Lecture 8
A.
Aristotelin kosmoqoniya və kosmologiyası
Aristotel tam səma hadisələrini, hərəkəti 55 sfera ilə izah edirdi; Günəş,
planetlər və tərpənməz ulduzlar büllur sferalar üzrə sabit sürətlə dövr
edirlər. Ulduzların tərpənməz sferasından kənarda –“o tərəfdə” yerləşən
xüsusi bir sfera vardır, ona ilk hərəkət verilib və bu, digər dövretmə
hərəkətlərinin səbəbi, qaynağıdır. Hər sfera ardıcıl olaraq ondan kiçik olan,
yəni mərkəzə-Yerə doğru baxdıqda ondan sonrakı sferanı hərəkətə gətirir.
Aristotel Günəşdən istilik yayılmasını (Günəş od-alov deyil, efirdən
ibarətdir) Günəşin Yer ətrafında dövr edərkən efirə təsir etməsi ilə izah
edirdi. Aristotelə görə Bizim Qalaktika (Süd yolu) ulduzların Yer ətrafında
dövr etməsi nəticəsində buxarlanmanın alışması, alovlanmasıdır.
Aristotel kainatın hərəkətsiz mümkün olmadığını söyləyir və hərəkəti qeyri-
maddi varlığın, düşüncənin, “ilk işəsalan”ın başladığını irəli sürürdü. Maddi
kainatın hüdudlarından kənarda ilahi dünyanın varlığını qəbul edirdi. “Göy
haqqında” əsərində o, yazırdı: “Göy yaradılmayıb və məhv ola bilməz...O
əbədidir, başlanğıcı və sonu yoxdur”.
Aristotel Yerin Kürə şəkilli olmasını təsdiqləyən faktları yada salır: Yer
kürə şəkilli olmasa Ay tutulmasında onun kölgəsi əyrixətli olmazdı. O,
şimala və ya cənuba səfər edərkən görünən ulduzların (üfüqün) vəziyyətinin
xeyli dəyişdiyini, Yunanıstanda olduğundan fərqli ulduzlar göründüyünü
həm yerin kürəşəkilli olması ilə, həmçinin bu kürənin səmavi ölçülərlə
müqayisədə o qədər də böyük olmadığı ilə izah edirdi.
Kainatın elementləri dairəvi hərəkət edirlər (Ayüstündə), sonsuz dairə
yoxdur, yəni Kainat sonludur. Üstəlik sonsuz olardısa, onun mərkəzi
olmazdı; Kainatın isə mərkəzi var –Yer kürəsi. Mükəmməl olan Kainat
sferik şəkildə olmalıdır, çünki sfera yeganə mükəmməl fiqurdur; üstəlik
sfera fırlanarkən tutduğu yer dəyişmir. Ayın işıqlı və qaranlıq hissəsini
ayıran sərhəd xətti Ayın kürə şəkilli olduğunu göstərir. Ulduzlar da
kürəşəkilli olmalıdırlar, çünki onlar özbaşına deyil, təsadüfən deyil, təbii
olaraq hərəkət edirlər (xüsusi hərəkət üzvləri yoxdur!) və onlar üçün kürə ən
uyğun şəkildir/formadır.
Arisotelin sistemində Kallippin 34 sferasına əks istiqamətdə fırlanan daha
22 sfera əlavə edilmişdi; bunlar daxili sferaları neytrallaşdırmaq (Saturn və
Yupiterdə üç-üç, Mars, Venera, Merkuri və Günəşdə dörd-dörd) və növbəti
planetə ancaq günlük fırlanma hərəkətini ötürmək üçündür
.
Ay axırıncı səma
cismi olduğu üçün (tərpənməz ulduzlar sferasından yerı doğru baxanda)
neytrallaşdırıcı sferalara ehtiyac qalmırdı.
Ulduzların tərpənməz olmasını Aristotel göy qübbəsinin gün ərzində yer
ətrafında fırlanması zamanı ulduzların eyni sürətə malik olması ilə izah
edirdi. Göyün Yerə bir qədər yaxın olan hissəsi isə tam mükəmməl deyil və
tam mükəmməl olmayan səma cisimlərinin - Günəş, Ay və planetlərin
məskənidir. Planetlərin fırlanması, eləcə də sağa doğru hərəkəti zamanı
qəribə geriləmələrin, hərdən sola doğru hərəkətlərin müşahidə olunması bu
səma cisimlərinin mükəmməl olmadığına işarədir. Qeyri-mükəmməl
meteoritlər, kometlər (“odlu meteorlar”) “Aydan aşağıdadır” (təbii ki, bu
belə deyil-H.İ.)
Əgər yer daimi dəyişmələrin, doğum və ölümün məskənidirsə, ölümlü-
olumlu dünyadırsa, göy əbədi və mükəmməl olanın məskənidir. Kainat
sferalarının bir-birindən düz mütənasib (xətti) şəkildə aralı olması, yəni
mərkəzdən məsafənin xətti artması kainata dayanıqlıq verir, kainat daxili
sürtünməyə məruz qalsa da (və bu səbəblə sferalar qızsa da) “dağılmır”.
Aristoteldə əsas səma cisimləri yerə yaxınlığına görə aşağıdakı ardıcıllıqla
düzülüb: Ay, Merkuri, Venera, Günəş, Mars, Yupiter, Saturn. Evdoks və
digər riyaziyyatçı-astronomlar (Ptolomey də daxil olmaqla) kainatı
öyrənmək üçün riyazi model qurmuşdular, Aristotel isə öz görüşlərini
gerçək mexanizm kimi təqdim edirdi (məsələn, efir təbiətli şəffaf sferalar).
Lakin Evdoksda olduğu kimi Aristotelin Kainatında da izahı olmayan
suallar vardı: Venera və Mars`ın geriyə hərəkət zamanı başqa vaxtlarda
olduğundan xeyli daha parlaq görünmələrinin səbəbi məlum deyildi.
Aristotel əbədi olan ilkin ali təkanverici qüvvə (Tanrı) ilə yanaşı digər
sferaların hərəkəti ilə məşğul olan əbədi, amma “daha kiçik” ilahi qüvvənin
varlığına da işarə vururdu. Orta əsrlərdə Aristotelin bu fikirlərini Foma
Akvinski xristian teologiyasına uyğunlaşdırılmaq istiqamətində inkişaf
etdirmişdi.
Meteorologiya və kimya üzrə əsərlər müəllifi idi. Aristotel dörd element və
soyuq, isti, quru, yaş kimi xassələr vasitəsilə suyun dövranı, həmçinin
atmosfer və okean arasında qarşılıqlı əlaqə, quru və dənizlərin ölçülərinin
dəyişməsi kimi məsələlərə aid maraqlı fikirlər söyləmişdir. Lakin,
Aristotelin bu əsəri əsasən özünü doğrultmayan mühakimə və nəticələrdən
ibarətdir desək çox səhv etmərik. Aristotelin səhv nəzəriyyələri uzunömürlü
oldu və onun böyük nüfuzuna görə elmin inkişafına müəyyən dərəcədə
mane oldu. Heliosentrik sistemin təsdiqi üçün “Kopernik, Kepler və Qalileo
həm Aristotel`lə, həm Bibliya ilə mübarizə aparmalı oldular”(B. Russell,
səh. 206).
B.
Aristotelin biologiyası
Aristotel biologiya üzrə araşdırmalarında fizika ilə müqayisədə daha təcrübi
olmuş, dənizçilər, xüsusilə balıqçılar, həkimlər və əkinçilərin bilik və
müşahidələrindən istifadə etmiş, özü də tələbələri ilə birlikdə botanika,
zoologiya, anatomiya, fiziologiya və psixologiya sahələrində mühüm
müşahidələr aparmış (məsələn, Lesbos adasında Feofrastla birlikdə),
deyilənə görə öz bioloji kolleksiyası olmuşdur. Makedoniyalı Aleksandrın
yürüşləri və bəzi digər səfərlər zamanı Aristotelin bitki və bağ
kolleksiyasının zənginləşdirildiyi güman edilir.
Ən böyük uğurları (az olmayan ziddiyyətləri və səhvləri ilə yanaşı) bir sıra
hallarda dərin müşahidələr aparmağa müvəffəq olduğu zoologiya üzrədir
Biologiya üzrə baş əsəri 9 kitabdan ibarət olan “Heyvanların tarixi”dir.
Heyvanlar aləminin təsnifatını vermiş, 500-dən artıq heyvan adı çəkmiş, bir
çoxlarının ətraflı təsvirini vermişdir (özü yarma-kəsmələr etmişdir). Dəniz
heyvanları, həmçinin quşlar barədə müşahidələri xüsusilə incə və
uzunömürlü olmuşdur. Heyvanları “qanlı” (istiqanlı, qırmızıqanlı?) və
“qansız” (soyuqqanlı?) kimi iki sinfə ayırmışdır. Qanlıları bala doğan
dördayaqlılar (məməlilər), yumurta ilə çoxalan dordayaqlılar, dəniz
məməliləri və quşlar altsiniflərinə ayırmışdır. Qansızları isə ilbizlər
(mollusks), xərçəngəbənzərlər (crustacea), qınlılar-zirehlilər (testacea) və
həşarətlər-cücülər altsiniflərinə bölmüşdür. O, delfinlərin (həmçinin balina
və su donuzlarının) suda yaşamasına və balıqlara oxşamasına baxmayaraq,
onların bir çox cəhətlərə görə balıqlara deyil, quruda yaşayan heyvanlara
oxşadığını yazır. Delfin istiqanlıdır, onun ciyərləri var və o, hava ilə nəfəs
alır. Delfin qidalanma cəhətdən də balıqdan fərqlidir. Suda yaşayan və
qismən suda yaşayan heyvanları (timsah, qunduz) fərqləndirir, onları (və
ümumiyyətlə canlıları, müqayisəli şəkildə) anatomik və həyat tərzi
baxımından təsvir edirdi.
Aristotel canlıların əmələ gəlmə və inkişafı barədə fikirlər yürütmüş
(cücənin inkişafını dəqiq təsvir edə bilmişdi), əmələ gəlmənin mütləq bir
səbəb üzündən baş verdiyini və nəticədə hazırkı vəziyyəti aldığını deyirdi.
O, doğum zamanı ürəyin vurmasını həyatın ilk işarəsi hesab
etmişdi.Aristotelin metafizikasına görə mayalanmış yumurta və ya rüşeym
potensial insandır, doğulub böyüməkdə olan insan (məsələn, kitab oxuyan)
isə aktual/gerçək insandır. O, ibtidai rüşeymin canlıya çevrilməsini
ibtidaidən, mükəmməl olmayandan mükəmməlliyə keçid, yəni aşağı
formadan yuxarıya keçid və ya təkamül kimi qiymətləndirirdi. Aristotel bir
tərəfdən yeni insanın və heyvanın doğulmasında ata və ananın hər ikisinin
mühüm və bənzər rol oynadığını, iki tərəfdən də “toxum”un iştirak etdiyini
deyir, uşaqların öz valideynlərinə bənzəməsini də bununla izah edirdi
(valideyndə olan çapıq həmin yerdə övladda da təkrar oluna bildiyini qeyd
edirdi). Digər yandan isə atanın/erkəyin daha tam və “isti”, ananın/dişinin
isə tamamlanmamış/soyuq olduğunu iddia edirdi (?). İstilik mükəmməlliyə
yaxınlıq demək idi. Aristotelə qədər hakim olan baxışa görə övlad erkəyin
içindən hazıra yaxın vəziyyətdə bir toxum kimi gəlir, qadın sadəcə övladın
dünyaya gəldiyi yer/məkan rolu oynayır. Aristotel burada qadının da mühüm
olduğunu desə də, onu “eyni dərəcədə mühüm” hesab etmir. Ana yumurtası
maddədir, ata ona daha yüksək statusu olan forma verir. Atanın toxumu
qandan tam bişmiş şəkildə əmələ gəlir və ona forma/şəkil vermək olur,
ananın sperma “toxum”u isə yarıbişmiş olur.
Qan damarların bağırsaqlardan sorduğu qidadır deyir və qanın azalmasını
bu baxımdan qidalanmanın durması və ya zəif olması ilə əlaqələndirirdi.
Aristotel`in irsiyyət sahəsində maraqlı fikirləri vardı.Atası zənci, anası
yunan olan ailənin uşaqları hamısı ağ rəngli olmuş, nəvələr arasında isə
zəncilər də doğulur; Aristotel zəncilik ünsürlərinin orta nəsildə, yəni
övladlarda necə gizləndiyi məsələsini qoymuşdu.
Canlı orqanizmin orqanları birlikdə onun bədənini təşkil edir, forması isə
həmin orqanları vahid üzvi varlıq kimi təşkil edən, bəslənmə, böyümə,
çoxalma, hiss və hərəkəti müəyyən edən ruhdur. Böyümənin səbəbi istilik-
hərarətdir (“heyvani istilik”dir, həyat verən, canlı saxlayan qüvvədir). Bu
hərarətin qaynağı ürəkdir, qanın qaynaması damarların/nəbzin vurmasına
səbəb olur. İnsanı heyvanlardan fərqləndirən ağıl və ruh da ürəkdədir.
Ürəyin hərarəti ağciyərləri genişləndirir, yeni hava çıxır, qanla təmas edərək
köhnəlir (qan onu qızdırır, o, qanı soyudur). Beyin qızmış qanı, daxili
hərarəti soyudur (ifraz etdiyi seliklə), nizamlayır. Beyin soyuq, onurğa iliyi
isə istidir. Bağırsaqlar ürəyin köməyilə qidanı bişirir.
Bitkilərdən fərqli olaraq heyvanlar hissetmə və hərəkət orqanlarına
malikdirlər, insanlar isə əlavə olaraq rasional ruha, düşüncə qabiliyyətinə
sahibdirlər. İnsan və ali (kamil) heyvanlar dişi maddəni (menstrual qanı) və
erkək formanı-ruhu (toxum) verməklə yeni canlını meydana gətirirlər. İkinci
sinif heyvanlar içəridə yetişdirilmiş yumurta ilə bala çıxarır, daha aşağı sinif
olan qansızlar isə sürfə (grub, maggot) ilə çoxalırlar (sürfə sonra yumurtaya
çevrilir). Qanlı heyvanların öz istiliklərini soyudan mexanizmə ehtiyacları
var. Nəfəs almada soyuma vəzifəsini havanı alan ağciyərlər, balıqlarda isə
bu işi su görür. Aristotelin orqanlar sıralamasında ürək hiss və duyğuların
yuvası olmaqla mərkəzi orqandır. Aristotel tək insanın deyil, heyvanların da
ruhu olduğunu iddia edirdi.
Aristotel qulağın quruluşunu nisbətən yaxşı bilir, görməni Empedokles kimi
obyektdən çıxan hissəciklərin gözə, gözün nəmliyinə toxunması ilə izah
edirdi. Aristotel zooloji araşdırmaların mühüm olduğunu, buna az fikir
verildiyini qeyd edirdi (“Heyvanların hissələri haqqında”).
Hətta daha çox uğur qazandığı biologiyada Aristotelin səhvləri az deyil.
Yuxarıda deyilənlərə əlavələr: bitkilərdə erkək-dişi olmur, ağlın əsas orqanı
ürəkdir, beyin ürəyin qızmasının qarşısını almaq, onu soyutmaq üçündür;
arteriya və vena arasındakı fərqi dərk edə bilməmişdi...O, qan damarları və
onların növləri, əzələlər, qabırğalar (guya hər tərəfdə 8 qabırğa var)
haqqında bir şey bilmirdi. Bioloji sistemində də, fəlsəfi sistemindəki kimi
qadınlara aşağı yer verir, diş sayının qadınlarda kişilərdən az olduğunu iddia
edirdi.
C.
Fəlsəfə və onun sahələri
Fəlsəfəni insanın özünü dərk etməsi, insanın həyatın mənası üzərində düşünməsi
və bir şeylər anlaması, bilik və dəyərlər sistemi kimi anlayanlar da, onu xüsusi
həyat tərzi ilə səciyyələndirənlər də olmuşdur. Əsil fəlsəfə ağlın hüdudlarını
qavramaqdır (Nietzsche), “fəlsəfə qarın doyurmaz, amma ruhu təmin edər” (W.
James).
Qautam bir hökmdar oğlu idi, amma xoşbəxtliyi zənginlikdə görmürdü. Zəngin
həyatdan uzaqlaşıb ağrı-acını dəf etmək üçün düşünməyə, yol axtarmağa başladı.
Həqiqəti dərk edəndə “Budda”, yəni “oyanmış”, “aydın olmuş” adını aldı. Həqiqət
ifrata varmalar arasındakı “orta yol” imiş. Konfuçius insanın fəzilət sahibi
olmasını, belə olduqda dövlətin daha yaxşı idarəediləcəyini irəli sürdü. Onun
fəlsəfi idealı yaxşı, fəzilətli insan və yaxşı təşkil olunmuş cəmiyyət idi. Platona
görə fəlsəfə “ölüm üçün bir hazırlıqdır” (bu dünya əsas/gerçək deyil).
Amma fəlsəfənin bir zehni fəaliyyət olduğu şübhə doğurmur. Düşünmə sənətidir
fəlsəfə. Fəlsəfə “böyük” suallar və məsələlər üzərində sistemli, azad, tənqidi
düşüncədir. Həyat nədir? Var olan nədir? Xoşbəxtlik nədir? Bilmək nədir?
Düşüncə və bədən arasında nə əlaqə var?
Fəlsəfə ayrı-ayrı elmlərin məşğul olmadığı çox ümumi suallar üzərində çərçivəsiz
düşünmədir. Fəlsəfə elmdir, ya sənət? Yaspers: Fəlsəfə bir hədəfə, bir nəticəyə
çatmaq deyil, daima yolda olmaqdır!
“İnsan heyvanla Tanrı arasında gərilmiş bir ipdir”(Nietzsche). İnsan ağlı və iradəsi
olan canlıdır, o nə heyvandır, nə də Tanrı. Alışqanlıqdan, ətalətdən, ənənədən azad
düşüncə qabiliyyəti tələb edir fəlsəfə, əks halda heyrətə yer qalmaz və “böyük”
suallar yaranmaz. Şübhə də mühümdür, “şübhədir hər həqiqətin anası” (H. Cavid).
Şübhə və maraq!
İnsanın nə və kim olduğunu düşüncə tarixindən, o cümlədən fəlsəfədən bir qədər
anlamaq mümkündür. Çox şeyi seçə bilməmişik - valideynlərimizi, vətənimizi,
dilimizi, dinimizi, boy-buxunumuzu,... Əlimizdə olan, seçə biləcəyimiz şeylər
arasında ən qiymətlisi özümüzü inkişaf etdirməkdir. Bilik qazanmaq,önyarğısız
düşünmə qabiliyyətinə malik olmaq, xarakterimizi yaxşılaşdırmaq, özümüzü
yetişdirmək mümkün deyilmi?
Fərdin azadlığı və cəmiyyət qarşısında məsuliyyət bir-birinə mane olmurmu?
Demokratik mədəniyyətin formalaşmasında fəlsəfənin də payı var. Bilik/elm və
fəlsəfə fərqli insanları bir-birinə yaxınlaşdırır, eyni yerə yığır. Bu fərqlilikləri
görməklə, səbəbini anlamaqla xoşqılıqlı olmaq ehtimalı artır. Özünü dərk edən
başqalarını qəbul etməyə çalışır, bu belədirmi? Gerçək, həqiqət fərqli
düşüncələrdən doğur. Voltaire: “Söylədiklərinizin heç birində sizinlə eyni görüşdə
deyiləm, ancaq onları söyləmə haqqınızı ölüncəyə qədər müdafiə edəcəm”.
Platonun olimpiadaya 3 növ insanın gəldiyini deyir: idmançılar-şöhrət sevənlər;
satıcılar-pul və maddə sevənlər; ziyalılar-müdriklik sevənlər (öyrənmək, anlamaq,
səbəbləri bilmək-nə pul, nə şöhrət).
Fəlsəfə bir dildir - anlayışların dili, dəyərlərin dili, ideyaların dili. Düşüncə ilə dil
və danışıq arasında birbaşa əlaqə varmı? Biri o biri olmadan mövcud olub fəal ola
bilərmi? Çox zaman mənfi cavab verirlər. Düşüncənin fəallığı onun sözlə ifadəsi
deyilmi? Sözlərin ifadə etdikləri qavramlar düşüncənin daşıyıcıları deyillərmi?
Fəlsəfə təvazökarlıq sevir. Filosof mütləq həqiqətə sahib deyil, müdrik də deyil,
bilmək istəyən, heyrət edə bilən, müdrikliyə can atandır. Filosof kimdir? Hər şeyi
sağlam, amma şübhəçi, üsyankar ağlın süzgəcindən keçirən; analiz (anlayışları
hissələri ilə qavramaq) və sintez edən (hissələrdən inşa edən) düşüncə, yəni
analitik (ayırıcı) və sintetik (qurucu) düşüncə sahibi; mütləq, tam və qəti həqiqətə
iddia etməyən (elmdən fərqli olaraq); təcrübənin qulu olmayan;
Fəlsəfənin məşğul olduğu, əhatə etdiyi məsələlər 3 əsas hissəyə/başlığa ayrıla bilər:
Bilik/bilgi, varlıq, dəyər!
Bilgi fəlsəfəsi.Epistemologiya/Bilik nəzəriyyəsi. Bilgi nədir? Onun doğru olub-
olmamasını necə bilmək olar? Bilginin qaynaqları.. Subyektlə (bilmək istəyənlə)
obyekt (bilinilməsi istənən) arasında münasibət. Biliyin imkanı və imkansızlığı,
qaynağı və ölçüləri. Məntiq –zehnimiz düzgün şəkildə necə işləyir? Şübhəçi
(skeptik), empirist (əsas olan təcrübədir. Tabula Rasa), rasionalist (bilik əldə etmək
üçün sağlam düşüncə kifayətdir, təcrübəyə ehtiyac yoxdur), intuisionist, pozitivist,
praqmatistlər,...
Məntiq-düşüncənin/zehnin prisipləri. Deduksiya, silloqizm, induksiya.
Düşüncənin, zehnin qramatikasıdır Məntiq.
Elm fəlsəfəsi. Elmi biliklərin özəllikləri. Elmi nəzəriyyələrin təbiəti. Elmin
qanunları. Elmdə kumulyativlik.
Varlıq fəlsəfəsi/Ontologiya. Varolan nədir? Gerçəklik nədir? Varolanın təbiəti və
növləri. Zehin/ağıl və bədən münasibəti? Determinizm və azad iradə. Şüur-
materiya: dualizm (şüur materiyadan ayrı mövcuddur)-monizm. Kosmoqoniya.
Zaman nədir? Materializm və idealizm.
Bunları nəzəri fəlsəfə adlandırmaq olar. Metafizika?! (Aristoteldə “ilk fəlsəfə”):
Varlıq fəlsəfəsi+Kosmoqoniya (kainatın mənşəi) və ya nəzəri fəlsəfə (sinonim
kimi). Universallar.
Əxlaq fəlsəfəsi/Etika/Moral Philosophy. Həyatın mənası? Xoşbəxtlik, azadlıq,
məsuliyyət. Niyyət, ya nəticə? (olmalı olanlar! Olanları isə psixologiya öyrənir)
Siyasət fəlsəfəsi. Siyasi anlayışların təbiəti. İnkişafın əsası nədir – azadlıq,
iqtisadiyyat, hakimiyyət əzmi, tanınma/şöhrət hissi, yaşamaq uğrunda mübarizə,
yaradıcılıq ehtirası? Normativ yanaşma: dövlət, siyasət necə olsa yaxşıdır?
Hakimiyyət kimlərin olmalıdır? Mövcud vəziyyəti, olanları isə siyasi elmlər
öyrənir.
Din fəlsəfəsi. Tanrı!? Ağıl və inanc arasında münasibətlər. Dostoyevskiy: Tanrı
yoxsa, hər şeyə izin var!?
Sənət fəlsəfəsi/Estetika. Gözəllik duyğusu. Zövq. Sənət və doğru. Sənət və əxlaq.
Təqlid. Romantizm...
Təhsil fəlsəfəsi. Tarix fəlsəfəsi. Dil fəlsəfəsi. Hüquq fəlsəfəsi...
Fəlsəfə qədim zəka fəaliyyətidir, psixologiya/ruh fəlsəfəsi ondan ayrıldı.
Sosiologiya və antropologiya nisbətən daha yeni fəaliyyət sahələridir.
D.
Aristotelin metafizikası
Aristotel öz metafizika sistemini əsasən ardıcılları tərəfindən “Metafizika”
adlandırılmış əsərində qurmuşdur. Əsərin ilk cümləsi belədir: “All men by
nature desire to know”. Aristotel üç növ elmdən söhbət açır: nəzəri elmlər
(görməyə, seyr etməyə, mühakimə yürütməyə əsaslanan, şeylərin təbiətini
anlamağa çalışan; məsələn, fizika, riyaziyyat, metafizika/teologiya-
gerçəkliyi və varlığı araşdıran “ilk fəlsəfə”), poetik və ya
məhsuldar/yaradıcı elmlər (yaratmağa, meydana gətirməyə əsaslanan;
məsələn, sənətlər, o cümlədən incəsənət, poeziya, musiqi) və əməli və ya
praktik elmlər (icra etməyə, həyata keçirməyə əsaslanan; məsələn, yaxşılıq
və ya pislik etmək, əxlaq, siyasət). Bunları bir düşüncə tərzi kimi də şərh
etmək olar. Platon riyaziyyatı ən yüksək elm saydığı halda Aristotel riyazi
obyektlərin müstəqil varlıqları yoxdur deyir və fizikanı riyaziyyatdan üstün
tutur. Fiziki obyektin bütövləşmiş maddi və forma tərəfi, riyazi obyektin
ancaq forma tərəfi var. O, riyazi obyektləri ağlın məhsulu deyil, hisslər
aləmindən mücərrədləşdirmək yolu ilə alınmış varlıqlar kimi şərh edirdi.
Aristotelə görə birinci yerdə metafizika, ikincidə fizika, üçüncüdə riyaziyyat
durur.
Aristotel varlıq məsələsini araşdırarkən həm ümumiyyətlə varlığı
(Ontologiya), həm də ən mükəmməl, ən tam varlığı, yəni Tanrını
(Teologiya) başa düşür.Yunan fəlsəfəsi “dəyişməyən nədir?” sualına cavab
aramış və müxtəlif cavablar təklif etmişdi (su, hava və s.). Herakleitos isə
hər şeyin dəyişdiyini söyləmişdi. Aristotel varlığı çoxmənalı, çoxanlamlı bir
şey kimi şərh etmiş, Platon`la müqayisədə varlığa daha geniş anlam vermiş,
daha çevik, daha yumşaq yanaşma göstərmişdir. O, İdeyaları və ya
Aristotelin öz termininə görə Formaları da, maddi olanı da varlıq kimi qəbul
etmişdir. Bu yanaşma nə materializm, nə idealizmdir -bu dünya ilə tam
əlaqədə olmaq və...materialist olmamaq nəzəriyyəsidir!!
Fərdi olan varlıqlar dəyişən (amma onlar maddi və müstəqil varlığa
sahibdirlər), İdeyalar və ya Formalar isə dəyişməyən (və müstəqil varlığa
sahib olmayan) varlıqlardır (Platonda varlıq bu ikincilərdir). Formalar
universaliyanı təcəssüm edirlər, onlar növü göstərirlər, xüsusi olanı deyil.
Eyni zamanda onlar öz-özlərinə görünmürlər, yalnız xüsusi vasitəsilə
görünürlər. Xüsusi olanı Aristotel substansiya adlandırır (“Vasif”
substansiya, “insan” isə universaliyadır). Yəni burada bir linqvistik
hadisədən, xüsusi və ümumi isim və ya sifətlərdən söhbət gedir. Onu da
deyək ki, Aristotel`in daxil etdiyi çoxsaylı terminlərin böyük hissəsi elmdə
yaşadı! Məhz bu lingvistik baxımdan da Aristotelin “mahiyyət” anlayışına
verdiyi əhəmiyyəti vurğulamaq mümkündür. Mahiyyət obyektə xas olan,
onu müəyyən edən əsas keyfiyyətdir, bu keyfiyyətsiz həmin obyekt (əşya,
şəxs) tanınmaz, yəni bu keyfiyyət dəyişsə obyekt həminki obyekt deyil.
Maddiyyət əvəzinə funksionallıq (nə? necə? nə üçün?), yəni obyektin
mahiyyəti (essence) önə çəkilir. Aristotel gözəl misal çəkir: baltanın ruhu
olsa, o ruh kəsməkdən ibarət olardı.
Aristotel Platondan fərqli olaraq ümumi və ya mücərrəd olanın (məsələn,
insan, at) deyil, xüsusi, konkret və ya fərdi olanın (Vasif, Altay, John; Qırat,
Bozat) müstəqil varlıq olduğunu deyir. B. Russell`ə görə bəzən elə təsəvvür
yaranır ki, Aristotel “yeni lüğət vasitəsilə Platonizmi izah edir” (səh. 165).
B. Russell Aristotel metafizikasının qeyri-müəyyənliklərindən, birqiymətli
anlaşılmadığından, neqativlərindən danışır. Biz pozitiv düşüncə ilə Aristotel
metafizikasının əsaslarını anlamağa çalışırıq.
Aristotel aşağıdakı dörd növ dəyişmənin olduğunu deyir: 1) məkanda
yerdəyişmə, 2) keyfiyyət dəyişməsi (xəstələnmə kimi), 3) böyümə və ya
kiçilmə, 4) doğulma və yoxolma. O, dəyişən şeyə maddə, maddədə baş
verən, bir-birini əvəz edən keyfiyyətlərə isə forma deyir. Forma (keyfiyyət)
ancaq maddə ilə birlikdə vardır, müstəqil olaraq deyil. Maddəsi olmayan tək
varlıq Tanrıdır. Tanrı saf formadır, heç bir maddə qarışığı yoxdur. Tanrının
təbiəti düşüncədən və ya əqli fəaliyyətdən ibarətdir. “İlahi düşüncənin
düşündüyü şey onun özü olmalıdır,...onun düşüncəsi düşüncənin
düşüncəsidir” (1074b). Yəni Tanrı düşünəndir, düşünüləndir və düşüncədir,
bu səbəblə də ən yüksək, ən mükəmməl həyatdır, yəni xoşbəxtlikdir. Tanrı
nə kainatı, nə də insanı yaratmamışdır, bir növ kimi insanlar da əzəli və
əbədi varlıqlardır. Aristotelin dünyanı və insanı yaratmayan, onlarla
maraqlanmayan Tanrısı böyük dinlərin Tanrısından köklü surətdə fərqlidir.
Maddə qeyri-müəyyəndir, onu müəyyən edən, ona keyfiyyət verən
formadır. Bu baxımdan elmin mövzusu maddə deyil, formadır. Maddə
potensial, onun aktualı isə formadır. Ay-altı dünyada dörd təməl
elementlərin qarışmasından minerallar və canlıların ən bəsit hissəsi olan
toxumalar əmələ gəlir. Toxumalarda orqanlar, orqanlardan orqanizmlər
əmələ gəlir. Heyvanlar orqanizmlərdirlər. Ən yüksək dərəcədə təşəkkül
tapmış heyvan və ya varlıq isə insandır. İnsanın maddəsi onun bədəni,
forması isə düşünən varlıq olan ruhudur. Aristotel növlər arasında keçişin
mümkünlüyünü qəbul etmir. Növlər sabitdir. Aşağı növdən olan varlıqlar
yuxarı növdən olan varlıqların maddəsi ola bilir. Aristotel dəyişmələri,
xüsusilə üzvi aləmdə, başqa bir cəhətdən də təhlil edir. A adlı şeyin dəyişib
B adlı başqa bir şey olması necə baş verir? Məsələn bir toxum necə ağaca
çevrilir? Görünür ki, A hələ A ikən (bir fakt kimi) həm də potensial olaraq
B-dir (yəni B-yə çevrilmək imkanı var). Toxum var olduğu anda, bir fakt
kimi toxumdur, ancaq gizli bir güc kimi, daxili bir qüvvə və ya potensial
olaraq həm də ağacdır. Eynilə bir uşaq çox ehtimal ki (sağ qalsa), böyüyüb
yetkin bir adam olacaq. Potensial qüvvə sanki ağılda, zehindədir, baxılan
zamanda faktik olaraq yoxdur, görünmür. Lakin bəlli şərtlər daxilində
toxumun ağaca çevrilə bilməsi (hətta mütləq belə olacağı) məlumdur.
Tanrıda maddə yoxdur, potensial yoxdur, o, tam aktualdır.
E.
Aristotelin məntiqi
Aristotel dövründə yunancada məntiq (loqikhe) sözü yoxdu və o, “analitik”
kəlməsindən istifadə etmişdi (logik sözü isə dialektika sözünə yaxın məna
daşıyırdı). Məntiq üzrə əsərləri küllisinə “Orqanon” (alət, vasitə) adını onun
ardıcılları vermişdi. Aristotel məntiqi zəka fəaliyyətinə giriş kimi anlayır,
onu elm deyil, sənət, üsul sayırdı. İki təklifdən üçüncünün bir nəticə olaraq
alınması (doğru olması) deduksiyadır; məsələn, “bütün insanlar ölümlüdür”,
“Sokrates insandır”, deməli “Sokrates ölümlüdür”. Aristotel anlayışları
“kateqoriyalar” adlandırır (yer, zaman, keyfiyyət, kəmiyyət kimi). Onlar bir-
birindən asılı olmayan, biri digərinə keçməyən varlıq tipləridir. Anlayışlar
arasında münasibəti, onlar arasındakı əlaqəni bildirən təkliflər məntiqin
digər təməl hissəsidir. Aristotel əsasən iki fikirdən üçüncünün bir nəticə
olaraq alınması tipli məntiqi silloqizmi araşdırır.
Aristotel “Sokrates”i kiçik, “insan”ı orta və “ölümlü”nü böyük
termin/qavram sayır (xüsusidən ümumiyə); çoxluqlar mənada Sokrates
insanlar çoxluğuna, insan ölümlülər çoxluğuna daxildir. B.Russell
Aristotelin “bütün yunanlar insandır” kimi ilkin şərtin yunanların
varlığından asılı olduğunu, bunu zəif nöqtə olduğunu qeyd edir; eynilə
“bütün insanlar ölümlüdür” kimi ilkin şərtin induksiyaya əsaslandığını,
ancaq təcrübədən irəli gəldiyini, bu ilkin şərtin metafizik səhv olduğunu
qeyd edir; hələ ki, sağ yaşayan insanlar var bu ilkin şərt formal məntiq
baxımından yəqin deyil, ancaq ehtimaldır.
Deduksiya elmin üsuludur, elm səbəbdən nəticə almaqdır. Lakin Aristotel
elmdə deduksiyanın yetərli olmadığını, müşahidə və sınaqlar aparılması və
onlardan nəticə çıxarılması, yəni induksiyanın zəruriliyini deyirdi.
Ümumidən xüsusiyə, xüsusidən ümumiyə - hər ikisi vacibdir. Birincisi ağlın
qüdrətini, şübhəsizliyi göstərirkən, ikinci daha anlaşılan və daha geniş
yayılmış olandır. Lakin müşahidə və sınaqların tam əhatəli ola bilməməsi
problemi də mövcuddur.
Aristotel elmdə səbəblərdən bəhs edərkən ən yaxın səbəblərin mühüm
olduğunu deyir; məsələn, insandan bəhs edərkən vacib olan onun heyvan
olması və ya daha ümumi desək, dörd təməl maddədən ibarət olması deyil,
düşünən varlıq olmasıdır. O, doğruluğu tam məlum olmayan, amma
ağlabatan təkliflərin də deduksiya yolu ilə araşdırılması və ağlabatan
nəticələrin əldə edilə bilməsinə etiraz etmir. Aristotel sofistik
mühakimələrin, yanıltmacların da təbiətini təhlil etmiş, ümumiyyətlə, dil
fəlsəfəsinə də öz töhfəsini vermişdi.
Aristotel məntiqin əsaslarını yazan, məntiqi sistemləşdirən ilk şəxsdir, özü
də bunu qeyd edir. O, baxılan obyektlərin təbiətindən asılı olmayan sabit
qaydaları müəyyən etmiş, onların vasitəsinə silloqizmin müxtəlif şəkillərini
təhlil etmişdir. Neoplatonçuluqda Aristotelin məntiqini əsasən Platon
fəlsəfəsinə mütləq giriş olaraq daxil edir, qiymətləndirirdilər. “17-ci əsrə
kimi Aristotel məntiq üzrə nüfuz sahibi idi”
(Nicolas Burbaki. Eléments
d`histoire des mathématiques, Hermann. Rusca: səh. 14).
Kant Aristotel
məntiqindən sonra məntiqdə kəşf etməyə çox şey qalmadığını düşünürdü
(“Saf Ağlın Tənqidi”).
Aristotel ruh haqqında
Aristotel “Ruh haqqında” əsərində Ruhun təbiətini araşdırmışdır. Yaşayan
təbii cisim maddəyə və formaya malikdir, onların sintezidir, ruh onun
formasıdır, zehni (passiv) fəaliyyətidir, ona xas olan fəaliyyətdir, onun ilk
fəaliyyətidir, onun təbiətidir. Yatan adamın ruhu tam fəal deyilsə də, o var,
zamanında (oyananda) fəallaşa bilir. Bədən ruhun maddəsidir, qüvvəsidir.
“Əgər göz bir heyvan olsa, görmə onun ruhu olardı, balta bir canlı olsaydı,
kəsmə onun ruhu olardı”. Deməli, ruh bədəndən ayrılmazdır. Platondan
fərqli olaraq Aristotelin ruh nəzəriyyəsində bədən lazımsız və ya zindan
deyil.
Bitkinin ruhunu “bəsləyici” (törəmə, yeni nəsil əmələ gətirmə də buna
daxildir), heyvanın ruhunu “duyğulu”, insanın ruhunu “ağıllı” ruh kimi
səciyyələndirmək olar. Ağıllı ruh həm də duyğulu və bəsləyicidir, duyğulu
ruh həm də bəsləyicidir. Duyma, onun üstündə xəyal gücü (təxəyyül), onun
da üstündə düşünmə yer alır; onlar bir-birindən təcrid olunmayıb, əksinə
bir-birinə təsir edir, bir-birinin içinə girir. Bilmək, bilik əldə etmək
duyğudan təxəyyülə, təxəyyüldən təcrübəyə, təcrübədən mühakiməyə, və
nəhayət qavramağa uzanan bir yolda əldə edilir.
Aristotelə görə ruh bədənlə birlikdədir, bədəndən ayrı mövcud deyil, ruh
köç etmir (Pifaqorçuların tam əksi!) və ruh bədənlə eyni zamanda ölür. Ruh
bədənin/maddənin formasıdır, aktuallığıdır, bədənin mahiyyətidir. Ağıl/zəka
ruhdan yüksəkdir, ağlın təbiəti mürəkkəbdir, o, sanki başqa növ (yüksək!?)
ruhdur və ayrı yaşaya bilir, əbədi və ölümsüzdür; riyaziyyatı və fəlsəfəni
anlayan, qavrayan odur (?!)
(Ruh haqqında, 407-415)
. Düşünən və ya ağıllı ruh
nədir? Biliyi yaradan, meydana çıxaran Fəal Ağıl`dır, passiv ağıl deyil. Fəal
ağıl işıq kimidir, onun sayəsində passiv ağıl fəallaşır. Aristotel “yalnız fəal
ağıl ölümsüz və əzəli-əbədidir” deyir. Fəal Ağlın nə olduğu haqqında böyük
mübahisələr olub (Tanrı deyilsə, ali bir mövqedədir...). Aristotel praktik
ağlın arzudan, nəzəri ağlın isə düşüncədən doğduğunu deyir. Xəyal gücünü
də, düşüncəni də fəallaşdıran arzu olsa da, bir şeyin yaxşı və ya pis olması
düşüncənin uyğun olaraq təsdiq və ya inkar etməsi ilə bağlıdır. Bir şeyin
həyata keçməsi üçün arzu və düşüncə birləşməlidir. Ağıl/Ağıllı ruh insanın
özündən yüksəkdə durur, onda bir ilahilik var, onun idarəsində/iradəsində
olan həyatda bir ilahilik var.
Dostları ilə paylaş: |