milli yaddaşa eyni dərəcədə yad tipacı və tipologiyanı - «kommunizm kabusu»nu da görməkdə və tanımaqda onlar bir-birindən ayrı­lır­lar. Şübhəsiz, «burcua kabusun»da da, bolşeviksayağı «kommunizm kabusu»nda da şərq, türk «mən»inə və mentalitetinə eyni dərəcədə uzaq, yad ideoloji perspektivləri vaxtında görən Cavidə üstünlük verərkən, müəlliflə razılaşmamaq mümkün deyil.

Romantik Cavid ən sərt, realist bolşevik ger­çək­li­yində də məqama xidmət etmədi, tarixi ana – so­si­alizmə ötəri münasibət ifadə eləmədi, «ötüb-keçəcək» epoxaya «ötüb-keçən» əsərlər həsr eləmədi. İçərisində olduğu həyatı təsvir və təhlil etmədi, özünün içərisindəki həyatı (və bu həyatda kodlaşan milli-etnik taleyi, yaddaşı) təsvir eləməkdə davam etdi.

O vaxtkı ən böyük bəlaya - Qərbdən gələn selə Cavidin, yoxsa Cabbarlının teatrı bir sipər idi? Yox, Cabbarlının bu axara, selə münasibətdə daha çox «körpü» rolundan bəhs açmaq olar. Sipər - Cavid idi.

Səhnədə də, həyatda da sonrakı vulqar stereotiplər hamısı bir proses kimi «Sevil»in - «atılan çadranın» davamı oldu: qadınlıq «sevilləşdi», daha sonra əlifba kirilləşdi, cəmiyyət sinifləşdi, şer-sənət «sexləşdi», məişət kolxoz­laşdı, mənəviyyat əşyalaşdı... Bütün bunlar hamısı Sevilin atdığı, sosializmin isə büründüyü çadranın davamından, onun tipacından, tiracından başqa bir şey olmadı.

Həyatın özündə tarixin sonrakı davamı ilə həm Cavidin, həm də Cabbarlının milli sabaha və taleyə verdiyi proqnozlar sınaqdan keçdi.

Tarixin kinayəsidir ki, Aydın bizim dövrün də, yeni əsrin də astanasında öz səhnə həyatını yenidən yaşadı. Aydının səhnədə yaşadığı bu faciələr arasında fərq də xalqan həyatda, tarixdə taleyinin iki anı, iki faciəsi arasında fərqi əks etdirdi.

Köhnə (ötən əsrdəki) teatr təfsirində Aydın və Gültəkin Qərbdən, Avropadan əsən səmumun, özgə, yad küləyin hələ gə­ləcək, sabahkı qurbanları kimi, yeni təfsirdə isə... doğma za­manın, məkanın, millətin özünün dərdləri və bəlaları kimi, dar, lokal «mən»dən və içdən səslənirdi. Salon və zal Gültəkinin (əsrin və cəmiyyətin!) namus faciəsini indi gündəlik məişətin, adi gerçəkliyin həyat tərzi və əxlaq biznesi kimi qarşılayırdı...

Bütün bunlar sabanın hələ yetmiş il bundan əvvəl məhz dəf olunmuş, qaldırılmış pərdədən, atılmış çadradan sənətkara - Cavidə görünən konturları idi.

Kitabdakı təhlilərdə məhz səksən il sonrakı – bugün­kü Cabbarlı ilə yanaşı müəllifin bugünkü Cavidə mü­na­si­bəti də predmetli detallarda və konkret təfsilatda açıla bilir.

H.Cavid: «Yerə enməm də səma şairiyəm!» - deyə sona qədər sosializmin müvəqqəti (yetmiş illik) start meydanına en­mə­di. Lakin təəssüf ki, illər ötdü və daha «səmadan enməyə» eh­tiyac qalmadı: əvəzində səma özü yerə endi. Və indi daha Ca­­vidə «səma şairi» demək mümkün deyil: altun da, qurşun da, ib­­lis də və onun bütün səma tipacı da bu gün artıq hər tində, hər mə­­həllədə var - üfüq birləşib, səma - yer bölgüsü aradan qal­xıb.

Lakin bütün bunlar yerin ucalması və səmalaşması hesabına olmayıb, əksinə, ucalıq enərək yerlə bərabərləşib. Və Cavidin də qanadı, romantikası prozaik bir gerçəkliyin bir hissəsinə çevrilib.

Elə məhz buna görə də müəllif qərara gəlir ki, «bugünkü həyatın müstəvisində rollar dəyişir, Cavid daha çox realist, Cabbarlı daha çox romantik təsiri bağışlayır».

Bir zamanlar qadınlığın Afət gələcəyi üçün hər hansı narahatlığı, təşvişi rədd edən C.Cabbarlı yazırdı ki, «biz deyirik ki, qırx il də, əlli il də bizdən sonra Azərbaycanın, ya türklüyün başqa bir ölkəsi... Afət həyatı ilə yaşaya bilməyəcəkdir». Sevi­lin Afət alternativinə Cabbarlı inanmırdı. Lakin Afət çox-çox Sevillər üçün yalnız alternativ yox, həm də perspektiv oldu...

İlkin kapitalist münasibətləri dövrünün özü kimi, bu dövrün Afət və Sevil taleləri də öz tərcümeyi-hallarını yenidən yaşadı.

Qoşa kontekstdə, yanaşı apardığı təhlillərini ümumi­ləşdirərək, müəllif öz fikirlərinə belə bir haqlı yekun vurur ki, «bizə bu gün ayrılıqda Cavid, ayrılıqda Cabbarlı deyil, həm Cavidin, həm də Cabbarlının ideyalarından bəhrələnən vahid mədəni-mənəvi özünüdərk və inkişaf konsepsiyası lazımdır». Bir-biriləri ilə birləşərək bütövlük (milli birlik!) təşkil etmək millətin hər iki qutbü üçün yalnız o halda mümkün olar ki, ayrı-ayrılıqda bu qütblərdən hər biri əvvəlcə babalarla (əcdadın kodu və etnosun arxitipi ilə) bütövlük təşkil eləsin.

Səlahəddin Xəlilovun «Cavid və Cabbarlı» kitabı bu böyük missiyaya, nəinki bu böyük tarixi hikmətin, həm də onun fəlsəfi dərki və şərhi sahəsində babaların (klassiklərin) tarixi xidmətlərinin ən geniş, ən kütləvi miqyasda oxucuya, ictimai-ədəbi fikrə çatdırılmasına xidmət edir.





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə