Marali getmə Gəncə 2013 Şeirləri toplayanlar: Sədnik Paşa Pirsultanlı və Qəmbər Şəmşir oğlu Qurbanov



Yüklə 1,45 Mb.
səhifə1/9
tarix29.05.2018
ölçüsü1,45 Mb.
#46525
  1   2   3   4   5   6   7   8   9

1327405074_59750950_1275382032_a68agjjgfk8scvbyw6qc.gif


SƏDNİK PAŞA PİRSULTANLI

KƏPƏZİN KƏKLİYİ,
MARALI GETMƏ

c:\users\user\sened\kes\keklik.jpgc:\users\user\sened\kes\maral.jpg

Gəncə 2013

Şeirləri toplayanlar: Sədnik Paşa Pirsultanlı və Qəmbər Şəmşir oğlu Qurbanov
Tərtib edən və ön sözün

müəllifi: Sədnik Paşa Pirsultanlı
Redaktor: Qəmbər Şəmşir oğlu
Kəpəzin kəkliyi, maralı getmə” 354 səh.
Bu kitab müasirlərinin və özündən sonra gələn aşıqların, el şairlərinin yaradıcılığına güclü təsir göstərən, yüksək sənətkarlıq nümunələri ilə Azərbaycan aşıq şeirinin inkişafında əhəmiyyətli rol oynayan Ağdabanlı Qurbanın yaradıcılığından bəhs edir. Kitabın 2-ci nəşridir. Burada müqəddimə genişləndirilmiş və bədii tərtibatına xüsusi diqqət yetirilmişdir.
A 470206201

qrif nəşri

M653(07) 200

ISB N 5-8020-1530-6
II nəşr

Kitabın birinci nəşri 2000

Kitabın ikinci nəşri 2013

Ağdabanlı şair Qurban
Qurban Məşədi Məmmədalı oğlu 1859-cu ildə Kəlbəcərin Dəmirçidam kəndində anadan olmuşdur. Dəmirçidam kəndi Göyçənin gədiyində yerləşir. Bu kəndlə aşıqlar vətəni olan Göyçə kəndləri arasında məsafə o qədər də uzaq deyildir. Qocaların dediyinə görə, ən yaxşı Göyçə aşıqları tez-tez bu kəndə gələr, dəmirçidamlıların xeyir işlərində özlərinin sazları və sözləri ilə el-camaatın zövqünü oxşayarmışlar.

Aşıq Qurban həyata göz açarkən ana laylası ilə birlikdə sazın ecazkar səsini, aşıq zəngulələrini, guşələrini də beşikbaşı nəğmələr, oxumalar yerində eşitmişdir. Məhz buna görə də çox erkən yaşlarından şifahi xalq ədəbiyyatının xeyirxah təsiri ilə hələ ləçəkləri bərkiməmiş qönçə nisbətli poetik sözünün ilk misralarını, bəndlərini düzümləməyə başlamışdır.

Qurbanın uşaqlıq illəri Dəmirçidam kəndində keçmişdir. Aşığın atası Məmmədalı kişi, əsasən, əkinçiliklə məşğul imiş. Ancaq onun dülgərlik peşəsində də səriştəsi varmış. Məmmədalı kişi hər iki halal peşəsi ilə ailəsini birtəhər dolandırırmış. Lakin, bununla belə, o, elmə, savada can atan, övladlarının gələcəyinin qayğısına qalan uzaqgörən bir adam imiş.

Məmmədalı kişinin özünün də şeirə-sənətə xüsusi marağı olub. O, çoxlu el bayatısı, aşıq qoşması, xüsusilə, ulu babaları Miskin Abdaldan şeirlər və rəvayətlər bilirmiş.

Vaxtında toplanmadığı üçün Miskin Abdalın irsi itib-batmışdır. Lakin, bu el şairi haqqında onu məhəbbətlə yad edən rəvayətlər, nağıllar, əhvalatlar indi də ağızlarda, dillərdə gəzməkdədir. Aşıqlar indi də onun adını ustad sənətkarlar sırasında çəkirlər.

Miskin Abdalın şah əsəri olan “Dağlar” adlı dörd bəndlik qoşması onun adını aşıq poeziyasında əbədiləşdirmişdir. Həmin şeiri nümunə veririk:

Məğribdən məşriqə səf çəkib durub,

Qüdrətdən çəkilib baş-başa dağlar.

İtaət boynuna həmayıl vurub,

Misli-pəsənd, xotkar, xan, paşa dağlar.

***

Baxıb hökmü yey, dal dürey dükafa,



Gah kükrəyib, gah gəlirsən insafa.

Dey peykarə çəkib, bəyazil əffafə,

Pərvərdin geydirir qumaşa dağlar.

***


Ağ çeşmən sərindən car eylər seli,

Yaşıl tirmə qurşar alaca beli.

Zabitə kölgəsi, Dağıstan yeli,

Sədrin səfasıdı həmişə dağlar.



***

Nəhs illərdən satın aldın nəhs günü,

Çağırdın dumanı, tökdün çiskini.

Gözü yaşlı qoydun Cüda Miskini,

Eylə gülə-gülə tamaşa, dağlar.
Bəlkə də Azərbaycan şifahi və yazılı ədəbiyyatında sonrakı dövrlərdə onlarla “Dağlar” rədifli gözəl qoşmaların yaranmasına həmin şeir təkan vermişdir.

XIX əsrin ikinci yarısının başlanğıcından etibarən Miskin Abdalın şeirləri Göyçədə geniş yayılmağa başlayır. Bu, hər şeydən əvvəl, Göyçənin Sarıyaqub kəndində olan “Miskin Abdal ocağı”nın həmin dövrdə molla məktəbinə çevrilməsi ilə əlaqədar olur. Hətta, bu dövrdə Miskin Abdalın üstündə mollalarla aşıqların böyük mübahisəsi başlanır. Mollalar onu xalqa məşhur din xadimi kimi, aşıqlar isə istedadlı el şairi kimi tanıtmağa səy göstərirlər.

Bu illərdə Miskin Abdalın yaradıcılığını öyrənən və hətta ondan təsir alan sənətkarlardan biri də Aşıq Ələsgər olub. Bizcə, Aşıq Ələsgər:
Ələsgərəm, Abdal ollam,

Eşqin girdabında qallam-


-deyərkən, bir tərəfdən də məhz elə Miskin Abdalı öz məsləkindən dönməyən bir sənət aşiqi kimi tanıdığını bildirmək istəmişdir.
Həsənnənə, Həsənbaba qoşadı,

Xoşbulaq yaylağı xoş tamaşadı-


-deyən Aşıq Ələsgər Miskin Abdalın “Dağlar” şeirindən gələn “tamaşa” ifadəsini çox yerində, həm də özünəməxsus bir ustalıqla, sezilməz bir şəkildə işlədə bilmişdir.

Demək olar ki, Aşıq Ələsgərin qardaşı oğlu olan məşhur Növrəs İman da bütün varlığı ilə Miskin Abdal yaradıcılığının vurğunu idi:


Yaxşı bəyənmişəm Miskin Abdalı,

Cəm imiş başında huşu-kamalı-


-deyən gənc Növrəs İman onun təsiri ilə bir çox şeirlər yaratmışdır.

Miskin Abdalın şəxsiyyətini, bütün çətinliklərinə baxmayaraq, öyrənməkdə, həyat və yaradıcılığını araşdırmaqda bizim yalnız bir məqsədimiz var idi.

Biz öyrənib bilmək istəyirdik ki, Ağdabanlı Qurbanın öz şeirlərində tez-tez adını çəkdiyi, eyni zamanda, ulu babası kimi tanıdığı və təqdim etdiyi Miskin Adbal, doğrudanmı, tarixi şəxsiyyət olmuşdur? Bütün bunları araşdırıb dəqiqləşdirmək həm də ona görə vacibdir ki, Ağdabanlı Qurbanın şairlik nöqteyi- nəzərindən nəsil şəcərəsinin hansı əsrdən başlanması da bizim üçün maraqlıdır.

Miskin Adbdalın, doğrudan da, XV-XVI əsrlərdə yaşamış istedadlı bir el sənətkarı olduğu, əldə olan imkanlar daxilində həm özünün şeirləri ilə, həm də Səfəvi dövlətinin başçısı Şah İsmayıl Xətainin ona verdiyi rəsmi yazılı sənədlə az-çox aydınlaşdırılmışdır.

Məmmədalı kişinin öz babası şair Miskin Abdaldan etdiyi söhbətlər, danışdığı rəvayətlər, əzbər dediyi qoşmalar gənc Qurbana güclü təsir göstərmişdir. Nəhayət, bunlar öz bəhrəsini vermiş, Qurbanın Göyçənin Sarıyaqub kəndindəki Miskin Adbal məktəbinə oxumağa getməsinə səbəb olmuşdur. Beləliklə, XIX əsrin görkəmli el sənətkarı olan Ağdabanlı Qurbanın sənət yolu Göyçədən başlanır. Başqa sözlə, onu da, Ələsgəri də Göyçə mühiti yetişdirmişdir. Yuxarıda xatırladıq ki, gənc Qurban Kəlbəcərin Dəmirçidam kəndindən Göyçəyə ruhani təhsili almağa gəlmişdi. Həqiqətən də o, iki il Sarıyaqub kəndində molla məktəbində oxuyur. O zaman Göyçə mühiti çox qəribə idi. Molla məktəbində dərs deyən mollalarla aşıqlar arasında ciddi mübarizə başlamışdı.

Akademik Mirzə İbrahimov Aşıq Ələsgərin yaşadığı dövrün sosial-siyasi mənzərəsini elmi-nəzəri baxımdan belə səciyyələndirir: “Aşıq Ələsgərin yaşadığı dövr Azərbaycan tarixinin siyasi mübarizələrlə dolu olan dönüş dövrü idi. Köhnəliklə yeniliyin, orta əsr feodal həyatı və vəziyyəti ilə yeni mütərəqqi görüşlər arasında mübarizələr qızışmışdı”.1

Bu mübarizə cəmiyyətin digər sferalarında olduğu kimi, köhnəliyin rəmzi olan mollalarla, yeniliyin, mütərəqqi ideyaların carçısı olan aşıqlar arasında da getdikcə kəskinləşirdi. Mollalar el sənətkarlarını xalqın gözündən salmaq üçün onları dinin düşməni, milli musiqi alətimiz olan sazı isə “şeytan əməli” adlandırırdılar.

Aşıqlar da öz növbələrində hər məclisdə fırıldaqçı mollaları ifşa edir, onların həqiqi simasını xalqa tanıdırdılar. O dövrdə Aşıq Musanın “Telli sazın” adlı gəraylısının hər misrası güclü bir sillə kimi yalançı din xadimlərinin ağzının üstünə dəyirdi.


Ay həzərat, gəlin sizə söyləyim,

Bu dünyanın xəyanatı çıxıbdı.

İnsaflar azalıb, mürvət gödəlib,

Qazıların mazarratı çıxıbdı.

***

Əlimizi aparıbdı sərt ayaz,



Ruzumuz olubdu gündən-günə az.

Molla şeytan olub, axund şeyitbaz,

Məşədi, kalvayı lotu çıxıbdı.

***


Qoçular, quldurlar qatar taxırlar,

Fəqir-füqəraya yan-yan baxırlar.

Kimi istəsələr vurub yıxırlar,

Beşatanın çataçatı çıxıbdı.

***

Pristav, naçalnik gələndə kəndə,



Obanı, oymağı vururlar bəndə,

Xərc üstə çoxları düşdü kəməndə,

Qamçıda belinin qatı çıxıbdı.

***


Gəzirlər havalı ağalar, bəylər,

Çalışır qan-tərdə naxırçı, nökər.

Müxtəsərin deyir Aşıq Ələsgər,

Kovxanın, kattanın zatı çıxıbdı.-


-deyən Aşıq Ələsgər də ikiüzlü din xadimlərinə divan tuturdu. Burada bir incə mətləbi də nəzərdə saxlamaq lazımdır. Nə Aşıq Ələsgər, nə də onun sələfi olan saz-söz ustaları dinin əleyhinə çıxmayıblar. Onlar dindən öz mənafeyi üçün istifadə edən yalançı ruhaniləri tənqid atəşinə tutublar. Klassik aşıq yaradıcılığının, eləcə də, XIX əsr el sənətkarlarının yaradıcılığı müəyyən məqamlarda dini-fəlsəfi fikirlərlə bağlıdır.

Əldə olan məlumata görə, Qurban Sarıyaqubda oxuduğu zaman əmizadələri Molla Hüseyngildə qalırmış.

Bütün xəbərdar olanların, tanıyan və şəxsən görənlərin dediklərinə görə, Molla Hüseynin evində tez-tez aşıqlar məclis qurub, çalıb-çağırıb, şadlıq edərmişlər. Bunun qəribə sirri orasında imiş ki, Molla Hüseynin arvadı Bəsti böyük xalq sənətkarı Aşıq Ələsgərin qızı olmuşdur.

Molla Hüseynin evi ilə Miskin Adbal məktəbi bir-birinə çox yaxın idi. Molla məktəbində oxuyan uşaqlar gündüzlər ruhani təhsili alır, gecələr isə aşıq məclislərində saza-sözə qulaq asırmışlar. Onlar müəyyən edə bilmirdilər ki, ruhanilərin yolu ilə gedib mollamı, yoxsa Məmmədhüseynin, Ağ Aşığın, Aşıq Alının, Aşıq Musanın, Aşıq Ələsgərin yolu ilə gedib aşıqmı olsunlar? Belə gənclərdən biri də gələcəyin istedadlı şair-aşığı Ağdabanlı Qurban idi. Qurbanın mollaxanadakı tələbəlik illəri haqqında olan xatirələrdə söylənir:

“...Bir gün Qurban xəlvətə çəkilib şeir əzbərləyirmiş. Bunu dərs verən molla görür. Üstünü vurmayıb keçir. Qurban məktəbə gələndə Molla acıqlı-acıqlı soruşur:

-Mənə de görüm, Sarıyaqubda oxuyub molla olmağa gəlibsən, yoxsa aşıq?

-Molla əmi, hər ikisinə nabələdəm. Hansı yaxşı olsa onun da dalınca gedəcəyəm”.2

Molla Hüseynin evindəki ilk görüşdən etibarən Qurban Aşıq Ələsgərə heyran olur. Bu qüdrətli sənətkarın müdrikliyi, əvəzsiz ustalığı Qurbanı gecə-gündüz düşündürür. Müqayisəmiz bir qədər mübaliğəli olsa da, Mirzə Şəfi Vazehin ağıllı kəlamları gənc Mirzə Fətəli Axundovu dini yoldan ayırıb həqiqi sənətə qovuşdurduğu kimi, Aşıq Ələsgərin saz çalan mahir barmaqları, şirin ləhcəsi də gənc Qurbanın həyat yolunu həmişəlik olaraq dəyişir.

Molla məktəbində aldığı təhsil onu ruhanilərin arxasınca apara bilməmişdir. Məmmədhüseyn, Aşıq Musa, Ağ Aşıq, Aşıq Alı və Aşıq Ələsgər kimi məşhur söz ustaları yetişdirmiş Göyçə mühiti gənc Qurbanı başqa səmtə çəkmiş, aşıq sənətinin qüdrətli təsiri ona daha doğma, daha munis görünmüşdür.

Qurban öz arzusuna görə Aşıq Ələsgərlə çox yaxından tanış ola bilmişdir. Onunla dəfələrlə görüşüb, ağıllı nəsihətlərini, hikmətli sözlərini dinləmişdir.

Qurbanın Zodlu Abdulla ilə ilk dostluğu da Sarıyaqub kəndindən başlamış və bu dostluq sonralar daha böyük məzmun kəsb etmişdir. Gənc Qurban yaradıcılığa da ilk dəfə Göyçənin Sarıyaqub kəndində başlamışdır. Ustad aşıqların söz çeşməsi ondan ötrü ilham mənbəyi olmuşdur.

Molla məktəbində aldığı təhsilin, öyrəndiyi savadın da Qurbana böyük köməyi dəymişdir. Şəxsi mütaliə yolu ilə Azərbaycan və fars dillərini yaxşı öyrənən sənətkar klassik Şərq ədəbiyyatını oxumaq imkanı əldə etmiş, Əbdürrəhman Caminin, Nizaminin, Firdovsinin, Sədinin, Hafizin, Ömər Xəyyamın, Nəsiminin, Xətainin, Füzulinin, Vaqifin və başqa sənətkarların yaradıcılıqları ilə tanış olmuşdur. Deyilənlərə görə, Qurban Ə.Caminin “Yusif və Züleyxa” əsərinə ürəkdən vurulubmuş. Yaradıcılığında isə Qurban böyük söz ustadı Füzulinin poetik dühasını təqdir edirmiş. “Şeir elmsiz olarsa, özülsüz divara bənzər”-deyirmiş.

Qurbanın savadlı olmasını avtoqraf-əlyazmaları da təsdiq edir. Onun öz əli ilə yazdığı iki böyük şeir dəftəri oğlu Aşıq Şəmşir tərəfindən mühafizə olunub saxlanmışdır.

Qurbanın saza-sözə meyl göstərməsində, onda bu təsirin oyanmasında Aşıq Ələsgərin xidməti əvəzsizdir. Lakin sonralar bu təsir qarşılıqlı olmuşdur. Belə ki, Qurban Aşıq Ələsgəri, Aşıq Bəstini, Sənətkar Abdullanı, Növrəs İmanı və başqalarını klassik ədəbiyyat xəzinəsi ilə yaxından tanış etmiş, dilimizdə işlənən ərəb-fars mənşəli sözləri onlara yeri düşdükcə izah etmişdir. Aşıq Ələsgərlə Qurbanı ömrü boyu bir-birinə bağlayan, dost edən də bu mənəvi yaxınlıq olmuşdur.

Məlumdur ki, Aşıq Ələsgər dövrünün elmli, bilikli, qabaqcıl adamları ilə əlaqə saxlayırdı. O, həm də onların savadını, bacarıqlarını yüksək mənalandırırdı. Qurban da böyük sənətkarın diqqət mərkəzində dayanmışdı.

Qurbanın istedadı, zəkası, yaddaşı, biliyi Aşıq Ələsgəri heyran etmişdi. Təhsil illərindən sonra da Aşıq Ələsgər Qurbanı unutmamış, onların şəxsi yaxınlığı ailəvi dostluğa çevrilmişdir. Aşıq Ələsgər onda olan qabiliyyəti qabaqcadan görə bilmişdi.

Ağdabanlı Qurban özünün söy-kökünü böyük el sənətkarı azman ozan Miskin Abdala bağladığından vaxtı ilə Miskin Abdalın Dağıstanı gəzib dolaşdığı üçün doğma kəndi Dəmirçidamı “Bala Dağıstan”, özünü isə “Bala Dağıstanlı” adlandırmış və bu təxəllüslə bir neçə qoşma da yazmışdır.

Dəmiçidam kəndinin yaşlı adamları indi də onu Qurbanın qoyduğu adla-“Bala Dağıstan” adlandırırlar. Nəsil-nəcabətinin doğma elindən ayrı düşməsi, ulu babası Miskin Abdalın taleyi və s. bəzən Qurbanın kədərinə səbəb olur. Bu hiss onun “Bala Dağıstanlı” təxəllüsü ilə yazdığı şeirlərdə özünü daha qabarıq büruzə verir:


Ayrı düşən mahalınan, elinən,

Həsrət qalan aylarınan, ilinən,

Qəm-vərəmdən bağrı şan-şan dəlinən,

Bala Dağıstanlı Qurban mənəm, mən.


Lakin, Qurban yaradıcılıqda bir nöqtədə dayanıb durmur, dövrün təhsil görmüş bu istedadlı sənətkarı addım-addım irəliləyir, böyük klassikləri oxuyur. Molla Pənah Vaqifin məhəbbət lirikasını, xüsusilə, sevir və onlardan böyük ustalıqla sənət şirəsi çəkir.

Qurban bir tərəfdən folklora, o biri tərəfdən də yazılı ədəbiyyata bağlı idi. Hər iki yaradıcılıq qaynağı onun dünyagörüşünün formalaşmasında və yüksək sənətkarlıq bacarığına yiyələnməsində böyük rol oynamışdır.

Çox keçmir ki, Qurban bitkin gəraylılar və qoşmalar müəllifi kimi şöhrət qazanır. Onun sevgilisi Səlbiyə həsr etdiyi “Getmə” qoşması, “Üstündən” gəraylısı dillər əzbəri olur. Qurban təkcə bu iki şeirlə özünə çoxlu pərəstişkarlar tapır.

“Getmə” qoşması sözün həqiqi mənasında aşıq poeziyasının ən qiymətli və nadir incilərindəndir:


Gözəllər karvanı yola düzüldü,

Kəpəzin kəkliyi, maralı, getmə.

Gözlərin süzüldü, canım üzüldü,

Məni qoyub yaslı, yaralı getmə.

***

Bir dərd ürəyimdə var üzdü canım,



Bir də qəsd eylədi yar, üzdü canım.

Bülbüləm, gül üstə xar üzdü canım,

Bir qönçəsən səni xar alı, getmə.

***


Qurban deyər, dərdin azarım üstə,

Bir də güzar eylə güzarım üstə,

Mən öləndə bir gəl məzarım üstə,

Sən Allah, yar, ötüb aralı getmə.


Qurban sənətdə sözün yerini bilən, bədii ifadələrlə yadda qalan, insan qəlbini həyəcana və ehtizaza gətirən lövhələr yaradan bir sənətkardır. Bu qüdrətli el sənətkarının sözləri, obrazlı və poetik qəlibləri necə böyük sərraflıqla şeir boyunda yerbəyer etdiyini “Üstündən” gəraylısında daha aydın görmək olur:
Usta Kərim o qaşları,

Qara çəkib ağ üstündən,

Gözəl yaradıb saçları,

Çin-çin, tağı-tağ üstündən.


Usta Kərim kimdir? El arasında “Kərim Allah”, “Böyük Allah” deyilir. Burada Kərim olan Allah rəssam kimi obrazlaşdırılmış, ona insani sifət verilmişdir. Usta Kərimin yaratdığı gözəl belədir. Bənizi ağdır, lakin o ağın üstündən qara çəkib bir cüt gözəl qara qaş yaradıb, elə saç ki, çin-çin, tağı-tağ üstündədir. Burada hansısa bir sözü, misranı yerindən tərpətsən, aşığın yaratdığı tabloya xələl gələr, nəticədə, o öz cazibədarlığını itirər.

Qurban epitetlərlə gözəlin simasını daha parlaq verir:


Zənəxdanda qoşa xal var,

Cəmalında nə cəlal var,

Ləblərində şirin bal var,

Süzülüb qaymaq üstündən.


Şeirin hər bəndi, hər misrası sənətkarlıqla yaradıldığı üçün böyük bədii dəyərə malikdir.
Sənsiz bu Qurban sızıldar,

Cismi ağlar, can sızıldar,

Arı görsə şan, sızıldar,

Olmaz ayırmaq üstündən.


Burada sözlərin düzülüşü təbii və gözəldir. Şeir dili rəvan və axıcıdır. Lirik qəhrəman şan üstündən ayrılmış arı kimi sızıldayır. Onun bu vəziyyəti oxucuda bədii zövq yaradır. Sənətkarın orijinal, təbii təşbihlərinə, şairlik məharətinə heyran qalırsan. Bu təbii və bədii boyalar arxasında məhəbbətlə dolu bir ürək çırpınır.

Qurban hansı mövzuda, hansı janrda yazırsa yazsın, onun şeirlərinin mərkəzindəki baş leytmotiv və ana xəttindəki aparıcı mətləb insan, insana məhəbbətdir. Onun şeirlərində iki gözəlllik: təbiət və insan gözəlliyi, təcrid olunmuş halda deyil, əlaqədə, vəhdətdə verilir. Sanki böyük sənətkar hər dəfə təbiətin seyrinə çıxanda əlinə qələm əvəzinə rəssam fırçası götürüb çiçəklərdən, güllərdən rəng alaraq insana zövq verən, onu vəcdə gətirən lirik kənd lövhələri yaratmışdır. Bu doğmalığa və təbiətin təbiiliyini şeirlərində qoruyub saxladığına görə aşıq Qurbanın şeirləri bizdə təbiətə qarşı böyük bir maraq və dərin məhəbbət hissi oyadır.

Məmmədalı kişi hər ilin yaz-yay aylarında yaylağa, Ağdaban kəndinin Çayqovuşan adlanan hissəsinə gəlirmiş, Ağdaban kəndi Dəmirçidama nisbətən təbiətcə çox zəngindir. Onun quşkeçməz meşələri, buz kimi bulaqları, hər tərəfdən kəndi əhatə edən dağları vardır. Həm də buranın Dəmirçidamla müqayisədə çox yumşaq ab-havası vardır. Bu üstün cəhətlərinə görə Məmmədalı kişi Çayqovuşanda yurd salır. Qurban burada da Aşıq Ələsgər, Zodlu Abdulla və Aşıq Bəsti ilə əlaqə saxlayır, çoxdan başlamış dostluqlarını davam etdirir.

1918-ci ildə erməni daşnaklarının törətdikləri milli qırğın zamanı Aşıq Ələsgər nəsli də doğma Ağkilsəni buraxıb Kəlbəcərin Qalaboynu kəndinə köçür. Aşıq Ələsgər bu kənddə dəyirmançılıqla məşğul olur. Biz Ağdabanlı Qurbanın bu dövrdə tez-tez öz sənət və ürək dostuna baş çəkməkdən ötrü dəyirmana gəldiyini, Aşıq Ələsgərin də vaxtaşırı Ağdabanlı Qurbana qonaq getdiyini eşitmişik.

Birinci dünya müharibəsinin törətdiyi müsibətlər hər iki sənətkarın yaradıcılığında ürək ağrıdan cizgilərlə xatırlanmışdır.

Nəslin bütün məişət ağırlığı o dövrdə Aşıq Ələsgərin üzərinə düşürdü. O, dəyirmanda aclıq içərisində boğulmaqda olan kənd camaatından aldığı un, dən şahadı ilə bir neçə ailəni dolandırırdı. “Arsız aşıq elsiz niyə yaşadı?”-deyən sənətkar Qalaboynu dərəsinə kiçik bir dəyirmana sığmırdı, dərdi-səri başından aşırdı:


Müxənnət zamana, bimürvət fələk,

Şamı sübhə, sübhü şama çəkirsən.


Ləhzədə açırsan min cürə kələk,

Gahdan əyib, gah nizama çəkirsən...

***

Ələsgər qəlbində saldın işığı,



Məclislər zinyəti, el yaraşığı,

Əzizliklə saxladığın aşığı,

Zəlilliklə imtahana çəkirsən.3
Aşıq Ələsgər kimi böyük bir sənətkarın ehtiyac üzündən dəyirmançılıq etməsi Qurbanı düşündürür, onun qəlbini ağrıdır, buna görə də zəmanədən şikayətlənərək yazır:

Sözüm düzdü, söyləmərəm lafını,

Görün bu fələyin siz insafını,

Elm dəryasını, dürr sərrafını,

Dəyirmanda pərişana döndərib.
Deyilənlərə görə, Aşıq Ələsgər dəyirmanda işlədiyi günlərin birində belə bir hadisə baş verir:

... Qurban adəti üzrə yenə də dəyirmana Aşıq Ələsgərin yanına gəlir. O könül həmdəmini pərişan gördüyü üçün sazını köynəyindən çıxarır. Aşıq Ələsgər başa düşür ki, Qurban onun könlünü açmaq istəyir. Onlar sazları bir-birinin üstə kökləyirlər. Adətə görə, ustad qabağa düşüb deyir:



Aşıq Ələsgər:

Dad sənin əlindən çərxi-kəcmadar,

Ürəyimdə min sağalmaz yaram var...

Aşıq dəyirmançı, ağa çarvadar,

Sərraf gəlsin bu bazara dolansın.
Ağdabanlı Qurban:

Yükümüz möhnətdir, dağlardan ağır,

Ayaq altda qalıb füğəra, fağır.

Haqdan, ədalətdən bir kömək çağır,

Məzlum ellər tapsın çara, dolansın.

Hər iki sənətkar bir-birinin yaradıcılığını yüksək qiymətləndirmişdi. Aşıq Ələsgərlə Ağdabanlı Qurbanın deyişmələrində bu hiss dərindən duyulur. “Dolansın”, “Çəkməyə” və “Dünyada” rədifli deyişmələrdə biz hərbə-zorbaya, qıfılbənddə, imtahana, sınağa rast gəlmirik. Bu deyişmələrdə bir-birinə yaxın və səmimi olan iki dost dövrdən, zəmanədən acı-acı şikayətlənir, xalqın dərdinə qalır, nicat yolu axtarırlar.

Qurbanın şeir gülüstanına iki qaynaqdan həyat suyu sızılmışdır. Bunlardan biri Şərq ədəbiyyatı klassiklərinin əsərləri, ikincisi isə xalq ədəbiyyatı xəzinəsidir. Onun söz sənəti klassik Şərq sənətkarlarının və ustad aşıqlarının ədəbi-bədii irsinə, söz inciləri ilə dolu olan tükənməz xalq yaradıcılığımıza əsaslanır.

Böyük sənətkar özünəqədərki yazılı və şifahi ədəbiyyatımızla dərindən-dərinə tanış olmuşdur. Onun bədii ustalığında fitri istedadı ilə zəngin həyat təcrübəsi biliyi birləşmişdir.

Qurbanın müasiri olan el sənətkarlarından heç biri onun qədər öz dövrünün ictimai-siyasi hadisələrini duyub dərk etməmiş, qələmə almaqda ona çata bilməmişdir. Əgər belə demək olarsa, Qurbanın yaşadığı mühit, aləm onun söz dünyasında lentə köçürülmüş tarix kimi yaşayır. Biz onun sənət aynasında bəy və xanların kəndlilərin başına gətirdiyi müsibətlərin açıq-aydın mənzərəsini görə bilərik. O, həyat səhnələrini ara-sıra, təsadüfdən-təsadüfə təsvir və tərənnüm etmir. Aşıq-şairin özünə görə həyata ictimai baxışı, yaradıcılığında isə dövrünün sosial mənzərəsini yaradan tam bir ardıcıllıq vardır. Qurbanın ictimai fikri, bədii söz sənəti bizə onu M.P.Vaqiflə, Q.Zakirlə, S.Şirvani ilə müqayisə etməyə imkan verir.

Çox maraqlıdır ki, eyni dövrdə və bir-birindən xəbərsiz, M.Ə.Sabir Bakıda, Qurban isə Kəlbəcərin Ağdaban kəndində “Əkinçi” adlı şeir yazmışlar. Buradakı sövq-təbii uyğunluğu, üst-üstə düşməsi, sənət və həyat həqiqətlərinin hər iki söz sərrafı tərəfindən vaxtında, məqamında duyulub xalqa çatdırılması zərurəti ilə bağlamaq, bizcə, daha dürüstdür.

Hər iki şeirdə mülkədarla kəndli, zəhmətkeş kütlə ilə istismar dünyası üz-üzə dayanmışdır. Fərq ancaq sənətkarların yaradıcılıq üslubundadır və müraciət etdikləri vəzndədir. M.Ə.Sabir kəndlilərin vəziyyətini istehza və acı kinayə ilə, Qurban isə ürək yanğısı və acı fəryadla təsvir edir.
M.Ə.Sabir yazır:
Söz açma mənə çox çalışıb, az yeməyindən,

Canın bəcəhənnəm ki, ölürsən, deməyindən,

Mən gözləmənəm buğda çıxar,

ver bəbəyindən,

Çəltik də gətir, arpa da, buğda da, əkinçi,

Yoxsa soyaram lap dərini adə, əkinçi.4


Ağdabanlı Qurban isə yazır:
Hanı kimdən olur kömək, harayın?

Sənin ellər üçün var haqqı-sayın,

Çox zəhmət çəkirsən, az olur payın,

Özgələrə çatır varın, əkinçi.

***

Bülbülsən, qışdasan, dayan gözlə yaz,



Qəlbində arzu var, gözündə muraz,

Susasan bir qaşıq su verən olmaz,

Quruyanda dodaqların, əkinçi.
Biz hər iki sənətkarın başqa şerilərində də eyni məsələyə toxunduğunu görürük. Birinci dünya müharibəsi illərində Rusiyanın ucqarlarında, o cümlədən, Qafqazda hərc-mərclik, qaçaq-quldurluq gündən-günə şiddətlənirdi. M.Ə. Sabir bu münasibətlə yazırdı:
Əqrəb kimi neştər gücü var dırnağımızda,

İslam susuz olsa, su yox bardağımızda.

Hər küncündə min tülkü

yatıb çardağımızda,

Qafqazlılarız, yol kəsiriz, kam alırız biz.5
Qurban isə “Müsəlman” adlı satirik qoşmasında yazır:
Zimistan dolanar, tez gələr bahar,

Əyyam getməz belə mürtəd, müsəlman.

Bundan sonra gələn, eşidən, bilən,

Edər sizə təhniz, töhmət, müsəlman.

***

Qoşunlar cəmləyib, namlar aldınız,



Qoç iyidlər, intiqamlar aldınız.

Arzuya yetişib, kamlar aldınız,

Ələ düşdü yaxşı fürsət müsəlman.
Qurban acınacaqlı bir səhnəni göz qabağına gətirir. O, göstərir ki, qaçaqlar bir köçün qabağını kəsir, adamları öldürür, üzüklərini çıxara bilmədikləri üçün qadınların barmaqlarını kəsib götürürlər. Şair quldurlara lənətlər yağdırır:

Hansını söyləyim mən bu qisasın?

Müxtəsərin deyim, sözün xilasın.

Ərsiz zənənlərin soyub libasın,

Kəsdi barmaqların namərd, müsəlman.
Bu mövzular zamanın özündən doğmuş, realist sənətkarları ideyaca birləşdirmiş, onları eyni nəticəyə gətirib çıxarmışdır.

XIX əsrin görkəmli el şairi Ağdabanlı Qurbanın yaradıcılığında yoxsul kəndlilərin inqilabdan əvvəlki vəziyyəti geniş əhatə olunmuşdur. Onun “Görəndə”, “Gəldi, getdi”, “Gəlir”, “Yoxsulun”, “Əkinçi”, “Yoxdur”, “Kasıbların” və başqa satirik qoşmalarını oxuduqda aydın olur ki, Qurban yoxsul xalq kütlələrinin, zəhmətkeşlər sinfinin şairidir. O, bu sinfin mənafeyi tərəfindədir. Qurban zəhmətkeş insanların dostu ilə dost, düşməni ilə düşmən idi.

Onun ədəbi irsi bütünlüklə yaşadığı zəmanədən, dövrdən şikayət, xan, bəy zülmünə qarşı mübarizə motivləri ilə doludur.

Qurban kəndlilərin sinfi düşməni olan bəylərə, xanlara qarşı amansız mübarizə aparırdı, onları öz satira qamçısı ilə qamçılayırdı. Şairin, inqilabdan əvvəlki vəziyyəti, kəndli ilə bəy-xan arasındakı münasibəti ifadə edən “Görəndə” qoşması xüsusi ədəbi əhəmiyyətə malik sənət nümunəsidir. “Görəndə” qoşması, bizcə, onun qoşmaları içərisində bir növ şah əsəridir. Bu əsər öz ictimai-siyasi kəsəri və tutumu etibarı ilə Qurbanın bütün qoşmalarından fərqlənir. Mübaliğəsiz demək olar ki, “Görəndə” qoşması şairin bəy-xan quruluşu əleyhinə yazılmış manifestidir. Onun sinfi mövqeyi bu qoşmasında aydın ifadə edilmişdir:


Xəyalım dəryadı, axa bilmirəm,

Evimdən kənara çıxa bilmirəm.

İşıqlı dünyaya baxa bilmirəm,

Açıb gözüm bəyi, xanı görəndə.


Aşıq ədəbiyyatında sinfi ziddiyyətlərin ən gözəl və təbii inikasının çox təsirli bir lövhəsi olan bu əsərdə Qurban yaradıcılığına məxsus çox maraqlı, bakir təşbihlər, bənzətmələr, müqayisələr vardır:
Bir dərd ürəyimdə qaldı yadigar,

Çıxmaz xəyalımdan neçə canım var.


Yoxsul üçün zəhər oldu samavar,

Gözüm dolur stəkanı görəndə.


Var-dövlət toplamaqla məşğul olan bəylər və xanlar kəndliləri var-yoxdan çıxarmış, onları aclığa, səfalətə düçar etmişlər:
Mürvət elə, insaf sənin, ya xalıq,

Niyə olur ildən-ilə bahalıq?


Bütün bunlarla yanaşı, yoxsulların mənliyi də addımbaşı təhqir olunur, bəy-xan onlara yuxarıdan aşağı həqarətlə baxır:
Ana qızdan bezib, ata oğuldan,

Nəzərini kəsib bəy olan quldan.

Hamı üz döndərib varlı, yoxsuldan,

Elə baxır, it soğanı görəndə.


Lakin Qurban həyata nikbin nəzərlərlə baxan sənətkardır. Vəziyyət nə qədər ağır, həyat nə qədər acı olsa da, o, ümidsizləşmir.

Bilir ki, yerə-göyə sığmayan bu zülmün sonu olacaq, özbaşınalıq, bəy, xan dərəbəyliyi aradan qaldırılacaqdır. Şair üzünü bəşəriyyətin gələcəyi olan gəncliyə tutub deyir:


Nə vaxta gedəcək zülm bu qədər,

Olarmı aradan kəsilə kədər?

Mən ölsəm qəbrimə siz verin xəbər,

Doğrulanıb, dürüst qanı görəndə.


O, hətta məhşər günü haqq divanında belə şikayətçi olacağını deyir:
Mürvət səninkidir, kani-kəramət.

Bu gərdiş ki, deyil, ruzi-qiyamət.

Qurban istər haqdan düzgün ədalət,

Sözüm çoxdu o divanı görəndə.


Qurbanın “Görəndə” qoşmasında xalqın ağır vəziyyətinə etiraz duyğusu və zəmanəsinin ədalətsiz, zülmkar əməllərindən şikayət motivi çox güclüdür.

Müəllif öz əsərlərində qızğın bir ehtirasla maddi bərabərsizliyi qamçılayır, kasıbların tərəfində dayanaraq üzünü dövrana tutub onların xilasını arzulayırdı:


Ey dövran, bir ucalt yoxsul olanı,

Bir bax əhvalına dön kasıbların.

Cibi pulsuz olan çətin dolanı,

Tökülüb əynindən don kasıbların.


Qurbanın poeziyası, göründüyü kimi, dərin ictimai mənaya malikdir. Onun rübabı hər zaman geniş xalq kütlələrinin arzu və ehtiyacları, mübarizə və amalı ilə çox bağlı olmuşdur.

Klassik ədəbiyyatımızın qabaqcıl ənənələri ilə möhkəm şəkildə bağlı olan Qurban yaradıcılığı realist boyalarla zəngindir. O, müşahidə etdiyi sosial-siyasi ziddiyyətlərdən təsirlənir və bu antoqonist mənzərəni aradan qaldırmağı zəruri sayırdı.

İctimai bərabərsizliyi müxtəlif həyat lövhələri əsasında göstərmək və tənqid etmək Ağdabanlı Qurbanın poeziyasında diqqətəlayiq bir cəhətdir. Onun “Yoxsulun” rədifli şeiri də xalqın inqilabdan əvvəlki hüquqsuz və məhkum həyatını çox gözəl əks etdirir:
Fürsət əyrinindir, qismət zalımın,

Açıram bəd gəlir falı yoxsulun.

Danışmağa yoxdur, nitqi-ixtiyar,

Laldır bu dövranda dili yoxsulun.


Qurbanın söz xəzinəsinin bədii boyaları və poetik üslubi axarı insanı heyran edəcək dərəcədə rəngarəng və zəngindir. Məlumdur ki, belə bir mahir söz ustası səviyyəsinə yalnız o zaman yüksəlmək mümkündür ki, xalq həyatını, məişətini, əlaqə və münasibətlərini dərindən biləsən, danışıq dilinin bütün incəliklərinə yiyələnmiş olasan.

Qurban da dahi söz ustadı Füzuli kimi şeirin bədiiliyini yüksək qiymətləndirir. O, şeiri üçün münasib, poeziyada daha güclü səslənən, daha qiymətli ifadə dəyərinə malik söz inciləri axtarıb tapır, seçir və şeirlərində yerli-yerində işlədirdi.

El sənətkarının həyati müşahidələr əsasında gəldiyi qənaətə görə dövlət, var, pul, elmin, savadın yanında əfsanə, puç və mənasız bir şeydir:

Arif bilər, deyim qafil olana,

Yaxşı oxu, kitabları bilginən.

Aldanma dövlətə, pula, əfsana,

Var sualım, hesabları bilginən.
Lakin Qurban faydasız “elmin” də əleyhinədir. Şairə görə, dövrünün qabaqcıl adamı, alimi sayılan kəs yenilik, tərəqqi axtarmalı və xalq onun elmindən böyük xeyir və səmərə görməlidir:
Dərdli Qurban, belə hədyan söyləmə,

Ölürsən bu halda dərman söyləmə.

Nə qərib axtarma, loğman söyləmə,

Alimsən elmindən kar axtar bizə.


Söz sənətkar yanında, arif yanında hər şeydən qiymətli olmalıdır. Çünki, söz mərifətdir, söz sərraf bazarında simuzər qiymətindədir. O yazır:

Gözə qoruq yoxdu, dilə qadağa,

Olum gözlərinə qurban, sadağa,

Şəhdi-zülal, bal tökülüb dodağa,

Öpəsən xal düşə yanağa bir-bir.

***


Günəş də tanıyır o mahtabını,

Qırmızı gül yanağından utanı.

Öldür, qurtar, həsrət qoyma Qurbanı,

Qohum-qardaş gəlsin sorağa bir-bir.6


Lakin ustad aşıq yalnız öz intim hisslərinin dairəsində qalmır, daha doğrusu, fərdilik motivlərini alt-üst edərək məhəbbəti ümumiləşdirir, onu insana mənəvi zənginlik gətirən yüksək bəşəri nemət səviyyəsinə qaldırır.

Qurban yaradıcılığında digər aşıq-şairlərimizdə olduğu kimi təbiət tərənnümü də mühüm yer tutur. Bu, həm də ona görə belədir ki, şair ecazkar təbiətin ağuşunda doğulmuş, yaşa dolmuş və kamala çatmışdır. Gözünü açıb qarşı yatan ulu dağların axar-baxarlı mənzərəsini, zirvələrin əzəmətini, zümrüd meşələrin al-yaşıl qoynunu, büllur bulaqların şırıltısını, çöl-çəmənin, yal-yamacın könül ovsunlayan gül-çiçəyini görən istedad sahibi ona biganə qala bilərdimi? Əlbəttə, o, bu gözəlliyi vəsf etmək üçün saza-sözə sarılmalıydı.

Qurbanın şeirlərində bədiyyatla elm birləşir. O, təbiəti vəsf etdikdə belə sırf təsvirçiliyə uymur, heç olmazsa cəmiyyət haqqında da bir söz deyir:
Əzəl xilqətimiz torpaqdan, sudan,

Sən bizə atasan, anasan, dağlar.


Bu beytdə Qurbanın dağlara olan məhəbbəti ilə yanaşı həyata fəlsəfi baxışı da aydınlaşır. O, insanın yoxdan xəlq olunması fikrinin əleyhinədir. “Loğman nəfəsli” dağlar Qurban üçün tükənməz bir yaradıcılıq mənbəyi olmuşdur. O, bu mövzuda bir çox gəraylı və qoşma yazıb yaratmışdır.

“Dağların” adlı qoşmasında şair gözəllliklərə qərq olmuş təbiətin, silsilə dağların xoş çağları ilə yanaşı qəmini, kədərini də qələmə alır:

Fərhad sinəsinə vurub düsəri,

Qəlbi yaralıdı o vaxtdan bəri.

Qurban vəsf eyləyib yazdı dəftəri,

Nəvəlik borcudur ulu dağların.


Burada “nəvəlik borcudur ulu dağların” misrasının izaha ehtiyacı vardır. Qurban el şairi Miskin Abdalı özünə baba sayırdı. Bu kəlmə ilə onu demək istəyir ki, babalıq borcunu yerinə yetirərək “Dağlar” qoşmasını ilk dəfə Miskin Abdal, bundan sonra atalıq borcu olaraq Müsəmma Miskin, oğulluq borcu olaraq Aşıq Ələsgər, nəvəlik borcu olaraq mən yazıram.

Akademik M.İbrahimov aşıq poeziyasında dağların geniş mədh olunmasını çox gözəl mənalandırmışdır. O, qeyd edir ki, “Dağlar xarici və daxili zülmkarlarına qarşı mübarizədə əsrlər boyu xalq qəhrəmanlarına təbii sığınacaq, təbii qala olub. IX əsrdə Babək, XVI-XVII əsrlərdə Koroğlu, XIX əsrdə Qaçaq Nəbi, Qaçaq Kərəm dağlara söykənərək, dağların qoynunda özlərinə istehkam düzəldib zalım bəylərə, xanlara, şahlara, soltanlara və başqa xarici işğalçılara toy tutmuşlar. Dağların aşıq poeziyasında bu qədər geniş mədh olunması heç də təəccüblü deyildir”.7

Qurban yaradıcılığında da, həqiqətən, dağlara belə bir ictimai münasibət vardır:

Çox şahlar əmr etmiş, o baş əyməmiş,

Nə təslim olmamış, qəlbə dəyməmiş.

Yada satılmamış, pula uymamış,

Ellərə bağlıdır beli dağların.
Professor M.H.Təhmasib də dağların xalq yaradıcılığında bu qədər genişliyi ilə təsvir və tərənnüm olunmasını gözəl mənalandırmış, tarixi həqiqətlərə bağlı və ictimai köklərə malik fikirlər söyləmişdir: “Adama elə gəlir ki, bu illərdə qumsal səhra övladı olan ərəb üçün “dağ”, “dağlıq”, “dağlar” kimi sözlər dəhşət sözündən də dəhşətli olmuşdur. Bütün dünyaya meydan oxuyan ərəb xilafəti “bu dağlar” qarşısında aciz qalmışdır. Bu “dağlar Ərəbistan səhralarında” dağ kimi yüksəlib hər dəfə kölgə salan xilafətin ürəyinə dağ çəkilmişdir. Yüz minlərlə ərəb bu dağlarda itib-batmış, dönmüş, qırılıb dərələrə tökülmüşdür. Dörddə bir əsr ərəb aləmində, ərəb şəhər, kənd və evlərində, ərəb meydan, bazar və çadırlarında, ərəbin matəm və yas məclislərində kişilərin qarğışı, bəd duası, arvadların ağısı, din xadimlərinin lənətlərində ancaq “dağ” və “dağlar” sözü eşidilmişdir”8

Dağları sevə-sevə tərənnüm edən aşıq və şairlərin çoxu dağların ana qoynunda dünyaya gəlmiş, ağuşunda böyümüş və kamala çatmış, hələ lap körpəliyindən bütün varlığı ilə ecazkar dağlara bağlanmışdır.

Göyçə və Kəlbəcər aşıqlarının yaradıcılığında dağlar mövzusunun bu qədər geniş və dərin kök salmasının bir səbəbi də budur.

Qurban geniş müşahidəli sənətkardır. O, hər dəfə təbiəti seyr edəndə onun diqqətini yeni bir şey, insanın sevincinə, kədərinə, bu və digər əhvalına bənzər bir şey cəlb edir. Ona görə də onun təşbih və bənzətmələri orijinal, ifadələri güclü, hissləri təsirli və həyəcanlı, məqsədi aydın olur:

Göz yaşım rüxsara, qara yol salar,

Neçə axıb sellər, qara yol salar.



Və yaxud:

Abı-nəm damarsa, kar eylər daşa,

Yalvardım, yoncudum, söylədin haşa,

Mən yazığı saldın, oda, ataşa,

Eyləyib bir tamaşasa baxmadın.
Misal gətirilən nümunələrdə şair, bədii təsvir vasitələrinin gücü ilə təzadlı bir lövhə yaratmışdır. “Abı-nəm damarsa, kar eylər daşa” deyən sənətkar təbiəti müşahidə etmək yolu ilə şeirimizi gözəl ifadələr, az işlənmiş fikir və sözlərlə zənginləşdirmişdir. Qurbanın yaratdığı təzadlı lövhələrə diqqətlə yanaşdıqda oxucu şeirdəki sənətkarlıq məharətinə heyran qalmaya bilmir:
Xışmın qəm dəryası, baxışın nazdı,

Qəhrin yay dolusu, lütfün ayazdı.

Qəzəbin zimistan, kərəmin yazdı,

Sinən üstü növbaharın çağıdı.


Qurban özünəməxsus bədii təsvir vasitələrinin, geniş diapazonlu sənətkar müşahidəsinin və canlı xalq ifadələrinin gücü ilə bakirə, işlənməmiş qafiyələr yaratmağa nail olmuşdur:
İçmişəm zəhri mən, şərbət cəm içi,

Olub mənim könlüm dərdü-qəm içi.

Bu qəm dəryasına oldu gəmiçi,

Tərtər, Araz, bu çaylarısa gəlsin.


“Qurban sözlərinin sehri, dərin məzmunu və bədii cazibədarlığı hələ onun öz sağlığında müəllifinə böyük nüfuz və hörmət qazandırmış, ondan sonra da sənət aləminə gələn saz-söz vurğunlarının böyük marağına səbəb olmuş, diqqətini özünə cəlb etmişdir”9. Şairin “Gülərmiş” adlı qoşmasına onlarla aşıq-şairin nəzirə yazmağı da təsadüfi deyildir:
Baxın bu fələyin rüzigarına,

Əyyam xoş dolansa dövran gülərmiş.

Könül qubarlanmaz gəncü varına,

Bağlar bar verəndə bağban gülərmiş.

***

Qorx o gündən dövlət var azalanda,



Dadlanar dağlardan qar azalanda,

Namus əldən gedib, ar azalanda,

Dil danışıb, həcvü hədyan, gülərmiş.

***


Qurban, fikir eləmə, kərəm kanı var,

Ədalət meydanı, haqq divanı var.

Endirər, qaldırar nərdivanı var,

Enən ağlayarmış, qalxan gülərmiş.


Şair Qurban 1934-cü ildə Ağdaban kəndində vəfat etmişdir.

Realist sənətkar olan Ağdabanlı Qurban müasirlərinin və özündən sonra gələn aşıqların, el şairlərinin yaradıcılığına güclü təsir göstərmişdir.

Qurban Kəlbəcərdə “Qurban bulağı” məclisini yaratmış, saz-söz həvəskarlarını bu müqəddəs bulaq ətrafında toplaya bilmişdir. “Qurban bulağı” məclisinin neçə-neçə istedadlı yetişdirməsi sonrakı dövrlərdə Azərbaycan aşıq sənətinin inkişafında əhəmiyyətli rol oynamışdır.

“Qurban bulağı” məclisinin iştirakçıları aşıq şeiri və musiqisinin əlaqəli inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişlər. Onlar zəngin musiqi dili olan təcnis şeir formasını yüksək qiymətləndirmiş, onu forma və məzmun cəhətdən daha da zənginləşdirmişlər.

Ağdabanlı Qurbanın yaradıcılıq ənənələri XIX-XX əsr Kəlbəcər aşıqları üçün örnək olmuşdur.

“Qurban bulağı” məclisinin diqqətəlayiq işi ondan ibarət olmuşdur ki, burada el sənətkarlarının yenicə qoşduqları əsərlər dinlənir, oxunub müzakirə olunurmuş. Özü də deyilənlərə görə, burada yalnız iştirakçıların qoşmaları deyil, klassik şeir nümunələri də oxunar, xalq dastanları və saz havaları ətrafında da söhbətlər keçirilərmiş. Həmçinin, məclis iştirakçıları Göyçə və Şəmkir aşıqlarının şeir və musiqi yaradıcılıqlarını da böyük maraqla izləyirmişlər. Bu yaradıcılıq əlaqəsi mahal-mahal, kənd-kənd gəzən, məclislər keçirən, dövrünün yaxında, uzaqda yaşayan sənətkarları ilə tez-tez görüşən, səyyar həyat sürən Aşıq Ələsgərin və Aşıq Bəstinin vasitəsi ilə yaranmışdır.

Azərbaycan ədəbiyyatı tarixində, xüsusilə, keçən əsrdə yazılı ədəbiyyat nümayəndələrinin, şair və yazıçıların Qarabağda “Məclisi-üns” və “Məclisi-Fərmuşan”, Şamaxıda “Beytüs-Səfa”, Bakıda “Məcməus-şüəra”, Ordubadda “Əncüməni-şüəra”, Lənkəranda “Fəvcül-füsəha” və b. şeir məclislərinin mövcud olduğu məlumdur.10 Lakin aşıqların ədəbi məclisi nadir hadisələrdəndir.

“Qurban bulağı” məclisi Kəlbəcərdə aşıq sənətinin kütləviləşməsi üçün bir başlanğıc olmuşdur. Bu məclis bizə Ağdabanlı Qurban, Sənətkar Abdulla, Aşıq Bəsti, Növrəs İman və Aşıq Şəmşir kimi kamil, ustad el sənətkarları vermişdir.

Şeirimizin poetikasına dərindən bələd olan sənətkar öz orijinallığı ilə, bədii təsvir vasitələri ilə fərqlənən, sayılıb-seçilən, aşıq şeirinin bütün formalarında əsərlər yazıb yaratmışdır. Onun şeir yaradıcılığı rəngarəngdir, çoxcəhətlidir. Yarım əsrlik yaradıcılığı dövründə o, yüzlərlə gəraylı, qoşma, təcnis, dodaqdəyməz, divani, müxəmməs, bayatı, qəzəl və digər formalarda şeir yazmışdır.

Qurban bədii ifadələrin, təbiətdən aldığı orijinal təşbihlərin gücü ilə yadda qalan, insan qəlbini ehtizaza gətirən obrazlar və lövhələr yaratmaqda çətinlik çəkməmişdir.

Qurbanın idealına görə, bir ədalətli divan qurularsa, hər iş nizama düşər. Dağlardan Məcnun naləsi kəsilər, yar yara qovuşar, el-elat azad olar və xoşbəxt yaşayar.

“Qurqal”, “sözara” kəlmələri şeirimizə ilk dəfə Qurban tərəfindən gətirilmiş yeni sözdür, neologizmdir.

Kəlbəcərlilər iki dağ arasına, bir də qadının saçının ortadan tən ayrılan yerinə, daha doğrusu, ortadakı zehə “qurqal” deyirlər. Qurban bu ifadəni xalqdan alıb şeirə gətirmişdir:
Qurqal, saçın aralanmış,

Elə bil ay paralanmış.11


Şair, burada “qurqal” əvəzinə “qumral” ifadəsini də işlədə bilərdi. Lakin, o ifadə bu təsiri verə bilməzdi.

Qurban sənətdə axtarış aparan, yenilik axtaran sənətkarlardandır:

Gül üzün görəndə könül şad oldu,

Möhnət artdı, dərdim genziyad oldu,

El pərvanə, sənə qismət od oldu,

Düşüb ataşlara yan şirin-şirin.12


Bu şeirdə işlədilmiş “genziyad” ifadəsi də təzə sözdür. Şair, o sözü “həddən çox” ilə əvəz edə bilərdi. Lakin şeirdə “genziyad” sözü kimi bədii təsir yarada bilməzdi.

Şairin söz ehtiyatı olduqca zəngindir. Onun dili sadə, bədii təsvir vasitələri rəngarəngdir. O, şeirlərində epitet, bənzətmə, istiarə, təzad, təkrir, kinayə və s. bədii təsvir vasitələrindən geniş istifadə etmişdir. Onun şeirlərində canlı xalq ifadələri, idiomatik sözlər və eldən-elatdan gələn digər ifadələr geniş yer tutur.

Qurban şeirlə, sözlə, bədii ifadələrlə elə gözəl lövhələr, mənzərələr, peyzajlar yaradır ki, insan ondan böyük estetik zövq alır. O, bu mənzərələri yaradarkən epitetlərdən, istiarələrdən, təzadlardan geniş istifadə edir:

Tovuz kimi rəng-rəng nəqş olunubdur,

Düzülübdü bu dağlara çiçəklər.

Və yaxud:

Fərş müqabili bəzənib dağlar,

Cənnətə bənzəyir bağçalar, bağlar.

Qızıl güllər əlvan açılan çağlar,

Ziynət verir, növbahara çiçəklər.


Qurban bitkin təcnisləri ilə də müasirlərinin yaradıcılığında unudulmaz izlər buraxmışdır. O, bu sahədə, xüsusilə, Aşıq Şəmşirə, Növrəs İmana və Sənətkar Abdullaya müsbət təsir göstərmişdir:
Dağ başını tutub duman, qar ala,

Gərdiş gəzər, fəsil düşər qarala.

Qurban yazıq, ha dəftəri qarala,

Yazmağın dəstinə, ay nə gətirdi?!


Qurbanın yeni cinas qafiyələr düzəltmək yolu ilə yaratdığı təcnisləri öz originallığı ilə başqalarından fərqlənir:

Bağla dəhnə, gəlib arxa dolu su,

Aç bir üzün baxım gözüm dolusu.

Qurbanı döyübdü qəhrin dolusu,

Bostan tək saraldım tağ zamanında.

Qurbanın yazıb-yaratdığı gəraylılar, müxəmməslər ümumi təxəllüssüz şeirlər xəzinəsinə qarışsa belə onları bir-bir oradan seçmək mümkündür.

Qurban yaradıcılığında müxəmməslər müstəsna yer tutur. Onun müasirlərindən heç biri müxəmməs yaradıcılığında bu qədər yüksələ bilməmişdir. Bizcə bu, Qurbanın yazılı ədəbiyyatla möhkəm bağlı olması ilə əlaqədardır. O, hər iki mənbədən: şifahi və yazılı ədəbiyyatdan faydalanmışdır.

Qurban dövründə heç vaxt aşığa məclisdə “bir dastan danış” deməmişlər, “nağıl danış” demişlər. Düzü, ucqar kəndlərdə yenə də aşığa “nağıl danış” deyirlər. Aşıq bir gözələ tərif deyəndə isə “ona dastan bağlayıb” deyilir.

Qurban da həmin istilahı camaatın başa düşdüyü kimi işlətmişdir. Misal üçün o, “Var” adlı qoşmasının bir yerində deyir:

Qulaq ver sözümə arif olanlar,

Söylüyüm bir neçə şikayətim var.

Sərraf olub sözdən mətləb bilənlər,

Dastanım, dəftərim, hekayətim var.

Burada “dastan” dedikdə o, tərifnamələri, iri həcmli qoşmaları, “dəftər” dedikdə yazıya alınmış şeirləri, “hekayət” dedikdə isə “Qurban və Sehran” adlı nağıl–hekayəti nəzərdə tutmuşdur.

Qurbanın bu tükənməz yaradıcılığı, bədii söz sənəti hələ sağlığında, ondan sonra da el sənətkarlarının böyük marağına səbəb olmuş, diqqətini özünə cəlb etmişdir.

Qurbanın yaradıcılığında Vaqif lirikasının təsiri olduğu kimi onun da aşıqların, el şairlərinin yaradıcılığına böyük təsiri olmuşdur. Lakin, onlar Qurban yaradıcılığından təsirlənsələr də, hər birinin öz səsi, öz nəfəsi, özünəməxsus həyat yolu, sənətkarlıq bacarığı və ədəbi irsi vardır.

Qurban irsi haqqında, “Qurban bulağı” məclisinin üzvlərinin yaradıcılığı haqqında çox sayda məqalələr, monoqrafiyalar yazmışıq. Bu, mənim üçün kifayət deyildir. Mənim tədqiqatçılıq konsepsiyam belədir: “Neçə ki, sağam bu yaradıcılığı daim təkmilləşdirirəm. Yeni fikirlərlə, faktlarla zənginləşdirirəm”.

Mən 50 ilə yaxın tədqiqatı tamamlamağıma baxmayaraq, Ağdabanlı Qurbanın yaradıcılıq yolu haqqında yeni möhtəşəm bir tədqiqat əsəri yazmağa başlamışam. Oxuculara qabaqcadan xəbər verirəm: “XIX əsrdə Kəlbəcər dağlarında “Qurban bulağı” məclisi və ya folklor akademiyası”. Beş əsrə yaxın müddətdə Azərbaycan aşıq sənətinin inkişafını özündə yaşadan bu əsər aşağıdakı fəsillərə bölünür:



  1. “Ağdabanlı Qurbanın şairlik nəsil şəcərəsi”.

  2. “Ağdabanlı Qurbanın sələfləri”.

  3. “Ağdabanlı Qurbanın müasirləri”.

  4. “Ağdabanlı Qurbanın xələfləri”.

  5. “Sinkretik aşıq sənəti və “Qurban bulağı” məclisinin aşıq yaradıcılığının inkişafında yeri”.

  6. “Qurban bulağı” məclisinin son nailiyyəti: yazılı və şifahi ədəbiyyatın bir məcrada birləşməsi və ya şair Səməd Vurğun və Aşıq Şəmşir zirvəsi.


c:\users\technoline\desktop\рисунок1.jpg


c:\users\user\sened\fg.jpgc:\users\user\desktop\рисунок1.jpg


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə