Ləman vaqifqizi şƏKİ folklor müHİTİ baki 2012



Yüklə 2,4 Mb.
səhifə2/10
tarix12.03.2018
ölçüsü2,4 Mb.
#31301
1   2   3   4   5   6   7   8   9   10
Bölgədə yaşayan əhalinin böyük əksəriyyəti Azərbay­can türkləridir. Onlar ra­­yo­nun bütün yaşayış məntəqələrində əhalinin milli tərkibində üstünlük təşkil edir­lər. Azərbaycan türkləri ümumi əhalinin 95,52%-ni təşkil edirlər (28, 57). Şəki rayonu əhalisinin milli tərkibi (2009-cu ilin mə­lu­mat­la­rına əsasən) aşağıdakı cədvəldə öz əksini tapıb (28, 137):
Rayonun etnik tərkibi haqqında tarixi mənbələr də az-çox məlumat verir. Ö.­Çə­ləbi məşhur «Səyahətnamə» əsərində göstərir ki, monqol mənşəli qay­taq­lar­ Dağıstan sərhədində yaşayırlar və hərdən ticarət məqsədilə Ərəş və Şəki şə­hər­­lərinə gəlirlər (152, 160).

İ.P.Petruşevski isə Əbdürrəzzaq Dumbuliyə is­ti­na­dən­ xə­­bər verir ki, Qacar qəbiləsi monqollar dövründə üç qəbi­lə­nin qa­lı­ğın­dan –­ Sulduz, Cəlair və Tanqut qəbilələrinin bir­ləşməsindən əmələ gəl­miş­dir (140, 95). Qeyd edək ki, Qax ra­yonunun Şəkiyə yaxın kənd­lərin­dən birinin adı Cə­la­ir,­ digə­rininki Tanqıtdır. İ.P.Petruşevskinin verdiyi digər bir məlu­ma­ta görə, Tey­murun Qafqaza yürüşü zamanı Şəkinin va­lisi Sidi Əli Orlat idi. Orlat mon­qol­ qəbilələrindən birinin adıdır (140, 137). M.H. Baharlı isə vaxtilə Nuxa qə­za­sında noqay­la­rın da məs­kun­laş­dıq­ları barədə məlumat verir. Onlar qıp­çaq­la­rı sıxışdırıb çıxarmaq üçün Batı xa­nın əmri ilə sərkərdə No­qay, yaxud da Nu­ğayın başçılığı altında əraziyə gə­lən­lər­dir. Yenə həmin müəllif şahsevənlər və­ onlara birləşən başqa səl­cuq tay­fa­larından bəhs edərkən onların Nuxa qəza­sın­da da (Qaradağlı kəndində) yer­ləş­diyini qeyd edir. O, həmçinin XIX əsrdə bu ərazidə şəqqaqilərin məs­kun­laş­ma­ları haqqında məlumat verir. Onlar Cəfər­qu­lu xanın başçılığı ilə Cəfərabad və­ ətraf kəndlərdə yerləşmişlər (31, 50). Bir neçə qaynağı qar­şılaşdıran Aydın Məmmədov «Əcaibül-məqdur fi nəvaib Ti­mur» əsərindəki Şəkiyə dair naməlum bəhslər (Gələrsən-Gö­rəsən qalasında və ətrafında 1403-cü ildə baş vermiş hadi­sələr barədə məlumatlar)» məqaləsində yazır: «Şirvanşah Şeyx İb­rahimin dililə yerli əhali gürcü yox, tatar adlanır. Bu zaman bi­zim üçün aydınlaşır ki, hekayələrdəki gürcü sözləri millət yox, ümmət və məzhəb, yəni xristian-provoslav mənasında iş­lə­nilir» (102, 108-109). Ə.Şa­mil də Şəkinin Turan qəsəbə­sin­də folklor toplayarkən belə bir məlumatı qey­də almışdır ki, Oğuz rayonunun Daşağıl kəndinin əhalisi vaxtilə xristian türk­lər, qaqouzlar olmuşdur. On­ların bir qismi sonradan köç­müş və ya assimilyasiya uğramış, XIX-XX yüzildə buraya xı­nov­lular, rutullular, axtılılar və başqaları yerləşmişlər (128, 332).

Ərazidə hazırlanan bəzi yemək növləri də Şəki əhali­si­nin elat dünyası ilə bağ­lılığından xəbər verir. Şəkililər (xü­su­sən də Göynük kəndlərinin əhalisi) qa­xac­­ edilmiş əti və bağır­saq dolmasını çox sevirlər. Qaxac əti hazırlamaq üçün pa­yızda kəsilmiş heyvanın ətini nazik-na­zik, iri hissələrə ayırır və duzlayırlar. Du­zlanmış ət bir neçə saat saxlanır ki, su­yu tam çıxsın. Sonra onu açıq ha­va­dan­ asır, üstünə tənzif örtür­lər. Ət par­ça­la­rı tam quruduqdan sonra onları duz­da­ qayna­dılıb qurudulmuş ağ, parça tor­ba­lara yığırlar. Qaxac edilmiş əti daha çox­ sulu xəmir yeməklərinin içinə atır­lar (79).

Bağırsaq dolmasını hazırlamaq üçün orta yaşlı erkək hey­vanın bağır­saq­la­rın­­dan istifadə olunur. Bu məqsəd üçün is­­tifadəyə 2-3 illik kəlçənin bağır­saq­la­rı­ daha yararlı sayılır. Əvvəlcə iç hazırlanır: kəsilmiş heyvanın iça­la­tını tə­miz­lə­yir, bir az da həmin heyvanın ətindən qatılır və xırda-xırda dö­yü­lür. Dö­yül­müş­ ətə kək­likotu, quru keşniş, şüyüd, reyhan və s. qatılır və çoxlu soğan doğ­ra­nır. Zövqə gö­rə sarımsaq da qat­maq olar. Duz, istiot və alça turşusu vurulur və­ yaxşı-yax­şı qa­­rışdırılır. Sonra bağırsaqlar 0,5m. uzunluqda kəsilir və çev­ril­mə­dən tə­miz­­lənir. Təmizlənmiş bağırsağın bir ucu sapla möh­kəm düyünlənir. Dü­yünlü his­sə bağırsağın içərisinə salın­dıqdan sonra sol əlin baş və şəhadət bar­­maqları ilə hazır iç ba­ğırsağa tıxanır. Tıxanmış bağırsaqların ağzı möhkəm bağ­­lanır. Dolmuş bağırsağın üz hissəsi içəridə, astar hissəsi isə çöldə qalır. Bu pro­­seslərdən sonra bağırsaqların üzü yuyulur və tə­miz, şirli qablara yığılır. Su­yu­ tamam çıxandan sonra xü­susi ha­zırlanmış yerlərdən asılır. Bağırsaq dol­ma­­sını asmaq üçün yer belə hazırlanır: buxarının (və yaxud sobanın) üs­tün­də –­ ləm­pəyə (Keçmişdə Şəkidə evlərin tavanı yan-yana dü­zül­müş taxtalardan iba­rət olub, «ləmpə» adlandırılardı) bərki­dilmiş tax­taların üs­tü­nə sərilib quru­du­lur. Qurudulmuş bağır­saq dol­masını xırda hissələrə ayı­ra­raq kabab edirlər. Haq­qında danış­dığımız yemək növlərinin elat mətbəxi ilə bağ­lı olması bəl­lidir. Bu­ fakt Şəki bölgəsinin elat dünyası ilə sıx təmasından və so­nuncuların Şəkidə məs­kunlaşmasından xəbər verir.

Şəkidə yaşayan əhalini qədim türk əhalisi, yəni min il­lər­dən bə­ri Şəkidə məs­kunlaşan yerli türklər və elat türklər ol­maq­la iki qrupa ayır­maq olar. Biz elat­ türklər deyəndə Şəki əra­zisində yaşayan qaraqoyunluları nə­zər­də tuturuq. Qa­raqo­yunlu tayfalarının Şəki ərazisində məskunlaşmaları haq­qın­da müxtəlif mən­bələr məlumat verir. «Şəki qaraqoyun­luları da mən­şəcə oğuz tayfalarından bi­ri olan baharlılar soyun­dandır. 1468-ci ildə Ağ­qo­yun­lu­larla döyüşdə məğ­lu­biyyətə uğrayan qa­raqoyunlular Araz çayını keçərək şi­ma­la üz tutmuş və­ müx­təlif ərazilərə səpələnmişlər. Bir müddət keçən­dən sonra on­la­rın bir qis­mi­ əvvəlki yaşayış məskənlərini də tərk edərək başqa bölgələrə köç­müşlər. Belə bö­yük dəstələrdən biri də XIX əsrin I yarısında Şəki qəzasına gə­lib çıxmış və Gül­lübağ adlanan əra­zidə məskunlaşmışdır. Dərə­cənnət, Təpə­cən­nət, Alıxanlı (Kəh­­­rizoba), Şirinbulaq, Aydın­bulaq, İbrahimkənd, Hətə­mo­ba (indi bu kənd yox­dur), Çayqa­raqoyunlu, Dağqaraqoyunlu, Qa­yabaşı, Əl­yar kəndlərinin əha­lisi həmin qaraqoyunlulardır. On­lar bu əraziyə Alı xanın baş­çılığı altında köç­müşlər. Həmin əra­zilərdəki toponimlər Alı xanın adını indi də yaşadır: Alı­xan­lı kəndi, alıxanlılar, Alıxanlı bulağı, Alıxanın yataq yeri və s. Bu ərazi mal­dar­lıq üçün çox əlverişlidir. Görünür, həmin əra­zini yaşayış yeri se­çən qa­ra­qo­yun­luların diqqətini də bu cəhət cəlb etmişdir» (10, 556; 31, 49).

Onu da deyək ki, Şəkidə yaşayan oturaq türklər qaraqo­yunluları «tə­rə­kə­mə»­, qaraqoyun­lu­lar isə yerliləri «muğal» ad­landırırlar. «Muğal» Şəkidə ya­şayan ləz­gilərin Şəkinin qə­dim türk əhalisinə verdikləri addır. Şəki qəzasını öz­lərinə ya­şayış məskəni seçən qara­qoyun­lu­lar oturaqlaşmış əhalini ləz­gilər ki­mi «muğal» ad­lan­dır­ma­ğa başlayıblar.

Baş verən məlum hadisələrlə bağlı olaraq, XX əsrin müx­təlif dövrlərində Qər­bi Azərbaycan, Dağ­lıq Qarabağ və ətraf rayonlardan didərgin düşən xeyli say­da Azərbaycan tür­kü Şəki rayonunun müxtəlif yaşayış məntəqələrində məs­kun­laşmağa məcbur ol­muşdur. Qayabaşı, Bolludərə, Şəki kəndlə­rinin əhalisi Ve­dibasardan, Göy­çə­dən deportasiya olunanlar­dır. Cəfərabad kəndində həm qa­raqoyunlular, həm də 1948-ci ildə Qərbi Azərbaycandan deportasiya olunan azər­baycanlılar ya­şayır. Daşbulaq kəndində isə Şəkinin qədim türk əhalisi ilə ya­naşı, 1905, 1917, 1988-ci illərdə Dərələyəz mahalından və Qərbi Azər­bay­ca­nın­ digər ya­şa­yış məntəqələrindən deporta­siya edilən azərbaycanlılar məs­kun­laş­mışlar.

Göyçə, Vedibasar mahallarının əhalisinin bir qismi də Trud dü­zü boyunca yer­ləşən yaşayış məntəqələrində məskən salmışlar. Qəribə bura­sı­dır ki, həmin kən­dləri qeyri-adi adlar­la adlandırmışlar: I, II, III, IV, V sov­xoz (bəzən də «sov­xoz» sözünü «şöbə» sözü ilə əvəz edirlər).

1948, 1988-ci illərin deportasiyasına məruz qalan (əslin­də, buraya 1915, 1918-ci illərin hadisələrini də əlavə etmə­li­yik) həmyerlilərimizin ağız ədəbiy­yatı ay­rı­­ca toplanmalı və tədqiq olunmalıdır.

Say baxımından rayonda yaşayan azsaylılar içərisində Dağıstan xalqları qrupu, yəni saxurlar, laklar, tabasaranlılar, axtılar, rutullular və s. türklərdən son­­ra ikinci sırada dayanır. Bu millətlərin nümayəndələri olan yaşlı söyləyicilərin verdik­ləri məlumatlara görə, Dağıstanda yaşayış olduqca çətin, dola­nı­şıq ağır olduğu üçün onlar köçüb Şəki və ətraf rayon­larda məskunlaşmağa məcbur olmuşlar. 2011-ci ilin statistik göstəricilərinə görə, onların ümu­­­mi sayı 7152 nəfər olmuşdur (28, 275). Bu xalqlar daha çox Şəki şəhə­rin­də, Bal­talı, Qudu­la, Qaradağlı, Şorsu və Şin kəndlərində Azər­­­bay­can türkləri ilə kom­pakt halında yaşayırlar.

«...Dağıstan Respublikası sanki bir xalqlar, dillər mu­ze­yidir. Orta yüzilliyin ərəb səyyah və coğrafiyaçıları da buranı «cebel-ül elsan», yəni dillərin dağı, çox ellər yaşayan dağ ad­landırmışlar. Burada radiolar hər səhər 33 dildə yerli xalqları salamlamaqla verilişlərinə başlayır» (102, 287).

Buradakı 33 xalqın və etnik qrupun nümayəndələrin Azər­baycana gəldikdən sonra Azərbaycan türkləri ilə qayna­yıb-qarışıb, onun folklorunu və mədəniyyətini mənimsəyib. Bu etnik qruplar Azərbaycanda əsasən iki ad altında – avar və ləzgi adı altında göstərilir.


1.3. Etnoqrafik, etnik və dini qarşılaşdırmalar
Şəkinin qədim türk əhalisi an­caq­ əkinçilik və sənət­kar­lıqla, elat türklər isə daha çox maldarlıqla məşğul ol­muş­lar. Fərqli həyat tərzi istər-istəməz hətta eyni etnik qrupun da mə­də­niy­yə­tin­də müəyyən fərqlər yaradır. Bu barədə tədqi­qatçı­ların fikirləri olduqca ma­raq­ doğurur: «Oturaqlaşma etnik, eləcə də mədəni sistemdə bir çox dəyi­şik­lik­lər­ yaradır. Elat həyata məxsus bir çox institutlar (el, oymaq, boy və s.) itirilir. Ye­ni həyat tərzi bəlli institutlara uyğun­laşmağı tələb edir. Əsas məşğuliyyət sa­hə­si olan heyvandarlıq öz yerini əkin­çi­liyə verir və s. Sosial diferensiallaşma et­nik­ diferensial­laş­ma­ya keçir» (51, 140). Ancaq «təbiətə uyma, təbiətlə qar­şılıqlı an­laşma və ahəngdarlıq köçərinin başlıca yaşam kodu­dur. Əkin­çilik, tam tər­si­nə­, cəmiyyətlə təbiəti qarşı-qarşıya qoy­maq, təbiət üzə­rində zorakılıqdır» (32, 79).­ Qışda mal-heyva­nın arxasınca qışlağa, yayda yayla­ğa köç edən tərə­kə­mə­­nin­ həyat tərzi təmizliyə vərdiş etmiş oturaq türkün gö­zündə, hə­qiqətən də, əsl zül­mdür. Ərazidən qeydə alınmış lətifələrin bi­rində muğal tərəkəməyə deyir: «Ha­san əmi, daha tərəkə­mənin zulumu başdandı. A kişi, bir loxma əppəkdən ötə­ri, nə zu­­lumdu, siz heylə çəkirsiniz. Qaraçıya oxşuyur­su­nuz, iy-qox­dan sizə ya­xın da durmax olmur» (104, 51).

Oğurluq oturaq türk üçün ayıb, əksiklik gətirən hal sa­yılırsa, tərəkəmə bu­na­ igidlik əlaməti kimi baxır. 2003-cü ilin mart ayında Şəki rayonunun Baş Göy­nük kəndində folk­lor toplayırdım. İnformatorum 70 yaşlı Qurbanova Fi­ru­­zə Həsən­­qulu qızı 1952-ci ildə Gürcüstan Respublikasının Qar­da­bani ra­yo­nu­nun Qara­ca­lar kəndindən Baş Göynüyə gəlin gəlmişdi. Hiss olunurdu ki, o, uz­un illər Şəkidə yaşamasına baxma­ya­raq, ruhən tərəkəmə olaraq qalmışdır. Bu qadın oğurluqla bağ­­lı rəvayəti çox həvəslə danışdı. Ətrafımıza yığışan qa­dın­ların çox təəccüb etdiklərini gördükdə «Aaz, o vaxtı bizdə hər gejə qapıya bir­ heyvan oğurruyuf gətirmiyəni kişi saymırdılar ki...», – dedi. Yerli qadınlar ağ­ızlarını büzə­rək «Yaxşı görax, oğurrux nə vaxdan kişiliyh sayilifdi», – deyə ca­vab verdilər. Eyni hal özünü qaraqoyunlular arasından toplanmış lətifə və rə­vayətlərdə də göstərir.

«Şəki folkloru» kitabında «Qaraqoyunlu ixtilətləri» baş­lığı altında ve­ril­miş­ əhvalatlar da oturaq türklərlə tərəkəmələr arasındakı düşüncə tərzinin fərq­liliyini aşkarlamaq baxımın­dan gözəl nümunələrdir (10).

«Qonşu qızın tərifi»ndə oturaq camaatla tərəkəmələrin qadına yanaşma tər­zi diqqəti çəkir. Gələn elçilərin yanında qonşunun qızını tərifləyən tərəkəmə de­yir: «Ağrınız alım, ay qardaşlar, lap yaxşı eliyif gəlmisiniz. Vallah, ona qız de­mək olmaz, yıxılı öyün dirəyidi. Bir payaynan beş kişini birdən yat­dırır. Ük­lü­ aravıya qoş, dağın başına qaldırsın. İnanın ki, qonşumuzdu diyə, demirəm, Pər­zad balamız qoşulu kəldi, atdı, camışdı…» Kişi hələ sözünü tamamlamamış el­çi­lər qal­xıb deyirlər: «Sağ olun, dayı, biz gedəsi olduq. Biz buraya qıza gəl­miş­dik, mal-qara almağa yox» (10, 226).

Gününü çöldə-bayırda keçirən tərəkəməyə fiziki cəhət­dən olduqca güclü, əri­nə təsərrüfat işlərində kömək etməyi bacaran qadın lazımdır. Əkinçilik və sə­nətkarlıqla məşğul olan oturaq əhali isə yalnız ev işləri ilə məşğul olmağı ba­ca­ran qa­dın axtarır. Bununla yanaşı, tərəkəmə üçün də oturaq həyat tər­zinə vər­diş etmək çətindir. İl boyu yaylaqdan qışlağa, qışlaq­dan yaylağa köç edən, gününü ancaq mal-hey­vana qul­luq­la ke­çirən tərəkəmə oturaq həyata heç cür alışa bilmir. Aşa­ğı­da­kı nümunə bu baxımdan maraq doğurur: «Tərəkəmə qızı ilə ev­lənmiş şəkili ər­ onun xəyanət etməsindən şübhə­lənib arvadını güdür və qarşılaşdığı mən­zə­rə­dən dəhşətə gəlir. Görür ki, arvadı bağda iki yerə daş yığıb; bir tərəfdə dörd-beş­ iri daş, o biri tərəfdə isə on-on beş xırda, ağ daş. Arvad gah iri daşları əli ilə­ sığallayıb deyir: «Ho-ho, qoy səni sağım». Gah da o biri iri daşı sığallayır: «Ho­-ho, sarı inəyim, vedrəni doldur, sənnən kü­sərəm haa!» Sonra əlindəki na­zik­ çubuqla xırda daşları vurub deyir: «Çüş, keçi, yiyən ölsün, tərpən qoyunları apar­, xalxın sürüləri örüşə çatdı, sən hələ tərpən­məmisən» (10, 261).

Onu da qeyd edək ki, Şəkinin oturaq və elat əhalisi ara­sında olan etno­q­ra­fik­ fərqlərlə yanaşı, rayonun kənd və şəhər əhalisi, o cümlədən ayrı-ayrı kən­d­lə­ri arasında da et­noqrafik fərqliliklər mövcuddur. Həmin fərqlər folklorda da əks­ olu­nur. Bu ziddiyyətlər lətifələrdə, deyim və ifadələrdə daha çox üzə çıxır. Şə­ki şəhərinin əhalisi arasında bu tipli folk­lor mətn­ləri çox söylənilir:

Motal papax kəntdilər,

Aləmi tərpətdilər.

S..a-s..a gəldilər,

Yığa-yığa getdilər (10, 331).


Azərbaycanın əksər bölgələri üçün səciyyəvi olan bəzi paremilər Şəki mü­hi­tində özünün konkret ünvanını tapır: «Hər yerdən bir-bir, Oxudun ya­rı­sı» (79).­

Belə sataşmalar, ehtimal ki, kəndin bölgə üçün xarak­terik olmayan mental xü­susiyyətlərindən doğur. Aşağıdakı de­­yimlər də oxşar səciyyə daşıyır: «Qox­mux­lunu görən gö­rüf­­dü, görmüyən də arzuluyə-arzuluyə gessin»; «Dəhnəliyə sa­lam verif əlınıı çəkdını, barmaxlarınıı say» (79).

– Meyvənin pisi nədir?

– Gavalı.

– İnsanın pisi kimdir?

– Dəhnəli (79).

Şəki şəhəri ilə Göynük kəndlərinin əhalisi həm ləhcə fərqlərinə görə se­çi­lir­lər­, həm də xarakter baxımından müəy­yən qədər fərqlidirlər. Şəkililər göy­nük­lü­ləri «qada göynüklü» (Göynüklülər müraciət zamanı «qada» sözündən çox is­ti­fadə edirlər), «yaveynən hökməti yıxan göynüklü» (1930-cu il Göy­nük üs­ya­nı­na işarədir) adlandırırlar. Göynüklülər də öz növbələrində şəkililərə borclu qal­mırlar. Onlar şəkililəri «qə­piyh noxulu» (şəkililər haqq-hesabda çox də­qiq­dir­lər), xınalı noxulu» (Əvvəllər Şəki şəhərində yaşayan qadınların əksə­riy­yəti saç­larına xına yaxardılar) (79) adlandırırlar.

Rayonun kəndləri də öz aralarında etnoqrafik fərqlilik­lərə malikdirlər. Şə­ki­nin Göynük kəndləri dağ kəndləridir. Bu kəndlər meyvənin bolluğu ilə se­çi­lir­. Göynüklülər içməli suyu Şin çayından götürürlər. Babaratma kəndi isə on­la­ra nisbətən aran kəndi sayılır. Bu kəndin əhalisini içməli su ilə artezian qu­yu­la­rı tə­min edir. Göynük kəndlərinin əhalisi Şəkinin digər camaatına nisbətən öz­ sərt­lik­ləri, cəsurluqları, döyüşkənlikləri ilə fərqlənirlər. Babaratmalılar isə xa­raktercə həlim adam­lardır. Məişət və etnoqrafiyada olan bu kimi fər­qlər özünü hə­min kəndlərin əhalisinin bir-birinə münasibətində də gös­tərir. Ba­baratmalılar göynüklüləri «qaqa (meyvə) yiyən göynüklü», «adamasan göy­nük­­lü», göynüklülər isə babaratmalıları «me­yəl (göl) suyu içən babaratmalı» ad­landırırlar.

Göynük kəndlərində dəhnəlilərə qoşulmuş məzəli şeirlər də çox məş­hur­dur:­

– Haralısan?

– Dəhnəli.

– Nə satısanı?

– Şəfdəli.

– Neçiyə?

– Üçü bi şahiyə (79).

Dəhnəlilər haqqında lətifələrə də Şəki ərazisində tez-tez rast gəlmək olur. Bu­­ lətifələrdə dəhnəlilər çoxbilmiş adamlar kimi qələmə verilir (8; 9). Qox­muqlular haqqında lə­ti­fələr də Şəki ərazisində geniş yayılmışdır. Həmin ləti­fə­lər­də Qox­muq camaatı bir qədər sadəlövh adamlar kimi təsvir olu­nur (79). Bu lətifələrdən II fəsildə geniş şəkildə bəhs edəcə­yi­miz üçü­n burada onların üzərində dayanmağı lazım bilmə­dik.

Şəki ərazisində təkcə yuxarıda adları çəkilən kəndlərlə bağlı yox, Şəkinin di­gər kəndləri və şəhər əhalisi haqqında deyimlər, ifadələr, lətifələr kifayət qə­dər­dir.

Şəki folklor mühiti şəkililərlə yanaşı, qaçqın və depor­tasiya olunan əha­li­yə­ münasibət bildirməyi də yaddan çıxar­mayıb. Bu münasibət folklorda yerli-gəl­mə və dini məzhəb müstəvisində (sünnü-şiə) özünü göstərir:


Bir əlində bölmədan

Uzun boy, naziyh bədən.

Arvad alısanı yerridən al,

Arvad olmaz gəlmədən (79).


Bəzən xalq arasında gəzən məzəli söhbətlər sonradan lətifələşərək dillər əz­­bəri olur: «Bir şəkilinin evində Ağdam­dan deportasiya olunmuş qaçqın ailəsi məs­­kunlaşır. Yemək za­manı qaçqın kişi tez-tez «Həzrət Abbas haqqı» deyə and­ içir. Bu and ev sahibinin xoşuna gəlmir. O deyir: «Həzrət Ab­basın adını az çək.­ Həzrət Abbas, adınıı çəkən çörəyh tapbaz». Həmin hadisədən sonra ağ­dam­lı bir də şəkilinin evində bu ifadəni işlətmir» (79).

Şəki folklor mühiti qonşu rayonlarda yaşayan əhalinin etnoqrafik xü­su­siy­­yət­lərinə də müəyyən münasibət bildirir. Şəki ətraf rayonlardan öz mü­ha­fi­zə­­kar­lığı, qapalılığı ilə se­çilir. Qonşu rayonların əhalisi hərəkət və rəftarlarında şə­­ki­lilərə nis­bətən daha sərbəst və açıq-saçıqdırlar. Odur ki, şə­kililər Qax ra­yo­­­nun­dan gəlin gətirən adamlara deyirlər: «Qaxa düşdunı, p..a düşdunı» (79). Qa­xın Malax kəndində balqabaqlı aşı çox sevirlər. Bunu bilən Şəkinin Göy­nük­ kəndinin sakinləri malax­lılara belə sataşırlar:

– Haralısan?

– Malaxlı.

–Aşı bişir qavaxlı (Göynük kəndlərində balqabağı qavax ad­landırırlar).

Yiyax daddı-damaxlı.

Yatax dallı-qavaxlı (79).

Şəkililər Zaqatalanı «mini Parij» (Zaqatala əhalisi ge­yim və davranışda sər­bəstliyi sevir) adlandırırlar. Zaqatalılar isə şəkililəri «bic şəkili», «çoxbilmiş şə­kili» çağırırlar.

Balakənlilər şəkililər haqqında deyirlər: «Balı (gilas) ağa­cıynan şəkilini qa­pın­nan içəri qoyma» (79). Deyimin mə­na­­sı budur ki, balı ağacı tez artıb-ço­xa­lan­dır. Şəkililər də düş­dükləri yerdə toplum halında yaşamağa meyllidirlər.

Şəki folklor mühitində etnik qarşılaşdırmalar da sıx şəkildə özünü gös­tə­rir­. Şə­kililər ləzgilərlə yaxın qonşu olduq­ları üçün etnik qarşılaşdırma şəkili ilə ləzgi ara­sında baş verir. Bu səbəbdən şəkili və ləzgi bir çox lətifələrin əsas qəh­rə­man­larına çevrilir. Həmin lətifələrdə gah iki ləzgi, gah da şəkili və ləzgi qarşı­laş­dırılır. Polietnik lətifələrdən irəlidə danışacağı­mız üçün burada geniş şəkildə bəhs etməyi lazım bilmədik.

Ərazidən qeydə aldığımız rəvayətlərin də bir qismi etnik qarşılaşdırma üzə­rində qurulur.

Bu iki etnik qrupun bir-birinə münasibəti aşağıdakı za­rafatlarda da öz ək­sini tapmışdır: Şəkililər ləzgiləri «Ləzgi nə­di, güzgü nədi?» deyə cırnadırlar. Ləz­ginin buna cavabı «Mu­ğal nədi, sığal nədi?» (79) olur. Şəkinin yer­li türk əhalisi ol­duq­ca mehriban, ünsiyyətcil camaatdır. Onlar soyuqqanlı, ün­siy­­yət sevməyən ləzgiləri belə cırnadırlar: «Poladdan bərk olur canı ləzginin, Heç kəsə qaynamaz qanı ləzginin» (10, 346).­­­­­

«Ləzgi qonağınkı yiyincədi», «Filankəsdə ləzgi damarı var», «Ləzgi kimi tərs damarın tutmasın» və s. (79) kimi ifadə və deyimlər də şəkili və ləzgi ara­sın­dakı münasibəti ifadə edir.

Dini məzhəb etibarilə rayonun əsas əhalisi sünnülərdir. Bölgədə şiə məzhəbindən olanlar da yaşa­yır­lar. Şiələr kom­pakt­ halında Şə­ki şəhərində (Gəncəli məhəl­ləsində), Cəyirli, Qaya­­başı, Bolludərə və Cə­fə­ra­­bad kənd­lə­rində məs­kun­laş­mış­lar.­

Gəncəli məhəlləsinin əhalisi Səfəvilər dövründə Şəkini idarə etmək və da­yaq yaratmaq üçün Gəncədən Şəkiyə köçü­rülənlərin nəsilləridir. Şəkinin sünnü əhalisi şiələri «qızılbaş», bəzən də «qəcər» adlandırırlar. Məlumdur ki, şiə yön­lü səfəvi təriqəti həm də «qızılbaş» adlanmışdır. Şiələrin «qızılbaş» ad­lan­­dı­rıl­ma­sı Azərbaycanın başqa sünnü bölgələrində də (Qax, Zaqatala, Balakən ra­yon­larında və s.) özünü göstərir.

Qacar etnonimi XVIII əsrdə hakimiyyətə gəlmiş Qacar sülaləsi ilə bağlıdır (135,­ 209-210). «Qəcər» termini isə «Qacar» sözünün təhrifə uğramış varian­tı­dır.­

Cəyirli, Qayabaşı, Bolludərə və Cəfərabad kəndlərinin əhalisi isə XX əsrin müx­təlif dövrlərində Qərbi Azərbay­can­dan deportasiya olunduqdan sonra gə­lib bu ərazidə məskun­laşmış şiələrdir.

Sovet imperiyasının süqutu nəticəsində Azərbaycan xalqı müstəqillik əldə etdi və öz milli-mənəvi dəyərlərini ye­nidən bərpa etmək imkanı qazandı. Dini də­yərlərin yenidən ak­tivləşməsi folklora da öz təsirini göstərməyə başlamışdır. Ra­­­yonun ərazisində folklor ezamiyyətlərində olarkən dini möv­zulu folklor mətn­lərinin aktivləşməsini müşahidə etdik. Bu proses özünü yas mərasim­lə­ri­n­də söylənən rəvayət və nagıllarda daha qabarıq göstərir.

Başqa bölgələrimizdə olduğu kimi, Şəkidə də sünnü-şiə münasibətləri XX əsrin əvvəllərində olduğu kimi deyildir. XIX əsrin sonu-XX əsrin əvvəllərində mil­­li şüurun güclən­məsi ilə bağlı olaraq sünnü-şiə münasibətləri tədricən zəif­lə­mişdir. Sün­nü-şiə ziddiyyətinin zəifləməsində Sovet hakimiy­yəti illərində apa­rı­lan­ ateizm təbliğatı da əhəmiyyətli rol oy­na­­mışdır. Buna baxmayaraq, sünnü-şiə zid­diyyətləri hələ də bə­zi insanların şüurunda yaşamaqdadır. Sünnü-şiə zid­diy­yəti ilə bağlı folklor örnəkləri bu əhvali-ruhiyyəni əks etdirir. Hə­min zid­diy­yət­lə­ri daha qabarıq göstərən folklor janrı lətifədir. Fikrimizi daha yax­şı ay­dın­laş­dır­maq üçün misallara baxaq: «Bir ləzgi təsadü­fən Aşuraya gəlib çıxır və burada nə baş ver­diyini soruşur. Yığışan camaat «hüzürdür», – deyə cavab ve­rir. Ləzgi ölü­nün harada olduğunu soruşanda camaat onların 1300 il bundan qa­baq qətlə ye­tirildiklərini söyləyir. Buna hey­­rət­lənən ləzgi deyir: «Can, ay ya­zıq­lar, xəbər si­zə nə ya­man gec çatıfdı» (79). Və ya «Gəncəli məhəlləsindən olan bir neçə ağ­saq­qal yolda oturub söhbət edirmiş. Bu zaman başqa bir mə­həl­lədən olan gənc əlin­də­ki təsbehi yellədə-yellədə oradan keçir. Ağ­saq­qall­ardan biri deyir ki, oğul, adam təsbehi helə eləməz. O, təsbehi oğlandan alır və dənələrini bir-bir çe­vi­rərək sa­yır: «Bax, bu imam Hüseyn, bu imam Həsən, bu imam Rza, bu Abbas, bu ...». Səb­ri tükənən gənc təsbehi ki­şi­dən alır və yel­lə­də-yellədə deyir: «İmamlar, bərk du­run, getdik» (79).

Sünnü-şiə ziddiyyətlərini əks etdirən daha bir janr isə rəvayətdir. Şəkidə söy­lə­­nən dini rəvayətlərdən birinə görə, iki qonşunun ərazi davasından sonra mü­səl­man­lar sünnü və şiə adlı iki qola parçalanmışlar. Bu rəvayətdə deyilir ki, iki qon­şu yer üstündə dalaşır. Onlardan biri o birinin mülkünü əlindən almaq üçün qon­şu­suna şər atıb onu vilayətdən sürgün etdirir. Sonra isə sürgündən qa­yı­dan kişini öz qızı ilə evləndirir. Qızı ilə evlənmiş kişi intiqam almaq üçün şü­şənin içinə kağız ya­zıb qoyur və onu meşədəki ağacın haçasında gizlədir. Ağac bö­yüyüb şüşəni için­də gizlətdikdən sonra o bildirir ki, Allah-təaladan ona qon­şuları haqqında ni­da gəlib. Camaat meşəyə gedir və kağızı tapır. Ka­ğızda ya­zılanlara əsasən qonşu və onun bütün nəsli həmin gün­dən etibarən ölülərinin qol­tuğu­nun altına ağac, bu­run, qulaq de­şiklərinə pambıq qoymalı­dır­lar. Bu rə­vayətə görə, qızılbaş və sün­­nü o gündən ayrılır və həmin qaydaya riayət edən­lər qızıl­başlardır (79). Bu rə­va­yətdən də gördüyümüz kimi, Şəkinin dini təhsili olmayan əhalisi sünnü-şiə məzhəblərinin yaranma­sını islam dinindən fərq­li olaraq məişət müstəvisində izah edir.


1.4. Əhalinin məşğuliyyəti onun folklorda ifadəsi
Şəki haqqında qeyd­lə­rə müxtəlif tarixi mənbələrdə rast gəlmək mümkündür. Dünyanın ən məşhur səy­yahları öz səyahətna­mələ­rin­də Şəkinin tarixi, coğrafiyası, təbiəti ilə bir­likdə bu­rada yaşayan əhalinin həyat­­ tərzi, məşğuliyyəti barədə də olduqca maraqlı məlumatlar vermişlər (42, 45; 75,78-79; 114, 26, 164, 179, 183). Şəki Azər­bay­­ca­nın ən qədim yaşayış məskən­lə­rin­dən biridir. Buna görə də o, Azər­bay­ca­nın ən qə­dim əkinçilik rayon­la­rın­dan biri sayıla bilər. Mənbələrin ver­diyi mə­­­lu­ma­ta görə, Şəkidə şəhər mə­də­niy­yəti də erkən çağ­larda formalaşmışdır (86, 8; 107, 164). Şəkidə ticarətin və sənətkarlığın inkişafı da buradan irəli gəlir.

Şəkinin qədim türk əhalisi daha çox əkinçilik və sənət­karlıqla məşğul olur. Ra­yonun ərazisinin əkinə yararlı münbit çay vadiləri, bərəkətli dü­zən­lə­ri əkin­çi­liklə məşğul olmağa əlverişli şərait yaradır.

Şəkidə əhalinin erkən oturaqlaşması onu Azərbaycanın ən qədim sə­nət­kar­­lıq mərkəzlərindən birinə çevirmişdir. Di­gər bir tərəfdən də gil, ağac, müx­tə­­lif lifli bitkilər, boyaq mad­dələri, yun, qəzil, gön, dəri və s. kimi xammalla bol olan Şə­ki­də sənətkarlığın inkişafına əlverişli şərait yaranmışdır (86, 10). Müx­təlif sənət növlərinin sayına gö­rə Şəki Azər­baycan şəhərləri arasında üstün mövqeyə malik olmuşdur. Şə­ki­­də dəmirçilik, misgərlik, qalayçılıq, dər­zi­lik, dabbaqlıq, şə­bəkə­çilik, du­lus­çu­luq,­ xarratlıq, dülgərlik, metalişləmə, zər­gər­­lik, papaqçılıq, silah­saz­lıq, bo­yaq­çı­­lıq, ipəkçilik və s. On­larla bu kimi sənət sa­həsi geniş inkişaf etmişdir (87, 8).

Azərbaycanın digər şəhərlərində olduğu kimi, Şəki sə­nət­karları da bir yer­­də cəmləşməyə meylli olmuşlar. Şəki şə­hərindəki küçələrin adları da bunu bir­­­ daha sübut edir: Şal­baflar (şal toxuyanlar), Sabunçular, Xarratlar, Sər­kar­lar­ (qo­yun­çu­lar), Qışlaq və s. Bu adlardan yalnız Qışlaq peşə və sə­nət adı bil­dir­­mir. Amma R.Əfəndizadənin verdiyi məlumata görə, bu məhəllədə də sə­nətkarlar yaşamış­lar. Burada xana məxsus barama qurdları saxlanırdı (49, 74).

Şəkinin kəndlərində də sənətkarlıq geniş inkişaf etmiş­dir. Kəndlərdə hər nə­sil sənətkarlığın bir növü ilə məşğul olmuşdur. Bu vəziyyət XX əsrin 50-60-cı illərinə ki­mi­ davam etmişdir. Şəki şəhərində olduğu kimi, kəndlərində də bə­­zi­ nəsil və məhəllə adları, hətta ləqəblər müxtəlif sənət sahələri ilə bağlı ol­muş­­dur.­ Şəkinin Baş Göynük kəndində Dəmirçi uşağı, Qileyçilər, Misgərlər ki­mi nə­sil adları, Qileyçi Avdılla və s. ləqəblər, Baş Göynük, Kiş, Oxud və s. kənd­­­lərdə, hətta Şəki şəhərinin özündə Duluzlar məhəlləsi çox məşhurdur.

Şəkidə sənətkarlığın geniş inkişafı ticarətin təşəkkü­lün­də mühüm rol oyna­mışdır. «Şəkidə istehsal olunan malların bir qis­mi dünya bazarına çıxarılır, bir­ qismi qonşu əyalətlərdə yaşayan müştərilərin tələbatını ödəyir, bir qismi isə yer­li bazarlarda satılırdı. 1846-cı ildə «Kavkaz» qəzetində dərc olunmuş «Nu­xa» sər­löv­həli məqalədə göstərilir ki, şəhər əhalisinin 3100 nəfəri ti­ca­rətlə məş­ğuldur. Ke­çən əsrin 40-cı illərində Nuxa şəhərində təqribən 7700 nə­­fər adam ya­şayırdı. Be­lə çıxır ki, o zaman nu­xalıların 40%-ə yaxını ticarətlə məş­ğul olur­muş» (49, 53).

Rayon ərazisi, həm də Böyük İpək Yolunun üstündə yerləşirdi. Təbii ki, bu amilin özü də ticarətin inkişafına təkan vermiş olurdu.

Qaraqoyunlu kəndlərinin əhalisi daha çox heyvandar­lıqla məşğul olsalar da,­ son dövrlərdə onlarda da oturaqlaşma prosesi getməyə başlamışdır. Onlar öz­ mal-heyvanlarını Şəki ərazisindəki yaylaqlardan başqa, Kəl­bə­cər rayonunun yaylaq­larına da aparırdılar. Həmin ərazilərin işğalı bu pro­se­si bir az da sürətləndirmişdir.

Ərazidə əhalinin məşğuliyyət sahələrinin hər biri ilə bağlı xeyli sayda folk­lor örnəyinə rast gəlmək olar. «Etnoqra­fik, etnik və dini qarşılaşdırmalar» ya­rım­baş­lığında maldarlıq həyatını özün­də əks etdirən lətifə və məzəli ixtilatlardan bəhs etmişdik. Hey­vandarlıqla məşğul olmaq təkcə həmin ərazidən toplanmış lətifələrdə, məzəli ixtilatlarda deyil, folklorun digər janrlarında da iz bu­rax­mışdır. Bu xüsusiyyət özünü daha çox bayatılarda göstərir:
Qoyunu quzu əmdi,

Qoymuyun, yelni nəmdi.

Yaylağa hay düşüfdü,

Hamısı burda cəmdi (79).


Çoban çıxdı yaylağa,

Dadandı sütə, qaymağa.

Çobanın könlü olsa,

Sütü döndərər yağa (79).


Bu baxımdan, tapmacalar da ayrıca dəyərlən­diril­mə­li­dir:
Süfrələrin bəzəyi,

Çobanların isdəyi.

Bişmir ocaxda, qazda,

Yiyilir çox ləzzətdi (pendir) (79).


Dört gözdü bulax,

Onun suyu dümağ (inəyin yelni və südü).

Səkgiz sədrəcə (it məməsi).

Dörd xumarcan (inək məməsi).

İki mərcan (keçi məməsi) (79).
Eyni xüsusiyyət Qaraqoyunlu kəndlərində qeydə alınan ata­lar sözlərində də müşahidə olunur: «Heyvanın canı ağzında olar»; «Hamının hağlı bir olsa, ke­çiyə ço­van tapılmaz»; «Ço­vanı özün­nən olanın qoyunu əkiz doğar, quzusu da dişi olar»; «Keçi­nin qoturu bulağın gözünnən su içər»; «Mal can yon­qa­rı­dı» və s. (79).

Şəki ərazisində əkinçilik həyatını özündə əks etdirən xeyli sayda folklor ör­nəyinə rast gəlmək olar. Bu baxımdan, atalar sözü və məsəllər, tapmacalar, ba­yatılar və s. janrlar üstünlük təşkil edir: «Yer bərk olanda öküz öküzdən gö­rər»; «Yemişin ağırı, qarpızın yüngülü»; «Köhnə arxa gənə su gə­lər»; «Turpun sıx­lığınnan seyrəhliyi yaxşidi»; «Tullana-tul­lana ehmağın, opbana-opbana biş­mağı olar» (79).


Bir il əkərlər,

Yeddi il biçərlər (yonca) (79).


Atası el qocası,

Anası yayma xatun.

Bacısı el gözəli,

Qardaşı toy dəlisi

(Tənək ağacı, tənək yarpağı,

üzüm, şərab) (79).


Biçinçi bafa bağlar,

Biçdikcə bafa bağlar.

Bir yar vəfasız çıxsa,

Kim ona vəfa bağlar? (79)


İreyhanı saşdim düzə,

Boy verdi, qalxdı dizə.

İreyhan boylü qardaş,

Niyə gəlmiyisan bizə? (79).


Şəki sənətkarlığının yüksək səviyyədə inkişafı, təbii ki, folk­lorda da öz iz­lərini buraxmaya bilməzdi. Şəki ərazisində sə­nətkarlıqla bağlı folklor nümu­nə­ləri saysız-hesabsızdır. Şəki sə­nətkarlığı, demək olar ki, bütün folklor janrla­rın­da iz qoy­muş­dur. Sənətkarlıqla bağlı bənzətmələrə, metaforalara Şəki­dən top­lan­mış bayatılarda tez-tez rast gəlinir:
Baxçası barsız adam,

Heyvasız, narsız adam.

Qileysiz qava bənzər

Həmişə yarsız adam (79).

Əyağında məsi var,

Qızıldan düyməsi var.

Qoymur gedəm yanına,

Bir zalım nənəsi var (79).

Araxçının zəri var,

Butası var, zəri var.

Xumar baxan gözdərin

Yarıma bənzəri var (79).


Şəki sənətkarlığının izlərinə ərazidə yayılmış atalar söz­ləri və tapma­ca­lar­da da rast gəlinir: «Şəyird ustasınnan bi bar­max uxarı olmalıdı»; «Malını mal olunca, bazarını bazar ol­sun»; «Gödeyh kişi çəpər yorar (biz)»; «Alıcən quyə düş­dü, qulaxları ilişdi (xəncər)» (79).

Ərazidən toplanmış lətifələrin də müəyyən bir qisminin mövzusunu sənətkar­lıq təşkil edir. Lətifələrin birində oğlunu misgər görmək istəyən ata onu aparıb misgər yanında şəyird qoyur. Usta ataya şəyirdini iki ilə misgər kimi yetişdirməyə söz verir. Ancaq üç gündən sonra evə qayıdan şəyird atasına da misgərliyi «öyrədir»: «Əsli misdi, qoydun kürəyə, oldu isti, döydün, oldu yastı, əydin, tasdı» (8, 248).

Digər sənət növləri kimi, ipəkçilik də ərazidən qeydə alınmış folklor ör­nək­lərində dərin iz buraxmışdır. İpəkdən hazırlanmış parça, geyim adlarına əra­ziyə məxsus folklor nümunələrində tez-tez rast gəlmək mümkündür. Bu ba­xım­dan, bayatı janrı üstün mövqeyə malikdir:
Kələğayı qat-qat mənəm,

Heyratı dört qat mənəm.

Sevdiyimə getməsəm,

Bil ki, bimürvət mənəm (79).


Suya gedəyh ikimiz,

Güləvatın yükümüz.

Şahmır döşəyh, gül yasdıx,

Yatıf qalax ikimiz (79).


İpəkçiliklə əlaqədar yaradılmış tapmacaların böyük ək­sə­riyyətinin aç­ma­sı baramaqurdudur. Bu tapmacalar Şəkidə da­ha aktiv şəkildə işlənir:
Bir quşum var alacə.

Getdi, qondu ağacə.

Özünə bi öy tihdi,

Nə qapı qoydü, nə bacə (79).


Çay aşağı işim var,

Zəryalda gümüşüm var.

Müşəbağlı otaxda

Gözü bağlı quşum var (79).


Öz qavrını özü qazar (79).
Yuxarıda verilmiş hər üç tapmacanın açması barama­qur­­dudur.

Bölgədə ipəkçiliyi özündə əks etdirən digər folklor janr­ları ilə də tez-tez rast­laşmaq mümkündür.

Ticarətlə bağlı folklor nümunələri də elə ticarətin özü­nün yarandığı vaxt­dan formalaşmağa başlamışdır. Orta əsr­lər­dən üzü bəri Şəkidə ticarətin qüd­rət­li inkişafı, təbii ki, folklor­dan da yan keçməmişdir. Şəki folklorunun elə bir janrı yoxdur ki, orada tica­rət əhvali-ruhiyyəsi öz izini qoymamış olsun. Bu ba­xımdan, atalar sözləri üstün mövqeyə malikdir: «Bir qəpəyi xaşdamaxdan ötəri 100 qə­pəyh­lik hağıl lazımdı»; «Qəpəyh qəpəyə sökənər»; «Malını mal olunca, ba­zarını ba­zar olsun»; «Alveri pul eliyər, davanı qılınc»; «Nalınıı almamış mı­xınıı çax­ma»; «Dos məni alverdə görsün»; «Aldım qoz, satdım qoz. Manıa da qal­dı toz» (79).

Şəkidən qeydə alınmış bayatıların, tapmacaların bir qis­mində Şəkinin ti­ca­rət həyatını müəyyən qədər əks etdirən lövhələrə rast gəlmək mümkündür:


Şəkidən karvan gedir,

Önündə sarvan gedir.

İntizar gözdərimnən

Gecə-gündüz qan gedir (79).


Haydabanı, huydabanı,

Altı ayağı, iki davanı (tərəzi) (79).


İki tatar, biri yatar (tərəzi) (79).
Şəkidən toplanmış lətifələrin də xeyli hissəsinin mövzu­sunu ticarət təşkil edir. Aşağıdakı lətifələr ticarət əhval-ruhiy­yə­sini əks etdirmək baxımından gö­zəl nümunələrdir: «Hacı dayı­dan uşaqlarına necə peşə öyrətməsini so­ruş­duqda o deyir: «Ça­ğa­nın qulağına pulu yaxınlaşdırıf şıqqıldadıram. Əyər uşaq başı­nı pu­la tərəf çöörürsə, dimax onnan yaxşı tacir çıxa­sı­dı, yox, əyər başını tər­pət­məsə, başqa sənətə gediciyh» (8, 224); «Hacı dayı, alverçini hansı cəhətinə görə qiymətlən­dirirlər», – deyə so­ruş­duqda Hacı dayı deyir: «Mayasız qa­zanc gö­tür­max başarığına görə» (8, 225).
Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə