Мцгяддимя


-CÜ MÖVZU. SOSIAL FƏLSƏFƏDƏ FUNDAMENTAL, SISTEMYARADICI ANLAYIŞLAR - FƏALIYYƏT, ICTIMAI MÜNASIBƏTLƏR, ÜNSIYYƏT



Yüklə 2,66 Mb.
səhifə4/24
tarix02.10.2017
ölçüsü2,66 Mb.
#2771
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   24

4-CÜ MÖVZU. SOSIAL FƏLSƏFƏDƏ FUNDAMENTAL, SISTEMYARADICI ANLAYIŞLAR - FƏALIYYƏT, ICTIMAI MÜNASIBƏTLƏR, ÜNSIYYƏT
Hər bir elmdə olduğu kimi, sosial fəlsəfənin də əsas anlayışlar aparatı vardır. Bu anlayışlar cəmiyyətin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Onların sırasında fəaliyyət ən mühüm yer tutur.

Sosial fəlsəfə insanların praktiki fəaliyyətinə (iqtisadi, mənəvi, siyasi, elmi, əxlaqi, estetik və s.) və bu fəaliyyət prosesində bir-birilə daxil olduqları müxtəlif növ münasibətlərin öyrənilməsinə geniş diqqət yetirir. Bu elm fəaliyyətin obyektiv və subyektiv tərəflərini, onun (fəaliyyətin) sövqedici motivlərini obyektiv tələbatları, mənafeləri, habelə onların şüuruna xas olan motivləri, fəaliyyətin məqsədlərini (özü də bu iki tərəfı dialektik qarşılıqlı təsirdə) təhlil edir.

Fəaliyyət dedikdə insanların məqsədyönlü, dəyişdirici təsiri prosesi başa düşülür. Bu prosesdə həm təsirin yönəldiyi obyekt, həm də onun subyekti, yəni insanın özü dəyişilir. Göründüyü kimi fəaliyyət bir tərəfdən ətraf mühitin dəyişdirilməsi, digər tərəfdən isə insanların özünün yeniləşməsi deməkdir. Qeyd olunmalıdır ki, subyekt ilə obyektin qarşıhqlı təsirini ifadə etdiyi üçün fəaliyyət obyektiv məzmuna malikdir. Buradan aydındır ki, fəaliyyəti əks etdirən sosial bilik də obyektiv xarakter daşıya bilir.

İnsanların fəaliyyəti ətraf mühiti yeniləşdirməklə bitmir. Bu prosesdə həm də spesifik sosial mühit formalaşır. Sosial mühit insanların bir-birilə çoxtərəfdi qarşılıqlı münasibətlərinin məcmusudur. Mövcud cəmiyyətin ictimai institutları və təşkilatları da buraya daxildir. Hər bir nəsil sosial həyata qədəm qoyarkən birinci növbədə özündən əvvəlki nəsillərin yaratmış olduğu predmetləri, əmək alətlərini, dili və sosial-mədəni normaları mənimsəyir. Onun sonrakı fəaliyyəti bu sərvətləri inkişaf etdirməyə və gələcək nəslə ötürməyə yönəlir. Beləliklə, tarixi prosesdə nəsillərin bir-birilə sıx əlaqəsi, ünsiyyəti özünü göstərir.

Əgər sosial fəaliyyətin daxili məzmununa nəzər salsaq, burada iki bir-birilə sıx qarşılıqlı prosesin baş verdiyini görərik. Onlardan birincisi subyektiv olanın obyektiv çevrilməsidir. İkinci proses isə öz növbəsində obyektivin yenidən subyektiv keyfiyyət halına keçməsidir. Birinci istiqamət onu ifadə edir ki, fəaliyyət hər şeydən əvvəl insanın malik olduğu subyektiv keyfiyyətlərin - təcrübə, vərdiş və biliklərin onun yaratdığı əşya və predmetlərdə maddiləşməsidir. Deməli onun məzmununu insanın mahiyyət qüvvələrinin predmetləşməsi və ya onun fəaliyyət formalarının əşya və predmetlərə çevrilməsi təşkil edir. İkinci istiqamət budur ki, insanların yaratdığı əşya və predmetlər, digər fəaliyyət məhsulları onlar tərəfindən istehlak olunur. Bu proseslə onların əkspredmetləşməsi və sözün müəyyən mənasında yenidən subyektiv keyfiyyətlərə, yəni fəaliyyət formalarına çevrilməsi baş verir.

Cəmiyyətə bir qədər dərindən nəzər yetirdikdə məlum olur ki, ictimai həyatın bütün zahiri rəngarəng hadisələrinin arxasında insanların birgə fəaliyyətinin bu və ya digər növü durur. Məhz insan fəaliyyəti sosial həyatın gizli, mahiyyət xarakterli tərəfini ifadə edir. Sosial fəlsəfə öyrədir ki, bütün ictimai münasibətlərin çıxış nöqtəsi insanların sosial fəaliyyətidir.

Cəmiyyət dedikdə ətraf dünyaya aktiv münasibətin insana məxsus spesifık forması başa düşülür. Onun əsas məzmununu real dünyanın məqsədyönlü şəkildə mənalandırılması, dəyişdirilməsi və yenidən yaradılması təşkil edir.

Fəaliyyətin strukturunda mərkəzi yeri insan tutur. İnsansız fəaliyyət yoxdur, o fəaliyyətin subyektidir. Fəaliyyətdə subyekt ilə yanaşı obyekt də çox mühüm yer tutur. Obyekt həm əşya və predmetlər, həm də insan formasında çıxış edə bilir. Sonunculara misal olaraq həkimin, müəllimin və bir sıra başqa peşə sahiblərinin fəaliyyətinin yönəldiyi tərəfləri göstərmək olar. Fəaliyyətin obyekti öz məzmununa görə mürəkkəbdir. Burada maddi və mənəvi istehsal alət və vasitələri (dəzgahlar, müxtəlif qurgu və avadanlıqlar, habelə qələm, makina, kompüter, çap maşınları və sair) əsas yeri tutur. Fəaliyyət obyektinin məzmununa həm də dil (səsli, şifahi və yazılı nitq), informasiyanın maddi daşıyıcıları (maqnit lenti, disket, şəkil, sxem və s.), simvol və işarələr daxildir. Sosial fəaliyyətin baş verməsi üçün yuxarıda göstərilən tərəflərin əlaqələrdə və münasibətlərdə olması tələb olunur.

Beləliklə, sosial fəaliyyət aşağıdakı dörd ünsürdən təşkil olunur: insanlar, fiziki əşyalar, simvollar və əlaqələr. Sosial fəaliyyət öz məzmununa görə aşağıdakı əsas sahələrə ayrılır: maddi fəaliyyət, mənəvi fəaliyyət, idarəetmə fəaliyyəti və xidmət sahəsi.

İnsan fəaliyyətinin müstəsna dərəcədə böyük rol oynadığı şəksizdir. Lakin bu rol həddən artıq şişirdildikdə cəmiyyətdə mövcud olan real çoxtərəfli, mürəkkəb və çoxölçülü xarakter daşıyan sosial qarşılıqlı təsirin əhəmiyyəti bəsitləşir. Doğrudur fəaliyyət sosial sistemdə sistemyaradıcı əhəmiyyət kəsb edir. Lakin o insanların mövcudluğunun yeganə əsas göstəricisi deyildir. Əvvəla nəzərdə tutmaq lazımdır ki, sosial fəaliyyət, insanın aktivliyi özbaşına yaranmır. O insanların müxtəlif maddi və mənəvi tələbatları, mənafeləri, motivləri və dəyər oriyentasiyası əsasında baş verir. Digər tərəfdən insanların fəaliyyəti bir çox hallarda onlar üçün gözlənilməz nəticələr verə bilir; yəni bu fəaliyyət onların mənafelərinə zidd olan sosial münasibətlər, institutlar, siyasi və ideoloji hadisələr yarada bilir.

Buradan aydın olur ki, sosial fəaliyyət ictimai həyatın əsasıdır. Amma ictimai həyat yalnız fəaliyyətdən ibarət deyildir. Sosial həyat çoxölçülü xarakter daşıyır. O təkcə fəaliyyət növlərinin məcmusu demək deyildir. Burada müxtəlif aspektlər sosial qrupların birləşməsi, müxtəlif ictimai təşkilatların strukturu və digər amillər də çox böyük rol oynayır.

Fəlsəfə tarixində fəaliyyət probleminin təhlilində klassik alman fəlsəfəsinin nümayəndələrinin böyük rolunu qeyd etmək lazımdır. Fəaliyyət kateqoriyasının ən rasional, inkişaf etdirilmiş konsepsiyasını Hegel yaratmışdır. Onun fikrincə, fəaliyyət mütləq ruhun inkişaf etmək tələbatından irəli gəlir. Fəaliyyətin mərkəzində ruhun aydınlaşdırıcı və rasionallaşdırıcı vəzifəsi durur.

Hegel «fəaliyyət» anlayışına öz münasibətini belə bildirmişdi: «Şüur - mənim hər hansı bir predmetə (istər daxili, istər xarici) olan münasibətimdir. Müəyyən mənada bizim biliklərimizin məzmununu hissi qavrayış vasitəsilə dərk etdiyimiz predmetlər, qismən də ruhun özünə aid olan predmetlər təşkil edir. Birincilər hisslər, ikincilər isə təfəkkür vasitəsilə qavranılan aləmdir. Hüquqi və dini anlayışlar sonuncuya aiddir». Hegel qeyd edirdi ki, predmetlə qarşılıqlı əlaqədə olan «mən» iki cür olur: 1) passiv, bu halda predmet «mən»dəki təriflərin səbəbidir.

Təsəvvürlər, mövcud predmetlərin «Mən»ə hansısa təsir göstərdiyi zaman əmələ gəlir - buna nəzəri şüur deyirlər: 2) «Mən»in praktiki şüurunun anlamları, bunlar təsəvvür və təfəkkür səviyyəsində qalanda deyil, həqiqi mövcud olma zərurəti meydana gələndə gerçəkləşir. Bu zaman Mən predmetləri müəyyən edirəm, bunların dəyişilməsinin səbəbiyəm. Hegelə görə «Praktiki fəaliyyət nəticəsində daxili praktiki anlayışlar özgələşir, yəni xarici mövcudluq qazanır. Başqa sözlə desək, xarici mövcudluq dəyişərək, daxili təriflərə uyğun hala salınır. Praktiki şüurun daxili məzmunu - ya təbii hiss, duygu, ya da iradədir».

Hegel göstərirdi ki, təbii tələbatlar insanı təbii varlıq kimi hərəkət etməyə məcbur edir. İradə isə - arzunun ali mərhələsidir, burada həm qeyri-müəyyənlik, həm də onun gerçəkləşməsinin imkanı vardır. Onun fikrincə, fəaliyyət mövcud varlıgın əldə edilmiş dəyişikliyi və əldə edilmiş mənasıdır. Hərəkətin özü müəyyən bir məqsəd naminə şüurdan, iradədən keçərək ifadə olunan fəaliyyətdir. Predmet öz xüsusiyyətlərinə görə başqalarından fərqlənən müəyyən bir şeydir.

Onun xüsusiyyətlərini nəzərə almadıqda biz abstraktlaşmaya yol veririk. Həm obyekt, həm də onun haqqındakı təsəvvürlər abstrakt forma alır. Hər hansı təcrübə bizə obyektin necə olmasından işarə verir, nə üçün? - sualına cavab vermir. Praktiki fəaliyyət, əslində, daxili ilə xaricinin birləşməsi, xarici aləmin bilavasitə dərk etdiyimiz predmetləri mənimkiləşdirmək, başqa şəklə salmaq deməkdir. Yalnız, düşünən varlıq olan insan, özü üçün zəruri olan niyyətləri dərk edilb reallaşdıra bilər.

K.Marks və F.Engels «Alman ideologiyası» və digər əsərlərində insan cəmiyyətində ünsiyyət formaları, insan fəaliyyətinin iki tərəfı (insanlar və təbiət arasında, insanların öz arasında) haqqında geniş bəhs etmişlər. Burada göstərilir ki, məhsuldar qüvvələr və ünsiyyət formaları arasındakı münasibəti məhsuldar qüvvələr ilə istehsal münasibətlərinin dialektikası müəyyən edir. Həmin əsərdə onlar ictimai həyatın sistemli təhlilin ilk prinsiplərini əsaslandırmış, ümumdünya tarixi prosesin mərhələlərini müəyyən etməyə çalışmışlar.

Marks sübut etdi ki, insanlar maddi nemətləri şüurlu surətdə yaratsalar da, bu istehsal fəaliyyətinin nəticəsi (yəni insanlar arasında yaranan istehsal münasibətləri) artıq onlardan asılı olmur. Sosial münasibətlər fəaliyyət zamanı formalaşır, eyni zamanda bu fəaliyyətdən asılı deyildir. İctimai həyatın müxtəlif sahələrində mövcud olan obyektiv strukturların ümumi modeli məhz belə münasibətlər əsasında qurulur. Onun fikrincə, «Cəmiyyət - ictimai münasibətlər çərçivəsində olan insanın özüdür». Tarix isə insan fəaliyyətinin prosesi və nəticəsidir. Marks insan fəaliyyətinin cəmiyyətin maddi şəraiti ilə müəyyən edildiyini göstərmişdir. Fəaliyyət predmetli xarakter daşıyır, özündə hissi-praktiki və nəzəri formaları birləşdirərək, praktikanı təşkil edir. İnsan fəaliyyətinin ali forması əməkdir.

XX əsrin əvvələrində konkret tədqiqatlar zamanı fəaliyyətin təşkil olunma və funksional mexanizmlərinin daha dərin öyrənilməsi zərurəti meydana gəldi. Nəticədə fəaliyyət ilə bağlı olan, lakin ondan bir qədər kənarda yerləşən yeni komponentlərin (tərkib hissələrin) üzə çıxarılması vacib oldu. Sosial fəaliyyət nəzəriyyəsinin nümayəndələri bu məsələnin həllində mühüm rol oynadılar. Onlar, məqsədyönlü fəaliyyətin rasional ünsürləri ilə yanaşı, buradakı dəyərlər sisteminin, motivlərin, oriyentasiyaların və ümidlərin də əhəmiyyətini xüsusi olaraq qeyd etmişlər.

Məsələn, M.Veber «Əsas sosioloji anlayışlar» əsərində fəaliyyətə belə tərif verir: bu elə bir hərəkətdir ki, daxildə və ya xaricdə ifadə olunma xarakterindən, insan tərəfındən qəbul olunması və ya rədd edilməsindən asılı olmayaraq, özündə subyektiv məna daşıyır. Sosial fəaliyyət zamanı şəxs və ya bir neçə şəxs öz hərəkəti ilə onun mənasını əlaqələndirir.

Veberin tərifı Hegelinkinə çox yaxındır, əlavə olaraq o, məna sözünün mahiyyətini də izah edir: məna, situasiyaya subyektivcəsinə verilən qiymət (əgər situasiya (şərait) təkrarlanırsa, bu qiymət də təxmini, ortaq olur) ola bilər. Bu şəraitə uyğun verilən nəzəri qiymət, mənanın xalis tipidir. Veber hesab edir ki, sosiologiyada və tarixdə «həqiqi», <<əhəmiyyətli» mənaları axtarmamalıyıq, çünki onları, konkret varlıq haqqındakı empirik elmlər öyrənir. Hər hansı bir hərəkəti, onun mənasını axıra qədər dərk etmək mümkün deyildir, bunu bəlkə yalnız mütəxəssislər edə bilərlər.

O həm də intellektual və hissi (emosional) anlamları bir-birindən fərqləndirir. Riyaziyyat və məntiqdə bu imkanlar daha genişdir. Bəzən başa düşmədiyimizi də olduğu kimi qəbul etməyə məcburuq. Veberin tətbiq etdiyi məşhur «ideal tip» kateqoriyası vasitəsilə, onun hesab etdiyi kimi, hər hansı bir reallıgı, hətta irrasional faktorlarla müəyyən ediləni (affektlər, yanılma) rasional konstruksiyadan kənara çıxma kimi qiymətləndirmək olar. Bu mənada «anlama» sosiologiyasının metodu rasionalist xarakter daşıyır. Anlama zamanı faktiki fəaliyyətin və ya hərəkətin izahını vermək üçün faktı olduğu kimi qəbul edib interpretasiya etmək lazımdır. Onun həqiqətə uyğun olub-olmamasını yalnız praktikada təsdiqləmək olar.

Sosial fəaliyyət və ya hərəkət insanların bir-birinə olan münasibətləri zamanı mümkündür, o, mahiyyət etibarilə başqasının davranışına, hərəkətinə yönəldilir. Kütləvi fəaliyyəti və ya nəyisə yamsılamaqla bağlı olan hərəkətləri hələ sosial adlandırmaq olmaz. Çünki sosial fəaliyyət məqsədyönlü olur, qarşılıqlı təsir və münasibətlər əsasında yaranır. Veber sosial fəaliyyətin motivlərini xüsusi qeyd edir -(rasional, ənənəvi, affektiv və s.)

Sosial münasibətlər - insanlar arasında əmələ gələn, mənasına görə uzlaşdırılmış qarşılıqlı əlaqə və təsirdir. Bu münasibətlər uzun və qısamüddətli, könüllü və məcburi, təkrarlanan və bir dəfə baş verən ola bilir. Sosial davranışın tiplərini fərdlərin maraq və mənafeləri əsasında müəyyən etmək olar. Sosial davranışın legitim qayda-qanun forması dövlət səviyyəsində qəbul olunur.

XX əsr fəlsəfəsində (və sosiologiyada) «sosial fəaliyyət» anlayışnı və onun növlərini E.Dürkheym, P.Sorokin, T.Parsons geniş tədqiq etdilər. T.Parsons özünün sosial fəaliyyət nəzəriyyəsini O.Kont və H.Spenserin ixtiyari təkamülçülük quramalarına qarşı yönəltmişdir. Parsons hələ Hobbs tərəfindən irəli sürülmüş ictimai qayda problemini həll edərək, insan fəaliyyətini fərdi və ümumi qütblər arasındakı ziddiyyəti internallaşma və institusionallaşma anlayışları vasitəsilə aradan götürməyə çalışır. Fərdin fəaliyyət azadlıgı, müəyyən «struktur alternativ» (seçmə imkanı), yəni «müəyyən dəyişən kəmiyyətlər» tərəfindən məhdudlaşdırılır. İstənilən fəaliyyətin «seçmə dilemması» aşağıdakılardır:

1 .affektlik-neytrallıq;

2.özünə doğru oriyentasiya (yönüm) -kollektivçilik;

3.universallıq - partikulyarhq (xüsusi);

4.xüsusi -diffuziyalı (yayılmış, seyrək);

5.uydurma - nailiyyət.

Parsons sosial davranış tiplərini təsvir etmək üçün kateqoriyaları olduqca ixtiyari şəkildə seçir: mədəniyyət, cəmiyyət, şəxsiyyət və fərdin davranışı. Burada aparıcı rolu mədəni sistem oynayır. Cəmiyyətin bir sistem kimi öyrənilməsində Parsonsun böyük xidmətləri vardır. Onun fikrincə, sosial sistem fəaliyyətin mövcudluğu və inkişafının komponentlərindən biridir. Sosial sistemin əsas məsələsi -inteqrasiya, qayda probleminin daimi həllidir. Əgər sosial struktur qarşıhqlı fəaliyyət münasibətlərinin formasıdırsa, funksiya-strukturun nəticəsi, bütövün tarazlaşdırılmasında «dinamik»anın payıdır. Şəxsiyyətin tələbləri - bu sistemin dəyişən kəmiyyətləridir. Hər bir sistemin fəaliyyət növlərinin müəyyən təşkili, institusionallaşma vasitələri olmalıdır ki, bu təşkilin pozulması hallarını aradan götürmək mümkün olsun, ictimai institutların bir-birinə uyğunlugu təmin edilsin.

Müasir dövrdə fəaliyyətin strukturu, icra mexanizmi, vəzifələri geniş öyrənilir, onun məqsədi, vasitə və nəticələri dəqiq müəyyən edilir. Fəaliyyətin əsasını tələbatlar, mənafelər, məqsəd, motiv, stimul və məqsədli oriyentasiyalar təşkil edir. Bu kateqoriyaları sosial fəlsəfə, sosiologiya və sosial psixologiya əsaslı tədqiq edirlər. Sovet və postsovet məkanında bu problemləri tədqiq edən L.P.Buyevanı, I.S.Konu, M.S.Kaqanı, M.M.Baxtini, Y.M.Lotmanı, M.V.Dyomini və başqalarını göstərmək olar. Məsələn, fəaliyyət haqqındakı təsəvvürlərini M.V.Dyomin belə xarakterizə edir: Fəaliyyət - hadisədir, onun çoxlu növləri (formaları, ifadə üsulları, emosional gərginlik, fızioloji mexanizmləri və sair) vardır.

Adətən fəaliyyəti subyekt və obyektin qarşılıqh münasibətləri kimi qiymətləndirirlər. Əslində isə fəaliyyət öz ifadəsini daha çox subyektin obyektə təsirində tapır, yəni fəaliyyət həmişə müəyyən hərəkətlər sistemini nəzərdə tutur.

Fəaliyyət hərəkətlər sistemidir, lakin hər bir sistem fəaliyyət deyildir. Əgər hərəkətin daxili səbəbi (təkanı) yoxdursa, o, fəaliyyət kimi qiymətləndirilə bilməz. Daxilən determinasiya edilmiş hərəkət fəallıqdır. Fəallıq adi hərəkət yox, hər hansı bir hadisənin (predmetin) daxilən müəyyən edilmiş hərəkətidir. Aktivliyi (fəallığı) passivlik ilə müqayisə etmək olar. Passivlikdə xarici determinasiya (müəyyənetmə) çoxluq təşkil edir. Passiv predmet bəzi hallarda aktivləşə bilər. Fəal olmağın əsası - onun təşkil olunmasıdır: təşkil nə qədər yüksəkdirsə, bir o qədər də fəallıq artır (və əksinə). Deməli, təşkil olunmanın hər mərhələ və səviyyəsinə fəallığın öz növü uyğun gəlir.

Həm təbiət, həm də cəmiyyətdə fəallığı universal xarakterli qarşılıqlı fəaliyyət prosesləri ilə yanaşı öyrənmək lazımdır. İnkişaf, hərəkət və dəyişiklik yalnız predmet və hadisələrin qarşılıqlı təsiri zamanı mümkündür. Fəallığın mahiyyətini öyrənməyin açarı özinkişaf prinsipidir. Fəallıq materiyanım bütün səviyyələrində sistemi təşkili təkmilləşdirir, onların sabitliyini təmin edir. Cansız təbiətdə o, bioloji sistemlərin fəallığının təkamülü üçün baza rolunu oynayır, sonuncu isə öz növbəsində sosial fəallığın inkişafı üçün zəmin yaradır. Beləliklə, fəallıq materiyanın əsasında durur, onun dəyişməsinə (sistemlərin mürəkkəbləşməsi vasitəsilə) səbəb olur.

Fəaliyyət fəallıq vasitəsilə müəyyən edilir, lakin fəaliyyət o zaman özünün əsl mənasnı alır ki, o məqsədli xarakter daşıyır, qarşısna məqsəd qoyulur.

Fəlsəfi ədəbiyyatda məqsəd dedikdə insan şüurunda fəaliyyət zamanı əldə edilə biləcək nəticənin ideal təsəvvürü nəzərdə tutulur (canlı təbiətdə bəzən buna əks əlaqə prinsipi deyilir, söhbət heyvanların instinktiv və şərti -refleksli davranışından gedir). Aparılmış çoxlu tədqiqatlar fəaliyyətin məqsədyönlü fəallıq olduğunu təsdiqləyir. Məsələn, S.L.Rubinşteyn insan fəaliyyəti dedikdə dünyanın dəyişilməsinə, maddi və mənəvi mədəniyyət məhsullarının istehsalına yönəldilmiş subyekt fəallığını nəzərdə tuturdu. Fəallıq həmişə hərəkətdə ifadə olunur. Eyni zamanda fəallıq müəyyən məqsədə yönəldilməlidir. Fəaliyyət məqsədli xarakter daşısa da, canlı varlıqların heç də bütün hərəkətləri məqsədyönlü olmur. Ümumiyyətlə, fəallıq fəaliyyət anlayışından daha geniş məzmuna malikdir.

Fəaliyyət anlayışı davranışla sıx bağlıdır. Əvvəla qeyd edək ki, «davranış» sözü insan cəmiyyəti, üzvi aləm, hətta qeyri-üzvi təbiətdəki obyektlərin təşkilinin bütün səviyyələrində istifadə olunur.

Konkret olaraq insan davranışı dedikdə heç də həmişə məqsədyönlü fəaliyyətin əsasında duran davranış nəzərdə tutulmur. Söhbət insanın digər adamlara, cəmiyyətə və ictimai normalara olan münasibətindən gedə bilir. Hər hansı bir şəraitdə (aktiv və ya passiv şəkildə) insanın burada mövqeyi bilinir, onun rəyi yaranır.

Ümumilikdə davranış dedikdə insanlar və ya heyvanların ətraf mühitlə müəyyən hərəkətlər sistemini nəzərdə tuturlar. Lakin bu tərifdə davranış və fəaliyyət əslində, bir-birindən fərqlənmir. Davranış xarici hərəkətləri əhatə edirsə, fəaliyyət daxilən də aparıla bilər (mənəvi fəaliyyət). Deməli, hər iki anlayışın oxşar və fərqli cəhətləri, əlamətləri vardır.

Dyomin insan fəaliyyəti haqqında belə yazır: 1) insan fəaliyyəti özündə istehsal etmək mənasını daşıyır. İnsanlar təbiətdən hazır predmetləri ala bilmədikləri üçün yaratmaq, istehsal etmək məcburiyyətindədirlər; 2) insan fəaliyyəti öz təbiətinə görə ictimai xarakter daşıyır; 3) insan fəaliyyəti şüurludur, şüur proqramlaşdırır, əsaslandırır və idarə edir.

İnsan fəaliyyətinin strukturu necədir? Bu suala cavab verərkən göstərilməlidir ki, o mürəkkəb və dinamik xarakter daşıyır. O nizamlanmış, qanun və qanunauyğunluqlara uyğun şəkildə formalaşmış müəyyən elementlərin qarşılıqlı təsiri sistemidir. Elementlər bir-biri ilə öz funksiyaları ilə sıx bağlı olduqları üçün bütövlüyü təşkil edirlər.

İdeal şəkildə götürdükdə fəaliyyət ziddiyyətsiz təbiətə malikdir: həqiqətdə isə xalis şəkildə belə fəaliyyət mümkün deyildir. Bununla belə o, konkret fəaliyyət növlərinin hər bir variantında müəyyən qədər özünü göstərir.

İnsan fəaliyyətinin struktur təhlili göstərir ki, fəaliyyət dinamik (canlı) bir prosesdir, məkan-zaman məcrasında ifadə olunur, onun strukturunu sinxroniya (eyni zamanda) və diaxroniya (müxtəlif zaman kəsiyində) baxımından öyrənmək lazımdır. Bu məsələnin təhlilində M.S.Kaqanın xidmətini yüksək qiymətləndirən Dyomin eyni zamanda onun fəaliyyət nəzəriyyəsində bəzi qüsurları da qeyd edir.

Birinci növbədə, onu «dörd fəaliyyət növü sistemə birləşib insan fəaliyyətini əhatə edir» fikri qane etmir, çünki bu elementlər bir-birini tamamlayıb müəyyən, yarım sistemlərə olan tələblərə cavab vermir. Dyomin burada kommunikativ fəaliyyəti saxlamaq şərtilə qalanları dəyişdirmək, yenidən işləməyi təklif edir.

Fəaliyyət növləri çoxdur, onlardan danışarkən çox vaxt maddi-istehsal, sosial-siyasi, ailə-məişət, mənəvi sahələri göstərirlər. Belə bölgü vacib və zəruridir, lakin fəaliyyətin strukturunu tam aşkar etmək üçün, Dyomin belə bir fikir irəli sürür: intellektual və qiymətverici, emosional, nəzəri və praktiki fəaliyyət növləri insan fəaliyyətin strukturunun aşağı səviyyəsini, predmetli fəaliyyət, əmək və oyun fəaliyyəti onun digər yüksək səviyyəsini təşkil edir.

Əlbəttə bu strukturların hər birini tam dəqiqliklə xarakterizə etmək çox çətindir. Dyomin təhlili predmetli-dəyişdirici fəaliyyət və ünsiyyətdən başlamağı təklif edir. Predmetli fəaliyyət aparmadan insan yaşaya bilməz, bu fəaliyyətin özü isə ünsiyyətin, kommunikativ fəaliyyətin yaranmasına səbəb olur. İnsan fəaliyyəti maddi və mənəvi mədəniyyətlə müəyyən olunur, bu mədəniyyət sanki fəaliyyətin obyektləri və subyektləri arasında yerləşir. Subyekt, mədəni irsi mənimsəməsə, predmetli fəaliyyəti apara bilməz. Predmetli fəaliyyətin intellektual və emosional, nəzəri (mənəvi) və praktiki (maddi) tərəfləri vəhdət təşkil edir. Bütövlükdə predmetli fəaliyyət və ünsiyyət insan fəaliyyətinin çox mürəkkəb strukturunu təşkil edir. İnsan fəaliyyətinin müəyyən olunması mənafe «maraq» kateqoriyası ilə də bağlıdır.

XIX-XX əsrlərin fəlsəfi fikrində «ünsiyyət» anlayışına çox geniş yer verilir. Bir çox tədqiqatçılar, o cümlədən Q.Zimmel, E.Kassirer, M.Şeler, K.Yaspers, M.Haydegger cəmiyyət haqqında öz nəzəriyyələrini quraşdırarkən onu əsas və izahedici prinsip kimi götürürlər. Zimmel (1958-1918) öz sosioloji əsərlərində «sosial» dedikdə fərdlərarası münasibətləri nəzərdə tuturdu. Onun fikrincə, konkret tarixi məzmun dəyişsə də qarşılıqlı fəaliyyət formaları sabit qalır, Zimmel, xüsusi olaraq, kiçik qruplarda sosial münasibətləri öyrənib, sosial fərqlər, müxtəlif sosial formaları (müqavilə, konflikt, rəqabət, nüfuz, tabe olma və s.) tədqiq edib.

E.Kassirer (1874-1945), neokantçılığın Marburq məktəbinin nümayəndəsi kimi mədəniyyətin müxtəlif sahələrini «simvolik forma»lar adlandırır (dil, əfsanə, din, incəsənət, elm, tarix), onların müstəqilliyini qeyd edir. İnsan, «işarələri yaradan heyvan» kimi öz ünsiyyətini də bu işarələr əsasında qurur. İşarələr əsasında Maks Şeler aksiologiya elmini yaradıb. O, mütləq dəyərlər və empirik dəyişənlər arasında münasibətləri belə görür: tarixdə nisbi xarakterli dəyərlər deyil, onların mövcudluğunun tarixi formaları yaşayır. M.Şeler ünsiyyətin vəzifəsini insanlar arasındakı münasibətlərin tənzimlənməsində görürdü; həqiqi simpatiya başqası ilə həmfəaliyyətdə olmaqdır (həmrəy olmaq).

Alman ekzistensializminin nümayəndələri M.Haydegger və K.Yaspers insan varlığını «başqaları ilə birlikdə varlıq» kimi qeyd edir. Onlar göstərirlər ki, «başqasının azadlığı mənim şəxsi azadlığımın mühüm şərtidir». Yaspersin fikrincə, kommunikasiyanın parçalanması azadlığın itməsinə gətirilə çıxarır. Kommunikasiya (əlaqə, rabitə) ağılı və varlığı birləşdirir. Yaspersin kommunikasiyası - azlığı təşkil edən «seçmə» adamların mənəvi ünsiyyətidir. Burada insan kütləvi kommunikasiyada obyektə çevrilmiş fərddən fərqli olaraq, suybekt kimi çıxış edir.

Göründüyü kimi, həyat fəlsəfəsi, antropologiya və ekzistensializm nümayəndələri insanlar arasındakı ünsiyyəti cəmiyyətin inkişafı və fəaliyyətində görərək, onu insan davranışında əsas prinsip kimi qeyd edirlər.

Ünsiyyət kateqoriyasını sovet ədəbiyyatında geniş şəkildə şərh edənlərdən biri L.P.Buyevadır. O, qeyd edir ki, ünsiyyət-ictimai subyektlərin (siniflər, qruplar, şəxsiyyətlər) qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyətidir. Bu zaman fəaliyyət, informasiya, təcrübə, qabiliyyətlər, bacarıq və vərdişlər mübadiləsi aparılır, fəaliyyət nəticələri bölüşdürülür. Ünsiyyət-cəmiyyət və şəxsiyyətin formalaşması və inkişafı üçün zəruri və ən ümumi şərtdir.

Ünsiyyətin bütün formaları üçün real vasitəçi - həm mənəvi fəaliyyət yekunları (ideyalar, sərvətlər, ideallar, hisslər, əhval-ruhiyyə), həm də maddi əşyalar (insan əməyinin vasitə və alətləri, insan fəaliyyətinin məhsulu olan obyektlər və s.) olur. Ünsiyyət zamanı sosial təcrübə ötürülür və mənimsənilir. Bu prosesdə subyektlərin qarşılıqlı əlaqələrinin strukturu və mahiyyəti dəyişilmir, tarixən müəyyən şəxsiyyətlər tipi formalaşır, şəxsiyyət sosiallaşır. «Ünsiyyət» termini daha çox insanlararası münasibətlər səviyyəsində işlədilir; ünsiyyət bilavasitə və dolayı yolla həyata keçirir.
ƏDƏBIYYAT

l Буева Л.П. Человек, деятелъностъ и общение. M., 1978

2.Beбep M. Ocновные coциологические понятия // Избранныe npoизведения. M., 1990, c.602-643

3.Bonpocы философии. 1993

4.Гегель Г. Энциклопедия филоcoфcкиx нayк. B 3-x томax, M., 1977, т.3, c. 251-325.

5.Kpитикa coвременнoй бypжуазной сoциологии. M., 1978

6.Ocиповa E. Coциология Э.Дюpкгеймa. M., 1977

7.Юдин Э.Г. Системный подход и принцип деятелъности. M., 1984

Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə