Жавид вя Жаббарлы


Cavid və Cabbarlı dil, din, mənəviyyat, azadliq haqqinda



Yüklə 1,76 Mb.
səhifə6/7
tarix08.04.2018
ölçüsü1,76 Mb.
#36627
1   2   3   4   5   6   7

Cavid və Cabbarlı
dil, din, mənəviyyat, azadliq haqqinda

Bütün bu deyilənlərə əlavə olaraq XX əsrin bu iki böyük şəxsiyyəti arasında daha bir ümumi cəhəti qeyd etmək istərdik. Bu – dil məsələsidir. Müasir Azərbaycan dilinin formalaşmasında onların rolu məsələsidir.

Hamı tərəfindən qəbul olunmuş, lakin yenə də layiq olduğu dərəcədə vurğulanmayan həqiqətlərdən biri budur ki, müasir Azərbaycan dilinin formalaşmasında heç kim Cəfər Cabbarlı qədər böyük rol oynamamışdır. Cabbarlı türk dilini gözəl bilməklə yanaşı, məhz yerli türk ləhcəsinin müs­təqil ədəbi-bədii dil səviyyəsinə çatdırılması sahəsində əvəz­siz xidmət göstərmişdir. Lakin Cavidin dilimizin inki­şafında rolu barədə fikirlər müxtəlifdir. Çoxları hətta onu yabançı üslubda yazmaqda təqsirləndirir, müasir dilimizdə fərqli ünsürlərə Osmanlı şivəsinin təsiri kimi qiymət ve­rir­lər. Lakin məhz Cavidin dilimizi zənginləşdirmək, böyük türk dilinin potensial imkanlarının müasir Azər­bay­can di­li­ni inkişaf etdirmək sarıdan xidməti ədalətsizcəsinə heçə en­dirilir və ya ən yaxşı halda çox sönük şəkildə qeyd olunur.

Bax, bu sahədəki həqiqətə işıq salmaq üçün o dövrün gerçəkliyindən verilən qiyməti yada salmaq yerinə düşərdi. Həm də ona görə ki, bu böyük həqiqi qiyməti kim isə başqası deyil, məhz C.Cabbarlı verir: “Caviddə su kimi duru, almaz kimi saf, parlaq və oynaq bir lisan vardır ki, bu, islahına çalışan lisanımızın təkamül özülü ola biləcək­dir, zənnindəyik. Zatən, bir millət üçün lisanı onun şairləri, ədib­ləri yaradırlar ki, Cavid də bu cəhətdən qiymətlidir. Biz­cə, Cavidin orta bir yol götürmüş lisanı Azərbaycanda tət­biq ediləcəyi kimi, ərəbləşmiş Fikrət və Hamid lisan­la­rını da meydandan sıxıb-çıxaracaqdır” (C.Cabbarlı. “Ədəbi mübahisələr”).

Müasir dövrdə, məhz Cavidlərin, Cabbarlıların böyük səyləri nəticəsində formalaşmış Azərbaycan ədəbi dili ilə müqayisədə bizə bəlkə də çətin görünən Cavid lisanının o dövr üçün həqiqətən böyük bir tərəqqi olduğunu ancaq onun müasirləri düzgün qiymətləndirə bilərdi.

* * *

Cavid milli və dini dəyərlərlə müqayisədə, ümumbəşəri dəyərlərə daha böyük önəm verir. Onun maarifçiliyi də, dünyəvi məktəblər uğrunda mübarizəsi də, bizcə, hər hansı bir millətə və dinə mənsub olmaqdan öncə, bir bəşər övlədı olaraq özünü dərk etməyi ön plana çəkməsindən irəli gəlir. Maraqlıdır ki, gəncliyində daha çox millətçi olan Cabbarlı da tədricən ümumbəşəri ideyalara doğru təkamül yolu geçir. «Od gəlini»ndə oxuyuruq: «Bizim üçün ərəb, fars, rum, yəhudi olsun – heç bir fərqi yoxdur. Bax, bu ərəbdir. Bizə azad əmək əli uzadır. O, bizim qardaşımızdır, Biz ərəb mö'təsəmlərinə, Bağdad xilafətinə qarşı vuruşuruq. İki addımlığımızda Şirvan şəhriyarlığı da ona qarşı çarpışır. Lakin biz onunla birləşmirik. Çünki bizim üçün Şirvan şəhriyarilə Bağdadın mötəsəmləri, Bizansın imperatorları, Makedoniyanın iskəndərləri, Romanın qeysərləri, neronları arasında heç bir fərq yoxdur. Biz insan dostunun dostu, insan düşməninin düşməniyik». (səh.63)



Cavid məkan və zaman müəyyənliyindən, etnik və dini mənsubiyyətindən, mənəvi-əxlaqi məxsusiyyətindən asılı olmadan bütün insanların eyni bir mahiyyətə yüksəlmək şansını qəbul edir. Məhz mahiyyətə varanda, insani, ümumbəşəri keyfiyyətlər önə çıxanda üfüqi müstəvidəki fərqlər itir və insanlar ancaq vertikal müstəvidə, haqqa, həqiqətə yaxınlıq dərəcəsinə görə fərqlənirlər. Burada «məni hər kim sevirsə, yüksəlsin» («Şeyx Sənan») fəlsəfəsi rəhbər tutulur. Yaxud Cab­barlıda «alçaq cismani duyğuları atıb, ruhani bir yüksəkliyə varmaqdan» («Od gəlini») söhbət açılır.

Həm də bu yüksəliş intellektual müstəvidən daha çox mənəvi müstəvidə həyata keçməlidir. Çünki allaha ancaq inanmaq, onu ancaq müqəddəslik duyğusu ilə dərk etmək olar. Təfəkkür, məntiq, rasional idrak burada acizdir. Cavid bu ideyanı «Xəyyam»a girişdə – minacat səsi ilə belə ifadə edir:



Ey fəzalarda gülümsər əbədi şerü xəyal!

O nə qüdrət, o nə hikmət, o nə ahəngü cəlal!?

Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal,

Yenə yox kimsədə əsla səni idrakə məcal.
Haqqa yaxınlaşdıqca dini fərqlər artmır, azalır. Görünür, insanın daxilən təmizlənməsi, yüngülləşməsi, pərvazlanması, eşqin qanadlarıyla haqqa doğru uçması ideyaları həm də dinlərin vəhdəti ideyasına gətirir.

Din bir olsaydı yer üzündə əgər,

Daha məsud olardı cinsi-bəşər.
Həm də bu fikir təkcə Dərvişin dilindən eşidilmir. Şeyx Sənan İslamı daha dərindən anladıqca xristianlığı da ehtiva etməyə çalışır:

Mənə olmuş cahan pərəstişkar,

İmdi pək başqa bir cəlalım var.

Sanma İslamə rəhbərəm tənha,

Peyrəvimdir xristianlar da.
Yaxud başqa bir yerdə Şeyx Sənan deyir:

Birsə həqq, cümlə din də bir... naçar,

Xəlqi yalnız ayırmış azğınlar...
Yaxud Cabbarlıda oxuyuruq:

«Siz ey min-min qəbilələrə, millətlərə, irqlərə ayrıl­mış məzlum bəşəriyyət!» «Mən bu gün bütün istilalara, müharibələrə, qırğınlara, əsirliyə, köləliyə, cəbrə, istibdada, altunlara, hökumətlərə, qanunlara, dinlərə, allahlara, bütün əski varlığa qarşı üsyan bayrağı qaldırıram».

«Bu yalnız ərəblərdə deyil, yalnız burada deyil, hər yerdə belə olmuşdur. Bunu babillilər də belə etmişlər, yunanlar da belə etmişlər, rumlar, yəhudilər də belə etmişlər. İsalar, musalar, iskəndərlər, saysız-hesabsız insan qəssabları hamısı belə etmişlər»

Cavid də, Cabbarlı da böyük müqəddəslik duyğusundan ayrı salınmış, özgələşmiş, dinsizləşmiş, hadisələşmiş, müxtəlifləşmiş və bu müxtəlifliklərin qarşıdurmasını yaratmış əski dünyanın əleyhinə çıxaraq, insanın öz daxili-mənəvi yüksəlişinə, sevgiyə, məhəbbətə və insani məhəbbətin gücü ilə əldə edilmiş ümumbəşəri birliyə səsləyirdi. Dinləri birləşdirərək hamısına qarşı eyni dərəcədə üsyan edən Elxan əslində dinləri birləşdirərək hamısına eyni dərəcədə xidmət edən Şeyx Sənanın o biri qütbü deyilmi? Və qütblər eyni mahiyyətdə birləşmirmi?

Dinlər, təriqətlər arasında fərq bir qayda olaraq hadi­sə, mərasim müstəvisində özünü göstərir. Dinin mahiyyəti isə müqəddəslik duyğusu ilə bağlıdır. Bu duyğu olmadıqda dini ehkamlar, dini ayinlər, dini mərasimlər əsl dini əvəz edir və din əvəzinə dini pərdəyə bürünmüş psevdodin yaranır ki, o da mahiyyəti etibarilə dinsizlikdən fərqlənmir.

Təsadüfi deyildir ki, Cavid də, Cabbarlı da məhz «din pərdəsi»nə, «din qalxanı»na qarşı mübarizə aparıblar. Xəlifənin hədiyyə göndərdiyi rəqqasələrə işarətlə Xəyyam «Din pərdəsi altında nə xoş, incə lətifə», - deyir. Eləcə də Elxan «mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını qəbul edə bilmərəm», - deyir.

Caviddə də, Cabbarlıda da «din» ideyası «azadlıq» və «məhəbbət» ideyaları ilə qarşılaşdırılır. «Od gəlini»ndə Xürrəm diyarının mənəvi kodeksi belə səslənir: «Azad sevgi, azad vicdan könlümün tanrısı». Dini hiss daxili bir ehtiyac olmadıqda, insanın mənəvi yüksəlişindən, saflığın­dan, paklığından, müqəddəslik səviyyəsinə yüksəlmiş ali duy­ğularından doğmadıqda, kənardan icbari yolla təlqin edil­dikdə bu böyük azadlıq carçıları onu qəbul edə bil­mirlər. Həm də bu mövqe 20-ci əsrin əvvəllərində meydana gəlməyərək, Şərq fəlsəfi fikrində qədim köklərə malikdir. Cavidin şəxsi fikirləri, böyük Ömər Xəyyamın mövqeyi ilə necə də səsləşir:

«Mən ömrümü sərməst olaraq şən dilərəm, şən.

Bir dindəyəm, azadə bütün küfr ilə dindən». («Xəyyam»)

Bu misralar Ömər Xəyyamın məşhur rübaisindən tər­cü­mə olunaraq mətnə daxil edilmişdir. Həmin mövqe «Xəy­yam»dakı digər obrazın – Sevdanın dili ilə də təqdim olunur:



«Bir vəhşi göyərçin kimi mən də,

Şən könlümü azadə dilərdim.»

(«Xəyyam»)

Bu ideyalar hələ «Şeyx Sənan»da da irəli sürülürdü. Lakin Cəfər Cabbarlı Şeyx Sənanın dinlə azadlığı uzlaşdırmaq cəhdlərini tənqid etsə də, onun «Od gəlini»ndəki azadlıq axtarışları da son nəticədə sadəcə dinsizlikdən deyil, nəfsin tərbiyəsi, mənəviyyatın yüksəlişi ideyasından bəhrələnir. Maraqlıdır ki, «Od gəlini»ndən sonra yazılan «Xəyyam» bu ideya təkamülündə sintez məqamına uyğun gəlir. Və biz iki müxtəlif dramaturqun birlikdə triada sistemi qurduqlarının şahidi oluruq. Cabbarlı «Şeyx Sənan»ı inkar edir və «Od gəlini»ni yaradır. Cavid inkarı inkar məqamında «Xəyyam»ı yaratmaqla hər iki ideyanın sintezinə nail olur.

* * *

İndiyədək Cavid, demək olar ki, ancaq bir şair və dramaturq olaraq tanınmışdır. Və bu xüsusda onlarca tədqiqatlar aparılmış, məqalələr, kitablar yazılmışdır. Lakin ilk dəfə olaraq Cabbarlı Cavidin sənətkardan daha çox filosof olduğunu vurğulasa da, onun fəlsəfi müstəvidə tədqiqinə ancaq əsrin sonunda başlanmışdır. Cavidin sənətkar olmaqdan öncə bir filosof olduğunu biz də qəbul edirik. Lakin Cavid yaradıcılığını, onun həyat və fəaliyyətini daha ətraflı öyrəndikdə gözlərimiz önündə poeziyadan da, teatrdan da, fəlsəfədən də, publisistikadan da və bütün digər vasitələrdən də məhz öz xalqının, millətinin tərəqqisi naminə bir vasitə kimi istifadə edən böyük ziyalı, əsl vətənpərvər insan canlanır.



Bu qənaət daha aydın şəkildə onun publisistika­sı­n­dan hasil olur. Çünki burada fikir, amal, əqidə nə bədii ob­raz­larla, nə də mücərrəd təfəkkürlə vasitələnir. Burada əsl məq­səd, əsl niyyət adi danışıq dilində, adi şüur səviy­yə­sin­də açıqlanır. Və yeni əsrin zirvəsindən baxdıqda bu «adi şü­ur»un arxasında böyük bir zəka sahibinin, milli-sosial tə­fək­kürün dayandığı aşkar olur, əsl ziyalı qəlbinin çır­pıntıları, millətin taleyi ilə bağlı hiss-həyəcanları duyulur.

Ziyalılıq nədir və yeni əsrin, yeni minilliyin başlanğıcında Azərbaycan ziyalısının ən böyük qayəsi nədən ibarətdir? Bu barədə müxtəlif fikirlər olsa da, bütün tədqiqatçılar, demək olar ki, bir mövqedə yekdildirlər: ziyalı ilk növbədə milli tərəqqi yolunu işıqlandıran, xalqın maariflənməsinə xidmət edən insandır. Lakin, təbii ki, ziyalı özü elə bir mərtəbəyə qalxmalıdır ki, buradan millətin nicat yolu görünmüş olsun. Xalqa xidmət etmək istəyi hələ azdır. Bu istək ancaq yüksək təfəkkür səviyyəsi ilə birləşdikdə ziyalılıq yaranır. Əvvəlcə millətin tərəqqi yolunu, nicat yolunu özü üçün aydınlaşdırmaq, tədqiq etmək, dərk etmək tələb olunur. Cavid öz fəlsəfi biliyi ilə, öz sənəti ilə məhz belə bir zirvədə dayanırdı. Onun əsl məramı bədii əsərlərindən də hasil olur. Lakin müəllim Cavidin tövsiyələrini başa düşmək daha asandır. Maarif yolu da ən vasitəsiz, ən kəsə bir yoldur. «Demək ki, bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir». (Hüseyn Cavid. «Həsbi-hal - 1»).




Seçmə fikirlər, ifadələr
Hüseyn Cavid:

«Bir millətin lisanı mövcudiyyətinin ən parlaq bürhanıdır».

***

«Elmdən edilən istifadə yalnız mənəviyyata münhəsir deyil. Maddiyyət ilə də münasibətdar olmalıdır».

***

«Elm hər dildə birdir».

***

«Dilsiz bir millət yaşamaz».

***

«... Ana dili nə qədər lazım isə hökumət dili də o qədər vacibdir».

***

«... Ana dilində təhsil, elm üçün məsafələr teyy edib, məsarifə qatlanmaq indilik bizə çox ağır gəlir. Lakin çox yanlış bir xəyal...».

***

«... Şagirdlərin... öz tarixlərindən, köklərindən xəbərsiz» qalmaları «bir millət üçün çox böyük qəflət, çox böyük tədənnidir».

***

«Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəbələrini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edər».

***

«... Bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir».

***

«Dünyada hər iş, hər hərəkət bir qanuna, bir rəhbərə möhtacdır... Lakin hər iş sahibi öz işini layiqi ilə bacara bilmək üçün... sənətində mahir olmalıdır. O məharəti bizə öyrədən şey isə elmdir, məktəbdir».

***

«... Elmi-iqtisad bilməyən bir tacir mənfəət yerinə zərər görər.

Elmi-zirayətdən başı çıxmayan bir mülkədar, yaxud əkinçi buğda əkərsə çovdar biçər...

... Həndəsə bilməyən bir memar qübbə ilə uğraşarkən divarları çatlamış bular.

Təlim və tərbiyədən anlamayan bir müəllim... fəzilət yerinə rəzalət öyrədər...»

***

«... Hər işi iş sahibinə tapşırmalı».

***

«... Hər məktəbin ilk əsası onun təsisindən və heyəti-idarəsindən başlanır.»

***

«... Gürcülərin, ermənilərin həm şəriət, həm lisan müəllimləri olduğu halda, müsəlmanların yalnız şəriət mollası var. Onun üçündür ki, bir çox məktəb şagirdləri az bir zamanda özlərini unudurlar... Tarixlərindən, köklərindən xəbərsiz qalırlar.»

***

«... Hər işdə, hər təşəbbüsdə ixtisas və istedad nəzəri-diqqətə alınmalıdır.»

***

«Çocuq tərbiyəsinə diqqət etmək üçün tərbiyə görmüş analar lazım deyilmi? Hanı ana yetişdirəcək məktəblərimiz?»

***

«Qadın gülərsə bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!»

***

«Ailə, məktəb tərbiyəsindən başqa bir də tərbiyeyi-ümumiyyə vardır ki, məktəb təhsili ikmal edildikdən sonra 35-40 yaşına qədər insanda davam edər. Bu tərbiyə yalnız mühit-ümumiyyə race bir tərbiyədir. Çox zaman mühit, ümumi, insanın ailə içərisində, məktəblərdə aldığı tərbiyəni büsbütün dəyişdirib başqa bir aləmə, başqa bir cərəyana tabe edər. Bu xüsusda maddi və mənəvi bir para təsirat insanın aldığı tərbiyələri zirü zəbər edəcək dərəcədə məsləkinə müğayir hallara sövq edə bilər.

Azacıq muşikafanə bir nəzərlə baxılsa deyilə bilər ki, bütün bu tərbiyələrin ən əhəmiyyətlisi, ən müqəssiri, ən qüvvətlisi olsa-olsa yenə tərbiyeyi-ümumiyyə (təsiri-mühit) ola bilər. Yalnız mühiti-ümumi təsirindən yaxanı qurtaracaq bir müəssir var ki, ona da nəfs deyilir. Nəfs əksərən irəliki tərbiyələrə tabe olmaqdan varastə ola bilməz, lakin mətanəti-fövqəladəyə malik olan insanlarda isə daima qabili-təhəvvül, daima qabili-islahdır.»

***

«Ailə tərbiyəsi və səhhəti-bədən, vücud sağlamlığı, həyati-bəşəriyyənin ən mühüm əsasını təşkil edir.»

***

«İndi bizim yalnız məktəblərimiz deyil, bütün həyati-ictimayəmiz belə saf, parlaq bir tərbiyəyə möhtəcdır.»

***

«Çocuqlar məsumdurlar, onunçün etdikləri işlərin heç birindən məsul deyildirlər, onların hal və hərəkət­lə­rin­dən məsul olacaq yalnız ata-analarıdır. Qızını, oğlunu tər­biyə etməkdə müsamihə göstərən valideyn qanun və əxlaq nəzərində şiddətlə məsul tutulmalıdır. Çünki cəmiyyəti-bəşəriyyə üçün müzürr bir adam hazırlamış olurlar.»

***

«Ağlanacaq bir həl idi özümüzdə görürdük,

Dilimizin, dinimizin getməsinə gülürdük.»

***

«Siyasət rol oynarkən ədəbiyyat susar.»

***

«Arif odur, gülsün içindən bahar.»

***

«Nümayiş üçün qabaran hissiyyat dəniz köpüyündən çox da fərqli olmaz. Qabarması ilə sönüb getməsi bir olar.»

***

«Hər işdə səbat və istiqamət ən birinci şərt sayılır.»

***

Mənə biganə zövqi-nəfsani,



Sevdiyim yalnız eşqi-ruhani...

***

«Yox deyildir o qaranlıqda işıq.»

***

«Bizə gülməzsə həqayiqdəki sirr

Sərxoş ol, ya ayıq ol, fərqi nədir?”

***

Geri dönməz bu şətarətli zaman!”



***

Bir nəfəsdir bu sürəksizcə həyat!



Bir nəfəs!.. Getdimi? Gəlməz...”

***

Kişi irfan işığında parlar.”



***

...Bilgidə allah gücü var.”



***

Əmin ol, nerdə nəfs olmuşsa hakim,



Həqiqi eşqi məhf etmiş məzalim.”

***

«Kimin ülviysə ruhu, söz onundur,

Əsiri nəfs olan daim zəbundur.»

***

«Böyüklər kiçiləri böyük görmək istər, kiçiklər isə böyükləri kiçiltməklə təsəlli bular.»

***

«Arslanların saymazlığı şikarı tülkülərə qapdırar.»

***

«Qüvvətə, altuna tabe dünya?!»

***

«Söz qəvinindir?!»

***

«Əvət mələkdir, fəqət

Şeytan ruhlu bir mələk!.»

***

«Hər səfada cəfa buldum.»

***

«Yüksələn məhv olar, fəqət enməz.»

***

«Dinsiz olmaq da bir təriqətdir.»

***

«Səni alçaldan ehtiras olacaq.»

***

«Sosializm qabığından çıxmış faşizm beşiyi...»

***

«Daim sülhü özləyə-özləyə hər gün hərbi zavodlar tikilir.»

***

«İblisəmi uymuş bəşəriyyət!?»
***

«İnsanlığı həp unutdu insan?!»

***
«Sən vulkanı qığılcımlamı söndürmək istəyirsən?»

***

«Bəşəriyyəti heç bir zaman göz yaşları qurtarmamışdır.»

***

«Papa həzrətləri məni buraya qarışdırmaq üçün deyil, barışdırmaq üçün göndərmişdir...»

***

«Başdan-başa həp yer üzü vəhşət,

İblis ilə həmrəngi-siyasət»
***

«Həqiqi sülhü əldə etmək üçün hər kəsin haqqı təmin olunmalıdır.»

***

«Bizə hüquq və torpaq verilmədikcə, barışıqdan söz açmaq yersizdir.»

***

«Məncə bu cəmiyyətə diplomatlar bircası demək daha doğrudur.»

***

«Təzad həyatın ahəngidir.»

***

«Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan yıldızlar bunca sevilməzdi.»

***

«...Bu günkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir.»

***

«Ədəbiyyat bir millətdəki əhvali-ruhiyyənin inikası deməkdir.» («Müharibə və ədəbiyyat» s.234)

***

«...Əsərlər zəhərli, əxlaqsız, kefşək bir mövzu təqib edərsə, tez-gec bütün oxucularını da zəhərləmiş olar»

***

«Avropa yolunu tanır-tanımaz, ... onların az-çox ciddi və məharətli ədəbiyyatı deyil, hoppa, dəyərsiz və çürük əsərləri təqib olunur...»
***

«Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü»

***

«Xəstə bir üzvə bənzər amili-şər,

Kəs də, bulsun şəfa vücudi-bəşər.»

***

«Məncə əzmək də, əzilmək də xəta,

Haqqı sev, haqsızı dəf et, zira!»

***

«Əhli-vicdanə busə, xainə kin!»
***

«Üz çevirmiş də Tanrıdan insan,

Küfrü haqq, cəhli mərifət sanıyor»
***

«Gülüyor nura daima zülmət»

***

«Nə dərd olaydı, nə dərman»
***

«Susmaq, o da başqa dürlü fəryad!»
***

«Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı!»
***

«Ey varlığı yox, yoxluğu vardan daha dilbər!»

***

«...Türk ordusu daim basaraq ölkələr almış,

Ən sonda siyasətdə basılmış da bunalmış»
***

«İdrakı sönük başçıların qəfləti ancaq,

Etmiş, edəcək milləti həp əldə oyuncaq»
***

«Turana qılıncdan daha kəskin ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət»
***

«...Ancaq mübarizə mənlik verir hər dövlətə!»
***

«Mənim tanrım gözəllikdir, sevgidir!»

***

«Gözəlsiz bir gülşən zindana bənzər».

***

«Mən gözəllikdə gözəl ruh araram,

Ruhu düşgünləri çirkin sanaram».

Cəfər Cabbarlı:
Bu göy boya Göy Moğoldan qalmış

bir türk nişanı,...

Yaşıl boya islamlığın sarsılmayan imanı,...

Şu al boya azadlığın, təcəddüdün fərmanı!...”

***

Dünyanı qanunsuzluqla idarə etmək olmaz”



***

Mənim, bütün bəşəriyyətin səadət günəşini qucmuş əməlim, sevgilərin geniş fəzalarında uçan fikrim, bütün kainatın gözəlliklərini öpən istəklərim, bu qulluq fərmanının əski, dar cildinə sığışdırıla bilməz”



***

... Bir günəşin telləri, bir vicdanın çarpması, bir mənanın görsənişləri olan bəşəriyyət...»



***

«Mənəm yer üzündəki həyat və səadətin yaradıcısı!»

***

«Mənəm... varlığın gözəlliyində gülümsəyən mövcudatı təcəssüm etdirən...»

***
«Mühitdən intiqam almaq...»

***

«Mən istəyirdim bütün bəşəriyyət mənim fikrimə tapınsın.»

***

«Mən bütün dünyanı fikrimə tapındırmaq istərkən, önümdəki bir həqiqəti anlamıram?!»

***

«Günbatan fikirli, gündoğan duyğulu bir sima.»

***

«...Beyni kitab arasında Parisdən, ürəyi isə mizrak ucunda altay dağlarından almışdır.»

***

«Qaranlıq keçmişin mənfur heykəli.»

***

«Mən elə bir dünya istəyirəm ki, orada millətlər azad, fərdlər azad olsun.»

***

«Dilək ilə nəticə arasında keçilməz bir uçurum var ki, onu ancaq bir neçə qüvvətli simalar keçmişlər... Onlarla da tarix fəxr edir.»

***

«Əsrimizdə şöhrət və böyüklük qapalı bir evdədir ki, yiyəsi altun, açarı təsadüf, qoruyucusu ölümdür.»

***

«Kaş o füsunkar gözəlliyə uzuqdan-uzağa pərəstiş edənlərdən biri də mən olaydım.»

***

«Hamının ardınca behiştdə getməkdənsə, hamının qabağında cəhənnəmə getmək yaxşıdır.»

***

«Dünyada ən böyük səadət arzu ilə vüsal arasındaki hicrdə imiş!»

***

«...Hər baharın qaçılmaz bir xəzanı vardır»

***

«...Hələ lazımınca açılmamış bir çiçəyin mənliyində qorxunc bir xəzanın acı küləkləri, gözlərində batan bir günəşin solğun şüası inləyib durur...»

***

«Hər bir qanun azadlığa bir yağı

İnsan oğlu olmuş insan tapdağı»

***

«Azad təbiətə zəncir yaraşmaz,

Azad günəş, azad yağış, azad yel.

Yer üzündə daşdan çəpər gərəkməz,

Azad dünya, azad sevgi, azad el.»

***

«Cəmiyyət qadınsız çürüdüyü kimi, qadın da cəmiyyətsiz çürüyür.»

***

«Fəlakət insanlıq səadətinin kölgəsidir!»

***

«Həyat işıqlandıqca kölgə də qalınlaşır»

***

«Ən baş bir qanun vardır ki, o da hər kəsin başqasına zərərsiz azad istəyidir».

***

«Dilimizdə olan ən kobud və yaraşıqsız söz, ən gözəl yabançı kəlmələrdən əziz tutulmalıdır»

***

«Adətən türklük... tənqidə dayanmıyor ki, burası bizdə milli bir xüsusiyyət halına gəlmişdir.»

***

«Tənqid təkamülün babasıdır.»

***

«... İdraksız bir kütlə...», «cismani duyğu»

***

«Ruhani və cismani tərbiyə»

***

«...Mədəniyyət adı altında bütün dünyanı qara qüvvələrə tabe etmək istəyənlər...»

***

«... Ağ çöhrəli, qara vicdanlı Qərb...»

***

«İşıqlı Şərqin qaranlıq yavrusu»

***

«Dünya olsun azad ana qucağı»

***

«Yeni hücum üçün sahildən uzaqlaşan dalğaların hicəti...»

***

«Biz burasını daha müthiş, daha qüvvətli, yeni hücum üçün sahildən uzaqlaşan dalğaların ricətinə bənzətmək istərdik. Biz Cavidin gəndisində bulunduğuna şübhə etmədiyimiz istedad dənizlərinin dərinliklərindən yeni qüvvət alıb hücum edəcək və xalqımıza mühit və həyatımızın qoynundan doğmuş bir dilbər-ədəbi təqdim edəcəyini ümid və arzu edərik.»

***

«Fəlsəfə sənət üçün bir əsas deyil, bir məziyyət ola bilər...»

***

«Sənət oxuculara, seyrçilərə və dinləyicilərə həzzi-mənəvi, həyəcani-bədii təmin etməkdir».

***

«Nemətlərindən istifadə etdiyi mühitin bir yavrusu bir fərdi doğurur, bəsləyir, yaşadır, böyüdür, tərbiyə edir, öz-özünü idarə edə biləcək, dolandıra biləcək bir insan halına döndərir ki, bunlar həpsi həmin şəxsin möhtac dövrlərində dirilmiş bir borcdur. Alınan bir borc, şübhəsiz ki, qaytarılmalıdır. Bunu inkar etmək olmaz. Həm də bu borcun məqsədi nasıl olmalıdır? Təbiətdə ümumi bir qanun vardır. Təsir əks təsirə müsavidir. Bu qanunu dediyimiz məsələdə də işlədəcək olursaq, böylə şəkildə deyə biləriz ki, hər bir fərd üçün nə qədər artıq zəhmət çəkilmişsə, o qədər də artıq zəhmət çəkməli, nə qədər artıq faydalanmışsa, o qədər artıq fayda verməlidir.

İnsan adlı bir təsir meydana çıxıyor ki, onun da mənası belədir: Sən bəşəriyyətin bir üzvü, onun illər boyu qazandığı təcrübələrindən, tərəqqi və təalisindən istifadə etmişsən. Sən ona bir mənfəət yetirməlisən. Sən içində bulunduğun xalqın bir üzvü, ölkənin bir yavrususan. Onun biliyindən, ruzisindən, ab-havasından istifadə etmisən, ona bir mənfəət verməlisən. Həm də bu mənfəət aldığın faydanın miqdarına çox da olmazsa, bərabər olmalıdır. İştə buradan tarixdə öylə qüvvətli simalar təsadüf ediyor ki, bütün varlığının xəlqə borclu olduğunu hiss ediyor və kəndisini unudub varlığını da həmin xalqa vəqf ediyor. Fəqət öylə simalar da vardır ki, onlar öz vəzifeyi-ictimaiyyətlərini ifa etməyir, xalqa, cəmiyyətə bir fayda gətirməyir, hətta bir çox zərərlər də toxundururlar. Bu adamlar aldıqları borcu, aldıqları şeyləri qaytarmadıqları üçün.. toxundurduqları zərərlər içində bir canidirlər.»

***

«Burada bir vətəndaşlıq, ... nə isə ictimai bir duyğu vardır»

***

«Həyat tərəqqi etdikcə, cəmiyyət irəlilədikcə şərait dəyişir. Bununla bərabər yaşayış vasitələri, fikirlər, fəlsəfələr də dəyişir.» (s.246)

***

«Fəqət başındakı bir fikri, inandığı bir əqidəyə doğru sandığı bir məsləki, bayrağını gəzdirdiyi bir ordunu ancaq öz şəxsiyyətinə, öz mənfəətinə, öz şəxsi səadət və ehtiraslarına fəda edən adama nə ad vermək olar.»

***

«Fəqət daxilindəki qadınçılığı onu rahat buraxmayıb... O qadınlara qarşı gücsüzdür.»

***

«Bu rəzalət Şərq diplomatiyasının tarixində görünməz bir şey deyildir. Baxsanız Avropa qadınlarının qoynunda imza edilmiş bir çox müahidələrə, bir çox müqavilələrə, bir çox imtiyazlara bəlkə də təsadüf edə bilərsiniz. Hər halda tariximiz Baltaçı Məhəmməd paşalara yabançı deyildir.»

***

«Hər bir yalan daha məntiqli, daha tutarlı ikinci bir yalanın arxasında gizlədilmiş, örtülmüş, bastırılmışdır».

***

«Həyat və fikrin müştərək fəaliyyəti».

***

«El ədəbiyyatı... yüksək yazı ədəbiyyatında olduğu kimi, həyat və fikrin müştərək fəaliyyətindən doğmuş bir şey deyil, əqli fəaliyyətin ibtidai dərəcəsində bulunan bir kütlənin coşğun və daşqın saf həyatından doğmuş bir şeydir. Buna görədir ki, bu ədəbiyyat olduqca sadə görün­məyinə baxmayaraq, çox vaxt yüksək yazı ədəbiyyatından daha artıq təsir buraxıyor. Çünki bu, sadə sözlər ilə səmimi bir duyğunun ifadəsidir. Bu ədəbiyyətın yaradılması üçün bəlkə də düşünülməmiş, o, acı bir təüssüratın qopardığı fəryadlardan, iniltilərdən bilaixtiyar doğulmuşdur.

Burada bir ananın ninni çaldığı cocuğuna qarşı duyğuları soyuq bir fikir yapma çərçivələrinə salınmamış, olduğu kimi, gəldiyi kimi, bu həyatın bilaixtiyar fırlatdığı sözlər ilə ifadə edilmişdir».

***

«Həyat irəlilədikcə... dil də onun ardınca yüyürüb tərəqqi edir.»

***

«... Bir xalqın həyatını, onun məişət və güzaranını, ədəbi bacarıq və istedadını, bir sözlə, bütün xalq psixolojisini öyrənmək üçün ilk əvvəl onun el ədəbiyyatına müraciət edilir və edilməlidir.»

***

«Mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilmərəm.»

***

«Səadətini Tanrım qədər sevdiyim bu xalq bircə səni də yaşadmadı.»

***

Səhnədə «bir azərbaycanlı qızı yaratmaq üçün xalqın bü­tün ruhunu, hisiyyatını, tarixini, adət və ənənəatını gö­rün­məz incəliklərinə qədər bilməli, onun dərinliklərindən, onun mühitindən çıxmalı, bəlkə də bir azərbaycanlı olmalıdır.»

***

«Çünki ruhu həmin mühit ilə mərbutdur»

***

«Avropa Gündoğuşu anlamır. Onu heç bir vaxt doğru təsəvvür etməmişdir.»

***

«Doğrudur, bir az mənliyiniz çeynəyir, şərəfiniz tapdanır, fəqət əvəzində altun alırsınız.»

***

«Hər bir ustası var, ya yox?!»



Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə