112
Hətta xarici gözəlliyi, səliqəli, al-əlvan geyimlərini
təsvir edəndə də Molla Cümə gözəlin xoş rəftarını, şirin dilini,
necə deyərlər, tərbiyəsini yaddan çıxarmırdı.
Mən səndəki xoş qılığı
Hər insanda görməmişəm...
Ümumiyyətlə, xalq ədəbiyyatımızda, xüsusilə dastanla-
rımızda xalq belə bir ideyanı müdafiə edir ki, əsl, düzünə,
səmimi, ülvi məhəbbət dünyada hər şeydən qiymətlidir, onu
heç nə əvəz edə bilməz.
Qara at nalı neylər,
Qara qaş xalı neylər.
Sən kimi yarı olan
Dövləti, malı neylər.
Molla Cümə də öz lirik şeirlərində bu ənənəvi xalq
idealını çalıb-çağırmışdır.
Aşıq eşqində sadiqdir. O, yer üzündə bircə vəfalı həmd-
əm istəyir və ömür, gününü də sona qədər onunla keçirmək
arzusunda yaşayır. Belə keyfiyyətlər Molla Cümə yaradıcılığını
el içərisində yaymış, özü isə ən görkəmli sənətkar kimi
sevilmişdir.
Səndən ayrı ömür sürüb neylərəm
Molla Cümə istər ölsün səninlə.
Molla Cümə yaradıcılığında sevinclə kədər qoşa təsvir
olunmuşdur. Bir də həyatın özü axı, belə qurulmuşdur. Molla
Cümə dünyadan köçəndə də el gözəllərinin ona yas tutub
ağlamasını arzulayırdı. Aşığın “Ağlasın” rədifli qoşması bunu
sübut edir.
113
Ay ağalar, mən tək qərib öləndə,
Səs düşsün ölkəyə ellər ağlasın.
Ömrünün sonlarında ah və fəğan edən, özünü bu dünya-
da qərib və tənha sayan aşıq ömrü boyu gözəlliyini, eşq və
səadətini tərənnüm etdiyi gözəlləri yasına çağırır və bunda
müəyyən mənada təsəlli tapırdı.
Anam yox, bacım yox etsin ah-fəğan,
Yasım tutsun Almalıda Tükəzban.
Şotavarda Leyli, Marsanda Reyhan
Tasmalıda o Güllüzar ağlasın.
Adı çəkilən kəndlərin hamısı Qax rayonundadır. Elə
buradaca kiçik bir ibrətamiz haşiyə: Bu əhvalatı bizə Marsanda
ağsaqqallar (Rauf Əfəndiyev adlı) nəql etdilər. Molla Cümənin
qız nəvəsi Mövlud Əzizov Şəki ikiillik müəllimlər institutunu
qurtarıb, Qax rayonunun Marsan kəndinə müəllim təyin olu-
nub. Orada Reyhan adlı bir gözələ könül verib, evlənib Şəkiyə,
ata yurduna aparmışdır. Kim bilir, Mövlud müəllimin butası
bəlkə də babasının tərif etdiyi Reyhanın nəvəsidir. “Ağlasın”
qoşmasının son bəndini də oxuculara çatdıraq:
Cüməyə yas tutsun Güllükdə Fətmət,
Muxaqda Asiyət, Talada Həlmət,
Qımırda Gülsənəm, Bazarda Əmnət,
Çobankolda bircə Nigar ağlasın.
Aşıq bu qədər el gözəlinin adını dillərə dastan elə-
mişdir. Ancaq öz sevgilisinin adını çəkməmişdir. İsmi Pünhan
(adı gizli) adlandırmışdır.
Qax rayonunda olduğumuz zaman Molla Cüməni yaxşı
tanıyan və şeirlərini əzbərdən bilən dünyagörmüş qocalardan
biri dedi ki, el ədəbiyyatı indiyə qədər gözəlin adını
114
gizlətməmişdir. Molla Cümənin butasının adı isə pünhan olaraq
qaldı. Niyə onun adı gizli qalıb, açılmayıb? Bu, ayrıca bir söh-
bətin mövzusudur.
1989
İsmi Pünhan kimdir
İsmi Pünhan niyə məndən küsürsən,
Dost, mehriban ya bir olar, ya iki.
İsmi Pünhan görkəmli Azərbaycan aşığı Molla Cümənin
əksər şeirlərində çəkilən addır. “İsm – ad, “Pünhan” isə gizli
deməkdir. Aşığın şeirlərinin əsas hissəsi İsmi Pünhana müra-
ciətlə başlayır, müəyyən bir hissəsi də İsmi Pünhanla qurtarır.
İsmi Pünhan kimdir? Ümumi rəy belədir: Molla Cümə gənc
yaşlarında varlı, yaxud dindar bir yerdən olan qıza aşiq olmuş,
ancaq qızın adını çəkməyi ona qadağan etmişlər. Ona görə də
aşıq sevgilisinin adını gizlətmiş, İsmi Pünhan adlandıraraq
ömür boyu şeirlərində vəsf etmişdir. 1960-cı illərdə bir neçə
dəfə aşığın şeirlərini toplamaq məqsədilə Şəki, Qax, Zaqatala,
Balakən rayonlarında olduq və bu adla maraqlandıq. Çoxlu
rəvayətlər eşitdik. Zaqatalanın Çobankol kəndində Aşıq Kazım
dedi ki, İsmi Pünhan Qax rayonunun Şabalıtlı kəndində Şeyx
Babanın qızı olmuşdur. Bəzi qocaların dediyinə görə, İsmi
Pünhan Şəkinin Aşağı Göynük kəndində Hacı İbrahim Əfən-
dinin qızı imiş, bəzilərinin dediyinə görə isə, İsmi Pünhan
Molla Cümənin gənc yaşlarında təhsil aldığı mədrəsə sahibinin
qızı olub, hətta əlavə edirlər ki, müəlliminin qızı olub. Qax
rayonunda aşığın yaradıcılığına bələd olan qocalardan biri dedi
ki, el ədəbiyyatında heç nə gizlədilməyib, ancaq Molla Cümə-
nin İsmi Pünhanı pünhan olaraq qaldı. Aşığın yaradıcılığı ilə
məşğul olduqca aydınca meydana çıxır ki, Molla Cümə nə
115
varlılardan, nə də din nümayəndələrindən qorxub çəkinmə-
mişdir. Onun birbaşa adları – ləqəblərilə varlılara və dindarlara
ünvanlanmış həcvləri bunu aydınca göstərməkdədir. Bəs niyə
onun sevgilisinin adı indiyə qədər məlum olmamışdır. Bizə
belə gəlir ki, Molla Cümə sevgilisinin adını iki səbəbə görə
gizlədə bilərdi. Sevimli müəlliminin qızı olduqda, yaxud da
evi, mülkü, özü el içərisində ziyarət hesab edilən dindar bir
şəxsin qızı olduqda. Ancaq məsələ burasındadır ki, heç kəs
İsmi Pünhanın kim olması haqqında dəqiq məlumata malik
deyildir. Yəni İsmi Pünhanı bir buta – sevgili – aşiq kimi
tarixdə tapmaq mümkün olmamışdır. Şəkinin Aşağı Göynük
kəndində yaşı yüzü adlamış İdris Mustafayev dedi ki, mən
Molla Cümənin uşaqlıqdan ürək dostu olmuşam, çəltik əkməyə
də bir yerdə gedərdik. Bir gün araya salıb ondan soruşdum ki,
axı, bu İsmi Pünhan kimdir, bundan nə qədər danışırsan? Molla
Cümə cavab verdi ki, andım var, mən bu sirri ölüncə
açmayacağam. Qızı Reyhan xanım da İsmi Pünhanın kim ol-
masını dəqiq deyə bilmədi, bir onu əlavə elədi ki, İsmi Pünhan
dünyadan nakam getmişdir. Bütün bunlara biz bir cəhəti də
əlavə etmək istəyirik. Azərbaycan aşıq sənətində qədimdən
sabitləşən bir ənənə var: hər bir ustad aşığın bir sevgilisi, butası
olub. Bizə belə gəlir ki, Molla Cümənin İsmi Pünhanı onun
butasıdır və aşıq şeirlərinin əksəriyyətini də həmin butasına -
İsmi Pünhana həsr eləmişdir. Qızı Reyhan xanım danışır ki,
anamdan eşitmişəm ki, atama buta verilib, özü də bu hadisə
evlənəndən sonra olub (Reyhan xanım bu əhvalatı anasından
eşitdiyi kimi təfsilatı ilə bizə nəql elədi).
İndi gəlin, İsmi Pünhanla əlaqədar Molla Cümənin yara-
dıcılığına kiçik bir səyahət edək. Elə buradaca deyək ki, Molla
Cümənin şeirlərində öz adları ilə vəsf edilən gözəllərin sayı-
hesabı yoxdur. O, sazının qotazını asan, gəzib dolaşdığı yerlər-
də rast gəldiyi digər el gözəllərinin hamısını öz adları ilə şeir-
lərində tərifləyir.
Dostları ilə paylaş: |