Konstitusiya Məhkəməsi haqqında



Yüklə 44,33 Kb.
səhifə5/11
tarix01.09.2018
ölçüsü44,33 Kb.
#66275
1   2   3   4   5   6   7   8   9   10   11

Maddə 33. Müraciətlər


33.1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 104-cü maddəsinin III hissəsində, məhkəmələr isə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

33.2. Müraciət Konstitusiya Məhkəməsinə yazılı şəkildə göndərilir. Müraciət səlahiyyətli şəxs tərəfindən, kollegial orqanın qərarı əsasında verildikdə isə onun rəhbəri tərəfindən imzalanır.

33.3. Müraciətdə aşağıdakılar göstərilməlidir:

33.3.1. Konstitusiya Məhkəməsinin adı;

33.3.2. müraciət edən orqanın adı, ünvanı;

33.3.3. nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna olmaqla, müraciət edən orqanın nümayəndəsi və onun səlahiyyətləri haqqında lazımi məlumatlar;

33.3.4. Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verən və Konstitusiya Məhkəməsi tərəfindən həmin müraciətə baxılması səlahiyyətini təsdiq edən Azərbaycan Respublikası Konstitusiyasının maddələri;

33.3.5. Konstitusiya Məhkəməsinə müraciətlə əlaqədar ünvanlanmış xahiş;

33.3.6. müraciətə qoşulmuş sənədlərin siyahısı.

33.4. Bu qanunun 33.3.1-33.3.6-cı maddələrində göstərilənlərdən başqa:

33.4.1. Azərbaycan Respublikası Milli Məclisinin müraciətində Azərbaycan Respublikası prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdiyi barədə məlumatın mənbəyi göstərilməlidir;

33.4.2. məhkəmənin müraciətində şərh edilməsi xahiş olunan normativ hüquqi aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digər məlumatlar göstərilməlidir.


Maddə 34. Şikayətlər


34.1. Hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

34.2. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına aşağıdakı hallarda yol verilir:

34.2.1. tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə;

34.2.2. tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə;

34.2.3. normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə.

34.3. Bu qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının yoxlanılmasına yol verilmir.

34.4. Konstitusiya Məhkəməsinə şikayət bir qayda olaraq aşağıdakı hallarda verilə bilər:

34.4.1. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının) qüvvəyə mindiyi andan altı ay müddətində[8]

34.4.2. ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində.

34.5. Hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.

34.6. Şikayətdə aşağıdakılar göstərilməlidir:

34.6.1. Konstitusiya Məhkəməsinin adı;

34.6.2. şəxsin adı, soyadı, atasının adı, ünvanı;

34.6.3. şəxsin nümayəndəsi və onun səlahiyyətləri haqqında lazımi məlumatlar;

34.6.4. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktını qəbul etmiş dövlət və ya yerli özünüidarə orqanının adı və ünvanı;

34.6.5. Konstitusiya Məhkəməsinə müraciət hüququ verən Azərbaycan Respublikası Konstitusiyasının və bu qanunun normaları;

34.6.6. mübahisə olunan aktın dəqiq adı, qəbul edildiyi tarix, nömrəsi, dərc olunduğu mənbə və ona dair digər məlumatlar;

34.6.7. məsələyə dair şəxsin mövqeyi və Azərbaycan Respublikası Konstitusiyasının və ya digər normativ hüquqi aktlarının müvafiq normalarına istinadla onun hüquqi əsaslandırılması;

34.6.8. Konstitusiya Məhkəməsinə şikayətlə əlaqədar ünvanlanmış xahiş;

34.6.9. şikayətə qoşulmuş sənədlərin siyahısı.

34.7. Şikayətdə aşağıdakılar əsaslandırılmalıdır:

34.7.1. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktı ilə ərizəçinin hüquq və azadlıqlarının pozulması;

34.7.2. məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsi, məhkəməyə müraciət etmək hüququnun pozulması və ya ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınmasının mümkün olmaması.

Maddə 35. Sorğu, müraciət və ya şikayətlərə qoşulan sənədlər


35.1. Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və ya şikayətlərə aşağıdakılar qoşulur:

35.1.1. sorğu verənin, müraciət edənin və ya ərizəçinin qənaətinə görə işin hallarının aydınlaşdırılması üçün lazım olan izahatlar və sənədlər;

35.1.2. nümayəndəliyin vəzifə kimi həyata keçirilməsi halları istisna olmaqla nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd, habelə şəxsin Konstitusiya Məhkəməsində nümayəndə kimi çıxış etmək hüququnu təsdiq edən sənədlərin surətləri;

35.1.3. mübahisə olunan normativ hüquqi, məhkəmə və ya bələdiyyə aktının, habelə şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surəti;

35.1.4. başqa dildə verilmiş bütün sənədlərin və digər materialların Azərbaycan dilinə tərcüməsi.

35.2. Sorğu və ya müraciətə həmçinin onları təqdim edən kollegial orqanın iclasında yetərsayın olması və həmin sorğu və ya müraciətin lazımi səs çoxluğu ilə qəbul olunmasını təsdiq edən sənədlər qoşulur.

35.3. Şikayətə həmçinin məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edilməsini və ya məhkəməyə müraciət etmək hüququnun pozulmasını təsdiq edən sənədlər qoşulur.


Yüklə 44,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə