Mart Soyqırımı və ya
Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 apreltarixləri arasında Bakı şəhərində və Bakı
quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur,
Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı
törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 50 minə yaxın azərbaycanlı qətlə yetirilmiş., on
minlərlə insan itkin düşmüşdür. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart
Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
Tarixi faktlar
1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı
Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökümətindən milyon qızıl rubl
məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin
əməkdaşlığını təmin etmişdir.
9 mart, 1918-ci ildə, Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün,
general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir Məhəmməd Tağıyev Lənkəran şəhərində baş
verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirlmişdir və onun dəfn mərasimi 27 mart gününə təyin
edilmişdir
General Talışinski Bakıya gəlmədən bir neçə gün əvvəl, Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı
məzmunda teleqram yollamışdır:
Hörmətli yoldaş Şaumyan:
Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin
daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza
əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr
nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir. Bütün dostalara
xoş arzular və salamlar. V. Ulyanov (Lenin)
Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının
üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Sovetə qarşı
müqavimət göstərməyə başlamışlar Nəticədə baş verən silahlı münaqişə martın 30-dan aprelin 3-də qədər Bakıda
davam etmişdir və tarixdə "1918-ci ilin Mart Günləri" kimi qalmışdır
Mahiyyətcə milli soyqırımı olan "Mart döyüşləri" Bakı sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı
versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə
vurdu.
Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın
sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan "Müsavat"ın milli dövlətçilik siyasət ideyalarına güclü təsir
göstərdi, onu Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ
vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, "Müstəqil
Azərbaycan" ideyasını irəli sürməyə məcbur etdi.
Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət
mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim
edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr
zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə
Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünülüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba,
Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
Hadisələrin gedişi
1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni
millətçiləri və onların cəmləşdiyi "Daşnaksütyun" partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər
keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk
atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və
başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa
başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun
yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-
hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə
yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət
edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus
məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri şəhərə hücum zamanı
A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq
abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku", qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir"
məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı
altında nail olmağa cəhd göstərmişlər. Bakı kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə
başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bundan başqa "Qırmızı Qvardiya" adı
altında yaradılan 10-12 minlik ordunun da 70%-i ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən,
bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir.
Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə
öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən
qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. N.Nərimanov Erməni
vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi.
Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara
bilmədilər".
Milli sülhə və birliyə qarşı "sinfi mübarizə" və "sinfilik" mövqeyindən çıxış edən S. Şaumyan başda olmaqla Bakı
bolşevikləri "Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək
yolunu seçdilər. Onlar daşnaqlarla birlikdə "antisovet qiyamına", "əksinqilaba" qarşı mübarizə adı altında 1918-ci il
mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı
milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi
sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.
Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqlənmişdilər.
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman
korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu.
Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman
Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu
məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu
təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün
bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya
gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini
dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş
verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc
əhaliyə qarşı soyqırımı başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının
hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri
ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər.
S.Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin
köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən
8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan
Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.
Ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu
sayda arxiv materialı var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı
A.Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin
dağıdılması və müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin
komissiyanın üzvü A.Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar
şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli
qərarını göstərmək olar.
Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925
səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha
göstərir. Onu da qeyd edək ki, adını qeyd etdiyimiz Araşdırma Komissiyası tərəfindən hazırlanan sənədə görə hələ
yanvar ayında Bakı Soveti tərəfindən 15 maşın, mart ayının ortalarında isə 60 maşın dolusu silah və 2000 erməni
əsgəri Şamaxıya göndərilmişdi.
Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak
dəstələrinin komandiri Hamazasp bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər
dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir" Onun başçılıq etdiyi daşnak
dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər
adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı
30 minə yaxın adam öldürüldü.
Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib
Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması,
Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.
Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı
olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari
dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı
min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütyunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar
da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin
buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min
azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının
tarixinə qara hərflərlə yazılmışdır.