M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə1/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
  1   2   3   4   5   6   7   8   9   ...   184
muhazire FELSEFEyeni


M.1.FƏLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri
Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları.

Fəlsəfə insan biliyinin, mənəvi mədəniyyətin ən qədim sahələrindən biridir. Mükəmməl dünyagörüşü, dünyanın dərk etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə dair baxışlar sistemi olan fəlsəfə, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir. Dünyanın mahiyyətini, həyatın mə'nasını məntiqi cəhətdən səmərəli yolla anlamaq tələbatından doğan fəlsəfə, təxminən iki min beş yüz il bundan əvvəl Qədim Şərqdə – Misirdə, Babilistanda, Çində, Hindistanda,Azərbaycanda təşəkkül tapmış, e.ə. YII – YI əsrlərdə Antik Yunanıstanda klassik forma kəsb etmişdir. İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri Pifaqor (e.ə.YI əsr) işləmiş və özünü filosof adlandırmışdır. Bu sözü o, müdriklərə və düzgün həyat tərzi keçirən insanlara aid etmişdir. Lakin bu sözün mənasını ilk dəfə Platon(e.ə.428-348-ci illər) və Aristotel (e.ə.384-322-ci illər) dərindən təhlil etmişlər. Fəlsəfəni xüsusi bir elm kimi ilk dəfə fərqləndirən Platon olmuşdur. «Fəlsəfə» sözü yunan mənşəli olub, “hikmətə”(sofiya) “məhəbbət” (fileo) deməkdir.

Fəlsəfənin başlıca mə'nası əsasən dünyagörüşü məsələlərinin qoyuluşunda və onlara dair cavabların axtarılmasındadır. Dünyagörüşünə daxil olan mənəvi törəmələrdən biri olan fəlsəfənin mənşəyi və mahiyyətini, predmet və funksiyalarını bilmək üçün dünyagörüşünün özünün nə olmasını aydınlaşdırmaq lazımdır.

Dünyagörüşü insanm gerçəkliyə münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial-mənəvi, elmi, siyasi prinsip, norma və baxışların məcmusudur.

Dünyagörüşü - insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında ümumiləşmiş görüşlər, ideallar, baxış, inam və prinsiplər sistemidir. Dünyagörüşü - fərdin, sosial qrupun, sinfin, bütövlükdə cəmiyyətin gerçəkliyə münasibəti və fəaliyyət istiqamətini müəyyən edən baxışlardır, ideya və normalardır. Başqa sözlə, dünyagörüşü – insanlarda dünyanın quruluşu və orada insanın yeri və roluna aid biliklərin, baxışların, əqidə və idealların məcmusudur.

Dünyagörüşü - təbiət, cəmiyyət və təfəkkürün hadisə və proseslərı, inkişaf və hərəkətverici qüvvələri haqqında ümumiləşmiş elmi, fəlsəfi, siyasi, dini, ateist, əxlaqi, estetik və s. baxışların ifadəsidir. Dünyagörüşünün predmetində insan durur. Dünyagörüşünün mahiyyətini aydın başa düşmək üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır. Dünyagörüşünün obyektini bütövlükdə dünya, varlıq təşkil edir. Onun predmetini isə təbiət ilə insan aləminin qarşılıqlı münasibəti və həmin münasibətlərdən yaranan ideya və baxışların sistemi təşkil edir.

Dünyagörüşün strukturu zəngin və mürəkkəbdir. Gerçəkliyin mənimsənilməsi səviyyəsinə, elmi əsaslandırılması dərəcəsinə uyğun olaraq dünyagörüşün iki səviyyəsi vardır:

1) Dünyagörüşünün adi şüur səviyyəsinə uyğun gələn sağlam düşüncə, hissi-obrazlı təfəkkürə, mifoloji təsəvvürlərə və gündəlik təcrübi biliyə əsaslanan empirik-kütləvi (və ya adi-gündəlik) səviyyəsi. Bu səviyyədə dünyagörüşü üçün tərəddüdlər, inamsızlıq və s. xasdır.

2) Elmi-nəzəri dünyagörüşü səviyyəsi. Dünyanın həqiqi təbii-elmi mənzərəsinə və fəlsəfəyə istinad edən dünyagörüşü məhz elmi-nəzəri dünyagörüşü səviyyəsinə misal ola bilər.

Dünyagörüşü strukturca inteqral mütəşəkkillikdir. Burada əsas cəhət onun struktur komponentlərini sintezinin, birliyinin əldə edilməsidir. Bu mənada dünyagörüşü gerçəklik haqqında ancaq biliklərin toplusu deyildir. Dünyagörüşdə ideallar, əqidə, fəaliyyətdə müəyyən rol oynayır. Lakin bitkin dünyagörüşü belə komponentlərin vəhdəti, sintezi əsasında yaranır, bilik, sərvətlər, həyat oriyentiri (meyli), əqidə və fəaliyyəti birləşdirərək insana nəzəri və əməli fəaliyyət üçün qüdrətli bir silah verir.

Dünyagörüşün strukturunda dünyanı dərketmə prosesinin müxtəlif səviyyələrini əks etdirən dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama kateqoriyaları da fərqləndirilir. Bu kateqoriyalar dünyagörüşünün formalaşması mərhələləri adlanır. Ümumiyyətlə, insan idrakının əsasında duyğu, hiss üzvlərinin (görmə, eşitmə, iybilmə, dadbilmə, lamisə) verdiyi məlumatlar seyr müşahidə durduğu kimi, dünyagörüşün də əsasında dünyaduyumu durur. Dünyaduyumu gerçəkliyin bu və ya digər konkret tərəf və cəhətləri, xüsusilə onun zahiri təzahürləri haqqında əldə edilən hiss, əhval-ruhiyyə, baxış, duyumdur. Bu mərhələdə predmetin konkret, ayrı-ayrı cəhətləri haqqında görüşlər, hisslər, emosional hal - dünyaduyumu formalaşır.

Dünyanıqavrama isə predmet və hadısəni hissi bütöv halında qavrama mərhələsidir, gerçəklik haqqında qavranılan baxışlar, hisslər və təsəvvürlərin məcmusudur, dünyanı dərketməyə aparan yoldur. Deməli, hisslər və əhval-ruhiyyə səviyyəsində dünyagörüşün emosional-psixoloji cəhətini dünyaduyumu, gerçəkliym hissi-bütövünün əyanı təsəvvürlər əsasında hissi-obrazlı qavranılmasını isə dünyanıqavrama təşkil edir. Məhz duyma və qavramanın nəticəsində alınmış informasiyaların təhlili, ümumiləşdirilməsi yolu ilə anlayışlar, mühakimələr, əqli nəticələr, ümumi nəzəri baxışlar yaradılır, dünyagörüşün ıdraki-intellektual səviyyəsi olan dünyanıanlaına baş verir. Dünyagörüşdə hər üç ünsür - dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama vəhdət təşkil edir.

Dünyagörüşün struktur komponentləri sırasında fəaliyyət (qiymətləndirmə) də mühüm yer tutur. Dünyagörüşü ancaq insan fəaliyyəti ilə öz prinsip və ideyalarını maddiləşdirir, həyata keçirir. Məhz fəaliyyət prosesində dünyagörüşün bəşəri sərvətlərə (dəyərlərə) və sosial-mənəvi məqsədlərə uyğunluğu təmin olunur.

Dünyagörüşünü özünün inkişaf ardıcıllığı, inikas dərinliyi, əsaslandırılmış olub-olmaması cəhətdən ən ümumi şəkildə dörd mühüm tarixi növə ayırmaq olar: mifoloji, dini, elmi, fəlsəfi.

Mifologiya iki sözün birləşməsindən yaranıb (yunanca «mif» - əsatir, əfsanə, rəvayət mənasındadır, «loqos» isə - təlim deməkdir). İbtidai cəmiyyətdə, bəşər mədəniyyəti inkişafının ilkin dövrlərində meydana gəlmişdir. Mifologıya - qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai cəmiyyətdə universal ictimai şüur forması olmuşdur. Mifik təsəvvürlərin əsasında əfsanəvi varlıqlar, Allahlar və onların fəaliyyəti, qəhrəmanların möcüzələri və s. haqqındakı inamlar, ideya və baxışlar durur. Dünyanın bir çox xalqlarının miflərində kosmik mövzular xüsusi yer tutur. Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun həyat inkişafının mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti, əkinçiliyi öyrənməsi və s. mövzular da geniş yer tutur.

Miflərdə təbiət və mədəniyyət hadisələri qovuşmuş, təbii cisim və hadisələr canlaşdırılmış, insanabənzərləşdirilmiş, mifoloji obrazlara çevrilmişdir. Reallıq və fantaziya, hiss və fikirlər, bilik və bədii obraz obyektiv və subyektiv olan miflərdə vəhdət halında birləşmişdir, bütöv dünya mənzərəsi yaradılmışdır, Dünyanın mifoloji mənzərəsində reallıq və fantaziya, təbii və fövqəltəbii, bilik və inam çulğaşmışdır.

Dini dünyagörüşü - dünyagörüşün ikinci tarixi növüdür. Şüurun gerçəkliyı ümumiləşdirərək anlayışlar vasitəsilə əks etdirməsi (məsələn, Allah, ruh, axirət və s.) formalarından biridir, gerçəkliyin fövqəltəbii qüvvələrə inam əsasında in`ikasıdır.

Dini dünyagörüşə görə dünya ikili səciyyə daşıyır: «yer üzü», «bu dünya» - təbii, hiss üzvlərimizlə duyulan dünya və «o dünya», fövqəltəbii, «göy üzü» - fövqəlhissi dünya. Dinə görə əsas, başlıca məqsəd ikincidir, birinci isə keçici və müvəqqətidir.

Din insanın qeyri-adi təbii və sosial qüvvələri əsasında yaransa da, müəyyən tarixi şəraitdə ümumbəşəri dəyərlər, sosial ədalət uğrunda çıxış etmiş, normaların tənzimləyicisi funksiyasını yerinə yetirmişdir. İnsanların əxlaq və davranışını, hissi tərzini və fikirlərini normalaşdırıb sistemə salan din, cəmiyyətdə sosial-mənəvi tənzimetmənin, adət-ənənə və mənəviyyat normalanrın hifz edilməsi və yaşadıqları nəsildən-nəslə verilməsinin mühüm vasitəsi kimi çıxış etmiş və edir.

Dinləri monoteist(təkallahlıq) və politeist(çoxallahlıq), ibtidai və müasir, milli və dünyəvi olmaqla müxtəlif qruplara ayırmaq olar. İbtidai dinlər (animizm, fetişizm, magiya, bütpərəstlik yə s.), politeist dinlər, müasır dunya dinləri (xristianlıq, islam, buddizm), monoteist dinlər (xristianlıq, islam və s.) misal ola bilər.

Hər bir dinin strukturuna aşağıdakılar daxildir: dini ideya və təsəvvürlər; dini hiss və əhval-ruhiyyə; dini ayinçilik (kult) yə dini fəaliyyət. Bunlardan başqa, dini təsisatlar da vardır ki, (dini icmalar, birliklər, kilsələr, məscidlər və s.), onların fəaliyyətindən yaranan normalar, qaydalar və prinsiplər dinı dünyagörüşü sistemində mühüm yer tutur.

Elmi dünyagörüşü - təbii-elmi və sosial-tarixi biliklərə, dünyanın təbii-elmi mənzərəsinə əsaslanan, gerçəklikdə hadisə və proseslərin inkişaf və dəyişməsinin elmi səbəblərinə istinad edərək dünya haqqında elmi anlayış və qanunauyğunluqların ümumiləşmiş in`ikasını ifadə edən baxış, ideya və prinsiplərin məcmusudur. Elmi dünyagörüşü - öz müddəalarında müasiri olduğu elmin son nailiyyətlərinə istinadən insanı əhatə edən gerçəkliyə insan münasibətini xüsusi elmi qanun və kateqoriyalar, təlim və nəzəriyyələr vasitəsilə ifadə edir.

Fəlsəfi dünyagörüşü - elmi dünyagörüşün növ müxtəlifliyindən biridir. O, müəyyən cəhətlərdən elmi dünyagörüşü ilə qovuşur, eyniləşir, müəyyən cəhətlərdən isə ondan fərqlənir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə