Китабда истифадә олунмуш әсас мәнбәләр


İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) QARDAŞI MƏHƏMMƏDİN İMAMLIĞINA E’TİQAD



Yüklə 3,56 Mb.
səhifə14/18
tarix21.03.2018
ölçüsü3,56 Mb.
#32683
1   ...   10   11   12   13   14   15   16   17   18

İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) QARDAŞI MƏHƏMMƏDİN İMAMLIĞINA E’TİQAD


Bu insanlar inanırdılar ki, imam Hadidən (ə) sonra onun oğlu Məhəmməd canişin olmuşdur. Onlar imam Həsənlə (ə) imam Hüseyni (ə) istisna edərək, iki qardaşın imam olmasını mümkünsüz sayırdılar.

Onlar Cə’fəri imamət məqamına layiq saymırdılar, onun ədalətsiz olduğunu bildirirdilər.

İmam Həsən Əsgərinin (ə) isə övladı olmadığı üçün imamət məqamına layiq bilmirdilər. Ona görə də bu qrupdan olanlar Cə’fərin və imam Həsən Əsgərinin (ə) yox, onların digər bir qardaşı Məhəmməd ibn Əlinin canişinliyini iddia edirdilər. Bu şəxsin həm övladı olmuşdu, həm də özü ləyaqətli bir insan idi. Bu əsasla da onu imam Mehdi (ə) sayırdılar. Onun diri olduğunu və bir zaman zühur edəcəyini iddia edirdilər.

ON BİRİNCİ İMAMA E’TİQAD


Bir qrup şiə bildirirdi ki, imam Həsən Əsgərinin (ə) vəfatından sonra imamət məsələsi şübhəli qaldığından, Cə’fərin və ya başqa bir şəxsin imam olduğu bilinmədiyindən, şübhələrdən yaxa qurtarmaq üçün imam Həsən Əsgərinin (ə) imamətində dayanmaq lazımdır.

DURĞUNLUQ (FƏTRƏT) DÖVRÜNƏ E’TİQAD


Bir dəstə şiə belə düşünürdü ki, imam Həsən Əsgərinin (ə) imamətindən sonra ilahi höccətlər düzümü arasında fasilə yaranmışdır. Onlar yer üzündə ilahi höccətin olmamasını mümkün sayırdılar. Bildirirdilər ki, həzrət İsa və İslam Peyğəmbəri arasında da ilahi höccət olmamışdır.

Bu insanlar imam Həsən Əsgərinin (ə) dünyasını dəyişməsinə inanırdılar. Sadəcə, ondan sonra kimsənin canişin olduğunu qəbul etmirdilər. Dəlil göstərirdilər ki, həzrət Peyğəmbərdən də sonra bir peyğəmbər gəlməmişdir.

Əvvəldə qeyd etdiyimiz kimi, imam Həsən Əsgəridən (ə) sonra meydana çıxmış bütün bu firqələr zaman keçdikcə on birinci imamın övladı olduğundan xəbər tutdular. Hazırda bu firqələr haqqında yalnız kitablarda yazılmışdır.

DÖRD NAİB («NƏVVABE-ƏRBƏƏ»)


İmam Mehdi (ə) kiçik qeyb dövründə dörd şəxsi özünə xüsusi naib seçib, şiələrə təqdim etmişdir. Bu dörd şəxs əvvəlki imamların səhabələrindən və təqvalı şiə alimlərindən olmuşlar. Dörd naiblə tanış olaq: Osman ibn Səid Əmri, Məhəmməd ibn Osman ibn Səid Əmri, Hüseyn ibn Ruh Növbəxti, Əli ibn Məhəmməd Səməri.

Şiələr bu dörd səfir haqqındakı mə’lumatların əksərini Şeyx Tusinin «Əl-ğeybət» kitabından götürmüşlər. Şeyx Tusi öz növbəsində iki mənbəyə istinad etmişdi. Bu kitablardan biri Məhəmməd ibn Osman ibn Səid Əmrinin qızı Ümmü-Gülsümün oğlu İbn-Bərinənin kitabıdır. İkinci kitab Əhməd ibn Nuhun «Əxbarul-vukəlail-ərbəə» əsəridir. Uyğun iki kitab hansı səbəblərdənsə məhv olub getmişdir. Təəssüf ki, Şeyx Tusi və digər alimlər dörd səfirin həyatı haqqında olduqca az mə’lumat vermişlər. Bu səbəbdən də imam Mehdinin (ə) dörd xüsusi səfirinin həyatı haqqında ətraflı mə’lumat əldə etmək mümkün deyil. Mənbələrdəki mə’lumatların imkan verdiyi qədər bu səfirlər haqqında dörd başlıq altında söhbət aparacağıq:

Dörd naib;

Dörd naibin seçilmə me’yarı;

Naiblərin şiələrlə rabitə yolu;

Dörd naibin vəzifələri və məs’uliyyətləri.


Dörd naibdən biri: Əbu Əmr, Osman ibn Səid Əmri

Osman ibn Səid Əmri imam Mehdinin (ə) ilk xüsusi nümayəndəsi və səfiri olmuşdur. Bu şəxs şiələr arasında xüsusi məqama malik idi. Onu «Əsədi» kimi tanıyırdılar. Çünki o bəni-Əsəd qəbiləsindən idi.

Anasının babası Əmri adlandırıldığından bu səfirə Əmri də demişlər. Bundan əlavə, imam Həsən Əsgəri (ə) buyurmuşdur: «Əbu-Əmr əvəzində Əmri deyin». Bu səbəbdən də səfir Əmri adı ilə məşhurdur.

Əsgər və ya Samirrada yaşadığına görə ona Əsgəri də demişlər.

Onun yağsatan kimi tanınmasının səbəbi öz siyasi fəaliyyətlərini pərdələmək məqsədi ilə yağ satmaqla məşğul olmasıdır. Əmri şiələrdən qəbul etdiyi dini ödəncləri yağ qablarında gizlədər və bu yolla imam Həsən Əsgəriyə (ə) çatdırardı.

Şeyx Tusi öz «Rical» kitabında Osman ibn Səidi həm imam Hadinin (ə), həm də imam Həsən Əsgərinin (ə) səhabələrindən saymışdır. Kəşşi Osmanın keçmişi haqqında yazır: «O, on bir yaşından imam Hadiyə (ə) xidmət etmişdir».

Bir şey aydındır ki, Osman ibn Səid Əmri yeniyetmə dövründən əhli-beytə xidmət iftixarı qazanmışdır. O bir neçə imama xidmət etmiş, imam Hadinin (ə) vəkili olmuş, imam Hadinin (ə) ömrünün son on ilində vəkalət qurumuna rəhbərlik etmişdir. İmam Həsən Əsgərinin (ə) vəkillərinin rəisi də Əmri olmuşdur. Şiələrin vəkillər vasitəsi ilə imam Həsən Əsgəriyə (ə) göndərdiyi dini ödənclər Osmana təhvil verilmiş, o da öz növbəsində bu əmanətləri imama çatdırmışdır. Növbəti mərhələdə Osman imam Mehdinin (ə) xüsusi naibi məqamına çatmışdır.

Şeyx Tusi bu barədə yazır: Əhməd ibn İshaq ibn Sə’d Qummi deyir: «Bir gün imam Hadinin (ə) xidmətinə gedib ərz etdim ki, mən tez-tez uzaqda olduğumdan öz şər’i suallarıma cavab ala bilmirəm. Soruşdum ki, kimin sözünü qəbul edim və kimə itaət göstərim? İmam (ə) buyurdu: «Əbu-Əmr (Osman ibn Səid) e’tibarlı şəxsdir. Mən ona e’timad edirəm. O, sizə nə deyirsə, mənim tərəfimdən deyir».

İmam Hadi (ə) dünyasını dəyişdikdən sonra imam Həsən Əsgərinin (ə) xidmətinə gedib eyni sualla ona müraciət etdim. İmam Həsən Əsgəri (ə) atası imam Hadinin (ə) dediklərini təkrarladı və buyurdu. «Əbu-Əmr həm əvvəlki imamların, həm də mənim e’tibar etdiyim bir şəxsdir. Məndən sonra da belə olasıdır. Sizə nə desə, mənim tərəfimdən deyir və sizə nə çatdırsa, mənim tərəfimdən çatdırır». Həzrətin Osman ibn Səid Əmri haqqındakı bu sözləri şiələr arasında məşhur idi. Əbdüllah ibn Cə’fər deyir: İmam Həsən Əsgərinin (ə) vəfatından bir neçə il sonra Allah evinin ziyarəti üçün Məkkəyə yola düşdük. Əhməd ibn İshaqla görüşdük və Osman ibn Səid Əmrinin onunla olduğunu gördük. Osman ibn Səid Əmriyə müraciətlə dedik: «Əhməd ibn İshaq bizim aramızda e’timad sahibidir. O, sizin məqamınız haqqında imam Hadinin (ə) və imam Həsən Əsgərinin (ə) dediyi sözləri bizə çatdırmışdır». Sonra həmin iki rəvayəti onun üçün zikr etdik. Osman ibn Səid Əmri imam Hadinin (ə) və imam Həsən Əsgərinin (ə) onun haqqında dediyi sözləri eşidib Allahın lütfünə şükür olaraq torpağa düşüb bu ne’mətə görə səcdə etdi. Bu səhnəni müşahidə edən Əhməd ibn İshaq və ətrafdakılar ağladılar.

Əbdüllah ibn Cə’fər deyir: Sonra onu Allaha və həmin iki imama and verib imam Mehdini (ə) görüb-görmədiyi barədə soruşdum. Onun gözləri doldu, ağladı və dedi: «Bəli, mən həzrəti görmüşəm. Onun xüsusiyyətlərini sənə deyirəm. Amma nə qədər ki, sağam, bu barədə kimsəyə heç nə danışma.

Şeyx Tusi yazır: «Osman ibn Səid Əmri imam Həsən Əsgərinin (ə) göstərişi ilə Yəmən şiələrindən toplanmış malı onlardan təhvil aldı. İmam Həsən Əsgəri (ə) Osmanın e’tibarına işarə edərək oradakılara dedi: «Bəli, şahid olun ki, Osman ibn Səid Əmri mənim vəkilimdir və onun oğlu Məhəmməd oğlum Mehdinin (ə) vəkili olacaq».

Başqa bir rəvayətə əsasən, imam Həsən Əsgəri öz canişinini e’tibarlı şiələrdən qırx nəfərinə tanıtdırdı. Bu adamlar arasında Hüseyn ibn Əyyub, Əli ibn Bilal, Əhməd ibn Hilal, Osman ibn Səid də vardı. Həzrət həmin qırx nəfərə müraciətlə buyurdu: «Artıq onu görə bilməyəcəksiniz». Sonra oradakılara tapşırdı ki, imam Mehdinin (ə) qeyb dövründə onun nümayəndəsi Osmana itaət etsinlər.

İmam Həsən Əsgərinin (ə) vəfatından sonra Osman ibn Səid Əmri ona qüsl verdi, kəfənlədi və dəfn etdi. Bütün bunlar onun uca məqamının sübutudur. İmam Mehdinin (ə) göstərişləri də Osman vasitəsi ilə şiələrə çatdırılırdı.

İmam Həsən Əsgərinin vəfatından sonra Qumdan və İranın digər nöqtələrindən bir qrup şiə Samirraya dini ödənc gətirdilər. Onlar Samirraya çatdıqda imam Həsən Əsgərinin (ə) dünyasını dəyişdiyini bildilər. Bir qrup şəxs onlara imamın qardaşı Cə’fəri canişin kimi tanıtdırdı və Cə’fər gətirilən malın ona verilməsini istədi. Cə’fər sualları cavablandıra bilmədiyindən hey’ət gətirdiyi əmanəti ona verməkdən imtina etdi. Şiələr Samirradan çıxdıqları vaxt imam Mehdinin (ə) nümayəndəsi onlarla görüşdü. Gətirilən malların nişanələri imam tərəfindən sadalandıqdan sonra onlar həmin əmanətləri həzrət Mehdiyə (ə) təhvil verdilər. İmam onlara bildirdi ki, bundan sonra Samirraya gəlməsinlər və onun Bağdaddakı nümayəndəsinə (Osman ibn Səid) müraciət etsinlər.

Osman ibn Səid imam Həsən Əsgərinin (ə) vəfatından sonra Samirradan Bağdada getdi və Kərx məntəqəsində sakin oldu. Osman ömrünün sonunadək sakin olduğu yerdə naiblik işinə məşğul oldu. O, imam Həsən Əsgərinin (ə) imaməti dövründə olduğu kimi müqəddəs nahiyəyə ünvanlanmış namələri, ödəncləri qəbul edirdi.

Şeyx Tusi bu barədə yazır: Sahibul-Əmrin (imam Mehdinin) göstərişləri Osman və onun oğlu Məhəmməd tərəfindən şiələrə çatdırılırdı. Bu göstərişlər imama ünvanlanmış sualların cavabı və zəruri məsələlər haqqında olurdu. İmamın məktublarındakı dəstxətt imam Həsən Əsgərinin (ə) məktublarındakı dəstxətt idi. Şiələr hər iki şəxsin ədalətli olduğunu qəbul edirdilər. Osman ibn Səid dünyasını dəyişdikdən sonra oğlu Məhəmməd ona qüsl verdi və onu dəfn etdi. Biz hicri 308-330-cu illərdə Bağdadda onu ziyarət edirdik. Sonradan həmin yeri Əbu-Mənsur ibn Fərəc tə’mir etdi və qəbrin üzərində günbəz tikildi. Ətrafdakılar onun ziyarətinə gələr və onda təbərrük axtarardılar. Deyirlər ki, bu saleh şəxs imam Hüseynin (ə) süd qardaşı olmuşdur.»



OSMAN İBN SƏİD ƏMRİNİN SƏFİRLİYİNİN DƏLİLLƏRİ


Deyilənlərdən mə’lum olur ki, Osman ibn Səid Əmri həzrət Mehdinin (ə) ilk səfiri və naibi olmuşdur. Çünki əvvəla, bu şəxs imam Həsən Əsgərinin (ə) evində xüsusi mövqeyə malik olmuş və həzrət onu e’tibarlı saymışdır. İkincisi, imam Həsən Əsgərinin (ə) qüsl və dəfn işləri bu şəxsin ixtiyarına verilmişdir. Hansı ki, şiələrin e’tiqadına görə imamı imam dəfn etməlidir. İmam Mehdi (ə) ixtifada olduğundan naibi onun nümayəndəsi olaraq bu işləri öhdəsinə almışdır. Üçüncüsü, həm imam Mehdi (ə), həm də imam Həsən Əsgəri (ə) Osmanın nümayəndəliyini bir qrup şəxsə bəyan etmişlər. Dördüncüsü, həzrətin namələri və göstərişləri Osman ibn Səid vasitəsi ilə çatdırılardı. Nəhayət, həzrətin nümayəndəsi olduğu vaxt onda kəramətlər görünmüşdü.


OSMAN İBN SƏİD ƏMRİNİN VƏFAT TARİXİ


Osman ibn Səid Əmrinin şiə tarixində mühüm rolu olsa da, onun ölüm tarixi mə’lum deyildir. Hər halda tarixçilər bu tarixi müəyyənləşdirmək üçün sə’y göstərmişlər. Haşim Mə’ruf Həsəni yazır: «Osman ibn Səidin səfirliyi hicri 265-ci ilədək davam etdi». Amma bu mə’lumat verilərkən heç bir mənbə göstərilmir. Cavad Əli yazır: «On ikinci imamın qeybindən iyirmi il sonra onun ilk səfiri dünyasını dəyişdi. (hicri 270-ci il)».

Bə’ziləri bildirirlər ki, Osman ibn Səid Əmri imam Həsən Əsgəridən (ə) sonra və hicri 267-ci ildən qabaq vəfat etmişdir. Çünki yalandan naiblik iddiasına düşmüş Əhməd ibn Hilal həqiqi naib Məhəmməd ibn Osmanla müxalifətçilik etmiş, onun səfirliyini qəbul etməmişdir. Bu şəxs hicri 267-ci ildə ölmüşdür. Demək, Osman ibn Səid Əmrinin vəfatı bu tarixdən əvvələ təsadüf edir.


MƏHƏMMƏD İBN OSMAN İBN SƏİD ƏMRİ


İmam Mehdinin (ə) xüsusi naibi, ikinci səfir birinci səfirin oğlu Məhəmməd ibn Osman ibn Səid Əmri olmuşdur. O, atası dünyasını dəyişdikdən sonra səfirlik məqamına çatmış və müqəddəs nahiyə tərəfindən vəkillik etmişdir.

Məhəmməd ibn Osman da öz atası kimi şiə böyüklərindən olmuş, təqva və ədaləti ilə seçilmişdir. Bu şəxs imam Həsən Əsgərinin (ə) e’tibarlı yaxınlarından olmuş və şiələr tərəfindən sevilmişdir. Atası haqqında danışılarkən bəyan olunduğu kimi, Əhməd ibn İshaq imam Həsən Əsgəriyə (ə) sual ünvanlandığı vaxt imam buyurmuşdur: «Əmri və onun oğlu hər ikisi e’tibarlıdır. Onların çatdırdığı mənim tərəfimdəndir və sənə dedikləri mənim dediklərimdir. Onları dinlə və onlara itaət et. Çünki bu iki şəxs mənim e’tibar etdiyim adamlardır».


MƏHƏMMƏD İBN OSMAN ƏMRİNİN SƏFİRLİYİNİN DƏLİLLƏRİ


Məhəmməd ibn Osman ibn Səid Əmri təqvalı və e’tibarlı bir şəxs olmasından əlavə, əhli-beytə xidmətdə ötmüş və ləyaqətli bir keçmişə malik idi. Atasının dövründə bu şəxsin vəkalət qurumunda fəal iştirakı vardı. Onun səfir seçilməsi üçün ciddi əsaslar vardı ki, bu əsasları nəzərinizə çatdırırıq:

Bu şəxs imam Həsən Əsgərinin (ə) dövründə imamın diqqətini cəlb etmiş və imam onun haqqında buyurmuşdur: «Məhəmməd ibn Osman mənim üçün e’tibarlı şəxsdir».

İmam Həsən Əsgəri (ə) onun e’tibarlı olduğunu bildirməklə yanaşı, həm də oğlu imam Mehdinin (ə) vəkili olduğunu qeyd etmişdir.

İmam Mehdinin (ə) birinci səfiri vəsiyyətində demişdir: «Məndən sonra oğlum Məhəmməd müqəddəs nahiyənin xüsusi naibidir və ona müraciət edin».

Birinci səfirin vəsiyyəti əsasında oğlu Məhəmməd onun cənazəsini dəfnə hazırlayır. İmamiyyə şiələri arasında mövcud olan əqidəyə əsasən, imamın cənazəsini dəfnə imam hazırlamalıdır. Məhəmmədin atası həzrət Mehdinin (ə) göstərişi ilə imam Həsən Əsgərinin (ə) cənazəsini dəfnə hazırlamışdı.

Ən əsası isə ikinci səfir müqəddəs nahiyə tərəfindən məktubları və göstərişləri xalqa çatdırırdı. Bu məktublar ötən dövrdəki dəst-xəttlə yazılırdı. Vəkillər bu xətt vasitəsi ilə Məhəmməd ibn Osmanın imam Mehdi (ə) ilə rabitəsinə əmin olurdular.

O həm də bə’zi vəkillərin imam Mehdi (ə) ilə görüşünü təşkil edirdi. İmam Mehdi (ə) bu görüşlərdə bildirmişdi: «Məhəmməd ibn Osman mənim səfirimdir».

Şeyx Səduq «Əl-ğeybət» kitabında bu məsələyə toxunduqdan sonra yazır: «Bu məsələ şiələr üçün bir dəlil ola bilər ki, Məhəmməd ibn Osman atasından sonra həzrət Mehdinin (ə) səfiri seçilmişdir.

Əbdüllah ibn Cə’fər Həmidi deyir: «Məhəmməd ibn Osman Əmridən soruşdum: «İmam Mehdini (ə) görmüsənmi?» Dedi: «Bəli, son dəfə həzrəti Məkkədə Allah evinin yanında ziyarət etdim.»

Əbu-Nəsr deyir: «Məhəmməd ibn Osman bütün məsələlərini imam Həsən Əsgəri (ə) və imam-Zamandan, eləcə də, atası Osman ibn Səiddən əxz etdiyi fiqh kitabları təsnif etmişdi. Məhəmmədin vəsiyyətinə əsasən, kitablar üçüncü səfir Hüseyn ibn Ruha təhvil verilmişdir. Axırda isə dördüncü səfir Əli ibn Məhəmməd Səməri həmin kitabları təhvil almışdı.

Məhəmməd ibn Osman təqribən qırx il imam Mehdinin (ə) xüsusi naibi olmuşdur. O, yalandan nümayəndəlik iddiası edənləri məğlub etmiş və nəhayət, hicri 305-ci ilə camadiül-əvvəl ayının sonlarında dünyasını dəyişmişdi.

Məhəmməd ibn Osman ölümündən iki ay qabaq imam Mehdi (ə) tərəfindən öz ölümü haqqında xəbər tutmuşdu. Bu səbəbdən də əvvəlcədən özü üçün qəbir hazırlamışdı. Məhəmməd və’d edilən gün dünyasını dəyişdi. Həzrət Höccətin (ə) göstərişi ilə Məhəmməd vəsiyyət etdi ki, ondan sonra növbəti səfir Hüseyn ibn Ruh Növbəxtidir.



HÜSEYN İBN RUH NÖVBƏXTİ (ƏBÜL-QASİM)


İmam Mehdinin (ə) üçüncü səfiri böyük Şeyx Hüseyn ibn Ruh Növbəxti olmuşdur. O, Məhəmməd ibn Osman Əmrinin həyatı dövründə müqəddəs nahiyə tərəfindən Məhəmmədin canişini tə’yin edilmişdir. Məhəmməd ibn Osman ömrünün son illərində növbəti səfirin qəbulu üçün şiələri hazırlamışdır.

Hüseyn ibn Ruh Növbəxti Məhəmməd ibn Osman dünyasını dəyişdikdən sonra, hicri 305-ci ildə naiblik vəzifəsini öhdəsinə götürmüşdür. Bu səfirin də anadan olduğu tarix əvvəlki iki səfirin anadan olduğu tarix kimi mə’lum deyil. Amma bə’ziləri qeyd etmişlər ki, Hüseyn ibn Ruh imam Həsən Əsgərinin (ə) səhabələrindən olmuşdur.

Əgər bu söz doğru olsa, onun hicri III əsrin birinci yarısında dünyaya gəldiyini qəbul etmək olar. Belə ki, o həzrətin səfirliyini qəbul etdiyi vaxt altmışdan çox yaşı olmuşdur. Bə’ziləri isə belə qeyd edirlər ki, Hüseyn ibn Ruh imam Həsən Əsgərinin (ə) dövrü arasında əlli il hüdudunda fasilə olduğundan onun on birinci imamın səhabəsi olması inandırıcı deyil.

Bu şəxs ikinci səfirin dövründə onun işçilərindən olmuş və son illərdə Məhəmməd ibn Osman tərəfindən baş vəkil tə’yin edilmişdir.

Hüseyn ibn Ruhun Bağdad şiələri arasında xüsusi bir ictimai mövqeyi vardı. Hətta ölkə başçılarının da bu şəxsə münasibəti müsbət idi.

Məhəmməd ibn Osman Əmrinin qızı Ümmü-Gülsüm deyir: «Hüseyn ibn Ruh uzun illər boyu Məhəmməd ibn Osmanın vəkili və əmlakına nəzarətçi oldu. O, Məhəmməd ibn Osmanın tapşırıqlarını şiə başçılarına çatdırırdı. Məhəmməd ibn Osman onu o qədər yaxın sayırdı ki, öz sirləri barədə onunla söhbət edirdi. Atam ayda ona otuz dinar maaş verirdi. Bundan əlavə ali-Fərat kimi şiə rəisləri ona e’timad göstərərək yardım edirdilər. Hüseyn ibn Ruhun şiələrin qəlbində xüsusi yeri var idi. Çünki onlar bu şəxsin atamın yaxınlarından olduğunu və e’tibarlı sayıldığını bilirdilər. Onun qarşıdakı məs’uliyyəti atamın dövründə müəyyənləşmişdi. Atam həzrət Mehdi (ə) tərəfindən göstəriş almışdı ki, onu öz canişini seçsin. Atamı tanıyanlar arasında onun naibliyinə şübhə edənlər yox idi. Mən onun vəkilliyinə şübhə edən bir şiə tanımıram».

Şeyx Səduq Məhəmməd ibn Əli Əsvəddən rəvayət edərək deyir: «İxtiyarında olan vəqf malları Məhəmməd ibn Osmanın yanına aparırdım və o da məndən qəbul edirdi. Ömrünün son günlərində apardığım malları onun göstərişi ilə Hüseyn ibn Ruha təhvil verdim və qəbz istədim. Hüseyn ibn Ruh istəyimi Məhəmməd ibn Osmana çatdırdı. Məhəmməd ibn Osman mənə tapşırdı ki, ondan qəbz istəməyim və sonra buyurdu: «Hüseyn ibn Ruha çatan şey mənim əlimə çatmış kimidir». Həmin vaxtdan başlayaraq ixtiyarıma verilən malları onun yanına aparır və qəbz tələb etmirdim».

Əslində Məhəmməd ibn Osman ibn Səid Əmri bu səfirlik işi ilə Hüseyn ibn Ruhun gələcək məqamını vəkillərə və xalqa bəyan edirdi. Çünki vəkillər təhvil aldıqları mala qəbz verir, səfirlər isə qəbz yazmırdılar.

Hüseyn ibn Ruh Məhəmməd ibn Osmanla həmkarlıq etdiyi dövrdə üstün mövqe qazandığı üçün ehtiyaclı şiələrə yardım göstərirdi. Şeyx Səduq yazır: «Ələvilərdən biri öz maddi ehtiyacını vəzirə bildirmiş, amma ondan müsbət cavab almamışdı. Bunu eşidən Hüseyn ibn Ruh vəzirə xəbər göndərdi və ələvinin çətinliyi həll oldu.

Cə’fər ibn Məhəmməd ibn Mütəyyil deyir: «Məhəmməd ibn Osman Əmri ölüm yatağında olarkən orada idim. Həmin məqamda o dedi: «Məndən sonra Hüseyn ibn Ruh imam Mehdinin (ə) nümayəndəsi mənsəbinə tə’yin olur». İmam Mehdinin (ə) göstərişi ilə Məhəmməd ibn Osman Hüseyn ibn Ruhun səfirliyi üçün hazırlıq gördüyündən o, şiələr, xüsusi ilə də, vəkillər və vəkalət qurumunun işçiləri tərəfindən çətinliklə qarşılaşmadı. Onun yeganə problemi haqqında Şeyx Tusi yazır: «Əbu-Əbdüllah Həsən Vəcəna Bağdadın on vəkilindən biri kimi Nəsibin və Mosulda fəaliyyət göstərirdi. O, hicri 307-ci ildə Məhəmməd ibn Fəzl Mosuli adlı biri ilə görüşdü və onun Hüseyn ibn Ruhun səfirliyini qəbul etmədiyini başa düşdü. Həsən Vəcəna onu Hüseyn ibn Ruhun səfirliyinə inandırmaq üçün çalışsa da, Məhəmməd ibn Fəzl Mosuli bu həqiqəti qəbul etmədi. O, əvvəlki iki səfirdə gördüyü kəramətləri Hüseyn ibn Ruhda da görmək istəyirdi.

Həsən Vəcəna onu Bağdada gətirdi və o öz gözləri ilə Hüseyn ibn Ruhun kəramətini müşahidə etdi. Dərhal öz əməlindən peşiman olub Hüseyn ibn Ruhun səfirliyini qəbul etdi.

Hüseyn ibn Ruh Məhəmməd ibn Osman vəfat etdikdən sonra rəsmi səfirlik fəaliyyətinə başladı və vəkalət qurumunun işlərini əlinə aldı. İşin başlanğıcında Məhəmməd ibn Osman Əmrinin xadimi onun yanına gəlib Əbu-Cə’fərin əsasını, sandıqçasının açarını ona çatdırdı və dedi: «Əbu-Cə’fər mənə buyurdu: «Mən torpağa tapşırıldıqdan sonra bu əşyaları Hüseyn ibn Ruha, mənim canişinimə təhvil ver; imamların möhürləri bu sandıqçadadır».


MÜNASİB MÖVQE


Hüseyn ibn Ruhun səfirliyi dövründə İbn-Fəratın xəlifə Müqtədirin vəziri olması ilə şiələr müəyyən həddə rahatlıq tapdılar. Hüseyn ibn Ruh Növbəxtinin özünün də hakimiyyət dairələrində xüsusi hörməti vardı. Bu iki səbəbdən əvvəlki səfirlərin dövrlərindən fərqli olaraq Hüseyn ibn Ruhun dövründə şiələr rahat nəfəs aldılar və hökumət onlara heç bir maneçilik törətmədi.

Yalnız hicri 313-cü ildə şiə kimi tanınmış Qəramitə həcc karvanına hücum etdiyi vaxt Bağdadda şiələrə qarşı hücumlar oldu, İbn-Fərat və onun oğlu tutularaq həbs edildi. Həmin il Hüseyn ibn Ruh gizlənsə də, növbəti ildə həbs edilərək beş il zindanda qaldı. Hicri 317-ci ildə o azadlığa çıxdı və yenidən öz fəaliyyətini davam etdirdi.

Hüseyn ibn Ruh hicri 305-ci ildən 326-cı ilədək, iyirmi bir il müddətində müqəddəs nahiyə tərəfindən səfirlik vəzifəsini öhdəsinə götürdü. Hicri 326-cı il, şə’banın 18-də dünyasını dəyişdi. O, Bağdadda dəfn olunmuşdur və qəbri şiələrin ziyarətgahıdır. İmam Mehdinin (ə) göstərişi və onun vəsiyyəti əsasında səfirlik məqamı Əli ibn Məhəmməd Səməriyə çatdı.



ƏBÜL-HƏSƏN ƏLİ İBN MƏHƏMMƏD SƏMƏRİ


İmam Mehdinin (ə) dördüncü və sonuncu naibi Əli ibn Məhəmməd Səməridir. O, həzrət Höccətin (ə) göstərişi ilə Hüseyn ibn Ruhdan sonra səfirlik məqamına seçildi. Bu şəxs hicri 326-cı ildən 329-cu (328-ci) il, şə’ban ayının on beşinədək vəkalət qurumuna rəhbərlik etdi.

Əli ibn Məhəmməd Səməri abbasi vəziri Cə’fər ibn Məhəmmədin bacısının əri idi. Bu qohumluq əlaqəsi onun Abbasilər hakimiyyətinə tə’sir etməsində mühüm rol oynamışdır.

Əli ibn Məhəmməd Səməri e’tiqadlı şiə ailəsindən olmuş və vəkalət qurumunda öz gözəl xidməti ilə şöhrət qazanmışdır. Onun müsbət keçmişi, e’tibarlılığı səbəbindən səfirlik məqamını əldə etməsində şiələr və vəkalət qurumu tərəfindən çətinliyi olmamışdır. Vəkillər və xüsusi şiələr bu şəxsi imamın həqiqi səfiri olaraq rəsmi tanımış və dini ödəncləri müqəddəs nahiyəyə çatdırmaq üçün ona təhvil vermişlər.

Şeyx Hürr Amili nəql edir ki, Səməri ailəsinin əksər üzvləri Bəsrədə böyük əmlaka sahib olmuşlar. Onlar öz gəlirlərinin yarısını imam Həsən Əsgəriyə (ə) vəqf etmiş və uyğun gəliri imamın ixtiyarına vermişlər.

Əli ibn Məhəmməd Səməri səfirliyinin qısa müddətli olması və siyasi vəziyyətin ağırlığı səbəbindən geniş fəaliyyət göstərə bilməmişdir. Bu da ola bilər ki, səfir təqiyyəyə riayət edib, gizli fəaliyyət göstərdiyindən onun bir çox işləri qapalı qalmışdır.

SON FƏRMAN


Müqəddəs nahiyə tərəfindən son fərman Əli ibn Məhəmməd Səmərinin vəfatından altı gün qabaq verilmişdir. Bu fərmanda imam Mehdi (ə) Səmərinin vəfat tarixini bildirir və e’lan edirdi ki, bu səfirdən sonra xüsusi naib olmayacaqdır. Qeyd olunurdu ki, Səmərinin ölümü ilə kiçik qeyb dövrü başa çatır və böyük qeyb dövrü başlayır. Həmin bildirişdə deyilirdi: «Rəhman və Rəhim Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səməri! Allah sənin ölüm müsibətində din qardaşlarının mükafatını böyük edər. Altı gündən sonra dünyanı dəyişəcəksən. Öz hesab-kitabını qaydaya sal və naiblik, canişinlik haqqında kimsəyə vəsiyyət etmə ki, sənin yerində otursun. Çünki ikinci qeyb dövrü başlamışdır. Allah istədiyi günə qədər zühur olmayacaq. O, qəlblərin bərkləşəcəyi, yer üzünü zülm-sitəm bürüyəcəyi uzun bir müddətdən sonra baş verəcək. Çoxları müşahidə iddiası edəcək. Bil ki, Süfyaninin ayağa qalxmasından və Səmadan nida qopmasından qabaq kim məni gördüyünü iddia etsə, yalançıdır. Güc və qüdrət uca mərtəbəli Allaha məxsusdur».

Şeyx Səduq Əbu Məhəmməd Həsən ibn Əhməd Mükəttəbin dilindən yazır: «Biz Əli ibn Məhəmməd Səməri dünyasını dəyişəndə Bağdadda Mədinətus-Səlamda idik. Ölümdən bir neçə gün qabaq onunla görüşdük. O, həzrətin bu fərmanını bizə göstərdi. Biz imamın göstərişlərinin üzünü köçürdük və Əli ibn Məhəmməd Səmərini tərk etdik. Və’d olunmuş altıncı gün çatdıqda onun yanına getdik və ölüm yatağında olduğunu gördük. Ondan soruşdular ki, özündən sonra canişini kimdir, imam Mehdinin (ə) naibi kim olacaq? O dedi: «Allah öz istəyini yerinə yetirəcək. (Yə’ni kiçik qeyb dövrü başa çatmışdır və böyük qeyb dövründə imam Mehdinin (ə) xüsusi naibi olmayacaq; Bu Allahın iradəsidir). Bu sözləri deyib canını yaradana təslim etdi. Bu sözlər onun son sözləri oldu».

Bu tarixdən başlayaraq xüsusi naiblərlə imam Mehdi (ə) arasındakı əlaqə kəsildi və böyük qeyb dövrü başladı. Mə’lumdur ki, Əli ibn Məhəmməd Səmərinin vəfat tarixi hicri 329-cu il şə’ban ayının on beşinə təsadüf edir. Amma Şeyx Səduq onun üç yüz iyirmi səkkizinci ildə vəfat etdiyini bildirir.

SON FƏRMANDAKI BƏ’Zİ NÖQTƏLƏR


İmam Mehdi (ə) Əli ibn Məhəmməd Səmərinin ölümündən altı gün qabaq bu hadisə barədə xəbər vermişdi. Və’d edilən gün imamın səfiri dünyasını dəyişdi. Uyğun tarixin qabaqcadan dəqiq göstərilməsi sübut edir ki, fərman, doğrudan da, həzrət Mehdi (ə) tərəfindən verilmişdir.

İmam Mehdi (ə) Əbül-Həsən Səməriyə göstəriş vermişdi ki, özündən sonra üçün canişin tə’yin etməsin. Bu göstəriş bir daha sübut edir ki, imamla birbaşa rabitəyə son qoyulmuşdu. Artıq xalq səfirlər vasitəsi ilə imama müraciət edə bilməzdilər.

Bu fərmanda kiçik qeyb dövrünün başa çatdığı və böyük qeyb dövrünün başlandığı bəyan olunmuşdu.

Həzrət Mehdi (ə) Allahın izni ilə zühur edə bilər və bizə onun zühur tarixi bəlli deyil.

Uyğun fərmanda zühurun iki əlaməti bəyan olunmuşdur. Bunlardan biri Süfyaninin qiyamı, digəri isə səmadan gələsi nidadır.

DÖRD NAİBİN SEÇİLMƏ ME’YARI


Ötən söhbətlərdə qeyd olunduğu kimi, mə’sum imamlar müxtəlif insanları özləri üçün vəkil seçmişlər. İmam Həsən Əsgərinin (ə) dövründə vəkalət qurumunda on nəfər fəaliyyət göstərirdi. Bu e’tibarlı adamlar arasında kiçik qeyb dövrü üçün dörd səfir hansı me’yarla seçilmişdir?

Sualın cavabında əvvəlcə onu deməliyik ki, mə’sum imamlar hikmət əsasında rəftar etmişlər. Şəksiz ki, uyğun seçim üçün dəqiq me’yarlar olmuşdur. Biz bu me’yarları bilsək də, bilməsək də, onların mövcudluğu şübhə doğurmamalıdır. Yalnız onu demək olar ki, uyğun me’yarlar İslam dəyərlərinə əsaslanmışdır.

Bütün me’yarlar arasında iman, elm, təqva, bəndəlik ön yerdə dayanır. Mə’sum imamların vəkili məqamına çatmış bütün insanlarda bu xüsusiyyətlər olmuşdur. Amma kiçik qeyb dövründə müqəddəs nahiyə tərəfindən səfirliyə seçilənlərdə bu xüsusiyyətlər daha üstün həddə olmuşdur. Yuxarıda sadalanmış xüsusiyyətlərə daha bir neçə xüsusiyyət əlavə edə bilərik:

1. Ən üstün şəkildə təqiyyə və sirsaxlama.

Məsələn, Hüseyn ibn Ruh Növbəxti ciddi şəkildə təqiyyə edər və sirr saxlayardı. Belə ki, bütün məzhəblərdən olan alimlər Hüseyn ibn Ruhu özlərinə aid edirdilər. Hüseyn ibn Ruh yalnız təqiyyə sayəsində hamını razı sala bilmişdi. O hətta öz xidmətçilərindən birini Müaviyəyə lə’nət oxuduğu üçün işdən uzaqlaşdırmışdı.

Hüseyn ibn Ruh təqiyyə səbəbindən məclislərdə ilk üç xəlifə haqqında xoş sözlər deyərdi. Onun sözləri yaxın şiələrdən birini təəccübləndirmişdi və həmin şəxs gülümsəmişdi. İbn Ruh onu bu işinə görə məzəmmət etmişdi. Çünki həmin şiənin gülüşü səfirin əsil əqidəsini aça bilərdi.

Həzrət Mehdinin (ə) birinci səfiri Osman ibn Səid özünü abbasi rejiminin tə’qiblərindən qorumaq üçün təqiyyəyə ciddi əməl edərdi. Hətta heç bir dini və ya siyasi məclisdə aşkar şəkildə mübahisə etməzdi.



2. Ali bir dərəcədə səbr və müqavimət.

Səfirlərin işi çox mühüm olduğundan və düşmən imam Mehdini (ə) ələ keçirmək istədiyindən istənilən bir zəiflik və süstlük olduqca mənfi nəticələr verə bilərdi. Ona görə də səfirlər başqalarından daha möhkəm və dözümlü olmalı idilər.

Bə’ziləri Əbu-Səhl Növbəxtidən soruşdular: «Nə üçün imamın xüsusi naibi sən yox, Hüseyn ibn Ruh oldu? O belə cavab verdi: «İmamlar bu məqama kimin daha layiqli olduğunu hamıdan yaxşı bilirlər. Mən düşmənlərlə get-gəl edən adamam və tez-tez mübahisə edirəm. Hüseyn ibn Ruhun imam haqqında bildiklərini mən bilsəydim, düşmənlərlə mübahisə zamanı onları məğlub etmək üçün hər şeyi açardım və nəticədə imamın yeri mə’lum olardı. Amma Hüseyn ibn Ruh imamı əbası altında gizlətsə, onu tikə-tikə doğrasalar da, əbasını qaldırıb imamı göstərməz». Əbu-Səhl Növbəxtinin bu sözləri Hüseyn ibn Ruhun nə dərəcədə səbirli və dözümlü olduğunu göstərir.

3. Səfir başqalarına nisbətən dərrakəli, ağıllı və agah olmalıdır.

Şeyx Tusi «Əl-ğeybət» kitabında səfirlərin dərrakə və agahlığını göstərən bir rəvayət nəql edir. Bu rəvayətlə qarşıda tanış ola bilərsiniz.



4. İmam Mehdi (ə) zalım abbasi hakimiyyətinin diqqətini cəlb etməmiş insanları naib seçirdi.

Çünki bu iş olduqca məxfi bir iş idi. Məsələn, birinci səfir Osman ibn Səid Əmri yağsatan kimi tanınırdı. Abbasilərin ağlına da gəlmirdi ki, o imamın xüsusi səfiri ola bilər. İkinci səfir Məhəmməd ibn Osman da atası kimi diqqəti cəlb etməmiş bir şəxs idi. Üçüncü səfir isə sarayla əlaqəli idi və sarayda xüsusi nüfuzu vardı. Abbasilər onun imam Mehdi (ə) ilə əlaqədə olduğunu təsəvvürlərinə belə gətirmirdilər.

Bu səbəbdən də Seyyid Məhəmməd Sədr deyir: «Kiçik qeyb dövründə ələvilər səfirlik məsələsinə qatılmadılar və bu iş başqalarına tapşırıldı. Hansı ki, həmin vaxt ələvilər arasında elmi, ibadəti ilə seçilən ləyaqətli insanlar vardı. Belə bir seçimin səbəbi aydındır. Ələvilərin həyat tarixçəsi uyğun məsələni daha dəqiq aydınlaşdırır. Çünki ələvilər tarix boyu zülmə qarşı çıxmış və qiyamlar qaldırmışdılar. Ona görə də dövlətin bütün diqqəti ələvilərin üstündə cəmlənmişdi. Ələvilər həm imamların tərəfdarı idilər, həm də zülmə qarşı mübarizənin önündə gedirdilər. Zalım hakimlər yaxşı bilirdilər ki, yalnız ələvilər onlarla barışmaz mövqedə dayanır. Əlbəttə ki, belə bir zümrə daim nəzarət altında saxlanası idi. Nəzarət altında saxlanılan insan isə müqəddəs nahiyə tərəfindən səfirlik kimi mühüm bir işi öhdəsinə götürə bilməz.

DÖRD NAİBİN ŞİƏLƏRLƏ RABİTƏSİNİN XÜSUSİYYƏTLƏRİ


Vəkalət qurumu, xüsusi ilə də imamın səfirləri siyasi durum təhlükəli olduğundan şiələr tərəfindən tanınmırdılar. Səfirliyin başlanğıcında, xüsusi ilə Osman ibn Səid Əmrinin səfirliyi dövründə onun naibliyi xalqa mə’lum deyildi. Təbii ki, belə bir şəraitdə şiələrlə səfir arasında ciddi rabitələr ola bilməzdi. Yalnız bir qrup xüsusi vəkil onu həzrətin naibi kimi tanıyır və şər’i məsələləri ondan soruşurdular. Zaman ötdükcə vəkillərin ciddi təlaşları sayəsində naiblik şiələr arasında öz yerini tapırdı. Təqiyyəyə əməl etməklə əlaqələr güclənirdi.

İKİ NÖV RABİTƏ


Şiələr dörd naiblə iki növ əlaqə saxlayırdılar. Bu əlaqələrdən biri vasitəli, digəri isə vasitəsiz idi. Vəkalət qurumunun əsasını vasitəli rabitə təşkil edirdi. Çünki bu qurum Abbasilərin zülmündən aşkar fəaliyyət göstərə bilmirdi. Ona görə də xalqla rabitədə gizli yollardan istifadə olunurdu.

Bu rabitə növündə vəkillər vasitə rolu oynayırdılar. Xalq öz istəklərini vəkillərə bildirir, şər’i ödənclərini onlara çatdırırdılar. Vəkillər də öz növbəsində onlara verilmiş əmanəti imamın səfirlərinə təqdim edirdilər. Müqəddəs nahiyədən səfirlər vasitəsi ilə cavablar əldə olunurdu. Bu rabitə piramida şəklində təsəvvür edilərsə, səfir onun təpə nöqtəsini, vəkillər yan tərəfini, xalq isə oturacağını təşkil etmiş olar.

Bu piramidasayağı rabitə əvvəlcə Bağdad şiələri arasında qurulmuşdu. Uyğun rabitə sonra daha da genişləndi. Məhəmməd ibn Osmanın Bağdadda on vəkili vardı. Bunlardan biri də Hüseyn ibn Ruh idi. Bu adamlar Məhəmməd ibn Osmanın ticarət işlərində vəkilləri kimi tanınırdılar. Əslində isə onlar həzrət Mehdinin (ə) vəkalət qurumunda fəaliyyət göstərirdilər. İşin başlanğıcında hətta ətrafdakı böyük alimlər də imam Həsən Əsgərinin (ə) canişinliyindən xəbərsiz idilər. Məsələn, Məclisinin «Biharul-ənvar», Şeyx Tusinin «Əl-ğeybət» kitabında nəql etdiyi bir rəvayətə əsasən Məhəmməd ibn İbrahim Məhzyar Əhvazi imam Həsən Əsgərinin (ə) vəfatından sonra həzrət Höccəti (ə) tanımırdı. Yalnız bir neçə il ötdükdən sonra o, imamın canişinini tanımaq üçün İraqa səfər etdi.

Dinvərdə xalq imam Həsən Əsgərinin (ə) vəfatından bir neçə il ötməsinə baxmayaraq şər’i ödəncləri kimə verəcəklərini bilmirdilər. Onlar Əhməd ibn Məhəmməd Dinvərinin yanına gedib bu barədə soruşdular. Dinvəri belə cavab verdi: «Ey camaat, hələ ki vəziyyət mə’lum deyil. Hazırda kimin imamın səfiri və naibi olduğu bilinmir».



BİRBAŞA RABİTƏ


Kiçik qeyb dövründə naib fəaliyyətə başlayanda belə bir rabitə növü yox idi. Qərar vardı ki, naiblik məsələsi məxfi qalsın. Vəkalət qurumunun işinin gizli aparılmasının səbəbi hakimlərin bu işə qarşı gördükləri amansız tədbirlər idi. Zaman ötdükcə şiələr səfirin adını və əlamətlərini vəkillərdən öyrənir və onlarla birbaşa əlaqə saxlaya bilirdilər. Səfirlərlə birbaşa rabitə yalnız ikinci səfirin dövründə həyata keçməyə başladı. Şeyx Tusi birbaşa rabitə haqqında yazır: «Bir qrup e’tibarlı şəxs həzrət Mehdinin (ə) səfirlərinin yanına gedib məktub verməklə öz istəklərini həzrətə çatdırırdılar. Müqəddəs nahiyədən verilən cavabları da səfirlər xalqa ötürürdü.

Birbaşa rabitə zamanı bə’zən suallar yazılı şəkildə verilir və bir neçə gün sonra cavab alınırdı. Bə’zi rəvayətlərdə belə nəql olunur: «Üç gün ötəndən sonra dostum mənə dedi ki, Məhəmməd ibn Osmanın yanına gedib məktubun cavabını alıb». Başqa bir yerdə isə belə bildirilir: «Üç gün sonra məktubumun cavabı verildi».


DÖRD NAİBİN VƏZİFƏLƏRİ VƏ MƏS’ULİYYƏTLƏRİ; HƏZRƏT MEHDİNİN VÜCUDU İLƏ BAĞLI ŞÜBHƏLƏRİN ARADAN QALDIRILMASI


Kiçik qeyb dövründə siyasi şərait ağır olduğundan şiələr imam Həsən Əsgərinin (ə) övladı olmasından xəbərsiz idilər. Əgər həzrət Mehdi (ə) məxfi həyat sürməsəydi, zalım rejim tərəfindən öldürülərdi. Hicri 360-cı ildə imam Həsən Əsgəri (ə) dünyasını dəyişdikdə yalnız ən yaxın adamlar həzrət Mehdinin (ə) varlığından xəbərdar idi. Dörd naibin, xüsusi ilə birinci səfirin ən mühüm vəzifələrindən biri bu idi ki, imam Həsən Əsgərinin (ə) övladı olduğunu şiələrə sübut etsin.

İmam Hadi (ə) və imam Həsən Əsgəri (ə) tərəfindən e’timadlı sayılan və imamiyyə şiələrinin böyüklərinin sədaqətli bildiyi Osman ibn Səid Əmri uyğun həssas dövrdə xalqın imam Mehdi (ə) ilə bağlı şübhələrini aradan qaldıra bildi. Eləcə də sübuta yetirdi ki, o, müqəddəs nahiyə tərəfindən xüsusi vəkildir. Bə’zənsə Osman ibn Səid Əmrinin gətirdiyi dəlillərlə kifayətlənmir və ondan kəramət, mö’cüzəyə oxşar bir şey istəyirdilər. Osman müqəddəs nahiyənin yardımları ilə insanları həqiqətə inandırırdı.

Məhəmməd ibn Yə’qub Sə’d Əş’əri Qummidən bu barədə belə nəql edir: «Qum şiələri arasında xüsusi məqama malik olan Həsən ibn Nəzr imam Həsən Əsgərinin (ə) vəfatından sonra tərəddüddə qaldı. O, Əbu-Səddam və başqaları ilə qərara gəldi ki, növbəti imamı axtarsınlar. Həsən ibn Nəzr Əbu-Səddama dedi: «Bu il həccə getmək istəyirəm». Əbu-Səddam ondan bu səfəri tə’xirə salmasını istədi. Amma Həsən ibn Nəzr yuxu görüb qorxduğunu və bu səbəbdən də hökmən həccə gedəcəyini bildirdi. O, yola çıxmazdan qabaq Əhməd ibn Yə’la ibn Həmmamdan imama çatası əmlak haqqında vəsiyyət etdi. Tapşırdı ki, imam Həsən Əsgərinin (ə) canişini mə’lum olanadək bu əmanətləri qorusun. O, Bağdada getdi və orada müqəddəs nahiyə tərəfindən verilmiş bir fərman əlinə keçdi. Beləcə, həzrət Mehdinin (ə) imamətinə və Osman ibn Səid Əmrinin xüsusi vəkilliyinə əmin oldu».

Osman ibn Səid Əmrinin dövründə bu vəzifəni yerinə yetirmək çox ağır idi. Digər səfirlərin fəaliyyəti zamanında həzrət Mehdinin (ə) imamlığı və səfirlərin tə’yinatı hansısa bir həddə şiələr üçün sübuta yetirilmişdir. Məhəmməd ibn Osmanın dövründə də müəyyən həddə şəkk-şübhələr vardı. Bu səbəbdən də uyğun mövzuda Məhəmməd ibn Osmandan rəvayətlər nəql olunmuşdur.



İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI


Səfirlər bütün hallarda imamın adını və əlamətlərini məxfi saxlamalı idilər. Çünki bu məsələlərin aşkar olunması imam üçün təhlükə yaradırdı.

İmam Mehdi (ə) Məhəmməd ibn Osman ibn Səid Əmriyə fərmanında bəyan edirdi ki, onun adını və əlamətlərini açıqlamaqdan çəkinsin və bu istiqamətdə çalışsın.

Bu vəzifənin çox mühüm olduğunu nəzərə alaraq, deyə bilərik ki, səfirlərin seçilməsində mühüm me’yarlardan biri məhz bu xüsusiyyət idi. Əvvəlki söhbətlərimizdə Əbu-Səhl Növbəxtiyə ünvanlanmış sual və onun cavabı haqqında danışdıq. Həmin söhbət uyğun məsələnin necə zəruri olduğunu bariz şəkildə göstərirdi.

VƏKALƏT QURUMUNUN TƏŞKİLATLANMASI VƏ ONUN HİMAYƏSİ


Kiçik qeyb dövründə xalqın imam Mehdi (ə) ilə birbaşa rabitəsi kəsildi. İmamla rabitə vəkalət qurumu vasitəsi ilə gerçəkləşirdi. Əvvəlki imamların dövründə Bağdadda, Samirrada və başqa məntəqələrdə vəkalət qurumunun çoxsaylı vəkilləri fəaliyyət göstərirdi. İmam Həsən Əsgəri (ə) dünyasını dəyişdikdən sonra vəkalət qurumuna rəhbərlik dörd naibin ixtiyarına keçdi. Hər bir naib öz dövründə uyğun quruma rəhbərlik edirdi.

Bu qurum vasitəsi ilə şiələr öz suallarını vəkillərə ünvanlayır, onlar da səfirlər vasitəsi ilə müqəddəs nahiyədən alınmış cavabları şiələrə çatdırırdılar. Xüms-zəkat kimi dini ödənclər də vəkillərə verilirdi və vəkillər bu əmanətləri quruma çatdırırdılar.

Onlar öz fəaliyyətlərində vəkalət qurumunu düşmənin nüfuzundan qorumağa borclu idilər. Əgər düşmən vəkalət qurumuna nüfuz edə bilsəydi, vəkilləri və məs’ulları tanımaqla xalqla imam arasındakı əlaqəni kəsə bilərdi. İmam özü də bu istiqamətdə vəkillərə kömək göstərirdi. Məsələn, Mö’təzidin vəziri Übeydullah ibn Süleyman vəkalət qurumunu dağıtmaq üçün həzrətin vəkillərindən birinə dini ödənc göndərmişdi. O, bu yolla vəkillərin kimliyini müəyyənləşdirmək istəyirdi. Həzrət Höccət (ə) bu məsələdən xəbər tutan kimi fərman verdi ki, müvəqqəti olaraq heç bir vəkil xalqdan şər’i ödənc qəbul etməsin. Məhəmməd ibn Osman ibn Sə’di Əmri imam Mehdinin (ə) bu fərmanını vəkillərə çatdırdı və bu yolla vəzirin qurğusu puça çıxdı.

FİQHİ VƏ E’TİQADİ SUALLARIN CAVABLANDIRILMASI


Dörd naibin mühüm vəzifələrindən biri də fiqhi və e’tiqadi suallara cavab verilməsi idi. Onlar bə’zən bu ehtiyacın ödənilməsi üçün imamla gizli görüşlərini açıqlamalı olurdular. Bə’zən müqəddəs nahiyə tərəfindən verilmiş fərman vasitəsi ilə şübhələr aradan qaldırılırdı. Bə’zən də fiqhi və e’tiqadi suallar imama ərz edilir və alınmış cavab şiələrə bildirilirdi. Misal olaraq İshaq ibn Yə’qubun və Qum əhlinin dördüncü səfirə ünvanlanmış suallarını göstərmək olar. Səfir sualları imama ərz edib, aldığı cavabları ünvanına çatdırdı. Bə’zən isə mübahisəli məsələlərdə həqiqəti üzə çıxarmaq üçün imam Mehdidən (ə) dəlillər öyrənilir və bəyan olunurdu.

İMAMA AİD ƏMLAKIN QƏBULU VƏ BÖLÜŞDÜRÜLMƏSİ


Vəkillər qurumunun imam Sadiqin (ə) dövründən fəaliyyətdə olan iş istiqamətlərindən biri xüms-zəkat kimi dini ödənclərin qəbul olunması və bölüşdürülməsi idi. Səfirlər imam Mehdiyə (ə) aid olan bu əmlakı birbaşa və ya vəkillər vasitəsi ilə qəbul edirdilər. Həmin əmanətlər ya mümkün yolla imama təhvil verilir, ya da onun göstərişi əsasında bölüşdürülürdü. İmam Mehdi (ə) atası imam Həsən Əsgərinin (ə) vəfatının səhəri günü Qumdan gəlmiş hey’ətə göstəriş verdi ki, ona aid olan əmlakı Bağdaddakı vəkillərə təhvil versinlər.

VƏKİLLİK İDDİASINDA OLAN FIRILDAQÇILARLA MÜBARİZƏ


Dörd naibin vəzifələrindən biri də vəkillik iddiasına düşmüş fırıldaqçılarla mübarizə aparmaq, onları ifşa etmək idi. Peyğəmbər və imamların əsas məqsədi insanların hidayəti, doğru yola sövqü olduğundan xalqın fırıldaqçılar tərəfindən aldadılmasının qarşısı alınmalı idi. Ona görə də imamın xüsusi səfirləri fırıldaqçılarla mübarizə aparır, mümkün çaşqınlıqların qarşısını alırdılar. Bu istiqamətdə fəaliyyətin əsasını imam Mehdinin (ə) xüsusi naiblərinin tanıtdırılması təşkil edirdi.

Yetmiş illik kiçik qeyb dövründə bir çox fırıldaqçılar ifşa edildi. Belələrinə misal olaraq Hüseyn ibn Mənsur Həllacı, Məhəmməd ibn Əli Şələmğanini, ibn Əzaqiri, Əbu-Bəkri, Məhəmməd ibn Müzəffəri və başqalarını göstərmək olar. Dörd naib hər biri öz növbəsində belələrinə qarşı mübarizə aparır və müqəddəs nahiyədən fərmanlar alırdılar. Bu yalançı zümrənin işinin mahiyyətinin açıqlanması imamiyyə şiələrini çaşqınlıqdan qoruyurdu. Nəticədə xalq dörd naibin səfirliyinə daha çox e’timad göstərirdi. Uyğun məsələ ilə bağlı verilmiş fərmanlardan bə’zilərini nəzərdən keçirək: Əhməd ibn Hilal Kərxi yolunu azdıqda və bə’zi dini zərurətləri inkar etdikdə, eləcə də, Məhəmməd ibn Osman Əmrinin naibliyinə qarşı çıxdıqda müqəddəs nahiyə tərəfindən fərman verildi. Həmin fərmanda imam Mehdi (ə) Məhəmməd ibn Osman Əmriyə xitabən buyurdu: «Biz ibn Hilal və ondan uzaqlaşmayan hər bir kəsə arxa çeviririk. Allah onu bağışlamasın. Sən İshaqı və onun həmvətənlərinə dediklərimi e’lan et. Hər kəs səndən İbn-Hilal haqqında soruşsa, əhvalatı danış».

Eləcə də, Məhəmməd ibn Osman Səid Əmrinin səfirliyi dövründə naiblik iddiası edən Əbu-Məhəmməd haqqında müqəddəs nahiyə tərəfindən fərman verildi və onun kimliyi şiələrə açıqlandı.

XAİN VƏKİLLƏRLƏ MÜBARİZƏ


Kiçik qeyb dövrünün başlanğıcında hələ imam Həsən Əsgəri (ə), hətta imam Hadinin (ə) dövründən vəkillik fəaliyyəti göstərmiş nümayəndələr vardı. İmam Həsən Əsgərinin (ə) dövründə bu vəkalət qurumunda fəaliyyət göstərmişdilər. Onlara Əbu Osman ibn Səid Əmri nəzarət edirdi. İmam Həsən Əsgərinin (ə) vəfatından sonra bu vəkillər həzrət Mehdinin (ə) səfiri Osman ibn Səid Əmriyə tabe idilər. Sonra isə onların fəaliyyətinə Məhəmməd ibn Osman ibn Səid Əmri başçılıq etmişdi. Bə’zən vəkillər arasında xəyanətə yol verənlər olurdu. Onlar öz ilahi vəzifələrinin icrasında çaşqınlıqlara yol verərək vəkalət qurumu üçün çətinlik yaradırdılar. Elə vəkillər olmuşdu ki, topladığı dini əmlakı imamın xüsusi səfirinə təhvil verməmiş və özündə saxlamışdı. Dörd naibdən hər biri öz dövründəki xain vəkillərlə mübarizə aparırdı. Bə’zən də müqəddəs nahiyə tərəfindən verilmiş fərman əsasında xalq belə vəkillərin azğınlığından xəbər tuturdu.

XALQIN BÖYÜK QEYB DÖVRÜNƏ HAZIRLANMASI


Dörd naibin, xüsusi ilə də son səfir Əli ibn Məhəmməd Səmərinin son mühüm vəzifəsi şiələrin böyük qeyb dövrünə hazırlanması olmuşdur.

Yuxarıda sadalanmış vəzifələr arasında ikisi xüsusi yönümə malikdir. Bunlardan biri imam Mehdinin (ə) varlığı haqqındakı şübhənin aradan qaldırılması, imam Həsən Əsgərinin (ə) hazırda imam olan övladının dünyaya gəlişinin sübuta yetirilməsidir. Bu vəzifə daha çox Osman ibn Sə’d Əmrinin öhdəsinə düşmüşdür.

Xüsusi yönümə malik iki vəzifədən o biri xalqın böyük qeyb dövrünün qəbuluna hazırlanmasıdır. Bu vəzifə isə daha çox son səfir Əli ibn Məhəmməd Səmərinin öhdəsinə düşmüşdür. Bu sahədə imam Mehdi (ə) kəramət və mö’cüzə yolu ilə Əli ibn Səməriyə kömək göstərmiş və altı gün öncədən onun ölümü haqqında mə’lumat vermişdir. Bu dəqiq mə’lumat höccəti tamamlamış və şiələrin böyük qeyb dövrünü qəbul etməsində mühüm rol oynamışdır.

Seyyid Məhəmməd Sədr bu barədə yazır: Səfirliyin iki əsas məqsədi var:

Düşüncələri imam Mehdinin (ə) böyük qeyb dövrünə hazırlamaq və imamın görünməməsi ilə bağlı narahatlıqları addım-addım aradan qaldırmaqdır. Çünki belə bir şəraitə hazır olmayan xalq imam Mehdini (ə) qəti şəkildə inkar edə bilərdi. Bu məqsədlə imam Hadi (ə) və imam Həsən Əsgərinin (ə) imamın qeyb məsələsini necə tədricən aşkarlamasını görürük. İmam Həsən Əsgəri (ə) şəxsən özünü xalqdan çox gizləyirdi. Səfirlik dövrü də düşüncələri böyük qeyb dövrünə tədricən hazırlamaq məqsədi daşımışdır.

İmamın səhnədən kənarlaşıb pünhan olması ictimai səhnədə durğunluqla müşayiət edilir. Bütün hallarda ictimai rəhbərin kənarlaşması həmin cəmiyyətdə problemlərin həllini təhlükə altında qoyur. Səfirliyin tə’yin olunmasında məqsəd imamın xalqa səfirlər vasitəsi ilə rəhbərlik etməsidir.

Bütün səfirlər bu sahədə öz vəzifələrini yerinə yetirmişlər. Onlar imkan daxilində ictimai səhnədə iştirakı tə’min etmiş, zalım hakimiyyətin təzyiqləri altında səfirlik məs’uliyyətlərini yetərincə icra etmişlər.

KİÇİK QEYB DÖVRÜNDƏ ƏHALİSİ ŞİƏ OLAN MƏNTƏQƏLƏRƏ VƏKİLLƏRİN TƏ’YİNİ


Kiçik qeyb dövründə dörd naib və səfirdən əlavə, həzrət Mehdinin (ə) xüsusi vəkilləri də fəaliyyət göstərmişdir. İslam aləminin şiə yaşayan müxtəlif məntəqələrində çoxsaylı vəkillər vəzifəsini icra edirdi. Əvvəlki imamların vəkilləri sayaq fəaliyyət göstərmək əmri almış nümayəndələr öz sualları ilə xüsusi vəkillərə və dörd naibə müraciət edirdilər. Onlar ən ucqar nöqtələrdə, eləcə də, dörd naibin sakin olduğu Bağdadda fəaliyyət göstərirdilər. Təbii ki, kiçik qeyb dövründə vəkillər şiələrlə Bağdad arasında rabitəni tə’min edirdilər. Bu vəkillərin çoxsaylı olmasına dəlillər mövcuddur. Təəssüf ki, onların adları tarixi mənbələrdə dəqiq göstərilməmişdir. Şeyx Tusi «Əl-ğeybət» kitabında vəkillərin çoxsaylı olmasını qeyd edərək, onlardan yalnız bə’zilərinin adını zikr edir.

Əvvəlki əsrlərdə olduğu kimi, qeyb dövründə də vəkalət qurumunun fəaliyyəti zəruri olduğundan həzrət Höccət (ə) ehtiyac olan qədər vəkillər tə’yin edirdi. Mənbələrdə verilən mə’lumata əsasən, imam rəsmən özü bu işlə məşğul olurdu. Məsələn, Məhəmməd ibn İbrahim ibn Məhzyar Əhvazi şəxsən həzrət Mehdinin (ə) göstərişi ilə Əhvaz nahiyəsinə vəkil tə’yin olunmuşdu. Həzrət uyğun məsələ ilə bağlı buyurmuşdur: «Səni (Məhəmmədi) atanın yerinə vəkil olaraq tə’yin etdim».



ADI MÜƏYYƏNLƏŞDİRİLMİŞ BƏ’Zİ VƏKİLLƏR: MƏHƏMMƏD İBN CƏ’FƏR ƏL-ƏSƏDİ ƏL-KUFİ ƏL-RAZİ


Şeyx Tusi öz «Rical» kitabında bu şəxsi «Əhədul-Əbvab» adı ilə xatırlamışdır. O, «Əl-ğeybət» kitabında Məhəmmədi qeyb dövrünün ləyaqətli vəkillərindən saymış və ona xüsusi səfirlər tərəfindən fərmanlar gəldiyini bildirmişdir. Sonra isə bu şəxsin məqamını açıqlayan rəvayətlər nəql olunmuşdur. Rəvayətlərdən mə’lum olur ki, bu şəxs Rey məntəqəsində baş vəkil kimi fəaliyyət göstərmişdir. Ətrafdakı vəkillər öz suallarını ona ünvanlanmışlar. Bu rəvayətlərdən biri də Saleh ibn Əbu-Salehin dilindən nəql olunur: «Hicri 290-cı ildə bə’zi adamlar məndən tələb etdilər ki, onların xüms-zəkatını qəbul edim. Mən bu barədə müqəddəs nahiyədən vəzifəmi soruşdum. Cavab gəldi ki, Məhəmməd ibn Cə’fər Reydə e’tibarlı vəkildir və şər’i ödənclər ona təhvil verilməlidir».

Rəvayətdən mə’lum olur ki, Əbül-Həsən Əsədi ikinci səfir Məhəmməd ibn Osman Əmrinin naibliyi dövründə vəkillik məs’uliyyətini daşımışdır. Bu şəxs həm də baş vəkil olmuşdur. Bə’zi dəlillərə əsasən, bu şəxs həm də İranın şərq məntəqələrindəki vəkillərə nəzarət etmişdir.



ƏBU-ƏBDÜLLAH İBN HARUN İBN İMRAN ƏL-HƏMƏDANİ


Şeyx Tusi «Təhzib» kitabında göstərdiyi kimi, bu şəxs şiə böyüklərindən olmuşdur. Nəcaşinin bildirdiyinə görə o və onun oğlu Həmədan nahiyəsində ətrafdakı vəkillərin müraciət etdiyi baş vəkil olmuşlar. Nəcaşi belə yazır: «Həmədanda Qasim ibn Məhəmmədin dövründə onunla yanaşı Əbu-Əli Bəstam ibn Əli və Əl-Əziz ibn Züher vəkillik fəaliyyətinə məşğul olmuşlar. Onlar öz fəaliyyətlərində Həsən ibn Harun ibn İmran Həmədaniyə tabe idilər. Ondan qabaq isə atası Əbu-Əbdüllah ibn Haruna müraciət edərdilər. Əbu-Əbdüllah və onun oğlu Əbu Məhəmməd hər ikisi imamın vəkilləri idilər».

MƏHƏMMƏD İBN SALEH İBN MƏHƏMMƏD ƏL-HƏMƏDANİ


Şeyx Tusi «Rical» kitabında bu şəxsi imam Həsən Əsgərinin (ə) səhabələrindən saymışdır. Şeyx Səduq bu şəxsi imam Mehdinin (ə) vəkillərindən saymış və onun imamla görüşdüyünü, həzrətin mö’cüzələrindən xəbərdar olduğunu bildirmişdir.

MƏHƏMMƏD İBN İBRAHİM MƏHZYAR ƏL-ƏHVAZİ


Bu şəxs də müqəddəs nahiyə tərəfindən tə’yin olunmuş vəkil kimi tanınmışdır. Şeyx Səduq da bu şəxsi həzrət Mehdinin (ə) vəkillərindən saymışdır. O bildirir ki, Əbu-İshaq imamla görüşə nail olub, onun mö’cüzələrini müşahidə etmiş vəkillərdəndir. Bu şəxs Əhvaz nahiyəsinin vəkili olmuş, atası dünyasını dəyişdikdən sonra onun ixtiyarında olan əmlakı Bağdada aparıb imamın səfirinə təhvil vermişdir. Nəhayət, müqəddəs nahiyə tərəfindən verilən fərmanla Əbu-İshaq atasının yerinə tə’yin olunmuşdur.

QASİM İBN ƏL-Ə’LA


Bu şəxs Azərbaycan əhli olmuş və müqəddəs nahiyə tərəfindən həmin məntəqəyə vəkil tə’yin olunmuşdur. Şeyx Səduq onun həzrət Mehdi (ə) ilə görüşmüş vəkillərdən olduğunu bildirir. Şeyx Tusi «Əl-ğeybət» kitabında bu şəxs haqqında müfəssəl mə’lumat vermişdir. Şeyx Tusinin bildirdiyinə görə, həzrət Mehdinin (ə) ona xüsusi diqqəti olmuşdur.

HƏSƏN İBN MƏHƏMMƏD İBN QƏTTAH SEYDƏLANİ


Həsən ibn Məhəmməd kiçik qeyb dövründə Vasət məntəqəsində vəqf vəkili olmuşdur. Cə’fər ibn Məhəmməd nəql edir ki, Əbu-Cə’fər Əmri onu bir miqdar libas və pulla Vasətə göndərdi. Burada Həsən ibn Məhəmmədlə görüşdükdə xəbər tutur ki, Vasət şiələrindən olan Məhəmməd ibn Əbdüllah dünyasını dəyişmişdir və bu libasla pul onun dəfni üçün göndərilmişdir. Bu söhbətdən mə’lum olur ki, Həsən ibn Məhəmməd ikinci səfirin dövründə vəkilliklə məşğul olmuşdur.

MƏHƏMMƏD İBN ŞAZAN İBN NUƏYM ƏL-ŞAZANİ ƏL-NİŞABURİ


Bu şəxs də müqəddəs nahiyənin vəkillərindən sayılmışdır. O öz vəkilliyi haqqında belə bir əhvalat danışmışdır: «Hesabımda dörd yüz səksən dirhəm pul toplanmışdı. İyirmi dirhəm də özümdən əlavə edib Əbül-Həsən Əsədiyə göndərdim. Mən həmin pula iyirmi dirhəm əlavə etdiyimi yazmamışdım. Əbül-Həsən Əsədi yazdığı cavabda bildirirdi ki, iyirmi dirhəmi mənə məxsus olan beş yüz dirhəmi almışdır».

Bu əhvalat onun vəkil olduğunu göstərir. Çünki onun ixtiyarında yığılmış dörd yüz səksən dirhəm imam malı olmuşdur. Şeyx Səduq da onun imamın vəkili olduğunu və imamla görüşüb mö’cüzələrini müşahidə etdiyini təsdiqləyir. Mənbələrdən bu da mə’lum olur ki, o Nişaburda vəkillik etmiş, Əbül-Həsən Əsədinin, eləcə də, ikinci naib Məhəmməd ibn Osmanın müasiri olmuşdur.



ƏZİZ İBN ZÜHEYR


Nəcaşi bildirir ki, Əziz ibn Züheyr müqəddəs nahiyə tərəfindən tə’yin edilmiş vəkillərdən olmuş və Həmədanda fəaliyyət göstərmişdir. O, vəkalət işlərində Əbu-Məhəmməd Həsən ibn Haruna tabe olmuşdur.

MƏNBƏLƏRDƏ ADI GÖSTƏRİLMİŞ SAİR VƏKİLLƏR


Mənbələrdə bildirilir ki, Qasim ibn Məhəmməd ibn Əli ibn İbrahim Həmədani Həmədanda, Əbu-Əli Bəstam ibn Əli yenə həmin şəhərdə, Əli ibn əl-Hüseyn ibn Əli Ət-Təbəri Səmərqənddə, Əbu Haşim Davud ibn əl-Qasim əl-Cə’fəri hansısa bir məntəqədə, Həsən ibn Ən-Nəzr əl-Qummi adı çəkilməyən bir ərazidə, Haciz ibn Yəzid əl-Vəşşa Bağdadda vəkillik fəaliyyəti göstərmişlər.

XAİN VƏKİLLƏR VƏ VƏKİLLİK İDDİASI EDƏN YALANÇILAR


Əvvəlki fəsildə işarə olunduğu kimi, vəkalət qurumunun fəaliyyətində bə’zi mənfi cərəyanlar da müşahidə edilmişdir. Cərəyanların müxtəlif səbəbləri olmuşdur. Həmin cərəyanlardan biri imamlar tərəfindən vəkil tə’yin olunduqdan sonra xəyanətə əl atan adamlar arasında müşahidə edilir. İkinci mənfi cərəyan vəkillik iddiasına düşmüş fırıldaqçılara aiddir. Belələri qısa bir müddət ətraflarına bir qədər adam toplasalar da, sonradan yalanları üzə çıxmış və rüsvay olmuşlar. Bu iki cərəyanla həm kiçik qeyb dövründə, həm də vəkalət qurumunun tə’sisindən əvvəlki dövrlərdə rastlaşmaq olur. Kiçik qeyb dövründə uyğun hallar daha geniş şəkildə gözə çarpır. Olsun ki, bunun səbəbi imamın qeybə çəkilməsi və işin vəkillərə həvalə edilməsi olmuşdur. Xainlər və fırıldaqçılar bu şəraiti özləri üçün münasib fürsət hesab etmişlər.

Bu iki cərəyanla yaxından tanış olmaq üçün onların öncüllərini tanımaq lazım gəlir. Söhbətimizin əvvəlində vəkillərin xəyanəti, onlar arasındakı fəsadlar, bu fəsadların səbəbləri və nəticələri ilə tanış olacaq, sonra isə ikinci cərəyanı araşdıracağıq.



VƏKALƏT QURUMUNUN BƏ’Zİ NÜMAYƏNDƏLƏRİNİN XƏYANƏTİ


Şübhəsiz ki, vəkillik olduqca məs’uliyyətli bir iş olduğundan mə’sum imamlar vəkil seçimində böyük diqqət göstərər və e’tibarlı adamları vəkil tə’yin edərdilər. Amma nəfsinin tərbiyəsi ilə ardıcıl şəkildə məşğul olmayan insanın daim büdrəmə ehtimalı vardır. İmamların vəkilləri arasında da elə adamlar müşahidə edilir ki, ilkin tə’yinatda zəruri şərtlərə malik olan bu adamlar şərait dəyişdikdən sonra xəyanətə əl atmış, nəticədə, imamın lə’nətlərinə düçar olmuşlar.

Əlbəttə ki, bütün xəyanətlərin və büdrəmələrin ayrı-ayrı səbəbləri mövcuddur. Bütün büdrəmələrin arxasında nəfsin tərbiyə olunmaması dayansa da, vəkillərin xəyanətlərinin ayrı-ayrılıqda səbəblərini araşdırmaq üçün onların şəxsiyyətləri ilə yaxından tanış olmaq lazım gəlir. İmkan daxilində əvvəlcə bu cərəyanların kiçik qeyb dövründən əvvəlki vəziyyəti ilə tanış olacaq, sonra isə kiçik qeyb dövründəki xain vəkillərin şəxsiyyətini araşdıracağıq.



VAQİFİYYƏ


Hicri 183-cü ildə imam Kazim (ə) dünyasını dəyişdikdən sonra onun bir qrup yaxın adamı və müxtəlif nöqtələrdəki vəkilləri iddia etdilər ki, imam sağdır, sadəcə, nəzərlərdən gizlidir. Guya o, tezliklə qaim adı ilə zühur edib, ədalətli bir İslam hökuməti quracaq. Onlar əvvəlcə imamın səkkiz aydan sonra zühur edəcəyini bildirirdilər. Bir qrup şiə onların bu baxışını müdafiə edirdi. İmam Kazimin (ə) qaim olduğuna və ondan sonra heç bir canişinin olmamasına inananlar şiələr arasında «vaqifiyyə» ardıcılları kimi tanınmağa başladılar. Vaqifiyyə məsləkində olanlar arasında tanınmış alimlər və mühəddislər də vardı. Bə’zi şiə alimləri vaqifiyyə məzhəbinin hicri beşinci əsrdə məhv olub getdiyini təsəvvür etsələr də, ən azı hicri altıncı əsrin ortalarınadək bu məzhəbin ardıcılları mövcud idilər.

İmam Kazimin (ə) ən yaxın tərəfdarlarından və vəkillərindən ibarət olan vaqifiyyə başçıları ilə tanış olaq: Əli ibn Əbu-Həmzə Bətaini, Osman ibn İsa Ərrəvasi, Ziyad ibn Mərvan əl-Qəndi, Əhməd ibn Əbu-Bəşər əl-Sərrac, ibn Əbu-Səid əl-Məkari, Mənsur ibn Yunus Bəzərc.

Bu vəkillərin ixtiyarında şiələrin imam Kazimə (ə) göndərdiyi dini haqlar toplanmışdı. Təbii ki, həzrətin vəfatından sonra bu əmlak onun canişini imam Rizaya (ə) təhvil verilməli idi. Amma yuxarıda adı sadalanan vəkillər ixtiyarlarında olan əmlaka tamah salaraq, imam Rizanın (ə) canişinliyini inkar etdilər. Vəkillərin belə bir məqsəddə olduğunu müxtəlif rəvayətlər təsdiqləyir. Bu rəvayətlərdən biri də Yunus ibn Əbdür-Rəhman tərəfindən nəql olunmuşdur. Rəvayətin məzmunu belədir: «İmam Kazimin vəfatından sonra onun vəkillərinin ixtiyarında böyük miqdarda əmlak toplanmışdı. Vaqifiyyə söhbətinin ortaya atılmasının və imamın vəfatının inkar olunmasının səbəbi həmin bu əmlak idi. Məsələn, Ziyad ibn Mərvan Qəndinin ixtiyarında yetmiş min, Əli ibn Əbu-Həmzənin ixtiyarında otuz min dinar toplanmışdı». Yunus ibn Əbdür-Rəhman vəkillərin bu çaşqınlığını müşahidə etdikdən sonra xalqı imam Rizanın (ə) imamətinin qəbuluna də’vət etmişdir. Onun bu çağırışlarından xəbər tutan Əli ibn Əbu-Həmzə və Ziyad ibn Mərvan Yunusa on min dinar təklif edərək bu çağırışlardan çəkinməsini istəmişlər. Yunus onların cavabında demişdir: «İmamlardan rəvayət olunmuşdur ki, ortaya bid’ət çıxdıqda bundan agah olan şəxs bildiyini izhar etməlidir. Əgər belə etməsə, Allah iman nurunu ondan alar. Mən heç bir halda cihad və ilahi göstərişə arxa çevirmərəm». Həmin iki şəxs Yunusun cavabını eşitdikdən sonra onunla düşmənçiliyə başlamışlar.

Vaqifiyyə başçılarını doğru yoldan sapdıran səbəblərdən biri də onların imam Rizanın (ə) məqamına həsəd aparmaları ola bilər. Əlbəttə ki, vaqifiyyə başçılarının iddialarına qəlbən inananlar da olmuşdur. Vaqifiyyə başçıları öz iddialarını xalqın beyninə yeritmək üçün bütün vasitələrdən istifadə edirdilər. Nəql olunur ki, Məhəmməd ibn Bəşir insan formalı bir müqəvva düzəldib, onu müxtəlif üsullarla hərəkətə gətirər və avam adamların beyninə yeridərdi ki, bu imam Kazimdir. İmam Riza (ə) bu hərəkətinə görə Məhəmməd ibn Bəşirin qanını halal buyurmuşdu. İmam (ə) Əli ibn Hədid Mədainiyə buyurmuşdu: «Əgər bacarsan, onu qətlə yetir. İmkanın olduğu halda onu öldürməsən, günahkar olacaqsan».



İMAM RİZAYA (Ə) QARŞI CASUSLUQ


Dünyapərəstlik, onun aldadıcı zahirinə meyl, iman zəifliyi və imamların yetərincə tanınmaması imamın ətrafındakı bə’zi insanların şeytana aldanmasına səbəb olurdu. İmama yaxın olduğu halda yolunu çaşanlardan biri də Hişam ibn İbrahim Abbasi Həmədani Raşidi olmuşdur. Şeyx Səduqun bildirdiyinə görə, bu şəxs imam Riza (ə) Tus şəhərinə köçürülənədək onun ən yaxın adamlarından olmuşdur. Hişam imamın Mədinədəki işlərini yerinə yetirərdi. O, alim və ədib bir insan idi. Əslində Hişam imamın Mədinədə baş vəkili vəzifəsini daşıyırdı. Müxtəlif məntəqələrdən imama ünvanlanmış xüms-zəkat və digər dini ödənclər ona verilirdi. İmam Riza (ə) Tus şəhərinə köçürüldükdən sonra Hişam ibn İbrahim hökumət dairələri ilə yaxınlıq edərək bir müddət sonra onların casusuna çevrildi. Xəlifə Mə’mun Hişamı imama qapıçı tə’yin etdi. İmam Rizanın (ə) evində baş verən ən kiçik hadisələr belə Hişam vasitəsi ilə Mə’muna çatdırılırdı. İmamla görüşmək istəyənlər Hişam ibn İbrahimə müraciət etməli idilər. Bu şəxs xəlifə Mə’muna o qədər yaxınlaşdı ki, onun e’tibarını qazanaraq Mə’munun oğlu Abbasın tə’limini öz öhdəsinə götürdü. Ona görə də Hişama «Hişam Abbasi» deyərdilər.

İMAM HADİNİN (Ə) XAİN VƏKİLİ FARİS İBN HATƏM İBN MAHUYEYE QƏZVİNİ


Bu şəxs imam Hadinin (ə) Samirrada əsas köməkçilərindən biri olmuşdur. Özü Qəzvindən olduğu üçün həmin məntəqənin əhalisi, adətən, ona müraciət edər, xüms-zəkatlarını ona verərdilər. Amma bu insanın batinindəki dünyapərəstlik zaman ötdükcə özünü büruzə verməyə başladı.

O, yolunu azaraq, imam malına əl uzatmağa başladı. Onun yolunu çaşmasının nişanələrindən biri də imamın Samirradakı digər bir baş vəkili Əli ibn Cə’fər Həmani ilə rəqabət aparması oldu. Bu rəqabət güclənib, sonda düşmənçiliyə çevrildi. Bu düşmənçilik hər tərəfdən hücumlara mə’ruz qalan şiə cəmiyyəti üçün təhlükəli bir vəziyyət yaratdı. Eləcə də, həzrətin vəkillərinə qarşı bədbinlik, inamsızlıq özünü göstərməyə başladı. Bu səbəbdən bə’zi şiələr xüms-zəkat kimi dini ödənclərini vəkillərə təqdim etmədilər. Bundan əlavə, həmin iki şəxs baş vəkil olduğundan müxtəlif məntəqələrdəki vəkillər şiələrdən toplanmış məbləği imama çatdırmaqda müşkülə düşdülər.

İmam vəziyyətə müdaxilə edərək Əli ibn Cə’fər Həmaninin tərəfini tutdu və məntəqələrdəki vəkillərə göstəriş verdi ki, imamla rabitələrində Faris ibn Hatəmdən istifadə etməsinlər. Eləcə də, vəkillərə tapşırıldı ki, bu göstərişə məhrəmanə əməl edərək Faris ibn Hatəmi qızışdırmasınlar. Çünki Faris nüfuzlu bir adam idi və şiələrlə imam arasında mühüm rola malik olmuşdu. İranın mərkəz və qərb məntəqələrinin şiələri, adətən, öz xüms-zəkatlarını onun vasitəsi ilə imama çatdırardılar. Amma imamın göstərişinə baxmayaraq, Faris həmin dini ödəncləri toplayır və imama təqdim etmirdi. Bir qədər sonra imam Farislə bağlı göstərişini şiələrə aşkar şəkildə e’lan etmək qərarına gəldi. Bütün vəkillərə çatdırıldı ki, kimsə dini ödənclərini Farisə təqdim etməməlidir. Nəhayət, imam hicri 250-ci ildə, rəbiül-əvvəl ayının doqquzunda Farisi yazılı şəkildə lə’nətləyərək bəyanat verdi. Həmin bəyanatdan sonra xəyanətkar vəkil açıq şəkildə imama qarşı mübarizəyə başladı. Mənbələrdə onun fəaliyyətləri haqqında ətraflı mə’lumat verilməsə də, bildirilir ki, o şiələri bid’ətə çağırır və imama itaətdən çəkindirirdi.

Məsələ o qədər ciddi bir şəkil almışdı ki, imam bu şəxsin qətli haqqında hökm çıxarmışdı. Belə göstərişlər olduqca istisna hallarda verilərdi. İmamın bu hökmündən sonra Cüneyd adlı bir şiə Farisi qətlə yetirdi və beləcə, vəkalət qurumu üçün olduqca təhlükəli olan cərəyanlardan birinin kökünə balta çalındı.



ÜRVƏ İBN YƏHYA


Ürvə imam Hadi (ə) və imam Həsən Əsgərinin (ə) Bağdaddakı vəkili idi. Bu şəxs ilk əvvəllər o qədər e’tibarlı idi ki, imam Həsən Əsgəri (ə) onun məqamı haqqında xoş sözlər söyləmişdi. Amma o da Faris ibn Hatəm kimi sonradan imam malına göz dikdi, hətta imam Hadi (ə) haqqında yalan danışmaqdan da çəkinmədi. O əvvəlcə imam Həsən Əsgərinin (ə) malından bir hissəsini oğurladı, sonra isə həmin malın digər hissəsini yandırdı. Onun bu hərəkəti imamı qəzəbləndirdi və imamın nifrini ilə elə səhəri gün həlak oldu.

ƏHMƏD İBN HİLALUL-İBRƏTAİ VƏ ƏHMƏD İBN HİLALUL-KƏRXİ


Mamağani və Xoyi kimi bə’zi alimlərin fikrincə, bu iki ad eyni bir şəxsə aiddir. Amma Şeyx Tusi «Əl-ğeybət» kitabında bildirir ki, birinci şəxs kiçik qeyb dövründən əvvəl, ikinci şəxs isə kiçik qeyb dövründə vəkil olmuşdur. Rəsmi şəkildə imam Həsən Əsgərinin (ə) fərmanı ilə lə’nətlənən isə Əhməd ibn Hilal olmuşdur. Bu şəxs imam malına göz dikərək xəyanətə yol vermişdir. Əvvəlki imamlarla müasir olmuş bu şəxs imam Həsən Əsgərinin (ə) vəkili olmuşdur. İmamın fərmanından sonra şiə cəmiyyəti yenidən onun haqqında həzrətə sorğu ünvanlamış və ikinci fərmanla əvvəlki fərman təsdiqlənmişdir.

Əhməd ibn Hilal Kərxi isə kiçik qeyb dövründə müqəddəs nahiyənin ikinci səfiri ilə düşmənçilik etdiyindən müqəddəs nahiyənin fərmanı ilə lə’nətlənmişdir.



MƏHƏMMƏD İBN ƏLİ İBN BİLALİL-BİLALİ (ƏBU TAHİR)


Bu şəxs imam Həsən Əsgərinin (ə) səhabələrindən olmuşdur. Təbərsi onu kiçik qeyb dövrünün səfirlərindən və tanınmış nümayəndələrindən saymışdır. Onun sözlərindən belə görünür ki, Əbu-Tahir e’tibarlılıqda Qasim ibn əl-Ə’la, Əhməd ibn İshaq Əş’əri, Əbül-Hüseyn Əsədi kimi uca məqamlı bir şiə olmuşdur. Şeyx Tusi isə onu qeyb dövrünün bəyənilməmiş vəkillərindən hesab etmişdir. Bu səbəbdən də Əllamə onun rəvayətlərini nəql etməkdən çəkinmişdir.

Əbu-Tahir imam Həsən Əsgərinin (ə) dövründə onun vəkili və imamın vəfatından sonra müqəddəs nahiyənin nümayəndəsi olmuş, amma ikinci səfir Məhəmməd ibn Osman Əmri fəaliyyətə başladıqdan sonra ixtiyarındakı imam malını saxlayaraq, Məhəmməd ibn Osman Əmriyə qarşı müxalif mövqe tutmuşdur. Bu şəxslə ikinci səfir arasında maraqlı bir əhvalat baş vermişdir. Əmri ibn Bilalın bir qrup adamla əyləşdiyi otağına daxil olaraq, onu Allaha and vermişdir ki, əsrin imamının dini ödənclərin Əmriyə təhvil verilməsi barədəki fərmanını e’tiraf etsin. İbn-Bilal e’tiraf etməyə məcbur olmuşdur. Əmri otaqdan xaric olduqdan sonra o öz ardıcıllarına bildirmişdir ki, Əmri məni bir otağa daxil etdi, həmin otağın üst hissəsindən bir şəxs mənə Əmri haqqında göstəriş verdi. Otaqdakı şəxsin heybətindən anladım ki, o həzrət Mehdidir. İbn-Bilal həmin şəxsdir ki, imam Həsən Əsgərinin (ə) baş vəkili Əli ibn Cə’fər Həmaninin əliaçıqlılığına e’tiraz etmişdir. Onun bu e’tirazına cavab olaraq imam buyurmuşdur ki, onlara aid işlərə kimsə qarışa bilməz. Azğın yol tutmuş Şərii, Numəyri, Hilali kimi Bilal da müqəddəs nahiyə tərəfindən lə’nətlənmişdir.




MƏHƏMMƏD İBN ƏLİ ƏL-ŞƏLƏMƏĞANİ (ƏBU-CƏ’FƏR, İBN ƏBİL-ƏZAQİR)


Bu şəxs Vasət məntəqəsindəki Şələmğan kəndindən olduğu üçün «Şələmğani» adlandırılmışdır. O əvvəlcə düzgün e’tiqada malik alim, saleh bir şəxs olmuşdur. «Ət-təklif», «Əl-İsmət», «Əl-Əvsiya» və bir sıra başqa kitablar bu şəxsə məxsusdur. Şələmğani o qədər e’tibarlı sayılmışdır ki, üçüncü səfir Hüseyn ibn Ruh, Müqtədirin dövründə gizlənməyə məcbur olduğu vaxt onu öz yerinə canişin qoymuşdur. Həmin vaxt şiələr öz sualları və istəkləri ilə ona müraciət edər, imam Mehdinin (ə) fərmanları onun vasitəsi ilə çatdırılardı.

Amma onun Hüseyn ibn Ruha qarşı kinli münasibəti, eləcə də əqidəsindəki çaşqınlıqlar haqq məzhəbi tərk edib, batil bir məzhəbə daxil olmasına səbəb olmuşdur. O, zaman ötdükcə daha da azğınlaşmış və nəhayətdə kafir və mürtəd dərəcəsinə enmişdir. Şələmğani öz ardıcıllarını inandırırdı ki, həzrət Peyğəmbərin (s) ruhu Məhəmməd ibn Osman Əmriyə, həzrət Əlinin (ə) ruhu Hüseyn ibn Ruha, həzrət Fatimənin (s) ruhu Ümmü-Gülsümə keçmişdir. O bütün bunları öz ardıcıllarına sirr kimi açıqlayırdı. Bu şəxs öz küframiz fikirlərini Hüseyn ibn Ruha aid etmişdir. Bu xəbər ibn Ruha çatdıqda o Şələmğanini lə’nətləyərək, şiələri ondan uzaqlaşmağa çağırmışdır. Amma Şələmğaninin aldadıcı düşüncələri Bəni-Bistami kimilərini özünə cəlb etmişdir. İbn-Ruh məktubla Bəni-Bistamiyə müraciət etmiş, onun Şələmğanidən uzaqlaşmasını istəmişdir.

Əvvəldə qeyd etdiyimiz kimi, bu şəxsin batil əqidələrindən biri bu idi ki, guya həzrət Zəhranın (s) ruhu Əbu-Cə’fər Əmrinin qızı Ümmü-Gülsümün bədəninə keçmişdir. Bu azğın fikir Bəni-Bəstama o qədər tə’sir etmişdi ki, Hüseyn ibn Ruh şiələr arasında Şələmğaniyə lə’nət xəbərini yaymağa məcbur olmuşdur. Xüsusi ilə Bəni-Növbəxt şiələrinə ondan uzaqlaşmaq əmr edilmişdir. Daha sonra həzrət Höccət tərəfindən Şələmğani ilə bağlı fərman çıxarılmışdır. Bu fərman ibn Ruha Müqtədirin evində məhbus olduğu vaxt çatdı. Fərman Əbu-Əli ibn Həmmam vasitəsi ilə bütün şiə başçılarına bəyan edildi. Hamı yekdil şəkildə Şələmğanidən üz döndərdi.

İbn-Ruhun müxalifliyindən xəbər tutan Şələmğani xəlifə Razinin vəzirinin məclisində, şiə camaat arasında belə dedi: «Bizimlə bir yerdə olun, əlimi onun əlinin üstünə qoyum. Əgər göydən bir atəş enib onu yandırmasa, dedikləri haqdır. O, bu sözləri ilə İbn-Ruhu «mübahiləyə» (Allahdan haqsız kəsə cəza istəməyə) çağırdı. Amma bu söz xəlifəyə çatdıqda o, Şələmğanini həbs edib qətlə yetirdi. Bununla da şiələr onun şərrindən qurtuldular.



Şələmğani Hüseyn ibn Ruhun ona e’timadından, şiə xalqının sadəliyindən öz pis məqsədləri üçün istifadə etdiyindən, İbn-Ruha həsəd apardığından, dünyapərəstlik xəstəliyinə yoluxduğundan çox pis aqibətə düçar oldu və imamət məqamı tərəfindən lə’nətləndi.

VƏKİLLİK İDDİASINDA OLAN FIRILDAQÇILAR


Vəkillik şiələr arasında uca bir məqam idi. Şiələr mə’sum imamın vəkili, nümayəndəsi kimi tanıdıqları şəxsə böyük ehtiram göstərir, bütün məsələlərdə ona müraciət edirdilər. Bu şəxs böyük ictimai məqama malik olurdu. Vəkillərin mühüm fəaliyyətlərindən biri xüms-zəkat kimi şər’i ödənclərin qəbulu olduğundan onlar imamın və şiələrin e’tibarı ilə böyük məbləğlərə nəzarət edirdilər. Bu səbəbdən də bə’ziləri heç bir əsas olmadan özünü imamın vəkili kimi təqdim edirdi. Qeyd olunduğu kimi, belə yalan iddiaları doğuran dünyapərəstlik, bə’zən də əqidə çaşqınlığı olurdu. Bu sayaq cərəyanları müşahidə edərkən görürük ki, kiçik qeyb dövründə uyğun sahədəki fırıldaqçılıq zirvə həddinə çatıbmış. Belələri imamın qeybdə olmasını özləri üçün fürsət sayırdılar. Uyğun məsələ ilə bağlı qeyb dövrünü nəzərdən keçirməzdən qabaq yalançı vəkillər haqqında bə’zi cərəyanlar haqqında danışacağıq.

ƏHMƏD İBN MƏHƏMMƏD SƏYYARİ (ƏBU-ƏBDÜLLAH)


Bu şəxs imam Cavadın (ə) dövründə yalandan vəkillik iddiası etmiş, imamın nümayəndəsi olduğunu bildirmişdi. Bu işdən xəbər tutan imam onu ifşa edərək, şiələrin ona müraciət etməsinə qadağa qoymuşdur. İmam həmin şəxs haqqında verilmiş sualı belə cavablandırmışdır: «O şəxs iddia etdiyi məqamda deyil, ona heç nə verməyin».


ƏLİ İBN HƏSİKƏ, QASİM Şİ’RANİ, MƏHƏMMƏD İBN FƏRAT


Bu üç şəxs imam Hadinin (ə) dövründə yanlış əqidəyə malik olmuş, hətta peyğəmbərlik iddiası etmişlər. Əli ibn Həsikə Qasim Şi’raninin ustadı olmuş, öhdəsindən şər’i vəzifələrin götürüldüyünü iddia etmişdir. Bu cərəyan o qədər təhlükəli şəkil almışdı ki, imam Hadi (ə) onun və onun həmfikirləri haqqında bir məktubda çox sərt göstəriş vermişdir. Şiələrə müraciətlə yazılmış məktubda belə deyilir: «İbn Həsikə, ona Allahın lə’nəti olsun, yalan deyir. Mən onu yalnız bir bəndə kimi tanıyaram. And olsun Allaha ki, bütün peyğəmbərlər təkallahlığa, namaza, zəkata, oruca, həccə, vilayətə də’vət etmişlər. Məhəmməd yalnız bir Allaha itaətə çağırmışdı. Biz də onun canişinləri, övladlarıyıq. Bu şəxsin dediyi sözlərdən Allaha pənah aparıram. Onları, Allahın lə’nəti olmuş bu şəxsləri özünüzdən uzaqlaşdırın. Xəlvəti bir məkan olduqda, əliniz onlara çatsa başlarını əzin».

HƏSƏN İBN MƏHƏMMƏD İBN BABA QUMMİ


İmam Hadi (ə) və imam Həsən Əsgəri (ə) dövrünün fırıldaqçılarından biri də bu şəxs olmuşdur. Kəşşinin nəql etdiyi bir rəvayətə görə, imam Həsən Əsgəri (ə) bu şəxsin peyğəmbərlik və vəkillik iddiasına düşdüyünü bildirmişdir. Həzrət ardıcıllarından olan Übeydi Kitabətə belə buyurmuşdu: «Mən Fəhri və Həsən ibn Məhəmməd ibn Baba Qummidən Allaha pənah aparıram. Səni və bütün ardıcıllarımı ondan həzər qılmağa çağırıram. Bu iki şəxsə Allahın lə’nəti olsun. Onlar bizim vasitəmizlə xalqdan qazanmaq istəyirlər. Hər ikisi fitnə əhlidirlər. Allah onları əzaba salsın. İbn-Baba güman edir ki, mən onu peyğəmbərliyə seçmişəm. Ona lə’nət olsun ki, şeytanın hakimiyyəti altına düşüb».

Kəşşi, Səhl ibn Məhəmmədin belə dediyini nəql edir: «İmam Hadiyə (ə) ərz etdim ki, ey mənim ağam, sizin ardıcıllarınız üçün Həsən ibn Məhəmməd ibn Babanın məsələsi müşkül olub. Bu barədə nə buyurursunuz? Onunla necə rəftar edək, yaxınlaşaq, yoxsa uzaqlaşaq? Həzrət öz mübarək xətti ilə belə yazdı: «O və Faris ibn Hatəm məl’undurlar. Bu iki şəxsdən uzaq olun. Allah hər ikisinə lə’nət etsin və Farisə olan lə’nətini artırsın».

Bəli, Həsən ibn Məhəmməd ibn Baba imam Hadi (ə) və imam Həsən Əsgəri (ə) dövrünün fırıldaqçılarından olmuş və mə’sumlar tərəfindən öz yalan iddialarına görə lə’nətlənmişdir.


Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə