Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə14/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   10   11   12   13   14   15   16   17   ...   112

əltəmən oldu. Sıçrayıb Qırata mindi, gəlib Təkə-Türkmana çıxdı. 

Gəzdi, dolandı, Eyvazın yerini elədi. Bildi ki, bəs Eyvaz atası qəssab 

Alı ilə sürüdən qoyun almağa gedib. Qıratı sürüb gəldi gördü doğrudan 

da Eyvazgil sürülərdən qoyun seçirlər. Tez atdan düşüb onlara yanaşdı. 

Soruşdu ki: 

– Qardaş, qoyunun biri neçəyədi? 

Qəssab Alı dedi: 

– Beş manatdı. 

Koroğlu yüz erkək seçdirdi. On beş manatdan pulunu verdi. Qəssab 

Alı gördü ki, qoyunun birinə beş manat yerinə on beş manat verir. 

Qaldı mat-məhəttəl ki, bu niyə belə eliyir. 

Koroğlunun nə qoyun gözünə girirdi, nə pulun artıq verilməsi. 

Gözü Eyvazın üzündə idi. Quş kəkliyi alan kimi gözü Eyvazı almışdı. 

Eyvaz da bunu duymuşdu. Qaş-göz ilə atasını işdən xəbərdar eləmək 

istəyirdi. Ancaq atası mətləbi işarədən anlamırdı. Belə olanda aldı 

görək Eyvaz nə dedi: 

– Qədəm qoyar hərdən-hərdən yerişlər, 

Bu qılıqda çodar olmaz, hay olmaz, 

Beş-beş deyər, on beş-on beş bağışlar, 

Bu qılıqda çodar olmaz, hay olmaz. 

Qəssab Alı dedi: 

– Bala, çodar olmayıb nə olacaq? Görünür bunların yerində qoyun 

bahadı. 

Eyvaz atasının cavabında aldı sözünün o biri bəndini: 

Mərd iyidlər kimi yolları basan, 

Tülək tərlan kimi bərələr pusan, 

Bu ya Koroğludu, ya Dəli Həsən, 

Bu qılıqda çodar olmaz, hay olmaz. 

Cünun gəldi Çənlibelin elindən, 

Eyvaz bülbül oldu uçdu gülündən, 

Bu söz çıxıb telli Nigar dilindən

Bu qılıqda çodar olmaz, hay olmaz. 

Qəssab Alı yavaşca oğluna dedi: 

– Sən sarsaqlamısan. Bura nə aşıqlıq, şairlik yeridi? Sonra ürküdərsən 

almaz, qoy alverimizi eləyək. 

Koroğlu dedi: 

– Qəssab əmi, adam qat bu qoyunları mənnən köməkli bələni 

aşırsın, qayıtsın. 

Qəssab Eyvazı çağırıb dedi: 

– Yeri, qonağa kömək elə, qoyunları bələdən aşır. 

Eyvaz Koroğlu ilə bərabər qoyunları hayladı. Bələdən aşırdı. Elə 

ki, bələdən aşdılar, Koroğlu bir dala baxdı, gördü, tay qəssab Alı onları 

görə bilməz, qoyunları buraxdı, quş kimi sıçradı Qıratın belinə mindi, 

aldı görək nə dedi: 

Qardı Çənlibelin başı, 

Varaq, a qəssabın oğlu! 




Gəl gedək düşmana qarşı, 

Duraq, a qəssabın oğlu! 

Çox oldum davada, doyda, 

İyid görmədim sən boyda. 

Əl ver, burda sənnən soyda 

Vuraq, a qəssabın oğlu! 

Əcəli qoydum börkümə 

Büründüm çodar kürkümə. 

Gəl min Qıratın tərkinə, 

Varaq, a qəssabın oğlu! 

Çoxdu Koroğlunun yaşı, 

Nə qovğalar çəkib başı, 

Əl ver, sənnən dağı daşı 

Yaraq, a qəssabın oğlu!.. 

Koroğlu Qırata acı bir qamçı çəkdi. Qıratın burnunun deşiklərindən 

alov çıxdı. Yüyəni gəmirib ley kimi qanatlandı. Çənlibelə tərəf 

baş almaq istəyəndə Koroğlu qırğı kimi Eyvazın üstünə şığıdı. Əlini 

atıb onun kəmərindən tutdu, ancaq nə qədər qoluna zor verdisə, onu 

yerindən tərpədə bilmədi ki, bilmədi. Dəli Koroğlu acıqlandı, qızdı bir 

dəli nərə çəkdi, Eyvaz titrəyib yerə yıxıldı. Bu dəfə əlini atdı, quş kimi 

Eyvazı götürüb Qıratın tərkinə qoydu, Çənlibel deyib yollandı. 

Qəssab Alı gördü xeyli keçdi, amma Eyvaz gəlmədi. Bir yeldən 

yeyin, sudan iti gedən Türkman atı vardı. Tez onu çəkdirdi, yəhərlətdi. 

Koroğlunun dalınca sürdü. Türkman atı boğanağa düşmüşdü. İlan kimi 

ağzını açıb, quyruğunu dik tutub dördnala çapırdı. Koroğlu bir də 

dönüb gördü vallah qəssab Alı budu elə gəlir ki, tay nə deyim. Koroğlu 

yavaşca Qıratı əylədi. Qəssab Alı gəldi ona çatdı. Götürdü görək nə 

dedi: 


– Əcəm oğlu, dəli çodar, 

Vermərəm Eyvazı sənə! 

Eyvazsız qəlbim qan udar

Vermərəm Eyvazı sənə! 

Eyvazdı iyidlər gözü, 

Əllisi, altmışı, yüzü, 

Burax gəlsin, eşit sözü, 

Vermərəm Eyvazı sənə! 

Sinəmə çəkmisən dağı, 

Yol al burdan, qanlı yağı, 

Bu gözümün odlu çağı 

Vermərəm Eyvazı sənə! 

Küllü məxluqat yığıla, 

Çətindi sövdam dağıla, 

Kim qıyar Eyvaz oğula? 

Vermərəm Eyvazı sənə! 

Qəssab Alı qılınc çalar, 

Düşmandan qisasın alar, 




Başın gedər, leşin qalar, 

Vermərəm Eyvazı sənə! 

Koroğlu qəssab Alının cavabında aldı görək nə dedi: 

Canım qəssab, gözüm qəssab, 

Qoy aparım mən Eyvazı! 

Yerə salma sözüm qəssab, 

Qoy aparım mən Eyvazı! 

Eyvaz deyib Nigar ağlar, 

Köysünü çal-çarpaz dağlar. 

Aparmasam qara bağlar

Qoy aparım mən Eyvazı! 

Eyvazın qaradı qaşı, 

Dəlilərin olar başı, 

Tutma mənlə tər savaşı 

Qoy aparım mən Eyvazı! 

Tük tökər məndən paşalar, 

Xotkarlar çəkər haşalar 

Türkmana ərlər baş alar, 

Qoy aparım mən Eyvazı! 

Koroğluyam, mən çaparam, 

Qiyamət olub qoparam, 

Razı olma zornan aparam, 

Qoy aparım mən Eyvazı! 

Koroğlu sözlə dediyi kimi dillə dedi: 

– Mən xotkarlara, paşalara qan udduran, yollar kəsən, alaylar basan 

qoç Koroğluyam. Mənim övladım yoxdu, gəldim Eyvazı aparım, 

özümə oğul eyləyim, yeddi min, yeddi yüz yetmiş yeddi dəliyə sərdar 

tikim. Gəl məni dəlilərin, xanımların yanında xəcalət eləmə. Eyvazı 

əlimdən alma. Məndən sənə xeyir dəyər. Eyvaz da istədiyi vaxt sənin 

yanına gələr. 

Qəssab gördü ki, Koroğlu güc, xoş Eyvazı aparacaqdı, öz-özünə 

dedi: 


– Genə xoşnan versəm yaxşı olar. Belə aparsa oğul yenə elə 

mənimdi. Amma zorla aparsa nə olar? Çox fikir-xəyaldan sonra dedi: 

– Koroğlu, namına qıyıb Eyvazı sənin əlindən almıram. Apar get, 

amma gözün üstündə olsun. 

Koroğluynan Eyvaz qəssab Alı ilə görüşüb ayrıldılar. Qəssab Alı 

Təkə-Türkmana, Koroğlu ilə Eyvaz Çənlibelə yola düşdülər. 

Koroğlu ilə Eyvaz Çənlibelə tərəf getməkdə olsun, sənə kimdən 

xəbər verim, Ərəb Reyhandan. Ərəb Reyhan Türkmanın varlılarından 

biri idi. Pəhləvanlığı da var idi. Deyirlər ki, Ərəb Reyhan başında yüz 

atlı ova çıxmışdı. Ov eyləyib geri qayıdırdı ki, birdən Koroğluya rast 

gəldi. Koroğlunun Çənlibeldən gəlib Türkman elindən Eyvazı aparmasını 

qəbul eləyə bilmədi. Elə bil başına göydən bir daş düşdü. 

Hücum eləyib başının adamları ilə Koroğlunun yolunu kəsdi. 

Bəli, Koroğlu baxdı ki, düşman gəlir. O, qorxmadısa da, ancaq 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə