Lecture 4 A. Afina. Siyasi və mədəni mühit



Yüklə 80,63 Kb.
Pdf görüntüsü
tarix07.12.2017
ölçüsü80,63 Kb.
#14138


Lecture 4

A.

 Afina. Siyasi və mədəni mühit 

İki başlıca elm-mədəniyyət mərkəzi (Kiçik Asiya sahilləri və İtaliyanın 

cənubu-Siciliya) kənarında olan yunan şəhərləri arasında Afina fərqlənməyə 

başlamışdı. [-6]-cı əsrin ortalarından başlayaraq Afinalıların Homeri 

öyrəndikləri, əzbərlədikləri məlumdur. [-6]-cı əsrdə Solon`un (t.“-634”-t.“-

559”) islahat və qanunları Afinanı demokratik yola salmağa başlamışdı. O, 

tanınmış şair idi. Persiya üzərində qələbə -Dara ilə Marafon (“-490”) və onun 

oğlu Kserks ilə əsasən dəniz savaşı (“-480/479”), bu savaşlarda yunan 

güclərinin təşkilatçısı və birincisi olan Afinanın nüfuzunu qeyri-adi dərəcədə 

artırmışdı. Böyük dövlət adamı və sərkərdə Perikles (“-495”-“-429) Afina 

yaxınlığında doğulmuş, təqribən 30 il Afina`nın rəhbəri olmuş, demokratiyanın

inkişafında mühüm rol oynamış (Platon və Aristotel bir qədər fərqli düşünür, 

Periklin hər şeyi siyasi uğur naminə etdiyini deyirdilər), kasıbların mənafeyini 

güdən qanunlar çıxarmış, mədəniyyətə himayəçilik etmişdir. Yaxşı təhsil 

almışdır (Elealı Zenon, tanınmış musiqiçi Damon ona dərs demiş, 

formalaşmasına təsir göstərmişlər). Tarixçilər “Perikl dövrü” ilə “Qızıl dövr” 

terminlərini çox zaman eyni mənada işlətmişlər. Tarixçilərdən Fukidid və 

Plutarx onun parlaq surətini yaratmışlar. 

Afina məhz Perikl dövründə geriqalmışlığı aradan qaldırdı və güclü inkişaf 

edib zəka mərkəzinə çevrildi. Sokrat Perikl dövründə tanınmağa başlamışdı. 

Persiya ilə son savaşda  və barışıq əldə edilməsində (“-449”) xüsusi rol 

oynamış, “-461”-ci ildə Afina`nın liderliyinə yüksələ bilmiş, Peloponnes 

savaşının (“-431”-“-404”) başlanğıcında da liderlik etmişdir. Perikl Elealı 

filosoflar Protaqoras və Zenon`la, Sofokl və Feidias`la (Fidi ilə), musiqiçi 

Damon və digər zəka və sənət adamları ilə yaxınlıq etmiş, lakin ən çox 

Anaksaqoras`ın təsiri altında olmuşdur. “Biz həm müasirlərimiz, həm də 

sonrakı nəsillər üçün heyrət mövzusuna/obyektinə çevriləcəyik” (Perikl). 

Afinalı sərkərdə Alkibidias`la Afinanın qarşıdurması Afinalıların vəziyyətini 

ağırlaşdırmışdı. Afinanı rəqib bilən Persiya Spartaya kömək etdi. Afinada 

Spartanın təsirində olan 30-lar hakimiyyəti və onun terroru vəziyyəti 

qarışdırmışdı. Sonra yenidən demokratiyanın gəldi, qisasçılıq (Sokrat da bunun

qurbanı oldu) hissləri də artdı. Peloponnes savaşında Afina Spartaya məğlub 

oldu, lakin zəka və sənət baxımından öz liderliyini əldən vermədi.

Azad şəhər-dövlətlər, onların demokratik idarəetmə adət-ənənəsi elm və 

fəlsəfənin inkişafı üçün münbit mühit oldu. Qarşıdakı insanlarla açıq dialoq və 

mübahisə imkanı, xalq toplantıları və məhkəmələrdə sözlə inandırmaq 




ehtiyacı,natiqlərin yarışı (Aristotel “Ritorika” kitabını bu işə kömək üçün 

yazmışdı) siyasətlə məşğul olmadan maraqlı yaşamağa imkan verir, həvəs 

yaradırdı. Vətəndaşlarıən azad olması ilə yanaşı qul əməyindən istifadə elm və 

fəlsəfə üçün sərbəst vaxt əldə etmək məsələsinə kömək edirdi. Əlbəttə ki, hay-

küyçülər, qabiliyyəti ilə düz gəlməyən dərəcədə irəli çıxmaq ehtirasına 

qapılanlar, intiqam almaq istəyənlər dədemokratik quruluşdan öz məqsədləri 

üçün istifadə etməyə çalışırdılar. Bu barədə Sokrates`in sözünü yada salmaq 

yerinə düşür: “yaxşı olardı ki, başqalarının ağzını bağlamayasınız və özünüz də

yaxşı olasınız”. 

Delos birliyi (Yunan şəhərləri ya savaşda iştirak etməli, ya maddi kömək 

etməlidirlər) və Afina donanmasının güclənməsi! Mühüm qərarları, o 

cümlədən məhkəmə qərarlarını qəbul edən seçkili (püşk ilə, maksimum 2 dəfə)

500-lər Məclisi (seçkidə bütün xalq-30 yaşdan böyük kişilər iştirak edə bilirdi; 

qadınlar və qullar vətəndaş sayılmırdılar). Demokratiya dövründə kübarların 

gücü azalmışdı. [-4]-cü əsrin birinci yarısında yunan şəhər-dövlətləri bir-biri ilə

vuruşub əldən düşmüş durumda ikən Makedoniya güclənməkdə idi. 

Afina yunanların mədəni mərkəzinə çevrilirdi. Esxil “Perslər” faciəsində 

Daranın məğlubiyyətini təsvir etmişdi. Perikl zamanı yanğına uğramış 

Akropol`un bərpası başa çatdırıldı, böyük heykəltəraş Fidi fəaliyyətdə idi. 

Sofokl`un faciə-dramları, Evripid`in bədbin-skeptik faciələri (Yunanıstanın iç 

savaş dövrü), onun müasiri Aristofan`ın komediya-dramları (o cümlədən 

Sokratı günahlandırması) populyar idi.

Kiçik Asiya, Halikarnas/Caria (indiki Bodrum, Türkiyə) doğumlu Herodotus 

(“-484”-“-425”) - “Tarixin atası”, bəzilərinə görə həm də “Tarixin yalançısı” – 

Voltair`ə görə hər ikisi - Doriya tayfalarından olsa da, “Tarixlər”ini ən mədəni 

dil sayılan İonia ləhcəsində yazmışdı. O, çox güman ki, siyasi səbəb üzündən 

yetkin çağında (?”-447”) vətəni tərk edib Afinaya getmiş (Perikl dövründə), bir

neçə ildə sonra isə Magna Graecia`ya, Furiuma getmişdi, başqa sözlə desək, 

hər üç Yunan elm və hikmət yurdunda yaşamışdı.

B.

 Anaksaqor 

Anaksaqor (“-500”-“-428”) Klazomanai`də (indiki , Türkiyə) doğulmuş, gənc 

yaşında (20?) İonia`nı tərk edib Afinaya gələn ilk filosof sayılır. Afina yunan 

dünyasının siyasi-iqtisadi və mədəni mərkəzinə çevrilməkdə idi. O, Perikl`in 

müəllimi və yaxın dostu oldu. Əvvəlki bir çox filosoflardan, o cümlədən 

Parmenides və Empedokles`dən fərqli olaraq sadə nəsr şəklində yazmış, ondan 

da fraqmentlər qalmışdır (Simplikios).




Anaksaqor kainatın efir (aether) adlı daima dövretmədə olan gözəgörünməz 

maddə ilə dolu olduğunu və “qırmızı qaynar daşlar”dan ibarət olan səma 

cisimlərinin məhz efir vasitəsilə dövr etmə hərəkətində olduğunu irəli 

sürmüşdü. Heç nədən heç nə doğmur və heç nə yox olmur, “sadəcə mövcud 

şeylərin qarışması və ayrılması var”. Anaksaqoras, beləliklə, yaranma və 

dəyişməni inkar etmir. Anaksaqor təbiətdə böyük müxtəlifliyin olduğunu 

deyirdi, hər şey özü təməldir, o nə qədər dəyişsə də, sonsuz bölünsə də, 

təbiətini dəyişdirmir, “hər şeyin hər şeydə bir parçası var”. Beləliklə, 

Empedokles`də olduğundan fərqli olaraq dörd təməl ünsür deyil, sonsuz təməl 

ünsür var; heç nə saf deyil, başlanğıcdan hər şey qarışıqdır, bölünməyən şey 

yoxdur, “daima bir daha kiçik vardır, çünki varolanın bölmə yoluyla varlıqdan 

kəsilməsi imkansızdır”. 

Anaksaqora görə ulduzlar və yeri təşkil edən maddələr eynidir. Göy cisimləri 

də ağır maddələrdən, məsələn daş və dəmirdən ibarətdir, onlarda ilahi heç nə 

yoxdur. Bu cisimlərin öz ağırlıqları nəticəsində yerə düşməmələrinin səbəbi 

onların yerin ətrafında dövr etmələridir (bu, əslində, mərkəzdənqaçma 

qüvvələri haqqında fikir idi). Günəş, Ay və ulduzlar Yerdən qopan daşlardır, 

sürətli hərəkət nəticəsində közərmiş şəkildədirlər (sürət qüvvə yaradır). 

Anaksaqor cisimlərin hər cür dəyişməsini gözəgörünməz kiçik zərrəciklərin 

birləşməsi və ya ayrılması ilə izah edirdi. Kainat bir dəfə ilkin halda doğulub. 

Müəyyən ağıl və ya dərrakənin təsiri nəticəsində ilkin halın, qarışıq maddənin 

bir yerində güclü fırlanma hərəkəti başlamış və bu hərəkət get-gedə böyümüş, 

nəticədə ilkin qarışıq maddə tərkib hissələrinə (birinci növbədə hava və oda) 

ayrılmışdır.

Anaksaqoras “Nus”dan, yəni Zəkanın/Ağlın/Zehnin (Nous/Mind) aparıcı 

gücündən bəhs etmişdi, “o hər şeyin bilgisinə və qüdrətə sahibdir”; qarışıqlığı 

düzəldən, Xaosu Kosmosa keçirən Nus`dur. “Nus mövcud şeylər arasında 

onların ən incəsi və ən safıdır”, yeganə saf olan şeydir, əks halda “onlar 

üzərində heç bir gücə sahib olmazdı”.Nus başlanğıcda hər şeyi hərəkətə 

gətirmiş, hava mərkəzə, daha incə şey olan efir isə havanın ətrafına yığılmışdır.

Bir-birinə zidd olan xassələr bir-birindən ayrılmış (sıx-seyrək, isti-soyuq, quru-

yaş, işıq-qaranlıq), sıx, yaş, soyuq və qaranlıq olanlar indi dünyanın (Yer`in) 

olduğu yerə, əks xassədə olanlar isə efirə tərəf yığışmışlar. Daşlar sanki 

mərkəzdənqaçma qüvvəsi nəticəsində uzaqlaşmış, qızmış, səma cisimlərinə 

çevrilmişlər. Bizim dünyamıza bənzər digər dünyaların mövcudluğu 

mümkündür. Boşluq yoxdur. O, Ay`ın öz işığını Günəşdən aldığını deyirdi, 

yəni Ayın işığı Günəş şüalarının onun səthindən əks edilməsi ilə bağlıdır. 

Mümkündür ki, Ayda canlılar yaşayır. O, Günəş və Ay tutulmalarını izah edə 

bilirmiş (?). Anaksaqoras da əvvəlki İoniya filosofları kimi yaradılış və 

təşəkkülü fiziki-mexaniki yolla izah edir.




Anaksaqorasa müasirləri Nus ləqəbi vermişdilər (Plutarx. Periklin həyatı). 

Anaksaqoras Empedokles`in əksinə duyğunun (bənzərliklər deyil) ziddiyyətlər 

əsasında ortaya çıxdığını vurğulayır. Gecə görə bilməməyimizin səbəbi həm 

göz bəbəyimizin, həm də gecənin qaralığıdır. 

Öz fikirləri ilə sağlam düşüncəyə meydan oxuduğuna görə (məsələn, Günəş 

allah deyil, daş parçasıdır; meteoritlər Günəşdən qopan parçalardır) Periklin 

düşmənləri Anaksaqorası dinsizlikdə və mümkündür ki, Perspərəstlikdə 

(medeizm) suçlamışdılar (“-450” ətrafında). Bir qədər həbsdə yatan 

Anaksaqoras orada sahəsi dairənin sahəsinə bərabər olan kvadrat qurmaq 

məsələsi (x² = πR²) üzərində düşünürmüş (Plutarx). Bu doğrudursa, yunanların 

praktik deyil, tam nəzəri xarakterə malik bir riyazi məsələ ilə maraqlandıqları 

ortaya çıxır; bu yeni və çox mühüm addım idi. Bu, Antik dünyanın üç məşhur 

qurma məsələsindən biri (zamanca ilki) sayılır. Perikl Anaksaqorasın təqribən 

30 il yaşadığı Afinadan Lampsakusa (Hellespont, Kiçik Asiya sahillərinin 

şimalı, indiki Çanakkale yanı) qaçmasına kömək etmişdi. (Anaksaqor ölümə 

məhkum edilmişdi. Perikl`in sayəsində ölüm cəzası həmişəlik Afinanı tərk 

etməklə əvəz olunmuşdu?). Anaksaqoras orada öz məktəbini açmış və 

ömrünün sonuna kimi onu idarə etmişdi. “Vətəni ilə niyə çox maraqlanmır?” 

sualına göyü göstərib onun vətəni olduğunu, qürbətdə ölmənin talesizliyindən 

söhbət düşəndə isə o dünyaya gedən yolların hər yanda eyni olduğunu 

deyibmiş. Lampsakuslular aqorada, bazar məhəlləsində onun heykəlini 

qoymuşdular. Bu böyük filosofun xatirəsi Lampsakuslular tərəfindən əziz 

tutulur, ölümündən keçən illər uzun müddət mərasimlərlə (məktəb uşaqlarına 

tətil və əylənmə günü olaraq) yada salınırdı. Anaksaqorasla Milet-İoniya-Kiçik

Asiya məktəbi bitir, Afina fəlsəfə məktəbi başlayır. Perikl Anaksaqorası xilas 

etdi, Sokratesi isə xilas edən lider olmayacaqdı...Anaksaqoras`ın öldüyü il 

Platon dünyaya gəldi...

Sokratesə görə Anaksaqoras hadisələrin ancaq necə baş verməsi haqqında 

danışır, niyə sualına isə cavab vermir, hər şeyə qadir saydığı Ağlı (“Nus”u) 

əslində işə qarışdırmır, hava, efir və su kimi qəribə şeylərdən danışır, insandan,

onun məsuliyyətindən söhbət açmır (Plato. Phaedo). Bu məsələdə Sofistlərlə 

Sokrates`in fikirləri oxşardır. 



C.

 Sofistlər. Protoqoras

Sofistlər və Sokrates dövrünü yunan maarifçiliyi və ya aydınlanma dövrü 

sayanlar var (b.e.ə. 5-ci əsr). Bu dövr təbiətə maraq yerində qalmaqla(?) insana

(əxlaqa, dinə, siyasətə, mədəniyyətə,...) marağın kəskin artması baş verdi 

(Avropada 17-ci əsrdən sonra gələn 18-ci əsr kimi). İnsan sanki əvvəlcə 

ətrafını, sonra özünü anlamağa çalışır. Bu dövrdə təbiət fəlsəfəsinin gücünün, 

imkanlarının tükəndiyi də deyilir; bir-birinə uyğun gəlməyən və bir-birinə zidd 




olan izahlar, öz növbəsində, şübhəçiliyi artırırdı. Sofistlər haqqında məlumat 

əsasən sonra gələn filosofların əsərlərindəki alıntılardan ibarətdir, onların 

günümüzə gəlib çıxmış ciddi yazıları yox dərəcəsindədir. Sofistlər təbii insan 

haqları görüşünü meydana çıxarmış və onu müdafiə edirdilər. Sofistlər və 

onların tənqidi (Protaqorasa hörməti istisna etməklə) Sokrates və Platon, 

müəyyən dərəcədə də Aristotel fəlsəfəsinə ideya verdilər, - belə demək 

mümkündür. Sofistlər məktəb açmamışdılar, onlar fərdi dərs verirdilər.

Sofistlər insani ehtiyacları müzakirə edirdilər (maarifçilik!). Bilik və sənətin 

önəmini, faydasını (mücərrəd olmadığını) göstərməyə, vətəndaş yetişdirməyə 

çalışırdılar (Aristotel “bilmək üçün bilmək” deyəcəkdi). Sofistlər Yunanıstanı 

gəzib-dolaşır, maraqlananlara (üstəlik dərs üçün pul verə bilənlərə) dərs 

verirdilər. Gənclər arasında sofistlərə böyük maraq vardı, onlar sofistlərin 

köməyilə öyrənmək, mübahisə etmək qabiliyyətini gücləndirmək istəyirdilər. 

Sofistlər sanki öz fikirlərini müdafiə etməklə məşğul olmur (filosofların əksinə 

olaraq), həqiqəti aşkar etmək məqsədi güdür, bu yolu öyrətməyə çalışırdılar; 

bu, mənəviyyat fəlsəfəsi ilə bəzən (çox zaman?!) düz gəlmirdi. Sofistlər 

insanları fəzilətli olmağa çağırmırdılar. Platon kimi filosoflar bu səbəbə görə 

də (əsas?!) sofistləri sevmirdilər (yumşaq desək). Fəlsəfi doktrina tam səmimi 

olmağa imkan vermir (?!)  

Protaqoras (“-490/480”-?“-420”) Demokrites`in həmyerlisidir, Abdera 

doğumludur (məşhur filosoflardan sanki yalnız Platon Afina doğumludur). 

Afinaya dəfələrlə (azı iki dəfə?!) gəlib-getmiş, Herodot, Sokrates, Perikl kimi 

ünlülərlə tanış olmuş, Periklin bir layihəsində iştirak etmişdir. Afinadan canını 

qurtarmaq üçün qaçdığı güman olunur (tanrısızlıqda günahlandırılırdı).  

Protaqoras “insan hər şeyin ölçüsüdür” (əslində “bütün şeylərin ölçüsü 

insandır”), “üşüyən üçün külək soyuq, üşüməyən üçün soyuq deyildir”, yəni 

vacib olan duyğudur və fərqli insanların eyni şey haqqında duyğuları fərqli ola 

bilir və ya bir insanın eyni şey haqqında duyğuları fərqli zamanlarda fərqli ola 

bilir) deyirdi. Platon isə duyğulara güvənmək olmaz, bilgi ağılla qavranılan 

şeylərdən – İdeyalar`dan ibarətdir deyəcəkdi. Protaqoras həmçinin “hər şey 

haqqında bir-birinə zidd olan iki fikir söyləmək mümkündür və hər ikisi doğru 

ola bilər” deyirdi. Protaqoras tanrılar haqqında əsərində tanrıların varlığı, 

yoxluğu, təbiətləri haqqında bilgi almağın mümkünsüzlüyünü (məsələ qeyri-

müəyyəndir və insan ömrü qısadır!) deməsi (“Tanrılar haqqında”) ona 

hücumlara yol açdı. O, Afinadan qaçmalı olmuş və deyilənə görə, bir versiyaya

görə qaçarkən dənizdə batmışdı.

Platon isə “Bütün şeylərin ölçüsü Tanrıdır” deyəcəkdi (“Qanunlar”). Platonun 

mühüm dialoqlarından biri “Protaqoras” adlanır, onun “Qorqias” (digər məşhur

sofist) adlı dialoqu da var. Protaqoras və Qorqias kimi sofistlərin (ödənişli) 




dərsləri Afinada (və digər şəhərlərdə!) çox populyar olub. Sofistlər insanın 

insan olması üçün bir ümumi dərsə-həyat dərsinə, siyasət dərsinə ehtiyacı 

olduğunu vurğulayırdılar; insanlar bunu öyrənə bilərlər (Aristotel: insan siyasi 

canlıdır/politikon zoon). Sofistlər şeir əvəzinə natiqliyi, xitabəti/ritorikanı və 

beləliklə, gözəl nəsri dəbə mindirdilər. Aristofanes, Platon və qismən də 

Aristoteles sofistləri mənfi/pis cəhətdən təsvir etmiş, bir çox hallarda gülünc 

vəziyyətə salmışlar (başlanğıcda müdrik, bilgin və ya bilgin müəllim mənası 

verən sofist kəlməsi tənqidlər və lağlar nəticəsində mənfi çalar almışdır). Onlar

sofistlərin pul alıb dərs vermələrini xüsusilə tənqid atəşinə tutmuşdular. 

G.H.Lewes`ə görə “Sokrates`in Aristofanes tərəfindən gülünc hala salınması 

nə qədər gerçəyə yaxınsa, Platon`un sofistləri təhrif etməsi də o qədər gerçəyə 

yaxındır. Yalnız bu fərqlə ki, birincisinin səbəbi siyasidir, ikincisi isə fəlsəfi bir 

kinin nəticəsidir” 

(

Friedrich Albert Lange. Materializmin tarixi və günümüzdəki 



anlamının eleştirisi. 1-ci cild, Sosyal yayınlar, 1998; səh. 57)

Sofistlər müəyyən düşüncə və həyat tərzi olan, onu təbliğ edən bilikli insanlar 



idi (bu, onların ortaq tərəfidir, konkret görüşləri isə bir-birindən fərqli idi). 

Afinada kök salan demokratiya, vətəndaş cəmiyyəti, bu yeni həyat sofistləri 

yetişdirdi demək mümkündür. Protaqoras`ın “insan hər şeyin ölçüsüdür” 

prinsipi fərdlərin yaradıcı və islahatçı ruhlarına mane olan ənənələri aşmağa 

kömək edə bilirdi. Lakin bu prinsip həm də “güclü haqlıdır” kimi təhlükəli 

yola da işıq saçır. 



Qorqias`ın (?“-480”-?“-380”) cənubi İtaliyada doğulduğu deyilir, 

Empedokles`in tələbəsi olub. Siciliyada Ritorika üzrə məşhurlaşıb (ritorikanı 

/xitabəti Empedokles icad edib, Qorqiasa öyrədib, Qorqias da Afinaya satıb. 

Aristotel), Afinada az olub. O, varlıq, düşüncə/idrak və ünsiyyət məsələlərinin 

mürəkkəb olduğunu göstərən məntiqi aforizmlərin (paradoksların?) müəllifidir.

Qorqias`a görə bir şey var olub bir şəxs tərəfindən bilinsə belə, onu başqasına 

anlatmaq çətindir; heç bir şey yoxdur, olsa onu dərk etmək, anlamaq olmur, 

anlayanda onu başqasına anlatmaq olmur. Bəlkə də, xitabət fəlsəfədən 

faydalıdır demək istəmişdir. Sofistlər fəlsəfədən daha çox yaşamaq prinsipləri, 

xitabət, siyasətlə maraqlanır, insanlara bunları öyrətməyə çalışırdılar.

Sofist təlimini  sistemli bir fəlsəfi məktəb saymaq bəlkə də doğru deyil. İlk 

sofistlərdən fərqli olaraq sonrakılar, mümkündür ki, Afinanın pozulan 

mühitindən və digər amillərdən təsirlənib ölçüsüz, dağıdıcı, hətta əxlaqsız 

fikirlər irəli sürürdülər. Sonrakı sofistlər “tanrılar bic insanların uydurmasıdır” 

fikrini ortaya atdılar. Onlar, gərək ki, yunan fəlsəfəsəsində ilk dəfə, dünyada 

şərin varlığını tanrıların varlığı və ya tanrıların insanların işinə qarışması 

ideyalarını inkar etmək üçün istifadə etdilər. İlk sofistlərin dövlət, cəmiyyət 

içində insan təlimi sonrakılarda dövlət və cəmiyyət əleyhinə təlim ilə əvəz 

olunmuşdu. Onlar təbiət etibarilə, bu səbəbdən ümumiyyətlə, insanların 



bərabərliyi, insan təbiətinin, təbiətdən doğan fikir və hərəkətlərin qanunlardan 

üstünlüyünü (yunan, ya qeyri-yunan; azad insan, ya qul) irəli sürürdülər. 

Əslində, bu, mürəkkəb məsələdir, təbiəti etibarilə insanlar müqayisədə daha 

güclü, daha ağıllı,..ola bilir, fərqli iş görüb fərqli haqlar istəyə bilərlər 

(Nietzsche!). Digər tərəfdən Herodot`un tarixi də müxtəlif xalqların fərqli adət,

mədəniyyət və dövlətçiliyinin  varlığını, yunan dəyər və qanunlarının universal

olmadığını göstərirdi. Sofistlər ümumi cəmiyyətə xas olan dəyərləri, o 

cümlədən tanrıları, qanunları yox sayır, hər fərdin öz həqiqəti var deyirdilər. 

Sofistlərin Tanrıları tanımaması, qanunlar və dövlət əleyhinə fikirlərini Platon 

kəskin tənqid edir, onları pozuculuqda günahlandırırdı. Bu, sonda, böyük 

ehtimalla, gücün doğruluğuna, gücün hakimiyyətinə gətirib çıxarmalıdır.

Elis`li (Pelopennes yarımadasının şimal-qərbi tərəfdə bölgə) Hippias əsasən “-5”-ci 

əsrin ikinci yarısında yaşamış (o, Sokrates öldürüləndə sağ imiş), deyilənə görə çox 

uzun ömür sürmüş məşhur sofistdir. Sokrates`in müasiri, Protoqarısın gənc müasiri 

olub. Çox geniş bilik sahibi olan Hippias Yunanıstanı gəzə-gəzə (əsasən Afinada 

yaşayırdı) nitqlər söyləmiş, hesab, həndəsə, astronomiya, musiqi, siyasət, poeziya, 

ədəbiyyat və qramatika, arxeologiya, natiqlik, incəsənət sahələrində dərs demiş, 

diplomat kimi də fəaliyyət göstərmiş (müxtəlif yerlərdə, xüsusilə Sparta`da Afinanı 

təmsil etmiş), şöhrət qazanmışdır. Onun haqqında məlumatların bəziləri birtərəfli, 

digərləri dumanlıdır. Platon (“Hippias minor” və “Hippias major” adlı dialoqlarında) 

Hippiası özündən razı, lovğa, çox bilən, amma bilikləri səthi olan bir sofist kimi 

təqdim edir, onu gülünc vəziyyətə salır. Hippias qeyri-adi yaddaşa malikmiş, 

çoxbilginliyini bununla da izah edirlər. Hippias tarixdə, əsasən, ona aid edilən bir 

riyazi kəşfə görə qalıb –belə demək mümkündür. O, üç məşhur məsələdən biri olan 

bucağı üç bərabər hissəyə bölmək məsələsini həll etməyə çalışıb. Hippias`a aid edilən 

ideyalardan biri də kainatın təməlinin oddan ibarət olmasıdır. 

1.Ivor Bulmar-Thomas. 

"Hippias of Elis." Complete Dictionary of Scientific Biography. 2008. 

http://www.encyclopedia.com/doc/1G2-2830902010.html. 2. O'Connor, John J.; Robertson, 

Edmund F., "Hippias", MacTutor History of Mathematics Archive, University of St Andrews

 .

Sofistlər bir tərəfdən, natiqlik sənəti (ritorika) digər tərəfdən fikir irəli sürüb 



onu deduktiv yolla isbat etmək məharətini populyarlaşdırdı və inkişaf etdirdi. 

Bu, zənnimcə, riyazi təklifləri də ilkin şərtlərdən (aksiomlardan) deduktiv yolla

almaq, yəni isbat olunacaq faktı-teoremi dürüst ifadə etmək və bu ifadə 

olunmuşu doğru qəbul edilmiş faktların köməyi və silloqizmlərlə sübuta 

yetirmək mədəniyyətinin formalaşmasına gətirib çıxardı (və yəqin ki, öz 

növbəsində riyazi mühakimələr də sofistlərin deduktiv mülahizə sisteminə təsir




etmişdi). Rasionallaşan düşüncə mifləri də dünyanın, kainatın təbiəti, əmələ 

gəlməsi kimi məsələlər istiqamətində rasionallaşdırmağa çalışdı, əsas 

elementləri (su, hava, daha mücərrəd apeyron,...) və qüvvələri anlamaq və 

ifadə etmək yolunu işıqlandırdı. Demokratik quruluş açıq müzakirələri təşviq 

etdi, güclü məntiq və gözəl ifadə tərzi öz daşıyıcısını yaşatdı və şöhrətləndirdi. 

İdman yarışları (olimpiadalar) ilə yanaşı natiqlik yarışı, söz və fikir yarışı geniş

yayıldı. Sofistlərin fəaliyyətinin mühüm bir tərəfi də dil təhlilinin güclənməsi 

idi.


D.

 Sokrates

5-ci əsrin sonlarına yaxın Afinanın (və müttəfiqlərinin) Peloponnes savaşında 

(“-431”-“-404”) məğlub olması və bir çox sahələrdə (iqtisadi, siyasi, əxlaqi,...) 

başlanan böhran, aristokratlarla demokratlar arasındakı barışmazlıq və nifrət 

deyəsən sofistlərə və Sokratesə qarşı hirs və kinin artmasına səbəblərdən biri 

olub.


Afinalı Sokrates (?”-470/69”-“-399”), sofistlərə etirazla (sofistlər öyrətmə 

maskası, görüntüsü altında pul qazanmaq ehtirası naminə ova 

çıxanlardır...Platon: “Sofist”) və sofistlərin davamı olaraq meydana girmiş, 

xalq və əxlaq fəlsəfəsinin zirvəsi, şifahi müdrikliyin təcəssümü, filosofcasına 

həyat sürmüş və dünyadan filosof  ölümü ilə getmiş gerçək, amma 

əfsanələşmiş bir şəxsdir. O, savaşlarda göstərdiyi hünər, həyatda ədaləti 

qoruyan cəsur hərəkətləri və əlbəttə ki, filosofluğu ilə zamanının ən populyar 

insanı olmuşdur. Görünüş cəhətdən çirkin, davranışlarında ölçülü, çox dözümlü

olmuş, çox sadə geyinər, ayaqyalın gəzərmiş, iki dəfə evlənmiş, üç oğul atası 

olub. Tələbəsi Platon`a məxsus bir çox əsərlərin baş qəhrəmanıdır; digər 

tələbəsi, tarixçi və hərbçi Ksenofon (t.”-430”-“-354”) da Sokrata aid dialoqlar 

yazmışdır. Aristofan öz “Buludlar” komediyasında Sokratın xoşagəlməz, 

gülünc surətini yaratmışdır (Platonun “Ziyafət” dialoqunda Sokrat və 

Aristofanın bir məclisdə yan-yanaşı mehribanca iştirakı və söhbətləri təsvir 

olunur).

Sokratesin gücü ağıl və səmimiliyin vəhdətindədir, sual-cavab ustalığındadır. 

Platon onun özünə qapandığı, ətrafa fikir vermədən uzun müddət bir yerdə 

dayanıb düşündüyü səhnələri təsvir etmişdir.  

Platon “Apologiya”sında (Sokratın məhkəmədə özünü müdafiə çıxışı haqqında

məşhur əsərində) bir əhvalatı yada salır. Delfoi/Delphoi kahininin “yunanlar 

içində ən müdrik şəxs Sokratesdir” fikri, rəvayətə görə Sokratesi 

təəccübləndirmiş və o, müdrik insanları tapmaq üçün tanınmış dövlət adamları,

şairlər, müxtəlif sənət sahibləri ilə söhbətə girişmiş, onlarla humanitar 

məsələlər ətrafında müzakirələr apamışdır (Delfoi məbədi üzərində insana 

müraciətlə “özünü dərk et” yazılıbmış). Onun gəldiyi nəticə gözlənilməz olub: 



insanlar bildiklərini sanır, lakin bilmirlər. Və Sokrat bunu həmin adamların 

üzünə demiş, öz dediyi kimi onların nifrətini qazanmışdı. Sokrates`in onlardan 

fərqi heç nə bilmədiyini dərk etməsiymiş. “Bir şey bilirəmsə, o da heç nə 

bilmədiyimdir”. Amma bilik əldə oluna biləndir. Bilik insanın fəzilətli 

olmasına kömək edir. Tək müdrik olan isə Tanrıdır. 

Sokratesin təlimi bilgisizlik, şübhəçilik və əxlaqi dəyərləri əldə tutaraq dialoq 

aparmaqla anlamaq, bilgi əldə etmək, həmçinin özünü yetişdirməkdir. Bu, 

əlbəttə ki, bir fəlsəfi fikir olaraq şübhəçilik deyil, tənqidi düşüncə vasitəsilə 

bilik əldə etməkdir. Sokrates özünü dərketmə yolunun insanı fəzilətə doğru 

apardığını deyirdi. Sokrates materialistlər kimi tanrısız olmayıb, əksinə 

tanrılarsız əxlaqın ola biləcəyinə inanmamışdır (Delphoi kahininin Sokratesi ən

müdrik etməsində, az da olsa, bu fakt da rol oynamış ola bilər). İnsanın 

məqsədi xoşbəxtlikdir. Əsl xoşbəxtlik  fəzilətli/comərd/ləyaqətlı/yaxşı əxlaqlı 

(dobrodetel`/virtue) və ədalətli olanlara nəsib olur. Fəzilətli insan yaxşı-

yamanı, xeyir-şəri bir-birindən ayıra bilir. Sokrates insanı mərkəzdə 

yerləşdirmək baxımından sofistlərə yaxındır. 

Bu dövrün əxlaq fəlsəfəsini mərkəzə qoyan filosofları təbiətşünaslıq məsələləri

içində də əxlaqa yer ayırırdılar. Sokrates də sofistlər kimi kainatın materialist 

izahını sevmirdi. Sokrates Anaksaqoras`ın kainatı bir Ağlın (Nus`un) yaratdığı 

fikrindən ruhlanmış (Ağlı tanrı olaraq qəbul etmiş), lakin onun digər kainat 

hadisələrini də bu yolla izah etməsini görməmişdir. Anaksaqorda yaranışın və 

gərdişin bir məqsədə doğru hərəkətdən ibarət olmasını, bu yaradıcı qüvvəni, 

teleoloji yanaşmanı görməyən Sokrates hirslənmiş, fizika əvəzinə insan 

təbiətini, əxlaqi və mənəvi dəyərləri öyrənməyə (və beləliklə öyrətməyə və ya 

təbliğ etməyə) başlamışdır.Sokrates öz tələbələrinə səma cisimlərinin hərəkət 

qanunları, onların mənşəi, yerdən olan məsafələri kimi məsələlərlə məşğul 

olmağı məsləhət görmürdü. Tələbəsi Ksenofont Sokratın sözlərini yada salır: 

bunlar insan üçün bir sirr olaraq qalacaq, insana hansı sirrləri açıb-açmamağı 

tanrılar özləri bilərlər. Sokrates və Platon (həmçinin Aristotel) hər şeyin 

məqsədli, insan üçün, insanın xeyrinə yaradıldığını irəli sürürdülər 

(materializmə qarşı əsasən teleoloji baxış; materializmi tam inkar etməsələr 

də).


Dialoqlarında o özü də tələbədir, əsla müəllim deyil. “Pislik edən onun pislik 

olduğunu bilmir” (yəni günahkarları öldürməyək, islah edək, başa salaq?!). 

“Pislik etməkdənsə, pisliyə məruz qalmağı üstün tutardım” (Platon. 

“Qorqias”). Sokrates (Platon?!) dialoqlarında sofistlərin əksinə fərddən asılı 

olmayan, dialoqdakı hər iki şəxsin qəbul etməli olduğu bir doğrunun varlığını 

göstərirdi. Sofistlərin nisbiliyinə qarşı Platon dəqiq/riyazi sübut oluna bilən 

fikir qoyurdu; bu, sofist nisbi fikrinin yanlış olduğunun sübutuna çevrilirdi.



Sokrates Afina gənclərini yoldan çıxarmaqda, onların əxlaqını pozmaqda, 

yunan tanrılarına inanmayıb başqa tanrılara tapınmaqda, bir sözlə, əxlaqsızlıq 

və dinsizlikdə, gəncləri də buna cəlb etməkdə günahlandırıldı və məhkəməyə 

cəlb edildi. Bu dövrdə Afina siyasi, iqtisadi və hərbi cəhətdən çox zəifləmişdi; 

vəba və vətəndaş qarşıdurması da bunların üstünə gəlmiş, Afinalılar pərişan 

idi. Aristofanes “-423”-də yazdığı “Buludlar” dramında Sokrates`in bənzər 

günahlarından söhbət açmış, cəza olaraq evi yandırılmışdı (əsərdə). Platon 

məhkəmədə iştirak etmiş və sonralar (bir neçə ildən sonra?) öz 

“Apologiya”sını yazmışdı. Sokrates məhkəmədəki çıxışında bacardığı işin 

həqiqəti demək olduğunu demiş, onun tanrısız olduğu haqqında Aristofan və 

tanımadığı şəxslər tərəfindən köhnədən şayiələr yayıldığını yada salmışdı. 

Sokrat günahlandırılmasına əsas səbəb olaraq “fəlsəfənin narahatlıq 

yaratdığını” vurğulamışdı. Fəlsəfə öz təhlili ilə “böyüklərin” nüfuzuna toxunur;

və filosof  (Sokrates) bu təhlildən qaça bilməz. Sokrates ona qarşı yönəldilən 

bütün iddiaları təkzib edir: tanrılara sitayişini edir, vətəndaş kimi üzərinə 

düşəni edib, savaşıb, ədaləti qoruyub, dürüst olub, dərs üçün heç kimdən pul 

almayıb (sofistlərin əksinə), kim gəlsə onunla söhbət edib, heç kimi geri 

qaytarmayıb. 

“Nə qədər ki, nəfəsim üstümdədir və gücüm var - filosofluq etməyi buraxan 

deyiləm...”. “Şübhəniz olmasın ki,...məni edam etməklə siz daha çox özünüzə 

zərər verəcəksiniz, nəinki mənə”. Sokrat tələbələrinin və onların 

valideynlərinin məhkəmədə iştirak etdiyini və onların heç birinin Sokratın 

gəncləri yoldan çıxarması barədə şahidlik etmədiklərini də nəzərə çatdırır.  

(Platon. “Sokrates`in Apologiyası/Müdafiəsi”.).

Məhkəmə bir qədər səs üstünlüyü ilə Sokratı suçlu saydıqdan sonra Sokrat 

qanunlara əsasən özünə ağır ölüm cəzası əvəzinə digər, amma bir qədər ağır 

cəza verilməsini istəyə bilərdi. Sokrat isə ölüm cəzasının müəyyən (çox böyük 

olmayan) pul ödənilməsi ilə əvəz olunmasını istədi (Platon`u zaminlərdən biri 

olaraq göstərmişdi). Məhkəmə bunu ələsalma sayaraq bu dəfə böyük 

əksəriyyətin səsi ilə Sokratı zəhərli su baldırğanı udmaqla ölümə məhkum etdi.

Bundan sonra Sokrat son çıxışını etdi. Afinalılara müraciətlə “insanları 

öldürməklə doğru yaşamadığınızı unutdura bilməyəcəksiniz“ dedi. Ən sadə, ən

yaxşı yol: “başqalarının ağzını bağlamayın və özünüz də mümkün qədər yaxşı 

olmağa çalışın”. “Artıq getmək vaxtı çatdı, mənə-ölmək üçün, sizə - yaşamaq 

üçün; bəs bunlardan hansı yaxşıdır – bunu Tanrıdan başqa heç kim bilmir”. 

Ölümdən qaçmaq istəmədi (dostlarının təkidinə baxmayaraq). Platon qaçmağı 

Sokratın qaçmaq istəməməsini onun öz prinsiplərinə xəyanət etməməsi və 

qanunlara hörmət etməsi (demokratiyanı sevməsə də) kimi şərh etmişdir. 

Ksenofon da Sokratın məhkəməsi haqqında “Sokratın məhkəmədə 



müdafiəsi/apologiyası” adlı əsər yazmışdır. O, ölüm qərarından sonra Sokratın 

“dünya ilə vidalaşmaq zamanı gəldi” kimi düşündüyünü yazmışdır.

Sokratesin himayə etdiyi iki şəxs (biri Platon`un qohumu-anasının əmisi olan Kritias, 

digəri Alkibiades) Afinaya böyük ziyan vurmuş, biri insanların haqsız ölümlərinə 

qərar verənlərdən olmuş, digəri düşmən tərəfə keçmişdi (və onlar demokratların 

düşməni olan aristokratlar idi). Sokrates həmçinin Afinada tətbiq olunan xalq 

məhkəməsi, xalq məclisi kimi demokratik ünsürlərə toxunur, bu cür işlərin peşəkarlar 

tərəfindən görülməsini doğru sayırdı. Filosoflar intizamsız, hər kəsin söz dediyi 

demokratiyanı sevmirdilər. Görünür ki, işin altında yatan bu siyasi səbəblər üzündən 

məhkəmə onun haqqında ölüm qərarı çıxardı. Lakin Sokrates sevmədiyi qanunlara 

belə hörmətlə yanaşmış, ona qaçmağa imkan yaradılsa da, qaçmamış, bununla da 

təlimi ilə həyat tərzinin bir-birinə qovuşduğunu göstərmişdir.



Yüklə 80,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə