Kassasiyanın hədləri Ənnağı Hacıbəyli



Yüklə 132,08 Kb.
tarix18.02.2018
ölçüsü132,08 Kb.
#27152

Kassasiyanın  hədləri

Ənnağı Hacıbəyli

Ümumi qeydlər. Başlıq şərti və mübahisəli olsa da, onun nəyi bildirdiyi bir qədər sonra oxucu üçün aydınlaşacaq. Söhbət ondan gedir ki, kassasiya instansiyası məhkəməsi mülki işlərə, Konstitusiya Məhkəməsi (bundan sonra – KM) fərdi şikayətlərə baxarkən hansı məsələləri araşdıra, sonda nə məzmunda qərar çıxara bilər.

Bu məsələ həm qanunvericilik, həm də məhkəmə praktikası kontekstində çox mübahisəlidir və mütəxəssislərin fikrincə, Ali Məhkəmənin kassasiya qaydasında və KM-in fərdi şikayətlər üzrə çıxardığı qərarların təxminən 80 faizində (bəziləri iddia edir ki, hətta demək olar bütün qərarlarda) kassasiyanın hədləri barədə qanunvericiliyin tələbləri pozulur. Məhkəmələr səlahiyyət həddini aşaraq faktoloji məsələlərə baş vurur – işin hallarının sübut olunması, faktiki halların aydınlaşdırılması, sübutların qiymətləndirilməsi ilə məşğul olurlar.

Bu durumun obyektiv və subyektiv səbəbləri var. Bu səbəblər barədə aşağıda geniş danışılacaq. İndilikdə bəzi qeydlərlə yetərlənirəm.

Başlıca obyektiv səbəb qanunvericiliyin qüsurlarıdır - əslində qanunun formal tələblərinə dəqiq əməl etməklə, kassasiyanın hədlərini aşmadan qərar çıxarmaq son dərəcə çətindir.

Subyektiv səbəblər daha çoxdur. Onlardan hələlik ikisini qeyd edirəm – hakimlərin peşəkarlığının gərəkli səviyyədə olmaması, göstəriş və başqa korrupsiya halları ilə bağlı qanuni qərarların ləğv edilməsi və ya qanunsuz qərarların qüvvədə saxlanması.   

Qısa şəkildə qanunvericiliyin qaydalarını xatırlatmaq istərdim.

MPM-in 407.2-ci maddəsi: “Kassasiya şikayətində işin hallarının sübut olunmasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir”.

MPM-in 416-cı maddəsi: “Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”.

MPM-in 386-387-ci maddələri maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədə ifadə olunduğunu müəyyən edir. Bu barədə də bir qədər sonra.

Məhkəmə praktikasında geniş yayılmış hallardan biri də MPM-in 407.2-ci maddəsi, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.2, 34.3-cü maddələrinə istinadla şikayətlərin geri qaytarılmasıdır. Özəlliklə siyasi xarakterli, strateji, mülkiyyət və başqa hüquqların pozuntusu ilə bağlı verilən şikayətlərin xeyli hissəsi icra hakimiyyətinin təsiri ilə geri qaytarılır və nəticədə vətəndaşların konstitusiya hüquqları, o sıradan məhkəmə müdafiəsi hüququ pozulur.

“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.2-ci maddəsinə əsasən AR Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətlərə KM-də baxılmasına aşağıdakı hallarda yol verilir:

1) məhkəmə tətbiq edilməli normativ-hüquqi aktı tətbiq etmədikdə;

2) məhkəmə tətbiq edilməli olmayan normativ-hüquqi aktı tətbiq etdikdə;

3) məhkəmə normativ-hüquqi aktı düzgün şərh etmədikdə.

KM-də işin faktiki hallarının yoxlanmasına yol verilmir (m. 34.3).

Beləliklə, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.2-ci maddəsi əslində MPM-in 386-cı, qismən də 387-ci maddəsini təkrar edir.

Mülki mühakimə icraatı qaydasında kassasiya instansiyası məhkəməsində işlərə baxılması və  konstitusiya icraatının qarşılaşdırılması bəzi etirazlar doğura bilər. Onlar gerçəkdən fərqli institutlardır və mən bunun fərqindəyəm. Onların özəllikləri bu yazının predmeti olmadığından məsələyə ancaq oxşarlıqlar kontekstində yanaşıram. Üstəlik, tədqiqatın predmeti bütövlükdə konstitusiya icraatı deyil, ancaq onun bir hissəsidir – KM-də əsasən mülki işlər üzrə fərdi şikayətlərə baxılması. Ona görə də oxucudan bu prinsipial məqamı nəzərə almasını rica edirəm.

Bundan başqa, populyar rəsmi arqumenti öncədən görüb yuxarıda göstərilən normaların kökünə - Almaniya qanunvericiliyinə və qismən də məhkəmə praktikasına baxmaq istəyirəm.

 

Almaniya qanunvericiliyi. Almaniya Federativ Respublikasının Əsas Qanununun 93-cü maddəsinə əsasən vətəndaşların konstitusiya şikayəti ilə Almaniya Federal Konstitusiya Məhkəməsinə (AFKM) müraciət etmək hüququ var. Məhkəmə qərarlarından verilən konstitusiya şikayətlərinə baxılmasının hədləri bizim bu sahədəki qanunvericiliyin qaydaları ilə oxşardır və hətta daha məhduddur.



AFKM dəfələrlə vurğulayıb ki, o, “əlavə kassasiya instansiyası”, yəni işə baxmış əvvəlki məhkəmənin qərarını hüquqa uyğunluq baxımından tam həcmdə yoxlayan növbəti məhkəmə instansiyası deyil. İcraatın aparılması, işin faktiki hallarının müəyyən olunması və qiymətləndirilməsi, adi hüququn təfsiri və onun konkret işə tətbiqi yalnız işə baxmaq səlahiyyəti olan məhkəmələrin işidir və bu məsələlər yenidən AFKM-də yoxlana bilməz.[1]

Bununla yanaşı, AFKM-in özünü təsvir etdiyi rolla gerçəkdən ciddi şəkildə sınırlaması və ya ayrı-ayrı hallarda iş üzrə səlahiyyətli məhkəmələrin qərarlarına bir növ yuxarı instansiya məhkəməsi kimi düzəliş edib-etməməsi məsələsi hüquq alimləri arasında qızğın mübahisələrin predmetidir.[2]

Almaniya Mülki Prosessual Məcəlləsinin[3] (AMPM) 542-566-cı paraqrafları apellyasiya instansiyasının qəbul etdiyi yekun qərarların yoxlanmasına (Revision) həsr olunub. Qərarların yoxlanmasına apellyasiya məhkəməsinin icazəsi ilə yol verilir. Yoxlamaya iki halda icazə verilməlidir:

1) mübahisə prinsipial baxımdan önəmlidir;

2) reviziya məhkəməsinin qərarı hüququn təkmilləşdirilməsi və ya ədalət mühakiməsinin eyni cür həyata keçirilməsinin təmin olunması üçün zəruridir.

Reviziyaya icazə verilməsindən imtinadan xüsusi (fərdi) şikayət verilə bilər.

Reviziya barədə şikayət yalnız ona əsaslana bilər ki, qətnamə federal hüququn və ya torpağın ali məhkəməsinin fəaliyyət dairəsi ilə sınırlanmayan müddəanın pozulması nəticəsində çıxarılsın.

Hüququn pozulması qanun müddəasının tətbiq edilməməsi və ya səhv tətbiq edilməsidir.

Qanunun (§ 551) tələbinə görə şikayət əsaslandırılmalıdır. Reviziya şikayətinin əsaslandırmasında aşağıdakılar göstərilməlidir:

1) qərarın konkret hansı hissəsindən şikayət verildiyinin izahı və onun ləğvi barədə xahiş (reviziya tələbləri);

2) reviziya şikayətinin əsasları:

a) hüququn pozulduğunu göstərən hallar barədə konkret məlumatlar;

b) reviziya şikayəti icraat barədə qanunun pozulması ilə əsasladırılırsa, pozuntu faktları.

Reviziya şikayəti üzrə cavabdehin qarşılıqlı reviziya şikayəti vermək hüququ var. Qarşılıqlı reviziya şikayəti də yuxarıda göstərilən qaydada əsaslandırılmalıdır.

Şikayətə baxılmasına birinci instansiya torpaq məhkəmələrində tətbiq edilən prosedurlar tətbiq olunur. Barışıq prosedurlarının aparılması tələb olunmur.

Reviziya məhkəməsi ancaq şikayətdə göstərilən məsələləri yoxlayır. Lakin o, tərəflərin göstərdiyi əsaslarla bağlı deyil. Şikayət edilən məhkəmə qərarındakı prosessual pozuntular da yoxlana bilər.

Reviziya məhkəməsi tərəflərin apellyasiya instansiyası məhkəməsinin qərarında və məhkəmə iclas protokolunda göstərilmiş dəlillərini qiymətləndirir. Bundan başqa, reviziya şikayəti icraat barədə qanunun pozulması ilə əsasladırılırsa, ancaq pozuntu faktları nəzərə alınır.

Apallyasiya məhkəməsi qərarının əsaslandırıcı hissəsində hüquq pozuntusu aşkar edilərsə, lakin başqa əsaslarla qərar hüquqa uyğundursa, reviziyadan imtina olunmalıdır.

Qərar ləğv edildikdə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilir. İş üzrə müəyyən edilmiş hallara yalnız qanunun tətbiqi zamanı hüququn pozulması nəticəsində qərar ləğv edilirsə, müəyyən edilmiş hallar yekun qərar çıxarmaq üçün yetərli olduqda reviziya məhkəməsi özü qərar qəbul etməlidir.

Şikayətdə göstərilən prosessual pozuntular önəmli deyilsə, qərar əsaslandırıcı hissə olmadan da qəbul edilə bilər.

Almaniya MPM-in 566-cı paraqrafı birbaşa reviziya adlanır. Birinci instansiya məhkəməsinin apellyasiya qaydasında icazəsiz şikayət verilə bilən yekun qərarlarının reviziyası apellyasiya məhkəməsinə müraciət etmədən şikayətçinin vəsatəti üzrə birbaşa həyata keçirilir. Bu, o halda mümkündür ki:

1) qarşı tərəf apellyasiya instansiyasını keçmədən şikayət verilməsinə razılığını bildirsin;

2) reviziya məhkəməsi birbaşa reviziyaya yol versin.

Birbaşa reviziyaya icazə verilməsinə dair vəsatət və ona əlavə edilən razılıq barədə ərizə apellyasiya formasında şikayət hüququndan imtina sayılır.

Birbaşa reviziyaya da iki halda yol verilir:

1) mübahisə prinsipial baxımdan önəmlidirsə;

2) reviziya məhkəməsinin qərarı hüququn təkmilləşdirilməsi və ya ədalət mühakiməsinin eyni cür həyata keçirilməsinin təmin olunması üçün zəruridirsə.

Birbaşa reviziya prosessual pozuntulara əsaslana bilməz.

Qərar ləğv edildikdə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilir.  

Apellyasiya qaydasında işə baxılarkən reviziya məhkəməsinin verdiyi hüquqi qiymət rəhbər tutulmalıdır.      

Göründüyü kimi, kassasiya şikayəti verilməsinə yol verilən hallar bizim qanunvericiliyə nisbətən daha məhduddur, eyni zamanda şikayətin məzmunu ilə bağlı tələblər daha liberal və praktikdir. Kassasiya (reviziya) şikayətində əsasların genişliyi məhkəməyə imkan verir ki, kassasiyanın hədlərini aşmadan normal qərarlar qəbul edə bilsin. Üstəlik, Almaniya prosessual qanunvericiliyi daha sadə və praktik qayda müəyyən edir: şikayətçi hüququn pozuntusunu göstərməlidir, Reviziya məhkəməsi isə tərəflərin apellyasiya instansiyası məhkəməsinin qərarında və məhkəmə iclas protokolunda göstərilmiş dəlillərini qiymətləndirməklə qərar çıxarmalıdır. Qanunvericilik bizim MPM-in 407.2-ci maddəsindəki kimi sərt və praktikada artıq absurda çevrilmiş qayda qoyub məhkəməni prosessual pozuntuya çəkmir, şikayətçini isə çıxılmaz duruma salmır.

Maraqlıdır ki, istər maddi hüquq normalarının tətbiqi, istərsə də faktoloji məsələlərlə bağlı Almaniya qanunvericiliyi kassasiya instansiyası məhkəməsinin xeyrinə istisnalar müəyyən etsə də, Azərbaycan qanunvericiliyi bu istisnaya ancaq prosessual hüquq normalarının pozulması zamanı yol verir (MPM, m. 386.2). Qalan hallarda qanun məhkəmələri kassasiya şikayətinin həcmi və dəlilləri ilə buxovlayır.             

 

Azərbaycan qanunvericiliyi. MPM-in yuxarıda göstərilən 407.2 və 416-cı maddələrindən başqa mövzu üçün önəmli olan başqa normalar da var. MPM-in 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadına dəyişiklik edə bilər. 417.1.4-cü maddə kassasiya instansiyası məhkəməsinə belə bir səlahiyyət verir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar (seçdirmə mənimdir – Ə.H.) əsasında yeni qərar qəbul etsin.



Əyani olmaq üçün sonuncu səlahiyyətə baxaq.

Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş hallar və sübutlar əsasında qərar çıxarıb. Ali Məhkəmə həmin hallar və sübutlar əsasında başqa cür qərar çıxarırsa, deməli, həmin hallara və sübutlara başqa cür qiymət verir. Bu isə kassasiya instansiyası məhkəməsinin faktoloji məsələlərə girməsi, yəni MPM-in 407.2, 415, 386-387 və başqa maddələrinin tələblərinin pozulması deməkdir. Əslində günah məhkəmədə deyil, daha çox qanunvericilikdədir: faktoloji məsələlərə girmədən apellyasiya instansiyası məhkəməsinin qərarını necə dəyişmək olar? Qanunverici öncə hakimin əl-qolunu bağlayər, sonra isə onu rinqə dəvət edir. Necə deyərlər, “kəsmə, doğra, doyunca ye”.

Başqa bir misal.

MPM-in 419-cu maddəsi kassasiya instansiyası məhkəməsinin qərarında aşağıdakıların göstərilməsini tələb edir:

- işdə iştirak edən şəxslərin istinad etdikləri qanun və normativ hüquqi aktların məhkəmə tərəfindən tətbiq edilməməsinin motivləri, habelə məhkəmənin qərar qəbul edərkən rəhbər tutduğu qanun və digər normativ hüquqi aktlar (m. 419.2.8);

- apellyasiya instansiyası məhkəməsinin aktları ləğv edildikdə apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri (m. 419.2.9);

- iş yeni məhkəmə baxışına verilirsə, yerinə yetirilməli olan hərəkətlər (m. 419.2.11).

Və MPM-in 418.1-ci maddəsi: “Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”.

MPM-in 407.2-ci və başqa maddələrinə əməl etməklə bunu necə eləmək olar? Cavab: Ali Məhkəmə və KM indi necə edirsə, ancaq elə. Başqa cür, demək olar ki, mümkünsüzdür. Ona görə də hər iki məhkəmənin praktikası belə qərarlarla doludur.

Nümunə üçün KM-in bir neçə qərarına aşağıda istinad olunacaq. Öncə KM-in özünün bu məsələdə rəsmi mövqeyinə baxaq.

“A.H.Zalovun şikayəti üzrə Ali Məhkəmənin Plenumunun 1 fevral 2002-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 2004-cü il 21 may tarixli qərarında KM bu məsələ ilə bağlı mövqeyini ifadə edərkən göstərib ki, MPM-in 429.0.2-ci maddəsinə uyğun olaraq Ali Məhkəmənin Plenumunun kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək səlahiyyəti var. Lakin belə dəyişikliklər yalnız işin mahiyyətinə aid olmayan məsələləri əhatə edə bilər. Ali Məhkəmənin Plenumu kassasiya instansiyası məhkəməsinin qərarına ancaq o halda dəyişiklik edə bilər ki, aşağı məhkəmələr işin faktiki hallarını tam müəyyən etsinlər və işin hallarının yenidən araşdırılmasına, sübutların yenidən qiymətləndirilməsinə və ya əlavə sübutların araşdırılmasına ehtiyac olmasın. Kassasiya instansiyası məhkəməsi işin faktiki məsələlərini araşdıra bilməzdi. Buna görə Ali Məhkəmənin Plenumu da işin faktiki hallarına istinad etməklə kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik edə bilməzdi.

Birinci instansiya və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq kassasiya və əlavə kassasiya məhkəməsinin işin mahiyyəti üzrə qərar çıxarmaq səlahiyyəti yoxdur. İşə əlavə kassasiya qaydasında baxılarkən Ali Məhkəmənin Plenumu ilkin icraat zamanı işin hallarının hərtərəfli və düzgün müəyyən edilmədiyini və əlavə sübutları qəbul etməyin və qiymətləndirməyin zəruri olduğunu müəyyən edərsə, onda Plenum Ali Məhkəmənin qərarını, eləcə də Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv etməli və işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərməlidir. Başqa sözlə, Ali Məhkəmənin qərarında məhkəmə səhvlərini aşkar etdikdə Ali Məhkəmənin Plenumu işin mahiyyəti üzrə qərar çıxara və aşağı məhkəmənin qərarını ləğv edə bilməz, MPM-in 429.0.3-cü maddəsinə əsasən onun vəzifəsi işi Apellyasiya Məhkəməsinə göndərməkdir.[4]

 

İndi isə KM-in bəzi qərarlarına baxaq və görək o özü bu qaydalara necə əməl edir.



 

... Hərbi qanunvericiliyin tələblərinin yerinə yetirilməsini sübut etmədən Z.İsmayılovun iş yerindən cəbhə bölgəsinə ezam edilməsi və bununla bağlı müəyyən dövr ərzində onun hərbi hissədə qalması və rabitənin təşkil olunması vəzifəsinin icrası zamanı hərbi xidmət keçməsi və hərbi qulluqçu statusu daşıdığı kimi qiymətləndirilməsi mümkün deyildir.

Konstitusiya Məhkəməsi hesab edir ki, Z.İsmayılovun iddiasına dair mülki iş üzrə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib-etməməsi böyük əhəmiyyətə malik olan bir hal kimi çıxış etsə də, bu məsələ ümumi yurisdiksiyalı məhkəmələrdə yuxarıda göstərilən hüquq normaları baxımından lazımınca araşdırılmamışdır (Zülfüqar İsmayılovun şikayəti üzrə Qərar, 2007-ci il 9 iyul).

 

...birinci instansiya məhkəməsi işə baxarkən mülki qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli torpaq üzərində Xudat bələdiyyəsinin mülkiyyət hüququnun olub-olmamasını və həmin sahənin K.Bünyatovun mülkiyyətində olmasına dair sonuncunun irəli sürdüyü dəlilləri araşdırmamışdır.



Konstitusiya Məhkəməsinin Plenumu mülki işin ədalətli və qanunamüvafiq həlli üçün iddiaçı tərəfindən apellyasiya şikayətində irəli sürülmüş bu dəlillərin mahiyyətinə toxunmayaraq, qeyd edir ki, apellyasiya qaydasında işə baxılarkən ərizəçinin apellyasiya şikayətində irəli sürdüyü həmin məqamlara heç bir qiymət verilməmişdir (K.Bunyatovun şikayəti üzrə Qərar, 2007-ci il 27 dekabr).

 

Apellyasiya instansiyası məhkəməsi isə bu iş üzrə Konstitusiya və mülki-prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməyərək, R.Salamovun iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair dəlillərini müzakirə etməmişdir (Rasim Salamovun şikayəti üzrə Qərar, 2007-ci il 30 oktyabr).



 

İşə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə zidd olaraq mübahisəli alqı-satqını bağlanmış hesab etməyə əsas verən halları tam, hərtərəfli araşdırmayaraq, yalnız şahid ifadələrinə əsaslanmaqla qarşılıqlı iddianı təmin etmişdir.

Birinci instansiya məhkəməsi Ə.Əsgərovun mübahisəli mənzili 1982-ci ildə X.Cavadovadan aldığını, onların arasında faktiki olaraq alqı-satqının aparıldığını, lakin sonuncunun ölümünə görə həmin əqdin rəsmiləşdirilmədiyini müəyyən etmişdir.

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməlidir (Rafiq Cavadov və başqalarının şikayəti üzrə Qərar, 2007-ci il 29 iyun).

 

M.Bayramovun həyətyanı torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsinə dair mülki işə baxan məhkəmələr ... mübahisəli torpaq sahəsinin onun istifadəsində olmasının qanuni əsaslarına hüquqi qiymət verməmişlər. Eyni zamanda, məhkəmələr ərizəçinin irəli sürdüyü iddia tələbinin, sonradan isə kassasiya şikayətinin R.Axundov adına sovxozun direktorunun R.Feyruzova torpaq sahəsinin ayrılmasına dair 01.09.1995-ci il tarixli, 26 saylı əmrin verilməsinə səlahiyyətinin olub-olmaması barədə dəlilinə münasibət bildirməmişlər (Müşfiq  Bayramovun şikayəti üzrə Qərar, 9 iyun 2011-ci il).



 

Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 23.09.2008-ci il tarixli qətnaməsində ... mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə dair irəli sürülmüş dəlillərin əsaslılığının və bu halların mülki prosessual qanunvericiliyinə görə məhz iddiaçnın üzərinə sübüt etmə vəzifəsi kimi qoyulması məsələsinə diqqət yetirməmişdir (Temuraz Mənsurovun şikayəti üzrə Qərar, 5 dekabr 2011-ci il).

 

Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilib-bilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır.



...İşə baxmış məhkəmələr ... mübahisəli mənzildə digər şəxslərin qeydiyyatda olub-olmamasının və olduğu halda onların özəlləşdirməyə razılıq verib-verməməsinin göstərilməməsinə münasibət bildirməmişlər. Məhkəmələr V.Ozerovun məhkəmə araşdırılmasının bütün mərhələlərində mübahisəli mənzilin özəlləşdirilməsi haqqında yalnız ona qarşı məhkəmədə iddia qaldırılarkən bilməsi barədə dəlilinə, mənzil özəlləşdirilərkən V.Ozerovun razılığının olub-olmamasını bilmədiyi barədə İ.Ozerovanın nümayəndəsinin etirafına və V.Ozerovun razılığının verilməsinə dair arxivdə hər hansı bir sənədin olmaması barədə Reyestr xidmətinin nümayəndəsinin məlumatına hüquqi qiymət verməmişlər.

Məhkəmələr kommunal və istismar  xərclərinin ödənilməsi barədə bildiriş və qəbzlərə istinad etsələr də, bu sənədlərin mənzilin özəlləşdirilməsini təsdiq etmədiyini nəzərə almamış və ərizəçi tərəfindən bu sənədlərin alınıb-alınmaması məsələsinə toxunmamışlar. Bundan başqa, özəlləşdirmə dövründə ... V.Ozerovun müddətli hərbi xidmətdə olduğu birmənalı müəyyən edildiyi halda, məhkəmələr iddia müddətinin axımının başlanılması anını məhkəmə aktlarında göstərməyərək, onun öz hüquqlarının pozulmasını bilməli olması barədə yanlış nəticəyə gəlmişlər (Viktor Ozerovun şikayəti üzrə Qərar, 15 aprel 2011-ci il).

 

Bütün bu misallar və ümumiyyətlə KM-in fərdi şikayətlərə baxılması üzrə təcrübəsi mütəxəssislərdə belə bir sual doğurur: KM neçənci məhkəmə instansiyasıdır?



 

Ali Məhkəmənin praktikası da KM-in fərdi şikayətlərə baxılması üzrə təcrübəsindən müsbət yöndə fərqlənmir.

Xarakterik misal.

 

“Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin  apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir”.[5]



 

Bəs necə qiymətləndirilməlidir, möhtərəm hakimlər? “Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi” nə deməkdir? İstinad olunan sübutları qərarın əsasına qoymaq sübutları araşdırmaq və qiymətləndirmək deyilmi? Nəyə.əsasən siz iddiaçının və ya cavabdehin təqdim etdiyi sübutları mötəbər sayıb onlara istinad edir və həmin tərəfin xeyrinə qərar verirsiniz? “Zərurət”in icrası qanunu pozmağa əsas verirmi? Bu bədnam “istinad” nəzəriyyəsini uydurub qanunsuz qərarlar verincə qanunu dürüst icra etmək və ya onu dəyişdirmək təşəbbüsündə bulunmaq olmazdımı?

 

Göründüyü kimi, KM  və Alı Məhkəmə özəlliklə prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən faktoloji məsələlərə baş vurur, sübutları qiymətləndirir və başqa qanun pozuntularına yol verir. KM-in qərarlarında yer alan “Birinci instansiya məhkəməsi əqdin rəsmiləşdirilmədiyini müəyyən edib”, “mübahisəli torpaq sahəsinin onun istifadəsində olmasının qanuni əsaslarına hüquqi qiymət verməyib”,  əmrin verilməsinə səlahiyyətin olub-olmaması barədə dəlilə münasibət bildirməyib”, “Hərbi qanunvericiliyin tələblərinin yerinə yetirilməsini sübut etmədən ... hərbi qulluqçu statusu daşıdığı kimi qiymətləndirilməsi mümkün deyildir” və başqa cümlələrdə əslində faktoloji məsələlər müzakirə edilir və sübutlara qiymət verilir. Bütün bu hallarda KM “sübutların mahiyyətinə toxunmayaraq KM qeyd edir ki” və bu kimi saman çöplərindən yapışsa da, qanunvericiliyin qüsurları və peşəkarlıq defisiti hakimləri qanunsuzluqdan və “suç keçisi” olmaqdan xilas etmir.



Əks-arqument: KM-in prosessual pozuntuları müəyyən etmək səlahiyyəti var və bunu başqa cür necə etmək olar? Əslində məntiqi sualdır, ancaq ona cavab vermək mənim yox, qanunvericinin hüququ və vəzifəsidir. Eyni uğurla mən də sual verə bilərəm: onda nəyə görə KM və Ali Məhkəmə bir halda şikayətə baxır, başqa halda isə uyğun olaraq 34 və 407.2-ci maddəyə istinad edərək şikayətə baxmaqdan imtina edir?!

Bundan başqa, qanunu adekvat tətbiq etmək mümkün deyilsə, onu pozmaq yox, dəyişmək gərəkdir. Ali Məhkəmədən fərqli olaraq KM-in bu problemi çözmək səlahiyyəti də var (Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 1-ci bəndi, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 32-ci maddəsi). 

Bəlli olduğu kimi, KM-in həll etdiyi məsələlərdən biri də Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğudur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə görə, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1—7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.3-cü maddəsində göstərilir ki, bu Qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının yoxlanmasına yol verilmir.

Durumu dəyərləndirmək və çıxış yolu axtarmaq üçün bir neçə anlayışa baxmaq çox önəmlidir:

1) işin hallarının sübut olunması;

2) məhkəmənin gəldiyi nəticə üçün önəmli bütün faktiki halların aydınlaşdırılmaması;

3) qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması.

İşin faktiki halları – hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və bir qayda olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar - hüquqi və başqa faktlar başa düşülməlidir.

Bu faktlar qanuna uyğun olaraq işdə iştirak edən şəxslərin hüquq və vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına yönəlir.

Bir sözlə, bu hallar iddianın əsasını təşkil edən hüquqi faktlardır.

İddianın əsası – iddiaçının tələblərini əsaslahdırdığı hallardır. İddiaçı subyektiv hüququn və cavabdehin buna uyğun vəzifəsinin yaranması üçün hüquq baxımından önəmli halları sübut etməlidir.

İşin hallarının sübut olunması – hər bir tərəfin istinad etdiyi halları qarşı tərəfin etirazlarını üstələyən dərəcədə isbat etməsidir. 

İşin hallarının sübut olunmaması – iş üzrə faktların qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya mötəbər olmayan, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsidir (MPM, m. 389).

Sübutun mötəbərliyi – onun gerçəkliyə uyğunluğu deməkdir. Tərsinə, sübutun mötəbər olmaması onun gerçəkliyə uyğun olmamasının sübut edilməsidir.

Sübutların aidliyi – məhkəmədə işə baxılması zamanı tədqiq olunmuş, tərəflərin tələblərini müəyyən edən faktlar və hallarla bağlı sübutların qəbul edilməsi və nəzərə alınmasıdır.   

Sübutetmə - məhkəmədə işin hallarının müəyyən edilməsi üzrə fəaliyyətdir.

Sübutetmə predmeti iddianın əsasından dar anlayışdır. Çünki prezumpsiyalar, sübutetmə vəzifəsindən azad etmələr (hamıya bəlli hallar, preyüdisial əhəmiyyətli hallar) və mübahisəsiz faktlar sübutetmə predmetini daraldır.

Sübutetmə predmetinin məzmunu iddiaçı ilə cavabdeh arasında sübutetmə vəzifəsinin bölüşdürülməsi sistemi ilə müəyyən olunur. Məsələn, konkret öhdəlik pozulduqda iddiaçı öhdəliyin mövcud olmasını, məzmununu, pozuntunu sübut etməlidir. Cavabdeh iddianı qəbul etmirsə və ona etiraz edirsə, o, öhdəliyin mövcud olmadığını və ya başqa məzmunda olduğunu, tam və ya qismən icra edildiyini, əvəzləşdirmənin olmasını, başqa öhdəliklə əvəz edildiyini, yaxud icranın mümkünsüzlüyünü və s. sübut etməlidir.

Cavabdehin iştirak etmədiyi işlərdə (qiyabi icraat, əksər xüsusi icraat işləri və s.) sübutetmə vəzifəsi tam həcmdə iddiaçının üzərinə düşür.

Məhkəmənin gəldiyi nəticə üçün önəmli bütün faktiki halların araşdırılmaması[6] – apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən başqa faktiki halların müəyyən edilməsidir (MPM, m. 388).

Qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması – məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi deməkdir (m. 390).

İşin faktiki hallarının yoxlanması – hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və bir qayda olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar - hüquqi və başqa faktların araşdırılması və qiymətləndirilməsidir.

Bəlli olduğu kimi, kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri MPM-in 416-cı maddəsində müəyyən olunub: “Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”.

Bunun nə demək olduğu MPM-in 386-387-ci maddələrində göstərilir.

MPM-in 386-cı maddəsi maddi hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə anlayış verir: “Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.   

MPM-in 386-cı maddəsi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini qətnamənin ləğv edilməsi üçün o halda əsas sayır ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Maddə kobud pozuntu hallarını da sadalayır.

Kassasiya məhkəməsi bu halları aşkar edərsə, şikayətin dəlillərindən asılı olmayaraq qətnaməni ləğv etməlidir.

Oxşar qaydalar KM-də işə baxılarkən də tətbiq edilməlidir.

Konstitusiyanın 127-ci maddəsinin II hissəsində deyilir: “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”. “Hakimlər işlərə faktlara əsasən baxırlar” müddəası KM və Ali Məhkəmə hakimlərinə də aiddirmi? Cari qanunvericiliyə inansaq, aid deyil. Bəs onda faktoloji araşdırmalara əsasən çıxarılmış qərarlar Konstitusiya pozuntusu deyilmi? Deməli, bu baxımdan da kassasiyanın hədləri problemi aktualdır və onun həlli vaxtı çoxdan çatıb.  

 

Çıxış yolu varmı? Nəhayət, gəlib çıxırıq durumdan çıxış yollarına.



Ümumiyyətlə, problem asan həll olunan problem deyil və heç bir ölkədə onun mübahisəsiz həlli variantı tapılmayıb. Lakin bizdəki duruma haqq qazandıracaq normal arqument də yoxdur. Ona görə də durumun dəyərləndirilməsi və çıxış yolunun tapılmasına ciddi ehtiyac var. Onlar çeşidli ola bilər. Hər bir halda kassasiya şikayətinin məzmunu (MPM, m. 407.2), kassasiya instansiyası məhkəməsində və KM-də işə baxmanın hədlərini nizamlayan normalara yenidən baxılmalı və onlar təkmilləşdirilməlidir.

Kassasiyanın hədlərini müəyyən edən normalarda (MPM, m. 416, 386, 387 və s.) bu problemin həll edildiyini iddia etmək olar. Ancaq təəssüf ki, həmin normalar da qanunvericilikdəki bütün problemləri çözmür və qanunsuz praktikanın qarşısını ala bilmir.  

MPM-in 407.2-ci maddəsinin məcəllədə bu məzmunda saxlanması qanunsuz praktikaya rəvac verir. O elə məzmunda ifadə edilməlidir ki, qətnamənin dəyişdirilməsi və yeni qətnamə çıxarılması hallarında kassasiyanın hədlərini gözləmək mümkün olsun. Qanun (MPM, m. 417.1.4) ikinci halda yeni qətnamə çıxarılmasını yalnız hüququn tətbiqi məsələsi ilə məhdudlaşdırır və onun sərhədlərini “müəyyən edilmiş hallar və sübutlar”la qapayır. Kassasiya və əlavə kassasiya məhkəmələrinin qanuna uyğun sayıla biləcək qərarları yalnız bu sərhədləri aşmayan qərarlardır.

Bu kontekstdə yanaşdıqda MPM-in 407.2-ci maddəsi ilə 417.1.4-cü maddəsi arasında hakimə ciddi problem yaradacaq cətinlik görünmür. Lakin 417.1.2-ci maddə (qətnamə və ya qərardadda dəyişiklik etmək) sərhədsiz olduğundan məhkəmə təcrübəsində daha çox anarxiya yaradır. Görünür, qanunda birmənalı göstərilməlidir ki, “müəyyən edilmiş hallar və sübutlar əsasında” qərar çıxarmaq şərtinə burada da mütləq əməl edilməlidir.

 

 

Rezüme



 

Məqalə kassasiya instansiyası məhkəməsində və Konstitusiya Məhkəməsində işə baxmanın hədlərinə həsr olunub. Müəllif kassasiyanın hədləri ilə bağlı Azərbaycan qanunvericiliyinin müddəalarını Almaniya qanunvericiliyi ilə müqayisədə təhlil edir. Azərbaycan Respublikası MPM və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun uyğun maddələrinin kassasiya məhkəməsində və KM-də işə baxmanın hədlərinə həsr olunmuş normalarındakı boşluq və ziddiyyətlər analiz edilir. Bu zaman məhkəmə təcrübəsindən gətirilən misallar əsasında qeyd edilir ki, əksər işlərdə kassasiyanın hədləri aşılır, məhkəmələr faktoloji məsələləri müzakirə edir, sübutları qiymətləndirirlər və s. Bu isə kassasiyanın hədləri ilə bağlı normaların pozulması deməkdir. Müəllifin fikrincə, qanunsuz praktikanın qarşısını almaq üçün qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.

 

Резюмэ


 

Данная статья посвящена пределам рассмотрения судебных дел в порядке кассационного и конституционного производства. Автор проводит сравнительный анализ законодательства Азербайджанской Республики в области пределов кассационного разбирательства с действующим законодательством Германии в данной сфере. В частности анализируются пробелы, коллизии и противоречия, существующие  в соответствующих статьях ГПК и Закона «О Конституционном суде» АР, регулирующих порядок рассмотрения дел в кассационной инстанции и Конституционном суде. В статье  логически выводится  умозаключение, основанное на конкретных примерах из судебной практики, что в большинстве случаев пределы кассационного разбирательства не придерживаются, суды при рассмотрении дел выясняют фактические  данные, оценивают доказательства, а также рассматриваются другие вопросы,  не относящиеся к компетенции кассационной инстанции,  что является в свою очередь нарушением норм, регулирующих пределы кассационного разбирательства.

По мнению автора в целях предотвращения незаконной практики существует острая необходимость в совершенствовании законодательства в данной области.

 

İstinad mənbələri



 

Azərbaycan Respublikasının Konstitusiyası

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

“Konstitusiya Məhkəməsi haqqında” Qanun.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərarlarının toplusu. “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2008.

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərar və qərardadları (Azərbaycan və ingilis dillərində). Bakı, “Qoliaf Nəşriyyat Evi” MMC, 2011.

Almaniya Federativ Respublikasının Konstitusiyası.

Almaniya Mülki Prosessual Məcəlləsi

“Almaniya Federal Konstitusiya Məhkəməsinin seçilmiş prinsipial əhəmiyyətli qərarları”. Bakı, 2008.

“Azərbaycan dilinin izahlı lüğəti”. Dörd cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2006.


[1]   “Almaniya Federal Konstitusiya Məhkəməsinin seçilmiş prinsipial əhəmiyyətli qərarları”. Bakı, 2008, s. 11.

[2]   Yenə orada, s. 12

[3]   1877-ci il yanvarın 30-da qəbul edilib (1950-ci il 12 sentyabr tarixli redaksiyada).

[4]   Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərarlarının toplusu. “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı, 2008, s. 421-428.

 

[5]    Elşad İbrahimovun işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2012-ci il 6 mart tarixli qərarı. İş № 2 (102) – 728/12. Bu qərarın “Hüquq məsələləri” adlanan 3-6-cı vərəqləri “istinad” nəzəriyyəsi əsasında “zərurət”in icrasına həsr olunub – faktlar və sübutları uzun-uzadı sadalayan hakimlər “yuxarıda göstərilənlərə əsasən” apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayırlar. Ali Məhkəmənin demək olar bütün qərarları bu məzmunda və qaydada tərtib olunur.



[6]  MPM-in 407.2-ci maddəsində və 388-ci maddəsinin mətnində işin faktiki halların aydınlaşdırılmamasından, 388-ci maddəsinin adında isə işin faktiki hallarının araşdırılmamasından danışılır. Bu maddələrin təfsiri belə deməyə əsas verir ki, qanunverici bu halda həmin sözləri sinonim kimi işlədir. Əslində bu sözlərin çeşidli çalarları var və yaxşı olardı ki, onlardan biri işlənsin. “Araşdırmaq” feli axtarmaq, yoxlamaq deməkdir. “Araşdırma” isminin tədqiqat anlamı da var. “Aydınlaşdırmaq” – aydın etmək, aşkar etmək, müəyyən etmək, bəlli etmək, açmaq, izah etmək deməkdir (“Azərbaycan dilinin izahlı lüğəti”. Dörd cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2006, c. 130, 178).

 
Yüklə 132,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə