KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   2   3   4   5   6   7   8   9   10   ...   40

19 
 
İkinci  şəkil  başlanmışdı.  Səhnədə,  papiros  tüstüsündən  dumanlanmış  Paris 
kafelərindən birində əyyaşların qadınlarla əyləndiyi göstərilirdi. Orkestrdən qopan 
oynaq ahəngli musiqi sədaları bu dəqiqə kiminsə ortaya atılıb, rəqs edəcəyini xəbər 
verirdi. 
Bayaqdan  lojada  arxada  oturmuş  o  dilavər  qız  indi,  nə  üçünsə  lap  qabağa 
keçib narahat halda ayaq üstə dayanmışdı. Özü də hər şeyi unudaraq bütün diqqəti 
ilə səhnəyə baxırdı. Bu vaxt kafeyə kiminsə gəldiyini görən fransalılarda fövqəladə 
bir şənlik yarandı, çəpik vuruldu. 
“− Ey... italiyalı şansanetka!..” 
“− Sərxoşların ruhunu oxşayan çevik rəqqasə!..” 
“−  Bizim  “Tarantello”  üçün  kalvados  gətirin!”  –  deyə  yerbəyerdən  qarışıq 
səslər ucaldı. 
Sinəsi,  qolları,  dizləri  açıq,  sarı  paltarda  olan,  pərişan  saçları  çiyinlərinə 
səpələnmiş girdə sifətli, cazibədar gözlü bir qaraçı qızı şaqraq qəhqəhələrlə kafeyə 
girdi; ərköyün addımlarla stolların arasında gəzişdikdən sonra fransalılardan birinə 
yaxınlaşıb  dayandı  və  razılıq  almadan  onun  qabağındakı  şərab  dolu  qədəhi 
götürərək  başına  çəkdi.  Fransalı  cənab  əsəbi  halda  yumruğunu  stola  vurub  “Sən 
kimsən?!” – deyə ucadan soruşanda, qız əllərini əda ilə sağrılarına qoydu, çiyninin 
üstündən etinasız, qıyqacı baxışlarla onu süzərək cavab verdi: 
“−  Mən  hələ  cocuq  ikən  Romada  atadan-anadan  yetim  qalmış  ərköyün  bir 
qaraçı  qızıyam.  “Tarantello”  rəqsi  ilə  şəhərlər,  ölkələr  adlayaraq  Fransaya 
gəlmişəm.  İndi  isə  Parisin  küçələrində,  kafelərində,  kabarelərində  sərxoş  kişiləri 
əyləndirən kimsəsiz, şıltaq bir şansanetkayam!..” 
Qaraçı qızı bu sözləri deyən kimi paltarının  ətəklərini qaldırıb, sağ ayağını 
zərblə  döşəməyə  vuraraq  yerində  fırlandı  və  məşhur  “Tarantello”  italyan  rəqsinə 
başlayınca, hər tərəfdən üstünə pul, təşəkkür, öpüş yağdırıldı. Eyni zamanda həm 
səhnədə, həm də tamaşa zalında qopan gurultulu alqışlar teatrın divarlarını titrətdi. 
Sərdar  da,  Əkrəm  də  əl  çaldı.  Lakin  yanlarındakı  qız  hərəkətsiz  dayanmışdı,  çox 
düşüncəli idi. 
... Fasilə zamanı Sərdar bir papiros çıxarıb, lojanı tərk etdi. Əkrm də qalxdı, 
üzünü qıza tutaraq gülümsəyə-gülümsəyə dedi: 
−İnadkarlıq yaxşı şeydir, ancaq ... yerində. 
Qız  uzun  qara  kirpiklərini  qaldırıb  qıyqacı  Əkrəmi  süzdü,  sonra  ibarəli 
cümlələrlə cavab verdi: 
−Məlumunuz  olsun  ki,  mən  bu  teatrın  aktrisasıyam  –  bu  bir!  Srağagün 
tamaşanın daxili baxışında iştirak etmişəm – bu iki! Üçüncüsü... 
Əkrəm onu yarıda kəsib, əllərini yuxarı qaldırdı: 
downloaded from KitabYurdu.org


20 
 
−Üçüncüsü – mən təslim! 
−Bəs o, “təmizürəkli, dəliqanlı dostunuz?” 
−Onun da rəyini öyrənib, sizə deyərəm. 
Qız üşüyürmüş kimi sinəsini qucaqladı və tuflilərinin dabanlarını döşəməyə 
döyəcləyərək soruşdu: 
−“ Tarantello” rəqsi xoşunuza gəldi? 
−Çox  gözəldir!  Düzü,  mən  lap  valeh  oldum!  –  deyə  söhbətə  mövzu 
tapdığına  sevinən  Əkrəm,  qızın  getməyə  hazırlaşdığını  görüb  tez  əlavə  etdi:  − 
Yəqin tənəffüsdən sonra yenə bu lojada oturacaqsınız, eləmi? 
−Xeyr! 
−Nə üçün? 
−Bu gün mənim ad günümdür, evdə qonaqlarımız var, tələsirəm. 
−Sizi yaxından tanımasam da, təbrik edirəm. Böyük, ağıllı qız olasınız. 
−... 
O çıxmaq istəyəndə Əkrəm səsi qırıla-qırıla dilləndi: 
− Təəssüf ki, çox tez gedirsiniz... 
Qız  qapının  dəstəyindən  yapışdı,  nə  fikirləşdisə,  bir  an  yubanıb  gülə-gülə 
Əkrəmə baxdı: 
−Sabah gündüz bu tamaşada mən də oynayacağam. Maraqlansanız, buyurub 
gələ bilərsiniz. 
−Hansı rolda? 
−Qaraçı qızında. “Tarantello” rəqsində! 
 
Ertəsi  gün  Əkrəm  dostunu  teatra  aparmaq  üçün  onu  nə  qədər  dilə  tutdusa, 
yola gətirə bilmədi. 
−Mübahisədə uduzmuşuq. O qızı görsəm, qanım qaralacaq. Gərək yaxınlaşıb 
təqsirimi boynuma alam. Xasiyyətimə bələdsən – onu da mən bacarmayacağam. 
Əkrəm isə əsl həqiqəti gizlətsə də, dünənki cavan aktrisanın “Tarantellonu” 
necə oynayacağı ilə maraqlandığını bəhanə edərək, hökmən teatra getmək istəyirdi. 
Saat on ikiyə hələ xeyli qalmış o, özünü səliqəyə salıb evdən çıxdı. Əslində 
Əkrəm bir şeydən nagüman idi. Bilirdi ki, bir para şıltaq təbiətli qızlar yeri düşəndə 
sadəqəlbli  oğlanları  aldatmaqdan  xoşlanırlar.  Ancaq  nə  etməli,  yarıkönül  də  olsa, 
ayaqları onu çəkib teatra aparırdı. 
Qadın  gözəlliyi  gənclik  üçün  hörümçək  toruna  oxşar  bir  tilsimdir.  Hərcayi 
ehtirasın hökmü ilə o tora düşməyə məhkum edilən günahsız müqəssirlər sonradan 
iztirabları, işgəncələri görcək, oradan yaxa qurtarmağa can atsalar da, bacarmırlar. 
downloaded from KitabYurdu.org


21 
 
Əkrəm  zala  girəndə  istər-istəməz  əvvəlcə  dönüb,  dünən  əyləşdikləri  lojaya 
baxdı.  O,  tamaşanın  proqram  vərəqəsindən  bu  gün  “Tarantello”nu  oynayacaq 
aktrisanın adını da oxuyub öyrənmişdi – Yeganə. Lakin doğrudanmı Yeganə o qız 
idi, yoxsa... 
Hər şey bir azdan aydınlaşacaqdı. 
Keçib yerini tutduqdan sonra Əkrəm, nə üçünsə, səbəbini özü də bilmədən, 
gələcək  həyatı  barədə  fikirləşdi.  Bu  il  o,  universitetin  fizika  fakültəsini  bitirib, 
astronomiya elminin ardınca gedəcək, rəsədxanalarda tədqiqat aparacaqdı; göylərin 
əlçatmaz, qaranlıq dərinliklərində yeni işıqlar – ulduzlar axtarıb tapacaqdı. 
Anası Cavahir ona neçə yol demişdi: 
“  −  Ay  bala,  bu  gün-sabah  dərsini  bitirib  bir  qulluqdan  yapışacaqsan. 
Maşallah, hər şeyi başa düşürsən... Daha qədim zəmanə deyil ki, mən durum sənə 
qız  axtarım.  Bax,  gör,  kimi  xoşlayırsan,  ya  gedək  qapılarına  hərisini  alaq,  ya  da 
özünüz dilbirləşin, toyunuzu edək... Utanma, əgər qıraqda-bucaqda gözaltın varsa, 
de, biz də işimizi bilək. Mənim ömrümə çox etibar yoxdur, hay-hayım gedib, vay-
vayım qalıb. Heç olmasa, nəvə nübarının dadını görüm...” 
Anasının bu sözlərinə Əkrəm haqq qazandırırdı. Bir azdan o, işə başlayanda 
xəstə  arvad  həftələrlə,  aylarla  tək  evdə  necə  qalacaqdı?  Axı,  onun  bircə  oğuldan 
savayı heç kəsi yox idi. Düzdür, Əkrəmin xalası hərdən gəlib Cavahirə baş çəkirdi. 
Ancaq bu qayğıya da həmişəlik ümid etmək olmazdı. 
Bəli, deyəsən, subaylığın daşını atmaq, ailə qurmaq vaxtı yetişmişdi. 
Əkrəm  kiçik  yaşlarından  atasız  böyüsə  də,  ehtiyac  çəkməmişdi.  Qabarlı 
əllərinin zəhməti ilə, alnının təri ilə halal çörək qazanan Mirqasım kişi onlar üçün 
iki göz otaqdan ibarət mənzil, səliqəli həyət-baca və az-çox vəsait qoyub getmişdi. 
Sonralar  isə  anası  Cavahir  dərzilik  etməklə  oğlunu  oxutdurub,  boya-başa 
çatdırmışdı.  Hələ  yeri  düşəndə  Əkrəmin  təqaüdündən,  özünün  maaşından  qənaət 
edərək bəzi xırda-para “lazımlı şeylər” də alıb dala atmışdı. 
Eh!.. Doğrudan da, onun boynunda valideynlərinin nə qədər haqq-sayı vardı! 
Bu ülvi, müqəddəs borcları heç bir yaxşılıqla ödəmək mümkün deyildi. 
Əkrəm fikirdən ayrılanda qarşısındakı səhnədə başqa bir həyatın mənzərəsi 
canlandı.  Burada  kübar  təbəqəyə  məxsus  adamlar  ömrün  mənasını  var-dövlətdə 
axtarır,  yaşamağın  nəşəsini  əyləncələrdə,  şərabda  və  ehtiraslı  qadın  dodaqlarında 
görürdü.  Budur,  şahzadələr  sarayını  xatırladan  geniş  otaqda  qıçını  qıçının  üstünə 
aşırıb,  ağ  örtüklü  yumşaq  kresloya  yayxanmış  şişman  gövdəli,  sallaq  buxaqlı  bir 
avropalı  zadəgan,  əylənmək  üçün  yanına  gələcək  xanımın  yolunu  gözləyərək 
ovcundakı qızıl pulları cingildədə-cingildədə deyir: 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə