Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir



Yüklə 0,71 Mb.
səhifə9/15
tarix26.05.2018
ölçüsü0,71 Mb.
#46099
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

Səsini kəsib, mənə baxdı. Gözləyir.

- Həəə, belə deyin!- deyirəm.

- Əlbəttə bütün bunlar son deyil, müsyö. Mənim təhsilim hələ bitməyib.- Əlləri əsə-əsə kitabçanı götürür, ürəyinin dərinliyinə qədər həyacanlanıb. – Bax elə bu da incəsənət haqqındadır. Oxumağa icazə versəniz çox xoşbəxt olardım.

- Böyük məmnuniyyətlə,- deyirəm.

Oxuyur:


“Artıq heç kəs XVIII əsrdə həqiqət saydıqlarına inanmır. Axı niyə onların gözəl hesab etdikləri əsərdən biz hələ də zövq almalıyıq?”

Yalvarıcı baxışlarla mənə baxır.

- Necədir, müsyö? Bəlkə bir az ziddiyyətlidir, hə? Amma fikirləşdim ki, öz düşüncələrimi sərt şəkildə verə bilərəm.

- Hmm… necə deyim, məncə çox maraqlıdır.

- Siz haradasa belə fikirlərə rast gəlmisiniz?

- Əlbəttə ki, yox.

- Doğrudan? Heç vaxt rast gəlməmisiniz? Bəlkə də, müsyö,- qaşqabaqlı deyir, – bu fikir düz deyil. Əgər düz olsaydı indiyə qədər kiminsə ağlına gələrdi.

- Dayanın, deyirəm,- deyəsən yadıma gəlir ki, haradasa belə bir şey oxumuşdum.

Gözləri parıldayır, karandaşını çıxarır.

- Hansı müəllifdə? – işgüzarcasına soruşur.

- Hmm… Re…Renanda

Göyün yeddinci qatındadır.

- Xahiş edirəm, mənə dəqiq deyin, harada deyilib,- karandaşın ucunu tüpürcəkləyib, soruşur.

- İndi yadıma düşmür, – çoxdan oxumuşam.

- Həə, eybi yoxdur, eybi yoxdur.

Kitabçasına Renanın adını yazır.

- Həə, deməli mənim fikirlərim Renanla üst-üstə düşür. Hələ ki onun adını karandaşla yazdım, sevincək deyir,- amma axşam onu qırmızı mürəkkəblə yenidən yazacam.

Bir dəqiqəlik kitabçasını nəzərdən keçirir, gözləyirəm ki, onun daha bir aforizmini eşitməli olacam. Amma ehtiyatla kitabçanı örtüb, cibinə qoyur. Şübhəsiz, hesab edir ki, bir dəfəlik xoşbəxtliyi tamamilə kifayətdir.

- Arabir bax belə ürəkdən söhbət etmək,- inamlı tonla danışır,- necə də xoşdur.

Bu ifadə, bildiyim kimi onsuz da ölmüş söhbətimizi təmiz bağladı. Uzun səssizlik çökür.

Gənc cütlük restorana gələndən buranın havası dəyişmişdi. İki qırmızısifə gənc susmuşdular: onlar sakitcə gənc qadının gözəlliyini seyr edirdilər. Xoşsifət cənab qəzeti kənara qoyub, gənc cütlüyə təkəbbürlü hətta bir az müttəfiq baxışlarla baxırdı. O düşünür ki, qocalıq müdriklikdi, gənclik gözəldir, arabir bic-bic başını yellədir: çox gözəl bilir ki, hələ də yaxşı görünür, yaxşı qalıb və qarabuğdayı üzü, boy-buxunlu fiqurası ilə hələ də cəlb edə bilir. Ata rolunu oynamaq xoşuna gəlir. Ofisiantın hissləri çox sadədir- gənclərin qarşısında ağzı açıq halda donub.

Gənc cütlük asta-asta danışırlar. Onlara qəlyanaltı veriblər, onlar isə hələ heç toxunmayıblar. Diqqətimi cəmləyib danışdıqlarından qısa ifadələr tutmağa çalışıram. Sinədən gələn səslə danışan qadını daha yaxşı eşidə bilirəm.

- Yox, Jan, yox.

- Axı niyə, yox? – Ehtiraslı səbirsizliklə gənc pıçıldayır.

- Mən artıq sizə demişəm.

- Bu səbəb deyil.

Bir neçə söz buraxdım. Sonra gənc qadın möhtəşəm yorğun jest edir.

- Mən çox çalışdım. Artıq o yaşda deyiləm ki, həyatımda hər şeyi yenidən başlayım. Başa düşün, mən artıq qocayam.

Gənc kişi istehza ilə gülür.

- Mən bacarmaram- davam edir,- narahatlıq… gətirə bilmərəm.

- İnanmaq lazımdır, – gənc əminliklə deyir.- siz axı indi yaşamırsınız.

- Bilirəm,- qadın ah çəkir.

- Janettaya baxın.

- Hə,- üzünü turşudur.

- Məncə o gözəl iş gördü. Əsl cəsarət göstərdi.

- Mən isə hesab edirəm ki, – gənc qadın deyir,- o sadəcə şansını itirmək istəmədi. Düzünü desəm istəsəydim mənim əlimdə yüzlərlə belə şans ola bilərdi. Amma mən gözləməyi üstün tutdum.

- Düz etdiniz,- kişi nəvazişlə deyir,- düz etdiniz ki, məni gözlədiniz.

İndi qadın gülür.

- Necə də əminlik! Mən bunu heç də demədim.

Ardına qulaq asmadım. Onlar məni qıcıqlandırırlar. Onlar yatacaqlar. Özləri də bilirlər. Hər biri də bilir ki, digəri bunu bilir. Amma onlar gənc, əxlaqlı, ləyaqətli olduqlarına görə, hər biri özünə və qarşısındakına hörməti saxlamaq istədiyinə görə, sevgi nə isə böyük, şairanə bir şey olduğuna görə və ona görə ki, onu qaçırmaq olmaz, onlar həftədə bir neçə dəfə rəqsə gedirlər, restoranlarda hər kəsin gözünün qarşısında özlərinin balaca, adət etdikləri, mexaniki pa-larını göstərirlər.

Həm də axı necəsə vaxtı öldürmək lazımdır. Onlar hələ gəncdirlər, yaxşı qalıblar, hələ otuz il də bunu edə bilərlər. Onlar hadisələri tələsdirmirlər, mümkün olduğu qədər yubadırlar və haqlıdırlar. Sevişəndən sonra varlıqlarının vəhşi mənasızlığını gizlətmək üçün nə isə yeni bir şey tapmalı olacaqlar. Amma… yenə də özlərini bu qədər ələ salmağa dəyərmi?
Zala göz gəzdirirəm. Buna deyərəm səhnə! Bütün bu adamlar ciddi görünüşlə yerlərində oturub, yeyirlər. Yox, onlar yemirlər, sadəcə vacib öhdəliklərini yerinə yetirmək üçün güc yığırlar. Hər birinin öz yükü var, bu yük onlara varlıqlarını hiss etməyə imkan vermir; aralarında elə biri yoxdu ki, hesab etməsin onsuz kimsə və ya nəsə ola bilməz. Məgər bir dəfə Oxucu deməmişdi ki, “ Nusapyedən başqa heç kim ümumi yükü bu qədər uğurla qəbul edə bilməz”. Hər biri hansısa kiçik işlə məşğuldur, heç kim bu işi onlardan daha uğurlu edə bilməz. Heç kim bax o kommivoyajer kimi uğurla “Svan” diş pastasını sata bilməz. Heç kim bax o maraqlı gənc adam kimi qonşusunun yubkasının altında eşələnə bilməz. Məndə onlardan biriyəm, yəqin ki mənə baxanda fikirləşirlər heç kim mənim etdiyimi məndən daha uğurlu edə bilməz. Amma axı mən ki bilirəm! Mən özümü heç nə olmamış kimi aparıram, amma mən bilirəm ki varam və bilirəm ki, onlar var. Əgər kimisə əmin etmək məharətinə sahib olsaydım, bu ağsaçlı yaraşıqlının qarşısında oturub ona mövcudluğun nə olduğunu izah edərdim. Onun üzünün necə dəyişəcəyini təsəvvür edəndə məni gülmək tutur. Oxucu təəccüblə mənə baxır. İstəyirəm gülüşümü kəsim, amma bacarmıram, gözümdən yaş axana qədər qəhqəhə çəkirəm.

- Siz şənlənirsiniz, müsyö,- Oxucu ehtiyatla deyir.

- Yox, sadəcə düşünürəm,- gülə-gülə deyirəm- biz hamımız, olduğumuz kimi, yeyirik, içirik ki, qiymətli mövcudluğumuzu saxlayaq, amma mövcudluğun bir damcı da mənası yoxdur.

Oxucu ciddiləşdi, çalışır məni başa düşsün. O qədər möhkəm gülürdüm ki, hamı mənə tərəf döndü. Həm də peşman olmuşdum ki, artıq danışmışam. Əslində bunun heç kimə dəxli yoxdur.

Oxucu yavaş-yavaş təkrarlayır:

- Mövcudluğun heç bir mənası yoxdur… Siz, əlbəttə demək istəyirsiniz ki, müsyö, həyatın mənası yoxdur? Deyəsən elə bunu pessimizm adlandırırlar, elə deyil?- bir az fikirləşib, yumşaqca əlavə edir: bir neçə il qabaq bir amerikalı müəllifin kitabını oxuyurdum, adı “Həyat yaşamağa dəyərmi?” Siz də eyni sualı verirsiniz, hə?

Açıq aydındır ki, mən özümə tamamilə başqa sual verirəm. Amma izahata girişmək fikrim yoxdur.

- Müəllif öz fikirlərində şüurlu optimizm qənaətinə gəlir- təsəlli edici tonla Oxucu danışır.- Həyat məna ilə onda dolur ki, biz ona məna veririk. Əvvəlcə hərəkət etmək, nədənsə yapışmaq lazımdır. Nə barədə isə fikirləşməyə başlayanda, artıq təslim olmaq üçün gec olur, artıq bununla məşğul olursan. Siz nə düşünürsüz, müsyö?

- Heç nə,-cavab verirəm.

Əslində isə düşünürəm ki, bu məhz kommivoyajerin, gənc cütlüyün və ağ saçlı cənabın həmişə özlərinə təlqin etdikləri yalandır. Oxucu bir az hiyləgərlik və təntənə ilə gülümsəyir.

- Baxın heç mən də elə düşünmürəm. Fikirləşirəm ki: həyatın məna axtarışlarında çox uzağa getmək lazım deyil.

- Doğrudan?

- Həyatın mənası var, müsyö, məna var… insanlar var.

Həə, təmiz yadımdan çıxmışdı ki, o humanistdir. O susdu- ehtiyatla və amansıcasına buğlanmış ətdən bir parça və böyük parça çörəyi yemək üçün nə qədər vaxt lazımdırsa o qədər susdu.

“İnsanlar var”… Həə, bu ağzının suyunu axıdan adam özünün möhtəşəm avtoportretini çəkdi, sadəcə o öz fikirlərini sözlə ifadə edə bilmir. Mübahisəsiz, ruhu hələ də gözlərinin kənarından axır, amma onun üçün bir ruh bəs etmir. Vaxt var idi, humanist-parislilərlə görüşürdüm, onlar mənə yüz dəfə yeridirdilər ki, “İnsanlar var”, amma o zaman başqa məsələ idi! Ən çox Virqanın tayı bərabəri yox idi. O eynəklərini insan bədənini soyunan kimi çıxarıb, mütəəssir gözlərini mənə zilləyib, insanlıq mahiyyətimi ortaya qoyarcasına ağır, yorğun gözləri ilə baxıb, musiqili səslə pıçıldayırdı: “Eh dostum, insanlar var, insanlar”, bu “var” sözünə hansısa qəribə güc verərdi, elə bil ki, onun insanlara sevgisi daim yenilənib, böyüyüb sehirli qanadları ilə uçurdu.

Oxucunun mimikası hələ işlənməyib, onun insanlara sevgisi safdır, ibtidaidir- bu humanist-əyalətçidir.

- İnsanlar,- ona deyirəm, – insanlar… siz heç də onlarla çox maraqlanana oxşamırsınız. Siz həmişə təksiniz, həmişə burnunuzu kitaba salıb oturursuz.

Oxucu əllərini bir-birinə çırpıb, nadinc gülüşlə gülür.

- Səhv edirsiniz. Ah müsyö, icazə verin deyim, siz səhv edirsiniz, həm də necə!

Bir anlıq diqqətini cəmləyib, nəzakətlə əti bitirir. Üzü şəfəq kimi parıldayır. Çiyninin arxasından gənc qadın sakitcə gülür. Yoldaşı ona tərəf əyilib, qulağına nəsə pıçıldadı.

- Sizin fikirləriniz tamamilə təbiidir, – Oxucu deyir.- Gərək çoxdan deyəydim… Amma mən çox utancağam, müsyö. Lazımlı vaxtı gözləyirdim.

- Bundan yaxşı vaxt ola bilməz,- ədəblə deyirəm.

- Məncə də, müsyö. Məncə də! İndi sizə deyəcəyim şey…- Səsini kəsib, qızarır. – Bəlkə mən sizi bezdirdim?

Onu sakitləşdirirəm. Sevinib, cəsarətini yığır.

- Müsyö, heç də hər gün sizin kimi geniş baxışlı, yüksək zəkalı adamla görüşmürsən. Baxın artıq neçə aydır sizə keçmişdə kim olduğumu, indi necə adama çevrildiyimi danışmaq istəyirəm.

Boşqabı təmizdir, elə təmizlənib ki, elə bil onu indicə gətiriblər. Özümünkünün yanında birdən qəhvəyi naxışlı, içində toyuq ayağı üzən boşqabı görürəm. Bunu da mən yeməliyəm.

- Mən sizə elə indicə dedim ki, Almaniyada əsir düşmüşdüm. Hər şey onda başladı. Müharibəyə qədər mən tək idim və bunu başa düşmürdüm. Valideynlərimlə yaşayırdım, yaxşı adamlar idilər, amma bir-birimizi başa düşmürdük. İndi o illər haqqında düşünəndə… mən axı necə elə yaşaya bilirdim. Mən ölü idim müsyö, bunu başa düşmürdüm. Marka yığırdım. – mənə baxıb, hekayəsini dayandırır. – Sizin rənginiz ağardı müsyö. Yorğun görünürsünüz. Bəlkə mənimlə darıxdırıcıdır?

- Yox, sizinlə çox maraqlıdır.

- Müharibə başladı, mən könüllü yazıldım, heç bilmirdim niyə. İki il bunu başa düşə bilmədim, axı cəbhədə fikirləşmək üçün vaxt azdır, əskərlər isə çox kobuddurlar. 1917-ci ilin sonunda əsir düşdüm. Sonra mənə dedilər ki, əsirlikdə olanda əskərlərin çoxdu uşaq inanclarına dönürlər. Mən, müsyö,- Oxucu gözlərini endirib, danışır,- Allaha inanmıram. Onun mövcudluğu elmlə inkar edilib. Amma islah düşərgəsində mən insanlara inamı öyrəndim.

- Onlar öz talelərini kişi kimi qarşılayırdılar?

- Bəli- qeyri-müəyyən şəkildə razılaşır. – Bu da var. Qısası bizimlə yaxşı davranırdılar. Amma mən başqa bir şey deyirdim. Müharibənin sonuncu aylarında bizi nadir hallarda işləməyə məcbur edirdilər. Yağış yağanda bizi böyük at damına salırdılar və haradasa iki yüz adam bir-birimizə yapışıb dayanırdıq. Qapını bağlayırdılar, hər tərəfdən bağlanmış bizi isə demək olar qaranlıqda qoyurdular. – O yadına salır.- bilmirəm, sizə izah edə bilirəm ya yox, müsyö. Bütün bu insanlar yan-yana dayanırdılar, onları güclə ayırırdın, amma hiss edirdin ki, səni necə sıxırlar, necə nəfəs alırlar… Bir dəfə- bizi dama salmağa başlamışdılar, hava elə pis idi ki, az qala boğulacaqdım, birdən məni qəribə sevinc doldurdu, az qala ürəyim gedəcəkdi- hiss etdim ki, bu adamları sevirəm, qardaşlarım kimi, onların hamısını qucaqlamaq istəyirdim. Ondan sonra hər dəfə o dama girəndə belə sevinc duyurdum.

Gərək cücəni yeyəm, yoxsa təmiz soyuyub. Oxucu çoxdan ətini yeyib, ofisiant boşqabları dəyişmək üçün gözləyir.

- Həmin dam mənim üçün müqəddəs yerə çevrildi. Bir neçə dəfə gözətçini aldadıb, tamamilə tək o dama girdim, qaranlıqda damda keçirdiyim sevinci xatırlayırdım, az qala vəcdə gəlirdim. Saatlar gedirdi, amma mən hiss etmirdim. Arabir hətta ağlayırdım.

Deyəsən xəstəyəm. Yoxsa birdən birə əsəbləşməyimin başqa izahı yoxdur. Hə, məhz xəstə əsəb: əllərim əsməyə başladı, qan üzümə vurdu və bütün bunlar qurtarana yaxın artıq dodaqlarım da əsirdi. Ancaq ona görə ki, cücə soyumuşdu. Əslində mən özüm də soyumuşdum, bu ən pisi idi, demək istəyirəm ki, daxilimdə hər şey yarım gündəki kimi qalmışdı- tamamilə soyuq, buz kimi.

Qəzəb mənə ani, istiliyin aşağı düşməsi üçün mübarizə aparan şüurun cavab reaksiyası- titrəmə kimi gəldi. Boş şeydir, əlbəttə mən hansısa boş bir şeydən yapışıb Oxucunu və ya ofisiant qızı ayağımın altına salıb əzişdirə bilərdim. Amma həm də mən əslində oyunda iştirak etmirdim. Mənim əsəbiliyim üzdə idi, həm də qısa çəkdi, əzabla elə hiss edirdim ki, elə bil ocağa düşmüş buz parçası ya da omlet surprizəm. Üzdə olan əsəb keçdi getdi, indi Oxucunun səsini eşidirdim:

- Hər bazar günü kilsəyə gedirdim. Mən heç vaxt Allaha inanmamışam, müsyö. Amma məgər danmaq olar ki, kilsənin həqiqi sirri insanları bir-birinə yaxınlaşdırmasıdır. Ayini bir qollu fransız-keşiş həyata keçirirdi. Bizim fisqarmoniyamız (körüklər vasitəsilə çalınan dilli musiqi aləti) da vardı. Biz ayaq üstə dayanıb, papaqlarımızı çıxarırdıq, fisqarmoniyanın səsinə dalırdıq, hiss edirdim ki, ətrafımdakı insanlarla vəhdət təşkil edirəm. Ah, müsyö, mən kilsəni necə də sevirdim. Və indi də arabir o günləri yada salmaq üçün kilsəyə gedirəm. Bizim Müqəddəs Çeçiliya kilsəmizdə möhtəşəm orqan çalan var.

- Yəqin o həyat üçün çox darıxırsınız?

- Bəli, müsyö. 1919-cu il. Həmin il məni əsirlikdən azad etdilər. Əzablı aylar yaşadım. Bilmirdim nə ilə məşğul olum, təmiz solmuşdum. Harada insan yığını görürdüm, özümü ora salırdım. Hərdən elə olurdu ki,- gülümsəyib davam edir,- yad adamın dəfn mərasiminə qatılırdım. Bir dəfə peşmançılıq sudurğasına düşüb marka kolleksiyamı yandırdım… Amma öz yolumu tapdım.

- Doğrudan?

- Bir nəfər mənə məsləhət gördü… Müsyö, bilirəm ki, sizin səssizliyinizə güvənə bilərəm. Mən… ola bilər ki, siz belə fikirlərlə razı deyilsiniz, amma siz əsl geniş düşüncəli insansınız. Mən… mən sosialistəm.

Gözlərini aşağı saldı, uzun kirpikləri əsirdi.

- 1921-ci ilin sentyabrında SFİO sosialist partiyasına üzv oldum. Mən bax bunu demək istəyirdim.

Qürurundan parıldayır. Başını dala atıb, yarıyumulu gözlərlə mənə baxır, ağzı yarımaçıqdır, əzabkeş, elə ancaq bundan ibarətdir.

- Lap yaxşı, deyirəm.- lap gözəl.

- Bilirdim müsyö, bilirdim ki, təqdir edəcəksiniz. Ümumiyyətlə sizə: mən həyatımı belə yaşamışam, indi belə yaşayıram və tamamilə xoşbəxtəm deyən adamı necə ittiham etmək olar?

Əllərini yana açdı, ovcunu mənə tərəf çevirdi, elə bil ki, elə indicə orada stiqmat peyda olacaq. Onun şüşəvari gözləri var, ağzında isə tünd-çəhrayı kütlə fırlanır.

- Deməli belə! – deyirəm.- Nə edək, xoşbəxtsinizsə…

- Xoşbəxt? – onun baxışları məni ağırlaşdırır, kirpiklərini qaldırıb, inadla mənə baxır. – Özünüz fikirləşin, müsyö. Bu qərarı verməmişdən qabaq özümü o qədər tənha hiss edirdim ki, intihar etmək istəyirdim. Məni ancaq o fikir saxladı ki, mənim ölümüm dünyada heç kimi, heç kimi kədərləndirməyəcək və mən ölümümdə həyatda olduğumdan daha tənha olacaq.

Dirçəlir, yanaqlarını şişirdir.

- İndi isə, müsyö, mən daha yalnız deyiləm.

- Həə! Tanışlarınız var?- soruşuram.

O gülümsəyir və o dəqiqə aydın olur ki, mən necə avamam.

- Mən demək istəyirdim ki, mən daha özümü tənha hiss etmirəm. Amma əslində isə müsyö, bunun üçün kiminləsə görüşməyə ehtiyac yoxdur.

- Amma yenə də,- deyirəm,- partiyanızdakı…

- Oh! Orada hamını tanıyıram. Düzdür, çoxunun ancaq adlarını bilirəm. Müsyö,- dəcəlliklə deyir,- məgər dost seçimində özünü belə dar çərçivələrə salmağa məcbursan ki,? Mənim dostlarım- bütün insanlıqdır. Səhər işə, öz kontoruma gedəndə məndən qabaqda, məndən arxada digər insanlar da işə gecikirlər. Onları görürəm, cəsarətli olsaydım onlara gülümsəyərdim, düşünürəm ki, mən sosialistəm, onlar hamısı mənim həyatımın, işimin məqsədləridir, amma hələ ki onlar bunu bilmirlər. Bu mənim üçün bayramdır, müsyö.

Mənə sual dolu baxışlarla baxır, başımla təsdiqləyirəm, amma hiss edirəm ki, bir az narahatdır, daha çox həyacan istərdi. Amma mən nə edə bilərəm? Mənim günahım nədir ki, onun danışdıqlarının hamısında ötəri olaraq əvvəllər eşitdiyim fikirləri, oxuduğum sitatları tanıyıram? O boşboğazlıq edir, mənimsə gözlərimin qabağından tanıdığım bütün humanistlər cərgə ilə keçir. Mən onlardan çoxunu görmüşəm!

Radikal humanist- ilk növbədə məmurun dostudur. “Sol” humanistin ilk növbədə qayğısı insanlıq dəyərini saxlamaqdır; o heç bir partiyaya üzv olmur, çünki insanlıq dəyərlərinə xəyanət etmək istəmir, amma onun yazıqlara simpatiyası var; bədbəxt insanlara xidmət üçün o özünün möhtəşəm, klassik mədəniyyətini həsr edir. Həmişə olduğu kimi bu gözəl, həmişə yaşlı gözləri olan dul- büyün yubileylərdə ağlayır. O pişikləri, itləri, bütün ali məməliləri sevir.

Yazıçı-kommunist insanları ikinci beşillik plan vaxtından sevir. O onlara cəza verir, çünki onları sevir. Güclü xarakterə məxsus utancaqlıqla öz hisslərini gizlədə bilir, amma ədalətin amansız müdafiəçisi, baxışları, intonasiyası ilə qardaşlarına, yoldaşlarına olan möhkəm, incə, ehtiraslı sevgisini hiss etdirir. Humanist-katolik humanistlər ailəsinin sonbeşiyidir, insanlar haqqında heyranlıqla danışır. İstənilən sadə həyat, o deyir, london gəmi sahibinin həyatı və ya ayaqqabı fabrikinin işçisinin həyatı- sehirli nağıldır! O mələk humanizmini seçib, mələklərin məsləhəti ilə uzun, kədərli və gözəl romanlar yazır, belə əsərlər tez-tez “Femina” mükafatına layiq görülür.

Bunlar baş rollardakı aktyorlardı. Amma həm də onların kölgələri olan başqaları var: filosof-humanist, qardaşlarının qayğısına böyük kimi qalır və öz məsuliyyətini dərk edir; insanları olduqları kimi sevən humanist və insanları olmalı olduqları kimi sevən humanist; onları razılıqları ilə xilas edən humanist və onları iradələrinin əksinə, məcburən xilas edən humanist; yeni miflər yaratmaq istəyən və köhnələrlə kifayətlənənlər; insanda ölümü sevənlər və insanda həyatı sevənlər; şən humanist, mütləq həmişə güləcəyi bir hadisə tapır və kədərli humanist, belələrinə tez-tez dəfn mərasimlərində rast gəlmək olar. Onlar hamısı bir-birinə nifrət edirlər, əlbəttə insan kimi yox, fərd kimi yanaşanda. Amma Oxucu bunu bilmir: o onların hamısını bir yığına saldı, pişik kimi ümumi dəri kisənin içinə tıxışdırdı,- onlar orada bir-birini qanları çıxana qədər cırmaqlayırlar, amma o heç nə hiss etmir.

O indi mənə əvvəlki inamını itirmiş halda baxır.

- Siz mənim hisslərimi bölüşmürsünüz, müsyö?

- Aman allah…

Onun həyacanlı, bir az pərt olduğunu görüb hansısa anda yazığım gəldi ki, incitdim. Amma o davam edir:

- Mən bilirəm,- siz araşdırmalarınızla, kitablarınızla məşğulsunuz, hansısa mənada siz də elə bu işə xidmət edirsiniz.

Mənim kitablarım, mənim araşdırmalarım, axmaq! Bundan böyük giclik edə bilməzdi.

- Mən bunun üçün yazmıram.

Oxucunun üzü bir anda dəyişdi: elə bil ki, düşmən iyini hiss etdi, mən onun üzündə belə ifadə heç vaxt görməmişdim. Aramızda nə isə öldü.

- Amma..üzr istəyirəm, sualımı qeyri-ciddi hesab etməsəniz, bilmək olar niyə yazırsınız, müsyö? – riyakar təəccüblə soruşur.

- Hmm… bilmirəm, sadəcə yazmaq üçün.

Ona gülümsəməyə səbəb verdim, fikirləşir ki, məni utandırıb.

- Məgər siz heç kimin olmadığı adada yazardınız? Məgər insanlar onları oxusunlar deyə yazmırlar?

O sadəcə adətində olduğu üçün ifadəni sual formasında verdi. Əslində bu təsdiqdir. Onu rəng kimi bürüyən ürəksizlik və yumşaqlıq bir anda itdi, mən daha onu tanımıram. Cizgilərində ağır inadkarlıq peyda oldu- bu möhkəm özünə əminlikdir. Hələ də təəccübdən özümə gəlməmiş eşidirəm deyir ki:

- Qoy mənə desinlər: mən müəyyən sosial əhatə üçün yazıram, mən dostlarım üçün yazıram. Bunu başa düşə bilərəm. Bəlkə siz gələcək nəsillər üçün yazırsınız…Belə ya elə, müsyö, özünüzü inkar edərək siz mütləq kiminçünsə yazırsınız. – O cavab gözləyir. Cavab olmadığına görə də zəif-zəif gülümsəyir. Bəlkə siz mizantropsunuz (insanlardan nifrət edən) ?

Bilirəm bu ikiüzlü barışıq cəhdinin altında nə var. Ümumiyyətlə, o məndən sadəcə kiçik bir şey istəyir, özümə etiket yapışdırmağım, vəssalam. Amma bu tələdir, əgər razı olsam Oxucu qalib gələr; məni elə buradaca dəyişdirəcəklər, üzərimdə işləyəcəklər, axı humanizm bütün mümkün nəzər nöqtələrini bir yerə yığıb, axıda bilir. Humanizmlə mübahisə etmək onun əllərində oynamaq kimi bir şeydir, o əleyhdarlarının hesabına yaşayır. Əgər dəstə inadkar, əsl döyüşçü insanlardan ibarətdirsə, onlar hər dəfə insanpərvərliyi udurlarsa- humanizm də onların ən qəddar qəzəblərini bişirəcək, ağ, köpüklü limfaya çevirəcək. O artıq antiintellektualizmi, manixeyliyi, mistisizmi, pessimizmi, anarxizmi, eqotizmi bişirib, onlar hamısı yarımçıq formaları ilə fikir inkişafının müxtəlif etaplarına çevriliblər, bütün bəraətlər ancaq humanizmdə olur.

Bu isti kompaniyada mizantroplar üçün də yer tapılacaq; mizantropiya ümumi harmoniya üçün vacib olan dissonansdan (ahəngsizlik, qarışıqlıq, uyğunsuzluq) başqa bir şey deyil. Mizantrop insandır, elə çıxır ki, humanist də hansısa halda mizantrop ola bilər. Amma bu elmli mizantropdur, o öz nifrətinin dozasını müəyyənləşdirməyi bilir, əvvəlcə o başlanğıc üçün insana nifrət edir ki, sonra sevmək asan olsun.

Amma mən istəmirəm ki, məni belə bir şeyə çevirsinlər, istəmirəm ki, gözəl, qırmızı qanımda bu limfa vəhşisi axsın, axmaqlıq etməyəcəm və özümü “antihumanist” kimi göstərməyəcəm. Mən sadəcə humanist deyiləm, bu qədər.

- Mənə görə, – Oxucuya deyirəm, insanları sevmək mümkün olmadığı kimi nifrət etmək də mümkün deyil.

Oxucu mənə kənardan, himayədar baxışlarla baxır. Özündən xəbəri yox kimi pıçıldayır:

- Onları sevmək lazımdır, onları sevmək lazımdır..

- Kimi sevmək lazımdır? Burada oturan insanları?

- Onları da. Hamını.

O par-par yanan gənc cütlüyə tərəf dönür- onları sevmək lazımdır. Sonra ağ saçlı cənaba baxır. Sonra baxışlarını mənə çevirir, üzündə lal sual oxuyuram. İnkar edərək başımı fırladıram: “Yox”. Mənə təəssüflə baxır.

- Axı siz özünüz də,- qıcıqla deyirəm,- siz özünüz də onları sevmirsiniz.

- Doğrudan, müsyö? Bəlkə icazə verəsiniz sizinlə razılaşmayım?

O yenə də dırnaqlarının ucuna qədər hörmətli oldu. Amma baxışları istehza ilə doludur, elə bil ki, onu güldürüblər. O mənə nifrət edir. Boş yerə bu manyaka qarşı hissiyyatlı davrandım.

- Yəqin ki, siz arxanızda oturan bu iki gənci sevirsiniz, hə? Öz növbəmdə soruşuram.

O yenidən onlara baxır və fikirləşir.

- Siz istəyirsiniz ki,- inamsızca başlayır,- məni məcbur edəsiniz ki, onları sevdiyimi deyim, halbuki onları qətiyyən tanımıram. Bəli, müsyö, etiraf edirəm, mən onları tanımıram… Sevginin özü elə də çox bilik tələb etmir,- özündən razı halda gülərək əlavə edir.

- Yaxşı siz onda nəyi sevirsiniz?

- Görürəm ki, gəncdirlər, onlardakı gəncliyi sevirəm. Elə bu qaydada başqa şeyləri də.- susub, dinləyir.- eşidirsiniz nə haqqında danışırlar?

Eşidirəm ki! Gənc kişi ətrafdakıların onlara qarşı yaxşı olmasından ruhlanıb bütün səsi ilə keçən il komandasının Havr klubunu udduğu futbol oyunundan danışır.

- O hansısa hadisə danışır, Oxucuya deyirəm.

- Eləmi! Mən isə sözləri seçə bilmirəm. Mən səs eşidirəm, incə, uca səs. Bu… bu necə də yaxşıdır.

- Amma mən isə bədbəxtlikdən onların nə barədə danışdıqlarını da eşidirəm.

- Hə nolsun?

- O olsun ki, onlar komediya oynayırlar.

- Doğrudan? Bəlkə gənclik komediyası? – istehza ilə deyir. – İcazə verin müsyö, komediya xeyirli şeydir. Orada rol almaq kifayətdir ki, yenidən onların yaşında olaq?

Onun istehzasına qarşı karam.

- Onlara arxanızı dönüb oturmusunuz,- davam edirəm,- nə danışdıqlarını eşitmirsiniz. Deyin görüm, qadının saçları nə rəngdədir?

Utandı.


- Saçları…- cəld gənclərə tərəf dönüb, yenidən əminliklə deyir.- qara

- Bax görürsünüz?

- Nəyi?

- Onu ki, siz əslində bu iki nəfəsi sevmirsiniz. Çətin onları küçədə tanıyasınız. Sizin üçün onlar sadəcə simvollardır. Sizi onlar mütəəssir etmir, sizi İnsanlıq Gəncliyi, Qadın və Kişi arasında sevgi, İnsan Səsi təsirləndirir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə