Ləman vaqifqizi şƏKİ folklor müHİTİ baki 2012



Yüklə 2,4 Mb.
səhifə8/10
tarix12.03.2018
ölçüsü2,4 Mb.
#31301
1   2   3   4   5   6   7   8   9   10

NƏTİCƏ

Hər hansı bölgənin coğrafiyası, etnik tərkibi, dini inanc­ları, etnoqrafiyası, yaşam tərzi, adət-ənənəsi kimi xüsu­siyyət­lər onun folklorunu şərtləndirən əsas amillərdir və öz təza­hürlərini həmin bölgənin folkloruna diqtə etdirir.

Araşdırma zamanı məlum oldu ki, Şəki folkloru Azər­baycan, daha geniş şəkildə isə ümumtürk folklorunun kiçik bir parçası olmaqla yanaşı, onun özünəməxsusluqları da var­dır ki, bunların içərisində komizm, hazırcavablıq, etnoqrafi­yaya bağlılıq və s. xüsusiyyətləri vurğulamaq olar.

Şəki şivəsi və folklorun qarşılıqlı əlaqəsi öyrənilərkən belə bir nəticəyə gə­lin­miş­­dir ki, Şəki şivəsi də bu əraziyə məx­sus folklor mətnlərinin yerli-regional gös­təricilərindən biri­­dir. Şəki ləhcəsi ərazidən qeydə alınmış bütün folklor mətn­lərinə öz «möhürünü vurub», onların şəkilinin dilindən deyilməsini bir daha təsdiqləyir.

Toplama materialları göstərdi ki, bölgə çeşidli folklor janrları ilə olduqca zən­gin­dir. Heç şübhəsiz ki, topladığımız ma­teriallar Şəki əhalisi arasında yaşayan və bu gün də öz tə­ravətini, canlılığını qoruyub saxlayan ağız ədəbiyyatının ümu­­mi nisbət­də çox az hissəsidir. Lakin bu materiallar Şəki folk­loru haqqında müəy­yən təsəvvür­lərə gəlməyə, bölgə folk­lo­runun xüsusiyyətləri haqqında bəzi fikirlər söyləməyə im­kan yaradır. İlk növbədə qeyd etmək olar ki, bölgə Azər­bay­canın spesifik mifoloji obrazlarla zəngin ərazilərindən biridir. Halın keçi dönərgəsi – Unuqay, Halın xo­ruz dönər­gəsi, Sü­ley­sin, Vəh­­şi adam və s. obrazlarla ancaq bu bölgədə rastlaş­maq müm­­kündür. Bu fikri söyləyərkən ona görə «ancaq» kəl­mə­sini işlədirik ki, indiyədək çap olunmuş folklor mətnlərini incələyərkən bu obraz­lara təsadüf etmədik. Eyni zamanda di­gər bölgələrimizdən az sayda da olsa, qeydə alınan mifoloji ob­razlara adı çəkilən bölgədə daha tez-tez rast gəli­rik. Halın qa­dın və pişik dönərgələri, Ərdov, Kaftar, Cin, Xıdır İlyas, Xı­dır Nəbi və s. obrazları bu qisim mifoloji obrazlar sırasına aid etmək olar. Elə təkcə Cin obrazı ilə bağlı 77 mətn qeydə al­­mışıq ki, bu da yuxarıda dediklərimizi sübut edir. Şəki­də Ci­nə bəzən Vəsvəsə, bəzən də Qara-qura deyirlər ki, bu adlar da Şəki folklorunun özünəməxsus göstərici­lərin­dən biri sayıla bilər.

«Bölgə folkloru həm də ümumtürk folklorunun bir par­ça­sıdır» cümləsini heç də təsadüfi demirik. Ümumtürk folk­lorunda geniş yayılmış Xıdır Nəbi, Xıdır İlyas kimi mifoloji-hami obrazlara bölgə folklorunda da olduqca tez-tez rast gəli­nir. Bu obrazlarla bağlı onlarla müxtəlif variantlı, bir-birini təkrarlamayan mətn qeydə almışıq. Topladığımız mətnlərdən Xıdır Nəbi və Xıdır İlyas mifoloji obrazlarının çox müxtəlif funksiyalar daşıdığı aydın olur.

Ərazidən qeydə aldığımız mifoloji mətnlər arasında ov­çu­luqla bağlı folklor mətnləri özünəməxsusluğu və rəngarəng­liyi ilə seçilir. Maraqlıdır ki, müxtəlif bölgələrdən indiyədək toplanıb çap edilən folklor toplularında ovçuluqla bağlı mətn­lərə demək olar ki, təsadüfi hallarda rast gəlinir. Eləcə də Şəki­dən qeydə alınmış materiallar əsasında hazırlanan folklor antologiyalarında bu mövzu ilə bağ­lı bir dənə də mətnə rast gəlmədik. Biz isə toplama zamanı ərazidən ovçuluqla bağlı 60 mətn qeydə almışıq. Onu da vurğulayaq ki, bu nümunələr bir-birini təkrarlamır, əksinə, hər biri yalnız onun özündə əks olunan informasiyalarla yüklənmişdir. Ovçuluqla bağlı mifo­lo­ji rəvayətləri, inamları araşdırarkən belə nəticəyə gəlmək olur ki, ovçuluq Şəki əhalisinin məşğuliyyətində xüsusi bir yer tutmuşdur. Bu mətnlərdə ova çıxmanın qaydaları, onun necə vurulması və yeyilməsi, ov ətindən kimlərə verilməsi, ovun həddi, bütövlükdə prosesin özü haqqında zəngin və dol­ğun informasiyalar öz əksini tapır. Cəsarətlə söyləmək olar ki, böl­gə folkloru içərisində ovçuluq mətnlərinin xüsusi çəkisi vardır.

Bölgədən qeydə aldığımız folklor mətnlərinin bir qismi vergili adamlar haqqında mətnlərdir. Vergili adamlar haqqın­da 28 müxtəlif variantlı mətn toplamışıq. İndiyədək çap edil­miş folklor toplularında isə yalnız aşıqlığın vergi yolu ilə alın­masını çıxmaq şərti ilə bu tipli mətnlərə rast gəlmədik. Nəzərə alsaq ki, türk təfəkküründə hansısa bir sənətin, peşə­nin insana həmin peşənin hamisi tərəfindən verilməsi inamı geniş yayıl­mışdır, onda bölgədən qeydə alınan bu nümunə­lərin qiyməti daha da artır. Vergili adamlarla bağlı mətnlərin çoxluğu və informasiya cəhətdən zənginliyi bölgə folklorunun ümumtürk folklorunun qırılmaz bir parçası olduğunu bir daha sübut edir.

Bölgədə islam dininin həqiqi, pak təmsilçilərinə böyük inam, etiqad və mə­həb­bət olmuşdur. Belə ki, ərazidən pir və ocaq sahibləri, onların nəsli, şəcərə­si, göstərdiyi möcüzələri özündə əks etdirən onlarla folklor nümunəsi qeydə almışıq.

Şəki Azərbaycanın nağılla da zəngin bölgələrindən biri­dir. Buradakı nağıl obrazları klassik anlamda başa düşdüyü­müz nağıl obrazlarının sanki son yaşan­tılarıdır. Düzdür, topla­nan nağılların arasında müxtəlif süjetlərin kontami­na­siyasın­dan ibarət olan nağıllar da az deyil. Amma tək süjet əsasında formalaşan nağıllar üstünlük təşkil edir. Bu da onu göstərir ki, bütün bölgələrimizdə olduğu kimi Şəkidə də nağıl janrı əvvəl­ki populyarlığını itirmişdir. Bunun səbəbi isə nağıl janrına olan tələbatın demək olar ki, itməsi, söyləyici və auditoriya münasi­bətlərinin yox olmasıdır.

Araşdırmalar göstərir ki, Şəki aşıq sənətinin inkişaf etdiyi bölgələrimizdən biri olmuşdur. Əhali öz yaddaşında müxtəlif zamanlarda yaşayıb-yaratmış çoxlu sayda aşığın adı­nı bu gün də saxlayır. Bundan başqa, bu mühitdə yetişən Mol­la Cuma Azərbaycan aşıq sənətinin görkəmli sənətkar­larından biridir. Lakin təəssüf ki, Molla Cumadan başqa böl­gədə yaşamış digər aşıqların yaradıcılığı, eləcə də onların reper­tu­arında olan dastan, rəvayət və nağıllar vaxtında toplan­mamış, nəticədə itib-batmışdır.

Digər regionlarımızda olduğu kimi, Şəkidə də keçirilən yas mərasimlərində ağı demək ənənəsi vardır. Bölgədə «ağı demək» ifadəsi əvəzinə daha çox «dil demək» ifadəsi işlədilir. Bəzən ölü sahibinə dil deməkdə kömək etməsi üçün yasa xüsu­si ağıçılar da dəvət olunur ki, onlara Şəkinin bəzi yerlə­rində molla, bəzi yerlə­rində sazanda deyirlər. Diqqətçəkən faktdır ki, Kərkük türkmanlarında da yas məclislərinə dəvət olunan peşəkar qadınlara sazlayan deyirlər. Şəki ağıların­da rast gəlinən çox maraqlı faktlardan biri də yas yerlərində molla­lar və sazan­dalar tərəfindən Yunis İmrənin, Süleyman Çələbinin, İbrahim Həqiqinin qəsidə­lə­rindən istifadə olunma­sıdır. Bu gün ərazidə maraqlı struktura malik ağı mətn­ləri ilə də qarşılaşmaq mümkündür. Bu baxımdan, Şəki ağılarını üç yerə ayırmaq olar; bayatı ağılar, nəsr formasında deyilən ağı­lar, nəsrlə nəzmin növbələşdiyi ağılar. Bayatı ağılara bütün böl­gələrimizdə rast gəlinsə də, nəsr formasında deyi­lən və nəsrlə nəzmin növbələşdiyi ağılara indiyədək çap olunmuş folklor toplu­larında rast gəlmədik.

Şəki lətifələrinin bir qismi klassik lətifə qəhrəmanla­rının – Molla Nəsrəd­dinin, Bəhlul Danəndənin adı ilə bağlı lətifələrdir. Amma klassik anlamda başa düşdüyümüz lətifə­lərlə müasir dövrün əlamət və tələblərini özündə əks etdirən «zəmanə lətifələri»nin də paralel şəkildə işləndiyinin, lakin «zəmanə lətifələri»nin həm obrazlar sistemi, həm də süjet və kompozisiya baxımından klassik lətifələri sıxışdırdığının şahidi oluruq. Bunun nəticəsidir ki, müasir Şəki lətifələrinin əsas qəhrəmanları Hacı dayı, Mirzə Abdulcabbar, Maşaq İsfəndiyar, Bayram müəllim və s.-dir.

Paremioloji vahidlər hal-hazırda ərazidə geniş yayılan folklor janrların­dandır. Bu vahidlər həcmcə kiçik olduğundan onları yadda saxlamaq və söylə­mək daha asandır. Məhz bu səbəbdən paremioloji vahidlər ərazidə mövqeyini qoruyub saxlamaqdadır.

Şəki folklorunun müasir vəziyyətinin öyrənilməsi pro­se­si də özlüyündə bəzi nəticələri ortalığa çıxardı. Deyə bilərik ki, ərazidə klassik folklor söyləyicilərinə – naqqallar, dərviş­lər və s. kimi professional söyləyicilərə rast gəlmədik.

Müasir folklor söyləyiciləri isə həm klassik folklor ənə­nələrindən faydalanır, həm də öz dünyagörüşlərini əks etdirən yeni nümunələr yaradırlar. Söyləyicinin cinsi, yaşı, psixoloji vəziyyəti, keçirdiyi həyat tərzi, dünyagörüşü, yaddaşı, əhatə olunduğu mühit, məşğuliyyəti, savad dərəcəsi və s. onun re­per­­tuarının formalaş­masına bilavasitə təsir göstərən amillər­dir. Bu baxımdan, hər bir söyləyicinin özünəməxsus reper­tuarı formalaşır. Söyləyicilərin repertuarı çoxçeşidliliyi ilə fərq­lənir. Elə söyləyicilər var ki, onların repertuarında bayatı­lar, ağılar, laylalar daha geniş yer tutur. Digərlərində mifoloji rəvayətlər, inamlar və s. daha aktiv­dir, bəzilərində isə nağıl­lar, vergili adamlarla bağlı mətnlər daha çox müşahidə olunur və s.

Folklor məclisləri folklorun varlığını şərtləndirən əsas amillərdən biridir. Ərazidə vaxtilə mövcud olmuş əksər folk­lor məclislərinin sıradan çıxması bu məclislərdə söylənən folk­­lor mətnlərinin də aradan çıxmasına səbəb olmuşdur. Folk­lor məclislərində söylənən mətnlərin indi ərazidə «qəlpə­lə­rinə», «qırıq­larına» rast gəlirik (məsələn, toylarda oxunan mahnıları, təqvim miflərini və s. bu tipli folklor mətnləri saya bilərik). Hal-hazırda mövcud olan folklor məclisləri orada söy­lənən folklor mətnlərinin qorunmasında başlıca rol oyna­yır (Ərazidə pirlər hələ də ziyarət olunduğu üçün pir sahibləri və onların möcüzələri ilə bağlı mətnlər də mövqeyini saxlayır və s.).

Folklor məclislərinin və mərasimlərinin sıradan çıxması orada söylənən folk­lor mətnləri ilə yanaşı, vaxtilə ərazidə möv­­cud olan peşəkar söyləyicilərin böyük əksəriyyətini də sıradan çıxarmışdır. Hal-hazırda ərazidə yalnız yas aparan mol­lalar və ziyarət müceyirləri peşəkar söyləyicilik fəaliyyət­lərini davam etdirə bilir­lər. Buna səbəb hələ də ərazidə ənə­nə­vi yas və pirləri ziyarət etmə mərasimlərinin mövcudluqlarını qorumasıdır.

Sonda bir daha qeyd etmək istəyirik ki, daha müfizəkar və qapalı regionlardan biri olan Şəki rayonunun olduqca zəngin folkloru vardır.


Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə