Magistratura məRKƏZİ



Yüklə 381,42 Kb.
səhifə1/5
tarix17.09.2018
ölçüsü381,42 Kb.
  1   2   3   4   5


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ


Əlyazması hüququnda

Bayramov Elşən Kamal oğlu

Qloballaşma şəraitində iqtisadiyyatin monetar tənzimlənməsinin makroiqtisadi aspektləri”



mövzusunda

MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: İqtisadiyyat - 060404

İxtisaslaşmanın adı: İqtisadiyyat

Elmi rəhbər: Magistr proqramının rəhbəri:

prof. M.A.Əhmədov dos.İ.M.Mahmudova



Kafedra müdiri

prof.M.A.Əhmədov



BAKI - 2017

M Ü N D Ə R İ C A T
G İ R İ Ş

FƏSİL I. MONETAR TƏNZİMLƏMƏNİN ELMİ-METODOLOJİ ƏSASLARI

    1. Milli iqtisadiyyatın monetar tənzimləmənin tədqiqinin konseptual əsasları

    2. Transformasiya şəraitində dövlətin pul-kredit siyasətinin dövlət tənzimlənməsinin xarakterik cəhətləri

FƏSİL II. DÖVLƏTİN PUL-KREDİT SİYASƏTİNİN TƏNZİMLƏNMƏSİNİN ƏSAS METODLARI, VASİTƏLƏRİ, AZƏRBAYCANDA MONETAR TƏNZİMLƏMƏNİN MÖVCUD VƏZİYYƏTİNİN TƏHLİLİ VƏ DƏYƏRLƏNDİRİLMƏSİ

2.1. Dövlətin pul-kredit tənzimlənməsinin başlıca metodları, vasitələri və onun reallaşmasının normativ-hüquqi və qanunvericilik bazası

2.2. Müasir dövrdə monetar və fiskal tənzimləmənin qarşılıqlı əlaqə və asılılıqda tətbiqi zərurəti

FƏSİL III. AZƏRBAYCANDA PUL, FOND VƏ VALYUTA BAZARININ TƏNZİMLƏNMƏSİNİN TƏKMİLLƏŞMƏSİ İSTİQAMƏTLƏRİ

3.1. Monetar siyasətin formalaşdırılması və rеallaşdırılması effektivliyinin artırılması ölkənin maliyyə təhlükəsizliyinin təmin edilməsinin mühüm istiqamətidir.

3.2. Müasir şəraitdə pul bazarı və dövlətin valyuta siyasətinin təkmilləşdirilməsinin prioritetləri
NƏTICƏ VƏ TƏKLIFLƏR

ƏDƏBIYYAT SIYAHISI

G İ R İ Ş

Mövzunun aktuallığı: Azərbaycan dövləti bu günlər özünün müstəqilliyinin 25 illiyini qeyd edir. Bu dövr ərzində Azərbaycan qloballaşan dünya iqtisadiyyatına fəal inteqrasiya olunur. Bu baxımdan dünya iqtisadiyyatında baş verən pozitiv və neqativ meyllər öz təsirini birbaşa Azərbaycanda baş verən sosial-iqtisadi proseslərdə, maliyyə, pul-kredit sistemində və bütünlükdə tənzimləmənin forma, metod və vasitələrində öz əksini tapır.

Məlumdur ki, XXI əsrin əvvəllərində dünyada baş verən qlobal maliyyə böhranı bütün dünyada olduğu kimi, Azərbaycanın da pul-kredit, maliyyə siyasətinin xarakterinə, onu müəyyən edən amillərin nisbətinə və bütünlükdə onların səmərəlilik dərəcəsinə həlledici təsir göstərir. Klassik təlimlərdən bizə məlumdur ki, ilkin mərhələlərdə və bu gün də bazar sisteminin fəaliyyətinin səmərəliliyi, böhran hallarının baş verməsi, habelə onların müddəti, böhrandan çıxma yolları, vasitələri fərqli nəzəri yanaşmalarla şərh olunur. Lakin bu bir həqiqətdir ki, 1929-1933-cü illərin böyük durğunluq illərinə kimi bazar sisteminin tənzimlənməsində monetar amillər daha həlledici və üstün rol oynamışdır.

Qeyd etmək kifayətdir ki, Nobel mükafatı laureatı Milton Fridmen L.Şvarsla birlikdə yazdığı və sonradan Nobel mükafatına layiq görülmüş tədqiatlarında belə bir nəticəyə gəlmişlər ki, 1867-1963-cü illər yəni, bu 100 il ərzində Amerikada baş verən bütün böhranların əsasında səhv pul-kredit siyasəti durur. Doğrudur, böyük durğunluq illərindən sonra Keyns təlimi belə bir prinsipial müddəanı irəli sürdü ki, bazar sisteminin tənzimlənməsi fiskal, başqa sözlə büdcə tənzimlənməsinə əsaslanmalıdır. Buna baxmayaraq müasir qlobal maliyyə böhranı şəraitində fiskal siyasətlə yanaşı milli iqtisadiyyatın tənzimlənməsində və böhrandan çıxışında monetar tənzimləmə həlledici rola malikdir. Qeyd etmək lazımdır ki, istər Avropa ölkələrinin, istərsə də Amerikanın təcrübəsi göstərir ki, milli iqtisadiyyatın formalaşması və inkişafının tənzimlənməsində monetar tənzimləmə həlledici yer tutur. Məhz buna görədir ki, bu gün də Avropa Mərkəzi Bankı, eləcə də ayrı-ayrı ölkələrin Mərkəzi Bankları ölkədə pul-kredit sistemini tənzimləməklə müsbət nəticələr əldə edirlər. Belə ki, ölkədə effektiv monetar siyasətin yeridilməsi bir tərəfdən ölkənin böhrandan çıxışında, inkişafın təmin edilməsində, habelə əhalinin həyat səviyyəsinin yaxşılaşmasında onun reallaşma mexanizminin səmərəliliyindən asılı olaraq fərqli ola bilər.

Bu baxımdan müasir dünyada makro tənzimləmə sisteminin tərkib hissəsi olan monetar tənzimləmə ölkədə yeridilən pul-kredit siyasətinin xarakterindən çox asılı olur. Azərbaycan müstəqil dövlətə çevrildikdən və özünün pul vahidini dövriyyəyə buraxdıqdan sonra bu siyasətin formalaşması sistemin böhranından irəli gələn bir çox problemlərlə üzləşdi.

