Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir



Yüklə 0,71 Mb.
səhifə6/15
tarix26.05.2018
ölçüsü0,71 Mb.
#46099
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   15

- Xanımlar və cənablar, sizləri salamlayıram.

Köhnəlikdən yaşıllaşmış paltosunu soyunmadan oturur. Barmaqlarını bir-birinə keçirib bir əli ilə o biri əlini silir.

- Nə istəyirsiniz?

O narahat baxışlarla baxıb, diksinir.

- Nə? Həəə, mənə su ilə “Birr” verin.

Ofisiantka yerindən tərpənmir. Onun güzgüdə əks olunan üzündən elə bilmək olar ki, yatıb. Əslində gözləri açıqdır, onlar balaca divar deşiklərinə oxşayırlar. Onun xarakteri belədir, müştəriyə xidmət etməyə tələsmir, həmişə gərək əvvəlcə sifariş barədə fikirləşə. Gərək indi rəfdən götürəcəyi butulkanı, onun üstündəki qırmızı hərfli ağ etiketi, ondan süzüləcək qatı qara şirəni təsəvvür edə- elə bil ki, onu özü içir.


Anninin məktubunu pormanetimdə gizlədirəm, ondan onun mənə verə biləcəyi hər şeyi aldım- onu əlində tutub, büküb, zərfə qoymuş qadını daha heç vaxt oyatmaq mümkün olmayacaq. Ümumiyyətlə keçmişdəki kimsə haqqında fikirləşmək mümkündür? Bir-birimizi sevəndə imkan vermirdik ki, anlarımızdan ən pisi, qüssəmizin ən lazımsızı bizdən ayrılıb, keçmişdə qalsın. Qoxular, səslər, hər günün çalarları, hətta deyilməmiş fikirləri- hər şeyi özümüzdə saxlayırdıq və hər şey canlı qalırdı, biz onlardan həzz alıb, həqiqi zamanda əzab çəkirdik. Heç bir xatirə yoxdur: rəhmsiz, yandıran sevgi qalıb; nə kölgələr qalıb, nə gizlənmək nə də təslim olmaq üçün künclər. Üç il bir-birinə sıxılıb bu günümüzü yaradıb. Ona görə də ayrıldıq, gücümüz çatmırdı ki, bu əzabı daha çox daşıyaq. Sonra Anni birdən, düşünmədən məni atanda üç il keçmişdə qaldı. Mən hətta əzab çəkmədim, içim boşaldı. Sonra zaman axmaqda davam etdi və boşluq böyüdü.Sonra Sayqonda, Fransaya qayıtmağı qərara alanda keçmişdən qalan hər şey- yad ölkə insanlarının üzləri, meydanlar, əyri uzun çaylar- hər şey yoxluqda batdı. İndi mənim keçmişimdə böyük boşluq var. Mənim həyatım isə bax bu qara köynəkli, piştaxta arxasında yatmış ofisiantka, bu kişidir. Həyatım haqqında bildiyim hər şeyi elə bilirəm kitabdan oxumuşam. Nə vaxtsa bir anlıq gözlərimə görünmüş Benaresa Sarayları, cüzamlı Kral terrası, böyük, sınıq-sökük pilləkənləri olan Yava məbədi orada, öz əvvəlki yerlərində qaldılar. Axşamlar “Prentaniya” otelinin yanından keçən tramvay neon işıqların əksini pəncərələrində aparmır, bir anlıq parıldayandan sonra qaranlıq şüşələri ilə gedir. Kişi dayanmadan mənə baxır, bu məni qıcıqlandırmağa başlayır. Balaca boyu var, elə bilir vacib adamdır. Ofisiant nəhayət ona qulluq etməyə qərar verdi. O tənbəl-tənbəl böyük, qara əlini uzadıb butulkanı götürür və stəkanla birlikdə kişiyə aparır.

- Buyurun, müsyö.

- Müsyö Axill,- nəzakətlə bildirir.

Qız cavab vermədən ona spirti süzür. Birdən o sürətlə burnuna sıxdığı barmağını kənara çəkib, hər iki ovcunu stolun üstünə qoyur. Başını geri atır, gözləri parıldayır.

- Yazıq qız, – soyuq ifadə ilə deyir.

Ofisiant qız diksinir, mən də: o bunu elə izahedilməz tonla, təəccüblə deyir ki, elə bil ki sözləri o yox, başqası dedi. Üçümüz də özümüzü pis hiss edirik.

Birinci utancdan ayılan gombul ofisiant oldu, o təsəvvürdən kasıbdır. Qürurla müsyö Axilli başdan ayağa süzür- çox gözəl bilir ki, bir əli ilə boynundan tutub, onu çölə ata bilər.

- Mən niyə yazıq oluram?

O duruxur. Qəribə şəkildə ona baxıb, gülməyə başlayır. Üzündə saysız-hesabsız qırışlar oynaşır, əlini yüngülcə oynadır.

- İncidin. Mən elə belə dedim “yazıq qız”, sözdür də. Heç nəyi nəzərdə tutmurdum.

Ofisiant ona arxasını dönüb, piştaxtaya gedir- doğurdan da inciyib. O yenidən gülür:


  • Ha ha ha! Elə belə dedim də. Neyləmək olar? Yəni hirsləndin? Hirsləndi, mənə müraciət edirmiş kimi təsdiqləyir.

Mən üzümü çevirirəm. Stəkanını qaldırdı, amma içməyə tələsmir, təəccüblə, utana-utana gözlərini qırpır. Deyəsən nəyisə xatırlamağa çalışır. Ofisiant qız kassanın arxasında oturub tikiş işi ilə məşğul olur. Hər kəs yenidən susdu, amma bu əvvəlki sakitlik deyil. Bu da yağış, yüngülcə tutqun şüşəni döyəcləyir; küçədə hələ də karnaval kostyumlu uşaqlar qalıbsa, karton maskalar şişib, rəngini itirəcək. Ofisiant qız işığı yandırır- hələ saat ikidir, amma səma təmiz qaralıb, belə qaranlıqda tikiş tikmək mümkün deyil. Yumşaq işıq; insanlar evlərində oturublar, əlbəttə onlar da lampalarını yandırıblar. Onlar oxuyurlar, ya da pəncərədən göyə baxırlar. Onlar üçün…onlar üçün hər şey başqa cürdür. Onlar başqa cür qocalıblar. Onlar miras qoyulmuş xeyirxahlıq, hədiyyələr arasında yaşayırlar və onların məişətindəki hər əşya xatirədir. Daş saatlar, medallar, portretlər, balıqqulaqları, kağız tutacaqları, pərdələr, şallar. Onların şkafları butulkalar, kəsik qumaşlar, köhnə paltarlar, qəzetlərlə doludur- onlar hər şeyi saxlayıblar. Keçmiş- sahibin var-dövlətidir.


Mən öz keçmişimi harada saxlayardım? Keçmişi cibə qoymaq olmaz, gərək evin ola ki, onu yerləşdirəsən. Mənim sadəcə bədənim var, tənha bədənli tənha adam xatirələrini saxlaya bilməz, onlar onun içindən keçirlər. Şikayət etməyə haqqım yoxdur, mən sadəcə bir şey istəyirdim: azad olmaq.

Balaca adam tərpənib, ah çəkir. Paltosunun içində büzüşüb, arabir dirçəlib, insan formasını alır. Onun da keçmişi yoxdur. Yaxşı-yaxşı axtarsan əlbəttə onunla daha görüşməyən hansısa qohumundan kraxmallı yaxalıq, nişastalı köynək və dik duran gənc bığları ilə iştirak etdiyi hansısa toy şəklini tapmaq olar. Məndə isə heç bu da qalmayıb.


Yenə də mənə baxır. İndi mənimlə danışacaq, tamam hirslənirəm. Bir-birimizə qarşı heç bir şey hiss etmirik, sadəcə oxşayırıq, məsələ də bundadır. O da mənim kimi tənhadır, amma tənhalığına daha dərin batıb. Yəqin ki, o öz Ürəkbulantısını ya da bunun kimi bir şeyi gözləyir. Deyəsən artıq məni tanıyan insanlar da var: mənə baxır fikirləşirlər: “Hə, bu da bizdəndir”. Yaxşı, bəs məsələ nədir? Ona nə lazımdır? O başa düşməlidir: bir-birimizə heç nədə kömək edə bilmərik. İnsanlar ailələri ilə evlərində xatirələrinin arasında oturublar. Biz isə, iki yaddaşsız sınıq insan – buradayıq. İndi qalxıb mənə nəsə desə partlayacam.

Qapı gurultu ilə açılır- bu həkim Rojedir.

- Hamını salamlayıram.

O hirsli, şübhəli, bədəninin yükünü güclə daşıyan uzun ayaqlarını titrədə-titrədə içəri girir. Mən həkimi tez-tez bazar günləri “Vezeliz”-də görürəm, amma o bilmir. Juenvilin istefaya çıxmış məşqçiləri kimi görünür: bisepsləri (əli bilək oynağında bükən çiyin əzələsi) budları yoğunluqdadır, sinəsinin eni yüz ondur, ayaqları isə sısqadır.

- Janna, Janna, mənim balacam.

O yanları enli, fetr şlyapasını asılqandan asmaq üçün tez-tez asılqana tərəf gedir. Ofisiant tələsmədən əl işini kənara qoyub, yuxulu-yuxulu həkimə tərəf gedir ki, əlindən paltosunu alsın.

- Nə içəcəksiniz, həkim?

O diqqətlə qıza baxır. Bax buna gözəl kişi başı deyə bilərəm. Dağınıq, həyatın və ehtirasın qırışdırdığı üz. Amma həkim həyatın məğzini başa düşürdü, ehtirasını cilovlaya bilirdi.

- Mən heç özüm də bilmirəm nə istəyirəm, – tutqun səslə deyir.

O özünü qarşımdakı oturacağa atıb, alnından təri silir. Müvazinəti qorumaq lazım olmayanda özünü yaxşı hiss edir. Böyük, qara və hakimiyyətli gözləri cəsarətsizlik aşılayır.

- Qoy… hmmm…. qoy elə köhnə kalvados olsun, qızım.
Ofisiant tərpənmədən enli, qırışlardan qazılmış üzə tamaşa edir. Fikirləşir. Balaca adam başını qaldırıb, rahatca gülür. Doğurdan da bu nəhəng bizim xilaskarımızdır. Bizə tərəf nəsə uğursuzluq hərəkət edirdi. İndi isə bütün sinəmlə rahat nəfəs alıram – biz insanların arasındayıq.

- Hə, noldu, hanı mənim kalvadosum?

Ofisiant diksinir və gedir. Həkim koppuş əllərini uzadıb, stolun kənarlarından yapışır. Müsyö Axill xoşbəxtdir- həkimin diqqətini cəlb etmək istəyir. Amma boş yerə ayaqları ilə söhbət edir və oturacağında tullanır- o elə balacadır ki, səsi eşidilmir.

Ofisiant qız kalvadosu gətirir. Başı ilə həkimə qonşusunu işarə edir. Həkim Roje yavaş-yavaş bütün gövdəsini döndədir: onun boynu dönmür.

- Həəə, bu sənsən qoca zibil, – o qışqırır. – Hələ ölməmisən? Və siz hər zibili içəri buraxırsınız? – ofisianta deyir.

Hiyləgər baxışları ilə adamcığaza baxır. Belə düz baxışlar hamını yerində oturtmağa qadirdir.

- Qoca psix- bax o budur.

Həkim Roje hətta zarafat etdiyini göstərmək üçün özünə əziyyət də vermir. O bilir ki, qoca psix hirslənməyəcək, təbəssümün içində batacaq. Elə belə də olur, o alçalmışcasına gülümsəyir. Qoca psix rahatlaşıb, hiss edir ki, onu özündən kənarlaşdırıblar, bu gün onun başına heç nə gəlməyəcək. Ən dəhşətlisi odur ki, mən də rahatlaşmışam. Mənimlə də eyni şey baş verir- mən də sadəcə qoca psixəm. Həkim gülür, mənə yoldaşlıq baxışı atır; şübhəsiz boyuma görə, köynəyim də təmizdir, məni zarafatlarında iştirak etmək üçün çağırmağa hazırdır. Mən gülmürəm və bu oyunlara cavab vermirəm, onda gülməyini saxlamadan gözlərindəki qorxunc alovu mənə tərəf çevirir. Bir neçə an gözlərimizi çəkmədən bir-birimizə baxırıq, baxışlarını qıyıb, necə bir insan olduğumu, mənə qarşı necə davranmalı olduğunu düşünür. Psixlərə aid insanam yoxsa yoldan keçənlərə?



Yenə də gözlərini birinci o qaçırdır- özün fikirləş, hansısa tək, heç bir ictimai statusa malik olmayan adam üçün əziyyət çəkməyə dəyərmi, belə kəslər o dəqiqə unudulur. Həkim siqaretini bükür, çəkir, tərpənmədən, adətən qocalarda olan donmuş və sərt baxışlarla baxır. Üzünün gözəl qırışları var, hər növdə: alnında uzununa qırışlar, gözlərinin yanındakı çuxurlar, ağzının hər tərəfində qırışıqlıq, hələ çənəsinin altındakı sarışın xəttlər. Həkimin bəxti gətirib- onu uzaqdan görən hər kəs deyəcək, bax bu adam əzab çəkib və həyatında bütün zövqləri yaşayıb. Qısacası, həkim üzünə layiqdir, o bir an da keçmişini hansı formada saxlayıb istifadə etməyə şübhə etməyib. Üzünü götürüb, ondan müqəvva düzəldib, qadınlar və gənc insanlarda təəssürat oyatmaq üçün istifadə edib.
Müsyö Axill xoşbəxtdir, özü də deyəsən çoxdan belə xoşbəxt olmayıb. Həzzdən keyləşib, yanaqlarını şişirdib“Birri” içəri ötürür. Həə, həkim ona yol tapdı! Həkim hər an tutması tutacaq qoca psixlərdən çaşacaq adam deyil; yaxşı məzəmmət, üzə şapalaq kimi dəyən bir neçə kobud söz, vəssalam, onun kimilərə bundan artığı heç lazım da deyil. Həkimin təcrübəsi var. Təcrübəsi olmaq, onun ixtisasıdır; həkimlər, keşişlər, hakimlər və zabitlər insanları əzbər tanıyırlar, elə bil ki insanları onlar yaradıblar. Müsyö Axillin yerinə utanıram. Biz onunla ayaqqabının iki tayıyıq, gərək birləşib onlara qarşı olaq. Amma o məni satdı, onların tərəfinə keçdi, təcrübəyə ürəkdən inanır. Nə özünün nə də mənim təcrübəmə, məhz həkim Rojenin təcrübəsinə inanır. Hələ bir az əvvəl müsyö Axill özünü qəribə hiss edirdi, elə bilirdi təkdir, amma indi o bilir ki, onun kimilər çoxdur, lap çoxdur, həkim Roje belə insanlarla çox görüşüb, o müsyö Axillə onların hər birinin həyatını və axırlarının necə olduğunu danışa bilər. Müsyö Axill sadəcə təsadüfdür, bəzi ümumi anlayışlarla üst-üstə düşən xüsusi hadisədir. Ona aldandığını, həkimin lovğalıq oynadığını elə demək istərdim ki…
Məgər onlar təcrübə peşəkarlarıdırlar? Onlar bütün həyatlarını mənasız, küt, yarıyuxulu keçiriblər, səbirsizlikdən tələmtələsik evlənirlər, şansa şans uşaq düzəldirlər. Kafelərdə, toylarda başqa insanlarla görüşürlər. Bəzən hansısa burulğana düşüb, onlara nə baş verdiyini başa düşmədən çabalayırlar. Ətraflarında baş verən hər şey onların baxış bucağından kənarda başlayıb, bitir: tutqun uzunsov formalar, hadisələr qəfil uzaqdan gəlib onları vurur, baxıb nə olduğunu başa düşməyə çalışanda isə artıq hər şey bitmiş olur. Budur, qırx yaşlarında kiçik həvəslərini və atalar sözlərinin balaca toplusunu təcrübə adlandırırlar, ticarət avtomatları kimi fəaliyyətə başlayırlar. Sol deşiyə qəpik atırsan- buda sənə gümüşü zərlə bəzədilmiş qutuda həyatın bir-iki nümunəsi, sağ deşiyə qəpik atırsan dişlərə iris kimi yapışan qiymətli məsləhətlər götürürsən.
Mən özüm də bir çox arzu edilən qonaqlar üçün belə qiymətli ola bilərdim, hamısı mənə deyərdilər ki, uca yaradan şahiddir ki mən necə böyük səyahətçiyəm. Tamamilə düzdür ki, müsəlmanlar oturub işəyirlər, Hindistanda mamaçalar qanaxmanın qarşısını almaq üçün mal peyininə batırılmış şüşədən istifadə edirlər, Borneoda qızlar aybaşı olanda üç gün, üç gecəni evlərinin damında keçirirlər. Venesiyada qayıqlarda dəfn, Sevilyada Ehtiraslı həftə bayramını, Oberammerqauda Misteriya gördüm. Əlbəttə ki, bu mənim təxəyyülümün kiçik formasıdır, mən məsələn kresloya yayxanıb, zarafat üçün belə başlaya bilərdim:

“ Əzizim madam, siz Yiqlava haqqında eşitmisiniz? Bu Moraviyada 1924-cü ildə yaşamalı olduğum balaca şəhərdir…”

Və öz vaxtında bir çox hüquqi kazusları həll etmiş məhkəmə sədri hekayəm bitəndə söz alıb deyərdi:

“ Siz tamamilə haqlısınız, əziz müsyö, bu insanlara xasdır. Mən belə hadisə ilə karyeramı təzə başlayanda rastlaşmışam. 1902-ci il idi. Mən Limojda hakim köməkçisi işləyirdim…”



Məsələ ondadır ki, bütün bu söhbətlər hələ cavanlığımda zəhləmi tökmüşdü. Düzdür, mən peşəkarlar ailəsində doğulmamışam. Amma axı həm də həvəskarlar var. Katibələr, qulluqçular, ticarətçilər və s. Kafelərdə başqalarını dinləyirlər, qırx yaşlarında kənara tökə bilmədikləri çoxlu təcrübə sahibi olurlar. Xoşbəxtlikdən, onlar uşaqlar törədiblər, məhz onları bu təcrübəni yerindən tərpənmədən həyata keçirməyə məcbur edirlər. Beynimizə yeritmək istəyirlər ki, onların keçmişləri itməyib, sadəcə xatirələri sakit-sakit müdrikliyə keçib. Rahat keçmişdir! Cib keçmişi, qızıl kitabxanada həqiqətin yalan yazıldığı kitab. “İnanın mənə, mən təcrübəmə əsasən danışıram, bildiyim hər şeyi mənə həyat öyrədib”. Heç görəsən Həyat onlar haqqında fikirləşir? Bütün yeniliyi onlar keçmişin köməyi ilə, köhnəni isə daha qədim keçmişin köməyi ilə izah edirlər, Lenini rus Robespyeri, Robespyeri fransız Kromveli olaraq təsvir edən tarixçilər kimi: son nəticədə onlar hələ də heç nə başa düşməyiblər. Onların lovğalığı altında tutqun tənbəllik yatır;bir hadisənin digərini necə əvəz etməsini müşahidə edib, fikirləşirlər: dünyada heç nə təzə deyil. “Qoca psix”- və həkim Roje əslində heç birini ayrı-ayrılıqda xatırlamadığı digər qoca psixləri yadına salır. Müsyö Axillin nə deməsindən asılı olmayaraq, gərək təəccüblənməyək: Hər şey aydındır- qoca psix!
O heç də qoca psix deyil, o sadəcə qorxur. Nədən qorxur görəsən? Nəyisə başa düşməyə çalışanda bu nə iləsə üz-üzə qalırsan, tamam tək, köməksiz və dünyanın bütün keçmişi sənə heç nədə kömək edə bilmir. Sonra bu nə isə itir və başa düşə bildiyin hər şey də onunla birlikdə yoxa çıxır. Ümumi təəssüratlarla qidalanmaq daha rahatdır. Onsuz da peşəkarlar da, həvəskarlar da əvvəl axır hamısı haqlı çıxırlar. Onların müdrikliyi məsləhət görür ki, nə qədər mümkündür az səs sal, az yaşa, çalışmaq lazımdır ki, sənin haqqında unutsunlar. Hər şeydən çox onlar axmaq insanlar ya da cəzalandırılmış əcaib adamlar haqqında danışmağı xoşlayırlar. Nə edəsən, bəlkə elə belə də olur, heç kəs əksini iddia etmir. Bəlkə də müsyö Axillin vicdanı heç də sakit deyil. Bəlkə o fikirləşir ki, atasının, böyük bacısının məsləhətlərinə qulaq assaydı gəlib çıxdığı yerdə olmazdı. Həkim onu ittiham etməkdə haqlıdır. Axı həkim öz həyatını puç etməyib, ətrafdakılar üçün yararlı insan ola bilib. Bu cılız adam, xarabalıqlar üstündən sakit, möcüzəli şəkildə asıla bilir; o qayadır. Həkim Roje kalvadosunu içdi. Möhkəm bədəni yumşaldı, göz qapaqları ağır-ağır endi. İlk dəfədir onun üzünü gözsüz görürəm, bu gün bazarlarda satılan karton maskası kimi üzü var. Yanaqları güclü çəhrayı rəngdədir…
Birdən mənə aydın olur: bu insan tezliklə öləcək. Yəqin özü də bunu başa düşür, güzgülərə baxmaqdan bezib: hər gün daha çox gələcək cəsədinə oxşayır. Bax bu onların təcrübəsidir, ona görə də özümə tez-tez deyirəm ki, onların təcrübəsi ölü iyi verir, bu onların sonuncu sığınacaqlarıdır. Həkim məhz bu vaxt öz təcrübəsinə inanmaq istərdi, özündən dözülməz həqiqəti gizlətmək istərdi:o təkdir, nə keçmişi, nə müdrikliyi var, şüuru yavaş-yavaş dumanlanır, bədəni çürüyür. Bax elə buna görə də həvəslə öz balaca kompensator boşboğazlığını bəzəyir, abadlaşdırır: özünü guya inkişaf etməsinə inandırır. Yaddaşında pozğunluq əmələ gəlib, beyni arabir boşboşuna işləyir? Qəti yox, sadəcə o indi tələm tələsik gənc mühakimələrinə qaçır. O indi başa düşmür kitablarda nə yazılır? Yox əşi, o sadəcə oxumaq istəmir. O daha sevişə bilmir? Hə, nə olsun, öz vaxtında kifayət qədər sevişib. Sevgi intriqalarının isə keçmişdə olması daha yaxşıdır nəinki indi- kənardan mühakimə aparıb, müqayisə edib fikirləşə bilir. Güzgülərdə ölü üzünə baxa bilmək üçün özünü əmin edir ki, sadəcə heykəltəraş üzündə təcrübə dərslərini həkk edib. Həkim başını yüngülcə çevirir. Göz qapaqları aralanır və mənə qızarmış, yuxulu gözlərlə baxır. Ona gülümsəyirəm. İstəyirəm təbəssümüm özündən gizlətməyə çalışdığı hər şeyi açıq aydın göstərsin. Əgər fikirləşə bilsəydi ki “Bu tip tezliklə öləcəyimi bilir!” – oyanardı. Amma göz qapaqları yenidən aşağı enir və o yatır. Mən isə müsyö Axilli onun yuxusunu qorumaqda qoyub, çıxıram.

Yağış kəsib, istidir, səmada yavaş-yavaş gözəl qara şəkillər üzür- mükəmməl an üçün bundan gözəl çərçivə ola bilməz; amma gərək bu şəkillərin ifadə olunduğu yer də olsun. Anni ürəyimizdən balaca, qaranlıq bulaqlar axıdardı. Mən isə belə təsadüflərdən istifadə edə bilmirəm, boş, avara-avara itən səmaya tamaşa edirəm.


Qorxuya məğlub olmaq olmaz.
Cümə axşamı
Dörd səhifə yazdım. Sonra uzun xoşbəxtlik anları yaşadım. Tarixin qiymətli olması ilə bağlı fikrə düşmədim. Yoxsa o inkar oluna bilərdi. Xatırladıram ki, markiz de Rolbon hal-hazırda mövcudluğunun yeganə təsdiqidir. Düz bir həftə sonra Anni ilə görüşəcəm.

Cümə
La Redut bulvarında elə sıx duman var idi ki, kazarmanın divarlarına yaxın getməyi daha ağıllı hesab etdim; sağ tərəfimdən avtomobil işıqları səkinin bitdiyi yerdə özləri ilə nəm işıq ləkəsi aparırdılar, heç nəyi müəyyən etmək mümkün deyildi. Məni insanlar əhatə edirdi- onların addımlarını, bəzən səslərinin vızıltılarını eşidirdim, amma heç kimi görmürdüm. Bir dəfə çiynim bərabərində bir qadın sifəti peyda oldu, amma elə o dəqiqə də onu duman uddu, sonra kimsə ucadan tövşüyərək məni itələyib keçdi. Hara getdiyimi bilmirdim, diqqətimi ancaq bir şeyə vermişdim, ehtiyatla yeriyirdim, ayaqqabımın ucu ilə yeri hiss etməyə çalışırdım, hətta əllərimi də irəli uzatmışdım. Bu hərəkətlər mənə bir qram da zövq vermirdi. Amma evə qayıtmaq barədə fikirləşmirdim- deyəsən itmişdim. Nəhayət yarım saatdan sonra uzaqdan mavi buxar gördüm. Düz ona tərəf gedib, tezliklə geniş işıq zolağına düşdüm- “Mabli” kafesi işıqları ilə dumanı yarırdı. “Mabli” kafesində bir xeyli elektrik lampaları var, amma indi ancaq ikisi: biri kassada, digəri çilçıraqda yanırdı. Yeganə ofisiant məni qaranlıq küncə itələdi.

- Bura, müsyö, mən buranı yığışdırıram.

Ofisiant gödəkçədə, jiletsiz və yaxalıqsız idi, bənövşəyi rəngli zolaqları olan ağ köynək geyinmişdi. İnadla üzümə baxıb, əllərini saçlarına çəkərək əsnəyirdi.

- Roqaliklə tünd kofe.
Cavab vermədən gözlərini silib getdi. Çirkli, buz kimi duman gözlərimin içinə girirdi.Deyəsən sobanı yandırmamışdılar.

Mən tək deyildim. Qarşı tərəfimdə solğun üzlü qadın oturmuşdu, əlləri dayanmadan hərəkətdə idi- gah bluzkasını düzəldirdi, gah da qara şlyapasını qaydasına salırdı.Yanında hündür sarışın kişi oturmuşdu, səssiz-səmirsiz brioş (yağlı ağ bulka) çeynəyirdi. Sükut məni əzirdi. Qəlyan çəkmək istəyirdim amma alışqanın səsi ilə onların diqqətini cəlb etmək istəmirdim.

Telefon zəngi. Bluzkadan yapışan əllər dondu. Ofisiant tələsmirdi. Dəstəyi götürməmişdən əvvəl tələsmədən yeri süpürüb qurtardı. “Allo, müsyö Jorjdur? Salam, müsyö Jorj…Bəli, müsyö Jorj…sahib yoxdur…Bəli, aşağı düşməlidir… Ah, bilsəniz necə duman var… Ümumiyyətlə o adətən saat səkkizdə düşür… Oldu, müsyö Jorj, deyərəm. Sağ olun, müsyö Jorj”.

Duman pəncərələrdən boz rəngli ağır, məxmər pərdə asmışdı. Kiminsə üzü şüşəyə yapışdı və o dəqiqə də itdi.

- Ayaqqabılarımın ipini bağla,- qadın şikayətlə xahiş etdi.

- O bağlıdır- kişi baxmadan cavab verdi.

Qadın hirsləndi. Əlləri böyük hörümçək kimi bluzkada və boynunda gəzdi.
-Dedim axı, bağlıdır.

Qanıqara aşağı əyilib, stolun altından yüngülcə qadının ayaqlarına toxundu:

- Bağladım.

Qadın razı halda gülümsədi. Kişi ofisiantı çağırdı.

- Nə qədər ödəyəcəm?

- Neçə dənə brioş götürmüşdünüz?- ofisiant soruşdu. Sonra mən gözlərimi endirdim ki, onlara baxdığımı fikirləşməsinlər.Bir neçə saniyə sonra cırıltı eşitdim və yubkanın ətəyini, qurumuş palçığın yapışdığı iki cüt çəkmə gördüm. Çəkmələrin ardınca bir cür laklanmış və iti burunlu kişi çəkmələri gedirdi. Çəkmələr mənə yaxınlaşdı, dayandı və döndü, kişi paltosunu geyinirdi. Elə bu vaxt yubka ətəyi boyunca gərilmiş əllər aşağı düşdü. Əllər tərəddüd etdi, ətəyi yellətdi.

- Hazırsan? – kişi soruşdu.

Ovuc açıldı, sağ ayaqdakı qurumuş palçığa toxundu və itdi.

- Uf!- kişi ah çəkdi.

O asılqanın yanına qoyulmuş çamadanı qaldırdı. Onlar çıxdılar və dumanda itdilər.

- Onlar aktyordurlar, – mənə kofe verərkən ofisiant dedi. – “Palas” kinoteatrında seanslar arası fasilə zamanı çıxış etdilər. Qadın gözünə yaylıq bağlayıb, tamaşaçıların adlarını və yaşlarını tapır. Bu gün çıxıb gedəcəklər, cümə günündən proqram dəyişilir.

Ofisiant bir az qabaq aktyorların oturduğu stolun üstündəki roqalik boşqabının ardınca getdi.

Mən bu roqalikləri yemək istəmirdim.

- İşığı söndürmək lazım gələcək. Bir müştəri üçün iki lampanın, özü də səhər saat doqquzda yandırılmasına sahib hirslənəcək.

Kafeni alaqaranlıq basdı. İndi hündür pəncərələrdən boz- qəhvəyi rəngli zəif işıq düşürdü.

- Mənə müsyö Faskel lazımdır.

Mən qoca qadının necə girdiyini görmədim. Buz kimi havadan məni əsməcə tutdu.

- Müsyö Faskel hələ aşağı düşməyib.

- Mən madam Floranın yanından gəlirəm, – qadın davam etdi.- Onun vəziyyəti pisdir. O bu gün gəlməyəcək.

Madam Floran kürən saçlı kassirdir.

- Belə havalarda həmişə onun qarnı ağrıyır,- qoca dedi.

Ofisiant çoxmənalı görünüş aldı.

- Bunu edən dumandır, – o dedi,- bax müsyö Faskellə də eyni şeydir. Qəribədir ki, o hələ aşağı düşməyib. Ona zəng vurmuşdular. Ümumiyyətlə o həmişə saat səkkizdə aşağı düşür.

Qoca qeyri-iradi tavana baxdı:

- O haradadır, yuxarıda?

- Hə, orada onun yataq otağıdır.

- Bəlkə ölüb…- qoca ağır səslə elə danışdı ki, elə bil öz- özünə mühakimə edir.

- Yox bir!- ofisiantın üzündə təbii əsəb peyda oldu. – Bircə bu çatışmırdı!

Bəlkə o ölüb… Mənim də ağlıma bu fikir gəldi. Belə fikirlər adətən duman vaxtı gəlir.

Qoca çıxıb getdi. Gərək mən də onun kimi edəydim: soyuq və qaranlıq idi. Qapının aralarından içəri duman girirdi, az-az yuxarı qalxıb, hər şeyi udurdu. Bələdiyyə kitabxanasında daha işıqlı və isti olardı. Yenə də kiminsə üzü şüşəyə yapışıb eybəcər ifadələr göstərdi.

- Gözlə, gör başına nə oyun açacam, – ofisiant hirsli-hirsli deyib, küçəyə qaçdı.
Üz itdi, mən tək qaldım. Özümü danladım ki, nahaq evdən çıxdım. İndi duman yəqin mənim oteldəki nömrəmi də udub, ora qayıtmağa qorxuram.

Kassanın arxasında qaranlıqda nəsə cırıldadı. Səs otağa aparan pilləkənlər tərəfdən gəldi: bəlkə sahib aşağı düşür? Yox, heç kim yoxdur: pilləkənlər öz-özünə cırıldadı. Müsyö Faskel hələ də yatır. Bəlkə də başımın üstündə ölüb. “Dumanlı səhərdə yatağında ölü tapıldı”. Başlıq: “Kafenin müştəriləri heç nədən şübhələnmədən yeyib, içirdilər”.

Görəsən hələ də yatağında uzanıb? Bəlkə yorğanını da özü ilə sürüyərək yataqdan yıxılıb və başı döşəməyə dəyib?

Mən müsyö Faskeli yaxşı tanıyıram, o bəzən mənimlə hal-əhval tuturdu. Kök, hamar saqqalı kefcil adamdır- ölübsə deməli ürək tutmasından ölüb. Üzü badımcana dönüb, dili ağzından çıxıb. Saqqalı dik durub, buruq saçları altında boynu bənövşəyi rəngə dönüb.

Sahibin yataq otağına aparan pilləkən dumanda itib. Sürahinin başını güclə seçə bilirəm. Bütün bu qaranlıq ərazini keçməli oldum. Pilləkən cırıldayır. Yuxarıda əlimlə qapının dəstəyini tapıram…

Cəsəd oradadır, başımın üstündə. İşığı yandıracam, isti bədənə toxunacam ki əmin olum…. Daha dözə bilmirəm, qalxıram. Əgər ofisiant məni pilləkənlərdə tutsa deyəcəm ki, səs eşitdim. Qəfil təngnəfəs olmuş ofisiant qayıtdı.

- Mən buradayam, müsyö,- o qışqırdı.

Axmaq! Mənə tərəf gəlir.

- İki frank ödəyəcəksiniz.

- Yuxarıda səs eşitdim,- deyirəm.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə