Малик башга бир јердә дејир


İKİNCİ FƏSİL ZAMANIN İKİ DƏYİŞİKLİK NÖVÜ



Yüklə 1,54 Mb.
səhifə2/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   2   3   4   5   6   7   8   9   ...   26

İKİNCİ FƏSİL

ZAMANIN İKİ DƏYİŞİKLİK NÖVÜ


«Biz əmanəti [Allaha itaət ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə, özünə zülm etdi cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi]»4.

İNSANLA HEYVANLARIN İCTİMAİ HƏYATI ARASINDA OLAN ƏSASLI FƏRQLƏR


Əvvəlki bəhsimizdə qeyd etdik ki, insan ictimai həyat tərzi keçirən varlıqlar arasında təkamül mərhələsini keçən yeganə şüurlu varlıqdır. Yəni Allah-təala digər varlıqları sabit həyat tərzində yaratmış və dünyaya gəldikləri ilk gündən ömürlərinin sonunadək vahid nizam üzərində yaşamağı müəyyən etmişdir. İllər, əsirlər keçməsinə baxmayaraq, onların həyatında heç bir dəyişiklik baş verməmişdir. İki min il əvvəl bal arılarının həyatından xəbər verən alimlər bu günümüzədək onların həyatında heç bir dəyişiklikdən xəbər verməmişlər. Halbuki, bu müddət ərzində bəşəriyyət tarixində minlərlə dəyişikliklər baş vermişdir.

Nə üçün? Nə üçün onlar dəyişməz, biz isə daim dəyişməkdə olan həyata malik olmalıyıq? Çünki onlar əql ilə deyil, elmə məlum olmayan sirli instiklər əsasında yaşayırlar. (Məlum deyildir dedikdə, maddi nöqteyi-nəzərdən izah olunmaması nəzərdə tutulur.)

Nəhl surəsinin 68-ci ayəsində Allah-təala bu mətləbə işarə edərək buyurur: «Rəbbin bal arasına belə vəhy [təlqin] etdi: «Dağlarda, ağaclarda insanların qurduğu yerlərdə [evlərin damında, üzümlüklərdə] özünə yuva tik».

Elmdə «instik» adlanan bu gizli anlatma üsulu, Qurani-kərimdə «vəhy» ünvanını almışdır. Bu hiss daim onlarda olmuş və həyat axarına istiqamətləndirmişdir. Lakin insan belə yaradılmamışdır. Ona «əql» və «kəşf» adlı qüvvə də verilmişdir. İnsanın malik olduğu bu xüsusiyyət, heyvanat aləmində müşahidə olunmur.

Kəşf – yəni, hər hansı bir yeniliyə və yaradıcılığa nail olmaq deməkdir. Heyvan ona vəhy yolu ilə anladılanı başa düşsə də, özü hər hansı bir yeniliyə nail ola bilməyir. Lakin insan əql kimi qəribə bir qüvvəyə malik olduğu üçün buna qadir olduğunu sübuta yetirir. İnstikt qüvvəsi ondan alınmış və əql qüvvəsi ilə yaşamaq əmr olunmuşdur. Əlbəttə, əql və hissiyat heç bir nəticə vermədikdə, Allah-təala özünün seçilmiş bəzi bəndələrinə vəhy edərək, peyğəmbərlik məqamını ucaltmışdır. Vəhy insanın köməyinə gələrək ona rəhbərlik etmiş və eyni zamanda kəşf və ixtira qüvvəsi ondan alınmamışdır. O, bu qüvvədən istifadə edə biləcəyi həddə vəhydən kömək almır. Çünki, insan elə bir qüvvəyə malikdir ki, öz həyatını sıfırdan başlayıb, özünün ixtira qüvvəsi ilə qədəmbəqədəm irəliyə doğru gedərək, həyatında əsaslı dəyişikliklər aparmalıdır. Başqa sözlə desək, o bir mərhələdən başqa bir mərhələyə qədəm qoyaraq, özünü sivilizasiya dövrünü qət etmiş olur. Əgər zamanın təlabatı dəyişilik deyilirsə, «insanın sivilizasiyasının müəyyən dövrləri vardır, heyvanların isə yox» fikri tamamilə doğrudur. Zamanın təlabatının dəyişilməsi də, insan xilqəti ilə bağlılığından irəli gəlir. Zamanın təlabatı heyvanat aləmi üçün dəyişilməsə də, insanlar üçün əsaslı şəkildə dəyişilir. Heyvanlarda yenilik meyli olmasa da, bu hiss insanda çox güclüdür.

Zaman heyvanlar üçün eyni və dəyişilməz, insan üçün isə dəyişgən və fərqlidir. Heyvanlar özlərində nə məsuliyyət hiss edir, nə də vəzifə daşıyırlar, insan isə üzərinə ağır məsuliyyət düşdüyü və vəzifə daşıdığını hiss və dərk edir. Heyvan gördüyü işlərin məsuliyyətini daşımasa da, insan gördüyü hər bir iş üçün özündə böyük məsuliyyət hiss edir.

Məsuliyyət və vəzifə deyildikdə, Quranda əmanət adlanan ibarət nəzərdə tutulur: «Biz əmanəti [Allaha itaət ibadəti, şəri hökmləri yerinə yetirməyi] göylərə, yerə dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim çox cahil olan insan isə onu götürdü. [İnsan bu ağır əmanəti götürməklə, özünə zülm etdi cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi»5.

Yəni insan üzünü Allah dərgahına tutaraq deyir: «İlahi! Bu məsuliyyəti öz üzərimə götürürəm. Mənə bəxş etdiyin əql və yaradıcılıq qüvvəsi ilə kamal və səadət yolunu özüm öz ayaqlarımla qət edəcəyəm».


İNSANIN SÜQUT VƏ AZĞINLIĞA YUVARLANMASININ MÜMKÜNLÜYÜ


Buradan başqa bir mətləb meydana gəlir, başqa sözlə desək, əsaslı fərq nəzərə çarpır və o da bundan ibarətdir ki, heyvanlar öz ictimai həyatlarında tərəqqi və təkamül mərhələsini qət etmədikləri üçün tənəzzülə də uğramayırlar. Yuxarıya doğru hərəkət etmədikləri kimi, aşağıya doğru da hərəkət etmirlər. Yəni, siz heç vaxt bal arılarının həyatında hən hansı bir pozğuntuluğa və ya dəyişgənliyə yol verildiyini müşahidə edə bilməzsiniz. Lakin insan həyatında bu kimi hallara çox rast gəlmək olur. O, öz istedad və bacarığından səmərəli istifadə edərək, həm irəliləyə bilir, həm də xudpəsəndlik və havapərəstlik üzündən özünü tənəzzülə uğradır. Onun süquta uğraması isə, ya başqalarının hüququnu taptalayaraq zülm və sitamkarlıqdan, ya da cəhalət və nadanlıqdan irəli gəlir. Cəhalət və nadanlıq nə deməkdir?

Cəhalət və nadanlıq dedikdə, insanın səhvə yol verməsi nəzərdə tutulur. Heyvanat aləmində isə belə bir hal müşahidə olunmayır. Müşahidə olunsa da, çox nadir hallarda və tez bir zamanda aradan qaldırılır. Məsələn, işçi bal arıları gözəl qoxulu güllərin əvəzinə pis iyli güllərdən şirə çəkdikləri zaman yuvaya daxil olduqda, nəzarətçi arılar tərəfindən qoxulur və dərhal yuvadan qovulurlar. Bu yolla verilən səhv tez bir zamanda aradan qaldırılmış olur. Bunun üçün də Qurani-kərimdə təklif olunan əmanətin yalnız insan tərəfindən qəbul olunduğu bəyan edildikdən sonra deyilir: «Çox zalim çox cahil olan insan isə onu götürdü».

Bu iki istedad yəni, tərəqqi və təkamül, bir tərəfdən süqut və tənəzzül, digər tərəfdən zülm və ya nadanlıq üzündən bir-birindən ayrılmırlar. Dəhr surəsinin ilk 1-3-cü ayələrində bu mətləbə toxunularaq deyilir: «İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlamağa layiq bir şey olmamışdır!».

Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o, həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yəni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o, özü nə üçün yaradıldığını anladı.

«Həqiqətən, Biz insanı [sonrakı mərhələdə ata-anasının toxumundan ibarət] qarışıq bir nütfədən yaratdıq. Biz onu [dünyada özünü Allaha itaət edib-etməyəcəyi ilə] imtahana çəkəcəyik. Biz onu eşidən görən yaratdıq».

«Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]».

İmtahan dedikdə nə nəzərdə tutulur? İnsan hansı vasitələrlər imtahana çəkilmişdir?

Şüurlu bir varlıq olduğu üçün insanın üzərinə məsuliyyət və vəzifə qoyulmuşdur. Onun taleyi öz ixtiyarına qoyularaq, səadət və tənəzzül yolunu seçməkdə azad buraxılmışdır. Haqq yolunu qət edərsə səadətə qovuşar, ondan uzaq düşərsə, əbədi bədbəxtçilik və tənəzzülə uğrayacaqdır.



«Biz onu eşidən və görən yaratdıq».

Daha sonra buyurur: «Biz ona haqq yolu göstərdik, istər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir]».

İnsan belə bir xilqətə (xüsusiyyət) malik olan yeganə varlıqdır. O, olduqca qəribə təbiətə malikdir. Məhz belə bir mürəkkəb xilqətə malik olduğu üçün bəzən irəliləyir, bəzən də inkişafdan qalır. Başqa sözlə desək, zəmanəyə məhkum olan heyvandan fərqli olaraq, bəzən öz zəmanəsini yaxşılaşdırır, bəzən də daha da dözülməz edir. Heyvan tamamilə zamandan asılıdır. İnsan isə müəyyən qədər də olsa, zəmanəyə hökmranlıq edə bilir.

Buradan belə bir nəticəyə gəlirik ki, bəşəriyyətin həyatında baş verən dəyişikliklər iki hissəyə bölünür: doğru və düzgün, yalnış və qələt {səhv} dəyişikliklər.

Bizdən zamanda baş verən dəyişikliklərlə həmahənglik etməliyik, ya yox soruşulduqda isə, deməliyik: «Zamanda baş verən dəyişikliklərlə nə tam şəkildə həmahənglik etməliyik, nə də onunla müxalif olmalıyıq». Çünki zamana istiqamət verən insanın özüdür. O, zamanı həm müsbət, həm də mənfi və olduqca xoşagəlməz istiqamətə yönəldə bilər. Demək, müsbət istiqamətə yönəldikdə, onunla tamamilə həmahəng, mənfi istiqamətə yönəldikdə isə nəinki həmahəng olmamalı, bəlkə müxalif olmaq belə lazımdır.

MÜSBƏT VƏ MƏNFİ DƏYİŞİKLİKLƏRİN MEYARI


Buradan başqa bir sual meydana gəlir: Hansı növ dəyişiklikləri inkişaf və tərəqqiyə və ya tənəzzül və süquta səbəb olacağını hesab etməliyik? Həmahənglik etmək üçün dövr və zəmanənin yaxşılığa doğru yönəldiyini və ya müxalif olmaq üçün onun pisliyə doğru hərəkət etdiyini necə başa düşməliyik? Bunun üçün ən başlıca meyar nə olmalıdır?

Qeyd etməliyik ki, bu işdə əql insan üçün ən yaxşı bələdçi ola bilər. Allah-təala onu insana haqla batil arasında fərq qoya bilməsi üçün bəxş etmişdir. Bəşər tarixi bunu göstərir ki, o bəzən doğru və düzgün yolu seçmiş, bəzən də havapərəstlik və nadanlıq üzündən haqq yoldan sapınmışdır.

Ən başlıca meyar isə müxtəlif dövrlərdə meydana gəlmiş şeylərin hansı səbəblər üzündən və hansı istiqamətdə yönəlməsinə diqqət yetirməsindən ibarətdir. Yəni insanın istedad və bacarığının məhsulu olan ixtira və nailiyyətlər, hansı istiqamətə yönəldilmiş və verdiyi nəticələr nədən ibarət olmuşdur? Baxaq görək, bütün bu nailiyyətlər həqiqətən insan şüurunun məhsulu olmuşdur, ya müxtəlif amillər də ona öz təsirini göstərmişlər. Siz hər bir şeyi nəzərdən keçirdikdə bunun şahidi olacaqsınız ki, əldə olunan nailiyyətlər bəzən əql və elmin, bəzən isə istismar olunan elmin məhsulu olmuşdur. Məsələn, dünyada geniş yayılmış elmlərdən biri də, fizikadır. Bu elmin inkişafında yüzlərlə alim və mütəxəssis böyük zəhmətlərə qatlanmışlar. Fizikada bəhs olunan məsələlərdən biri də, işıq mövzusudur. İşığın nədən ibarət olduğu haqda min illər boyu alimlər bir çox elmi təhqiqatlar aparmışlar. İnsan görürsə necə görür? İşığın sınma və əks etməsi necə baş verir?

İbni Heysəm fizika-riyaziyyat sahələrində böyük şöhrət tapmış İslam alimlərindən biri olmuşdur. Onun işıq barədə bir çox maraqlı təhqiqatları olmuşdur. Bir çox avropa alimləri özlərinin elmi əsərlərində onun nəzəriyyələrindən istifadə etmişlər. İbni Heysəmin «Mənazir» adlı kitabı hal-hazırda mütaliə və təhqiq olunur. İspaniyada İslam imperatorluğu hakim olduğu illərdə, on ikinci əsrdə yaşamış dahi avropa alimlərindən olan Racer Beyken özünü bütün elmi nailiyyətlərində İbni Heysəmə borclu olduğunu etiraf etmişdir. Vil Dorant özünün «Tarix sivilizasiyası» həmçinin Qustav Nuben özünün «İslam və ərəb tarixi sivilizasiyası» adlı kitablarında Racer Beykenin dilindən yazırlar: «Bu elmdə mənim həqiqi ustadım İbni Heysəm olmuşdur, mən onun kitablarından çox bəhrələnmişəm».

Əlbəttə, sonralar işıq mövzusunda bir çoxları daha da inkişaf etmişlər.

İşığın nədən ibarət olduğu elmə məlum olduqdan sonra bəşər şəkil və kino çəkmək sənətinə yiyələnməyə başladı. Bütün bunlar elmi mövzulardır. Belə bir nailiyyətlər əldə etməklə, elm inkişaf etmiş olurmu? Sözsüz ki, inkişaf etmiş olur. Bəşər isə bu yolla elmdən istədiyi kimi istifadə edir.

Elm öz işini görür, elmi ixtira və kəşflər olunur. Elə bu əsnada, pulpərəst və havapərəst bir şəxs meydana çıxıb elmdən insanlardan sui-istifadə etmək və onların əxlaq və mənəviyyatına xələl gətirmək üçün istifadə etməyə başlayır. Qeyri-əxlaqi filmlər çəkərək, geniş şəkildə onu cəmiyyətdə yaymağa başlayır. Bir sözlə, elmi öz əsarətinə alaraq ondan sui-istifadə edib, insanların əxlaq və mənəviyyatına mənfi təsir göstərmiş olur. Belə olduğu bir halda, onu əsrin və elmin bəhrəsi kimi qəbul edə bilərikmi? Xeyr! Bu yalnız elmin bəhrəsi deyildir, elmin bəhrəsi tam başqa bir şeydir. Bu öz əsarəti altına almış bir qrup şəhvətpərəst insanların məhsuludur.

Başqa bir misal çəkək: Kimya adlanan bir elm yaşadığımız dünyada hal-hazırda inkişaf etməkdədir. Əşyaların, maye və qazların tərkib hissələri haqda söhbət açan bu elm, insana müxtəlif tərkib hisslərindən bir çox çeşiddə dəva-dərman hazırlamağa imkan vermişdir. Elm getdikcə inkişaf edir və maddələrin tərkib hissələri haqda yeni-yeni məlumatlar əldə olunur. Elmin belə bir irəliləyişi ilə həmahənglik etməliyikmi? Bəli, onunla həmahəng olmağımız lazım və zəruridir. Lakin bəzən elə bir mərhələyə gəlib çatır ki, elm fasid insanların ixtiyarına düşərək, böyük təhlükəyə çevrilir. İllər boyu təhsil alıb maddələrin tərkib hissəsi ilə yaxından tanış olduqdan sonra təsir və məstetmə baxımından tiryekdən dəfələrlə güclü olan heroin adlı bir maddə də əldə edir. Ən ismətli qadınlar belə ona mübtəla olduqda ehtiyac duyduqları zaman ona xatir özlərini başqalarının ixtiyarına qoymağa belə hazır olarlar. Bu ümumbəşəri bəladır! Heroinin hazırlanmasında elmin bir rolu olmuşdurmu? Bəli, olmuşdur. Lakin onu elm deyil, insanların şəhvəti meydana gətirmişdir. Elm bəşəriyyətin əlində daim nur saçan bir çıraqdır. O, əlindəki çırağı özü ilə hara apararsa, yalnız həmin yeri və həmin yolu işıqlandırmış olur. Hər şeydən önəmlisi isə, əlində çıraq tutmuş şəxsin onu özü ilə hara aparmasıdır.

Ali təhsil almış doktor özü-özlüyündə fikirləşir. İndi ki ali təhsil almışam aptek açıb məsələn, ayda bir milyon manatlıq ticarət etməkdənsə, heroin düzəldib sataraq, yüz milyon manat əldə etmiş olaram. Belə olduğu bir şəraitdə biz heroini zaman və dövrün inkişafı ilə əlaqələndirərək onu elmin nailiyyəti adlandıra və daha sonra «zamanın təlabatıdır» - deyə istifadə edə bilərikmi?! Burada Quranın istedad adlandırdığı iki şey «Biz əmanəti təklif etdik» və «o çox zalim çox cahil» eyni ünvan altında birləşir. Bəşəriyyətin yenilik istedadı onun zülm, sitəmkarlıq və nadanlığı ilə birlik təşkil etmiş olur. Yəni bəşəriyyətin zülmkarlıq istedadı onun yeniliyə olan meyl istedadını öz ixtiyarına almış olur. Yenilik qüdrətini şəhvət və heroinin ixtiyarına düşdükdə isə, əldə olunan şey, əxlaqsız filmlərin çəkilib geniş şəkildə yayılması olur.

Başqa bir misal çəkək: İyirminci əsri adətən «Atom əsri» adlandırırlar. Lakin bəşər atom nüvəsindən azacıq istifadə etməzdən əvvəl dünyanın istismarçı qüvvələri azad nəfəs alan hər bir şəxsə hədə-qorxu gəlmək üçün alimləri «atom bombalarını» düzəltməyə vadar etmişlər. Belə olduğu bir halda belə bir qorxulu silahı, atom kəşfinin və yaşadığımız əsrin bəhrəsi adlandıra bilərikmi? Həmçinin, biz onu bəşəriyyətin ilahi və zamanın təlabatı hesab edə bilərikmi? Əgər zamanın təlabatı ilə həmahənglik etmək lazımdırsa, bəs nə üçün bəşəriyyət «silahlanma rəqabətinə son qoymaq lazımdır!» deyərək nalə edirlər? Özü də atom kimi dəhşətli bir silaha. Əgər bu həqiqi inkişaf və irəliləyişdirsə, bəs nə üçün bütün bunlarla mübarizə aparmaq istəyirlər? Bu elmin nailiyyətidir, lakin azad elmin yox. Burada da bəşərin ixtira və yenilik istedadı istemarçılıq və hökmranlıq meylinə tabe olmuşdur.

Deyilənlərə görə, Amerikada Enşteyn üçün fəxri bayram məclisi qurulur. Orada iştirak edən alimlər bir-bir onun nailiyyətlərindən və elmi dərəcəsindən söhbət açır. Özünə söz verildikdə deyir: «Siz elə bir şəxs üçün bayram keçirirsiniz ki, dünyada atom bombasının düzəlməsinə səbəb olmuşdur».

Əlbəttə, atomu ixtira etmək ondan məqsədi, atom kimi dəhşətli nüvə silahı düzəltmək yox, bəşəriyyətin tərəqqisi naminə istifadə etmək olmuşdur. Lakin o istəyinə nail olmazdan əvvəl ruzveltlər, stalinlər, çerçellər, xuruşovlar, ayzenhaverlər öz qüdrətlərini bəşəriyyətə göstərmək üçün öz mənfəətləri naminə istifadə etməyə başlamışlar.

Maqnitafon və digər səs yazan qurğuları ixtira edən şəxsin ən ümdə məqsədi, elmi konfrans və çıxışları yazıb elmin tərəqqisinə xidmət etmək olmuşdur. Lakin iki-üç konfrans və elmi mühazirə yazılmamış, mənəviyyata mənfi təsir göstərən şəhvətamiz təsnif və mahnılar bütün aləmi bürüyür. Buna səbəb olan nə olmuşdur? Bəşərin şəxsi mənafei üçün istifadə etdiyi şəhvətpərəst istəyi.

AZAD VƏ ƏSARƏTDƏ OLAN ELM


Artıq burada bizə məlum olur ki, bəşər irəliləyişi ilə yanaşı, öz istedad və bacarığından sui-istifadə etəməyə belə qadirdir. Hələ qədim zamanlardan əxlaq alimləri bu mətləbə xüsusi diqqət yetirərək demişlər: «Bir şəxsin hər hansı bir elmə yiyələnməsi heç də onun bəşəriyyətin tərəqqisi naminə sərf edəcəyinə dəlalət etmir. Ola bilsin, bir şəxs alim olsun və öz elmindən şəxsi istək və məqsədi üçün istifadə etmiş olsun».

Əli (ə) buyurur: «Mən çox şeyləri bilirəm, lakin əfsuslar olsun ki, təlim etmək üçün kimsə tapmıram». Sonra buyurur: «Bəli, hərdən bəzilərini tapıram, lakin tapdıqlarım şəxslər qəlbi yumşaq olsalar da, axmaq kimi heç nəyi və ya dediklərimin əksini başa düşürlər. Bəzilər isə olduqca zirək olarlar, lakin məndən əldə etdikləri məlumatları dərhal öz şəxsi mənafeləri üçün istifadə edirlər».

Sani deyir: «Elm öyrəndikdə ona qarşı o qədər həris ol ki, gecənin zülmətində oğru çırağla gəlib onu qarət etməsin».

Tamamilə düzdür! Çünki biri alim olduqda, heç də o demək deyil ki, onun gördüyü bütün işləri doğru və düzgün hesab edək. Hər şeydən əvvəl baxıb görməliyik ki, yönəldiyi elm azaddır, ya yox? Onun yiyələndiyi elm əqlin hökm etdiyi istiqamətə yiyələnmişdir, ya şəxsi məqsədlərə? Əlinin (ə) buyurduğu kimi - «Dünya naminə istifadə olunan dini alət olmamalıdır».

Bütün bunlar bir adama şamil olur, o ki, qaldı qrup halında fəaliyyət göstərən və bəşəriyyəti öz arxasınca aparan alim və təhqiqatçılara. Çünki öz mənafelərini güdən bəzi havapərəst insanlar daim onların elmlərindən sui-istifadə etməyə səy göstərmişlər.

Bütün bunları nəzərə alaraq, dünyada və yaşadığımız cəmiyyətdə baş verən dəyişikliklərin hansılarının yaxşı və hansılarının pis olduğunu müəyyən edə bilərik. Baş verən dəyişikliklərdə elmin rolu olsa belə, əgər şəxsi mənafeyə istiqamətlənərsə, onunla həmahənglik olunmamalıdır. Belə bir dəyişikliklə həmahənglik etmək, süqut və tənəzzül ilə nəticələnir.



Əgər «yaşadığımız əsr elm texnologiya əsridir» desəniz, cavabında deməliyik: Bəli, yaşadığımız əsr elm texnologiya əsridir. İnsanın vücudu necə yalnız elmdən ibarətdir elmdən savayı onun vücudunda heç bir qüvvə yoxdurmu? Xeyr, vardır.

Elm yaşadığımız əsrdə bəşərin əsir və köləsi olduğu qədər heç bir dövrdə olmamışdır. Bu əsri, «elm əsri» yox, «elmin əsarəti əsri» adlandırmalıyıq. Elə bir dövr ki, elmi bir an belə azad nəfəs almağa qoymamışdır. Arxada qoyduğu bütün dövrlərdə indikindən daha azad və müstəqil olmuşdur. Heç bir dövrdə elm və alim bu günkü kimi bədbəxt və çarəsiz olmamışdır. Əgər yaxşı diqqət yetirsəniz bunun şahidi olacaqsınız ki, dünyanın hansı guşəsində olursa-olsun, məşhur bir ixtiraçı və ya psixoloq meydana gəldikdə, dünyanın hegemon ölkələri dərhal onu istismar edərək, özlərinin mənafelərinə uyğun fəaliyyət göstərməyə vadar etmişlər. Enşteyn bunun üçün ən gözəl misal ola bilər. Dünyada ondan bədbəxt ikinci bir şəxs ola bilərmi? Harada olurlarsa olsun, atom sahəsində şöhrət tapmış alimlər dərhal qüdrətli dövlət və siyasətçilər tərəfindən həbs olunaraq, onların mənafelərinə müvafiq olaraq fəaliyyət göstərməyə vadar olunmuşlar. Xüsusi göstərişlər alan alimlər ciddi nəzarətlər altında saxlanılır və öz məlumatlarını başqalarına ötürə bilməsinlər deyə, yaxın qohum-əqrəbaları ilə ünsiyyətdə olmağa icazə verilmir. Bəs bu necə elm əsridir? Elm əsridir, lakin azad elmin deyil, əsarətdə və köləlikdə olan elmin. Elə bir əsr ki, elm qüdrətindən başqa ayrı bir qüdrət cəmiyyətə hökmranlıq və alimləri öz mənafelərinə müvafiq olaraq fəaliyyət göstərməyə vadar edir.

Demək, zamanın tələbləri ilə tam mənada ayaqlaşmalıyıq deyiriksə, bu heç də elmlə müxalif olmaq deyildir. Belə bir araşdırmadan bizə məlum olur ki, azad elm və insan şüurunun şəhvət və havapərəstliyə qalib gəldiyi əsr deyildir. Yəni yaşadığımız əsr enşteynlərin hakim və ruzveltlərin onlara tabe olacağı əsr deyildir.

ƏFLATUNUN «MƏDİNEYİ-FAZİLƏ» NƏZƏRİYYƏSİ


Əflatunun (...) adlı məşhur nəzəriyyəsi vardır. O, irəli sürdüyü bu nəzəriyyədə deyir: «Dünya yalnız o zaman səadətə çatacaqdır ki, dövlətə hikmət sahibləri rəhbərlik, rəhbərlər də hikmət sahibləri olsunlar. Nə qədər onlar ayrı-ayrı təbəqə olacaqlarsa, dünya səadətə doğru getməyəcəkdir».

Biz müsəlmanlar belə bir əqidədəyik ki, dünyada səadət, sülh və əmin-amanlıq yalnız İmam Zaman (ə) zühur etdikdə bərqərar olacaqdır. O dövrün ən başlıca xüsusiyyətlərindən biri, elmin azad və hakim olmasıdır.

Əli (ə) o dövr haqda buyurur: «Camaat o dövrdə səhər və axşam elm və hikmət piyaləsi içəcəkdir».

Üsuli-Kafi adlanan hədis kitabında nəql olunmuş rəvayətlərdən birində deyilir: «İmam Zaman zühur etdikdə, Allah-təala əlini insanların başı üzərinə qoyacaq və bəşəriyyətin şüur və düşüncəsi artacaqdır».

Bəlkə də mətləbi istədiyim kimi bəyan edə bilmədim. Lakin bunu bilmək lazımdır ki, yaşadığımız əsri elm, təfəkkür, şüur və düşüncə adlandırmaq olduqca səhv və yalnış fikirdir. Çünki, yaşadığımız hal-hazırki əsrdə elm və əql heç bir azadlığa malik deyildir. Hələ də dünyaya şəhvət, qüdrət və havapərəstlik hakimdir.

Şəban ayında Xuzistana etdiyi səfərdə çıxışlarımın birində bu mətləbə toxunaraq dedim: «Əgər yaşadığımız əsrin nə əsri olduğunu və bəşəriyyətə nəyin hakim olduğunu bilmək istəyirsinizsə, «Bitlz» musiqi qrupuna nəzər salın. Gör, bu dörd nəfər şəxs dünyaya necə səs-küy salmışlar. Qəzet və jurnallar yazır ki, onlar Amerikaya getdikləri zaman bütün siyasi cərəyanları öz təsiri altına salmışlar. Bu da Amerika millətinin ruhiyyəsindən xəbər verir. Həmin gün «Bitlz» ilə birlikdə Amerikaya İngiltərənin baş katibi Vilson da gəlir. Amerikanın bütün məşhur informasiya yayımları o, cümlədən «Nyu-york tayms» qəzeti onun gəlişindən dörd sətir yazdıqdan sonra qəzetin bütün səhifələrini Bitl qrupuna həsr edir. Onlar o qədər şöhrət tapa bilmişlər ki, özlərini hətta İsa Məsihdən də məşhur olduqlarını iddia etmişlər. Belə olduğu bir halda yaşadığımız əsri elm və texnologiya əsri adlandıra bilərikmi? Demək, əsr vilsonların deyil, bitlzların əsridir. Görəsən, vilsonların əsri olsaydı, necə olardı?».

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, dünyada baş verən cərəyanları tam mənada təsdiq etməməli və zamanın tələbləri bizi aldatmamalıdır. Baş verən dəyişikliklərin tamamilə düzgün olmasına hələ çox qalmışdır. Burada söhbətimizi başa çatdırırıq.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə