Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir



Yüklə 0,71 Mb.
səhifə2/15
tarix26.05.2018
ölçüsü0,71 Mb.
#46099
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   15

Kuzen Adolfun gözləri yoxdur, köpmüş göz qapaqlarının altından güclə gözlərinin ağını görmək olar. Adolf yuxulu-yuxulu gülümsəyir, bəzən fınxırır, zingildəyir, yuxusunda nəsə görmüş it kimi ərinə-ərinə əllərini tərpədir.

Onun mavi çit köynəyi şokoladlı fonda sevinclə fərqlənir. Amma bu da ürəyimi bulandırır. Və ya daha doğrusu elə bunun özü ürəkbulantısıdır. Ürəkbulantısı məndə deyil, mən onu orada, o divarda, aşırmalarda, ətrafımdakı hər şeydə hiss edirəm. O bu kafe ilə bütünlük təşkil edir və mən onun içindəyəm.

Sağ tərəfdəki isti kütlə səs küy salır, əllər daha sürətlə hərəkət edir.

- Bu da sənə kozır.

- Hansı kozır? – uzun qara onurğa kartların üzərinə əyilir.

- Ha- ha-ha-ha.

-Nolub? Bu kozırdır, o da onun üstünə gedib.

–Bilmirəm, görmədim.

- Yaxşı, deməli kozır qırmızı toxmaqdır.

Oxuyur “Kozır qırmızı toxmaq, kozır qırmızı toxmaqcıq”.

- Bu nədir axı müsyö, bu nədir axı? Götürürəm!

Və yenə də sakitlik- hulqumumda şirintəhər dad var. İylər. Aşırmalar.

Kuzen qalxır, bir neçə addım atır, əllərini arxasında gizlədir, gülümsəyir, başını qaldırır, dabanıüstə arxaya dönür. Və elə bu vəziyyətdə yatır. Budur, o dayanıb, yellənir. Üzündən gülümsəmə keçmir, yanaqları əsir. İndi o yıxılacaq. O arxaya meyllənir, daha çox… daha çox… üzünü tavana qaldırıb, amma artıq yıxılmağa hazır olduğu məqamda yüngülcə piştaxtadan yapışır və tarazlığını düzəldir. Və hər şey yenidən başlayır. Mənlik bu qədər, ofisiantı çağırıram.

- Madlena, xahiş edirəm, plastinka qoyun. Sevdiyim mahnını, siz bilirsiniz:” Some of these days”[i]

- Bu dəqiqə, amma ola bilər ki, cənablar etiraz edələr. Onlar oynayanda musiqi mane olur. Gözləyin onlardan soruşum.

Özümə dəhşətli əziyyət verərək başımı çevirirəm. Onlar dörd nəfərdirlər. Madlena burnunda qara çərçivəli pensne olan qırmızısifət, yaşlı adama tərəf əyilir. Qoca kartları sinəsinə sıxaraq şüşə altından mənə baxır.

- Buyurun müsyö.

Gülümsəyir. Onun dişləri çürükdür. Qırmızı əl ona deyil, qonşuluğundakı qara bığlı cavan adama aiddir. Bu bığlının böyük burun deşikləri var, elə böyük ki, bütün bir ailənin havasını çəkə bilərdi, deşiklər üzünün yarısını tutsa da o ağzından nəfəs alır və arabir yüngülcə tövşüyür. Bir də onlarla it başlı cavan oğlan oturub. Dördüncü oyunçunu görə bilmirəm. Kartlar mahudun üstünə dairəvi şəkildə düşür. Üzüklü əllər onları götürür və süfrəni dırnağı ilə cızır. Əllər mahudun üstündə ağ ləkələr kimi uzanıb, görünüşləri şişkin və tozludur. Stolun üstünə təzə kartlar verilir, əllər qabağa və geri çəkilir. Qəribə məşğuliyyətdir, bu nə oyuna, nə ayinə nə də heç bir əsəbi əsməcəyə oxşamır. Yəqin onlar bunu sadəcə vaxtı doldurmaq üçün edirlər. Amma vaxt çox genişdir, onu doldurmaq olmur. Ona nəyi buraxırsan yumşalır və dartılır. Elə bu büdrəyə-büdrəyə kartları götürən qırmızı əlin hərəkətlərini götürək, olduqca süstdür. Onu gərək söküb, içəridən düzəldəsən. Madlena qrammafonun qolunu fırladır. Kaş o yenə də çaşıb bir dəfə olduğu kimi “Cavalleria Rusticana”- dan[ii] ariya qoymasın. Yox, hər şey düzdür, mən ilk taktlardan musiqini tanıyıram. Bu səsli oxunmalı köhnə Reqtaymdır. 1917-ci ildə La-Roşeli küçələrində amerikan əsgərlərinin onu necə fit çalaraq oxumalarını eşitmişdim. Melodiya müharibəyə qədərki dövrə aid olmalıdır. Amma səs yazısı sonraya aiddir. Amma yenə də bu buradakı kolleksiyada ən qədim- Pate firmasına aid saffirli iynələr üçün valdır.

İndi oxuma başlayacaq- ən çox da mənim o xoşuma gəlir, o necə də dənizdəki qaya kimi önə əyilir. Nə qədər ki caz çalınır, melodiya yoxdur, sadəcə notlar, saysız kiçik təkanlardır. Onlar istirahət nədir bilmirlər, amansız qanunauyğunluq onları həyata çağırır, istismar edir, imkan vermir ki, arxaya baxıb özləri üçün yaşasınlar. Onlar qaçırlar, toqquşurlar, ötəri mənə kiçik zərbə vururlar və məhv olurlar. Mən onları saxlamaq istərdim amma bilirəm ki, əgər bu notlardan birini saxlasam əlimdə sadəcə kobud, zəif səs olacaq. Mən onların ölümü ilə razılaşmalıyam daha doğrusu arzulamalıyam. Başqa şiddətli, güclü hisslər demək olar ki, tanımıram. Qızınmağa başlayıram, özümü yaxşı hiss edirəm.

Burada hələ ki xüsusi heç nə yoxdur, sadəcə ürəkbulantısı dünyasında balaca xoşbəxtlikdir: o yapışqan bataqlığın, mavili aşırmaların və basılmış stulların olduğu zamanımızın içində yuva qurmuş yağlı ləkə kimi sürüşən geniş, yumşaq anlardan ibarətdir. Doğulmağa macal tapmamış artıq qocalıb, mənə elə gəlir ki, onu iyirmi ildir ki tanıyıram. Başqa xoşbəxtlik də var- haradasa içərilərdə musiqinin dar ərazisi – gümüşü lent var, o bizim zamanı rədd edərək, kiçik quru tikişaraları ilə saxlayaraq, sonluqda kəsişir; başqa zaman da var.
- Müsyö Randyu qırmızı toxmaqla oynayır, tuzla gəl.

Səs sürüşdü və itdi. Gümüşü lenti heç nə kəsmir- nə açılan qapı, nə dizlərimi üşüdən soyuq havanın içəri girməsi, nə baytarın balaca qızı ilə gəlişi: musiqi bütün bu yayılan formaların içindən keçib, axmaqda davam edir. Qız elə təzəcə oturmuşdu ki, musiqinin təsirinə düşdü: dirçəldi, gözlərini geniş açdı və yumruğunu stolun üstündə sürüşdürərək qulaq asır.

Daha bir neçə dəqiqə və Zənci qadın oxuyur. Bu qaçılmaz bir şeydir, musiqi o qədər müəyyəndir ki: onun qarşısını heç nə ala bilməz, dünyanın dəli olduğu zamandan gələn heç nə; o özü bitəcək, qanunauyğunluğa uyaraq. Elə buna görə də mən bu gözəl səsi hər şeydən çox sevirəm; səslənməsinə görə yox, kədərinə görə yox, ona görə ki, onun yaranmasına qədər çoxlu-çoxlu notları hazırlayıblar, o notlar onun yaranması üçün ölüblər.

Yenə də narahatam: o qədər az şey lazımdır ki, val dayansın- yay sına bilər, kuzen Adolfun şıltaqlığı tuta bilər. Çox təsirlidir, bu möhkəm şey necə incədir. Heç nə onu saxlaya bilməz amma hər şey də məhv edə bilər. Budur sonuncu akord vurulur. Yaranan qısa sükutda bütün varlığımla hiss edirəm ki, nəsə baş verdi- NƏSƏ OLDU.

Sakitlik.
Some of these days,

You’ll miss me honey![iii]


Ürəkbulanması keçdi, bu baş verdi. Sakitlikdə səs çıxanda bədənim möhkəmləndi və ürəkbulanması keçdi. Bircə anlıq; Bu az qala əzab verirdi- ətrafı möhkəm və parıltılı etmək. Musiqinin axını isə genişləndi, qasırğa kimi böyüdü. O bütün zalı bizim miskin zamanımızın divarlarını sıxaraq özünün metal şəffaflığı ilə doldurdu. Mən musiqinin içindəyəm. Güzgülərdə alovlu şarlar fırlanır, onları tüstü halqası dövrəyə alır, onlar alovun sərt gülüşünü əks etdirərək gah fırlanırlar, gah dumanlanırlar. Mənim pivə stəkanım özünə gəldi, stolun üstündə möhkəmləndi: aydınlaşdı və lazımlı oldu. Onu götürmək, ağırlığını hiss etmək istəyirəm, əlimi uzadıram…

Aman allah! Hərəkətlərimdəki əsas dəyişiklik bu imiş.


Əlimin sıxılması sözlərlə fırlandı, zənci qadının səsi ilə birgə axdı; mənə elə gəldi ki, rəqs edirəm.

Adolfun üzü hələ də oradadır, şokoladlı divarla lap yaxın görünür. Əlim stəkanın ətrafına dolananda Adolfun başını gördüm- onda sonluğun qaçılmazlığı, aydınlığı var idi. Mən şüşə stəkanı sıxıram, Adolfa baxıram- mən xoşbəxtəm.

- Mən belə gedəcəm!

Kiminsə səsi ümumi səs-küydən ayrıldı. Bu mənim qonşuluğumda oturan quru qocanın səsidir. Onun bənövşəyi yanaqları stulun qəhvəyi dərisindən kəskin seçilir. O stolun üstünə kartları vurur. Tuz kərpic.

Amma it başlı oğlan gülümsəyir. Qırmızsifət oyunçu stolun üstünə əyilib, tullanmağa hazır vəziyyətdə onu aşağıdan izləyir.

- Mən isə bax belə.

Oğlanın ağ əli qaranlıqdan çıxıb, tələsmədən bir anlığa havada parıldayıb, kartı mahuda sıxaraq çalağan kimi aşağı istiqamətlənir.

Qırmızısifət gombul tullanır:

- Lənət şeytana!Vurur!

Sıxılmış barmaqlardan toxmaq kralın silueti keçir, sonra kralı üzü aşağı qoyurlar və oyun davam edir. Yaraşıqlı kral uzaqlarda görünür, onun gəlişinə çoxlu kombinasiyalar, çoxlu itən jestlər hazırlanıb. Budur, o da öz növbəsində itir ki, yeni kombinasiyalara, yeni jestlərə, gedişlərə, taleyin dönüklüyünə, hesabsız kiçik macəralara cavab olaraq həyat versin. Mən narahatam, mənim bədənim istirahətdəki yüksək dəqiqlik mexanizmi kimidir. Mən axı əsl macəra yaşadım. Dəqiqliyinə qədər yadımda deyil amma mən hadisələrin məcburi əlaqələrini izləyirəm. Mən dənizdə üzürdüm, arxamda çoxlu şəhərlər qalırdı, çayın axını ilə qalxırdım, cəngəllik meşələrinə dalırdım və bütün bunlarla yanaşı həmişə başqa şəhərə can atırdım. Mənim qadınlarım vardı, mən kişilərlə döyüşürdüm, amma val arxaya fırlana bilmədiyi kimi mən də heç vaxt geri qayıda bilmədim. Bütün bunlar məni hara gətirdi? Bu dəqiqəyə, bu stula, bu işıq qabarcığının uğuldayan musiqisinə.


And when you leave me[iv]
Mən, Romada Tibrin sahilində oturmağı xoşlayan mən, Barselonada axşamlar Ramblas bulvarında yüz dəfələrlə qabağa, geri gedən mən, Anqokor yaxınlığında Müqəddəs Qılınc hovuzunda Müqəddəs İlanlar məbədinə kökləri ilə dolanmış banyanı görən mən, burada oturmuşam, oyunçuların oynadığı eyni anda mövcudam, Zənci qadının necə oxumasını dinləyirəm, pəncərələrdən o tərəfdə isə cansız qaranlıq fırlanır.
Val dayandı. Və qaranlıq qərarsız, şit-şit gülərək içəri girdi. O görünmür amma buradadır, o lampaları dumanlandırdı; havada nə isə sıxıldı- bu odur. Soyuqdur. Oyunçulardan biri digərinə səpələnmiş kartları verir və o biri onları yığır. Kartlardan biri stolun üstündə qaldı. Onlar onu görmürlər yoxsa nə? Doqquz toxmaq. Axır ki, kimsə onu götürdü, it başlı oğlana ötürdü.

- Aaa! Doqquz toxmaq!

Hə, artıq vaxtdır.

Bənövşəyi qoca karandaşın sonluğunu çeynəyərək kağız parçasının üstünə əyildi.

Madlena ona aydın, boş baxışlarla baxır. Oğlan əlində doqquz toxmağı fırladır. Aman allah!…

Mən çətinliklə ayağa qalxıram; baytarın kəlləsi üzərindəki güzgüdə, qarşımda qeyri insan üzü görünür.

Kinoya gedirəm.

Küçədə mənə yaxşıdır- havada şirintəhər dad yoxdur, vermutun kefli iyi yoxdur. Ay allah necə də soyuqdur!

Səkkizin yarısıdır, yemək istəmirəm, seans isə ancaq doqquzda başlayacaq, yaxşı indi nə edim? Tez-tez yerimək lazımdır ki, qızınım. Qərarsızam: arxamdan bulvar mərkəzi küçələrin bərbəzəkli alovlu naxışlarına, şəhərin mərkəzinə, “Pale Paramaunt”- a, “İmperialyu”ya, “Yaan” böyük mərkəzi univermağa aparır. Bütün bunlar məni o qədər də həvəsləndirmir: indi aperitiv vaxtıdır, mən isə bütün bu canlandırılmış əşyalardan, itlərdən, insanlardan, özbaşına hərəkət edən yumşaq kütlədən boğaza yığılmışam.

Sola tərəf dönürəm, indi qaz fonarlarının cərgəsi ilə bitən dalana girəcəm- Nuar bulvarı ilə Qalvani prospektinə qədər gedəcəm. Dalanda buzlu külək əsir- orada ancaq daşlar və torpaqdır. Daşlar möhkəmdirlər və tərpənmirlər.

Əvvəlcə yolun darıxdırıcı hissəsini keçmək lazımdır: Sağ səkidə alov cizgili, tüstüləyən nəsnə görünür- bu köhnə voğzaldır. Onun varlığı La Redut bulvarından Cənnət küçəsinə qədər, Nuar bulvarının ilk yüz metrinə həyat verdi, burada onlarla fonar yanır, yan-yana dörd kafe var- “Dəmiryolçuların sığınacağı” və üç digər kafe gündüzlər solur, axşamlar körpünün üstünə işıqlı dördbucaqlılar uzadaraq yanır.
Mən artıq üçüncü dəfədir sarı işığa qərq oluram, görürəm ki, qalantereya (xəz) və bakaleya (yeyinti şeyləri) satılan “Rabaş” maqazinindən bir qoca qadın çıxır, yaylığını başına salır, tələsik harasa qaçır və son. Mən cənnət küçəsinin son fonarının altında, səkinin kənarında dayanmışam. Burada asfalt lenti sərt şəkildə qırılır. Küçənin o biri tərəfində qaranlıq və palçıqdır. Cənnət küçəsini keçirəm. Sağ ayağımla suya batdım, corabım islandı.

Gəzinti başlandı.

Nuar bulvarının bu hissəsi əlçatmazdır. Buranın iqlimi çox sərtdir, torpaq isə həyatın köklərini atması və inkişaf etməsi üçün çox nankordur.

Soley qardaşlarının üç taxta-şalban zavodlarının ( Soley qardaşları Müqəddəs Dənizçi Çeçiliy kilsəsinin yüz min franklıq tağlarının tikintisini təchiz etmişdilər) bütün pəncərə və qapıları, səs-küyləri ilə doldurduqları qərbə- rahat Janna-Berta Kerua küçəsinə baxır. Viktor Nuar bulvarına onlar özlərinin hasarlanmış üç arxalarını göstərirlər. Zavodların binaları sol səki ilə dörd yüz metr uzanır, bircə dənə də pəncərə yoxdur, heç dam pəncərəsi də. Bu dəfə mən hər iki ayağımla çirkab kanalına girdim. Yolu keçirəm, küçənin o biri tərəfində yalnız qaz fonarı var, dünyanın sonundakı mayak kimi kələ-kötür, sınıq-salxaq hasarı işıqlandırır. Taxtalarda hələ də elan kağızlarının parçaları qalır. Ulduz şəklində kəsimiş yaşıl kağız parçasının üstündəki gözəl üz, nifrət ifadəsi verilərək dəyişdirilib, şəklin burnunun altından kimsə ucları yuxarı burulmuş bığ çəkib.



Digər parçada təbaşirlə yazılmış “sadəlövh” sözünün ağ hərfləri seçilir, oradan qırmızı damcılar axır- bəlkə də qandır. İstisna deyil ki, bu üz və bu söz bir elanın hissələri olublar. İndi elan hissələrə ayrılıb, əvvəlki mənası parçalanıb və parçalar arasındakı bağlantı itib, amma eybəcərləşdirilmiş ağız, qan damlası, ağ hərflər və “vh” sonluğu özündə hansısa yeni birlik yaradır, elə bil ki, hansısa boğulmaz, günah ehtiras bu sirli işarələrlə özünü ifadə etməyə çalışır. İşıqlanan taxta aralarından dəmir yolunun işıqları parıldayır. Hasarın yanından uzun divar uzanır. Hamar, qapısız, pəncərəsiz divar iki yüz metrdən sonra evə söykənir. Mən fonarın təsir dairəsini keçib, qaranlıq əraziyə düşdüm. Kölgəm qaranlıqda ayaqlarımın altında əriyir və mənə elə gəlir ki, buzlu suya dalıram. Uçurumun dərinliyində, qalın qaranlığın arasından tutqun çəhrayı ləkə parıldayır- bu Qalvani prospektidir.
Dönüb baxıram, arxada qaz fonarı, lap uzaqlarda işıqlı ərazinin kiçik hissələri- voğzal və dörd kafe. Arxamda və qarşımda insanlar pivəxanalarda içıb, kart oynayırlar. Burada hər şey qaradır. Bəzən haradansa uzaqlardan külək mənə yalnız, fasiləli səs gətirir. Ev səsləri, maşınların səsləri, qışqırıqlar, it hürüşməsi işıqlı küçələrdən ayrılmırlar, onlar istidə qalırlar. Amma bu səs qaranlığı keçib bura qədər çatır, o möhkəmdir, onda digər səslərə nisbətən daha az insanilik var. Mən dayandım ki, ona qulaq asım. Üşüyürəm, qulaqlarım ağrıyır, yəqin ki onlar qızarıblar. Amma mən artıq özümü hiss etmirəm, mən ətrafımdakı təmizlikdə udulmuşam; yeni heç nə yoxdur, külək fit çalır, dəqiq xətlər qaranlığa qaçır. Nuar Bulvarında, gəlib keçənlərlə işvələnən burjua küçələrinin ədəbsizliyi yoxdur. Heç kimin ağlına onu bəzəmək gəlməyib, o digərlərinin – Janna- Berta Keruanın, Qalvani prospektinin əksidir. Voğzal rayonunda buviliyalılar bəzən bulvara baş çəkirlər, sərnişinlərin xətrinə oranı təmizləyirlər. Amma bir az uzaqlaşan kimi onu taleyin qucağına atırlar və o kor kimi irəli, Qalvani prospektinə can atır. Bəzən yüksək sürət və səs küylə torpaq rəngli yük maşını onun üstünə gedir. Amma burada hətta heç kimi öldürmürlər, burada nə qatil nə də qurban var. Nuar bulvarı cansızdır. Mineral kimi. Üçbucaq kimi. Buvildə belə bulvarın olması nə böyük xoşbəxtlikdir. Adətən belələrinə ancaq paytaxtlarda rast gəlinir, Berlində Noykeln və ya Fridrixsxayna rayonlarında, Londonda Qrinviçin arxasında. Bu küləklərin əsdiyi uzun, çirkli, bir dənə də ağacın olmadığı səkili dəhlizdir. Onlar demək olar həmişə şəhər kənarlarında, adətən şəhərin başladığı qəribə rayonlarda yerləşirlər, yaxınlıqda ticarət stansiyaları, tramvay depoları, sallaqxana və qaz bankları var. Yağış yağdıqdan iki gün sonra islanmış şəhər isti günəş şüaları altında buxarlananda, bu küçələr bütün palçığını və gölməçələrini saxlayaraq hələ də soyuq qalır. Orada elə gölməçələr var ki, heç vaxt və ya ola bilər ildə bir dəfə- avqust qayında quruyur.
Ürək bulantısı orada, sarı işıqda qaldı. Mən xoşbəxtəm, bu soyuq necə təmizdir, bu gecə necə təmizdir, məgər mən özüm də bu buz havanın bir dalğası deyiləm? Qansız, limfasız, bədənsiz olmaq. Bu uzun kanalla uzaqdakı solğun ləkəyə doğru axmaq. Sadəcə soyuq olmaq.

Bu da insanlar. İki kölgə. Onlara burada nə lazım olub?

Alçaq boylu qadın kişinin köynəyinin qollarından tutub. Tez-tez, dağınıq danışır. Küləkdən sözləri seçə bilmirəm.

- Səsini kəsəcəksən axır ki?- kişi hücuma keçir.

O danışmağa davam edir. Birdən kişi onu itələyir. Onlar çaşqınlıqla bir-birinə baxırlar, sonra kişi əllərini cibinə salıb, arxaya baxmadan gedir.

Kişi itdi. İndi məni qadından hansısa iki-üç metr ayırır. Birdən qadın küçəni əcaib, möhkəm hönkürtü ilə dolduraraq ağlamağa başlayır.

- Şarl, xahiş edirəm, eşidirsən nə deyirəm? Şarl qayıt, mən daha bacarmıram, mən bədbəxtəm!

Mən ona o qədər yaxınlaşıram ki, toxuna bilərəm. Bu… necə inanmaq olar, bu qızğın bədən, bu ağrıdan qızarmış üz? Və… mən dəsmalı, paltonu və sağ əldəki böyük qırmızı xalı tanıyıram. Bu odur, Lyusi, bizim xidmətçimiz. Mən ona köməyimi təklif etməyə çəkinirəm amma lazım olan anda kömək üçün yanında olmaqdan ötrü ona baxa-baxa ehtiyatla yanından keçirəm. Lyusi mənə baxır, amma deyəsən məni görmür, o əzabdan heç özünü də xatırlamır. Mən bir neçə addım atıram. Geri baxıram. Hə, bu odur, bu Lyusidir. Amma Lyusi özündə deyil, əsl üzünü açıb, özünü hesablamadığı əliaçıqlıqla əzablarına verib. Ona paxıllığım tutur. Budur o dayanıb, gərilib və əllərini elə açıb ki, elə bil ki onlarda müqəddəs yaraların yaranmasını gözləyir; o ağzını açdı, boğulur. Mənə elə gəlir ki, küçənin hər iki tərəfindəki divarlar böyüməyə başlayır, onlar yaxınlaşır və Lyusi quyunun dibindədir. Mən bir neçə saniyə gözləyirəm, qorxuram ki yıxılar, o belə qeyri-adi əzabı çəkmək üçün çox zəifdir. Amma o tərpənmir, ətrafındakı hər şey kimi daşa dönüb. Bir anlıq ağlıma gəlir ki, mən əvvəllər onu səhv tanımışam, birdən onun əsl təbiəti açıldı. Lyusi sakitcə inildəyir. Təəccüblü gözlərini geniş açaraq əllərini sinəsinə aparır. Yox, qadın əzabını özlüyündə çəkmir. Əzab ona xaricdən gəlib- bu bulvardan. Lyusini çiyinlərindən tutub işığa, insanlara, rahat çəhrayı küçələrə

aparmaq lazımdır, orada belə möhkəm əzab çəkmək olmaz və o yumşalacaq, əvvəlki mühakiməli görünüşü və əzabının həmişəki səviyyəsi qayıdacaq.

Mən arxamı Lyusiyə döndərirəm. Belə götürəndə o şanslıdır. Amma mən, artıq üç ildir ki, həddindən artıq sakitəm. Bu faciəli tənhalıqda mən ancaq bir azca faydasız təmizlikdən istifadə edə bilirəm. Və gedirəm.


Cümə axşamı, doqquzun yarısı
İki saat oxu zalında işlədim. Sonra İpoteka Bankı meydançasında qəlyan çəkməyə düşdüm. Balaca meydança çəhrayı daşlarla döşənib. Buvillilər onunla fəxr edirlər- o XVIII ərsdə tikilib. Şamad və Syuspedar küçələri tərəfdə qoyulmuş köhnə zəncirlər maşınların bura girməsinə mane olur. Qara geyinib, itləri ilə gəzən xanımlar arkaların altından sakitcə keçib, divarların yaxınlığında gəzişirlər. Onlar gün işığına nadir hallarda çıxırlar, amma balaca qız kimi gizlin və ehtiramla Qustav Empetrazın heykəlinə toxunurlar. Onlar çətin ki bu bürünc nəhəngin adını bilsinlər, amma onun surtükündan və silindrindən görürlər ki, bu adam yaxşı cəmiyyətə aiddir. Silindrini sol əlində tutub, sağ əlini isə in-folio kitablarlarının üstünə qoyub, elə bil ki onların öz babaları bürüncdən tökülüb, pyedestalda dayanıb. Onlara heykəli başa düşmək üçün uzun dayanıb, baxmaq lazım deyil, heykəl onlar kimi görünür, dəqiq onlar kimi.

Onların bir yığın sarsılmaz fikirlərinə qarşı heykəl bütün avtoritetini və ağır əli ilə toxunduğu foliantlardan[v] götürdüyü böyük savadını qoyur. Qara geyimli xanımlar rahat nəfəs ala, ev işləri ilə məşğul ola, itlərini gəzdirə bilərlər, məsuliyyətin ağır yükü onların çiyinlərindən düşüb, onlar atalarından miras qalmış müqəddəs baxışları, sağlam fikirləri qorumalı deyillər, bürünc pəhləvan onları qoruyur.


“Böyük Ensklopediya” bu heykələ bir neçə cümlə ayırıb, mən onu keçən il oxumuşam. Ensklopediyanın cildini pəncərə qabağına qoyub, şüşədən Empetrazın yaşıl kəlləsinə baxırdım. Mən öyrəndim ki, onun fəaliyyətinin parlaq dövrü 1890-cı ilə aiddir. O akademiyada müfəttiş idi. Gözəl şəkillər çəkirdi, üç kitab buraxmışdı: “Qədim yunanlarda məşhurluq haqqında” (1887), “Rollenin pedaqogikası” (1891) və “Poetik vəsiyyət” (1899). 1902-ci ildə işçilərinin və zövqlü insanların kədərinə bais olaraq ölüb.
Mən kitabxananın fasadına söykəndim. Indicə yanacaq qəlyanımı soruram. Və qorxa- qorxa qalareyanın arkalarının altından çıxan, inadkar, ağıllı baxışlarla Empetraza baxan yaşlı qadın görürəm. Birdən cəsarətlənərək ayaqlarının imkan verdiyi sürətlə divarı keçib, bir anlıq heykəlin qarşısında çənəsini tərpədə-tərpədə donub qalır.
Sonra çəhrayı döşəmədə qara ləkə kimi sürətlə gedir və divardakı yarıqda yox olur. Bəlkə də keçən əsrin əvvəllərində evlərlə əhatə olunmuş, qırmızı döşəməli bu meydança şən təsir oyadırmış. İndi onda nəsə quru, xoşagəlməz hətta dəhşətli bir şey var. Bunun günahkarı pyedestaldakı dayıdır. Bu elmli kişini bürünc rəngli etməklə sehirbaza çeviriblər. Mən Empetrazın sifətinə baxıram. Onun gözləri yoxdur, burnunu güclə görmək olur, saqqalı, bəzən hansısa rayondakı bütün heykəllərin xəstəlik kimi tutulduğu yaralardan yeyilib. O salamlaşarkən donub, pencəyində, ürəyinin olduğu yerdə böyük açıq yaşıl ləkə var. Görünüşü sısqa və xəstəhaldır. Bu canlı insan deyil amma onu cansız da adlandırmaq olmaz. Ondan hansısa dumanlı güc gəlir, elə bil ki külək sinəmdən itələyir- bu Empetrazdır, məni İpoteka Bankı meydançasından qovmaq istəyir. Amma mən qəlyanımı çəkməmiş getməyəcəm. Birdən arxa tərəfimdə uzun, nazik kölgə peyda olur. Mən diksinirəm.

- Bağışlayın müsyö. Mən sizə mane olmaq istəmirdim. Gördüm ki, dodaqlarınız tərpənir. Siz yəqin ki, kitabınızdan ifadələri təkrar edirsiniz. – O güldü.

- Aleksandrik şerlərə çatmaq istəyirsiniz?

Mən təəccüblə Oxucuya baxıram. O da mənim təəccübləndiyimi görüb təəccüblənir.

- Məgər nəsrdə aleksandrik şerlərdən qaçmaq lazım deyil?

Gözündən düşdüm. Soruşuram ki, bu vaxtı burada nə edir. Rəisi ona istirahət verib, Oxucu izah edir, və o birbaşa kitabxanaya gəlib, nahar etməyə getməyəcək və kitabxana bağlanana qədər oxuyacaq. Mən artıq qulaq asmırdım, amma deyəsən o əvvəlki mövzunu dəyişib, çünki birdən mənə çatır:

- …. sizin kimi kitab yazıb xoşbəxt olmaq….

Ona cavab vermək lazımdır.

- Xoşbəxtlik…- şübhə ilə deyirəm.

Cavabımı səhv yozub, tələsik səhvini düzəltməyə çalışır

- Mən gərək deyəydim: istedadı olmaq, müsyö.

Biz pillələri qalxırıq. İşləməyə həvəsim yoxdur. Kimsə stolun üstündə “Yevqeniy Qrande” kitabını yadından çıxarıb, kitab iyirmi yeddinci səhifədə açıq qalıb. Mən mexaniki olaraq onu götürürəm, iyirmi yeddinci səhifəni oxuyuram, sonra iyirmi səkkizinci, başdan başlamağa ərinirəm. Oxucu şux addımlarla kitab şkafına tərəf gedir: rəfdən iki cild götürüb, sümük tapmış it görünüşü ilə onları stolun üstünə qoyur.

- Nə oxuyursunuz?

Məncə bu suala cavab verməyə çətinlik çəkir, bir dəqiqəlik gözlərini fırlada-fırlada tərəddüd edir, sonra həvəssiz kitabları mənə uzadır. Bu Larbaletrienin “Torf və Torf çıxarılan ərazilər” və Lateksin “Hitopadlesa və yararlı təlimlər” əsərləridir. Hə nolsun? Başa düşmürəm o niyə utanır. Çox da xeyirli ədəbiyyatdır. Vicdanımı təmizləmək üçün “Hitopadlesa”-nı vərəqləyirəm- başdan ayağa ali mövzular.


Saat 3
Mən “Yevqeniy Qrande”-ni kənara qoyuram. Heç bir həyacan olmasa da işə girişirəm. Oxucu görəndə ki, yazıram mənə ehtiramla baxır. Bəzən başımı qaldıranda cücə boynun dik dayandığı enli, dik yaxalıq görürəm. Oxucunun geyimi köhnədir amma gözqamaşdırıcı ağdır. O elə indicə eyni rəfdən daha bir cild götürdü, mən baş-ayaq çevrilmiş adı oxuyuram “Kodebakın oxu”, normand xronikası. Müəllif- mademuazel Jyuli Latern. Onun oxuduğu ədəbiyyat siyahısı məni dalana dirəyir. Birdən onun axır vaxtlar seçdiyi kitabların müəlliflərinin familiyalarını xatırlayıram: Lamber, Lanqlua, Larbaletrie, Lateks, Latern. Mən başa düşdüm- Oxucunun metodunu tapdım, o biliyini əlifba sırası ilə artırır. Mən ona ehtiramla baxıram. Gərək nə qədər iradəli olasan ki, yavaş-yavaş, inadla belə böyük fikri həyata keçirəsən. Bir dəfə, yeddi il qabaq ( o mənə demişdi ki, oxumaqla yeddi ildir məşğuldur) o bu zala təntənə ilə girmişdi. Divarlara yığılmış saysız-hesabsız cildlərə göz gəzdirib yəqin ki, Rastinyak kimi öz-özünə demişdi: Görüm səni insan şüuru, görək kim kimədir!”. Sonra sağ tərəfdəki ilk rəfə yaxınlaşıb, ilk kitabı götürüb və ilk səhifəni qarışıq, tərəddüdsüz, qərarlı, ehtiram və dəhşət hissləri ilə açıb.
Bu gün o “L” hərfinə çatıb. “K”, sonra “İ”. “L” sonra “K”. Möhkəmqanadlılar haqqında traktatdan darvinizm əleyhinə katolik həcvlərə qədər, amma bu az da olsa darıxdırmır. O hamısını oxuyub. Başındakı anbarda elmə partenogenez kimi məlum olanların yarısı, viviseksiyaya qarşı bütün arqumentlərin yarısı saxlanılıb. Onun arxasında və önündə bütün dünya var. Bir gün gələcək, sol tərəfdəki sonuncu rəfdən götürülmüş sonuncu cildi bağlayıb deyəcək: “Bəs indi?”.

Bu saat o günorta yeməyini yeyir, sadəliklə çörək və “Qala Peter” şokolad plitkasını gəmirir. Göz qapaqları aşağı enib, mən özümü itirmədən onun gözəl, qadınlardakı kimi sıx kirpiklərinə baxa bilərəm. Ondan tütün iyi gəlir, nəfəs alanda bu iy şokoladın şirin iyinə qarışır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə