«magistr hazirliği məRKƏZİ»



Yüklə 410 Kb.
səhifə1/6
tarix31.08.2018
ölçüsü410 Kb.
#65777
  1   2   3   4   5   6


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

«MAGİSTR HAZIRLIĞI MƏRKƏZİ»



Əlyazması hüququnda

əlizadə əflatun nəsib

«Pul vəsaitlərinin və hesablaşmaların uçotunun təkmilləşdirilməsi» mövzusunda
MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı 060402 «Mühasibat uçotu və audit»


Elmi rəhbər: Magistr proqramının rəhbəri:

Dos. M.C.Hacıyeva prof., i.e.n. Ə.İ.Daşdəmirov


Kafedra müdiri: prof. S.M. Səbzəliyev

BAKI - 2016



MÜNDƏRİCAT

Giriş

3

FƏSIL I

Pul vəsaitləri və onların ekvivalentlərinin uçotda və hesabatda əks etdirilməsi metodikası

7

1.1.

Kassada olan pul vəsaitləri və onların ekvivalentlərinin uçotu

7

1.2.

Yolda və bank hesablaşma hesabında olan pul vəsaitlərinin uçotu

13

1.3.

Valyuta əməliyyatlarının uçotu

22

1.4.

Akkreditivlərlə və çeklərlə hesablaşmaların uçotu

28

1.5.

Pul vəsaitlərinin ekvivalentlərinin və sair qısamüddətli maliyyə aktivlərinin uçotu




FƏSİL II

Hesablaşma əməliyyatlarının uçotu

41

2.1.

Hesablaşma əməliyyatlarının mahiyyəti və onların uçotu qarşısında duran vəzifələr

41

2.2.

Banklarla müəssisələr arasında mövcud olan hesablaşma formaları, onların növləri və uçotunun xüsusiyyətləri

43

2.3.

Malsatanlar və alıcılarla hesablaşmaların uçotu

63

2.4.

Müxtəlif debitor və kreditorlarla hesablaşmaların uçotu

67

2.5.

İşçilərlə və təhtəhlhesab şəxslərlə hesablaşmaların uçotu

71

NƏTİCƏ VƏ TƏKLİFLƏR

77

ƏDƏBİYYAT SİYAHISI

79

GİRİŞ
Mövzunun aktuallığı. Azərbaycan Respublikasının dünya bazarına daxil olması mürəkkəb və ziddiyyətli prosesdir. Müəssisələr arasında iqtisadi əlaqələrin müəyyənləşdiyi müasir şəraitdə bir çox hallarda partnyorların biri-birinə inamının olmaması etibarlı informasiyalara olan tələbatı kəskin surətdə artırır. Belə informasiyalar mülkiyyət formasından asılı olmayaraq təsərrüfat dövranının bütün iştirakçıları üçün istisnasız olaraq ciddi maraq doğurur.

Bundan başqa bazar münasibətlərinin nizama salınması nəticəsində nəhəng şirkətlər və holdinqlər meydana gəlir, onların fəaliyyət sferası genişlənir və bütövlükdə biznesin beynəllmiləşməsi bu proseslərin güclənməsinə şərait yaradır. Şirkətlərin, bankların və digər müəssisələrin rəhbərlərinin özlərinin vəzifələrinin yerinə yetirdikləri zaman müntəzəm surətdə gördükləri işlər haqqında maliyyə hesabatları tərtib etməlidirlər. Bu hesabatların etibarlılığı mütəxəssis - analitiklərin, müstəqil auditorların və yaxud auditor firmaların nümayəndələrinin köməyilə yoxlanılır.

Analitiklərin və auditorların xidmətlərinə daima artan tələbatı maliyyələşmə mənbələrinin potensial dairəsinin genişlənməsi ilə izah etmək olar. Qiymətli kağızların satın alınması və yaxud satılması, ssudaların verilməsi, kommersiya kreditinin genişlənməsi, borclar üzrə sazişlərin bağlanması və i.a. haqda qərarların qəbulu hər şeydən əvvəl maliyyə informasiyalarının etibarlılığına istinad edir. Bundan başqa, müəssisələrin əməliyyatları o qədər çoxsaylı və mürəkkəbdir ki, onlardan istifadə edənlər üçün zəruri informasiyaları müstəqil surətdə əldə etmək əslində qeyri-mümkündür. Bu zaman istifadə edənlər üçün zəruri informasiyaları müstəqil surətdə əldə etmək əslində qeyri-mümkündür. Bu zaman istifadə edənlər tərəfindən qəbul olunan qərarların təsiri bəzən o qədər əhəmiyyətli olur ki, informasiyalar da bir o qədər dəqiq və tam olmalıdır. İnformasiyaların etibarlığını isə müstəqil auditor təsdiq edə bilər.

Bazar iqtisadiyyatı şəraitində bazara doğru hərəkət, hər şeydən əvvəl iqtisadi sərbəstliyə doğru yoldur. Hazırda sahibkarların başı üzərində yalnız “Qanun” yüksəlir. Direktiv planlar, əmrlər resursların məcburi bölgüsü və istehsalın istehlakçılara bağlanması artıq yoxa çıxmaqdadır. Dövlətin müəyyənləşdirdiyi qiymətlərin bir çoxu artıq bazar qiymətlərinə çevrilmişdir. Sahibkarlıq fəaliyyətinə, mülkiyyətin forma və növlərinin bir qisminə məhdudiyyətlər çox cüzidir. Vergi sistemi və dövlət sifarişləri vaxt ötdükcə təmiz iqtisadi əsaslara söykənəcək, yerdə qalanları isə istehsalçılar, istehlakçılar və ümumilikdə onların iradəsi əsasında həll olunacaq.

Eyni zamanda iqtisadi sərbəstlik sahibkarın birinin mənafeyini nəzərə aldığı halda digərlərinin fəaliyyətinə maneçilik də törədə bilər. Əlbəttə, hər hansı bir subyektlə təsərrüfat-maliyyə əlaqələrinə girmək onların arasında çox ciddi hesablaşma və kredit formalarının yaranması ilə müşayiət olunur. Bundan başqa bazar münasibətləri inkişaf etdikcə rəqabət də güclənəcək. Belə bir şəraitdə işləmək üçün investisiyalara söykənmək lazım gəlir. Bu da özlüyündə çox ciddi hesablaşmalarla və öhdəliklərlə, xüsusən də müəyyən risklə bağlıdır. Sahibkarlıq şəraitində istehsalat-iqtisadi vəzifələr həll olunan zaman maliyyə nəticələrini yaxşılaşdırmaq üçün biznes mexanizminə əsaslanmaq ön plana çəkilməlidir.

Bizim Respublikamızda formalaşan bazar münasibətləri bir çox hallarda biznesin maliyyə nəticələrinə, müəssisə və firmaların özünü maliyyələşdirməsinə əsaslanır. Özünü maliyyələşdirmənin motivli əhəmiyyəti çox böyük xarici təcrübə ilə təsdiq olunur. Bunun üçün ilk növbədə işgüzar fəallıq, təmiz mənfəət, rentabellik, likvidlik ünsürləri və antiböhran fəallığı və s. kimi bloklar kifayət qədər güclü olmalıdır. Sadaladığımız bloklar və ünsürlər bir çox hallarda kapital qoyuluşlarının maliyyələşməsi prosesində pul vəsaitləri və hesablaşma və kredit əməliyyatları ilə əlaqədar məsələlərə son dərəcə ciddi yanaşmaq lazım gəlir.



Problemin öyrəlişməsi vəziyyəti. Pul vəsaitləri və hesablaşmaların uçotu bütün dövrlərdə alim-iqtisadçıların diqqət mərkəzində olmuşdur. Beynəlxalq miqyasda və ölkədə bu problemin həlli ilə K.Druri, B.Nikolz, X.Anderson, U.Sokolov, P.Bezrukix, A.Şeremet, Dj.Leontyeva, V.İsayev, H.Namazəliyev, İ.Abbasov, Q.Abbasov, S.Səbzəliyev, S.Müslimov, C.Namazova və b. məşqul olmuşlar.

İşin məqsəd və vəzifələri. Hazırda Respublikada təşəkkül tapan uçot, audit və iqtisadi təhlillə əlaqədar normativ sənədlərdə hesablaşmaların və kredit əməliyyatlarının uçotu ilə əlaqədar müəyyən işlər görülmüşdür. Xüsusən də mövcud olan hesablar planında hesablaşmaların və kredit əməliyyatlarının xüsusiyyətlərini kifayət qədər nəzərə alan hesablar nəzərdə tutulmuşdur. İqtisadi inkişafla əlaqədar uçot və hesabat praktikasında yeni əmlak və əməliyyat növləri meydana çıxmaqdadır. Onların içərisində qiymətli kağızların müxtəlif növlərini, digər müəssisələrin nizamnamə kapitalına qoyuluşları, veksel əməliyyatlarını, qeyri-maddi aktivlərini və s. qeyd etmək olar. Yeni kapitalın cəlb olunması kreditorlar üçün böyük risklə müşayiət olunur. Belə ki, bütün yeni kreditorlar, əvvəlkilərlə müqayisədə daha böyük riskə məruz qalırlar.

Magistr işində araşdırılan bir sıra nəzəri və praktik problemlər indiyə qədər respublikada dərc olunan iqtisadi ədəbiyyatda və elmi tədqiqat işlərində ətraflı nəzərdən keçirilməmişdir. Xüsusən də pul vəsaitləri hesablaşma və kredit əməliyyatlarının uçotunun təkmilləşdirilməsi yolları, onların beynəlxalq standartlara uyğunlaşdırılması imkanları nəzəri-metodoloji və praktik problem olaraq özünün həllini gözləməkdədir.



İşin elmi yeniliyi. Pul vəsaitləri və hesablaşma əməliyyatlarının uçotu araşdırılan zaman respublikada qüvvədə olan uçot praktikasından istifadə olunması və mövcud uçot prinsiplərinin maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğunlaşdırılması imkanları və iki sistem arasındakı mövcud fərqləri aşkara çıxarmaq dissertasiya işinin başlıca məqsədi hesab olunur. Bu məqsədi əsas götürülən magistr işində aşağıdakı məsələlər kompleks şəkildə araşdırılmış və onların həlli yolları göstərilmişdir:

  • Pul vəsaitlərinin və hesablaşmaların müxtəlif növlərinin uçotunun ümumi metodoloji prinsiplərini açıqlanması;

  • Ölkə və xarici təcrübənin ümumiləşdirilməsi əsasında pul vəsaitlərinin və hesablaşmaların əsasında həmin əməliyyatlarının mahiyyətinin müəyyənləşdirilməsi;

  • Pul vəsaitlərinin və hesablaşmaların ən mühüm növlərinin şərh olunması və respublikanın uçot praktikasında onlardan istifadənin zəruriliyinin əsaslandırılması;

  • Beynəlxalq və Millimaliyyə standartları əsasında pul vəsaitlərinin və hesablaşmaların əməliyyatlarının uçotunun təkmilləşdirilməsi və müvafiq tövsiyyələrin hazırlanması.

İşin predmeti və obyekti. Tədqiqatın işində pul vəsaitlərinin və hesablaşmaların əməliyyatlarının uçotunun xüsusiyyətləri, onların nəzəri, metodoloji və konseptual əsasları, uçotun təkmilləşdirilməsi və s. müxtəlif müəssisələrin məlumatlarından və şərti rəqəmlərdən istifadə edilmişdir.

Işin nəzəri və metodoloji əsası. İşin nəzəri və metodoloji əsasını pul vəsaitlərinin və hesablaşmaların əməliyyatlarının uçotuna dair respublika və xarici ölkələrin alimlərinin əsaslı tədqiqatları, uçota, auditə, iqtisadi təhlilə və vergiyə dair normativ-hüquqi sənədlər təşkil edir.

İşin informasiya bazasını Respublika Nazirlər Kabinetinin qərarları, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Mərkəzi bankının, Dövlət Statistika Komitəsinin, Vergilər Nazirliyinin, Gömrük Komitəsinin və s. sərəncamları və göstərişləri təşkil edir. Eyni zamanda işin yerinə yetirilməsində dünya praktikasında geniş istifadə olunan standartlardan, Direktivlərdən, uçota dair konfransların və simpoziumların materiallarından da istifadə edilmişdir.



Işin həcmi və strukturu. Magistr işi girişdən, üç fəsildən, nəticədən və ədəbiyyat siyahısindən ibarət olmaqla 80 kompyuter vərəqindən ibarətdir.

FƏSİL I. PUL VƏSAİTLƏRİ VƏ ONLARIN EKVİVALENTLƏRİNİN UÇOTDA VƏ HESABATDA ƏKS ETDIRILMƏSI METODIKASI


    1. Kassada olan pul vəsaitləri və onların ekvivalentlərinin uçotu

Pul vəsaitləri və onların ekvivalentlərinin uçotu üçün yeni hesablar Planında aşağıdakı hesablar nəzərdə tutulmuşdur:

221 №-li «Kassa»

222 №-li «Yolda olan köçürmələr»

223 №-li «Bank hesablaşma hesabları»

224 №-li «Digər tələbli bank hesabları»

225 №-li «Pul vəsaitlərinin ekvivalentləri»

Yuxarıda qeyd olunan hesablarda milli və xarici valyutadan ibarət olmaqla müəssisənin kassasında, hesablaşma hesabında, ölkə ərazisində və xarici banklardakı valyuta hesablarında və digər hesablarda saxlanılan pul vəsait­ləri­nin, qiymətli kağızların, həmçinin ödəniş və pul sənədlərinin mövcudluğu və hərəkəti uçota alınır.

Respublika ərazisində xarici valyuta ilə pul vəsaitləri və onlarla aparılan əməliyyatlar Mərkəzi Bankın həmin tarixə qüvvədə olan məzənnəsi üzrə manatla əks etdirilir. Hər dəfə məzənnə dəyişdikcə pul vəsaitləri yenidən qiymətləndirilir.

Azərba ycan Respublikası ərazisində xarici investisiyalı müəssisələrin birgə fəaliyyəti zamanı nizamnamə kapitalına xarici valyuta ilə qoyduqları paylar Mərkəzi Bankın manata uyğun məzənnəsi ilə hesablanır.

Müəssisələrarası qarşılıqlı hesablaşmalar əsasən banklar vasitəsilə nağdsız formada həyata keçirilir. Bununla yanaşı, müəssisələrdə müəyyən məqsədlər üçün (məs. əmək haqqı, ezamiyyə xərcləri, təhtəlhesab məbləğlər və s.) nağd puldan istifadə etmək zərurəti yaranır. Eyni zamanda nağd pulla satış aparan müəssisələrdə gün ərzində daxil olan pul vəsaitləri kassaya mədaxil edildikdən sonra banka təhvil verilir. Beləliklə, bütün nağd pul vəsaitlərinin mövcudluğu və hərəkəti 221 -li «Kassa» hesabı vasitəsilə rəsmiləşdirilir. Zəruri hallarda nəqliyyat, rabitə və s. müəssisələrdə «Kassa» hesabının tərkibində aşağıdakı subhesablar açıla bilər:

221-1 «Müəssisə kassası»

221-2 «Əməliyyat kassası»

221-2 «Əməliyyat kassası» subhesabında mal kontorlarının, istismar sahə­lərinin, dayanacaq məntəqələrinin, gəmilərin, limanların, vağzalların bilet və s. kas­salarındakı pul vəsaitləri uçota alınır.

Müəssisədə olan artıq nağd pul aşağıdakılara təhvil verilə bilər:



    1. bank şöbələrinə;

    2. bankın inkassatorlarına;

    3. müəssisənin nəzdindəki birləşmiş kassaya və s.

Əgər müəssisədə qanunvericiliyə uyğun xarici valyuta ilə əməliyyat apa­rıl­masına icazə verilərsə, onda 221 -li «Kassa» hesabının tərkibində müva­fiq sub­hesab açıla bilər.Müəssisənin kassasına pul vəsaitlərinin daxil olması 221 №-li hesabın de­betinə, xaric olması isə kreditinə yazılır.

Kassa əməliyyatlarının uçotu ilə əlaqədar əməliyyatların mühasibat hesab­la­rın­da əks etdirilməsi aşağıda verilmişdir:



  1. Satılmış məhsullara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə kas­sa­ya pul vəsaiti daxil olmuşdur:

D-t 221 «Kassa»

K-t 171 «Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları»

K-t 211 «Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları»

2. Hesablaşma hesabından yaxud valyuta hesabından pul mədaxil edilmiş­dir:



D-t 221 «Kassa»

K-t 223 «Bank hesablaşma hesabları»

3. Yolda olan pul vəsaitləri kassaya ödənilmişdir:



D-t 221 «Kassa»

K-t 222 «Yolda olan pul köçürmələri»

4. Avans alınmışdır:



D-t 221 «Kassa»

K-t 443 «Alınmış uzunmüddətli avanslar»

K-t 543 «Alınmış qısamüddətli avanslar»

5. İcarəyə verilmiş əsas vəsaitlərə icarə haqqı daxil olmuşdur:



D-t 221 «Kassa»

K-t 174 «İcarə üzrə uzunmüddətli debitor borcları»

K-t 214 «İcarə üzrə qısamüddətli debitor borcları»

6. İşçilər tərəfindən alınan borclar qaytarılmışdır:



D-t 221 «Kassa»

K-t 173 «Əsas idarəetmə heyətinin uzunmüddəli debitor borcları»

7. Gələcək dövrün hesabına nağd ödənişlər kassaya alınmışdır:



D-t 221 «Kassa»

K-t 442 «Gələcək hesabat dövrünün gəlirləri»

8. Kassada saxlanılan xarici valyutanın məzənnəsi artmışdır:



D-t 221 «Kassa»

K-t 332 «Məzənnə fərqləri üzrə ehtiyat»

9. Kassada saxlanılan xarici valyutanın məzənnəsi azalmışdır:



D-t 332 «Məzənnə fərqləri üzrə ehtiyat»

K-t 221 «Kassa»

10. Əmək haqqı üzrə borclar ödənilmişdir:



D-t 533 «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

K-t 221 «Kassa»

  1. Təhtəlhesab şəxslərə avans verilmişdir:

D-t 244 «Təhtəlhesab məbləğlər»

K-t 221 «Kassa»

12. Səhmdarlara dividend ödənilmişdir:



D-t 534 «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»

K-t 221 «Kassa»

13. İşçilərə maddi kömək göstərilmişdir:



D-t 341 «Hesabat dövrünün xalis mənfəəti»

K-t 221 «Kassa»

14. Kommunal və digər xərclər ödənilmişdir:



D-t 538 «Digər qısamüddətli kreditor borcları»

K-t 221 «Kassa»

15. İnventarlaşma zamanı kassada əksik gələn pul kassirin əmək haqqından tutulmuşdur:



D-t 533 «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»

K-t 221 «Kassa»

16. İşdən azad olunan işçiyə müavinət verilmişdir:



D-t 411 «İşdən azadolma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər»

K-t 221 «Kassa»

Kassa əməliyyatlarının uçotu zamanı kassa mədaxil orderindən və kassa kitabından istifadə olunur. Kassa kitabı nömrələnməli, tikilməli,vərəqələrin sayı göstərilməklə möhürlə təsdiq edilməlidir.

Kassaya vəsaitin daxil olması mədaxil orderi, xaric olması isə məxaric orderi vasitəsilə rəsmiləşdirilir. Pul qəbul edildikdə, baş mühasib yaxud onun vəkil etdiyi şəxs pul verən şəxsə kassanın möhürü ilə təsdiq edilmiş qəbz verir. Pul verilməsi barədə sənədlər müəssisənin rəhbəri və baş mühasib, yaxud onların vəkil etdikləri şəxs tərəfindən imzalanmalıdır. Baş vermiş əməliyyatlar gün ərzində ardıcıl olaraq kassa ktabında qeydiyyatdan keçməlidir. Kassa əməliyyatları ilə bağlı sənədlərin bütün rekvizitləri doldurulmalı, hər hansı bir qaralamaya və pozğuntuya yol verilməməlidir.

Bütün ilk sənədlər və formalar ardıcıl olaraq nömrələnməli, səhv yazılmış vərəqələrin üzərində «ləğv edilir» sözləri yazılmaqla ümumi sənədlərlə birlikdə saxlanılmalıdır.

Vaxtaşırı olaraq müəssisə rəhbərinin göstərişi ilə kassada əvvəlcədən xəbərdarlıq edilmədən pul vəsaitlərinin və digər dəyərlərin təftişi həyata keçirilir.

Qanunvericiliyə müvafiq olaraq malların, işlərinvə xidmətlərin satışı vaxtı əhali ilə nağd hesablaşmalar aparan ticarət, ictimai iaşə, məişət xidməti, yanacaqdoldurma, valyutadəyişmə məntəqələri və digər oxşar sahələrdə nəzarət-kassa aparatları tətbiq olunmalıdır.

Vergi ödəyicisi NKA-nın qeydiyyata alınması üçün ərazi vergi orqanına ərizə ilə birlikdə aşağıdakı sənədləri də təqdim etməlidir:

 təsərrüfat subyektinin kodunu əks etdirən arayış;

 NKA-nın texniki pasportu;

 NKA-nın quraşdırılması barədə akt;

 Ərizənin təqdim edildiyi tarixə NKA-nın final yaddaşının göstəricisini əks etdirən çek;

 NKA-nın texniki kitabı və NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı.

Bu sənədlərlə birlikdə vergi ödəyicisi «NKA-ya texniki xidmət kitabı»nı və «NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı»nı təqdim edir.

Gün ərzində baş verən hər hansı bir satış kassanın yaddaşına daxil edilərək ayrıca çek təqdim olunur. İş gününün sonunda nəzarət kassa aparatından gündəlik satışın ümumi məbləği» (3-hesabatı) haqqında məlumat çıxarılır. Çekdə yazılmış məbləğ kassa mədaxil orderi vasitəsilə mədaxil olunur. Çıxarılmış hesabatın üzərindəki nömrələrin ardıcıllığına diqqət yetirmək lazımdır.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən nəzarət-kassa aparatları tətbiq etmədən əhali ilə pul hesablaşmalarının aparılmasına icazə verilən müxtəlif kateqoriyalı obyektlərin siyahısına aiddir:

İşçilərinin sayı iki nəfərdən çox olmayan məişət xidməti obyektləri:

 mebellərin təmiri və hazırlanması;

 foto, audio-video xidməti;

 ayaqqabıların təmiri və fərdi tikişi;

 paltarların təmiri və fərdi tikilişi;

 trikotaj məmulatlarının təmiri və tikişi;

· gön-dəri məmulatlarının təmiri və tikişi;

· televizor, soyuducu və s. cihazların təmiri;

· saatların təmiri;

· metal məmulatlarının təmiri və hazırlanması;

· nəqliyyat vasitələrinə texniki xidmət;

· bərbər xidməti;

· zərgərlik məmulatlarının təmiri və hazırlanması;

· ictimai nəqliyyat vasitələri;

· rabitə xidməti obyektləri;

· mənzil təsərrüfatı obyektləri;

· kirayəyə verilmiş yaşayış və digər obyektlər;

· mehmanxana, motel, kempinq və yataqxana xidmətləri obyektləri;

· kommunal xidməti obyektləri;

· elektrik enerjisi, qaz və su təchizatı obyektləri;

· mərkəzi qızdırma sistemi;

· kanalizasiya xidmətləri obyektləri;

· sanitar təmizləmə xidməti obyektləri;

· mədəni xidmət obyektləri;

· turist-ekskursiya xidməti obyektləri;

· bədən tərbiyəsi xidməti obyektləri;

· səhiyyə xidməti obyektləri;

· sanatoriya-kurort xidməti obyektləri;

· avtomobil dayanacaqları;

· paltarların kimyəvi təmizlənməsi;

· kirayə və mərasim xidmətləri obyektləri;

· lombard xidmətləri obyektləri;

· cildləmə xidmətləri obyektləri;

· əhalinin kurslarda öyrədilməsi obyektləri və i.a.

Kassada olan vəsaitlərin mövcudluğu və hərəkətinə baş mühasibin nəzarəti altında kassir məsuliyyət daşıyır. Kassir ştatı olmayan kiçik müəssisələrdə həmin vəzifə müəssisə rəhbərinin sərəncamı ilə digər işçiyə həvalə olunur.

Kassa haqqında təlimata uyğun olaraq müəssisənin bankdan aldığı nağd pulun məbləğinə heç bir məhdudiyyət qoyulmamaqla alındığı gün də daxil olmaqla 3 iş günü müddətində banka təhvil verilməlidir.

Mərkəzi Bankın göstərişinə əsasən müəssisələr üçün kassa limitinin məbləği aylıq əmək haqqı fondunun 5 %-dən artıq ola bilməz.

Hüquqi və fiziki şəxslər tərəfindən pulu ödəyənə «Mədaxil qəbzi» və yaxud «Kassa mədaxil orderinin» kötüyü təqdim olunur.

Mədaxil qəbzi forması (1 -li MQ) iki hissədən «Mədaxil qəbzindən» «Mədaxil qəbzinin kötüyündən» ibarətdir.

«Kassa mədaxil orderi (KO 1 -li forma) da iki hissədən ibarətdir: kassa mədaxil orderi kassa mədaxil orderinin qəbzi.


    1. Yolda və bank hesablaşma hesabında olan pul vəsaitlərinin uçotu

Mühasibat uçotunda milli və xarici valyutalar üzrə pul vəsaitlərinin (köçürmələrin) digər təşkilatlara köçürmək üçün bank və digər rabitə şöbələrinə verilən lakin təyinatı üzrə hələ köçürülməyən (gedib çatmayan pul məbləğlərinin hərəkəti və mövcudluğu barədə məlumatlar 222 -li «Yolda olan köçürmələr» adlı hesabda əks olunur. Belə hallarda (məs., satış pulunun banka təhvili zamanı) məbləğlərin verilməsi zamanı alınan qəbzlər əsas kimi qəbul edilir. 222 №-li hesabdan xarici valyutanın alqı-satqısı prosesində geniş istifadə olunur.

Hər bir əməliyyat növü üzrə yeni subhesablardan və analitik hesablardan istifadə olunur.

Yolda olan köçürmələrin mühasibat uçotu şesablarında əks etdirilməi qaydası aşağıdakı kimidir:


  1. Pul kassadan bank hesabına köçürülmüşdür:

D-t 222 «Yolda olan pul köçürmələri»

K-t 221 «Kassa»

2. Pul bank hesabına daxil olmuşdur:



D-t 223 «Bank hesablaşma hesabları»

K-t 222 «Yolda olan pul köçürmələri»

3. Hesablaşma hesabından xarici valyuta alınması üçün pul köçürülmüşdür:



D-t 222 «Yolda olan pul köçürmələri»

K-t 223-1 «Yolda olan xarici valyutalar üzrə köçürmə»

4. Xarici valyuta alınmışdır:



Yüklə 410 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə