Kaspi qəzeti “TƏhsil ocağinin başinda duran öZÜ RÜŞVƏt almamalidir”



Yüklə 57,14 Kb.
tarix26.09.2017
ölçüsü57,14 Kb.
#1955

Kaspi qəzeti

TƏHSIL OCAĞININ BAŞINDA DURAN ÖZÜ RÜŞVƏT ALMAMALIDIR”

Hamlet İsaxanlı: «Nə qədər ki, rüşvət və tapşırıq sistemi aradan qaldırılmayacaq,

keyfiyyətdən danışmaq mümkün deyil»

«Təhsil sahəsində problemlər nədən yaranır?», «Təhsilin səviyyəsini necə yüksəltməli?», «Mükəmməl təhsil sisteminə necə nail olmalı?», «Təhsildə mənfi halları necə aradan qaldırmalı?» - bu kimi suallar üzrə çox danışılsa da problemi həll edəcək cavablar hələ də tapılmayıb.

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlının “Kaspi”yə müsahibəsi də təhsilimizin bugünkü vəziyyəti ilə bağlıdır.



-Bu gün ölkənin təhsil sahəsində yaranan əsas problemləri nədən ibarətdir?

- Şübhəsiz ki, problemlər çoxdur. Çünki təhsil o qədər çoxşaxəli, çoxəhatəli və mürəkkəb bir prosesdir ki, onu hər tərəfdən qeyri-adi dərəcədə düzgün tənzimləmək mümkün olmur. Ümumiyyətlə, təhsil sistemi ilə bağlı dünyanın ən yaxşı təhsili olan bütün ölkələrdə belə şikayət var. İstəyirlər ki, təhsil daha gözəl olsun. Çünki təhsil cəmiyyətin əsasıdır, canıdır. Amma bizdə mövcud olan daha böyük nöqsanlar ölkənin keçdiyi yola bağlıdır. Azərbaycan və ona bənzər keçmiş sovet respublikalarında problem­lər bir-birinə bənzərdir. Birində prob­lem­lər daha qa­ba­rıqdır, digərində islahatlar daha çox olub, am­ma prob­lemlər bir-birinə bənzəyir. Bunlardan biri heç şübhəsiz, təhsildə key­fiy­yətin ciddi surətdə aşağı düşməsidir. Düzdür, ob­yek­tiv­lik xətrinə demək lazımdır ki, müəyyən dəyişikliklər var. Amma ümu­miy­yətlə, Sovet İttifaqı dağılandan sonra və ya həmin ərə­fədə iqtisadi böhran hər tərəfə, o cümlədən təhsilə də təsir etdi. Çünki iqtisadi, texnoloji zəiflik, siyasi hərc-mərclik – bunların hamısı təh­si­lə həm maddi, həm mənəvi, həm də təşkilati baxımdan bir­başa təsir edir­di, onun təməlini sarsıdırdı. Həm orta, həm də ali mək­təblərdə həm müəl­limlərin təlimi, həm də in­no­va­siyalar, yeni təşəbbüslər ba­xımından irə­lilə­mə­lər yox idi.

Sovet döv­ründə uğurların əsas sə­bə­b­lərindən biri təh­silin key­fiy­yətinin yax­şı olması idi. Am­ma o döv­r­də də ide­o­lo­­gi­yadan gələn məh­du­diy­yət­lər var idi. Məsələn, infor­­masiya-kommu­nikasiya tex­no­­lo­gi­ya­la­rında so­vet­lər geri idi. Yax­şı bir kompyuter və ya nəq­liyyat sferasında kiçik bir normal maşın isteh­sal edə bilmədilər. Eləcə də genetika, biotex­no­lo­giya kimi aparıcı sahələrdə geri qaldılar. Elmdə və tex­nolo­giya sahəsindəki gerilik təhsildə özünü göstərir. Bütün bunların nəticəsi olaraq ümumi keyfiyyət aşağı düşdü.

Digər tərəfdən, iqtisadi çətinliklər, ümumi key­fiy­yə­­tin, məsuliyyətin aşağı düşməsi, mənəviyyatın aşın­ması təh­­­sildə kor­rup­si­yanı və tapşırıq sistemini qeyri-adi də­rə­cədə in­kişaf etdirdi. Demək olar ki, bu, az qala idarə üsuluna çevrildi. Yəni biri iş görəndə di­gə­rinə tap­şır­ma­lı, ya da pul verməlidir. Bunlar so­vet dövründə var idi, amma onlara, yetərli ol­ma­sa­ da, müəy­yən müqavimət də vardı. Hərc-mər­c­lik döv­rün­də isə bunların qarşısını almaq mü­m­kün olmadı. Mən korrupsiyanın və tapşırıq sisteminin həddən artıq geniş yayılmasını təhsilin və ümumiyyətlə ölkənin mühüm problemi hesab edirəm. Bunlardan doğan başqa bir problem də dünya təhsil sistemi ilə əlaqənin çox zəif olması idi. Moskvadan məhrum olandan sonra “Biz hardan öyrənməliyik?” sualı yarandı. Bir növ əyalətçilik əmələ gəldi. Yəni özümüz öz qa­za­nı­mız­­da qaynamağa başladıq.

Bu da daha bir mənfi hal kimi şərh ola bi­lər.

Əlbət­tə, son illər müəyyən pozitiv dəyişmələr var. Yə­ni prob­­lem heç də 1995 və ya 1998-ci illərdə ol­du­ğu kimi de­­yil. O vaxtdan orta və ali təhsildə müəyyən də­yi­şik­lik­lər baş verib. Ancaq bu, qəti surətdə kifayət de­yil. Əgər ki­fa­yət olsaydı, heç təhsil problemləri ilə bağ­lı mü­şa­virələr də keçirilməzdi. Bu cür müşa­vi­rə­lər dövri ola­raq keçirilir. Ancaq təəssüf ki, bunun çox bö­yük effekti ol­mur!



Orta məktəblərin bədbəxtçiliyi

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu­ra­xı­lış im­ta­­hanlarının nəticələrini təhlil edərkən 9-cu və 11-ci si­nif­lərin şagirdləri arasında nəinki mi­ni­mal tədris proq­ramını mənimsəməyənlərin, hət­ta oxu­maq və yaz­ma­ğı bacarmayanların ol­du­ğu­nu aş­kar­la­yıb. Bu prob­le­mi kimin ayağına yaz­maq olar?

- Əgər təhsildə ciddi islahatlar etmək, keyfiyyətə nail olmaq istəyiriksə, buna əvvəlcə orta məktəb­lər­dən başlamaq, orada irəliləyiş əldə etmək lazım­dır.Çün­ki hamı orta məktəbdə oxuyur. Yəni adamı və­tən­daş edən, ona savad verən, əsas təhsil mərkəzi orta məktəbdir. Ali məktəb ix­tisas verir və ali mək­təbə şagirdlərin ancaq bir hissəsi gəlir. Or­ta mək­təb­də insan təxminən necə formalaşırsa, sonrakı hə­yat yolu (ali məktəbdə və ya iş yerində) ona bənzər şə­kil­də davam edir, onu əks etdirir. Mən­cə orta mək­təb­lə­rin fəaliy­yə­ti­nə qeyri-adi dərəcədə cid­di fi­kir veril­mə­lidir, idarəetmə və keyfiyyətə nəzarət ol­ma­lıdır. Yuxarıda sadaladığım səbəblər ümu­miy­yət­lə təhsilin prob­lemlərinə aid olmaqla orta mək­təblərin zəif ol­ma­sının da səbəbləridir.

Əvvəllər orta mək­təblərin funksiyası bütün fənlər üzrə şagirdlərin minimum biliyini təmin etmək idi, yə­ni şagird minimum bi­liyi olmadan orta məktəbi bitir­məsin. İndi tələbə qəbulu elə sistemlə aparılır ki, orta məktəbin hazırladığı şagird tam yoxlana bilmir, şa­­gir­din qabiliyyəti deyil, texnikası yoxlanılır. Orta mək­təbin yaxşı yetirdiyi şa­gird çox gözəl yazmalıdır, cid­­di surətdə təhlil aparmağı ba­ca­rmalıdır, ancaq bu qa­biliyyətlər ali məktəbə qəbulda yox­lanılmır. Ali mək­təbə qə­bul yalnız test yazmaqla həll edilir. Test yaz­­maq da bir texnikadır. Ola bilər ki, şagird pred­me­ti öz-öz­ünə yax­şı öyrənsin ,amma testi “orta” yazsın. O da ola bilər ki, o, predmeti axıra qədər öyrənməsin, re­pe­titor onu ha­­zır­lasın və yuxarı bal toplasın. Bunu bil­dikləri üçün va­li­deynlər və şagirdlər orta mək­təb­də ciddi oxumaq əvəzinə re­petitorla hazırlaşmağa üstünlük verirlər. Uşaqların çox bö­yük hissəsi, hətta, ən kasıb ailələr uşaqları bir neçə fən­dən re­petitorla hazır­la­ma­ğa çalı­şırlar. Bu, orta mək­təb­lə­rin sanki lazımsızlığıdır, bə­dbəxt­çi­li­yi­dir. Tamam tər­sinə olmalıdır, yəni orta mək­­təb nə bi­lik verirsə, o da yox­lanı­lmalıdır. PISA - ümum­dünya də­yərlən­dir­mə­si bütün ölkə­lərdə orta mək­təb uşaq­la­rı­nın fən­ləri ne­cə bil­mə­sini müəyyən edir. Bu də­yər­lən­dirmə üz­rə Azə­r­­bay­can axırıncı yerlərə ya­xın­dır. Elə bunu Mə­ley­kə xa­nım da (Tələbə Qəbulu üzrə Dövlət Ko­mis­si­ya­sının sədri-red.) hər gün göstərir. Ancaq bu­­nun sə­bə­bi nə­dir? Səbəblərdən biri oxuyub təhlil etməyi biz qəbul im­ta­­ha­nın­da yoxlamırıq. Qə­bul imtahanları qey­ri-adi də­rə­cə­də birtərəflidir.

Əlçatmaz təhsil

- ABŞ və ya Avropa təcrübəsində necədir: orta və ali məktəblərə qəbul hansı qaydalar üzrə keçirilir?

- Avropa və Amerika təcrübəsində ali məktəbə qəbul za­ma­nı şagirdin fəaliyyətini çoxşaxəli şəkildə öyrənirlər. Bi­rin­­ci, şagird, məsələn, son iki ildə orta məktəbdə necə oxuyub. Əgər bu şərt varsa, şagird də son iki ildə məktəbdə yaxşı oxu­ma­ğa məcburdur. Bu, mühüm parametrdir. Bizdə bu, so­ru­şul­mur. İkinci, şagirdlə üz-üzə müsahibə edirlər. Yalnız bu söh­­­bət zamanı qarşındakı adamın düşüncə, təhlil qa­bi­liy­yəti, özünü təqdim etməsi, verilən suallara cavab verməsi, çox­­ə­hatəliliyi, zəif cəhətləri və s. üzə çıxır. Üçün­cüsü, müt­ləq şagirdə esse yazdıraraq onun adi söh­bət zamanı deyə bil­­mədikləri ilə tanış olur, düşüncə və təhlil orijinallığını və yazı sa­vadını yox­la­yırlar. Nə­ha­yət, şagirdin orta məktəb­də oxu­maq­dan, təhsil almaqdan savayı han­sı fəaliy­yə­ti­nin ol­­duğunu öyrənirlər. Məsələn, onun yax­şı mu­si­qi, rəsm qa­bi­­­liyyəti, idman göstəriciləri və ya ictimai fə­aliy­yəti ola bil­ər. Bütün bunlar həmin şəx­siy­yət haq­qın­da ətraflı təsəvvür ve­­r­ir. Bəzi ali məktəblər test im­ta­ha­nı­nın nə­ticələrini də istəyir (digərləri bununla maraq­lan­mırlar). Bü­tün bunların nə­ti­­cəsində qərar qəbul olu­nur. Qərbdə abi­tu­ri­­yentin yaxşı bas­ket­bolçu və ya şahmatçı olması qəbulda rol oy­nayır. Bu, insanın bir çox sahələrdə qabiliyyətini,yəni onun gücünü gös­tə­­rir. Nəyə görə bunları nəzərdə tutmayasan? Çünki sən bü­tövlükdə insanı, onun şəxsiy­yə­ti­ni, qabi­liy­yə­ti­ni yoxlayırsan. Ancaq bunlar bizim qə­bul sis­te­­mi­mizdə yoxdur. Qərbdə proses bu qaydada hə­yata ke­çi­­ril­di­yin­dən orada tələbələri çox diqqətlə, hər tərəfli qiymətləndirilməklə seçirlər. Üstəlik də fak­­tiki ola­raq kim istəyirsə, ali təhsil ala bilir.

Artıq Qərbi Av­­ropa, Amerika, Yaponiya, Kore­ya­da, hətta, Çində ali təh­sil almaq istəyən adamın qar­şı­sın­da durmurlar. Ali təhsil al­maq istəyən adam ha­rad­asa özünə uyğun yer, ali məktəb tapır. Bizdə ali təhsil əl­­çatan deyil. Əlçatanlıq faizi təxminən 20 faizdir. Yə­ni 5 ada­mdan biri ali təhsil ala bilir.

Amma dünyada in­di elə bir meyl var ki, necə ki, əvvəllər orta təhsili ol­ma­yan adam hə­yatda özünə yer tapa bilməzdi, indi in­ki­şaf etmiş ölkələrdə or­ta məktəb təhsili haradasa gedib işləməyə kömək eləmir, yə­ni mütləq ali təhsil almalısan. İnkişaf etmiş ölkələrdə ali təhsil icbari deyil, amma dövlət çalışır ki, bilik iqtisadiyyatı, in­for­masiya cəmiyyəti, qlo­ba­li­zasiya şəraitində özü­nə yer tapmaq üçün hamı ali təhsil alsın. Həmin öl­kə­lər­də ali təhsilə çıxış 80 faiz əlçatandır və onlar bunu 100 faizə çatdırmağa çalışırlar. İstəyirlər ki, ali təhsil almaq istəyən hər kəs ali təhsil alsın; bunun heç kəsə ziyanı yoxdur. Yəni orta məktəbdə zəif oxuyan bir uşaq özünə uyğun ali mək­­təb taparsa, bu, onu inkişaf etdirəcək. Biz isə testlə seçirik, qalanlarına veto qoyuruq. Orta məktəbin özündə və orta məktəbdən ali məktəbə keçiddə çox nöqsanlar var. Təbii ki, ali mək­təb­­lə­rin də öz nöqsanları var.



Nə qədər ki, rüşvət

və tapşırıq sistemi var...

- Xarici ölkələrdə də repetitorluğa kütləvi axın var.

- Ümumiyyətlə, repetitorluğa dünyada hər yerdə rast gəlinir, müxtəlif sahələrdə mövcuddur. Ancaq in­kişaf etmiş ölkələrdə repetitorluq azdır. O yerdə re­petitorluq çoxdur ki, ora­da mərkəzi im­tahan, mərkəzi test sistemi var. Re­pe­ti­tor­luğu doğuran əsasən mər­kəzi test sistemidir. Prob­lem­lər sistemin düz­gün qu­rul­mamasından yaranır.



- Bəs təhsildə korrupsiya halları nədən yaranır?

- Ümumiyyətlə, ölkədə başqa sferalarda - ida­rəet­mə sistemində, hökumət sistemində korrup­si­ya var və bununla çox ciddi mübarizə aparılmır. Mən­cə hökumət istəsə, məsələn, təhsil sistemində korrup­si­ya­nın qabağı çox ciddi şəkildə alına bilər. Heç yüksək inkişaf et­miş ölkələrdən misal gətirmirəm. Sadəcə, götürək qon­şu İranı və Türkiyəni. Bu ölkələrdə korrupsiya, rüş­­vət varmı? Müx­təlif sferalarda var. Bəs təhsildə kor­­rupsiya varmı? Nə İra­nın, nə də Türkiyənin nə orta, nə də ali məktəb sistemində qəti surətdə korrupsiya halları yoxdur. Deməli, dünyanın çox da qabaqcıl olmayan ölkəsində də təhsildə kor­rup­si­ya­dan tam azad olmaq olar. Çünki, o dövlətlərin də öz mədəni, tarixi və dövlətçilik ənənəsi var. Təhsil onlar üçün xüsusi əhəmiyyətə malik, üstün statusu olan sahədir. Bu­rada kimsə rüşvət alsa onun karyerası məhv olar və cə­miyyətdə nüfuzdan düşər. Həmin ölkələrin bu məsələyə ya­naşması o qədər ciddi olub ki, bu kimi hallara heç kim yol verə bilməz. Biz sözdə deyirik, işdə ona əməl etmirik. Müx­təlif sahələrdə olan korrupsiya təhsil sisteminə də daxil olur.



- Hər hansı orta və ya ali məktəbdə kor­rup­si­ya­nın ol­ma­ması üçün nədən başlamaq lazımdır?

- Həmin təhsil ocağının başında duran birinci adamın özü rüşvət almamalıdır. Nəinki almamalıdır, o bunu ağlına da gətir­məməlidir. Və o elə bir mühit yaratmalıdır ki, ümu­miy­yət­lə, bu, mümkün olmasın. İnsanlar elə seçilməli, elə mühit formalaşdırılmalıdır ki, o insanlar rüşvət almaq istə­məsinlər. İstəsələr də (insan təbiyyəti mürəkkəbdir və mühitə kənardan gələnlər ola bilər) mümkün olmasın. Burada qeyri-adi dərəcədə ciddi ya­naş­ma olmalıdır. Rüşvət təkcə o de­yil ki, pul verib iş görəsən, isdədiyinə nail olasan. Hər hansı bir uşağa- şagirdə, tələbəyə tap­şı­rıq­la qiymət ve­r­mək özü də korrupsiyadır. Bu, əda­lə­tin pozulmasıdır. Bu, virus kimi bir şeydir – damcı boy­da ora düşsə, o, müt­ləq böyüyür, yayılır, sistemin canına hopur. Yal­nız “bir faiz rüşvət var” an­la­yışı yoxdur. Ya yüz faiz tə­miz olmalıdır, ya da dediyim “bir faiz” böyüyüb bir sistemi öz qoynuna alacaq. Əgər orada təh­­sil oca­ğının başçısının övladı oxuyursa və o uşağa, fərqli,başqa cür ba­xılsa, orada tapşırıq da olacaq, rüş­vət də. Dediyim ölkələrdə sistem elə qurulub ki, orada heç nə eləmək mümkün deyil. Siz inanın, mən bu universitetdə bir nəfər tə­ləbənin də qiymətini düzəltmək iqtidarında deyiləm. Mən sistemi belə qurmuşam. Əgər sistemi “özümə əl yeri qoyum”- de­yə qursam, onda o, sistem olmaz, parçalanar. Burda Xə­zər Universitetində, onun nəzdində olan “Dün­ya”­mə­k­təbində tap­­şırmaq yoxdur - bacarırsan oxu, ba­ca­rmırsan oxu­ma. Sən kimin övladı olmağından asılı olmayaraq im­ta­hanı verməlisən. Lənkərandan gələn ka­sıb bir tə­lə­bə ilə vəzifəli və ya varlı şəxsin övla­dın­dan heç bir fərqin yoxdur. Məsələ bu cür qo­yul­­masa, korrupsiya ilə mübarizə aparmaq mümkün deyil. Təəssüf ki, məktəb direk­tor­larının coxu belə deyil. Yəqin ali məktəblərdə rektorların da coxu bu cür deyil. Yəni tam təmiz ciddi sistem qurmamışlar. (deyirlər ki, tam qurmaq guya mümkün deyil... )

Təhsilin məqsədi vətəndaşların yetişməsi üçün on­la­ra bərabər imkanlar yaratmaqdır. Amma rüşvət bə­ra­bər imkanları məhv etməkdir. Rüşvətlə, tapşırıqla təh­si­lin missiyaları bir-birindən fərqlidir. Bunlar bir yer­də mümkün ola bilməz. Nə qədər ki, rüşvət və tap­şı­rıq sistemi aradan qaldırılmayacaq, keyfiyyətdən danışmaq mümkün olmayacaq.

Çıxılmaz vəziyyət

- Prezident Aparatındakı müşavirədə həmçinin de­ka­nlıqların məsu­liy­yə­tinin artırılması və şəf­faf­lı­ğın təmin olunması ilə bağ­lı da məsələyə to­xu­nu­lub. Dediyimiz korrupsiya möv­zu­sundan həmin ştatlara da qınaq düşürmü?

- Dekan nə edə bilər? Rektor dekandan nə və necə tələb edirsə, o da o cür işləyir. Əgər rektor dekana “fi­lan­kəs nazirin qo­humudur”, “filankəsi mənə tap­şı­rıb­lar” - deyə bir neçə tələbənin siyahısını verirsə, dekan da gedib bunu yerinə yetirəcək, üstəlik, öz istədiyi tələbələrə də imtahanda kömək edəcək. Yenə deyi­rəm, hər şey birinci adamdan asılıdır. Aşağıdakı, yəni ta­be olan adamlar onun təyini üzrə hərəkət edirlər. Əgər birinci adam desə ki, “gedin pul yığın və mənə də verin”, onda dekan və ya kafedra müdiri kimdir? Ya pul yığmalıdır, ya da işdən çıxmalıdır. Çünki bi­rin­­ci adamın ixtiyarı var ki, adamı işə götürsün və ya azad etsin. Əgər sən, yəni başçı, birinci adam gö­rür­sən ki, konkret olaraq kimsə bu işlə, rüşvətlə, tap­şı­rıq­la məşğuldur və onu işdən çıxar­mır­san­sa, demək, bu vəziyyətlə razılaşırsan və ya bu və­ziy­yəti özün ya­ra­dırsan. Ona görə dekanların və ya kafedra müdir­lə­ri­nin səlahiyyətini artırmaq və ya azaltmağın o vaxt mə­nası olur ki, birinci adam rüşvətə qarşı qeyri-adi də­rə­cədə mübarizə aparır. Onda keyfiyyəti artırmaq üçün bu addımı atırlar, yəni vəzifələr üzrə mux­tariy­yə­ti artırırlar.



- Bu günlərdə Almaniyanın təhsil naziri elmi işin­də plagiatlığa görə ittiham olunduğu üçün və­zi­fəsindən istefa verdi. Bizdə də plagiatlıqla bağlı ki­fayət qədər fikirlər səslənir. Ancaq oxşar ad­dım­la­ra hələ ki, rast gəlməmişik.

- Korrupsiya sözünün kökü pozulma, mənə­viy­yatın aşınması, yəni işin öz axını ilə get­mə­mə­­sidir. Təhsil sistemində hər hansı pozuntu, hər han­sı mənada düz yoldan kənara çıxmaq kor­rup­si­ya­dır. Mə­sələn, tələbənin köçürməsi böyük kor­rup­siya­dır. Yə­ni biri köçürür, yüksək qiymət, biri köçürmür aşa­ğı qiymət alır. Köçürən adam haqsız olaraq qabağa gedir, təqaüd alır, yaxşı işə düzəlir... Ona görə tələbənin köçürməsi bö­yük korrupsiyadır. Eləcə də ali məktəbə gələn və digər yerlərdə çalışan alimin üz­ün­dən köçürməsi, öz zəhməti, istedadı ilə deyil, başqasının əməyini mənimsəməklə rütbə, vəzifə alması ciddi korrupsiyadır. Bir alim ki, illərlə ar­xiv­lər­də, kitabxanalarda oturub tədqiqat aparmadı, dis­ser­tasiya yaz­ma­dı, bir mənbədən üzünü köçürməklə və ya tərcümə etməklə alim oldusa, demək o alimliyə sax­takarlıqla gəldi. Sizcə o, saxtakarlıqla mübarizə apa­rarmı? De­mək o özü də şəraitdən asılı olaraq saxtakarlığa şərait ya­radacaq. Sax­ta­kar­lı­ğa göz yumacaq, çünki özü bu yol­la gəlib. Kor­rup­siyanı çox vaxt dar mənada başa düşürlər. Bu təkcə kiminsə öz məqsədinə tez çatması üçün digərinə pul verməsi deyil. Bir addım və ya iki addım sonra hər mənada pozuntu, rüşvətə, saxtakarlığa gətirib çıxarır. Ona görə Almaniya kimi bir cəmiyyətdə məlum olanda ki, filan adam nazir olub və dissertasiyasında plagiat aşkarlanıb, deyir­lər ki, o, bu vəzifəyə saxtakarlıqla gəlib. Demək, o, işin­də də bunu davam ede bilər. Ona görə o, məsul dövlət və­zi­fəsində çalışa bilməz. Bunun fəlsəfəsi budur.

Bizdə, Azərbaycanda isə pla­giat hadisəsi elliklə ya­yı­lıb. Dis­­­­­ser­tasi­ya­la­rın bir qismi bunun üzərində qurulur. Bizim ingilis dilində çap olunan “Xəzər” humanitar və sosial elmlər jurnalımıza (”Khazar Jurnal of Humanites and Social Sciences”) dünyanın hər tərəfindən daxil olan məqalələrin öncə plagiat olub-olmadığını yoxlayırıq. Bizim üçün birinci iş məqalənin plaqiat olmaması, ikinci iş isə onun key­fiy­­yətidir. Əgər həmin məqalədən bir neçə cümlə belə başqa bir yerdən götürülübsə, biz onu müəyyən edə bilirik. Plagiat varsa biz həmin məqaləni düşünmədən geri qaytarırıq. Plagiatlıq bizim Elmlər Akademiyası sistemində, ali məktəblərdə geniş yayılıb. Sanki bunun qarşısını almaq üçün mərkəzi komissiyalar düzəldilir. (əslində mərkəzləşmə haki­miy­yət dava­sı­dır) Hər sahədə mərkəzləşdirmə – qə­bul, işəgötürmə, təyinat mərkəzləşdirmələri inkişafın zi­yanınadır. Orada pozuntu da, rüşvət də, tapşırıq da olur. Məsələn, rektorların dünyada təyinatı necə olur? Heç də hər yerdə dövlət universitetlərinə rektoru hökumət təyin etmir. Dövlət univer­si­tet­lə­rinin böyük qəyyumlar, himayəçilər şurası və ya ida­rə heyətindən ibarət qurumu var. Bu qurum hökumət adam­ları, universitetə kömək edən iş adamları, universitetin məşhur məzunları, elm və incəsənət xadimlərindən ibarətdir. Həmin idarə heyəti müsa­bi­qə aparır, rektoru tapır və təyin edir. Rek­tor ona hesa­bat verir. Rektor icraçıdır. Əsas orqan isə idarə heyətidir. Rektor yaxşı işləməsə, onu çıxarıb yerinə başqasını seçirlər. Biz də rektor təyin olunur və Təhsil Na­zir­i onu vəzifəsindən azad edə bilməz.

Bizim ida­rə­et­mə sistemimiz və nəzarət mükəmməl deyil. Düşünürəm ki, hansı təhsil ocağında vəziyyətin necə olmasını hökumət məndən qat-qat yaxşı bilir. İstənilən təhsil ocağında hökumət nəzarətçiləri var – istər özəl olsun, istərsə də dövlət təhsil ocağı. Bilirlər ki, tələbədən “orta”, “yaxşı” və “əla” qiymət üçün nə qədər rüşvət alırlar. Hökumət özü də rüşvətin yayıldığını, onun miqdarını bunu deyir. Deməli, deyə-deyə tədbir görülə bil­mirsə, bu­nun səbəbi odur ki, idarəetmə sistemi düz qu­rul­ma­yıb. İstəyirlər rüşvət olmasın, amma həll edə bil­mir­lər. Belə bir çıxılmaz vəziyyət alınıb.



Tədqiqatlar zəif gedir

- Hər il dünya üzrə universitetlərin reytinqi açıq­­la­nır. Nə üçün Azərbaycan universitetləri həmin siyahıya düşə bilmirlər?

- Reytinq incə məsələdir. Əvvəla, çox cürbəcür reytinqlər var, yəni yeganə, tək bir dənə reytinq yoxdur. Müxtəlif təşkilatlar tərəfindən həyata ke­çi­rilən onlarla reytinq mövcuddur və onlar universitetləri müxtəlif isti­qa­mətdə dəyərləndirirlər. Ən dəqiq, ciddi ölçən reytinq təş­ki­latları əsasən ali məktəbləri elmi səviy­yə­sinə görə öl­çür­lər. Çünki, hesab olunur ki, elm ali məktəbin ən vacib göstə­ri­ci­dir. İki­ncisi, elmin və alimin gücünü doğ­ru­dan­ da müəyyən dərəcədə öl­ç­mək olur. Amma key­fiyyətli dərsi, tədrisi ölçmə çətindir. Düzdür, bunun da müəyyən ölçmək üsulları var. O yerdə ki, rey­tinq­lər ancaq elmin səviyyəsinə görə ölçülür və elmin sə­viy­yəsi birinci dərəcəlidir, Azərbaycan uni­ver­si­tetləri orada yuxarı yer tuta bilmirlər. Çünki bizdə hal hazırda elm so­vet dövründə olduğundan xeyli zəifdir.

Sovet dövründə elm nüfuzlu sahə idi. İnsanlar yaxşı riyaziyyatçı, fizik, bioloq, kimyaçı və s. olmaq istəyirdilər. İndi isə insanlar daha çox yaxşı iş adamı olmaq istəyirlər. İndi qabiliyyətli adamların böyük əksəriyyəti dok­to­ran­turaya daxil olmur, onlar gedib xaricdə magistr dərəcəsi alır və yüksək maaşa böyük şir­kə­tlərdə işləyirlər. Onlar elmə eh­ti­yac duy­mur­lar. Elmə gələnlərin böyük bir hissəsi ən istedadlılar de­yil, 2, 3 və 4-cü eşa­lon­dur. Ən istedadların böyük his­səsi elmə gəl­mir. Gələndə də onlarla məşğul olan sə­viyyəli alimlərin sayı cox azdır. Hazırda Azər­bay­can­da çox sahədə səviyyəli elmi rəhbər tapmaq sadə iş deyil. Çünki sovet dövründə yetişən əsil alim­lər qocalıblar. Yeni nəsil güclü alimlər də yetişməyib. Elmlər Akademiyamız da zəifdir. Universitetlərin özündə də tədqiqatlar zəif gedir.

Əlbəttə, dünyada bizim Elmlər Akademiyası kimi mər­kəzlər yoxdur. Avropa, Amerika, Yaponiya kimi öl­kələrdə akademiyalar tamam başqa prinsiplə qu­rulur. O yerlərdə akademiyalar külli miqdarda elmi-tədqiqat institutlarından ibarət deyil. Elmi təd­qi­qat­ların hamısı universitetlərdə aparılır. Aka­de­mi­ya isə alim­lərin cəmiyyətidir. Onlar orada elmi meyillərini, təd­qi­qatların nəticələrini dəyər­lən­di­rir, müzakirə edirlər. Onlar elmdə ən yük­sək nəticə göstə­rənləri üzv seçir, müka­fat­lan­dırır, həvəsləndirirlər.

Bizim akademiya çoxlu elmi tədqiqat institut­larından ibarətdir. Əgər 200, 300, 500 alim orada işlə­yir­sə, onlardan, məsələn, yalnız 4-5-i yüksək səviyyəli alimdir. Əgər normal alim varsa onlara şərait yaradıb yüksək maaş vermək lazımdır ki, o da gecə-gündüz oturub tədqiqatını aparsın, daha 5-6 yerdə çalışmasın. Bizdə bu sahədə – həm elmin, həm də təhsilin təşkilində islahata ehtiyac var.

Bizdə “yox” deməyi sevirlər

- Dərsliklərlə bağlı çoxlu iradlar səslənir. Hər il dərs­lik­­lərin və müəlliflərin dəyişməsi nə ilə bağ­lı­dır?

- Dərslikdəki problemlər də təhsil siyasətinin düzgün qoyu­l­ma­ması ilə bağlıdır. Hər şeyin kökünü ax­tarmaq lazımdır ki, təhsildə filan sahə niyə zəifdir? Mə­sə­lən, sovet dövründə dərsliklər əsasən o dövrün öz sis­te­minə uyğun qurulmuşdu. Məsəln, 6-cı sinif­də həndəsədən cəmi bir dərslik vardı. Həmin dərsliyi ən güclü alimlər, pedaqoqlar yazırdı. Dərslik dəfələrlə mü­zakirə olunurdu və nəticədə sınanmış, elmi və pedaqoji cəhətdən yaxşı bir bir dərslik alınırdı ki, bəlkə də ondan yaxşısını yazmaq asan iş deyildi. Digər milli xarakter daşıyan dərsliklər - ədəbiyyat, tarix-onlar da bir qədər dövlətin ideologiyasını əks et­dir­məklə sanballı alimlər tərəfindən yazılırdı. Sonra hə­min dərsliklər təkmil­ləş­diril­ir­di. Hər nəşrdə xırda nöqsanlar aradan qaldırılırdı. Mər­kəz­ləşdirilmiş sistemin mərkəzləşdirilmiş tədris siyasəti var idi.

Başqa bazar iqtisadiyyatı olan inkişaf etmiş ölkə­lər­də deyirlər ki, kim istəyir dərslik yaz­sın. Dərsliklər yazılır, alimlər, pedaqoqlar həmin dər­s­lik­ləri ciddi qiymətləndirirlər. Bizdə isə bu sistem də düzgün qu­rul­mayıb. Görünür, bizdə kitab yazmaq istəyən mü­əl­lif­­lərin seçilməsində yax­şı təkliflər az olur. Məsələn, 10 dərslik əvəzinə ortaya 2-si qo­yulur. Nəticədə orta­da bir dərslik qalır və o da key­fiy­yət­li olmur. Burada da hə­min korrupsiya məsələsi ortaya çıxır. Məlum olur ki, hə­min dərsliklərin xey­li hissəsi köçürülüb, özü də yaxşı kö­çü­rülməyib. Kö­çürən də onu yaxşı başa düşməyib, bir az da tərs yazıb. Dili də bia­bır­çı­dır. Uşaq da, müəllim də oxu­yur və onu başa düşmür. Hər tərəfdən onu tənqid edirlər. Kita­bın da ortaya çıx­ma­sında müəyyən məsul, vəzifəli adam­ların əli ol­duğu üçün “yaramır” demək əvəzinə, müdafiə et­mə­yə başlayırlar. Bir tərəf kəskin hücum edir, digər tərəf də “kitabda nöqsanlar olar, biz onları aradan qal­dır­ma­lıyıq” deyir. Harada ki, bu və ya digər dərəcədə po­zun­tuya yol verilir, o cümlədən orta məktəb dərs­lik­lə­ri yaxşı yazılmır, orada keyfiyyət aşağı düşəcək.

- Texniki-peşə məktəblərinin fəaliyyətinin ar­tı­rıl­ma­sı­na nə qədər lüzum var?

- Bu sahədə böhran bəlkə orta və ali məktəbdən daha bö­yük­dür. Sovet dövründəki peşə məktəbləri o dövr üçün möv­cud olan peşələri yetişdirirdi. Hər dövrün öz peşələri var və onlar dəyişir, məzmun dəyişir, tələbat dəyişir. Bu gün yeni sənətlər əmələ gəlib. Mə­sə­lən, hər idarəyə kompyuter operatoru lazımdır. Vacib de­yil ki, kompyuter operatoru gedib 4 il ali məktəbdə oxu­sun. Onu bir-iki ilə də hazırlamaq olar. Və yaxud bir qay­naq­çını da qısa vaxtda yetişdirmək olar. Onlar gedib ali tə­h­sil­lidən də yaxşı qazana bilərlər. Mən düşünürəm ki, peşə təh­sili mütləq böyük istehsalat müəssisələri ilə bir yerdə hə­ya­ta keçirilməlidir. Köhnə sistem çökdü və bu yenidən ya­ran­malıdır. Yenidən yaranmasının isə bir neçə üsulu var. Am­ma yenə də burada qarşıya sədlər çəkilir. Ümumiyyətlə, bizim təh­sil sistemində “yox” deməyi sevirlər. Əgər mən peşə təhsili sis­te­mi qurmaq istə­yi­rəm­sə, elə bir yer yoxdur ki, məsələnin həlli üçün ona mü­ra­ciət edə bilim. Deyirlər, bunun üçün icazə almalısan. Kim­dən icazə almalısan, bilinmir. Yazacaqsan, icazə vermirlər. Bir tərəfdən bu sahəni yenidən yaratmaq la­zı­m­dır, digər tərəfdən yenisini yaratmaq üçün yol açıq deyil, yol yoxdur. Bu­na nəinki icazə verməlidirlər, əksinə, xahiş etmə­li­dir­lər. Dünyada belədir. Mənim kimi bu işin əhəmiy­yə­ti­ni ba­şa düşən və bacaran adamlar var. Amma heç kəs bu­nu hə­ya­ta keçirə bilmir.



- Sonuncu sualım. Yaxşı alim olmaq asandır, yox­sa ya­x­­şı mütəxəssis?

- Hər ikisi çətindir. Məncə yaxşı insan olmağa ça­lış­maq an­la­yışı yoxdur. İnsan sadəcə yaxşı olur və ya olmur. Ümu­mi­y­yətlə, insanların çoxu demək olar ki, pis deyillər. Sa­də­cə, o mühit, sistem insanları əzir, özü­­nə tabe edir. Həyatın çə­tinlikləri və şərait içdən yax­şı olan insanı dəyişdirir. Çünki yaşamaq üçün ona bu və ya başqa cür hərəkət etmək lazımdır. Bizi sıxan bu sistemin səd­dini keçib, öz için­dəki yaxşılığı tam saxlaya bi­lən adamlar çox güclü olmalıdırlar. Be­lə­lə­ri az olur. Sis­­temin məh­du­diy­­yət­lə­ri onlara təsir elə­mir. Bu, böyük da­xili güc, ener­ji tələb edir. Mən hə­mişə deyirəm ki, in­san­la­rın çoxunu çox qı­na­maq olmur. Onlar sadəcə, ətraflarında for­malaşmış sistemin içində yaşayırlar. Sistemi sındırıb çıxmağa gücləri çatmır. Yaxşı mütəxəssis olmaq üçünsə ye­nə də insanın içindəki daxili enerji, saflıq, ehtiras gətirib mü­təxəssisə çıxarır. Çünki o insan nələrdənsə əl çəkməli, baş­qaları üçün nemət hesab olan şeylərə göz yummalıdır. O, öz mövcudluğunu, xoşbəxtliyini başqa bir şeydə, öz peşəsində gö­rəcək. Bu da çətin işdir. Ancaq bunlar bir-biri ilə bağlıdır. Gö­rünür ki, içdə olan enerji, mənəviyyat birləşib bir sis­te­mə çevrilə bilir...

Təranə Məhərrəmova,

“Kaspi” qəzeti



12-13 fevral 2013-cü il
Yüklə 57,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə