Magistratura məRKƏZİ



Yüklə 11,39 Mb.
səhifə2/5
tarix17.11.2018
ölçüsü11,39 Mb.
#80848
1   2   3   4   5

Normativ metodda müəyyən normativlərdən istifadə nəzərdə tutulur. Keyfıyyətin idarə edilməsi sisteminin real göstəricilərinin belə normativlərlə müqayisəsi onun ideal, arzuolunan sistemə uyğunluğunu qiymətləndirməyə imkan verir.

Parametrik metod keyfıyyətin idarəedilməsi sisteminin tədqiq olunan xassələrinin kəmiyyətcə ifadə olunmasına əsaslanır. Bu metodla idarəedici və idarəolunan yarımsistemlərin parametrləri arasında qarşılıqlı əlaqə müəyyənləşdirilir.

Korrelyasiya metodu iqtisadi-riyazi tədqiqat metodlarından biridir və tədqiq olunan sistemin bir neçə parametrinin qarşılıqlı əlaqəsini kəmiyyətcə müəyyənləşdirir. Korrelyasiya metodunda birinci mühüm məsələ korrelyasiya tənliyinin (reqressiya tənliyinin) müəyyən edilməsidir. Belə tənliklərdən ən sadəsi iki parametr arasında qarşılıqlı əlaqəni xarakterizə edən xətti tənlikdir.

y=a+bx

burada, x, y – uyğun olaraq sərbəst və asılı dəyişənlər; a, b – sabit əmsallardır.

Keyfiyyətin təmin olunmasında tətbiq edilən metodlardan biri də ideyaların irəli sürülməsi metodudur. Bu metodun mahiyyəti bu və ya digər məsələ üzrə qərarın kollektiv qəbul edilməsidir: məsələ müzakirə edilir, onun həlli üçün ideyalar irəli sürülür, ideyalar qiymətləndirilərək ən səmərəlilisi seçilir.

Qrafiki modelləşdirmə metodunda müxtəlif diaqramlar, qrafiklər və histoqramlar istifadə edilir:

  • Diaqramlar – Pareto, İsikava diaqramları;

  • Qrafiklər – dairəvi, zolaqlı, Z-şəkilli, sınıq xətlər şəklində;

  • Histoqramlar – ikitərəfli simmetriyalı, sola yaxud sağa dartılmış, bir yaxud iki tərəfi kəsilmiş (məhdudlaşdırılmış) və s.

Sınıq xətlə təsvir olunan qrafikləq əsasında, bir qayda olaraq, tədqiqat obyektinin zamana görə dəyişməsinin xarakteri öyrənilir.

Kİ sahəsində tədqiqatlar aparılarkən yuxarıda nəzərdən keçirilən ekspert metodundan da istifadə edilir.

Kİ-nin səmərəliliyinin qiymətləndirilməsində, istehsalatın idarə edilməsində olduğu kimi, müxtəlif metodikalardan istifadə edilir. Əvvəllər ənənəvi olaraq ancaq iqtisadi nəticələr nəzərə alınırdı, 50-60-cı illərdən etibarən sosioloji və ekoloji nəticələrin, onların təsirinin aradan qaldırılması və kompensasiyası üçün xərclərin də qiymətləndirilməsi zərurəti yarandı. Məhz belə yanaşma səmərəliliyin təyinində modernləşdirilmiş metodikaların əsasını təşkil edirdi. Digər tərəfdən iqtisadi, sosial və ekoloji səmərəliliyin universal ölçü vahidləri ilə (məsələn, dəyər ölçüsündə) ifadə edilməsinə olunan cəhdlər perspektivsiz oldu, çünki belə yanaşmada səmərəliliyin qeyd edilən tərəflərinin keyfiyyətcə ziddiyyətliliyi, eyni prioritetli olmaması nəzərə alınmırdı.

Sistemli idarəetmənin səmərəliliyinin təyinində ilk növbədə hər bir istehlakçının, ümumilikdə cəmiyyətin təhlükəsizliyini, ekoloji əmin-amanlığı təmin edən tələblər nəzərə alınmalıdır və onlar iqtisadi səmərəliliklə müqayisədə prioritet təşkil etməlidir.

Qeyd olunan tələbləri təmin edən sistemli idarəetmənin səmərəliliyi aşağıdakı prinsiplərə əsaslanmalıdır.

Sosial və ekoloji effektlərin prioritetliyi prinsipinə görə səmərəlilik qiymətləndirilərkən sosial və ekoloji effektlər təhlükəsizlik və ekolojilik kriterləri üzrə yoxlanılmaqla nəzərə alınmalıdır.

Kompleks yanaşma prinsiplərinə görə iqtisadi səmərəliliyi təyin edərkən idarəetmə sisteminin tədqiqində, yaradılmasında, fəaliyyətində bütün mümkün xərclər, həmçinin idarəetmənin bütün səviyyələrində, həyat tsiklinin bütün mərhələlərində məhsulun yaradılmasının, təklif olunan xidmətlərdən istifadənin iqtisadi nəticələri nəzərə alınmalıdır. Daxili və xarici bazarda əldə edilən göstəricilər də buraya daxil edilməlidir. Beləliklə, iqtisadi səmərənin hesablanması təşkilatın bütün təsərrüfat sistemi üzrə aparılmalı və bu zaman idarəetmə ilə qarşılıqlı əlaqədə olan digər sistemlərdə (məsələn, ətraf mühitin mühafizəsi, tədarük planının yerinə yetirilməsi və s.) qəbul edilən qərarların verdiyi iqtisadi səmərə də nəzərə alınmalıdır. Sistemli idarəetmənin yaxşılaşdırılması üçün elmi əsaslandırılmış istiqamətlərin iqtisadi səmərəliliyinin təyini təşkilatdakı bütün idarəetmə yarımsistemlərinin nəzərdən keçirilməsini tələb edir.

Mövcud informasiyanın natamamlığının və doğru olmamasının minimal təsvirini təminetmə prinsipi onların qəbul edilən qərarlara və təsərrüfat sisteminin fəaliyyətinin nəticələrinə mənfi təsirinin minimumadək endirilməsini tələb edir.

Nəticələrin müqayisə edilməsi prinsipi idarəetmə sisteminin yaratdığı sosial, ekoloji və iqtisadi səmərələrin aşağıdakı əlamətlər üzrə müqayisəsini təmin edir: sosial nəticələr; ekoloji nəticələr; məhsulu işləyib hazırlayanların, istehsal edənlərin (satıcıların) tələbatlarının ödənmə dərəcəsi; məhsulun istehlakçılarının tələbatlarının ödənmə dərəcəsi; idarəetmə sisteminə, onun yarımsistemlərinə (o cümlədən keyfiyyətin idarə edilməsi sisteminə) verilən sertifikatların tanınması və nüfuzluluğu; zaman faktoru; səmərənin alınması ilə bağlı qeyri-müəyyənlilik və risklər.

Praktiki olaraq keyfiyyətin təmin olunmasına çəkilən xərclərin nəzərə alınması və təhlili prinsipinə əməl etmədən Kİ-nin iqtisadi səmərəliliyinin hesablanması qeyri-mümkündür.

Kİ-nin təkmilləşdirilməsi üzrə aparılan işlərdə sosial effektlərin mənbələri aşağıdakılar ola bilər: idarəçilik üzrə qərarların keyfıyyətinin yüksəldilməsi və onların həyata keçirilməsi; idarəetmə aparatının operativliyinin yüksəldilməsi; idarəetmədə və istehsalatda işçilərin ixtisaslaşdırılması; əməyin təşkilinin təhlükəsizliyinin və əmək şəraitinin yaxşılaşdırılması və s. Kİ-nin yaxşılaşdırılması ilə yaranan ekoloji effektlərin mənbələri: ətraf mühitin çirklənməsinin qarşısının alınması, istehsal edilən məhsulun və göstərilən xidmətin ekoloji səviyyəsinin yüksəldilməsi və s.

Daha mükəmməl Kİ-nin iqtisadi səmərəliliyinin mənbələrindən biri idarəçiliyə sərf olunan xərclərin azaldılması ola bilər:

Xid=X1i-X2i

burada, X1i, X2i – Kİ-nin təkmilləşdirilməsinə qədər və ondan sonra idarəçiliyə çəkilən xərclər, man.

İstehsal sferasında KİE-dən müsbət nəticələrin alınmasının əsas mənbələri aşağıdakılardır:

  • Məmulatlarda qüsurların aradan qaldırılmasına sərf olunan istehsalat xərclərinin azaldılması:

Sq=X1q – X2q

burada, X1q, X2q - sistemin tətbiqinə qədər və ondan sonra qüsurların aradan qaldırılmasına çəkilən xərclər, man.

  • Zay məhsullardan yaranan itkilərin azaldılması:

.

burada, A – natural vahidlərlə məhsulun həcmi;

B – zay məhsulun azaldılması, %;

Q – vahid məhsulun qiyməti, man;

U – utilləşdirmə qiyməti ilə vahid məhsulun dəyəri, man.

  • Məhsula nəzarətin dəyərinin azalması:

Sn=D1n – D2n

burada, D1n, D2n – uyğun olaraq sistemin tətbiqinə qədər və sonra məhsula nəzarətin dəyəri, man.

  • İstehsal proseslərinin əmək tutumunun azalması:



burada, N1, N2 – Kİ sisteminin tətbiqinə qədər və sonra məhsul vahidinin istehsalı üçün vaxt norması, saat;

H1, H2 – Kİ sisteminin tətbiqinə qədər və sonra saat tarifi üzrə qiymət, man.

  • Keyfiyyətsiz xammal və materialların istehsal prosesinə daxil olmasının qarşısının alınması:



burada, Az – hesabat dövründə çıxdaş edilmiş xammal və materialların həcmi, man;

Ad - hesabat dövründə daxil olan xammal və materialların həcmi, man;

K – keyfiyyətsiz xammal və materialların daxil olması ilə vahid məmulata düşən itkiləri nəzərə alan əmsaldır.

Yuxarıda qeyd olunanlardan başqa, müsbət nəticələr sistemli keyfiyyətin idarə edilməsinin yaxşılaşdırılması üzrə aşağıdakı tədbirlərin hesabına da alına bilər: istehlakçıların tələblərini daha dolğun ödəyən məhsulların və xidmətlərin maya dəyərinin aşağı salınması; yeni məhsulun yaradılması və istehsalı müddətlərinin qısaldılması və s.

Ekspertlərin hesablamalarına görə Kİ-nin yaxşılaşdırılmasına yönəldilən vəsaitlər 1:3,5-20 nisbətdə səmərə almağa imkan verir. Beləliklə, sistemli keyfiyyətin idarə edilməsinin təminatına yönəldilən xərclərə investisiya kimi baxılmalıdır. Bu da hesablamalar zamanı investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi üçün olan göstəricilərdən istifadəyə imkan verir.

1.3. Keyfiyyətin idarə edilməsinin ekspert metodları


Ekspert metodu bir elmi üsul kimi nisbətən yaxın zamanlarda yaradılmışdır. Bu metod «Delfı» adlandırılır. Sonralar ekspert qiymətləndirilməsinə əsaslanan digər analoji metodlar işlənib hazırlanmışdır. Ekspert metodları əvvəlcə elm və texnikada proqnozlaşdırma ilə bağlı məsələlərin həllində istifadə olunmuş, sonra digər sahələrdə, o cümlədən idarəetmədə tətbiq edilmişdir.

Baxılan məsələlər üzrə mütəxəssis-ekspertlərin müxtəlif vasitələrlə alınmış rəylərinin (mülahizələrinin) orta qiymətinin tapılması bütün sahələrdə ekspert metodlarının mahiyyətini təşkil edir. Orta qiymət K aşağıdakı düsturla tapılır:
,

burada, N – ekspertlərin sayı;

Kj – j-ekspertin verdiyi qiymətdir.

Hal-hazırda idarəetmə üzrə qərarların qəbul edilməsində ranqlama, bilavasitə qiymətləndirmə, müqayisəetmə kimi ekspert metodları geniş yayılmışdır. Sonuncu metodun özü iki şəkildə tətbiq edilir: cüt-cüt müqayisəetmə və ardıcıl müqayisəetmə.

Bu metodlarda bir çox ümumi cəhətlər vardır. Lakin burada fərq ondadır ki, öyrənilən idarəetmə obyektlərinin qiymətləndirilməsi (ölçülməsi) müxtəlif üsullarla həyata keçirilir. Ekspert metodlarına müəyyən şərt daxilində orqanoleptik sosioloji metodları da aid etmək olar.

Orqanoleptik metod ekspertlərin hissiyat orqanlarından istifadəyə əsaslanır: eşitmə, görmə, dadbilmə, iybilmə, dəri hissiyatı.

Sosioloji metod respondentlərin (məsələn, faktiki və ya potensial istehlakçıların) sorğusuna, rəylərinin toplanmasına və təhlilinə əsaslanır. Belə sorğu və ya rəylərin toplanması yazılı (anketlərin köməyi ilə), yaxud şifahi (konfranslarda, auksionlarda, sərgilərdə və s.) keçirilir. Bu metoddan istifadə zamanı elmi cəhətdən əsaslandırılmış sorğu üsulları, informasiyanın toplanması və işlənməsinin riyazi prinsipləri tətbiq edilməlildir.

Ekspert metodlarından istifadə prosedurlarının ardıcıllığı onların ümumi cəhətini təşkil edir. Buraya ekspert qiymətləndirilməsinin təşkili, ekspert rəylərinin toplanması və alınmış nəticələrin işlənməsi aiddir.

Təcrübə göstərir ki, ekspert metodlarından istifadənin nəticələrində subyektivliyin azaldılması və uyğun olaraq obyektivliyin yüksəldilməsi ekspert işlərinin təşkili, hazırlığı və keçirilməsi qaydalarına riayət edilməsindən xeyli dərəcədə asılıdır. Xüsusilə bu, ekspert qiymətləndirilməsinin təşkilindən, bu sahədə işlərin təşkili və keçirilməsinə məsul şəxsin təyin edilməsindən, həmçinin ekspert komissiyasının formalaşdırılmasından asılıdır.

Ekspert işlərinə ümumi rəhbərlik üçün ekspert komissiyasına sədr təyin edilir. Komissiyanın tərkibində iki qrup – işçi və ekspert qrupları yaradılır.

İşçi qrupun rəhbərinin tabeçiliyində ekspertlər üçün materialların texniki cəhətdən hazırlanmasını, alınmış nəticələrin işlənməsini və s. həyata keçirən texniki işçilər, həmçinin həll edilən problemlər üzrə mütəxəssislər olur.

İşçi qrupun rəhbəri (təşkilatçısı) ekspert qrupunu formalaşdırır. O, problemin qoyuluşunu həyata keçirir, qrupun fəaliyyət sahəsini müəyyənləşdirir, ekspert- mütəxəssislərin ilkin siyahısını tərtib edir, bu siyahının keyfıyyət tərkibini təhlil edir və siyahını dəqiqləşdirir, ekspertlərin işdə iştirakı üçün razılığını alır, ekspert qrupunun yekun siyahısını tərtib edir.

Qrupda ekspertlərin sayı müxtəlif amillərin və şərtlərin çoxluğundan, həll olunan problemin vacibliyindən, mövcud imkanlardan asılıdır. Mütəxəssislər hər bir namizədin keyfıyyəti təhlil edilərək seçilir. Bu zaman müxtəlif üsullardan istifadə olunur, məsələn, ekspert kimi keçmiş fəaliyyətinin nəticələrinin statistik təhlili əsasında namizədin qiymətləndirilməsi, namizədin verilmiş sahə üzrə mütəxəssis kimi kollektiv şəkildə qiymətləndirilməsi, ekspertliyə namizədin özü-özünü qiymətləndirməsi, namizədin səriştəliliyinin analitik müəyyənləşdirilməsi.



Şəkil 3. Ekspert komissiyasının tipik strukturu
Çox vaxt bir neçə üsul birgə tətbiq edilir, məsələn təklif olunan ekspertin keyfıyyətini ekspertin özünün qiymətləndirməsi və kollektiv qiymətləndirilmə. Belə yanaşma lazımi keyfıyyətli ekspertlərin əsaslandırılaraq seçilməsinə imkan verir. Lakin qeyd etmək lazımdır ki, keçmiş fəaliyyətin qiymətləndirilməsi kollektiv qiymətləndirməyə və özü-özünü qiymətləndirməyə nisbətən daha obyektivdir. Bütün potensial ekspertlər keyfıyyətindən və səriştəsindən asılı olmayaraq yeddi sinfə bölünür (cədvəl 2).

Cədvəl 2.



Səriştə və keyfiyyətinə görə ekspertlərin sinifləşdirilməsi

Ekspertlərin sinfı

Ekspertin keyfiyyəti və səriştəsi

1

çox yüksək

2

yüksək

3

ortadan yüksək

4

orta

5

ortadan aşağı

6

aşağı

7

çox aşağı

Ekspertlərin keyfiyyət sinfinin seçilməsi Kİ problemlərinin həlli zamanı ənənəvi olaraq istifadə edilən «yeddilik» qaydası üzrə həyata keçirilir. İdarəetmə sistemlərinin tədqiqatında obyektiv nəticələrin alınması üçün 1-4 sinif ekspertlərin seçilməsi daha məqsədəuyğundur, aşağı keyflyyət siniflərinə aid olan ekspertlərin isə ekspertizaya cəlb olunması tövsiyə edilmir. Bütün hallarda ekspertliyə namizədlər aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar: peşəkar səriştəlilik; yaradıcılıq məsələlərini həll etmək bacarığı; elmi intuisiya; ekspert işlərinin obyektiv nəticələrində maraqlı olmaq; işgüzarlılıq; obyektivlik və s.

Ekspert rəylərinin toplanması üçün aşağıdakılar qabaqcadan müəyyənləşdirilməlidir: yer və vaxt; forma və metodika; rəylərin toplanması turlarının sayı, sənədlərin tərkibi və məzmunu, ekspert rəylərinin sənədlərə daxil edilməsi qaydası.

Yuxarıda qeyd olunanlardan ekspert rəylərinin toplanma formasının seçilməsi xüsusilə mühüm məsələdir. Rəylərin toplanmasının fərdi, kollektiv və qarışıq formalarını göstərmək olar. Bu formalardan hər birinin aşağıdakı növ müxtəliflikləri vardır: anketləşdirmə, müsahibə götürmə, diskussiya, iclas, işgüzar oyun. Kİ-də çox vaxt onlar birgə istifadə edilir ki, bu da görülən işlərin səmərəliliyini və obyektivliyini yüksəldir. Ekspert rəylərinin toplanmasına belə yanaşma (qarışıq forma) problem tam aydın olmadıqda, kollektiv müzakirə zamanı ekspertlərdə fikir ayrılığı yarandıqda, yaxud fərdi rəylər üst-üstə düşmədikdə tətbiq edilir.

Kİ-də və keyfıyyət sistemlərinin yaradılmasında anketləşdirmədən geniş istifadə edilir. Anketləşdirmə ekspert rəylərinin az əmək sərfı ilə toplanmasını təmin edir. Anketin işlənməsi prosesinə, bir qayda olaraq, aşağıdakılar daxildir: ekspertə müraciətin forma və məzmununun müəyyənləşdirilməsi; sualların tipinin seçilməsi; sualların şərhi; ekspert üçün zəruri informasiyanın şərhi; anket formasının işlənməsi.

Son illər «veer» (cavablar sırasından bir cavab nəzərdə tutulur), bağlı (cavablar «hə», «yox», «bilmirəm») və açıq (sualın cavabı sərbəst şəkildə verilə bilər) adlanan sual tipləri daha çox işlədilir.

Belə bir mühüm cəhəti qeyd etmək lazımdır ki, anketləşdirmə zamanı anketlərdəki suallar düzgün, sadə və birmənalı, qısa və eyni zamanda tam olmalı, izahat qeydinin mətnində ekspertdən konkret nə tələb olunduğu göstərilməlidir. Suallara cavablar üçün, yəni hər bir ekspert tərəfındən qərarın qəbul edilməsi üçün nəzərdən keçirilən obyektin aşkar və ya gizli şəkildə obyektiv və ya subyektiv ölçülməsi həyata keçirilir. Subyektiv ölçmə zamanı ekspertlər, bir qayda olaraq, yuxarıda gəstərilən metodlardan birini tətbiq edirlər (ranqlama, bilavasitə qiymətləndirmə, müqayisəetmə).

Ranqlama və bilavasitə qiymətləndirmə metodu. Ranqlama metodunda ekspert təşkilati sistemin tədqiq olunan obyektlərini nisbi əhəmiyyətliliyindən (üstünlüyündən) asılı olaraq ranqlayır. Bu zaman daha üstün tutulan obyektə adətən birinci ranq, ən az üstün tutulana isə mütləq qiymətcə düzülən obyektlərin sayına bərabər sonuncu ranq verilir. Tədqiq edilən obyektlərin sayı az olduqca belə düzülmənin dəqiqliyi artır.

Bir ekspert tərəfındən ekspertiza obyektlərinin üstün tutmaqla (ranqlar üzrə) yerləşdirilməsi zamanı ranqların cəmi obyektlər sayının H vahiddən başlayan bütün natural sırasındakı ədədlərin cəminə bərabər olmalıdır [Hx(H +1):2]. Sorğuya görə ranqlama obyektlərinin yekun ranqı hər bir obyekt üçün ranqların cəmi şəklində müəyyənləşdirilir. Bu zaman birinci ranq ən az ranqlar cəmi olan obyektə, sonuncu yer ən çox ranqlar cəmi olan, yəni ən az əhəmiyyətli obyektə verilir. Misal kimi yeddi ekspertin üç obyekt üçün yekun ranqı müəyyənləşdirməsi cədvəl 3-də verilmişdir.

Cədvəl 3.



Qiymətləndirilən obyektlərin yekun ranqının təyini

Obyektin №-si

Ekspertlərin nömrələri üzrə ranq1ar

Obyektlərin ranqlarının cəmi

Obyektin yekun ranqı

1

2

3

4

5

6

7







1

1

2

2

1

2

1

2

11

2

2

2

1

1

2

1

2

1

10

1

3

3

3

3

3

3

3

3

21

3

Bilavasitə qiymətləndirmə metodu (bal metodu) tədqiq edilən obyektlərin əhəmiyyətliliyə görə bal verməklə düzülməsidir. Daha əhəmiyyətli obyektə qəbul edilmiş şkala üzrə daha yüksək bal verilir. Qiymətləndirmə şkalasının diapazonu, bir qayda olaraq, 0-dan 1-ə, 5-ə, 10-a, yaxud 100-ə kimi qəbul edilir. Sadə halda qiymət 0 yaxud 1 bal ola bilər. Bəzi hallarda qiymətləndirmə sözlə yerinə yetirilir, məsələn, «çox əhəmiyyətli», «əhəmiyyətli», «az əhəmiyyətli». Sorğunun nəticələrinin işlənməsini daha əlverişli etmək üçün belə qiymətləndirmə ball şkalasına keçirilə bilər.

II FƏSİL. TƏŞKİLATİ LAYİHƏLƏNDİRMƏ KEYFİYYƏTİN OPTİMALLAŞDIRILMASININ METODU KİMİ


Keyfıyyətin sistemli idarə edilməsinin tətbiqi müvafıq sistemlərin bazasında mümkündür. Odur ki, müəssisələrdə keyfıyyət sisteminin (KS) yaradılması məsələsi hazırda ən aktual məsələlərdən biridir. Bu cür sistemlərin işlənib hazırlanmasının və tətbiqinin ən səmərəli yolu təşkilati layihələndirmədir. Təşkilati layihələndirmə həm planlı təsərrüfat, həm də bazar iqtisadiyyatı şəraitində istifadə üçün yararlıdır.

Təşkilati layihələndirmə özünün başlanğıcını (inkişafının) texniki layihələndirmədən götürür. Lakin texniki və təşkilati layihələndirmələrin bir çox ümumi xüsusiyyətləri ilə yanaşı, onların hər birinə məxsus ayrıca xüsusiyyətləri də vardır. Onlar öz məzmunlarına görə bir-birlərindən kəskin fərqlənir. Burada əsas fərq ondan ibarətdir ki, təşkilati layihələndirmə ilə texniki qurğuların detalları, qovşaqları və kompleksləri deyil, idarəetmə və istehsal funksiyaları, istehsal və təşkilati strukturlar, idarəetmə texnologiyası, əmək prosesləri, metodlar, informasiya və s. kimi elementlər əhatə edilir.

Layihələndirmə müəssisənin işinin və oradakı münasibətlərin praktiki olaraq bütün cəhətlərini əhatə etməyə imkan verir ki, bu da hər hansı elementin, yarımelementin və ya sistemin təşkili və təkmilləşdirilməsi zamanı sistemli yanaşmanın realizə olunmasına şərait yaradır. Layihələndirmənin nəticəsi layihənin və onun tətbiqi üzrə tədbirlər kompleksinin işlənib hazırlanmasından ibarətdir.

Beləliklə, təşkilati layihələndirmə idarəetmə elementlərinin, yarımsistemlərinin və sistemlərinin yaradılması və təkmilləşdirilməsi sahəsində layihələrin işlənib hazırlanması və tətbiqi üzrə xüsusi fəaliyyət növüdür.

Keyfıyyət sisteminin təşkilati layihələndirilməsi prosesini ənənəvi olaraq bir sıra ardıcıl mərhələlərə bölmək olar: layihəqabağı, layihə, realizəetmə (tətbiq) və təkmilləşdirmə. Bu mərhələlərdən hər biri bir sıra işlərin yerinə yetirilməsini nəzərdə tutur. Bu işlər mərhələlər üzrə aşağıda şərh olunur (mötərizədə nəticə sənədi göstərilmişdir).

Layihəqabağı mərhələ.

  • Hazırlıq mərhələsi:

- beynəlxalq standartların tələblərini ödəyən KS-nin yaradılması zərurətinin ekspres – əsaslandırılmasının aparılması (arayış);

- KS-nin təşkilati layihəsinin hazırlanması haqqında əmrin verilməsi (əmr);

- KS-nin yaradılması üzrə koordinasiya - işçi qrupunun və işçi orqanların formalaşdırılması (koordinasiya- işçi qrupu haqqında əsasnamə);

- KS-nin yaradılması biznes - planının işlənib hazırlanması, qüvvədə olan keyfıyyətin idarə edilməsi (Kİ) sisteminin təhlili və KS-nin yaradılması metodikasının işlənib hazırlanması (metodika);

- qüvvədə olan Kİ sisteminin təhlilinin aparılması və KS-nin yaradılması üzrə işlərin planlaşdırılması (plan- qrafık);

- İSO 9000 seriyalı beynəlxalq standartların və Kİ sisteminin müasir istiqamətlərinin öyrənilməsinin təşkili (proqramlar, tədris planları və təlimin keçirilməsi haqqında arayış);

- proqramın işlənməsi və qüvvədə olan Kİ-nin kompleks sisteminin ilkin təhlilinin aparılması (aparılmış təhlil haqqında hesabat və ya analitik arayış);

- KS-i üçün tələblərin təyin edilməsi və bu sistem üçün istehlakçılarla razılaşdırılmış məhsulların siyahısının tərtib edilməsi (məhsulların razılaşdırılmış siyahısı);

- Kİ sisteminə tələblərin təyin edilməsi (razılaşdırma protokolu);


  • Kİ-nin qüvvədə olan kompleks sisteminin layihəqabağı hərtərəfli təhlili və KS-nin layihələndirilməsi üçün texniki tapşırığın (TT) işlənib hazırlanması;


Yüklə 11,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə