Kainatın yaranış sirri



Yüklə 29,33 Kb.
tarix30.12.2017
ölçüsü29,33 Kb.

Akif ƏLİ


Tanrının sirrinə müdaxilə?
Kainatın yaranışı uca Tanrının sirridir. Onu necə yaratdı, Dünyanı necə yoxdan var elədi, İnsanı hardan gətirdi... Bütün bunlar 14 milyard il yaşı olan böyük sirlərdir.

Ancaq bəşəriyyət inkişaf etdikcə İnsan əvvəlcə özünü, sonra Dünyanı, sonra Kainatı dərk etməyə çalışıb. Bu günsə alimlərin marağı və əzmkarlığı bir qədər də artıb. Müqəddəs Kitablar daim “həddi aşmamağa” çağırsa da, indi bəndələr hətta Yaradanın sirlərini də öyrənmək istəyirlər. Hər halda cəhd göstərirlər və risqə gedirlər...

İndi bütün dünyanın diqqəti fizikaçı alimlərin başlatdığı yeni bir eksperimentə yönəlib. Güman edirəm, dünya elmində baş verən aktual olaylar bizim oxucular üçün də maraqlı və faydalı ola bilər.

Beləliklə, aparılan yeni eksperimentin mahiyyəti nədir?


...Sentyabrın 10-da Avropa alimləri bəşəriyyət tarixində ən böyük təcrübə-sınaq layihəsinə start veriblər. Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) Böyük Hadron Kollayderi (LHC) adlanan nəhəng nüvə toqquşdurucu qurğusu işə salınıb. İsveçrə və Fransa ərazilərində torpağın 100 metr dərinliyində yerləşən elementar zərrəciklər sürətləndiricisi olan bu qurğunun uzunluğu 27 km-dir. Fantastik tədqiqatın məqsədi materiyanın ən dərin sirlərinə nüfuz etmək, 14 milyard il öncə nələr baş verdiyini, Kainatın necə yarandığını real təsvirdə canlandırmaq, dünyanın haradan gəlib hara getdiyi barədə əbədi suallara cavab tapmaqdan ibarətdir.
* * *

BİZ kosmosdan gəlMİŞik. Alimlər İnsan həyatının kökünün Kosmosdan gəlmiş ola biləcəyinə dair dəlil tapıldığını söyləyirlər. Amerikan Milli Aviasiya və Kosmos Agentliyi (NASA) alimləri 2000-ci ildə Kanadadakı donmuş Tagish gölünə düşən bir göydaşı (meteorit) üzərində apardıqları analizlərdə meteoritin Günəşdən də qədim üzvi maddələrdən ibarət olduğunu təsdiq etdilər. NASA-nın Houston (Hyuston) şəhərindəki Kosmik Mərkəzindən bu üzvi maddənin məhz meteorit kimi yaranmadığını, o vaxtlar Günəş Sisteminin həyata imkan verməyəcək dərəcədə çox soyuq olduğunu bildirərək, tapılan “məxluq” maddənin Günəş Sisteminin ta xaricindən gəlməsi ehtimalını irəli sürürlər.
14 MİLYARD İL ƏVVƏL NƏ BAŞ VERİB? Alimlər Kainatla bağlı bütün sirlərin mənbəyi olan Big Bang-ın (Böyük Partlayışın) bilinməyən cəhətlərini aşkara çıxarmaq üçün laboratoriya şəraitində ilk partlayışı yenidən gerçəkləşdirməyə çalışırlar. Hələlik belə təxmin edilir ki, bizim Kainat həmin Böyük Partlayışdan sonra anidən meydana çıxıbdır. Kainatdakı ən qədim işığın görüntüsünü analiz edən NASA alimlərinə görə bütün aləm hətta bir göz qırpımından da az müddətdə peyda olub. Hesablamalar Big Bang-in ardınca Kainatın saniyənin trilyonda biri qədər sürətlə yarandığını göstərir. 2001-ci ildə kosmosun dərinliklərinə göndərilmiş Amerika peyki kosmik dalğa radiasiyalarından indiyə kimi əldə edilən ən təfərrüatlı fotonu çəkdi. Bu çalışmalar zamanı Kainatın yaşının 13,7 milyard il olduğu təyin edildi.

SADƏ İZAH. Dünyanın yaranış mənzərəsini sadə dillə izah etmək üçün alimlər Kosmik təqvimə nəzər yetirməyi məsləhət bilirlər. Təsəvvür edək ki, həmin təqvimlə yanvarın 1-də saat 00.00 dəqiqədə Böyük Partlayış baş verdi. Bundan sonra təxminən 10 günə, yəni yanvarın 10-da qalaktikalar əmələ gəlir. Günəş sisteminin yaranması 9 ay çəkib və sentyabrın 9-da başa çatıb. Sentyabrın 14-də Yer kürəsi yaranıb. Sentyabrın 25-də Yerdə həyat əlaməti görünüb. Dekabrın 1-də atmosferə oksugen dolmağa başlayıb. İlk hüceyrələrin yaranması, bakteriyaların əmələ gəlməsi, qurdların doğulması, dəniz yosunlarının, balıqların, həşəratların, uçuşan cücülərin, otların, ağacların, suda-quruda yaşayanların, dinozavrların əmələ gəlməsi isə təqribən 30 gün içində olub. Nəhayət, dekabrın 31-də Dünyaya ilk İnsan gəlib...

Əlbəttə, bu sadəlövh təxminlər oxucuları çaşdırmasın. Sadəcə onlar bu sxem üzrə bir illik yaranış siklini hesablayarkən nəzərə alsınlar ki, buradakı hər 1 saniyə - 500 ilə bərabərdir! Odur ki, maraqlananlar Kosmik təqvimlə yaranış tarixini təzədən hesablamağa başlasınlar...



QARA ENERJİ. Alimlərin kəşfinə görə Kainatı təşkil edən ünsürlərin cəmi 4 %-i maddidir. Kainatın qalan 96 %-i isə qara enerjidən ibarətdir. Bunun nə olduğu isə elm aləmi üçün müəmma olaraq qalır. Alimlər yalnız onu bilirlər ki, Kainat 14 milyard il əvvəl Big Bang adı verilən Böyük Partlayışdan sonra yaranmağa başlayıb və həmin “qaranlıq enerji” hansı sirli bir gücün təsiriylə daim genişlənməkdə davam edib.

NASA alimlərinin çox sonralar kosmosa qaldırdıqları güclü Hubble teleskopunun köməkliyi ilə tarixdə ilk dəfə Albert Einsteinin (Albert Eynşteyn) irəli sürdüyü Kainatı genişləndirən o müəmmalı qara enerji haqqında nəzəri mülahizələrin izlərinə rast gəlindi. “Mövcud cazibə qüvvəsi qarşısında aləm niyə genişlənir?” - sualına cavab olaraq A.Einstein qara enerji fikrini ortaya atmışdı. A.Einsteinə görə qara enerji kosmosun təbiətindəki bir özəllikdir. Başqa alimlər isə bunu elektromaqnit sahələrinin bir-birini itələməsi kimi yozurlar. Məhz A.Einsteindən sonra astronomlar bu nəzəriyyələr fonunda “Big Bang” nəzəriyyəsini yaratdılar. Bəlli oldu ki, Kainatın 70 %-i qara enerji, 25%-i qara maddə, 5%-i isə məlum adi maddələrdən ibarətdir. Adına qara enerji deyilən sirli bir güc kainatın 9 milyard ildir genişlənməsinə “yardım edir”...


QURAN” MÖCÜZƏSİ. Alimlər kainatın kütləsi hansısa həddə çatandan sonra həmin genişlənmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, sanki yığılmağa başlayacağını, yığılan aləminsə sonda “Big Crunch” (Böyük Çöküş) deyilən çox yüksək bir istilik və sıxılma ilə nəticələnəcəyini bildirirlər. Bu - artıq həyatın yox olacağı deməkdir. Yəni alimlərin mülahizəsinə görə Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Lap sonda gördüyümüz bütün varlıqlar protondan da kiçicik bir nöqtə şəklinə qədər kiçiləcək və sanki qara dəliyin içindəymiş kimi yox olub gedəcək. Fiziklərin qara enerjinin neqativ enerjiyə dönəcəyini və aləmin gələcəkdə yığılacağını bildirdiyini nəzərə alsaq, demək biz günü bu gün də o prosesin içindəyik, yaxud həyat sirkulyasiyasının (dövr etməsinin) hansısa orta ya son mərhələsindəyik.

Başqa bir yandan dinşünas alimlər də tapıblar ki, Qurani-Kərim ayələrində Big Crunch-a aid işarətlər var. Məsələn, həmin elmi nəzəriyyəyə Quran-da belə işarə edilir: “Biz, göyü kitab səhifələri kimi qatlayacağımız gün, ilk yaratmağa başladığımız kimi, yenə onu (əvvəlki halına) salacağıq. Bu, Bizim üzərimizdə bir vəddir. Əlbəttə, Biz edənlərik.” (Ənbiya Surəsi, 104)

Başqa bir ayədə isə göylərin vəziyyəti belə tərif edilir: “Onlar, Allah-ın qədrini haqqıyla təqdir etmədilər. Halbuki, qiyamət günü yer, bütünüylə O-nun ovucundadır; göylər də sağ əliylə bükülmüşdür. O, şirk qoşduqlarından uzaq və ucadır.” (Zümər Surəsi, 67)

Big Crunch (Böyük Çöküş) nəzəriyyəsinə görə başlanğıçda (Big Bang - Böyük Partlayış) olduğu kimi sonda da Kainat əvvəlcə yavaş-yavaş, getdikcə isə sürətlə çökməyə başlayacaqdır. Bütün bunların davamında külli-aləm sonsuza qədər kiçiləcək və nəhayətdə yarandığı bir zərrə halına gələcəkdir.
***
...Bəli, əmin-arxayın şəkildə çox geniş miqyaslı sınağa başlayan fiziklərdən fərqli olaraq kütləvi şüuru başqa daha real qorxu hissi narahat etməkdədir: Avropanın düz mərkəzində Böyük Hadron Kollayderində aparılan təcrübə nəticəsində qəflətən əvvəlcə Cenevrəni, sonra bütün Dünyanı, Günəşi və nəhayət Kainatımızı sorub aparan o mübhəm “qara dəlik” yaranmaz ki?! Apokalipsis müsibəti baş verməz ki?!

Eksperimentə başlayan alimləri isə başqa şeylər narahat edir. Onlar düşünürlər ki, Böyük Partlayış nəticəsində Kainat doğulan zaman eyni miqdarda materiya və anti-materiya yaranmışdı, bəs həmin anti-materiya hara yox oldu ki, biz bu gün ancaq materiyanı görə bilirik? Kainatın ümumi kütləsinin 25 %-ni təşkil edən və bizim Yer şəraitində ümumiyyətlə olmayan o zil qara materiyanın tərkibi nədən ibarətdir? Bax, alimlər belə sirli substansiyaların xüsusiyyətlərini bilmək istəyir. Yaxud onlar maraqlanır ki, görəsən üç məkan və bir zaman ölçülərindən başqa da ölçü vahidləri varmı? Yəni əgər Kainatda həqiqətən daha çox ölçü varsa, onu tapıb yeni məkanlara daxil ola bilərikmi? Ümumən Kainatın necə yaranmasını təxmin edə bilsək də, ancaq biz qətiyyən təsəvvür edə bilmirik necə olur ki, o dağılmır, məhv olmur? Nəhayət, alimlərin qarşısında duran fundamental məsələlərdən biri də odur ki, nə üçün planetləri, Dünyanı və bizim özümüzü əmələ gətirən hissəciklərin kütləsi var... Bu sualların cavabını tapmaq üçün öncə nəzəri cəhətdən əsaslandırılmış, ancaq təcrübədə əldə edilməyən Hiqqs bozonu adlı elementar hissəciyi tapmaq lazımdır. Kainatın kütləsini əmələ gətirən həmin Hiqqs bozonuna fiziklər bəzən hətta Allahın bir hissəciyi də deyirlər.

Məhz bu hissəciyi aşkarlamaq üçün yaradılan Böyük Hadron Kollayderi ideyası hələ 30 il əvvəl yaranıb. Nəhəng layihə 13 il bundan qabaq 20 Avropa ölkəsi tərəfindən təsdiq olunub. Qurğunun tikintisi 7 ilə başa çatıb. Layihənin qiyməti – 6 mlrd yevrodur. Kollayderin tikintisində 37 ölkədən 7 min alim iştirak edib. Məlum olduğu kimi, Azərbaycan fizikləri də bu layihənin hansısa mərhələsində iştirak üçün dəvət alıblar. Tarixi prosesə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) direktoru, zərrəciklər fizikası üzrə Nobel mükafatı laureatı Karlo Rubbia başçılıq edir.

Kollayderin ölçüləri həqiqətən də fantastik filmlərdə olduğu kimi, heyrətamizdir. LHS-nin daxilində Yerin maqnit sahəsindən 200 min dəfə çox olan maqnit sahəsi yaradılıb. Yoxsa 27 kilometrlik dairəvi tunelin içində ildırım sürəti ilə hərlənəcək protonları saxlamaq olmazdı. Odur ki, iki min tonluq bu nəhəng maqnit Fransa-İsveçrə sərhəddinin altındakı tunel-laboratoriyaya yerləşdirilib. 16 metr hündürlüyündə, 17 metr enində və 13 metr uzunluğunda olan maqnit yerin altında daha 15 parça ilə birləşdirilib. Nəhəng maqnit yeraltı laboratoriyada atomun daxilindəki ən xırda elementar zərrəciklərin toqquşdurulması təcrübəsinə şərait yaradacaqdır.

Böyük Hadron Toqquşdurucusunda atomun nüvəsindəki protonlar çox yüksək enerjiylə toqquşdurulacaq. Indiyə qədər inşa edilən ən böyük və ən yüksək enerjili hissəcik sürətləndiricisi olan LHC-dəki bu toqquşma nəticəsində ortaya çıxan hissəciklərin Kainatın yaranmasında nə kimi rolu olduğu araşdırılacaq. LHC-də protonlar tunelin kənarlarına yerləşdirilmiş super ötürücü maqnit parçaları tərəfindən idarə olunacaq. Beləliklə, əks yönlərdə dönən iki proton şüası istehsal olunacaq. Toqquşmaların sonunda indiyə qədər kəşf edilməmiş yeni hissəciklərin meydana gəlməsi gözlənilir. Bu bənzərsiz təcrübə Kainatın başlanğıcı sayılan Böyük Partlayışdan sonra ortaya çıxan çox böyük enerji kütləsini təkrar yaradac, beləliklə, anoloji hissəciklərin ortaya çıxmasını təmin edəcəkdir.

Kollayderdə temperatur mütləq sıfırdan (- 273 dərəcə) cəmi 2 dərəcə yüksəkdir. Bu o deməkdir ki, oralarda, kosmosda istilik daha çoxdur, nəinki kollayderin içində. Başqa sözlə, mütləq dərəcədə soyuq quyunun içərisində ekstremal həddə qədər qızdırılmış obyekt maksimum sürətlə qaçırdılacaq. Bu tunel-qurğu dünyanın ən güclü maqniti və ən güclü soyuducusudur. Kollayder hər işə düşəndə tuneldə 300 mlrd ədəd proton irəli şütüyüb ildırım sürəti ilə dövrə vurmağa başlayır...

Məhz belə qurğu 14 mlrd il əvvəl baş vermiş Böyük Partlayışın ilk anlarında onun içindən Kainatın doğulması şəraitinin modelini yaratmağa imkan verir. Hətta Böyük Hadron Kollayderini zaman maşını da adlandırmaq olar. Bu maşında fiziklər uzaq keçmiş zamanlara yollana biləcəklər. Onlar 14 milyard il əvvəlki partlayışdan sonra yaranan radiasiya mühitini araşdıracaq, Kainatın mənşəyi haqqında yeni bilgilər əldə edəcəklər...

Bəs geniş kütlənin düşündüyü kimi, bu risqli təcrübənin nəticəsində dünyanın axırı gəlməz ki?! – sualına qeyri-adi təcrübəyə rəhbərlik edən Avropa Nüvə Tədqiqatları Mərkəzinin başçısı Karlo Rubbia belə cavab verib: “Zarafat edirsiniz? Sizin ya fizikadan biliyiniz, ya da yumor hissiniz zəifdir... ”


***

BƏS Dünyanın sonu NƏ ZAMANDIR? Qərbdə bütün dövrlərin ən məşhur alimi sayılan ingilis fiziki, riyaziyyatçısı, ixtiraçısı və astronomu (üstəlik gəncliyində adi metalı qızıla çevirməyə çalışaraq kimyagərliklə məşğul olan) İsaac Newton-un (İsaak Nyuton) əlyazmalarına əsasən, dünyanın sonuna cəmi 53 il qalıb.

Belə ki, Newtonun (1642-1727) İsraildə Qüds Universitetinin Milli Kitabxanasında saxlanan əlyazmalarına görə dünyanın axırı 2060-cı ildə gələcək. “İncil”dən götürülmə mətnə əsaslanan bu iddianı Newton 1704-də yazdığı bir məktubunda qeyd edib. O, məktubunda “Köhnə Əhd”dəki Danielin Kitabında dünyanın sonunun Müq. Roma İmperatorluğunun qurulmasından (800-cü il) 1260 il sonra, yəni 2060-cı ildə gələcəyindən bəhs edən bölümə işarə edib.


***
Elmi nəzəriyyələr öz yerində...

Ancaq ən doğrusunu Allah bilir!


------------------------------


15 09 2008


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə