1
KONSTİTUSİYA
HÜQUQUNUN
MÜQAYİSƏLİ ƏSASLARI
Rəşid Əliyev©
Rəşid Əliyev© 2014 Bu materiala dair hər hansı və bütün
hüquqlar müəllifə
məxsusdur.
3
GİRİŞ
2004-cü ilin təqribən iyun ayında xoş xəbər aldım – mən Avropada yerləşən
universitetlərin birində Müqayisəli Konstitusiya Hüququ üzrə Magistr
proqramına daxil olmuşam. Çox sevinirdim. Ancaq bu sevincim konstitusiya
hüququ ilə deyil, Avropa ölkələrinin birində tələbə olmaq imkanı qazanmağımla
bağlı idi.
O zaman düşünürdüm ki, konstitusiya
hüququ mənim oxuya biləcəyim
hüququn ən darıxdırıcı və maraqsız sahələrindən biridir. Magistr proqramında
oxuduğum zaman isə bu fikrim kökündən dəyişdi. Əgər düzgün tədris edilərsə
və öyrənilərsə, konstitusiya hüququ olduqca maraqlı fəndir.
Konstitusiya hüququ, əsasən, ictimai məsələləri əhatə edir. Yəni elə
məsələlərdir ki, onlar ancaq hüquqşünaslar üçün deyil, bütöv cəmiyyət üçün
böyük maraq və əhəmiyyət kəsb edir. Biz hansı şəxslərin fərdi məlumatlarını
uzun müddət saxlaya bilərik? Nə üçün jurnalistin bəzi məhdudiyyətlər
çərçivəsində “yalan danışmaq” hüququ var? Nə üçün Prezidentin və Milli
Məclisin səlahiyyətləri Konstitusiyada geniş sadalanır? Nə üçün qanunlar digər
normativ-hüquqi aktlardan üstündür? Və sair və ilaxır... Bunlar hamısı
konstitusiya hüququ çərçivəsində öyrənilən məsələlərdir.
Konstitusiya hüququ dinamik və daim inkişafda olan elmdir. Hər kəsin
bu elmin inkişafına töhfə vermək hüququ var – Sizin də. Daim “niyə”, “nə
üçün” və sair kimi sualları verin: Nə üçün məhkəmə məhz bu cür qərar verdi?
Məhkəmə bu işi başqa nə cür həll edə bilərdi? Bəlkə məhkəmənin qərarı düzgün
deyil və məhkəmə hansısa bir amili nəzər almayıb? Müasir hüquq təhsil
metodlarını nəzərə alaraq, Sizin bu fənnin öyrənilməsindən götürə biləcəyiniz ən
vacib dəyər konstitusiya hüququ məsələləri barədə düşünmək və təhlil etmək
bacarığınızdır. Mahiyyət etibarilə konstitusiya hüququ dərsi düşünmək və təhlil
etmək bacarıqlarının inkişafına yönəlmişdir.
Hesab edirik ki, konstitusiya hüququnu öyrənməyiniz Sizin bir şəxs və
vətəndaş kimi inkişaf etmənizə və digər şəxsləri və vətəndaşları daha yaxşı
anlamağınıza yardım edəcək. Bu materialda olmasa da, misal üçün, söz azadlığı
mövzusunu daha yaxşı öyrəndikdən sonra anlayacaqsınız ki, “doğru sözləri
qorumaq üçün yalan sözləri də qorumalıyıq” (ingiliscə:
we protect bad speech in
order to protect good speech).
Bir çox inkişaf etmiş ölkələrdə konstitusiya hüququ məhz məhkəmə
qərarlarının, xüsusən də konstitusiya məhkəmələri və ya oxşar funksiyaları
yerinə yetirən məhkəmə orqanlarının qəbul etdiyi qərarların təhlili üzərində