Birincisi, ənənəvi istehsal əlaqələrinin qırılması;

İkincisi, inzibati amirlik sistemindən bazar sisteminə keçirilməsi;

Üçüncüsü, torpaqlarımızın işğalından irəli gələn problemlər;

Dördüncüsü, effektiv kredit sisteminin formalaşmaması, səmərəli pul –kredit siyasətinin formalaşmasına ciddi ziyan vurdu.

Digər tərəfdən ölkədə bank sisteminin kifayət dərəcədə formalaşmaması, iqtisadiyyatın dollarlaşma dərəcəsinin yüksək olması, habelə dünyada baş verən qlobal maliyyə böhranı ilə bağlıdır. Əlbəttə, ölkədə milli iqtisadiyyatın monetar tənzimlənməsi hər şeydən əvvəl milli iqtisadiyyatın normal fəaliyyəti üçün tələb olunan pul kütləsinin optimal həddinin müəyyənləşdirilməsi ilə bağlıdır. Son nəticədə monetar siyasət başqa sözlə, pul-kredit siyasətində əsas məqsəd pul kütləsinin həcmini, valyuta kursunu müəyyənləşdirməklə milli iqtisadiyyatın inkişafının stimullaşdırmaqdan ibarətdir.

Monetar tənzimləmə problemini araşdırarkn hökmən təhlilə, tədiyyə balansının mövcud vəziyyətini, onun dinamikasını müəyyən edən amillər də nəzərdən qaçırılmamalıdır. Bunlarla yanaşı, pul-kredit siyasətini dəyərləndirərkən ölkədə mövcud büdcə-vergi siyasətləri, habelə mövcud iqtisadi konyuktura da tədqiqata daxil eilməlidir. Bütün qeyd olunanlar bir daha onu göstərir ki, ölkədə həyata keçirilən monetar tənzimləmə siyasəti bütünlükdə ölkədə həyata keçirilən makroiqtisadi tənzimləmə siyasəti ilə sıx bağlıdır. Belə ki, ölkədə mövcud iqtisadi inkişaf problemləri ilə yanaşı sosial problemlərin həlli dərəcəsi, inflyasiyanın və məşğulluğun dinamikası birbaşa reallaşdırılan pul-kredit mexanizmi ilə sıx bağlıdır. Aydındır ki, ölkədə həyata keçirilən monetar siyasət bu sahədə əsas tənzimləyici orqan olan Mərkəzi Bank tərəfindən həyata keçirilir. Mərkəzi Bank beynəlxalq miqyasda müşahidə olunan iqtisadi prosesləri, ölkənin dünya iqtisadiyyatına inteqrasiya dərəcəsini, tədiyyə balansının vəziyyətini və eləcə də yaxın gələcəkdə müşahidə oluna biləcək iqtisadi prosesləri nəzərə alaraq monetar siyasətin xarakterini və reallaşma mexanizmlərini müəyyənləşdirməlidir. Bu baxımdan magistr işi səviyəsində qloballaşma şəraitində monetar tənzimləmənin makroiqtisadi problemlərinin araşdırılması mühüm nəzəri və əməli əhəmiyyət kəsb edir.



Tədqiqat işinin məqsəd və vəzifələri. Magistr dissertasiya işinin başlıca məqsədi müasir qloballaşma şəraitində monetar tənzimləmənin elmi-metodoloji problemlərini araşdırmaq, onun reallaşdırılmasının makroiqtisadi problemlərini dəqiqləşdirmək, bu siyasətin həyata keçirilməsinin başlıca vasitələri və mexanizmlərini müəyyənləşdirmək, son illərdə ölkəmizdə reallaşdırılan monetar siyasətin mərhələlərini xarakterizə etmək və müəyyənləşdirilən ümumiləşdirmələri, qanunauyğunluqları, xüsusiyyətləri təhlil etmək və dəyərləndirmək əsasında monetar tənzimləmənin infrastrukturunu və pul siyasətinin reallaşma mexanizminin təkmilləşdirilməsinin normativ-hüquqi və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı konkret təkliflər və tövsiyyələr irəli sürməkdən ibarətdir.

Magsitr dissertasiya işində qarşıya qoyulan məqsədləri əsas tutaraq aşağıdakı konkret vəzifələrin araşdırılması nəzərdə tutulmuşdur:



  1. Ümumi halda monetar tənzimləməyə dair klassik və müasir nəzəriyyələri araşdırmaq, müəllif mövqeyi bildirilməklə dəyərləndirmək;

  2. Tarixin ayrı-ayrı mərhələlərində müxtəlif dünya ölkələrində reallaşdırılan monetar siyasətinin xüsusiyyətlərini və ümumi qanunauyğunluqlarını makroiqtisadi səviyyədə araşdırmaq;

  3. Qloballaşma şəraitində ölkə daxilində reallaşdırılan makroiqtisadi tənzimləmə siyasətinin xüsusiyyətlərini aşkarlamaq;

  4. Ölkədə həyata keçirilən makroiqtisadi tənzimləmə sistemində onun yerini müəyyənləşdirməkdən ibarətdir.

  5. Qlobal maliyyə böhranı beynəlxalq miqyasda pul-kredit siyasətinin, o cümlədən monetar siyasətin reallaşma mexanizmində zəruriyyətə çevrildiyi proseslərin dəərləndirməyi əsasında ölkənin monetar yollarla böhrandan çıxışının optimal hədlərinin və m exanizmlərinin müəyyənləşdirilməsi;

  6. Monetar siyasətin reallaşdırılmasının institusional bazası və onun normal fəaliyyətinin təmin edilməsinin normativ-hüquqi qanunverici bazasını dəqiqləşdirmək;

  7. Azərbaycanda monetar tənzimləmənin əsas formaları və pul siyasətinin reallaşma yolları;

  8. Azərbaycanda monetar idarəetmə mexanizminin təkmilləşdirilməsinin əsas istiqamətlərinin və prioritetlərini müəyyənləşdirmək onun yaxın gələcək üçün milli iqtisadiyyatın inkişafına təsirinin makroiqtisadi səviyyədə dəyərləndirmək;

  9. Milli iqtisadiyyat və onun əsas sektoru üzrə strateji yol xəritəsinin əsas istiqamətlərinin reallaşması baxımından monetar tənzimləmənin prioritetlərini dəqiqləşdirmək.

Magistr dissertasiya işinin predmeti və obyekti. Magistr dissertasiya işinin başlıca tədqiqat obyekti qloballaşma şəraitində milli iqtisadiyyatın formalaşması və inkişafının monetar tənzimlənməsinin konseptual əsaslarını və əməli problemlərinin GİZİT təhlilini aparmaq, dəyərləndirmək, ümumiqanunauyğunluqları müəyyənləşdirmək, xüsusiyyətləri aşkara çıxarmaq və bütünlükdə bu prosesin təkmilləşdirilməsi ilə bağlı konkret təklif və tövsiyyələr verməkdən ibarətdir.

Magistr dissertasiya işinin obyektini isə Azərbaycan Respublikasında monetar tənzimləmə sisteminin təşkili, milli iqtisadiyyatın inkişafının bu tənzimləmə sisteminin çatışmamazlıqlarını, üstünlüklərini müəyyənləşdirmək, qloballaşma proseslərinin monetar tənzimləmə sisteminin xarakterindən meydana çıxartdığı xüsusiyyətlər.

Magistr dissertasiya işinin nəzəri-metodoloji və konseptual əsaslarını klassik və müasir nəzəriyyələr, habelə ayrı-ayrı dünya və ölkə iqtisadçılarının tədqiqatlarına əsaslanaraq makroiqtisadi tənzimləmənin elmi əsaslarını müəllif mövqeyi bildirilməklə təhlil edərək dəyərləndirmək, qloballaşma şəraitində pul-kredit siyasətinin formalaşması və reallaşmasının xüsusiyyətlərini və qanunauyğunluqlarını əsaslandırmaq, ölkə prezidentinin, Maliyyə Nazirliyi, Mərkəzi Bankın, Beynəlxalq Valyuta Fondunun və digər qurumların fərmanları, sərəncamları, qəbul etdiyi normativ-hüquqi araşdırmalar, eləcə də monetar tənzimləmə sahəsində ölkə alimlərinin apardığı araşdırmalar təşkil edir.

Magistr dissertasiya işinin yazılışı gedişində GİZİT təhlil, müqayisəli təhlil, analiz, sintez, indeks, riyazi metodlardan, habelə makroiqtisadi modellərdən və proqnozlaşdırma aparatından istifadə etməklə yazılmışdır.



Magistr dissertasiya işinin informasiya bazası Azərbaycan Respublikası Mərkəzi Bankının, Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, eləcə də bu problemlə bağlı ayrı-ayrı nazirlik və komitələrin hesabatlarından istifadə edərək yazılmışdır.

Magistr dissertasiya işinin mövzusunun öyrənilmə dərəcəsi. Magistr dissertasiya işinin yazılışında monetar nəzəriyyənin banisi Milton Fridmenin, Y.Şvalsın, M.Klarkın, S.Fişenin, P.Samuelsonun, habelə Beynəlxalq Valyuta Fondunun, Avropa Mərkəzi Bankının sənədləri, habelə Azərbaycan iqtisadçılarından prof. Z.Məmmədovun. M.Həsənlinin, prof.M.Əhmədovun əsərlərində, habelə N.Rzayevin tədqiqatlarında bu və ya digər dərəcədə araşdırılmışdır.

Magistr dissertasiya işinin elmi yeniliyi. Qloballaşma şəraitində Azərbaycanda monetar tənzimləmə mexanizminin formalaşmasının konseptual əsasları, dünya təcrübəsi və milli reallıqlar nəzərə alınaraq dəqiqləşdirilir, onun mərhələləri və bu dövrlərin xarakterik cəhətləri aşkarlanır, makrotənzimləmənin başlıca yolları və vasitələri konkret materiallar əsasında öyrənilir, reallaşma mexanizmləri aşkarlanır, ümumi qanunauyğunluqlar, xüsusiyyətlər, habelə monetar tənzimləmənin milli iqtisadiyyatın inkişafında müsbət və neqativ təsirləri dəyərləndirilərək aşağıdakılar xüsusi vurğulanır:

- qloballaşma şəraitində Azərbaycanın dünya iqtisadiyyatına fəal inteqrasiyası dünyada baş verən monetar proseslər Azərbaycanda monetar siyasətin xarakterinə təsiri hökmən nəzərə alınmalıdır;

- monetar tənzimləmənin alətləri, strategiyası, taktikası, başlıca hədəfləri, habelə transmissiya kanalları makroiqtisadi səviyyədə araşdırılması göstərdi ki, hər bir konkret mərhələdə onlar dəyərləndirilərək konkret qərarlar qəbul edilməlidir.

Təhlil göstərdi ki, qlobal maliyyə böhranı şəraitində ancaq monetar tənzimləmə milli iqtisadiyyatın inkişafını stimullaşdırıcı amili ola bilməz. Hər bir konkret tarixdə və şəraitdə tətbiq olunan monetar siyasət, eləcə də pul siyasəti fiskal tənzimləmə ilə bərabər optimal nisbətdə tətbiq olunmalıdır. Bu zaman moneta rvə optimal siyasətin hansının üstünlük təşkil etməsi ölkənin maliyyə bazarı, potensialı, tədiyyə balansı, məcmu tələb və təklif nəzərə alınaraq, habelə bank likvidliyi nəzərə alınaraq monetar tənzimləmə siyasətinin konkret yolları və istiqamətləri müəyyənləşdirmişdir. Azərbaycanda son illərdə iqtisadiyyatın və pul-kredit sisteminin yüksək dollarlaşma dərəcəsi nəzərə alınaraq makroiqtisadi səviyyədə milli valyutanın dönərliliyinin artırılması ilə bağlı konkret təkliflər irəli sürülməlidir. Yaxın gələcək üçün ölkəmizdə müəyyənləşdirilən makroiqtisadi tənzimlənmə siyasətinin dəyişən şərait, tələb, habelə «Milli iqtisadiyyat və onun əsas sektorlarında inkişafın strateji yol xəritəsinin əsas istiqamətləri»nin metodologiyasını, paradiqmasını, prioritetlərinə uyğun olaraq səmərəli monetar siyasət həyata keçirmək üçün onun normativ-hüquqi bazası təkmilləşdirilməlidir.



Tədqiqat işinin elmi-metodoloji və əməli əhəmiyyəti. Magistr dissertasiya işinin əməli əhəmiyyəti ondan ibarətdir ki, orada aşkara çıxarılan ümumiqanunauyğunluqlar, xüsusiyyətlər, əldə olunan nəticələr və aparılan tədqiqata uyğun olaraq irəli sürülən təklif və nəticələr ölkəmizdə monetar siyasətin təkmilləşdirilməsi ilə bağlı hazırlanan konsepsiyalarda və məqsədli proqramlarda istifadə oluna bilər.

FƏSİL I. MONETAR TƏNZİMLƏMƏNİN ELMİ-METODOLOJİ ƏSASLARI

    1. Milli iqtisadiyyatın monetar tənzimləmənin tədqiqinin konseptual əsasları

Azərbaycan müstəqil dövlətə çevrildikdən sonra dünya maliyyə-kredit və bütünlükdə beynəlxalq əlaqələr sisteminə fəal qoşulur. Belə bir şəraitdə dünya miqyasında bu sahələrdə baş verən hər hansı bir pozitiv və neqativ meyllər öz əksini ölkəmizdə fəaliyyət göstərən bütün iqtisadi münasibətlər sisteminin, xüsusən pul-kredit sisteminin dəyişmə meyllərində öz əksini tapır. Bu baxımdan monetar siyasətin formalaşmasının və reallaşma mexanizmlərinin dünya təcrübəsinin ümumi qanunauyğunluqlarını və xüsusiyyətlərinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Ölkəmizdə monetar siyasətin formalaşması və inkişafını təhlil edərkən və dəyərləndirərkən hökmən bu sahədə mövcud olan dünya təcrübəsi və milli reallıqlar nəzərə alınaraq qiymətləndirilir. Ümumən, monetar nəzəriyyə tarixən neoklassik nəzəriyyənin tərkib hissəsi olaraq formalaşmışdır. Sonradan monetar tənzimləmə iqtisadi nəzəriyyənin müstəqil bir istiqaməti kimi fəaliyyət göstərmiş və inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, tarixən monetar nəzəriyyə öz kökünü, ideya mənbəyini klassik və neoklassik nəzəriyyədən götürsə də, xüsusən ilkin mərhələdə bu tənzimləmə nəzəriyyəsinin formalaşması öz konsepsiyalarını daha çox keynsçilik və neokonservativ nəzəriyyənin tənqidi üzərində qurdular. Bununla bərabər monetar tənzimləmənin formalaşmasında və onun başlıca prinsiplərinin reallaşmasında eyni zamanda səmərəli gözləmələr, təklif iqtisadiyyatı və digər tənzimləmə məktəblərinin prinsiplərindən bu və ya digər dərəcədə istifadə edərək formalaşmışdır.

Qeyd etmək lazımdır ki, bu konsepsiyanın xarakterik cəhətlərini dəyərləndirərkən onun üstün və neqativ tərəflərini araşdırarkən, eyni zamanda ölkənin milli iqtisadiyyatının inkişaf səviyyəsi, bazar münasibətlərinin yetkinlik dərəcəsi, qlobal dünya maliyyə-kredit sisteminə inteqrasiyası, ölkənin maliyyə potensialı və digər amillər GİZİT təhlil olunaraq dəyərləndirilməlidir. (15) Bununla belə, monetar nəzəriyyənin qloballaşma şəraitində xarakterik cəhətlərini və onun milli iqtisadiyyatın inkişafındakı rolunu konkret dəyərləndirmək üçün hökmən monetar tənzimləmə sistemini tarixən formalaşmasını fundamental prinsiplərini araşdırmaq lazımdır.

Çünki, dünya təcrübəsində monetar tənzimləmə mexanizmlərinin reallaşma prinsipləri və eləcə də pul siyasətinin milli iqtisadiyyatın inkişafındakı rolu və multiplikator effekti fərqli nəticələrə və meyllərə gətirib çıxara bilər. monetar nəzəriyyənin yaradılmasının ən əsas nümayəndəlrindən biri amerikan iqtisadçısı Milton Fridmendir. Belə ki, Milton Fridmen öz araşdırmalarında özünün iqtisadi tsikl modelini yaratmış və bu zaman pul təklifinin həlledici rolunu xüsusi qeyd etmişdir. Qeyd etmək lazımdır ki, bu nəzəriyyənin yaranması Milton Fridmenin adı ilə bağlı olsa da, onunla birgə çalışmış A.Şvartsın, Meltsen Selin və Meyqzelmanın rolunu da qeyd etmək lazımdır. Qeyd etmək lazımdır ki, monetar tənzimləmə xüsusən, onun mühüm tərkib hissəsi olan pul siyasəti nəzəriyyəsinin formalaşmasında keyfiyyət nəzəriyyələri ilə yanaşı və müasir pul nəzəriyyələri istiqaməti də nəzərdən qaçırılmamalıdır.

Belə alimlərdən biri məşhur İsveç iqtisadçısı A.Piqodur. Ümumən, Keymbric məktəbinin davamçılarından olan A.Piqo tədavül üçün lazım olan pul kəmiyyətinin miqdarını formalaşdırarkən müəyyən dərəcədə Keyns təliminin prinsiplərindən və eləcə də digər alimlərin müddəalarından bəhrələnmişdir.

Əlbəttə, müasir pul nəzəriyyələrini və maliyyə sistemini dəyərləndirərkən Fişer təlimini də xüsusi qeyd eləmək lazımdır. Çünki bazar iqtisadiyyatının normal fəaliyyətində transaksion xərclərin tədqiqata cəlb edilməsi əməli baxımdan monetar tənzimləmənin prinsiplərini daha aydın başa düşməyə və obyektiv nəticələr çıxarmağa imkan verir. Ona görə də monetar nəzəriyyənin milli iqtisadiyyatın inkişafındakı rolunu dəyərləndirərkən ona bir tərəfli yanaşmaqla yanlış nəticələrə gəlmək mümkündür. Bu baxımdan monetar tənzimləmə prinsipləri qeyd olunan nəzəriyyələrlə bağlı öyrənilməlidir. Doğrudur, tarixən monetar nəzəriyyə Keyns təliminə alternativ bir nəzəriyyə kimi yaransa da, onun reallaşmasında müəyyən mənada Keynsin qeyd etdiyi kimi, dövlət güclü iqtisadi siyasət yeritməklə monetar tənzimləmənin effektini artıra bilir.

Məlumdur ki, monetar nəzəriyyədə əsas obyekt dövriyyədə olan pul kütləsinin həcmidir. Bununla belə, tədavül üçün lazım olan pul kütləsinin həcmi pulun dövriyyə sürətindən, ölkədə əmtəə tədavülündə kredit mexanizmindən istifadə dərəcəsindən, bütünlükdə kreditin həcmindən, habelə nəqd pulla aparılan pul kütləsinin həcmindən çox olur. İqtisadi ədəbiyyatdan bizə məlumdur ki, tədavül üçün lazım olan pulun miqdarı aşağıdakı formula ilə müəyyənləşir.

M= V *(P/Y)

Burada M- tədavül üçün lazım olan pul kütləsinin nominal həcmi;

V – pulun dövriyyə sürəti

P – qiymət səviyyəsi

Y- real gəlirlər

PY – nominal gəlirlər

Təhlil göstərir ki, uzun dövr ərzində pulun dövriyyə sürətinin dəyişməsi kəmiyyətcə pula olan tələbdən nistəbən az artır. Çünki, son nəticədə pul kütləsinə olan tələb ümumi xərclərlə müəyyənləşir. Bütün bunlarla yanaşı təcrübə göstərir ki, tələb olunan pul kütləsinin səviyyəsinə inflyasiya dərəcəsi və real gəlirlərin artımı da mühüm təsir göstərir.

Məlumdur ki, əgər tədavüldə artıq pul kütləsi yaranırsa, bir çox hallarda onlar qiymətli kağızların alınmasına sərf oluna bilir. Beləliklə, təhlil göstərir ki, baxmayaraq ki, pul təklifinin artması müəyyən dərəcədə iqtisadi inkişafla bağlı ola bilir, lakin əksər hallarda bu artım heç də real gəlirlərin adekvat artmasına səbəb olmur. Müasir dünya iqtisadi ədəbiyyatında və dünya təcrübəsində tədavül üçün lazım olan pul kütləsinin həcminin müəyyənləşdirilməsində Fişerin tədqiqatları və nəzəriyyəsi maraq doğurur. Fişer belə hesab edir ki, pula olan tələb əsasən ölkədə qiymətlərin ümumi səviyyəsindən, əhalinin real gəlirlərinin səviyyəsinin dəyişməsi istiqamətindən asılı olaraq fərqli dinamikaya malik ola bilir.

Onun bu nəzəriyyəsi aşağıdakı formula ilə izah olunur.

MD= f(P,y)

Burada MD – pula olan tələbdir

P – qiymətin səviyyəsini ifadə edir

y – real gəlirləri özündə əks etdirir.

Fişerdən fərqli olaraq Piqo isə öz tədqiqatlarında ayrı-ayrı fərdlərin malik olduğu və sərf etdikləri pulun həcmi ümumi pula olan tələbin xarakterinə güclü təsir edir. Onun əsas ideyası ondan ibarətdir ki, pula olan tələb eyni zamanda sərvətin bir forması olmasından irəli gəlir.

Bütünlükdə monetar nəzəriyyəçilər bildiyiniz kimi, öz tədqiqatlarını daha çox inflyasiya ilə bağlayırdılar. Lakin onlardan fərqli olaraq Keyns belə hesab edirdi ki, cəmiyyət üçün işsizlik inflyasiyadan qat-qat böyük bəladır. Ümumi halda monetar nəzəriyyəni xarakterizə etməyə cəhd etsək Milton Fridmenin belə bir fikrini xüsusi qeyd etməliyik «Burada sadə qayda ondan ibarətdir ki, tsiklik ehtiyaclar üçün heç bir dəyişiklik olmadan pul ehtiyatları hər il təsdiq olunmuş sürətlərlə artırılmalıdır və bu zaman artım sürəti elə seçilməlidir ki, o bu məhsulların uzun müddətli dövrdə qiymətlərin sabitliyinə gətirib çıxarsın»

Eyni zamanda son illərin təcrübəsi onu da göstərir ki, klassik pul nəzəriyyələri ilə yanaşı Fişerin monetar təlimi ölkədə baş verən real prosesləri daha konkret ifadə edir. Belə ki, Fişerə görə dövriyyədəki pul kütləsinin dəyişməsi son nəticədə ölkədə mövcud olan qiymət nisbətlərinin dəyişməsinə gətirib çıxarır. Təcrübə göstərir ki, transformasiya dövrünü yaşayan ölkələrdə pul siyasətinin xarakterinə ölkədə dövlət, özəl, səhmdar, kooperativ və digər mülkiyyət növlərinin nisbəti də kifayət qədər güclü təsir göstərir. Əlbəttə, bu zaman pula olan tələbin həcminin müəyyənləşdirərkən ölkədə mövcud olan iqtisadi konyukturanı qətiyyən nəzərdən qaçırmaq olmaz. Belə ki, təcrübə göstərir ki, əgər ölkədə əlverişli investisiya, sahibkarlıq mühiti olmasa və yaxud qiymətli kağızlar bazarı kifayət dərəcədə inkişaf etməzsə, bu zaman sahibkarlar öz pullarını birincisi, qiymətli kağızlara yönəltməyəcək, ikincisi, real sektorun inkişafına az vəsait yönəldəcək, nəticədə ölkədə mövcud olan pul artıqlığı xarici valyutalara çevriləcək və yaxud, əlverişli sahibkarlıq mühiti olan istiqamətlənəcək ki, bu da sonradan milli iqtisadiyyatın inkişafında yeni problemlər yarada biləcək.

Bütün bunları nəzərə alaraq Fridmen bir mənalı qeyd edirdi ki, ölkədə effektiv pul siyasətinin yeridilməsi kapital sahiblərinin malik olduğu miqyaslardan çox asılıdır. Hər hansı bir qısa müddətdə əldə olunan gəlirlər milli iqtisadiyyatın uzun müddətli inkişafına özül yarada bilmir. Ona görə də uzun müddətə gəlirlərin həcmini planlaşdırılarkən hökmən iqtisadiyyatın inkişafının və əhalinin istehlakının fundamental prinsiplərinə söykənmək lazımdır.

Əlbəttə, monetar tənzimləmənin xarakterinə ölkədə mövcud olan pul aktivləri xüsusi əhəmiyyət kəsb edir və bu zaman dövriyyədə olan pul kütləsinin həcminə, hərəkətinə, emissiyasına başlıca tənzimləyici orqan olan Mərkəzi Bank güclü nəzarət etməlidir. Bu zaman ölkədə verilən kreditlərin həcmi və qaytarılası nəzərdə tutulan borcların kəmiyyəti də təhlildən kənarda qalmamalıdır. Belə bir klassik deyim var: kredit hərəkət edərkən o nəqd pula çevrilir. (8) Ona görə də ilk baxışda «gizli görünən, lakin ölkənin maliyyə sisteminə, pulun dövriyyəsinə və bütünlükdə pula olan tələb-təklif arasında nisbətin xarakterinə bu amilin güclü təsiri konkret təhlilə əsaslanaraq bütün hallarda tədqiqatdan nəzərdə qalmamalıdır»

Məlumdur ki, müasir qloballaşma şəraitində, xüsusən, transformasiya dövrünü yaşayan və yeni təşəkkül tapan ölkələrdə ölkədə monetar siyasətinin xarakterinə tədiyyə balansı, onun saldosu müsbət və mənfi olması güclü təsir göstərir. Çünki, yeni təşəkkül tapan post sovet ölkələrində iqtisadiyyatın dollarlaşma səviyyəsi kifayət qədər yüksəkdir. Bu amil bütün hallarda monetar tənzimləmə sisteminin effektliliyi dərəcəsini təhlil edərkən və qiymətləndirərkən nəzərə alınmalıdır. Ayrı-ayrı ölkələrdə xarici ticarət balansının saldosu, yəni idxal və ixracın nisbəti ölkədə reallaşdırılan monetar syasətin xarakterinə güclü təsir göstərir. Doğrudur, burada bəzən, bir mənalı nəticələrə gəlmək və konkret dinamikanın arxasında gizlənən real prosesləri görmək çətin olur. Qeyd etdiyimizə Leontyev paradoksu misal ola bilər. Leontyev göstərir ki, konkret reallıqlara əsasən Amerikanın ixracında fond tutumlu məhsullar üstünlük təşkil edir. Lakin əslində, təhlil göstərdi ki, onun ixracında əmək tutumlu və yüksək elm tutumlu məhsullar daha çox xüsusi çəkiyə malik oldular.

Bu da ölkənin ixracından ölkəyə daha çox valyutanın daxil olmasına səbəb olur ki, o da öz əksini son nəticədə pula olan tələb və təklifin təsirində göstərir. Əlbəttə, ölkəmizdə də keçidin ilkin mərhələsində ödəmələr balansının kifayət dərəcədə səmərəli olmaması, ölkədə reallaşdırılan pul siyasətinin neqativ nəticələrinin kifayət qədər olmasına gətirib çıxardır. Bu baxımdan Azərbaycanda neft strategiyasının reallaşması nəticəsində müstəqillik illərində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox investisiya qoyulması ölkəyə maliyyə kapitalının axınını gücləndirdi, maliyyə potensialını kəskin artırdı və bu da son nəticədə milli valyutanın dönərliliyini kifayət qədər güclənməsinə səbəb oldu. Eyni zamanda bu vəsaitlərin böyük bir hissəsinin sterilizə edilməsi və onun 1999-cu ildə yaradılmış Neft Fondunda cəmlənməsi ölkədə pul kütləsi ilə ona olan real tələbi və eləcə də büdcənin ehtiyaclarını optimallaşdırmağa imkan verdi.

Digər tərəfdən həmin maliyyə ehtiyatları ölkədə kifayət qədər geniş investisiya qoyuluşları həyata keçirməyə, regional inkişafa böyük miqdarda maliyyə resursları yönəltməyə imkan verdi ki, bu da son nəticədə İvrinq Fişerin qeyd etdiyi kimi, pul kütləsinin artımı ilə əhalinin real gəlirləri arasında balansı mümkün qədər optimallaşdırmağa və inflyasiyanı bir rəqəmli səviyyədə yəni idarə olunan səviyyədə saxlamağa imkan verdi. Son illərin təcrübəsi göstərdi ki, monetar tənzimləmə sisteminin xarakterinə valyuta mübadilə kursunun dəyişməsi güclü təsir göstərir. Eyni zamanda nəzərə almaq lazımdır ki, valyuta kursunun mübadiləsinin formalaşması və dinamikası bütünlükdə milli iqtisadiyyatın inkişaf xarakterinə, ölkədə istehlak mallarının səviyyəsinə, əmək haqqının, əmək məhsuldarlığının dərəcəsinə və habelə, məşğulluğun və işsizliyin nisbətinə də öz güclü təsirini göstərir.

Monetar tənzimləmə nəzəriyyəsinin banisi Fridmen belə hesab edirdi ki, sırf inzibati amirlik sisteminə əsaslanan iqtisadiyyatlarda onun dünya iqtisadiyyatına zəif qovuşmasında və dünya iqtisadiyyatına baş verən mütərəqqi meyllərə uyğun iqtisadi siyasətin formalaşmasında dəyişməz valyuta kursları neqativ qeyd edir. Ona görə onun zənninə görə iqtisadiyyatın çevikliyini, onun dəyişən iqtisadi şəraitə adekvat reaksiya vermək qabiliyyətini təmin etmək üçün hökmən üzən valyuta kursunun real tətbiqi zəruridir. Əksər təqdirdə valyuta mübadiləsinin əsassız olaraq dondurulması ölkədə maliyyə kredit münasibətlərinin fəaliyyətinin səmərəliliyinə neqativ dəyişməsinə səbəb olur. Bundan fərqli olaraq ölkədə üzən valyuta sisteminin tətbiqi mövcud iqtisadi reallıqlara uyğun olaraq dövriyəyə daxil olan pul axınlarının müvafiq dəyişməsinə gətirib çıxarır. Monetar tənzimləmə sisteminin konseptual əsaslarını müəyyənləşdirərkən pul təklifi ilə bağlı Kembric məktəbinin görkəmli nümayəndəsi Piqonun pul tələbinə qoyulan tələblərlə bağlı müddəaları maraq doğurur. O qeyd edirdi ki;


  • bazar iqtisadiyyatının subyektləri tərəfindən qəbul olunan və likvidliyin gözlənilməsi zəruri bir hal olduğu üçün bütün fərdlər ona əməl etməlidirlər.

  • hər bir konkret halda pul tələbinin maksimum həddi həmin fərdin öz ehtiyacları ilə müəyyənləşir.

  • məlumdur ki, ehtiyac pulun məbləği sabit kəmiyyəti olmaqla yanaşı eyni zamanda onun başqa növ yatırımlara tətbiqi də mövcuddur.

Beləliklə, iqtisadi ədəbiyyatda qeyd olunan nəzəriyyələrlə yanaşı pulun müasir miqdar nəzəriyyələri də geniş yayılmışdır. Ümumən, bu nəzəriyyənin fundamental prinsipləri Milton Fridmenin məlum makroiqtisadi tənzimləmə prinsiplərinə söykənir. Eyni zamanda ümumən, tədavül üçün lazım olan pulun miqdarını müəyyənləşdirərkən yuxarıda qeyd etdiyimiz Piqo prinsiplərindən, habelə Marşalın neoklassik təlimindən də istifadə etmək lazımdır.

Doğrudur, əməli təcrübə göstərir ki, bu nəzəriyyələr içərisində sərvət anlayışına, habelə maliyyə resurslarının mühüm növü olan istiqrazlara, səhm kağızlarına olan ehtiyacla bağlı Fridmenin fikirləri daha real görünür və təcrübədə geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, 2008-ci ildən başlayaraq, dünyanı bürüyən qlobal maliyyə böhranı bütün maliyyə-kredit mexanizmlərinin deformasiyaya uğratdığı kimi o öz təsirini pula olan tələb və təklifdə ölkənin maliyyə vəsaitlərinin hansı aktivdə saxlanılması probleminin həllində, bir sözlə pula olan tələb alternativ dəyərlərlə effektiv ödənilmə mümkünlüyü nəzərdən qaçırılmamalıdır.

Eyni zamanda təhlil onu da göstərir ki, pula olan tələbin müəyyənləşdirilməsində ölkədə olan real sərvətin həcmi, faiz dərəcəsi, qiymət səviyyəsi və habelə, inflyasiya dərəcəsi də pula olan tələbin müəyyənləşməsində mühüm rol oynayır. Bu qeyd olunan amillər, ümumən makroiqtisadi xarakterdə olan amillərdir. Lakin, təhlil onu da göstərir ki, Fridmen təlimində daha çox üstünlük bazar sistemi ilə bağlı olaraq mikroiqtisadi amillərə üstünlük verilir. Məlumdur ki, bütünlükdə pula olan tələbin müəyyənləşməsində moneta rvə fiskal tənzimləmə amilləri əsasdır. Lakin, XX əsrin sonunda təklif iqtisadiyyatı nəzəriyyəsinin başqa sözlə «regionomika» adını almış prinsiplərin real təcrübədə geniş istifadəsi pula olan tələbin tənzimlənməsi yeni bir istiqaməti. yeni keynsçilik meydana gəldi. Ümumi halda həmin müddəaları aşağıdakı kimi qeyd etmək olar:


  • qlobal maliyyə böhranı şəraitində pula olan tələbin formalaşmasında faiz dərəcələrinin dəyişməsi mühüm rol oynayacaqdır.

  • məlumdur ki, pul və istiqrazlar yığım vasitəsi kimi təcrübədə geniş istifadə olunur. Lakin qlobal maliyyə böhranı şəraitində Marksın təbirinc ədesək fiktiv və real kapitalın dəyərləri arasında fərqin kəskin artması və sonradan fiktiv kapitalın dəyərinin kəskin aşağı düşməsi böhranı doğuran amillər içərisində həlledici rol oynadı. Qlobal maliyyə böhranı şəraitində pula olan tələbin kəskin dəyişməsində iqtisadi tsiklin bir fazasından digərinə keçid obyektiv olaraq pula olan tələbin kəmiyyətini də dəyişdirir. Maliyyə böhranı şəraitində ölkədə reallaşdırılan maliyyə və pul siyasətlərinin prinsipial müddəalarının fərqli olması da son nəticədə makroiqtisadi tarazlığın pozulmasına səbəb ola bilir.

- hər bir konkret dövrdə pula olan tələblə gəlirlər arasında birbaşa əlaqə mövcuddur. Lakin, gəlirlərin bölünmə və tənzimləmə modelindən asılı olaraq bu korelyasiya laqələri birbaşa və dolayı xarakterdə ola bilir.

Məlumdur ki, keynsçilər və yeni keynsçilər cəmiyyətdə məşğulluğun təmin edilməsini bütünlükdə ölkə iqtisadiyyatının inkişafının həlledici amili hesab edirlər. Buna görə də onlar bir qayda olaraq inflyasiyanın pul tələbinə olan təsirini əsas amil hesab etmirlər.

Ancaq bunun əksi olaraq onlar investisiyanın həcmi, istehsalın miqyası və bütünlükdə ixrac və idxal saldosunun dəyişməsi uzun müddətdə pula olan tələbin həcmini müəyyən edən amildir. Bütün bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, onun 3 əsas istiqamətini xüsusi qeyd eləmək lazımdır:

Birincisi, investisiyaların portfel formalarını əsas götürərək yanaşma;

İkinci Con Meyns Keynsin fiskal-makroiqtisadi tənzimləmə prinsipini əsas götürərək yanaşma;

Üçüncüsü, mövcud şəraitə və reallığa uyğunlaşaraq adekvat pul siyasətinin formalaşdırılması.

Beləliklə, monetar tənzimləmə və pul siyasəti ilə bağlı başlıca iqtisadi məktəblərin təhlili göstərir ki, cəmiyyətdə real pula olan tələbi müəyyənləşdirmək üçün nə ancaq monetar nəzəriyyəçilərin irəli sürdükləri müddəalardan istifadə, nə də ancaq Keyns prinsiplərindən istifadə tam real nəticəyə gəlməyə imkan verir. Çünki, son nəticədə bu gün qloballaşan dünyada pula olan məcmuu tələb və təklifin formalaşmasına həm monetar amillər, həm də büdcə-vergi sistemi güclü təsir göstərir. Lakin təcrübə onu göstərir ki, bu amillərdə obyektiv nəticəyə gəlmək üçün kifayət deyildir. Təhlil göstərir ki, qlobal maliyyə böhranının baş verməsi dünya bazarında xam neftə qiymətin kəskin dəyişməsi, qeyd olunan obyektiv amillərlə yanaşı əhəmiyyətli dərəcədə siyasəti və institusional amillərlə izah olunur. Ona görə də hər bir ölkə qloballaşma şəraitində böhrandan çıxış tədbirlər sistemi işləyib hazırlayarkən həm monetar amilləri, həm büdcə-vergi xərc amillərini, beynəlxalq iqtisadi konyukturanı, eləcə də mümkün siyasi mühiti nəzərə alaraq bu sahədə gələcək üçün proqnozlar tərtib etməlidir.

Qeyd etmək lazımdır ki, moneta rvə keynsçi pul nəzəriyyələri kifayət dərəcədə fərqləndiyini aşağıdakı mülahizələrdən də görmək olar. Belə ki, pul təklifinin bilavasitə qiymətli kağızların dövriyyədəki həcmindən və gəlirliliyinin dəyişməsindən asılı olaraq pul təklifinin dəyişməsi ideyasının həlledici amili hesab edirlər. Onların fikrincə pul təklifi ilə pulu alan tərəf arasında likvidliyin təmin edilməsində effektiv faiz dərəcəsinin tətbiqi, habelə, pula və onun alternativi ola biləcək maliyyə vasitələrinin nisbəti də bu zaman nəzərdən qaçırılmamalıdır. Belə ki, ölkədə qiymətli kağızlar ilə pul kütləsi arasında əlaqə eyni dərəcədə dövriyyədə olan qiymətli kağızların gəlirlilik dərəcəsindən və bütünlükdə pula olan məcmuu tələblə məcmuu təklifin tarazlığın gözlənilməsindən asılı olur.

Çünki, kifayət qədər ödəniş qabiliyyətinə malik olan qiymətli kağızlar dövriyyəyə daha çox cəlb olunacaq, bu da son nəticədə pula olan tələbin azalmasına gətirib çıxaracaq. Məlumdur ki, Keyns təlimində investisiyaların multiplikator effekti nəzəriyyəsi xüsusi yer tutur. Çünki, əgər bir sahəyə qoyulan böyük investisiya müvafiq olaraq funksiyonal sahələrdə ÜDM-in artmasına, məşğulluğun yüksəlməsinə və gəlirlərin səviyyəsinə təsir göstərirsə, obyektiv olaraq investisiyaların artımı pula olan tələbi də artıracaqdır. Qeyd etmək lazımdır ki, təklif iqtisadiyyatı nəzəriyyəsinin və Keyns təliminin tərəfdarları milli iqtisadiyyat və onun başlıca sahələrində investisiyaların artımının pula olan tələbi artırılmasın xüsusi qeyd edirlər. Təcrübə göstərir ki, son illərdə inkişaf etmiş ölkələrdə qiymətli kağızlar əsasında portfel investisiyaları geniş tətbiq olunur.

Portfel investisiyaların bütünlükdə milli iqtisadiyyatın inkişafına təsiri problemi məşhur iqtisadçılardan Solu və Tobinin əsərlərində kifayət qədər araşdırılmışdır ki, bu da qloballaşma şəraitində dünyada baş verən böhranların mahiyyətini kifayət qədər yaxşı başa düşməyə, və dəyərləndirməyə imkan verir. Çünki, Keynsdən fərqli olaraq onlar belə hesab edir ki, pula olan tələbdə maliyyə aktivlərinin gəlirlilik dərəcəsi bütünlükdə bu prosesə çox güclü təsir göstərir. Həm də onlar orta gəlirlilik göstəricisinə görə deyil, bütünlükdə iri şirkətlər, firmalarda portfel investisyalarının həcmi və dinamikasına uyğun qərarlar qəbul etmək daha məqsədəuyğundur. Əlbəttə, pula olan tələbin müəyyənləşməsində yığım norması, onun həcmi, hər bir ölkədə Mərkəzi Bankın və digər maliyyə qurumlarının tərkibində olan məcburi ehtiyat normaları pula olan təklifin həcminə güclü təsir göstərir. Beləliklə, M.Fridmen tərəfindən monetar siyasət konsepsiyasının əsasında saxlanılan, nəzərdən keçirdiyimiz analitik apparat, sabitləşdirici tədbirlərin nəzəri əsasını kifayət qədər ziddiyyətli edir.

Birincisi, Fridmenin əsərlərindəki iqtisadiyyatın inhisarlaşdırılmasının qiymətlərin dinamikasına təsir dərəcəsinin aydınlaşdırılmaması, bu təsir dərəcəsinin yüksək olduğu iqtisadi şəraitlərdə monetar nəzəriyyənin istifadəsinin səmərəliliyini şübhə altına alır.

İkincisi, monetarizm təkrar istehsalın tsiklik böhranları zamanı pul məhdudiyyətlərinin tətbiqi imkanını ayrıca nəzərdən keçirmiş.

Üçüncüsü, monetarizmin banilərinin nəzəri müddəaları təkcə keyns nəzəriyyəsi deyil, Oyken və Filippsin faktiki dəlillərlə təsdiq olunmuş nəticələrini də təkzib edir.

A.Oyken tərəfindən müəyyən olunmuş qanun təsdiq edir ki. ÜMM-in potensial ÜMM-da nisbətən 2% düşməsi nəticəsində işsizlik norması 1% yüksəlir.

İşsizlik və inflyasiya arasındakı əlaqə A.Fillips tərəfindən araşdırılıb, müəyyən edilmişdir. Əmək haqqının inflyasiya proseslərindəki həlledici rolundan çıxış edərək, o, bir tərəfdən işsizliyin səviyyəsi, digər tərəfdən isə əmək haqqının səviyyəsi, digər tərəfdən isə əmək haqqının səviyyəsi ilə inflyasiya arasındakı əks əlaqəni aşkar etmişdir. Ümumən, monetaristlər öz mikroiqtisadi modellərinin çərçivələri daxilindəki nəzəri təhlilin əsasında dövlətin analitik siyasətinin Keyns prinsiplərinə qarşı çıxırlar. Dövlətin büdcə siyasətini təhlil edərək, monetaristlər dövlət «aktivizminin» hər iki formasını məcmu tələbin büdcə və pul idarə edilməsini tənqid edirlər. Onlar məşğulluğun, qiymətlərin, tələbin ödəmə qabiliyyətinin vəziyyətinə büdcə tədbirlərinin güclü birmənalı mövcudluğu haqda Keynsçilərin müddəalarının tamamilə əsassız olduğunu hesab edirlər.

Bütünlükdə milli iqtisadiyyatın inkişafında və formalaşmasında monetar tənzimləməyə dair konsepsiyaların təhlili göstərir ki, hər bir ölkənin iqtisadi inkişaf səviyyəsinin seçdiyi tənzimləmə modelinin maliyyə imkanlarından dünya iqtisadiyyatına qovuşma dərəcəsindən asılı olaraq monetar tənzimləmənin effektivliliyi fərqli ola bilər. Ona görə də dünya təcrübəsinədən və məlum nəzəriyyələrdən səmərəli bəhrələnmək üçün iqtisadi-sosial maliyyə, pul-kredit siyasəti konkret materiallar əsasında GİZİT təhlil olunaraq dəyərləndirilməli və onun əsasında nəticələr çıxarılmalıdır. Nəticədə bütün bu amilləri ölkəmizdə nəzərə alaraq Azərbaycan dövləti 2016-2020 və 2020-2025-ci illər üçün milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsinin əsas istiqamətlərində bu amillər nəzərə alınaraq bütünlükdə davamlı inkişafa keçid üçün inkişaf konsepsiyası hazırlanmışdır.





Dostları ilə paylaş:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə