Layihə “Azərbaycan-2020: gələcəyə baxış”


Milli Strategiyanın maliyyə təminatı



Yüklə 237,34 Kb.
səhifə4/4
tarix21.06.2018
ölçüsü237,34 Kb.
#50640
1   2   3   4

13. Milli Strategiyanın maliyyə təminatı
Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiyanın uğurla həyata keçirilməsi, onun qarşısında duran məqsəd və vəzifələrinə tam nail olunması bu sahəyə böyük həcmdə maliyyə vəsaitinin ayrılmasını tələb edir.

Bədən tərbiyəsi və idmana xərclənən maliyyə vəsaitlərinin həcmi, bölgüsü və istifadəsi milli gəlirin həcmindən, dövlətin iqtisadi gücündən, eləcə də bədən tərbiyəsi və idmanın inkişaf səviyyəsindən asılıdır.

Maliyyə vəsaitlərinin ayrılması mənbələrinin müəyyənləşdirilməsi, vəsaitlərin toplanması və istifadə olunması ölkədə bədən tərbiyəsi və idman hərəkatının maliyyə təminatını, bu sahənin idarə olunmasında iştirak edən dövlət və qeyri-dövlət orqanları və ictimai təşkilatların, xüsusən bədən tərbiyəsi və idman yönümlü qurumların maliyyə fəaliyyətini yaradır.

Bədən tərbiyəsi və idmanın inkişafının uzun müddətli planlaşdırılması zamanı strategiyanın əhatə etdiyi dövrün tələblərinə uyğun olan regional maliyyə siyasəti formalaşdırılmalıdır. Strategiyanın həyata keçirilməsi aşağıdakı əsas mənbələrdən maliyyələşdirilir:



  • Dövlət büdcəsindən bu sahəyə ayrılan birbaşa və dolayı maliyyə vəsaitləri;

  • Müxtəlif dövlət və qeyri-dövlət fondlarının vəsaitləri;

  • İdman lotoreyasının keçirilməsindən əldə olunan gəlirlər;

  • Bədən tərbiyəsi və idmanın Milli fondu;

  • Həmkarlar ittifaqları və digər ictimai təşkilatların ayırdıqları vəsaitlər;

  • Ayrı-ayrı şirkətlər istehsalat müəssisələri, fermer təsərrüfatları və digər bu kimi təşkilatların ayırmalarından daxil olan vəsaitlər;

  • Hüquqi və fiziki şəxslərin idmana sponsorluq fəaliyyətindən;

  • Bədən tərbiyəsi və idman təşkilatlarının özlərinin kommersiya fəaliyyətlərindən əldə etdikləri vəsaitlər:

Milli Strategiyanın maliyyələşdirilməsinə cəlb olunmuş maliyyə vəsaitləri əsasən aşağıdakı istiqamətlər üzrə istifadə olunmalıdır:

  • Bədən tərbiyəsi və idmanın infrastrukturunun genişləndirilməsinə;

  • İdmanın maddi-texniki bazasının inkişaf etdirilməsi və möhkəmləndirilməsinə;

  • Uşaq və yeniyetmələrin idmanla məşğulluğa cəlb olunmaları və idmanda qalmalarının təmin olunmasına;

  • İdman sənayesinin inkişaf etdirilməsinə;

  • Yerlərdə daha çox sayda təlim-idman qurğularının tikintisinə;

  • İdman qurğularının spesifik idman avadanlıqları, ləvazimatları, texniki vəsaitlər və digər tələb olunan materiallarla təchizatına;

  • İxtisaslaşdırılmış uşaq-idman məktəblərinin, Olimpiya hazırlığı mərkəzlərinin yaradılması və fəaliyyətlərinin təşkilinə;

  • Yüksək dərəcəli idmançıların hazırlanmasına;

  • İmkansız yaxud az imkanlı ailələrdən idmana cəlb olunmuş uşaqların tam təminata götürülmələrinə;

  • Kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili və keçirilməsinə;

  • Məhəlli idmanın inkişafına;

  • Sağlamlıq imkanları məhdud olan insanlar arasında bədən tərbiyəsi və idmanişlərinin təşkilinə;

  • Milli yığma komandaların beynəlxalq yarışlara hazırlığı və iştirakına.

Azərbaycan Respublikasında il ərzində bədən tərbiyəsi və idman hərəkatına bütövlükdə 100-110 milyon manat çərçivəsində maliyyə vəsaiti ayrılır və istifadə olunur.

Eyni zamanda Dövlət büdcəsindən ölkədə bədən tərbiyəsi və idmanın infrastrukturunun inkişafına (idman qurğularının inşasına, əsaslı təmir və təmir işlərinə) hər il 100-110 milyon manat həcmində kapital qoyuluşu müəyyən edilir.

Bunlardan əlavə digər qeyri-dövlət, ictimai təşkilatlar və özəl qurumların bədən tərbiyəsi və idmanın inkişafına ayırdıqları maliyyə vəsaitinin həcmi il ərzində təxminən 5-10 milyon manat təşkil edir.

Beləliklə, il ərzində ölkədə bədən tərbiyəsi və idman hərəkatına, kapital qoyuluşu da nəzərə alınmaqla – 200-225 milyon manat vəsait ayrılır.

Müqayisə üçün qeyd etmək lazımdır ki, bu rəqəm İngiltərədə bir ildə 2 milyard funt sterlinqdən artıq, Rusiya Federasiyasında isə 3 milyard rubla yaxındır.

Bilavasitə bədən tərbiyəsi və idmanın inkişafına sərf edilən maliyyə vəsaitinin ümumi həcmi isə yuxarıda qeyd edildiyi kimi 100-110 milyon manat təşkil edir. Bu da bədən tərbiyəsi və idmanla məşğul olanların isə (1.660.391 nəfər) hər bir nəfərinə il ərzində 63 manat düşməsi deməkdir. Müqayisə üçün qeyd edilirki, bu göstərici İngiltərədə adambaşına – 329 funt (398 manat) təşkil edir. Bu göstəricilər ölkədə bədən tərbiyəsi və idman sahəsinə ayrılan maliyyə vəsaitinin bədən tərbiyəsi və idmanla məşğul olanların sayına nisbətdə az olduğunu bir daha parlaq şəkildə nümayiş etdirir.

Bədən tərbiyəsi və idmanın inkişafının maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün Milli Strategiyanın əhatə etdiyi müddət ərzində aşağıdakı məsələlərin həlli və icrası tələb olunur:


  • Bədən tərbiyəsi və idman sahəsində aparılmış monitorinqlər nəticəsində əhalinin müəyyən edilmiş həyat səviyyəsi və keyfiyyətini nəzərə alan, vahid minimal dövlət sosial və büdcə standartlarının hazırlanması;

  • Bədən tərbiyəsi və idmanla məşğulluq üzrə ölkədə adambaşına düşən maliyyə normalarının müasir tələblərə uyğun müəyyənləşdirilməsi;

  • Hər il bədən tərbiyəsi və idmanın inkişafına dövlət büdcəsindən ayrılan vəsaitin, eləcədə digər qurumların bu sahəyə yönətdikləri vəsaitlərin həcmlərinin yuxarıda qeyd edilmiş amillər nəzərə alınmaqla qanunauyğun qaydada artırılması;

  • Uşaq-gənclər idmanının vəziyyətinin yaxşılaşdırılması, inkişafı və perspektivli ehtiyat qüvvəsinin hazırlanmasının təmin edilməsi üçün bu sahəyə tələb olunan maliyyə vəsaitinin həcminin müəyyənləşdirilməsi və dövlət büdcəsində ayrıca olaraq nəzərdə tutulması;

  • Təhsil müəssisələrində bədən tərbiyəsi və idmanın maddi-texniki bazasını maliyyələşdirən və inkişaf etdirən maddələr üzrə xərclərin artırılması;

  • Uşaq-gənclər idmanının inkişafına maliyyə yardımı göstərilməsi istiqamətində insanın sağlamlığına zərər gətirən ərzaq və sənaye məhsulları istehsalı ilə məşğul olan müəssisələrin gəlirinin dövlət tərəfindən müəyyən edilmiş faizinin bu sahəyə yönəldilməsi;

  • Bədən tərbiyəsi və idmanın inkişafına daimi maliyyə dəstəyinin təmin edilməsi məqsədilə 5 mart 1995-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Prezidenti yanında İdman Fondunun fəaliyyətinin bərpası.

Beləliklə, 2020-ci ilə Azərbaycanda bədən tərbiyəsi idman sahəsinə ayrılan maliyyə vəsaitinin bütövlükdə bir ildə təxminən 350-500 milyon manata çatdırılması planlaşdırılır. Bu da öz növbəsində ölkədə bədən tərbiyəsi və idmanla məşğul olacaq hər bir nəfərin payına il ərzində 200-250 manat düşməsinə zəmin yaradır.
14. Milli Strategiyanın icrasına rəhbərlik,

koordinasiyası və nəzarət
Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiyanın icrasının təşkili, bu işlərə rəhbərlik və nəzarətin həyata keçirilməsi, bu sahəyə cəlb olunmuş bütün təşkilatların fəaliyyətlərinin koordinasiya edilməsi və tənzimlənməsi məqsədilə ən yüksək səviyyədə Koordinasiya Şurası yaradılır.

Koordinasiya Şurasının tərkibinə Milli Strategiyanın əhatə etdiyi sahələr üzrə müvafiq dövlət orqanlarının, nazirliklərin, komitələrin və ictimai təşkilatların rəhbərləri daxil edilir. Koordinasiya Şurası Milli Strategiyanın həyata keçirilməsi zamanı ortaya çıxan təkliflərə baxır, lazım gələrsə bu sahədə müəyyən dəyişikliklərin yaxud əlavələrin edilməsi haqqında qərar qəbul edir. Milli Strategiyanın icrasının hər ilin yekunlarına görə müzakirəsini keçirir, təşkilatların bu sahədəki fəaliyyətlərini qiymətləndirir.

Koordinasiya Şurası – ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində fəaliyyət göstərən bütün dövlət, ictimai və özəl təşkilatlarla birlikdə bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2013–2020-ci illəri əhatə edən Milli Strategiyanın və Dövlət Proqramlarının uğurla həyata keçirilməsini təmin edir.

Bu məqsədlə Koordinasiya Şurası tərəfindən baxılmış və təsdiq olunmuş xüsusi İcra mexanizmi sənədi hazırlanır.



Milli Strategiyanın bilavasitə icrası məhz qəbul olunmuş İcra mexanizminə uyğun olaraq həyata keçirilir.
15. Gözlənilən nəticələr
Dövlət orqanlarının, qeyri-hökümət və ictimai təşkilatların, özəl qurumların Milli Strategiyanın müəyyənləşdirdiyi istiqamətlər üzrə fəaliyyətlərinin təşkili və ayrı-ayrı dövrlərə planlaşdırılmış tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində ölkədə bədən tərbiyəsi və idman hərəkatında yeni mühit formalaşacaq və 8 illik müddətdə aşağıdakı strateji nəticələrə nail olunacaqdır:

  • Azərbaycan respublikasında bədən tərbiyəsi və idmanın kütləvi inkişafı təmin ediləcək. Bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunanların ümumi sayı əhalinin fəal yaş qruplarının ümumi sayına nisbətdə 25-30%-a, qızlar və qadınların arasında isə bu göstərici onların ümumi sayına nisbətdə 20-25%-ə çatdırılacaq;

  • Ölkə əhalisinin ayrı-ayrı təbəqələrinin və yaş qruplarının, xüsusilə qızlar və qadınların bədən tərbiyəsi və idmanla kütləvi surətdə məşğulluğa cəlb olunmaları istiqamətində əməli tədbirlər həyata keçiriləcək, onların bədən tərbiyəsi-sağlamlıq və idman obyektlərindən tələbatlarına uyğun istifadə edə bilmələrin imkan yaradılacaq;

  • Əməkçilərin fiziki sağlamlığı səviyyəsi yüksəldiləcək, onlar arasında xəstələnmə hallarının faizi xeyli aşağı salınacaq;

  • Uşaq və yeniyetmələrin, o cümlədən təhsil müəssisələrinin şagird və tələbələrinin, xüsusən qızların böyük əksəriyyəti bədən tərbiyəsi və idmanla məşğulluğa cəlb olunacaq;

  • Uşaq və yeniyetmələrin, sağlamlıq imkanları məhdud olan uşaqların və əlillərin bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün uşaq bağçalarında, uşaq evlərində, digər bu tipli müəssisələrdə tələb olunan hər cür şərait yaradılacaq, məhəlli idmanın inkişafına nail olunacaq;

  • Bədən tərbiyəsi və idman sahəsində ölkədə aparılan təbliğat və təşviqat işləri daha da genişləndiriləcək və müasir tələblər səviyyəsində qurulacaq, xüsusi olaraq idman jurnalistikası sahəsi yaradılacaq;

  • Sağlamlıq imkanları, əqli inkişafı məhdud olan insanlar və əlillərin bədən tərbiyəsi və idman, eləcədə adaptiv fiziki tərbiyə vasitəsilə reabilitasiyalarına və idmanda nailiyyətlər qazana bilmələrinə geniş imkan və şərait yaradılacaq;

  • Böyüməkdə olan gənc nəsil vətənin müdafiəsinə hazır olacaq, gənclərin fiziki hazırlıq səviyyəsi yüksəldiləcək, hərbi qüvvələrin sıraları çağırışçı-idmançı gənclərlə möhkəmləndiriləcək;

  • “Vətənin Müdafiəsinə Hazıram” bədən tərbiyəsi və idman kompleksi ölkədə gənclər arasında daha geniş formada tətbiq ediləcək. Kompleksin normativlərinin gənclər tərəfindən kütləvi surətdə ödənilməsi təmin olunacaq;

  • Güc orqanlarının hərbi hissələrinin şəxsi heyətlərinin fiziki hazırlıq səviyyəsi yüksəldiləcək. Hərbi hissələrdə “Hərbi-idman” kompleksinin bütün hərbiçilər və hərbi qulluqçular tərəfindən hər il yerinə yetirilməsi təmin ediləcək;

  • Ölkədə fəaliyyət göstərən bütün idman qurğularında əhaliyə pulsuz xidmət göstəriləcək;

  • Şəhər və rayonlarda prioritet sayılan və dayaq idman növləri kimi müəyyən edilmiş idman növləri üzrə tələb olunan sayda təlim-idman bazaları inşa ediləcək və fəaliyyət göstərəcək;

  • Təhsil müəssisələrinin bədən tərbiyəsi və idmanın inkişafı üzrə maddi-texniki bazaları möhkəmləndiriləcək və daima inkişaf etdiriləcək;

  • Bədən tərbiyəsi və idmanın infrastrukturu inkişaf etdiriləcək və maddi-texniki bazası möhkəmləndiriləcək, idman sənayesi inkişaf etdiriləcək;

  • Bədən tərbiyəsi və idmanın maliyyə təminatı ildən-ilə artırılacaq. Bu sahəyə ayrılan dövlət vəsaiti hər il müəyyən edilmiş faiz həcmində artırılaraq 2020-ci ildə 200-250 milyon manata çatdırılacaq;

  • Bədən tərbiyəsi və idman sahəsinə investisiya qoyuluşu üzrə fəaliyyət genişləndiriləcək;

  • Kadr məsələlərində yaranmış problemlər həll ediləcək. Bu sahə üzrə kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələri ölkədəki tələbatı nəzərə alacaq, mütəxəssislərin idman növləri üzrə hazırlığını və təyinatla işə göndərilməklərini təmin edəcəklər. Yüksək təsnifatlı məşqçi kadrlarının hazırlanması təmin ediləcək;

  • Bədən tərbiyəsi və idman hərəkatının idarə olunması sistemi müasir tələblər səviyyəsində formalaşdırılacaq və strukturu təkmilləşdiriləcək, regionlarda bu sahə üzrə fəaliyyət göstərən qurumların sayı artırılacaq. Bədən tərbiyəsi və idman hərəkatının təşkili və idarə olunmasında qeyri-hökümət orqanlarının, xüsusən bələdiyyələrin iştirakı daha da fəallaşdırılacaq;

  • Bədən tərbiyəsi və idmanın inkişafı elmi əsaslarla təşkil ediləcək. Bu sahədə yeni elmi tədqiqatlar aparılacaq, milli yığma komandalarda elmi kompleks qrupları fəaliyyət göstərəcək, ölkədə bədən tərbiyəsi və idman üzrə Elmi-tədqiqat institutu yaradılacaq;

  • Olimpiya idman növlərinin sayı artırılacaq, infrastrukturu və maddi-texniki bazası daha da inkişaf etdiriləcək və möhkəmləndiriləcək;

  • Peşəkar idmanın daha geniş inkişafı üçün hüquqi baza, imkan və şərait yaradılacaq;

  • Beynəlxalq idman aləmində Azərbaycan idmanının mövqeləri yüksələcək və möhkəmlənəcək;

  • Beynəlxalq yarışlarda, xüsusən Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında böyük nailiyyətlər əldə edə bilən, uğur qazanan yüksək səviyyəli idmançıların hazırlanmasının elmi cəhətdən əsaslandırılmış stabil sistemi yaradılacaq;

  • Azərbaycan idmanda fəal və uğurlu ölkəyə çevriləcək, Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı nəticələri daha da artacaq, Azərbaycan Dünya idmanında öz mövqelərini yaxşılaşdıracaq;

  • 2015-ci il I Avropa Oyunları və 2016-cı il Dünya Şahmat Olimpiyadası Azərbaycanda ən yüksək səviyyədə təşkil olunub keçiriləcəkdir;

  • Azərbaycan 2024-ci il Olimpiya Oyunlarına iddiaçı və sahib olacaq, 2024-ci il XXXIII Olimpiya və XVII Paralimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin dəstəklənməsi milli idman infrastrukturunu genişləndirəcək, idmanda davamlı varisliyi bərqərar edəcək, ölkədə iqtisadi və sosial məsələlərə güclü təsir göstərəcək.

Bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiyanın uğurlu icrasının ən yüksək nailiyyəti 2020-ci ilə kimi Azərbaycan Respublikasında insan potensialının inkişafı və möhkəmləndirilməsi, azərbaycan xalqının rifah halının və həyatının daha da yaxşılaşdırılması olacaqdır.



Yüklə 237,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə