Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə1/20
tarix28.06.2018
ölçüsü1,48 Mb.
#52085
  1   2   3   4   5   6   7   8   9   ...   20


Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu




YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ

BİZ KİMİK?”


(məqalələr)

Bakı – Nurlan - 2004




YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ

BİZ KİMİK?”


(məqalələr)

Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 21 may 2004-cü il tarixli 4 №-li iclasının qərarı ilə nəşr edilir.




Transfoneliterasiya, tərtib, ön söz

və qeydlərin müəllifi:
Şəlalə HÜMMƏTLİ

Elmi redaktoru:
Məmməd ADİLOV,
filologiya elmləri namizədi

Rəyçilər:
Tofiq HÜSEYNOĞLU,
filologiya elmləri doktoru,

professor


Aydın XƏLİLOV,
tarix elmləri namizədi

Kompüter icraçısı:

Suad ƏHMƏDOV




AZƏRBAYCANŞÜNAS ALİMLƏ

YENİ GÖRÜŞ
(Ön söz)
Görkəmli yazıçı və ədəbiyyatşünas alim kimi ədəbiyyat tarixi­mizdə layiqli yeri olan Yusif Vəzir Çəmənzəminlinin icti­mai-siyasi, ədəbi-tənqidi görüşlərini, elmi-nəzəri mülahizələrini özündə əks etdirən məqalələri bu dəyərli şəxsiyyətin həyat və yaradıcılığını hərtərəfli tədqiq etmək baxımından böyük əhə­miy­yətə malikdir. 1914-cü ildə "İqbal" qəzetində çap olunan "Nicat" qiraətxanəsi" adlı məqaləsində dövri mətbuatda nəşr olu­nan qəzet və jurnalların gələcək oxucular üçün kitabxana­lar­da qorunub saxlanmasının əhəmiyyətindən bəhs edən Yu­sif Vəzir yazırdı: "Millət addım atdıqca ayaqlarının izi mətbu­at­da qalır". Bu mənada millətinin ən öndə gedən maarifçi və­tən­pərvər ziyalılarından olan Yusif Vəzir Çəmənzəminlinin irəliyə doğru atdığı hər addımının izini ilk növbədə bu gör­kəm­li ədi­bin yaşadığı dövrdə nəşr edilən mətbuat səhifə­lə­rin­də axtar­ma­lı­yıq.

Elə ilk addımı ilə mətbuat aləmində istər-istəməz səs salan Yusif Vəzirin "Molla Nəsrəddin" jurnalının 1907-ci il 2 oktyabr tarixli 37-ci sayında "müdiri-möhtərəm" müraciəti ilə baş­lanan, Qarabağdakı pir və ocaqları tənqid edən ilk məqa­ləsinin çapı müəllifin həyatı üçün ciddi təhlükəyə çevrilir; açıq imza ilə "Bakı Realnı Şkolasının altıncı sinif şagirdi Miryusif Vəzirov" imzası ilə çap edilən bu məqalədən sonra hədə dolu məktub­lar alan, ölümlə hədələnən gənc Yusif narahat günlər yaşayır. Nəhayət, məqalənin çapından bir ay sonra əmisi Haşım bəy Vəzirovun məsləhəti ilə "izahat" yazmalı olur. "Tazə həyat" qəzetində çap etdirdiyi bu "İzahat"la Yusif Vəzir mə­qaləsinin əsas məqsədini düz anlamayanlara üz tutaraq ya­zırdı: "Mən məktubumu gülünc ilə yazmamışam, qan-yaş ilə ya­zıb cama­atımızın islamdan uzaq olmağını və islamın banisi və rəsulu-bərhəqq olan Məhəmməd əleyhissəlamın gözəl sözlərindən xəbərləri olma­mağını izhar etmişəm". Bu izahat, Yusif Vəzirin özünün də gündəliyində qeyd etdiyi kimi, "əv­vəl­kin­dən də kinayəli" idi və müəllifin öz mövqeyini dəyiş­mə­di­yi­ni, əksinə, daha inadkar və qətiyyətli münasibətini göstərirdi.



Hələ çap edilən ilk yazılarından qətiyyətli və mübariz möv­qe­yi ilə tanınan gənc Yusifin ədəbi və publisistik fəaliyyəti üçün "Səda" qəzeti daha geniş imkanlar verir; 1909-cu ildən baş­la­yaraq "Səda" qəzetində "Məişəti­mizdən bir şəkil" sər­löv­həli hekayələri və "Hədərən-pədərən" sərlövhəli felyetonları dərc edilir.

Kiyev İmperator Universitetinin hüquq fakültəsində təhsil aldığı illərdə də Yusif Vəzir Azərbaycan mətbuatı ilə əlaqəni kəsmir, "Səda", "Sədayi-həqq" ("Səda" qəzeti sonralar "Sədai-həqq" adı ilə nəşr edilmişdir), "İqbal" və s. qəzetlərdə "student Yusif bəy Vəzirov", "Kiyev Darülfünununun studenti Yusif bəy Vəzirov" imzalı məktubları, məqalələri ilə çıxış edir. Kiyevdə Müsəlman Tələbə Cəmiyyətinin xeyriyyə və mədəni-maarif işlərində fəal iştirakı ilə fərqlənən tələbə Yusif Vəzirov 1911-ci ildə "Səda" qəzeti vasitəsi ilə "Kiyevdə Heyəti-Nəşriyyat təşki­li" haqqında həmvətənlərinə bir xoş səda çatdırır. Məqaləsində əsas məqsədin tələbələrimizin ana dilinə rəğbətlənməsi oldu­ğu­nu söyləyən Y.Vəzir yalnız ədəbiyyata dair deyil, həm də si­yasi, tibbi, tarixi, iqtisadi məsələlərdən bəhs edəcək ki­tab­ların nəşr edilməsinin eyni zamanda "camaatımıza da böyük xid­mət olduğunu" vurğulayır. Az sonra "Sədai-həqq" qəzetində Yusif Vəzirin "Biz kimik?" adlı bir məqaləsi çap olunur. "Biz kimik?" – bu suala cavab axtarmağın hər bir millətpərvər şəxs üçün vacib məsələlərdən biri olduğunu söyləyən gənc ədib ya­zırdı: "Biz hansı qövmə, hansı millətə mənsubuq? Keçmi­şi­miz nə təhər imiş? Hal-hazırımız nəyin nəticəsi olub? Bu sual­la­ra cavab axtarmaq üçün tarixə müraciət etməlidir. Heyfa ki, tariximiz yoxdur". Keçmişimizi öyrənərək gələcəyimizə yollar açmaq üçün tariximizə dair məlumatlar toplamağın vacibliyini, "tarixin millətimizə nə qədər mənfəətli olmağını nəzərə alan" gənc publisist Kiyev Müsəlman Tələbələrinin Nəşriyyat Heyəti adından "ərbabi-qələmimizdən Azərbaycan türklərinin tarixini yazmağı rica edir". Lakin bütün səy və cəhdlərinə baxma­ya­raq, vətənpərvər gənclərin böyük arzularından yaranan Nəş­riy­yat Heyəti fəaliyyət göstərdiyi müddətdə cəmi 3 kitabın nəşrinə müvəffəq olur: Əliqulu xan (Yusif Vəzir – Ş.H.), Çə­mən­zəminlinin "Məlik Məhəmməd" (1911), Həsən bəy Zərda­binin "Torpaq, su və hava" (1912) və "Bədəni salamat saxla­maq dəsturül-əməldir" (1914) kitabları. Qeyd etmək lazımdır ki, Nəşriyyat Heyətinin fəaliyyəti müxtəlif səbəblərə görə ya­rım­çıq qalsa da, Yusif Vəzir Çəmənzəminli öz yaradıcılığında və ictimai fəaliyyətində daim irəliyə doğru addımlamış, hər bir vətənpərvər ziyalı kimi, onu da daim düşündürən ən mühüm suala – "biz kimik?" sualına cavab verməyə çalışmışdır. Onun tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, iqtisadiyyatımız və s. ilə bağlı qələmə aldığı əsərlərin hər biri, zənnimizcə, məhz həmin suala axtarılan cavablardır. Yusif Vəziri bizlərə ədə­biy­yat tarixçisi, folklorşünas alim, publisist, ictimai xadim kimi ta­nıt­dıran bu əsərlərin toplanılması, tədqiqi və təbliği yolunda bu günəcən xeyli işlər görülmüşdür. Bu zəngin irslə bağlı qiymətli monoqrafiyalar (K.Məmmədov, M.Axundova, T.Hüseynoğlu, B.Abdullayev, D.Dəmirli, Ş.Abdullayeva, L.Vəzirova və b.) ya­zıl­mış, ədibin həyat və yaradıcılığı haqqında müxtəlif tədqiqat­lar­da (K.Talıbzadə, Q.Xəlilov, P.Xəlilov, A.Abdulla, A.Əliyeva (Kəngərli) və b.) söz açılmış, məqalələr (C.Nağıyeva, G.Qoca­yeva, Ş.Mustafayev, Ə.Baxşəliyeva, L.Məcidqızı və b.) qələ­mə alınmışdır. Bu görkəmli yazıçının əsərlərinin nəş­ri də diq­qət­dən kənarda qalmamış, ayrı-ayrı alim və tədqi­qat­­çılar (M.Axun­dova, T.Hüseynoğlu, A.Bayramoğlu, G.Qoca­ye­va, A.Xə­li­lov və b.) tərəfindən toplanıb, tərtib edilərək müa­sir oxu­cuya çatdırılmışdır. Lakin hələ görüləcək işlər də çoxdur. Y.V.Çə­­mənzəminlinin AMEA Məhəmməd Füzuli adına Əl­yaz­malar İnstitutunda mühafizə edilən şəxsi arxivində hələ də müasir oxuculara məlum olmayan, tədqiq edilməli xeyli dəyərli məqalələr və əlyazmalar var. Ədibin müxtəlif illərdə qələmə aldığı və müxtəlif mətbuat səhifələrində çap edilən bu məqa­lə­lərin əksəriyyəti qəzet kəsiklərindən tərtib etdiyi albomunda (fond 21, s.v. 395) saxlanılır. Arxivdə ədibin çapa hazırladığı, amma dövri mətbuatda müxtəlif səbəblərdən çap edilməyən məqalələri və elmi dəyərə malik əlyazma qeydləri də var ki, həmin əlyazmalar Yusif Vəzirin çoxşaxəli yaradıcılığının müx­tə­lif cəhətlərini və elmi, ədəbi-tənqidi, ictimai-siyasi mülahi­zə­lə­rini özündə əks etdirməsi baxımından xüsusi əhəmiyyətə malikdir. 1999-cu ildə Əlyazmalar İnstitutu tərəfindən nəşr edi­lən "Yusif Vəzir Çəmənzəminli arxivinin təsviri" (C.Nağı­ye­va) kitabında haqqında ümumi məlumat verilən, müəyyən bir qismi müxtəlif monoqrafiyalarda tədqiqata cəlb edilən bu əl­yaz­­ma materiallarının elmi dəyərini nəzərə alaraq, onları müa­sir oxucuların və tədqiqatçıların diqqətinə daha əhatəli tərz­də çatdırmaq məqsə­di­ ilə tərtib etdiyimiz məqalələr toplusuna da­xil etdik. "Biz kimik?" (məqalələr) kitabında toplanan məqa­lə­lər və əlyazma qeydləri əsasən yazıldığı, çap edildiyi tarixə əsaslanaraq xronoloji ardıcıllıqla düzülmüşdür. Yalnız silsilə xarakterli bəzi məqalələrin məzmunu nəzərə alınaraq, kitabda ümumi sərlövhə ilə ("İqtisadi xəbərlər", "Yeni başlayanlara məsləhət" və "Tarixi etüdlər") verilmişdir.

Kitaba daxil edilən məqalələr içərisində yalnız geniş oxucu kütləsinə deyil, elə çəmənzəminlişünaslığa da məlum olma­yan, yaxud tədqiqatçılar tərəfindən heç bir yerdə adı çəkil­mə­yən məqalələr də az deyil. Adı çəkilməyən bu məqalələrdən ikisi – "Kiyevdə Millətlər Qurultayı" və "Millətlər Qurultayından aldığım tə'sirlər" adlı məqalələr "Açıq söz" qəzetinin 1917-ci il oktyabr saylarında çap olunmuşdur. Qeyd edək ki, hər iki mə­qa­lə Yusif Vəzirin ictimai-siyasi fəaliyyətinin mühüm bir mər­hə­ləsini əks etdirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Şərti olaraq "İqtisadi xəbərlər" sərlövhəsi ilə oxucuların diq­qə­tinə çatdırdığımız "Meşələrimizin islahı yolunda", "Qoyunçu­luq", "Bizdə pambıqçılıq", "Bizdə xalıçılıq", "Bizdə südçülük", "Neftin keçmiş və hal-hazırkı mənası" adlı 6 məqalə isə bu azər­baycanşünas alimin iqtisadiyyatımızın müxtəlif sahələri, onların yaranma və inkişaf tarixi ilə bağlı tədqiqatlarının bəh­rəsi kimi olduqca dəyərlidir.

Bu günəcən təqiqatçılara məlum olmayan bu məqalələrin bizim üçün bir mühüm dəyəri də ondadır ki, həmin məqalələri tapmaqla Yusif Vəzirin daha bir gizli imzasını üzə çıxarmış olu­ruq. Qeyd edək ki, yazıçının Əlyazmalar İnstitutunda mü­ha­fizə edilən zəngin arxivindəki materiallar içərisində elə əl­yaz­ma qeydləri, elə sənədlər də var ki, yalnız ilk baxışdan az əhəmiyyətli görünə bilər. Müxtəlif vaxtlarda müxtəlif təşki­lat­la­ra və vəzifə sahiblərinə ünvanlanan ərizələr də belə sənəd­lər­dəndir. Bu sənədlərdən biri Y.Vəzirin Azərbaycan Şura Yazı­çılar İttifaqı təşkilat komitəsinə ünvanlanan 20 may 1933-cü il tarixli ərizəsidir (fond 21, s.v. 299). Bu "ərzi-hal"ında "ədəbiy­yat sahəsinə atıldığı"nın "25-ci ildönümü" münasibəti ilə ona tə­qaüd verilməsini xahiş edən Yusif Vəzir çap olunmuş kitab­larının, tərcümələrinin, elmi məqalələrinin və bu məqalələrin dərc olunduğu mətbuat orqanlarının siyahısını verir. "Kitabça şəklində çıxan başlıca əsərlərim", "Şura nəşriyyatı tərəfindən buraxılan əsərlərim", "Tərcümələrim", "Şura zamanı iştirak et­diyim məcmuə və qəzetlər", "Məcmuələrdə hekayələrdən baş­qa aşağıdakı elmi məqalələrim getmiş" – bu siyahılardan so­nun­cusu ilə tanış olarkən, adı çəkilən on elmi məqalədən son üç məqalənin adı xüsusi marağımıza səbəb oldu. İqtisadiy­ya­tın müxtəlif sahələrinə həsr olunmuş "Bizdə xalıçılıq", "Bizdə pambıqçılıq", "Neftin keçmiş və hal-hazırkı mənası" adlı bu mə­qalələri ərizədəki qəzet və məcmuələr siyahısında adı çə­ki­lən "İqtisadi xəbərlər" məcmuəsində axtarıb tapdıq. Həmin məc­­muədə 1928-ci ildə dərc edilən bu məqalələr "Zərəsb" im­zası ilə çap olunmuşdur. Bu günəcən gizli qalan, "qızıl at" mə­nasını verən* bu gizli imza ilə Yusif Vəzirin həmin məcmuədə müxtəlif illərdə dərc edilən digər məqalələrini də aşkar etdik: "Meşələrimizin islahı yolunda", "Qoyunçuluq", "Bizdə südçü­lük" və s. İqtisadiyyatın müxtəlif sahələrinə dair maraqlı məlu­matlarla, tarixi faktlar və statistik rəqəmlərlə zəngin olması ba­xımından əhəmiyyətli olan bu məqalələrin hər biri Y.Vəzirin ensiklopedik biliyə, hərtərəfli dünyagörüşünə malik bir şəxsiy­yət olduğuna bir daha sübutdur. Xatırladaq ki, hələ 1923-cü il­də İstambulda çapdan çıxan "Tarixi, coğrafi və iqtisadi Azər­baycan" kitabında da Y.V.Çəmən­zəminli Azərbaycan iqtisa­diy­­yatı ilə bağlı dəyərli fikirlər söyləmişdi. Son­ralar, 1934-cü ildə isə Y.Vəzir neftə dair "Neft və tarixi" adlı daha bir məqalə qələmə almışdır.

Qeyd edək ki, Y.V.Çəmənzəminlinin Əlyazmalar İnstitutun­da mühafizə olunan şəxsi arxivində saxlanılan əlyazma və çap materialları əsasında tərtib etdiyimiz bu kitaba, iki məqalə is­tisna olmaqla, yalnız başqa toplulara daxil olmayan və müa­sir oxucular üçün dərc edilməyən məqalə və əlyaz­ma­la­rı­ daxil edilmişdir. Həmin iki məqalə – "Xalq ədəbiyyatının təhlili – I. Vəsfi-hal" və "Xalq ədəbiyyatının təhlili – II. Ağı" adlı məqa­lə­lər isə ədibin üçcildlik əsərlərinin 1977-ci ildə çapdan çıxan 3-cü cildinə daxil edilsə də, xeyli təhrifə və ixtisarlara yol veril­diyini* nəzərə alaraq, onları əlyazma nüsxələrində və "Ədəbiy­yat qəzetəsi"nin 1935-ci il sentyabr saylarındakı çap variantla­rında olduğu şəkildə bu məqalələr toplusuna əlavə etməli ol­duq. Yeri gəlmişkən qeyd edək ki, Yusif Vəzirin əsərlərinin 3-cü cildində daha bir yanlışlığa yol verilmiş, ədibin 1935-ci ildə "Ədəbiyyat qəzetəsi"ndə çap edilən bir tərcüməsi ("Fran­sa mütəfəkkiri Mirzə Fətəli haqqında") oxuculara ədibin məqa­ləsi kimi təqdim edilmişdir.

Y.V.Çəmənzəminlinin əsərlərinin toplanılması, tədqiqi və təbliği yolunda bu günəcən görülən işləri yüksək dəyərlən­di­rə­rək, yalnız onu xatırlatmaq istərdik ki, bu görkəmli şəxsiyyətin zəngin irsini toplayıb, nəşr etmək istəyən hər bir tədqiqatçı, sö­zü bir "tarix yuvası" adlandıran, həm bədii, həm də elmi ya­ra­dıcılığında sözə böyük hörmət və məsuliyyətlə yanaşan Yu­sif Vəzir irsinə eyni hörmət və məsuliyyətlə yanaşmalıdır. Aman­sız repressiya illərinin qurbanı olan, ömrü, arzuları yarı­da qalan bu vətənpərvər ziyalının, azərbaycanşünas alimin mə­qa­lələrini toplayıb tərtib edərkən biz də məhz bu meyara əməl etməyə çalışdıq.


İZAHAT

“Molla Nəsrəddin” məcmuəsinin 37-ci nömrəsində dərc et­di­yim məktub, görünür ki, sevgili vətəndaşlarıma ağır gəldi. İmzasız aldı­ğım kağızda hər tövür söyüşdən sonra kağız ya­zan bana deyir: “Sən müsəlman deyilsən, dilazarsan, öz dini­nə gülürsən…” Bu sözlərdən aşkar olur ki, kağız yazan cənab mənim məktubumu başa düşmə­yib. Bunu bilə bilməyib ki, mən məktubumu gülünc ilə yazmamı­şam, qan-yaş ilə yazıb ca­maatımızın islamdan uzaq olmağını və islamın banisi və rəsuli-bərhəqq olan Məhəmməd əleyhissəlamın gözəl söz­lə­rin­­dən xəbərləri olmamağını izhar etmişəm.

Görün, insafdırmı? Qurani-Şərifə qulaq asmayıb və “İqra bis­­mi”1) (oxugilən Allahın adının köməyilə ki, insanı yaratdı və ona elm və kitab örgətdi) və ya “Ütlübul-elmə minəl-məhdi iləl-ləhdi”2)-yə əməl eləməyək? Və düşək vəhşi halətdə bəzi öz nəfinə çalışanların dalına və olaq düşmənlərə möhtac, düş­mən­lər əlində dəlil? Görün, insa­f­dırmı və islamiyyətə və insa­niy­yətə layiqdirmi (“Mən ərəfə nəfsəh fə­qəd ərəfə Rəbbə”3) – yəni hər bir şəxsi ki, öz nəfsində vəz olunan hə­qayiqi-elmiyyə və fənniyyələrə mərifət yetirsə, əlbəttə, Allah da mərifət yetirə bilər) – bu gözəl hədis ilə Allaha mərifət yetirməyib, bə­zi din və millət düşmənlərinin şəxsi mənfəətləri üçün icad etdikləri şeylərə sitayiş etmək?

İslam olan lazımdır ki, hər bir çətin işdə Qurani-Şərifi açıb an­caq ondan nicat istəsin. Ancaq onda rəsuli-bərhəqq olan Mə­həmməd əleyhis­səlamın gözəl və bimisal və insaniyyət­pər­vər sözlərinə əməl edib insaniyyət yolunu tapsın və Qurana əməl eləyib müsəlman olmaqdan ötkü gərək uşaqlarımızı mü­səl­manca da oxudaq. Sevgili ka­ğız yazan vətəndaşım! Mən deyəndə ki, uşaqlarınıza savadlı, in­saf­lı müəllim təyin eləyin ki, təriqi-islamdan xəbərləri olsun, dindən çıxmıram, kağız ya­zan! Deyəndə ki, müsəlman dükanın gərək cümə günü bağla­sın, nəinki bazar, adıma dilazar deməzlər. Adın müsəl­man qo­yan şəxs gərək dua yazmaq adıyla yazıq bacılarımızın və ana­la­rımızın pulun tovlayıb almasın, – deməklə adam dindən çix­maz. Bu sözləri demək ilə mən islamiyyətdən çıxmaram heç vədə, heç!.. İm­zasız kağız yazan! Mən göstərirəm ki, adın mü­səlman qoyanların içində çoxusu qurd libasına girib millətə xəyanət edirlər. Millətin gözünü bağlayıb ümumi insaniyyət nöqtəsindən uzaq salırlar. Ca­maatın dərdinə qalıb məktəblər aç­maqdan, yetim uşaqlar oxut­maqdan ki, küçədə qalıb cama­ata gələcəkdə zərər yetirməsinlər… Bunları eləməyin əvəzinə, fəqir-füqəranın axır qəpiklərin də alıb ac-acına qoyurlar. Gül­səm də bunlara gülürəm, kağız yazan cənab! Bu millət və is­lam düşmənlərinə gülmək ilə nəinki dinimdən kənar ol­ma­ram, bəlkə, islamlığım artar. Xatircəm ol, necə ki, müsəl­manam, elə də qalacağam və həmişə də islamiyyətə və insaniyyətə sitayiş edəcəyəm.


Bakı Realni Şkolasının altımcı

sinfinin şagirdi Mir Yusif Vəzirov



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə