“magistratura məRKƏZİ”



Yüklə 358,13 Kb.
səhifə1/4
tarix10.11.2017
ölçüsü358,13 Kb.
#9256
  1   2   3   4

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ”


Bağırlı Araz Fikrət oğlunun

Azərbaycan Respublikasının İxrac Potensialının Artırılmasının Əsas İstiqamətləri


mövzusunda

MAGİSTR DİSSERTASİYASI


İstiqamətin şifri və adı 060401- Dünya iqtisadiyyatı

İxtisasın adıXarici İqtisadi Fəaliyyət

Elmi rəhbər i.e.d., dosent M.A. İbrahimov

Kafedra müdirii.e.d., prof. Ş.H.Hacıyev

Magistr proqramının rəhbəri:i.e.n., dos.F.Ə.Rəhimli

Bakı – 2016

MÜNDƏRİCAT

Giriş....................................................................................................................2


IFƏSİL. XARİCİ TİCARƏTDƏ İXRACIN ƏHƏMİYYƏTİ VƏ

KONSEPTUAL ƏSASLARI..............................................................................6

1.1 BİM sistemində xarici ticarət əlaqələrinin və ixracın mahiyyəti.........6

1.2 Müasir dünyada ixracın inkişaf dinamikası.......................................10

1.3 Azərbaycan iqtisadiyyatında ixracın əsas xüsusiyyətləri...................15

II FƏSİL. AZƏRBAYCANDA İXRACIN MÖVCUD VƏZİYYƏTİNİN VƏ İXRAC POTENSİALININ TƏHLİLİ...............................................................22

2.1 Azərbaycanda strateji məhsulların ixracının əsas göstəriciləri..........22

2.2 Azərbaycanda əsas ixrac tendensiyaları............................................28

2.3 Qeyri-neft sektorunda mövcud ixrac siyasəti....................................33

III FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA İXRACIN ARTIRILMASININ PERSPEKTİV İSTİQAMƏTLƏRİ..................................42

3.1 Azərbaycanın ÜTT, Gİ və Aİ ilə münasibətlərinin perspektivi..........43

3.2Azərbaycanda ixracın artırılmasının prioritet istiqamətləri..................52

3.3İxrac diversifikasiyasını şərtləndirən təkmilləşdirilmə yolları.............55

Nəticə və Təkliflər .............................................................................................68

İstifadə edilmiş ədəbiyyat siyahısı......................................................................72

Əlavələr...............................................................................................................74


Referat.................................................................................................................82


GİRİŞ

Mövzunun aktuallığı. Azərbaycan iqtisadiyyatının davamlı inkişafını şərtləndirən mühüm amillərdən biri də onun öz potensialından düzgün istifadə etməklə ixracının artırılmasıdır. Müstəqillik qazandığı dövrlərdə ölkənin iqtisadi cəhətdən tənəzzülü və bütöv bir iqtisadi sistem dəyişikliyinə məruz qalması nə qədər çox problem yaratsa da, öz zəngin resursları hesabına Azərbaycan, gənc və üstəlik də işğala məruz qalan gənc ölkə üçün kifayət qədər sürətli sayıla biləcək iqtisadi inkişafa qədəm qoydu. Bütöv bir milli iqtisadiyyat yenidən qurulmağa başlamışdır. Tezliklə öz karbohidrogen resurslarında səmərəli istifadə edilməsi planı iqtisadiyyatın digər sahələri və bütövlükdə ölkə üçün inamlı gələcəyin qarantı oldu. Bu planın bəlkə də ən önəmli elementi 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi” oldu. Belə ki, bir çox ölkələri təmsil edən şirkətlərlə bağlanan müqavilələr, yaranan konsern, hər hansı bir ölkədən, qlobal gücdən asılı olmaq riskini aradan götürdü və faktiki olaraq Azərbaycanın xeyli müddətə iqtisadi baxımdan da müstəqil olmasını təmin etdi. 2005-ci ildən etibarən işə düşən Bakı-Tiflis-Ceyhan neft kəməri bu iqtisadi siyasətin bəhrəsini artıq daha real maliyyə gəlirləri şəklində, daha da güclü hiss etdirməyə başladı. Belə olan halda, hər bir rasional iqtisadi siyasətin tələblərinə uyğun olaraq Azərbaycanın iqtisadi siyasəti də sosial layihələrlə yanaşı, ölkənin neft sektorundan gələn gəlirlərin qeyri-neft sektoruna investisiyalar şəklində qoyuluşunu nəzərdə tutdu. Sosial baxımdan nəinki hər hansı bir sahənin, demək olar ki bütöv Azərbaycanın maddi-texniki bazasının yeniləndiyini söyləsək yəqin ki yanılmarıq. İqtisadi nəticələr də özünü çox gözlətmədi və xeyli dərəcədə təəsürat yaratdı. Azərbaycanda yeni istehsal müəsissələrinin sayı xeyli artdı, bir çox istehsalat sahələri modernləşdirildi və bu proses bugün də müvafiq qanunvericilik çərçivələrində davam etdirilir. Lakin istehsalatı qurmaq və istehsalı təşkil etmək iqtisadiyyat qarşısında duran bir çağırışdırsa, istehsal olunan məhsulların satılacağı bazarları müəyyənləşdirmək və həmin bazarlara çıxmaq da digər bir çağırışdır. Buna görə də Azərbaycan eyni zamanda qeyri-neft sektorunda istehsal olunan və beynəlxalq bazarda tələbatda olan məhsulların ixracını artırmaq və ölkənin maliyyə gəlirlərində neftdən gələn gəlirlərin xüsusi çəkisini azaltmağa çalışır. Bu iqtisadi təhlükəsizlik baxımından da zəruridir, çünki iqtisadiyyatı və dövlət büdcəsi neft satışından əldə olunan gəlirlər üzərində bərqərar olan ölkənin stabilliyi də elə dünya bazarlarında neftin qiymətinin stabilliyi qədərdir. Günümüzdə ən aktual məsələdə elə neftin qiymətinin son dövrlərdəki dramatik düşüşüdür ki, bu bir sıra ölkələrdə devalvasiyanı qaçılmaz etdi.

Başqa sözlə, son 20 ildə möhkəm milli iqtisadiyyatın qurulması prosesinin bugün də davam etməsi və aktual olması, son 10 ildə neftdən gələn iri maliyyə gəlirlərinin qeyri-neft sektoruna investisiyası strategiyasının aktual olması, son 2 ildə neftin dünya bazarlarında kəskin ucuzlaşması, Azərbaycanın ixrac potensialının artırılması mövzusunu daha da aktual edir.


Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyekti Azərbaycanın istehsal etdiyi məhsulların, strateji məhsulların, əsasən qeyri-neft sektoru məhsullarının ixracıdır. Tədqiqatın predmeti isə potensial ixrac istiqamətlərinin və onların reallaşdırılması imkanlarıdır. Burada müxtəlif inkişaf meylləri, perspektivlər, alternativlər də nəzərdən keçirilir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi yaxın gələcəkdə Azərbaycanın ixracı artırması üçün əsəs istiqamətləri müəyyənləşdirməkdir. Bu vacib məqsədə çatmaq üçün tədqiqatın qarşısında bir neçə mühüm vəzifə dayanır: Azərbaycanın təbii resurslarının, istehsal amillərinin, inkişaf xüsusiyyətlərinin dərindən təhlil edilməsi; Azərbaycanın ixracının artırılmasına şərait yaradacaq beynəlxalq əlaqələrin, münasibətlərin və üzvlüklərin perspektivinin, risklərinin və səmərəliliyinin düzgün dəyərləndirilməsi; İqtisadiyyatın və ixracın diversifikasiyalaşdırılması imkanlarının dəyərləndirilməsi; Əsas problemlərin müəyyən edilməsi və tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi; Səmərəli və effektiv ixrac strategiyasının müəyyən olunması.

Tədqiqatın informasiya bazası. Təqdqiqatın informasiya bazasını bir neçə tip məlumatlar təşkil edir. Birinci tədqiqatın düzgün istiqamətdə aparılmasını təmin edən nəzəri-metodoloji baza – müxtəlif tədqiqatlar və iqtisadi konsepsiyalardır. Klassik nəzəriyyələrlə yanaşı, hazırda dünyada tətbiqi aktual olan müxtəlif konseptlər, müxtəlif bazar iqtisadiyyatlı ölkələrin tətbiq elədiyi uğurlu modellər, iqtisadçıların bu istiqamətdə tədqiqatları da buna aid edilə bilər. İkincisi, qanunvericilik bazasıdır ki, Azərbaycan Respublikasında qüvvədə olan müvafiq qanunvericilik toplusu - məcəllələr, qanunlar, sərəncamlar və s., habelə Azərbaycanın qoşulduğu müvafiq beynəlxalq konvensiyalar və götürdüyü hüquqi öhdəliklər təşkil edir. Üçüncüsü statistik məlumat bazasıdır ki bu da əsas etibarilə Dövlət Statistika Komitəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Xarici İşlər Nazirliyinin, Dövlət Neft Şirkətinin, Mərkəzi Bankın statistik məcmuələri, BVF, UNCTAD və s. beynəlxalq təşkilatların illik hesabat materialları əsasında formalaşır.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat Azərbaycan üçün ümumi aktual mövzunu əhatə etsə də, onun aparıldığı hazırkı vaxt onu daha da aktual və praktiki edir. Belə ki, hazırda yaranmış vəziyyət onu daha çox reallıqları analiz etməyə və daha müasir problemlərin və perspektivlərin prizmasından nəzərdən keçirməyə imkan verir. Neftin qiymətinin kəskin düşdüyü və post-devalvasiya şəraitində ixracın diversifikasiya imkanlarının cari təhlilinə söykənməsi, tədqiqatı xeyli orijinal etmiş və müasir geoiqtisadi reallıqlarla ona yeni nəticələr çıxarmağa və konstruktiv təkliflər verməyə zəmin yaratmışdır.


Tədqiqatın strukturu. Tədqiqat işi giriş, 3 fəsildən, 9 paraqrafdan, nəticə və təkliflər bölməsindən ibarətdir. İşin sonunda tədqiqatda istifadə olunmuş ədəbiyyatın siyahısı da təqdim olunmuşdur. Araşdırmanın qısa xülasəsi də iki səhifəlik Rezyume hissəsində verilir.

Dissertasiyanın birinci fəsli BİM sistemində xarici ticarət əlaqələrinin və ixracın konseptual əsaslarına həsr olunur. Burada daha çox nəzəri-metodoloji əsaslar, təsdiqini tapmış yanaşmalar göstərilir, ixracın əhəmiyyəti və iqtisadi inkişafda rolu vurğulanır. Belə ki, iqtisadi nəzəriyyələrdə ixracın mahiyyətinin önəmi (1.1), dünyada artan beynəlxalq ticarət dövriyyəsi, müsbət tendensiyalar və onların səbəbləri (1.2) və Azərbaycan iqtisadiyyatında ixrac konsepsiyasının təsviri (1.3) verilmişdir.

Tədqiqatın ikinci fəslində ölkə iqtisadiyyatında ixracın dərin təhlili yer alır. Strateji məhsulların əsas statistik göstəricilərlə təhlilindən sonra (2.1), İxracda yeni yaranmış tendensiyalar da təhlil edilir (2.2) və nəhayət daha perspektivli görünən qeyri-neft sektorunda ixracın mövcud vəziyyətinin dərin analizinə keçilir(1.3).

Təhlil ixracın artırılmasının perspektiv istiqamətlərini daha aydın müəyyən etməyə imkan verir ki, bu da üçüncü fəsildə öz əksini tapır. Azərbaycanın ÜTT ilə bu təşkilata üzvlük ilə bağlı 18 il ərzində apardığı danışıqlar, Gömrük İttifaqının Azərbaycanla münasibətləri və Avropa İttifaqı ilə yaxınlaşma perspektivləri, ixraca təsir edə biləcək mühüm faktorlar olduğundan bu əlaqələrə perspektiv baxış fəslə daxil edilmişdir (3.1). Digər tərəfdən mövcud potensialın reallaşdırılması və ixracı diversifikasiyalaşdıra bilmək üçün gərəkli təkmilləşdirmə addımları da verilmişdir. (3.2) Analizlərə əsaslanaraq, perspektiv münasibətləri və zəruri təkmilləşdirmə addımlarını hesabladıqdan sonra Azərbaycanın ixrac potensialını artırmaq üçün əsas istiqamətləri müəyyənləşdirmək olur. (3.3.)



I FƏSİL. XARİCİ TİCARƏTDƏ İXRACIN ƏHƏMİYYƏTİ VƏ KONSEPTUAL ƏSASLARI

Hər hansı bir ölkənin ixrac potensialını araşdırmaq, onun ixrac siyasətini təhlil edən elmi iş yazmaq üçün ilk öncə ixracın bir iqtisadi anlayış kimi mahiyyətini dərk etmək, beynəlxalq iqtisadi münasibətlərdə onun rolunu düzgün qiymətləndirə bilmək lazımdır. Dünya iqtisadiyyatının ixrac siyasətindəki tendensiyalarını öyrəndikdən sonra, ölkənin ixrac siyasətinə və perspektivlərinə aid elmi mülahizələr yürütmək mümkündür. Məhz buna görə, bu fəsil beynəlxalq ticarətdə ixracın mahiyyətini, dinamikasını və Azərbaycana aid xüsusiyyətləri əhatə edir.



    1. Beynəlxalq İqtisadi Münasibətlər sistemində xarici ticarət əlaqələrinin və ixracın mahiyyəti.

Qloballaşmanın sürətlə getdiyi bugünkü dünyada, ölkələr arasındakı iqtisadi münasibətlər nə qədər çox şaxələnsə də, beynəlxalq ticarət onlardan ən vacibi olaraq qalmaqdadır. Xarici ticarətin milli iqtisadiyyatların iqtisadi artımına təsiri əhəmiyyətli dərəcədə artır, lakin dünya iqtisadiyyatındakı müxtəlif qrup ölkələrdə bu mexanizm müxtəlif cür işləməklə ziddiyyətlidir. İnkişaf edən və keçid dövrünü yaşayan iqtisadiyyatlar ənənəvi olaraq ölkələrdə olan istehsal amillərindəki fərq və ya təbii-coğrafi resurslar üzərində monopoliya kimi nisbi üstünlüklərdən istifadə edir. İnkişaf etmiş iqtisadiyyatlarda isə xarici ticarətin hərəkətverici qüvvəsi kimi innovativ prosesləri, informasiya-kommunikasiya sahəsindəki liderliyi, istehlakçı tələbatlarını şərtləndirən faktorlar çıxış edir. Bu şəraitdə, xarici ticarətin iqtisadi artım, iqtisadi inkişaf kontekstindəki önəminin kifayət qədər araşdırılmadığını xüsusi vurğulamaq lazımdır ki. İqtisadçılar arasında iqtisadi artımın ixraca təkan verməsi və ya ixracın artırılmasının ölkə iqtisadiyyatına inkişafına təkan verməsi ətrafında mübahisəli fikirlər və nəzəriyyələr ona gətirib çıxarıb ki, hətta bugün hər hansı bir fikir vahid təsdiq olunmuş kimi qəbul edilməyib. Təbii ki bu göründüyü kimi, asan təhlil oluna bilən bir iqtisadi proses deyil. Dünyada mövcud olan hər bir ölkə, ərazi, əhali, istehsal amilləri, fiziki-coğrafi mövqeyi, yerləşmə regionu və s. bir sıra iqtisadi, sosial, siyasi faktorların əmələ gətirdiyi məcmu kompleksə görə unikaldır və öz iqtisadi siyasətini özünə daha uyğun və əlverişli şəkildə həyata keçirməyə can atır. Belə bir şəraitdə müxtəlif, fərqli və bəzən bir-birinə zidd mülahizələri dəstəkləyən nümunələrin şahidi oluruq. Başqa sözlə, belə bir vəziyyətdə bu mövzu özünün aktuallığını qoruyub saxlayır.

Demək olar ki, bütün iqtisadi fikir məktəbləri iqtisadi inkişafda xarici ticarət faktorunu təhlili ilə məşqul olublar. Merkantilistlər, fiziokratlar, klassik və neoklassik məktəb nümayəndələri, həmçinin radikal sol tənqidçiləri bu barədə öz , mülahizələrini təqdim etmişdilər. Merkantilizm təmsilçiləri Tomas Man, Antuan Monkretyen, A.Serr, Q.Skaruffi, U. Stafford hesab edirdilər ki, xarici ticarət sərvət toplamağın yeganə yoludur, və artımın yeganə yolu ixracı artırmaq idxal üçün proteksionist siyasət tədbirləri görməkdir.

Fiziokratlar F.Kene və P.M. Rivier isə hesab edirdilər ki xarici ticarət milli sərvətin artırılması baxımından “sonsuz”dur.

İngilis siyasi iqtisad məktəbinin nümayəndələri A.Smit, D.Rikardo və C.S.Mill xarici ticarətin milli məhsul istehsalına müsbət effektini müəyyən etdilər. A.Smitin “mütləq üstünlüklər nəzəriyyəsi” və daha sonra D.Rikardonun təkmilləşdirərək ortaya çıxardığı “nisbi üstünlüklər nəzəriyyəsi”iddia etdi ki, xarici ticarət beynəlxalq əmək bölgüsündə iştirakı təmin etdiyi və əhalinin tələbatlarını artırdığına görə milli rifahı yüksəldir. C.S.Mill isə biraz daha irəli gedərək iddia etdi ki xarici ticarətin milli sərvətin artırılmasına təsiri nəticəsində ən çox o ölkə qazanır ki, onun istehsal etdiyi məhsullara xarici ölkələrdə daha böyük tələbat olsun və yerli əhalisinin idxal məhsullarına ən az tələbatı olsun.

Neoklassik məktəb nümayəndələri olan E.Hekşer və B.Olin Xarici ticarətdə amil nəzəriyyəsində göstərdilər ki xarici ticarət nisbətən ifrat məhsul istehsalı və ixracı amillərinə sahib olanların gəlirlərini artırır və iqtisadi inkişafı sürətləndirir. Neoklassik fikir məktəbinin inkişafı V.Stopler, T.Rıbçınskiy və R.Consonun xarici ticarətdən gəlirlərin bölüşdürülməsi nəzəriyyələrində öz əksini tapdı, harada ki xarici ticarətin iqtisadi artıma müsbət təsiri haqqında birmənalı fikir yoxdur. V.Stopler göstərirdi ki, ifrat istehsal amilinin qiymət artımı və çatışmayan amilin qiymətinin salınması xarici ticarət nəticəsində birincinin sahibinin gəlirlərinin artımına, və defisit amil sahibinin gəlirlərinin azalmasına gətirib çıxaracaq. T.Rıbçınskiy güman edirdi ki, ifrat istehsal amili istifadə olunan məhsulu ixrac edən xarici ticarət, bu faktorun defisit sayıldığı digər sahələrdə istehsalın azalmasına gətirir ki, bu iqtisadi artım kimi staqnasiyaya (holland xəstəliyi) səbəb ola bilər. R.Conson göstərirdi ki, ixrac nəticəsində hər bir ölkədə ixraca yönəlik sahələrə spesifik istehsal amilləri inkişaf edəcək, idxalı əvəzləyən sahələrə spesifik istehsal amilləri isə ixtisar olunacaq. Nəticədə onların sahiblərinin də gəlirləri dəyişəcək – ixraca yönəlik sahələrin sahiblərində gəlir artacaq, idxalı əvəzləyən sahələrin sahiblərində isə gəlir azalacaq. Bu, milli iqtisadiyyatlarda iqtisadi artımı artıra bildiyi kimi, yavaşlada da bilər.

Beləliklə, iqtisadi nəzəriyyədə üstünlük təşkil edən klassik və neoklassik konsepsiyalar dövlətin xarici ticarətə minimal müdaxiləsini və milli iqtisadiyyatın dünya təsərrüfatı ilə münasibətlərinin maksimal liberallaşdırılmasını nəzərdə tutur.

Qloballaşma şəraitində bu aksiomlar dünyada olan milli iqtisadiyyatlardakı real vəziyyətə, o cümlədən Azərbaycana tam uyğun gəlmir.

Ənənəvi klassik və neoklassik məktəblərin inkişaf etməkdə olan ölkələrə münasibətinə görə sərt tənqid edən nəzəri baxışlar, iqtisad elmində sol radikal istiqamətdə, daha dəqiqi A.Emmanuel, S. Amin, İ. Vallertaynın işlərində təsvir olunub. Sol radikal nümayəndələrinin mülahizələrinin mahiyyəti ondan ibarət olub ki, xarici ticarət gəlirlərin yenidən bölüşdürülməsinin xüsusi formasıdır ki onları inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə ötürür və bu da bir inkişaf etmiş ölkələrdə iqtisadi artımı daha da sürətləndirirsə, inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımı biraz da zəiflədir. A.Emmanuel inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında xarici ticarətdə olan ziddiyyətləri vurğulayır, hansı ki ekvivalent olmayan mübadilə ilə ifadə olunur. Qeyri-ekvivalent mübadilənin səbəbini o, kapitalın yerdəyişməsinin mobilliyində, əməyin qeyri-mobilliyində və ölkələrdəki əmək haqqları səviyyəsində olan böyük fərqdə görür. Onun yanaşması “üçüncü dünya ölkələri”ndə inkişaf etmiş ölkələrin xeyrinə yaradılan, əlavə dəyərin mütəmadi yenidən bölüşdürülməsindən nəticə çıxarmağa imkan verir. Bu faktı bəzi başqa iqtisadçılar da işıqlandırmışdılar. S. Amin A.Emmanueli tənqid edərək, kapitalın beynəlxalq mobilliyini müvafiq olaraq onun gəlir normalarını kapital üzrə eyniləşdirməsini inkar edir. Onun fikrincə inkişaf etmiş iqtisadiyyatlarda böyük elmi-texniki potensial ilə kapitalın əsas hissəsi cəmləşir və bu texnoloji inkişafın, proqressin olmadığı inkişaf etməkdə olan iqtisadiyyatlardan olan fərqi təşkil edir. Elə bu da, mübadilənin qeyri-ekvivalent olmasının səbəbidir.

İ. Vallerstayn işarə edirdi ki, ölkələrn iqtisadi inkişaf səviyyələri arasındakı qeyri-bərabərlik tarixin məhsuludur özü də getdikcə inkişaf etmiş ölkələr daha da artacaq, inkişaf etməkdə olanlar isə geri qalacaqlar.

Beləliklə, xronoloji ardıcıllıqla dünyanın iqtisadi fikir tarixinə nəzər yetirdikdən sonra, özünü bu və ya digər dövrlərdə təsdiqləyən iqtisadi nəzəriyyələri təhlil etdikdə, beynəlxalq ticarətin dünya iqtisadiyyatına və xarici ticarətin bu və ya digər ölkənin iqtisadiyyatına müsbət təsiri artıq danılmaz və heç kəs tərəfindən mübahisə edilməyən bir fakt olaraq ortaya çıxır. Təbiidir ki, xarici ticarətdə iştirak etmək üçün, müəyyyən məhsulların ixracı və müəyyən məhsulların idxalı da labüddür. Lakin belə ola halda da, ticarətin və onun hissələrinin strukturu yenə də ən önəmli məsələ olaraq ortaya çıxır. Məsələn hansı məhsulları istehsal etməli, hansı məhsulları ixrac etməli, hansıları idxal eləməliyik. Bu məsələlərin nəzəri cavabı yuxarıdakı konsepsiyalarda verilsə də, praktiki cavabların tapılması önəmlidir. Başqa sözlə, nəzəriyyə bütün ölkələr üçün ümumiləşdirilmiş, fəlsəfi cavabları təmin edirsə, praktiki cavablar əksər hallarda hər bir ölkə, region üçün spesifik, fərqli və unikal olur.



1.2 Müasir dünyada ixracın inkişaf dinamikası.

Müasir, dünya ölkələri tərəfindən həyata keçirilən xarici ticarət siyasəti tarixən üç mövqe əsasında formalaşmışdır:

1)Xarici ticarət siyasətindəŞimal-Şimal modeli;Bu model əsasən İEÖ-lər arasında aparılan qarşılıqlı ticarəti özündə əks etdirir. Onu bəzən xarici ticarətin “Üfüqi” istiqaməti də adlandırırlar.Burada dövlət ticarət axınlarına məqsədlişəkildə təsir edir.

2)Xarici ticarət siyasətinin “Şimal-Cənub” modeli; Bir çox iqtisadi ədəbiyyatlarda “şaquli” model kimi adlandırılan bu model İEÖ-lər və İEOÖ-lər arasıda qarşılıqlı ticarəti səciyyələndirir.Bir tərəfdən, bütövlükdə beynəlxalq əmək bölgüsünün forması kimi təzahür edən qarşılıqlı ticari münasibətlər sistemi İEOÖ-lərinçevikgəlişməsi yolunda maneəyə çevrilmişdir.Belə ki, bu modeləgörəİEOÖ-lər xammallar və yarıfabrikatlar ixrac etməklə,emal sənaye məhsullarının idxalına istinadla xarici ticarət münasibətlərini formalaşdırır.Yəni həmin ölkə qrupunun İEÖ-lərin xammal bazası statusuna çevrilməsi labüddür ki, bu da gələcək planda ümummilli mənafelərin ödənilməsi prosesinə öz əks təsirini göstərəcəkdir.Eyni zamanda, adıçəkilən modeldə ölkə qruplarının (əsasənİEÖ) kollektiv mənafeləri, fərqli səpkili inhisarçı birliklərin, maliyyə-ticarət və digər qruplaşmaların öz maraqları ön plana çıxır. Başqa sözlə,bu münasibətlər sistemində “uduzan”ancaqİEOÖ-lərolmalıdırlar.

3) Xarici ticarət siyasətinin “Cənub-Cənub” istiqaməti; Bu istiqamətibəzən xarici ticarət siyasətində “konqlomerat” modelidə adlandırırlar.Əsasən inkişaf etməkdə olan ölkələri nəzərdə tutan “Cənub-Cənub” modelində həm üfüqi, həm də şaquli istiqamətlər , və ya onların “sintezi” mövcud olur.

İnkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatların, habelə keçid iqtisadiyyatlarının inkişaf meylləri və templəri bir-birindən fərqlidir. Ümumilikdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər, artımlar, meyllər və s. vacib

göstəricilər dünyanın qlobal intitusional təşkilatları tərəfindən izlənilir və təhlil edilir, qiymətləndirmə aparılır və gələcəyə aid proqnozlar verilir. Bu işlərin nəticəsi olaraq illik hesabatlar təqdim olunur. Önəmli göstəricilərlə zəngin illik hesabatlar dərc edən təşkilatlara Dünya Ticarət Təşkilatını, Avropa Birliyini, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransını (UNTAD), Beynəlxalq Valyuta Fondunu, Dünya Bankını və s. misal göstərmək olar. Bu təşkilatların hər birinin ixtisaslaşdığı fəaliyyət sahəsi, strukturu, prinsipləri, üzv tərkibi, səlahiyyətləri olsa da, mövzudan kənara çıxmamaq üçün onların hər birinin məlumatlarına müraciət etdikdə, müvafiq hissələrdə qısa olaraq profillləri haqda da məlumat təqdim ediləcəkdir.

“UNCTAD”hər il beynəlxalq ticarəti, investisiyaları və inkişafı hesablayaraq toplu statistik məlumatlarla dünya ictimaiyyətini təmin edir. Dünya iqtisadiyyatına inteqrasiya etmək və öz vətəndaşlarının həyat səviyyəsini yüksəltmək istəyən ölkələr üçün belə uzun müddətlik statistikalar çox vacibdir ki öz iqtisadi siyasətlərini əsaslı formalaşdıra bilsinlər. Bir sıra məsələlərdə təşkilatın hesabatları iqtisadçıların işini asanlaşdırmaqla, bu sahənin siyasətçilərinə, top menecerlərinə, qeyri-hökumət təşkilatlarına, iqtisadi institutlara və elmi araşdırma aparanlara da xeyli faydalı məlumatlar təqdim edir.

Təşkilatın 2015-ci il üçün geniş hesabatında bu araşdırma üçün də gərəkli olan xeyli məlumatlar yer alır. Belə ki, hesabatda həm ümumi dünya ticarətinin tendensiyaları, həm də Azərbaycana aid demək olar ki bütün vacib göstəricilər rəqəmlərlə verilmişdir. Ümumilikdə, 2015-ci ildə nəşr olunmuş statistik göstəricilər toplusuna görə (UNCTAD's Handbook of Statistics 2015), beynəlxalq xidmət ixracı 2014-cü ildə ümumi ixracın 21 %-ni təşkil etməklə, öncəki ilə nisbətən demək olar ki 5 % artdığı halda (5 trilyon ABŞ dollarından (bundan sonra dollar) artıq dəyərləndirilir), məhsulların beynəlxalq ixracı müvafiq dövrdə, indiki qiymətlərlə cəmi 0.3% artmışdır (19 trilyon dollar dəyərləndirilir.) Ümumi beynəlxalq ixrac (total global export) 2014-cü ildə, ötən ilə nisbətən 1.2% artaraq 24 trilyon dollar həcmində dəyərləndirilmişdir. Xidmət ixracı 2014-cü ildə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarda kəskin artaraq müvafiq olaraq 5.3% və 4.8% təşkil etmişdir. Buna baxmayaraq, cənub-şərqi Avropanın və MDB və Gürcüstanın keçid iqtisadiyyatlarında xidmət ixracı 2014-cü ildə kəskin düşərək 2013-cü il ilə müqayisədə 10 milyard dollar və ya 7% azalmışdır (Şəkil 1).

Şəkil Məhsul və Xidmətlərin İxracı – inkişaf etmiş, inkişaf edən və keçid iqtisadiyyatlarında: 1995–2014 (Milyard dollar və cari qiymətlər)

chart 1: merchandise and services exports – developed, developing and transition economies

Mənbə : UNCTADstat


  1. Mavi – İE – xidmətlər; Tünd mavi – İE məhsullar;

  2. Qırmızı şkala – İEO-xidmətlər; Tünd qırmızı-İEO-məhsullar

  3. Qırmızı xətt – Kİ-xidmətlər; tünd qırmızı xətt – Kİ- məhsullar

Məhsullarla ticarətdə artım nisbətən zəif olsa da, məhsulların ixracı inkişaf etmiş iqtisadiyyatlar üçün ildən-ilə 0.4% və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün 0.6% artmış, lakin keçid iqtisadiyyatlarında ixrac 5.5% yaxud 44 milyard dollar azalmışdır.

İnkişaf etmiş iqtisadiyyatlardan edilən ixracın həcmi ümumi dünya ixracının 55%-ni (13.2 trilyon dollar) təşkil etmişdir. İnkişaf etməkdə olan iqtisadiyyatlar ümumi dünya ixracının 41%-i (10trilyon dollar), keçid iqtisadiyyatlarından ixracın həcmi isə isə qalan 890 milyon dollar və ya 4 %-i həcmində olmuşdur. 2014-cü ildə iqtisadiyyatın sahələrində də artım fərqləri nəzərə çarpıb. Məsələn, bütün Afrika, Asiya və Amerikanın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarında qida məhsullarının, kənd təsərrüfatı xammalının və sənaye məhsullarının ixracı artmışdır. Qida məhsulları və kənd təsərrüfatı məhsullarının Afrika və Asiyada ixracı xüsusilə artmışdır (müvafiq olaraq 4.8% və 3.7% ), elə sənaye məhsullarında da (müvafiq olaraq 2.6% və 4.6%) olduğu kimi. Bunun əksinə olaraq mineralların, filizin, metalların və yanacağın ixracı inkişaf səviyyəsindən asılı olmayaraq bütün regionlarda kəskin aşağı düşmüşdür. Ən əhəmiyyətli enişlər, Afrikadan olan yanacaq həcminin ixracında (13% az) və Asiyadan mineral, filiz və metalların (qızıl da daxil olmaqla) ixracında (11%-ə qədər az) olmuşdur. Məhsullar qiymətindəki enmələr 2014-cü ildə də əhəmiyyətli dərəcədə davam etmişdir (Şəkil: 2). Qida məhsulları (13% eniş), kənd təsərrüfatı xammalı (12% eniş), minerallar, filiz və metallar (18% eniş), xam neft (43% eniş) və qızıl (6% eniş) da daxil olmaqla bir sıra məhsulların qiymətlərində nəzərəçarpacaq dərəcədə eniş olmuşdur.



Şəkil : UNCTAD Məhsul Qiymətləri (baza: 2000-ci il = 100):2005–2015

chart 2: unctad commodity prices (base: year 2000 = 100): 2005–2015

Mənbə: UNCTADstat--- qida ; ----minerallar, filiz və metallar;__qızıl;KT xammalı;_Xam neft

YUNKTAD-ın 2015-ci il üçün statistik məlumatlar toplusundan həmçinin aydın olur ki, xarici birbaşa investisiyalar (FDI) 2014-cü ildə ötən ildəkinə nisbətən 16 % azalaraq 1.2 trilyon dollar təşkil etmişdir. Keçid iqtisadiyyatlarına birbaşa xarici investisiyaların axını iki dəfədən çox azalmışdır (52% azalma) və hətta inkişaf etmiş ölkələrdə də bu göstərici əhəmiyyətli dərəcədə idi (28% azalma). Inkişaf etməkdə olan ölkələrə xarici birbaşa investisiyalar azacıq artsa da (1.6%), bu artım əsasən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına birbaşa xarici investisiyaların artımına görədir (9% artım), hansı ki öz növbəsində Amerikan inkişaf edən iqtisadiyyatlarına olan birbaşa xarici investisiyaların azalması (14.4% azalma) ilə kompensasiya olunur. Afrikanın inkişaf etmiş iqtisadiyyatlarına birbaşa xarici investisiyalarda dəyişiklik olmamışdır.



Şəkil :Daxilə birbaşa xarici investisiyalar (axınlar) – inkişaf etmiş, inkişaf edən və

keçid iqtisadiyyatlarında: 1995–2014 (Milyard dollar və cari qiymətlər)

chart 3: inward foreign direct investment (flows) – developed, developing and transition economies: 1995-2014

Mənbə: UNCTADstat İnkişaf edən Keçid İnkişaf etmiş

1.3 Azərbaycan iqtisadiyyatında ixracın əsas xüsusiyyətləri.

Təbii ki, ölkələrin xarici ticarət, idxal-ixrac siyasəti ümumilikdə ölkənin iqtisadi təhlükəsizlik siyasətinin əsas tərkib hissəsi kimi ,birinci növbədə milli rəqabət üstünlüklərinin yaranmasına və davamlılığına əsaslanmalıdır. Bu məntiqdən çıxış edərək ticarətin sərfəli isiqamətdə tənzimlənməsi zaman-zaman bütün dövlətləri düşündürmüş, idxal-ixrac əməliyyatlarının tənzimlənməsi metodları yaranmışdır. Doğrudur, bugünkü dünyada mövcud bloklar, iqtisadi birliklərin əksəriyyəti öz üzvləri arasında vahid ticarət siyasəti tətbiq etmək, bir sıra məhdudiyyətləri aradan qaldırmaq mövqeyindən çıxış edirlər. Lakin ümumilikdə bu metodları nəzərdən keçirməyin tədqiqat üçün şübhəsizdir ki əhəmiyyəti vardır.

Əsasən beş metoddan və hər metod üzrə bir neçə növdə tənzimlənmədən istifadə etməklə ixracın müxtəlif strateji əhəmiyyət kəsb edən məhsullar üzrə təşviqi və ya məhdudlaşdırılması həyata keçirilə bilər(Cədvəl 1).

Cədvəl : İxrac tənzimlənməsinin metodları və növləri

Azərbaycanın ixrac nəzarəti üzrə mövcud qanunvericiliyi dedikdə Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, əhalinin sanitar-epidemioloji və radiasiya təhlükəsizliyi üzrə qanunvericiliyi və müvafiq normativ-hüquqi aktlardan, eləcə də “İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının Qanunu”ndanibarətdir.Bu Qanun dövlət orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi əsaslarını və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) Azərbaycan Respublikasının gömrük sərhədlərindən keçirilməsi qaydalarını müəyyən edir( əlavə 1). Qanunla yanaşı, Azərbaycan ixracatçısının xüsusilə bilməli olduğu bir neçə məqam var.

İxrac prosesini yerinə yetirərkən ixracatçı sənədləşmə işlərinə xüsusi fikir verməlidir ki, onun gömrük keçərkən çətinlikləri yaranmasın. Bu proses üçün adətən aşağıdakı əsas sənədlər tələb olunur.


  • Mənşə Sertifikatı

  • Çəki Sənədi

  • Qablaşdırma Sənədi

  • Gömrük bəyannaməsi

  • Ticarət Faktura (İnvoys)

  • Konsament

  • Sığorta Sənədi

  • Fito-sanitar Sertifikat


Yüklə 358,13 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə