Köhnə nağıl tək…



Yüklə 33 Kb.

tarix01.07.2018
ölçüsü33 Kb.


Köhnə nağıl tək… 

 

                                              

Vaxt gəlir, hər şeyin yetişir sonu, 

Bu nəydi qurtardı, yox oldu, getdi? 

Bu da bir həyatdı oynadıq onu, 

Bu da bir oyundu, yaşadıq, bitdi. 



  

Kamal Abdulla 

                                                                                            

Köhnə nağıl tək… 

                                                                                                               

Həzin payız səhərlərinin biri soyuqqanlı bir telefon səsi məni yuxudan 

oyatdı. Elə bil, telefonun bu soyuq səsi əvvəlcədən yaxşı xəbərin carçısına 

oxşamırdı. Elə də oldu. Bir müddət sonra Bakı küçələrinə hüznlü bir xəbər yayıldı 

televiziya və radio dalğalarından… 

… «Səhnəmizin böyük AKTYORu, USTAD SƏNƏTKAR Yaşar Nuri 

noyabr ayının 22-də səhərə yaxın vəfat etdi… Allah rəhmət eləsin». 

Mənə görə, SƏNƏTKARlar vəfat eləmir, sadəcə dünyalarını dəyişirlər. 

Yəni, bu dünyadakı missiyalarını başa vurub, ötəki dünyada onlara veriləcək yeni 

görəvin başına keçirlər. Yaşar Nuri də buradakı həyatı oynadı, yaşadı və bitdi… 

  

Pərdə açılır, bu, bir səhnədir… 



Tamaşaçılar, nə qədər çiçək… 

Kimsə əl çalır, kimsə əl edir, 

Hər şey tanışdır, köhnə nağıl tək. 

  

Pərdə açılır… Yenə səhnə… Yenə tamaşaçı… Yenə gül-çiçək yağışı… Və 



yenə də YAŞAR NURİ… elə köhnə nağıl tək… 


Bu dəfə də səhnədə təkdir Yaşar Nuri. Yenə də Akademik Milli Dram 

Teatrının tamaşaçı zalında anşlaqdır. Təkcə zalda yox, dəhlizlərdə, foyedə insan 

əlindən iynə atsan yerə düşməz. Sənət dostlarından tutmuş adi tamaşaçıya qədər, 

hamı onun NURUNA, İŞIĞINA toplaşıb. Amma bu nə tamaşadır, nə yubiley 

gecəsi… 

Bu YAŞAR NURİylə vida mərasimi… 



  

Nağıl belə başladı… 

  

1951-ci il sentyabr ayının 3-də Bakının Sovetski deyilən küçəsində dünyaya 



bir körpə gəlmişdi. Sənətçi ailəsində… Hamı aktyor Məmmədsadıq Nuriyevə 

gözaydınlığı vermişdi. O da oğlunun doğuluşuna hədsiz dərəcədə sevinmişdi, vaxt 

gələcək Azərbaycan teatr və kino sənətinin böyük SƏNƏTKARı olacağını 

bilmədən. 

Zaman keçir, ata anlayırdı ki, oğlu adi uşaqlardan deyil. Onun elə bu qeyri-

adiliyini duyub da əlindən tutub səhnəyə gətirmişdi – Azərbaycan Dövlət Musiqi 

Komediya Teatrının səhnəsinə… 

Səhnəyə ilk dəfə on bir yaşında dramaturq Məhərrəm Əlizadənin «Toy 

kimindir?» tamaşasında Tapdıq rolunda çıxmışdı. Məktəbli vaxtlarında Dövlət 

Televiziyasının «Yelkən» verilişinin aparıcılarından olmuşdu. Bundan başqa o, 

«Buratino», «Qaranquş», «Pioner» uşaq verilişlərində müntəzəm iştirak etmişdi. 

Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına məddəniyyət sarayı xalq teatrının 

tamaşalarında çıxış etmişdi. 

Uşaq Yaşar gözgörəsi fitri istedada malik idi. O, cəld, çevik, bacarıqlı, 

hazırcavab idi. Şirin, xoşagəlimli çöhrəsi vardı. Uşaq Yaşar rol oynayarkən gözləri 

gülürdü. 

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr 

səhnələrində uşaq rollarını ifa edən qəhrəmanım 1968-ci ildə Bakıdakı 173 nömrəli 

orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino 

aktyorluğu fakültəsinə daxil olmuşdu. Orada kurs rəhbərləri, tanınmış səhnə 




xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin 

incəliklərini öyrənmişdi. 

İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal liderə çevrilmişdi. Tələbəlik 

çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu «hazır aktyor» hesab edirdi. 

Haqları da var idi… Çünki Yaşarın istedadı yaşından yaşlı idi. 

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun 

tədris teatrında aktyor işləmişdi. 1974-cü il dekabr ayının 1-də Akademik Milli 

Dram Teatrıın baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor 

truppasına qəbul olunmuşdu. 

  

Nağıl davam edir… 



  

Nağıl qəhrəmanımın yaradıcılıq fəaliyyəti çoxşaxəli idi: teatr, kino və 

televiziya. 

Televiziyada onun böyük şöhrət qazandığı çox sayda ekran obrazları var idi. 

Əlliyə yaxın bədii filmə çəkilmişdi

, Azərbaycan Dövlət 

Televiziyasında

 hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik 

səhnəciklərdə iştirak etmişdi. Onun əsasən baş rollarını ifa etdiyi teletamaşalar 

televiziyanın qızıl fondunda və yeddidən yetmişə hamının yaddaşında əbədi sənət 

nümunələri kimi qorunur. Hansını birini deyim?..

 

«Yollar görüşəndə»də Yaşar…  «Evləri köndələn yar»da 



Surxayzadə… «Qatarda»da Dadaşov… «Kökdən düşmüş piano»da 

Nəriman… «Topal Teymur»da Cücə… «Səni axtarıram», «Bağışla», «Səndən 

xəbərsiz»trilogiyasında Elçin… «Göz həkimi»ndə Həsənağa… «Ac həriflər»də

 

Həsən dayı, çəkməçi, şəhər sakini, qəzet oxuyan… «Yarımştat»da Muxtar bəy… 



«Nigarançılıq»da Qurbanəli bəy… «Ordan-burdan»da Fotoqraf Əli bəy… «Yaşıl 

eynəkli adam»da Kazım… «Fatehlərin divanı»nda Sərsəri şair… «Qonşu qonşu 

olsa»da on bir müxtəlif tip və saymaqla bitməyən obrazlar ordusu… 

O… həm də radio və kinostudiyanın dublyaj  sektoru ilə əməkdaşlıq etmişdi, 

radioda «Sabahınız xeyir», «Gülüş axşamı» yumoristik verilişlərinin, radio 



tamaşalarının iştirakçısı olmuşdu. «Azərbaycanfilm» kinostudiyasında isə saysız-

hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj  etmişdi. 

O… cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, 

yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, 

karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdi. 

O… olmasaydı filmlərimizin dadı, duzu, ləzzəti olmazdı. Makintoşsuz («Yol 

əhvalatı»), İsrafilsiz («Bəyin oğurlanması») Azərbaycan kinosunu necə təsəvvür 

etmək olar?! Ya «Yaramaz»dakı Maşalla, «Yoxlama»dakı Direktor, elə 

«Yuxu»dakı Polis – bunların da bir özgə ləzzəti var… 

Amma deyəsən, qəhrəmanım canlı səhnəni daha çox sevirdi axı… Belə də 

deyirdi: «Televiziyada, kinoda çəkiləndə yoruluram. Amma səhnədə heç vaxt 

yorulmuram. Daha doğrusu, bu yorğunluqdan ləzzət alıram». 

Qəhrəmanımın yaradıcılığı dörd teatrın səhnəsindən keçdi: 

Akademik Milli Dram Teatrı… Opera və Balet Teatrı… Musiqili Komediya 

Teatrı… Kukla Teatrı…. 

Tamaşaçı onu daha çox Akademik Milli Dram Teatrının səhnəsində gördü, 

bəyəndi və sevdi. O, bu teatrda obraz ardınca obraz yaratdı… 

İlk olaraq Aleksandr Vampilovun “Övlad” (“Böyük oğul”) pyesində  Silvanı 

oynadı. Daha sonralar Pərviz («Bağlardan gələn səs», İlyas Əfəndiyev), Kürd 

Musa («Vaqif», Səməd Vurğun), Sqanarel («Don Juan, yaxud bəşərin 

komediyası», Mirzə İbrahimov), Məşədi Oruc («Ölülər», Cəlil Məmmədquluzadə), 

Namiq («Şəhərin yay günləri», Anar), Sərsəm Salman («Dəli yığıncağı», Cəlil 

Məmmədquluzadə), Cığatay («Yağışdan sonra», Bəxtiyar Vahabzadə), Meyxanaçı 

(«Karıxmış sultan», Taufıq əl Hakimi), Molla Nəsrəddin (“Sizi deyib 

gəlmişəm…», Anar), Bayandur («Büllur sarayda», İlyas Əfəndiyev), Abdi (“Qanlı 

Nigar», Sadıq Şendil), İsgəndərzadə («Ah,Paris…Paris!..», Elçin), Şöbə müdiri 

(«Mənim sevimli dəlim», Elçin), Xandəmir («Afət», Hüseyn Cavid) və s. obrazları 

qəhrəmanımın obrazlar qalereyasını zənginləşdirdi. 



  

Qəhrəmanım xalqın qəhrəmanıdır… 


  

O… Azərbaycan SSR-in Əməkdar Artisti oldu – 1981-ci ildə 

O… Azərbaycan SSR-in Xalq Artisti oldu – 1989-cu ildə 

O… Azərbaycan Respublikasının Dövlət Mükafatını aldı, «Yaramaz» 

filmindəki Maşallah roluna görə – 1991-ci ildə 

O… «Qızıl dərviş» Mükafatını aldı – 1992-ci  və 1996-cı illərdə 

O… Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatçısı və 

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü oldu – 2005-ci ildə 

O… «Şöhrət» ordeni aldı – 2011-ci ildə 

O… Milli Kino Mükafatı aldı – 2012-ci ildə 

Nəhayət O… xalqının əbədi qəhrəmanı oldu – 2012-ci il 22 noyabrda 

  

Nağılın sonu… 

  

Kaş ki, hər şey nağıllardakı kimi xoşbəxt sonluqla bitsəydi… 



Amma neyləmək olar?! Doğulan bir gün ölür, nağıldan nağıla dönür… 

Qəhrəmanım da nağıla döndü, kim bilir, bəlkə elə xoşbəxt sonluq da bu 

deməkdir?! 

Pərdə enəcək, hər şey bitəcək, 

Mən getməliyəm, sən getməlisən. 

Hər şey dumanda, çəndə itəcək, 

Mən itməliyəm, sən itməlisən. 

  

Bilmirəm, Kamal Abdulla ilə Yaşar Nurinin münasibətləri necə olub, 



deyəsən, heç Yaşar Nuri Kamal Abdullanın əsərlərində də oynamayıb. Amma bu 

gizli, sirli-sehrli əlaqə nə idi ki, vida mərasimi başlanandan bitənəcən, Kamal 

Abdullanın şeirinin təsirindən qurtula bilmədim. İstifadə etdiyim şeir də məhz 

Kamal Abdullaya məxsusdur. Elə bil ki, Yaşar Nuri üçün nəzərdə tutulmuş 

misralar… 



Pərdə enir… YAŞAR NURİnin tamaşaçılarına canlı səhnədən, sevdiyi 

səhnədən son səslənişi qulaqlarımda cingildəyir: 

…Bu da bir həyatdı oynadıq onu, 

…Bu da bir oyundu, yaşadıq, bitdi. 



 

 

Könül Əliyeva 

Teatrşünas 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə