Kənd məSCİDİ



Yüklə 51,49 Kb.
tarix06.02.2018
ölçüsü51,49 Kb.
#26226


KƏND MƏSCİDİ

(Hacı Molla Abdulla məscidi)



Kənd məscidi şərq tərəfdən görünüşü
Horadiz kəndində Hacı Molla Abdulla məscidi – kəndin tən mərkəzində kənd xəstəxanası ilə üz-üzə, keçmiş Sovet idarəsi ilə Mədəniyyət evi binaları arasında yerləşir.

1890-cı ildə bu məscidi öz dövrünün varlı və nüfuzlu şəxsiyyəti sayılan Hacı Molla Abdulla inşa etdirmişdir. Məscid şərq memarlığı üslubunda tikilən əsl sənət əsəridir. Məscidin binası məhşur memar Kərbalayi Səfixan Qarabaği tərəfindən tikilmişdir.

Məscidin giriş qapısının üstündəki kitabədə yazılıb; “Səbəb bina Hacı Molla Abdulla”.

Məscidin qapı ətrafı haşiyədə ərəbcə kitabədə yazılıb; “Səbəb bina Hacı Molla Abdulla əhli-məscid iltimas dua darəd”.

Bundan başqa Axund otağının pəncərəsinin üstündə 4 ədəd dairə şəkilli daş kitabədə yazılıb: 1.“Memar bina Kərbalayi Səfixan Qarabaği”, 2. “La İlahə İlləllah”, 3. “Mühəmmədin Rəsulillah”, 4.“Əliyyən Vəliyullah”.

Biz bu yazıları uşaq vaxtı dəfələrlə görsək də, bilməzdik ki, burada nələr yazılmışdır. Hacı Molla Abdulla təmənnasız olaraq Horadiz müsəlmanları üçün tikdirib, indi o, bu fani dünyada yoxdur, ancaq onun bizlər üçün tikdirdiyi yadigarı olan məscidi durur. Allah ona rəhmət eləsin! Sovet sistemi bunları bizlərə unutdurmağa çalışırdı və məscidimizi kolxozun taxıl anbarına çevirmişdi, həm də qapıları daima bağlı idi.




Məscidin cənub-şərq tərəfdən görünüşü
Məscidin plan quruluşu kvadrat şəklindədir. İçi qeyri sim­metrik­dir ki, bu da qadınlar üçün nəzərdə tutulmuş ikinci mərtəbə­dəki pəncərələrin və onun alt tərəfindəki birinci mərtəbədəki köməkçi otağın böyük götürülməsi ilə əlaqədardır. Baş fasaddakı plyastırlar üzərində dördbucaqlı həndəsi füqurlar var.

M




Teyyub Həsənov
əscidin əsas girişi, baş fasadı ağ fonda yerləş­di­ril­miş oxvari çat­ma tağlı portal tə­rəf­­dədir. Məscidin interyeri elə işlən­mişdir ki, yayın cırhacır istisində buraya daxil olan hər kəs sərinliyin şahidi olur. İbadət zalına 9 ədəd tağı tavanın mərkəzində qoyulmuş 4 ədəd səkkizbucaqlı sütun saxlayır. Onlar öz düzülüşü ilə ibadət zalını 3 hissəyə ayırır. Zaldakı oxvari tağbəndlər künbəzlərlə eyni konstruktiv mövqe daşıyır. Ümu­miy­yətlə Hacı Molla Abdulla məscidi yüksək intellekt və istedadın məhsuludur. Məscidin uzunluğu 18 metr, eni 14 metr və hündürlüyü 6 metrdir. 2 qapısı və 10 pəncərəsi vardır. İbadət zalı 144 kvm-dir, qadınlar üçün ibadət zalı 2-ci mərtəbədə, qapısı yan tərəfdə minarənin yanındadır. Axund zalı 21 kvm, giriş qapısında 12 kvm ölçüdə foyesi vardır. Məscidin bəzi dizaynı 1907-ci ildə tamamlanıb.

1987-ci ildə kənd ağsaqqalları və din­dar­ları adından Teyyub Əyyub oğlu Həsənov Qafqaz Müsəlmanlar İdarəsinin Şeyxülislamı - Allahşükür Paşazadəyə Horadiz kəndindəki Hacı Molla Abdulla məscidinin təmirə ehtiyacı olduğunu və məscidin taxıl anbarı kimi istifadə edildiyini, həm də məscidin açılmasına yaxından kömək göstərməsini xahiş edib. Məktuba müsbət cavab gəlir.

Eyni zamanda Teyyub Əyyub oğlu, kənd ağsaqqalları və ziyalılarla, həmçinin kənd fəalları ilə məsləhətləşəndən sonra, “İnam” cəmiyyəti yaratdı. O, “İnam” cəmiyyəti adından o dövrdə kolxoz sədri işləyən Əkrəm Mehdiyevə müraciət edir ki, kənd məscidindəki taxılı başqa bir yerə köçürülməsini, boşaldılmasını və məscidin kənd möminlərin ixtiyarına verilməsinə kömək etsin. .

Sonralar Horadiz qəsəbəsində eyni adlı “İnam” cəmiyyəti oldu­ğuna görə, adını dəyişib: “İmamzadə” xeyriyyə və abadlaş­dırma cəmiyyəti yaradıldı.

Əkrəm Mehdiyev bu müraciətlə razılaşaraq, tezliklə məscidi boşaltdırıb, kənd camaatının sərəncamına qaytarır.



Məscidin bərpasında iştirak edənlər
Sovet rejimi dövründə “Aşura” mərasimi Güney “Hacı Novruz məscidi”-ndə keçirilirdisə, indi isə ilk dəfə bu şərq üslubunda tikilən “Hacı Molla Abdulla məscidi”ndə keçirildi.

1988-ci ildə Teyyub Həsənovun təşəbbüsü və “İmamzadə” cəmiyyətin yardımı ilə məsciddən – İmam Pirinə qədər torpaq yola çınqıl-daş tökdürərək, bu torpaq yolu abadlaşdırdı. Məscidin dam örtüyünü ağ sinklənmiş dəmirlə təmir etdilər.

1992-ci ildə məscidin sol yanındə Minarə tikilib istifadəyə verdilər və minarə səsgücləndirici ilə təmin edildi. Minarənin giriş qapısının üstündə, yerdən 5 metr hündürlükdə ərəb əlifbası ilə yazılıb: “Səbəb bina camaat və səyi Teyyub ibn Əyyub. Memarı Nəbi və Xəlildir”.

Hacı Molla Abdulla məscidinin bərpası, abadlaşdırılması və İmam Pirinə gedən yola yenidən çınqıl-daş töküb sahmana salın­masında iştirak edən bütün şəxslərə “Allah kömək olsun” deyirik! İnşallah öz doğma “Hacı Molla Abdulla məscidi”nə ibadətə qayıdacağıq! Amin!!!




KƏND KLUBU BİNASI

(Keçmiş və yeni binası)

Keçmiş kənd Sovet idarəsi – kəndin mərkəzində, Qarağan təpənin simalında, keçmiş Kolxoz idarəsinin qərbində, yan-yanaşı olan və biri-birinə oxşar binada yerləşirdi. Bu binaların eyni usta tərəfindən tikildiyi görünürdü. Binanın şərq tərəf hissəsində Sovet idarəsi yerləşirdi və qərb yarım hissəsində isə 200 nəfər tutan zalı, kino qurğusu, 20 metr uzunluğunda kino və teatr tamaşa zalı vardı.

Bundan əlavə o binanın 80 kvm ölçüdə eyvanında yay vaxtları konsert və teatr tamaşaları verilərdi. Bu binanın sahibi, kəndimizin ən varlı adamlarından olan Nəriman Məmmədov olmuşdur. Nəriman kişi var-dövlət sahibi olmuş və öz kəndinin iqtisadiyyatını qaldırmaq üçün Rusiyadan mazutla işləyən, gündüzlər taxıl üyüdən, axşamlar isə kənd evlərinə elektrik işığı verən dəyirman gətirib, Namazalı kəhrizin yaxınlığında quraş­dıraraq istifadəyə vermişdir. Bundan başqa Fransadan gətirdiyi barama qəbul edən və ondan ipək sapı alan aqreqat maşın alıb gətirib kənddə quraşdırmışdı.

Onun kəndimizdə neçə-neçə dükanları var imiş. Heyif ki, Nəriman kişi represiyanın qurbanı oldu.

Onun oğlu Zakir Məmmədov isə atası həbs olunduqdan sonra dünyaya gəlir. Dayıları onu Bakıya gətirir və ona gələcəkdə ləkə dəyməsin deyə onun soy adını dəyişdirib Zakir Bağırov qeyd etdirirlər.

Zakir Bağırov uzun müddət, 18 il fasiləsiz olaraq Azərbaycan SSR-in Mədəniyyət Naziri vəzifəsində çalışmışdır.




Əfsər, Məzahir, Vidadi, Fazil və Cəbrayıl Əmirovlar klubda növbəti konsert zamanı
Fazil, Əfsər Əmirovlar və müğənni İlham Məmmədov

məşq zamanı
Keçmiş Sovet idarəsi buradan köçəndən sonra, köhnə binanı sökərək, onun yerində yeni müasir formada 300 yerlik kino-teatr zalı, oyun və əyləncə otağı tikilir. Onun qarşısında isə yay kino-teatrı tikilib istifadəyə verilir.

Bu klubun müdiri Ağayev Əbil Muxtar oğlu mütəmadi olaraq klubda özfəaliyyət dərnəyinin köməyilə kənd zəhmətkeşlərinin qarşısında konsertlər və tamaşalar təşkil edərdi.

Burada həmişə özfəaliyyət kollektivlərin məşqləri keçirilərdi. “Ailə” Əmirovlar ansamblın bədii rəhbəri Əfsər – tarda, Veysəl – kamanda, Cəbrayıl – qarmonda, Məzahir – gitarada, Fazil – nağarada və Vidadi – qoşa nağarada ifa edərdilər.

Müğənnilər: İlham Məmmədov və Tehran Əmirovun oxuduğu mahnıları alqışlarla dinləyərdilər. Xüsusilə İlham Məmmədovun “Qarabağ şikəstəsi”-ni gurultulu alqışla qarşılayardılar.

Bundan başqa bu klubda oyun zalı (şahmat, nərd, domino, bilyard, tennis) fəaliyyət göstərirdi.

QURBANIN ABİDƏSİ

“Qurbanın abidəsi”– Horadiz Mədəniyyət evinin binası qarşısında, Qarabağ Müharibəsi zamanı şəhid olmuş həmyerlimiz Qurban Hüseyn oğlu Namazalıyevin şərəfinə qoyulmuşdur.



Qurban Namazalıyev 1947-ci il 17 noyabrda Horadiz kəndində anadan olmuşdur. Orta məktəbi öz doğma kəndində 1965-ci ildə bitirmişdir. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun, inşaat-mühəndis fakultəsini bitirib və iş fəaliyyətini Bakı şəhəri 4 saylı Tikinti Trestində usta, sahə rəisi, iş icraçısı, baş mühəndis vəzifə­silərin­də çalışıb. 1978-86-cı illər Nazirlər Sovetinin tikinti şöbəsin­də, 1986-91-ci illər Naftalan şəhər Sovetinin sədri vəzifələrində işləmişdir. Qurban Namazalıyev 1991-ci ilin avqust ayından Azər­bay­can Melorasiya və Su Təsərrüfatı nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Qarabağ müharibə döyüşləri zamanı Ağdam şəhərinə dövlət tərəfindən nümayəndə kimi göndərilmişdir.

1991-ci il noyabrın 20-də Ağdamdan Qarakəndə Mİ-8 hərbi vertalyotla bir qrup Dövlət nümayəndələri ilə birlikdə uçarkən vertalyotu vurulmuş və şəhid olmuşlar.

Horadiz kənd kolxozuna və Horadiz kənd orta məktəbinə - Qurban Namazalıyevin adı verilmişdir. Onun xatirəsini əbədiləş­dirmək üçün Mədəniyyət evinin qarşısında 1992-ci ildə abidə büstü ucaldılmışdir. 1993-cü ildə Horadiz kənd orta məktəbi qarşısında büstü qoyulmuşdur.



Allah bütün şəhidlərimizə rəhmət eləsin!...

MƏDƏNİ TÖVLƏ

Mədəni tövlə - Dəli çayla, Fərəcanlı və Kərbala Babaş dərəsi arasında, Fərəcanlı dərəsinə gedən yolla, Ağayev Cümşüd Misir oğlunun evinə qədər sahədə yerləşirdi.

1954-cü ildə kolxoz sədri işləyən Vəli Əli oğlu Rzayevin təşəbbüsü və köməyi ilə bu geniş sahədə, kolxozda olan 1000 baş sağmal inəklər üçün “Mədəni tövlə” tikilib istifadəyə verdilər. Mədəni tövlədə süd texniki surətdə və aqreqatlarla sağılırdı. Burada olan 1000 baş inəklərdən ildə 400-450 ton süd dövlətə təhvil verilirdi.

Tövlə ətrafında heyvanların qış ehtiyatı üçün 5 ədəd silos equyuları, kəpək ambarı, ot tayaları var idi.

1965-ci ilə qədər kolxozda bu tövlədə 100-dən çox at ilxısı saxlanılırdı. Həmin il kolxoz sədri Suruş Fərhadovanın sərəncamı ilə bütün kolxoz atları ət kombinatına təhvil verildi.

Bundan başqa burada süd emalı sexi var idi. Qabaqlar bu sexdə yağ və pendir çəkərdilər ki, onu da kolxozçulara əmək günü hesabına bölərdilər.

1957-ci ilin payızında Atam mənə dedi ki;- oğlum sabah kolxoz əmək haqqına yağ bölərək verəcəklər gedib alarsan.

Səhərisi gün 5 kq-lıq biton götürüb getdim Güney məhəllədə olan kolxozun anbarına, anbardar Həmid Ağalar oğlu Soltanov idi. Məni görcək dedi ki; - O nədir gətirmisən qabın balacadır, sizə 29 kq yağ düşür, get iri qab gətir. Mən qayıtdım evə 30 kq-lıq süd bitonu, qonşunun eşşək arabasını alıb gəldim anbara və gördüm ki, xeyli növbə var. Elə bu vaxtı Məhərrəm Alı oğlu Novruzov da gəldi yağ almağa. Həmid kişi bunu görcək Məhərrəm kişiyə dedi;- eşitmişəm sən yağ içənsən, sənə ərinmiş yağ versəm içərsən?

Məhərrəm kişi dedi; - “Bəli içərəm”.

Həmid kişi dedi;- Ancaq, bir şərtim var.

Dedi;- O nə şərtdir?

Həmid kişi dedi;- Sənə 8 kq yağ düşür və mən sənə 4 kq ərinmiş yağ verəcəyəm, əgər içə bilsən 8 kq yağını da verərəm apararsan, yox hərgah içə bilməsən 8 kq payından məhrum olacaqsan.

Məhərrəm kişi razı oldu və Həmid kişi 4 kq yağı çəkənə qədər Məhərrəm kişi məni göndərdi ki, Göyçək xalan(Həmidin arvadı) təndirdə çörək bişirir, ondan 2 çörək alıb gətirərsən. Mən çörəyi alıb gətirənə kimi Məhərrəm kişi 4 kq yağı içdi və üstündən də 2 isti təndir çörəyini yedi.

Həmid kişi dedi;- Bu hələ hesab deyil, indi sənin yağını verib səninlə gedəcəyəm sizə, yoxlayacağam, əgər davam gətirə bilməsən 8 kq yağı səndən alacağam. Razılaşdılar və qoşa getdilər.

Bir müddət gözlədikdən sonra Həmid kişi gəlib çıxdı, növbə gözləyənlər onun gec gəlməyinə gileylənirdilər.

Həmid kişi dedi;- “Bu Məhərrəm necə adamdır, hələ evə gedən kimi Aynanın bir qazan dovğasını da içdi, bu lap möcüzədir!”

Ondan sonra yağımızı alıb evə yollandıq.

MƏİŞƏT EVLƏRİ

Məişət evləri – kəndimizdə iki məişət evi vardı.



I – Məişət evi - Əziz kişinin bərəsindən 50 metr aşağıda, şosse yolun üst tərəfində fəaliyyət göstərirdi. Burada ən böyük həcmli yer Eyvaz Xanlar oğlu İbişovun “Qarışıq mallar” dükanı var idi. Maqazində ərzaq və sənaye malları satılırdı. Onun iki satıcısı vardı: Nobat Aqil qızı Əliyeva və Amaliya Əhəd qızı Ağayeva işləyirdilər.

Eyvaz bu maqazində elə qanun-qaydanı yaratmışdı ki, həmişə səliqə-səhman hökm sürürdü, vitrinlərin düzülüşü, qiymətləri də hər malın üstündə göstərilirdi və ilk baxışdan şəhər maqazinlərinə oxşayırdı. Alıcılar buradan həmişə razılıq edirdilər, çünki burda yüksək xidmət göstərilirdi və pulun qalığı qəpiyinə qədər qayta­rılırdı.

Eyvaz İbişov kənd sakinlərinə göstərdiyi yüksək mədəni xidmətə görə alıcıların təşəkkürünü və minnətdarlığını qazanmaqla bərabər, rəhbərlik tərəfindən də, dəfələrlə qiymətləndirilib.

Ona “SSRİ Ticarət əlaçısı” fəxri adı verilmişdir. X Beşilliyin “Əmək Zərbəçisi” və “Sosializm yarışı qalibi” döş nişanlarına layiq görülmüşdür. Fəxri fərmanlarla və diplomlarla mükafatlandırılmış, Moskvada və Bakı şəhərlərində, Azərbaycan ticarətçilərinin və qabaqcılların müşavirələrinin iştirakçısı olmuşdur.

Bundan başqa bu Məişət evində, bərbərxana da fəaliyyət göstərirdi. İşləyənlər: - Əhməd Nüsrəddin oğlu Məhərrəmov; Əli Nəcəf oğlu Qurbanov. Ayaqqabı təmir ustası – İbrahim Şurya oğlu Məmmədov işləyirdi. Məişət evinin yanında da “Çayxana” fəaliyyət göstərirdi çayçı – Bəhlul Eldar oğlu İsmayılov işləyirdi. Həmçinin burada qəssəbxana da fəaliyyətdəydi – qəssab Vəliyev Qürbət İsmayıl oğlu idi.

II – Məişət evi - Qarağan təpə ilə keçmiş kolxoz idarəsi (Tanrıverdinin evi) arasında tikilmiş bina idi. Bu məişət evində: Qadın və kişi dərzi ustaları, qadın və kişi bərbərləri, çəkməçi usta, şəkil çəkən, çayçı və xeyir-şər üçün kirayə fəaliyyət göstərirdi.

Bu məişət evinin müdiri: - Məmmədov İlham Həsən oğlu.

Aşağıdakı işləyənlər fəaliyyət göstərirdilər:

Kişi dərziləri: - - 1. İlham Həsən oğlu Məmmədov;

2. Hüseyn Mehralı oğlu Əliyev.

Qadin dərziləri: - 1. Çiçək Əli qızı Bağırova;

2. Sərfinaz İdris qızı Xələfova;

3 Roza Muradxan qızı Quluyeva;

4. Məxmər Əli qızı Bağırova.

Kişi bərbərləri: - - 1. Məhəmməd Əsəd oğlu Abdullayev;

2. Ayaz Şuriya oğlu Məmmədov.

Qadın bərbəri: - - -1. Aygün Abbas qızı Əliyeva.

Çəkməçilər: - - - - 1. Tahir Fərzalı oğlu Əliyev;

2. Qəfər Muxtar oğlu Əliyev.

Şəkil çəkən: - - - - 1. Teyyub Əyyub oğlu Həsənov.

Kirayəçi: - - - - - - 1. Nüşabə Akif qızı Cəfərova.

Çayçı - - - - - - - - 1. Aydın Həsən oğlu İsmayılov.

Məişət evinin işçiləri kənd sakinlərinə xidmət göstərirdilər.


OCAQ TİRƏSİ

Ocaq tirəsi – Hacı Rüstəm dərəsindən cənuba, Babı novundan şərqə tərəf olan təpəlikdə Ocaq piri kimi qeydə alınmışdır.

ocaq”“pir”, din və ev anlamında işlənir. “tirə” sözü – nəsil, qəbilə, soy, arx kənarına tökülən, bir qədər yüksək yer, yüksəklik və sairə mənalarda işlənir.

Ocaq tirəsi – müqəddəs tapınaq, yel xəstəliyi olanlar üçün ziyarət hesab edilir və yüksək təpənin başında yerləşir.

Yusif Səttar oğlu Mediyev öz şəxsi hesabına 1970-ci ildə bu ocağın ətrafında təmir işləri aparıb və abadlaşdırıb.
RADİO VƏ TELEFON QOVŞAĞI

Radio qovşağı – kəndin mərkəzində “Qarağan təpə”-də fin evində 1956-cı ildən fəaliyyət göstərirdi. Radio qovşağına – mütəxəssis Novruzov Məmməd Bayramalı oğlu rəhbərlik edirdi. O,gözəl insan və işini mükəmməl bilən bir şəxsiyyət idi. Kəndimizdə demək olar ki, hər evdə radio qurğusu var idi. Bütün günü Azərbaycan radiosunun verilişlərini dinləyirdik. Bundan əlavə “Danışır Məmməd” deyərək kənd əhlinə yeni məlumatları, kənd klubunda kino filmlərin elanını, kolxoz idarəsində iclasları, sədrin son tapşırıqlarını və mədəniyyət evində olan teatr və konsertlər haqqında xəbərləri çatdırır və futbol reportajlarını verilirdı.

Həmin ildə kəndimizdə telefon və komutator qurğuları gətirildi və demək olar ki, 50-dən çox evlərə, xəstəxanaya, Sovet və kolxoz idarəsinə, məktəbə və digər strateji obyektlərə telefon aparatları quraşdırıldı. Kənddə və rayonda və respublikanın telefonları ilə əlaqə üçün mütləq komutatorla mümkün olurdu. Komutator qurğusunda Əhmədova Məhbubə, Hüseynova Nənəş və sonralar Güllü Ağayeva işləyirdilər. Sonralar kənddə telefon avtomatlaş­dırma sisteminə keçirildikdən sonra, 200-ə qədər evlərə telefon çəkildi və hər kəs öz evindən istənilən beynəlxalq şəhərlərə zəng vura bilərdi. Bunların hamısına Məmməd Novruzov rəhbərlik və nəzarət edirdi.
SUBAY MAL TÖVLƏSİ

Subay mal tövləsi – Araz arxı ilə, Qozlu çay kəsişməsinin qərb tərəfində yerləşən obyektdir. Əvvəllər bu yerdə traktor qarajı və Fin evi vardı. 1980-cı ildə traktor qarajı Dərə ağzına köçürüldü və sonra burada subay mallar üçün 3 ədəd tövlə tikib 300-ə qədər subay malı gətirərək burada yerləşdirdilər.

Bundan əlavə fin evində mala baxanlar üçün istirahət otağı və gözətçi – Həsənçə Hüseynovun otağı nəzərdə tutulmuşdu. Subay malların yemlənməsi üçün 5 ot tayası var idi.
SU DƏYİRMANI

Su dəyirmanı – Horadiz kəndindən 5 km cənubda, kəndin üzüm sahələrinin yanında, Qozlu çayın sağ kənarında, ərikli bağın şər­qində, Bakı – Naxçıvan dəmir yolunun 500 metr şimalın­dadır.

Bu dəyirman 24 saat ərzində 1000 kq taxıl üyütməyə qadirdir və üyütdüyü taxılı ancaq bir növ un olurdu və ondan bişirilən çörək olduqca gözəl və iyi çox-çox uzaqdan adamı çəkirdi.

Qabaqlar dədə-babalarımızın dediyinə kənd sakinləri öz taxıllarını üyütmək üçün dən daşlarından, həvəkdəstədən, kirkiradan istifadə edərdilər. Sonralar su dəyirmanında taxıl üyütməyə başladılar.

II Dünya müharibəsi ərəfəsində bizim kənd dəyirmanı işləmədiyinə görə qonşu kəndlərə, əsasən Qorqan kəndinin dəyirmanına gedərdilər. O vaxtları aclıq olduğundan dəyirmana az miqdarda taxıl aparardılar, təqribən 1 pud (16 kq) ya 2 pud, bu isə gedib-gəlmək, üyütmək, üyütmə haqqı verməklə az miqdarda un gətirib evə çıxararmışlar, ya da ki, quldurlar əllərindən alarmış.

1943-53-cü illər kolxoz sədri işləyən Fərhad Şükür oğlu İs­mayılov kənd zəhmətkeşlərinin bu ağır vəziyyətini görərək 1946-cl ildə and içir: “Mən Şükür oğlu Fərhad olmaram, əgər bu kənddə bir su dəyirmanı tikdirməsəm”.

Andına əməl edərək, mütəxəssislərlə məsləhətləşir və belə qərara gəlirlər ki, Araz arxı altında, Qozlu çayın yanında su dəyirmanı qurulsun. Belə də edirlər. Araz arxından dəyirmana qədər tökmə torpaq tokürlər və onun üstünə betonla kiçik arx çəkib suyunu dəyirmana yönəldib işə salırlar. Dəyirmanla Qozlu çay arasında 10-a qədər Qovaq(Ərəl) ağacları əkilmişdi, Dəyirmanı ilk işlədən Mehdiyev Əliş Kərbala Məmi oğlu, sonralar isə Hüseynov Həsənçə olub. Bu dəyirmanı tikdirib başa çatdıranlara və onu işlədənlərə - Allah rəhmət eləsin! Yaxşı əməllər heç vaxt yaddan çıxmır!..

Qeyd: - 1956-cı ildə bu dəyirmana 20 kisə buğda apardım və axşam saat 20.00-dan səhər saat 10.00 qədər, səhərə kimi dayanmadan, gözlərimi qırpmadan tamam buğdanı tək başına üyütdüm və maşınla gətirdim evə. O vaxtı mənim 16 yaşım vardı və atam əlini kürəyimə vurub dedi: - “İndi mənim davamçım var!” Özümü o an dünyanın ən xoşbəxt insanı sandım.


YENİ SOVET İDARƏSİ

Təzə sovet idarəsi – Orta kənd məhəlləsində, kənd Məscidi ilə Mədəniyyət evi arasında, 1980-cı illərdə o zaman kənd Sovet sədri işləyən Həbib Kazımovun təşəbbüsü ilə tikilmişdir. Bina kürsülü olaraq bir mərtəbəli tikilmişdi. Binanın uzunluğu 25 metr, eni isə 20 metr olub, geniş və işıqlı otaqlardan ibarətdir.



Bu binada əmanət kassası fəaliyyət göstərirdi.

POÇT MƏNTƏQƏSİ

Poçt məntəqəsi – Kəndin mərkəzində, Qarağan təpə məhəlləsi­nin şimal tərəfində, fin evində yerləşirdi. 1955-59-cu illər yaradılan poçt məntəqəsinin müdiri Hilal Əliyev (Musabəyli kəndindən) və 1959-61-ci illər Sarxan Süleymanov oldu. 1961-ci ildən Məhəm­məd­əli (Məhiş) Bayrış oğlu Vəliyev rəhbərlik etməyə başladı. Kənd­də poçtalyon işləyənlər: - Süleyman İbişov, Məhəmməd Məmmədov, Vəli İsmayılov, Hüseyn Hüseynov, Murad Sultanov, Ümüd Həsənov və Akif Qəmbər oğlu üzərilərinə düşən vəzifə­lərindən əla gəlirdilər. Uzun illər öz vəzifəsinin öhdəsindən bacarıqla istifadə edən Məhiş kişi bütün kənd əhlinin hörmətini layiqincə qazanmışdı. Belə ki, məktubları, banderolları, pul köçür­mələri, pullu göndərişləri vaxtlı-vaxtında öz sahiblərinə çatdırılma­sına yardımçı olurdular. Bundan başqa təqaüdlərin, maaşların öz vaxtında verilməsini təmin edirdilər.
Yüklə 51,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə