M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Qlobal problemlər, yaranma səbəbləri və əsas xüsusiyyətləri



Yüklə 0,71 Mb.
səhifə184/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   176   177   178   179   180   181   182   183   184
muhazire FELSEFEyeni

Qlobal problemlər, yaranma səbəbləri və əsas xüsusiyyətləri
"Qlobal problem" anlayışı əsrimizin 50-ci illərindən başlayaraq elmi ədəbiyyatda geniş miqyasda işlənməyə başlanmışdır.

Qlobal xarakterli problemlər o problemlərə deyilir ki, onlar ayrı-ayrı ölkələri və xalqları deyil, bütün dövlətləri, bəşəriyyəti narahat edir.

Əlbəttə, qlobal problemlər həmişə bu şəkildə, bu xarakterdə olmamışlar, onlar əvvəl ayrı-ayrı ölkələrdə baş verərək lokal, yə"ni yerli xarakter daşımışlar. Sonralar müxtəlif bölgələri bürüyərək regional, daha sonra isə bütün dünya ölkələrini və yaxud da onların əksəriyyətini əhatə edərək qlobal miqyas kəsb etmişlər.

Hər bir ölkə öz iqtisadi-ictimai, mədəni və siyasi inkişafında bir sıra çətinliklərlə, həll edilməsi zəruri olan problemlərlə üzləşməli olur. Çünki sosial tərəqqinin yolu hamar deyil, o, mürəkkəb və ziddiyyətli bir prosesdir. Ona asanlıqla, ortaya çıxan çətinlikləri aradan qaldırmadan, problemləri həll etmədən nail olmaq mümkün deyil. Odur ki, onlar əvvəlcə bir ölkənin daxilində irəli gəldiyinə, bir dövləti, bir xalqı narahat etdiyinə görə lokal, yə"ni yerli problemlər adlandırılır. Ayrı-ayrı dövlətlərin daxilində baş verən milli-etnik münaqişələr, təhlükəli xəstəliklərin epidemiyası, quraqlıq, qıtlıq və bu kimi digər problemlərə aid edilə bilər. Lakin bəzi hallarda bu problemlər ölkənin sərhədlərini aşaraq qonşu dövlətləri də əhatə edir, artıq bir ölkənin deyil, bir neçə ölkənin, böyük bir bölgənin, dövlətlər qrupunun problemlərinə çevrilirlər. Bu halda onlar regional, yəni bölgə problemləri adlandırılır.

Demək olar ki, müasir dövrün bütün qlobal problemlərinin istər ekoloji problem, istər energetika problemi, istər demoqrafiya problemi, istərsə də digər problemlər olsun, onların hamısının yaranma və inkişaf dinamikası məhz belə olmuşdur. Əlbəttə, müasir dövrdə qlobal problemlər çoxdur. Onlar əhəmiyyətinə, miqyasına, əhatə dairəsinə və təhlükəlilik dərəcəsinə görə o biri problemlərdən kəskin şəkildə fərqlənirlər. Doğrudur qlobal problemlər lokal və regional problemlərdən törəyir, lakin onları eyniləşdirmək düzgün olmaz.

Qlobal problemləri, əsasən, aşağıdakı cəhətlərinə görə səciyyələndirmək olar: onlar bütün ölkələri, yaxud da bu ölkələrin əksəriyyətini əhatə edir; həm təbii, həm də sosial sistemlərin ziddiyyətlərini özündə birləşdirir; dünya sivilizasiyasının mövcud olması üçün ciddi təhlükə törədir; sosial tərəqqi yolunda böyük əngələ çevrilir.

Müasir qlobal problemlərin bir qismi elmin və texnikanın sürətli tərəqqisi ilə bağlı olaraq meydana gəlmişdir.

Şübhəsizdir ki, müharibələrin, narkomaniyanın, beynəlxalq terrorizmin, insanlara böyük maddi zərər vuran kortəbii fəlakətlərin qarşısının alınması, yoxsulluğun, aclığın aradan qaldırılması, ictimai ədalətin bərqərar edilməsi, bütün insanların zəruri yaşayış vasitələri ilə tə"min edilməsi, mənzilə, maarifə, təhsilə, səhiyyəyə, nəqliyyata, rabitəyə, kütləvi kommunikasiya və informasiya vasitələrinə, xammala və enerjiyə olan tələbatın ödənilməsi, dünya ölkələrinin sosial-iqtisadi inkişafının təxmini bərabərləşdirilməsi, insan hüquqlarının qorunması, torpaqlardan, bütün təbii sərvətlərdən səmərəli istifadə edilməsi, əhali artımının tənzimlənməsi, ayrı-ayrı bitki və heyvan növlərinin yoxa çıxmasına qarşı tədbirlər görülməsi, dünya okeanının, kosmosun birgə mənimsənilməsi və dünya miqyasında həll edilməsi vacib olan bu kimi məsələlər qlobal problemlər sırasında durur.

Lakin aşağıdakı qlobal problemləri ön plana çəkərək, diqqəti onlara cəlb etməyi xüsusilə vacib bilirik:

1. Nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması, planetdə sülhün və əmin-amanlığın bərqərar olması;



  1. Ekoloji fəlakətin qarşısının alınması;

  2. Energetika böhranının aradan qaldırılması.

  3. Demoqrafiya problemlərinin həlli.

Əlbəttə, zəif inkişaf etmiş ölkələr problemi də əslində ciddi qlobal problemdir. Yoxsulluq, müflislik, aclıq, savadsızlıq və epidemiyalar bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələrinin böyük bəlasıdır. 2,5 milyard əhalisi olan bu bölgələrdə adamların 50 faizə qədəri savadsızdır, burada hər il 12-16 milyon adam acından ölür. Bu ölkələrin əksəriyyəti xarici borc içərisində boğulur. Təqribi hesablamalara görə onların xarici borcları 1,3 trilyon dollardan çoxdur.

Beləliklə, planetimizdə çox ciddi ziddiyyətlər mövcuddur. Bir tərəfdən hər il kütləvi qırğın silahlarının istehsalına yüz milyardlarla dollar sərf edilir, digər tərəfdən hər il milyonlarla adam acından ölür.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təxmini hesablamalarına görə təkcə 2000-ci ildə yer kürəsində aclığı aradan qaldırmaq üçün bir trilyon dollardan çox vəsait lazım idi.

Nüvə müharibəsini təhlükəsinin aradan qaldırılması problemi. İndiki şəraitdə kütləvi qırğın silahlarının, o cümlədən də nüvə silahlarının və onları hədəfə çatdıran raketlərin təkmilləşdirilməsi və istehsalı elə bir həddə gəlib çatmışdır ki, nüvə müharibəsi hələ də bəşəriyyət üçün real təhlükə olaraq qalır. SSSR-nin süqutu ilə bir-birinə zidd olan iki müxtəlif ictimai sistem arasındakı qarşıdurma yox olsa da nüvə müharibəsi təhlükəsi tamamilə aradan qaldırılmamışdır. Alimlər hesablamışlar ki, indi mövcud nüvə silahlarının gücü planetimizdəki canlıları bir neçə dəfə məhv etmək üçün kifayət edər.

Bütün bunlar göstərir ki, atom bombası və ona bənzər digər kütləvi qırğın silahlarının istehsalı bəşəriyyətin özünə qarşı hazırladığı qəsddir. Bu cür silahların mövcud olduğu bir şəraitdə nüvə müharibəsinin olmayacağına təminat vermək çox çətindir.

"Nüvəsiz dünya" yaratmağın, Yer kürəsində sülhü və əmin-amanlığı lə"min etməyin vaxtı çoxdan çatmışdır. Lakin çox təəssüflər olsun ki, bəşəriyyət hələlik buna nail ola bilməmişdir.

Ekologiya problemi. XX əsrin ortalarından başlayaraq bəşəriyyətin üzləşdiyi qlobal problemlər içərisində mühüm yerlərdən birini də insan ekologiyası tutmağa başlamışdır.

Ekologiya istilahı elmə ilk dəfə alman zooloqu E.Heggel tərəfində gətirilmişdir. Ekologiya iki yunan sözündən (oykos-ev, loqos-tə"lim) ibarət olub ibtidai mənası heyvanlarla onların yaşadığı mühit arasındakı qarşılıqlı əlaqələri öyrənən xüsusi bilik sahəsi idi. Lakin elmi ictimaiyyət onu insana, cəmiyyətə aid etməkdən imtina edirdi. Təbiidir ki, bu uzun sürə bilməzdi, odur ki, ictimai ekologiya tezliklə xüsusi bilik sahəsi kimi elmlər sistemində özünə layiq yer tutdu.

İctimai ekologiya problemi insanla təbiət arasında baş verən ziddiyyətlərdən irəli gəlmişdir. İnsanın təbiətə, onu əhatə edən ətraf mühitə münasibəti uzun bir tarix keçərək ciddi dəyişikliklərə məruz qalmışdır.

Ətraf mühitin vəziyyəti iki başlıca amildən asılıdır. Bunlardan biri təbiətdə tez-tez baş verən kortəbii proseslər, digəri isə insanın istehsal fəaliyyətidir. Keçən əsrin ortalarından başlayaraq təbiətə göstərilən antropogen təsirlər nəticəsində, daha doğrusu, cəmiyyətin düşünülməmiş təsərrüfat fəaliyyəti sayəsində ətraf mühitdə insan üçün və bütün biosfer üçün çox təhlükəli olan bir sıra dəyişikliklər baş verməyə başlamışdır.

İnsanın tələbatı ildən ilə artır, bunun nəticəsində istehsalın miqyası genişlənir, istehsal prosesinə cəlb edilən təbii sərvətlərin, energetika resurslarının həcmi də durmadan genişlənir. Bununla bağlı olaraq ətraf mühitə atılan istehsal tullantıları da artır. Bu tullantılarla birlikdə ətraf mühitə atılan külli miqdarda zəhərli birləşmələr atmosfer havasının, su tutarlarının, torpaqların təhlükəli dərəcədə çirklənməsinə səbəb olmuş, bir çox ölkələrdə meşələrin və yaşıllıqların azalmasına gətirib çıxarmışdır.

Ətraf mühit anlayışını təşkil edən mühüm ünsürlərdən biri təbiətdəki su tutarlarıdır. Kifayət qədər su olmadan kənd təsərrüfatını, sənayeni inkişaf etdirmək, insanları maddi ne"mətlərlə tə"min etmək, onların məişətini lazımi gigiyenik səviyyədə təşkil etmək qeyri-mümkündür.

Planetimizdəki şirin su ümumi su ehtiyatının yalnız 3-4 faizini təşkil edir, həm də o, ərazi üzrə bərabər "paylanmamışdır". Bə"zi ölkələrdə su boldur, bə"zilərində isə çatışmır. Ölkələrin daxilində də o, bərabər "bölüşdürülməmişdir".

Qlobal xarakter kəsb etmiş ekoloji böhran yalnız dünya dövlətlərinin birgə sə"yi ilə aradan qaldırıla bilər. Lakin bu məsələnin həllində bütün insanlar iştirak etməlidir. Çünki əslində hər bir insan bu və ya digər formada təbiətlə ünsiyyətdə olur.

İndiki şəraitdə meşələrin qorunması, onların bərpa edilib artırılması da olduqca vacib problemdir. Bu, sür"ətlə inkişaf edən xalq təsərrüfatının ehtiyaclarını ödəməklə yanaşı, ətraf mühiti mühafizə etmək üçün çox vacibdir. Havanı təmizləməkdə, iqlimi saflaşdırmaqda, çayların su rejimini yaxşılaşdırmaqda, torpaqları su və külək eroziyasından qorumaqda, onların münbitliyini artırmaqda, əhalinin sağlamlığını tə"min etməkdə meşələr əvəzedilməzdir. Meşələr atmosferdəki karbon qazını və bə"zi zərərli maddələri udaraq insan üçün zəruri olan oksigen hazırlayır. Meşələrdəki bə"zi ağaclar antibiotik maddələr ifraz edərək ətrafdakı havanı zərərli mikroorqanizmlərdən təmizləyir. Bundan başqa, meşələrdə 12 minə qədər dərman bitkisi yetişir.

Belə hesab edilir ki, bir hektar yaşıllıq, xüsusilə də meşə atmosferdən gündə 60 ton tozu tutub saxlayaraq havanı ondan təmizləyir.

Bu məsələlərin həllində əhalinin fəal iştirakını tə"min etmək üçün adamların ekoloji mədəniyyətini yüksək səviyyəyə qaldırmaq çox vacibdir. Bu işdə ekoloji təhsil və tərbiyənin rolu çox böyükdür.

Müasir dövrdə ekoloji etika prinsiplərini işləyib hazırlamağın və onların əhali arasında geniş təbliğ etməyin əhəmiyyəti xüsusilə böyükdür. Təbiəti mühafizə və təbii sərvətlərdən səmərəli istifadə sahəsində dövlət qanunları ilə yanaşı, əxlaq normalarından, ekoloji etika prinsiplərindən geniş istifadə edilməlidir.

Energetika problemi. Bir tərəfdən əhalinin sürətlə çoxalması, digər tərəfdən insanların tələbatlarının artması ilə əlaqədar istehsalın miqyası durmadan genişlənir. Odur ki, istehsal prosesinə cəlb edilən xammalın və energetika resurslarının həcmi və miqdarı da getdikcə artır. Təkcə bunu demək kifayətdir ki, indi bir ton sintetik kauçuk istehsal etmək üçün təqribən 150 min kilovat-saat, bir ton aliminiumun istehsalı üçün isə 18-20 min kilovat-saat elektrik enerjisi sərf etmək lazım gəlir.

Bunun üçün hər şeydən əvvəl ənənəvi enerji daşıyıcılarından son dərəcə səmərəli istifadə edilməlidir. Başlıcası, isə yeni-yeni enerji mənbələri axtarılıb tapılmalı, onlar elmi əsaslarla işlənilib istifadəyə verilməlidir.

Enerji daşıyıcıları iki qrupa: bərpa oluna bilən və bərpa oluna bilməyən enerji daşıyıcılarına bölünür. Bərpa oluna bilən enerji daşıyıcıları əslində tükənməz enerji mənbələrinə aiddir. Bu qrupa atom enerjisini, Günəş enerjisini, külək enerjisini, yeraltı termal suların enerjisini və s. aid etmək olar. Neft, daş kömür və təbii qaz isə bərpa oluna bilməyən enerji daşıyıcılarına aiddir, onların ehtiyatı məhdud olduğuna görə onlar müəyyən müddətdən sonra tükənməlidirlər.

İndiki şəraitdə energetika böhranından çıxmaq üçün tükənməz enerji mənbələrindən daha geniş istifadə edilməlidir. Bu, birinci növbədə, atom enerjisinə aiddir. Lakin AES-lərin iş təcrübəsi göstərir ki, onlar təhlükəsiz deyil, onların quruluşu və istismarı texnoloji cəhətdən daha da təkmilləşdirilməlidir.

Energetika probleminin həlli üçün günəşin, küləyin, eləcə də yeraltı termal suların enerjisindən geniş istifadə etmək də olduqca vacibdir. Bu mənbələrin işə salınması həm də ekoloji cəhətdən çox əlverişlidir, onlar ətraf mühiti çirkləndirmir, əlavə problemlər yaratmır.

Azərbaycanda bu mənbələrdən istifadə etmək üçün çox geniş imkanlar var. Təbiət bu sərvətləri bizim ölkəyə böyük səxavətlə bəxş etmişdir.

Küləyin enerjisindən istifadə etmək iqlimdən asılıdır. "Küləklər diyarı" adlanan Bakıda bu sahədə daha böyük imkanlar var. Burada orta hesabla ilin 270 günü küləklərlə müşayiət edilir.

Demoqrafiya problemi. Demoqrafiya iki yunan sözündən (demos - xalq, qrafıka-tə"lim) ibarət olub, əhali artımı haqqında elm deməkdir. Bu xüsusi bilik sahəsinin banisi ingilis alimi Con Qraunt (1620-1674) hesab edilir. Bu elm ayrı-ayrı ölkələrdə əhalinin ümumi sayını, cins və yaş tərkibini, artım sürətini öyrənməklə məşğuldur. Əhalinin təkrar istehsalı, məskunlaşması, yerdəyişməsi, sosial, milli-etnik, irqi və dini strukturu, təhsil səviyyəsi, işlə təmin olunması və nəsillərin bir-birini əvəzetmə dinamikası demoqrafiya elminin mərkəzi problemi, əsas tədqiqat obyektidir. Əhali artımı müəyyən müddət ərzində doğulanlarla ölənlərin say nisbətindən ibarət olduğu üçün ölkədə nigah bağlanmasının, boşanma hallarının və ölüm faizinin araşdırılması da bu elmin vəzifəsinə daxildir. Yer kürəsində və yaxud müəyyən bölgələrdə, ayrı-ayrı dövlətlərin ərazisində əhali artımının qanunauyğunluqlarını müəyyənləşdirmək, onun sosial-iqtisadi strukturunun təhlilini vermək olduqca böyük iqtisadi-ictimai və siyasi əhəmiyyətə malikdir. Odur ki, demoqrafik göstəricilərə təsir edən sosial, iqtisadi, siyasi, mədəni, hüquqi, dini amillər mütəmadi olaraq dərindən tədqiq və təhlil edilməlidir.

XIX əsrin əvvəllərindən etibarən planetimizin əhalisi sürətlə artmağa başlamışdır. BMT-nin məlumatına əsasən 1820-ci ildə Yer kürəsində bir milyard əhali məskunlaşmışdı. 1927-ci ildə onun sayı iki milyarda, 1960-cı ildə üç milyarda çatmış, 1978-ci ildə artıq dörd milyard olmuşdur. 1987-ci ildə, yəni 9 ildən sonra onun miqdarı beş milyardı ötüb keçmişdir.

Əhalinin sür"ətlə artmasını göstərmək üçün təkcə bu fakt kifayətdir: hərgah X əsrdən sonrakı dövr ərzində dünya əhalisinin 275 milyondan 446 milyona çatması, yəni 171 milyon artması üçün beş yüz il lazım olmuşdursa, onun bir milyard artaraq dörd milyarddan beş milyarda çatması üçün cəmi doqquz il kifayət etmişdir.

Demoqrafik proseslərin inkişafında əhalinin bir yaşayış məntəqəsindən digərinə keçməsi çox mühüm rol oynayır. Bu, bir tərəfdən bə"zi ölkələrə adamların kənardan gəlməsi -immiqrasiya, digər tərəfdən isə onların bir qisminin xarici ölkələrə köçüb getməsi emiqrasiya hesabına baş verir. Müxtəlif səbəblər üzündən, xüsusilə də müharibələr, etnik münaqişələr nəticəsində, sənayenin inkişafı, iri mədəniyyət və təhsil mərkəzlərinin yaranması ilə adamların bir yerdən başqa yerə köçərək orada məskən salması adi hala çevrilmişdir. Miqrasiya adlanan bu proses çox zaman kənd əhalisinin şəhərlərə axınına səbəb olur ki, bu da nəhəng şəhərlərin əmələ gəlməsinə gətirib çıxarır. Odur ki, urbanizasiya adlanan bu proses müasir dövrdə böyük vüsət almışdır. Bu həm də şəhərin rolunun artması, burada məişət şəraitinin, xidmətin yüksək olması və ümumiyyətlə, şəhər həyat tərzinin cazibədarlığı ilə bağlıdır. Bu, ayrı-ayrı dövlətlərdə aqrar siyasətin düzgün aparılmaması nəticəsində də baş verir.

Demoqrafiya əhali artımı qanunlarını müəyyən edərkən cəmiyyətin ümumi inkişaf qanunlarına əsaslanmalıdır. Lakin demoqrafiya sahəsində xüsusi tədqiqat metodlarından da geniş istifadə edilir. Burada miqdarın müəyyənləşdirilməsi daha vacib olduğundan riyazi üsullar geniş tətbiq edilir. O, demoqrafik statistikanın əsasını təşkil edir. Müasir EHM-lər bu sahədə çox geniş imkanlar açır. Burada həm deskriptiv, həm də analitik metodlardan geniş istifadə olunur, hipotetik və təsviri metodlar da tez-tez tətbiq edilir.



Demoqrafiya bu metodlara əsaslanaraq əhali artımına dair elmi proqnozlar işləyib hazırlayır. O, əhali artımmı tənzim etmək, demoqrafik prosesləri mövcud şərait üçün optimallaşdırmaq, əlverişliliyə yaxınlaşdırmaq, miqrasiyanı nizamlamaq məqsədilə demoqrafik siyasət hazırlayıb həyata keçirməyə kömək edir.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə