Мцндярижат



Yüklə 2,67 Mb.
səhifə6/8
tarix23.11.2017
ölçüsü2,67 Mb.
#12126
1   2   3   4   5   6   7   8

İnsanın özünü məhz bir insan olaraq dərk etmək təşəbbüsləri ilə yana­şı, onun özünü bir millət nümayəndəsi olaraq da anlamaq ifadə etmək ­şəb­­büsləri təbiidir. Hər bir xalqın bir millət olaraq formalaşmasında milli məf­ku­rənin fəlsəfi fikrin böyük rolu vardır. Lakin ümümbəşəri fəlsəfi fikir heç milli məfkurələrin məcmusu şəklində yaranmır. Milliliyin fövqünə qalxan, in­sanın mahiyyətindən, ümumiyyətlə insan həyatının məna məqsədindən çıxış edən ayrı-ayrı böyük mütəfəkkirlərin fəlsəfi yaradıcılığı onlara bütün ­şəriyyətin, insan cinsinin adından danışmaq səlahiyyəti verir. Müasir fəlsəfənin gəlişməsində müxtəlif dövrlərdə müxtəlif xalqların nümayəndələri öncül rol oynamışlar. Bəşəriyyət vahid olduğu kimi fəlsəfi fikir tarixi vahiddir.

Bununla belə, fəlsəfi fikrin harada, nə vaxt və hansı istiqamətdə inkişaf etməsi ayrı-ayrı millətlərin sosial, iqtisadi, mədəni-mənəvi durumları ilə də sıx surətdə əlaqədardır.

Milli fikri ümumbəşəri ilə müqayisə edə bilmək üçün, heç şübhəsiz, əv­vəl­cə milli Məni həm duyğu, həm də təfəkkür səviyyəsində tanımaq tələb olu­nur. Əks halda doğma və yadı fərqləndirmək, sənə məxsus olanı başqalarına məx­sus olandan ayırmaq mümkün olmaz.

Dərk olunmuş vətənpərvərlik, təbii ki, daha dayanıqlı və daha faydalı olur. Vətəni, xalqı, milləti sevərəkdən və bəzən hətta məhz sevdiyinə görə ona zi­yan da vurmaq mümkündür. Vətənin, millətin nə ilə səciyyələndiyini bil­mə­dik­də, onun rasional simasını görmədikdə, mənafeyini dərk etmədikdə, sadəcə sevgi notları üzərindəki fəaliyyətin fayda gətirmək şansı ziyan gətirmək şansına bərabər olur.

Milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir adamın üzərinə ağır yük qo­yur. Və bunu hər bir adamdan tələb etmək də düzgün deyil. Yəni, hər bir adam əvvəlcə filosof olub sonra fəaliyyət göstərə bilməz. Mil­lətin, vətənin elmi-fəlsəfi özünüdərk konsepsiyası milli intellektin səfərbər olunması sayəsində, mil­li filosof­lar, ictimai-siyasi liderlər tərəfindən işlənib hazırlan­ma­lı və geniş küt­lələrin sərəncamına verilməlidir. Lakin elmi-fəlsəfi dil­də yox, elmi-kütləvi, fəlsəfi-publisistik, poetik dildə, bədii ob­raz­lar vasitə­si­lə, ədəbiyyatın, sənətin, kütləvi informasiya vasi­tə­lə­ri­nin bütün müm­kün imkanlarından istifadə etməklə!

FƏLSƏFƏ TƏRBİYƏ VƏ ÖZÜNÜTƏRBİYƏ

VASİTƏSİ KİMİ

Din və əxlaq inama əsaslanmaqla vasitəsiz bilik olsalar da, hər halda yenə də tərbiyə və təhsillə vasitələnirlər.

Hegel
«Tərbiyə» dedikdə, elə anlayışın özündəcə fəal tərəf olan sub­yektin – tərbiyəçinin, müəllimin aktual işti­ra­­kı nəzər­də tutulur. Yəni kim isə, kimi isə tərbiyə et­mə­li­dir, onu müəy­yən normalara, ədəb-ərkan qaydalarına, dav­­ranış tər­zinə dəvət etməlidir. Bunun üçün isə əvvəlcə hə­­min normaların, meyarlar siste­minin ilkin müəyyənliyi tələb olunur.

Lakin intellektual, əxlaqi və mənəvi dəyərlər sis­te­mi­nin bütün dövrlər və bütün xalqlar üçün standart for­ma­sı və normativləri yox­dur. Yəni əvvəlcə tərbiyə verənin özü­nün meyar seçdiyi və təlqin et­diyi dəyərlər sistemi düz­gün seçilməlidir. Bu isə artıq tərbiyə pro­sesinin miq­ya­sından kənara çıxır və pedaqogikanın deyil, fəlsəfənin pred­metinə daxildir. Təsadüfi deyildir ki, bəzi müəlliflər pe­daqogikanı fəlsəfənin tətbiq sahələrindən biri hesab edir.1

Təlim və tərbiyə ilə bağlı problemlər, anlayışlar, kateqoriyalar hər bir dövr­də fəlsəfənin qalxmış olduğu yeni inkişaf səviyyəsindən bir də nəzərdən ke­çi­rilməlidir. Fəlsəfənin və psixologiyanın açdığı yeni im­kanlar bütöv­lükdə dü­şün­cə tərzini dəyişməklə insanın mənəvi-in­tel­lektual inkişafının da yenidən nə­zərdən keçirilməsini tələb edir. İstər-istəməz bir sıra suallar yenidən aktuallaşır.

Əvvəla, kim isə tərbiyə vermək haqqını necə qaza­nır? Sadəcə müəllim və ya tərbiyəçi kursunu (bakalavrdan tutmuş elmlər doktoru dərəcəsinədək) bitirib müvafiq diplom almaqlamı? Yoxsa doğru­dan­damı o indiki gənc­liyin necə olmalı olduğunu bilir və üstəlik buna ne­cə nail olmağın da yollarını bilir?

Həm də nəzərə alınmalıdır ki, bu bilgilərdən birincisi fəlsəfənin, ikincisi isə pedaqogikanın predmetinə aiddir. Deməli, tərbiyəçi bu fən­lərin hər ikisini mükəmməl bilməlidir. Fəaliyyətinin nəticəsini yoxla­maq və düzəlişlər etmək üçün üstəgəl eksperimental psixologiyanı da mənimsəməlidir. Yəni tərbiyəçi olmaq missiyası məsuliyyətli olduğu qədər də böyük bilik və hazırlıq tələb edir. Müəllim isə üstəlik müəy­yən bir fənni də yüksək səviyyədə mənimsəməli və üstəlik onu başqa­larına mənimsətməyin yollarını da bilməlidir. Həm də sadəcə bilmək azdır. Bunun üçün böyük entuziazm, böyük daxili emosional enerji lazımdır. Maraq­andırmaq, heyrətləndirmək, sevdirmək səriştəsi la­zımdır. Bəli, müəllimlik zirvəsinə qalxmaq bütün bu labirintlərdən keç­məyi intellektual səviyyənin və mənəviyyatın yüksək zirvəsini fəth etməyi tələb edir. Bax, buna görə də, müəllim adı ucadır, mənəviyyat və idrak yolunun zirvəsində qərar tutur. Lakin rəsmi təhsil müəssisə­lərimizin müəllim diplomu verdiyi şəxslər bu zirvənin heç olmasa ətə­yinə qədəm qoya bilirlərmi? Bəs, bu müəllimləri hazırlamalı olan ali məktəb müəllimləri necə. Onların elmi dərəcəsinə alim-pedaqoq sta­tusuna imza atanlar necə.

İkincisi, «tərbiyə vermək» nə deməkdir; «tərbiyə olunan» tərəfin müəy­yən bir standarta, normaya sadəcə dəvət edilməsi, yönəldilməsi, yoxsa onun bu nor­maya həqiqətən uyğunlaşdığına əminliklə bitən bir fəaliyyət?

Belə bir əminlik necə yarana bilər? Təbiət elmləri cismin təsirdən əvvəlki və sonrakı vəziyyətini xüsusi cihazlarla ölçür və prosesin is­tiqamətini təyin edə bilir. Bəs, pedaqogika? Burada belə bir ölçmə imkanı olmadığı üçün müəyyən bir tərbiyəvi təsirin gözlənilən nəticə verəcəyini ancaq güman etmək olar. Axı, tər­biyəçi nəinki təsirdən son­ra, təsirdən əvvəldə öyrəncinin mənəvi-psixoloji du­rumunu bilmir. Özü də hər gün bu durum tamamilə başqa səbəblərdən də­yiş­miş ola bilər. Hətta təmasda olduğumuz məqamda uşağın könlündən, fik­rin­­dən nələr keçdiyin necə bilmək olar? Con Kabat-Zinn insanın mənəvi-psixik halını araşdıraraq yazır: «Əql həmişə fəaliyyətdədir; çox vaxt ya keçmişin xatirələrində, ya da gələcəyin xəyallarında olduğu halda, nadir hallarda indiki zamana yönəlir».1 Başqa sözlə, insanın cisminin yox, diqqətinin, fikrinin harada olması əsasdır. Nə etməsindən daha çox, hansı motivlə etməsi, ürəyindən nə keçməsi önəmlidir. Əbu Tur­xanın dediyi kimi, «fikrin-zikrin haradadırsa, sən də oradasan». Nə barədə fikirləşməsi insanın təkcə əqlini yox, ürəyini, könlünü də nişan verir. Zikr isə əqidədən xəbər verir. Əgər insan əqidəlidirsə, inamı var­sa, tərbiyə prosesində bu mütləq nəzərə alınmalıdır. Digər tərəfdən, dini inamı olan adama təsir edən bir dəlil, fikir, ya hədis dinsizə heç tə­sir etməyə də bilər. Ona görə də, tərbiyəçi qarşıdakını öyrətməzdən əvvəl, onu öyrənməlidir. İnsanı öyrənmək isə hansı isə elmi və ya peşəni öyrənməkdən qat-qat çətindir.

Bir sözlə, uşaq taxta parçası deyil ki, onu yonub nə isə düzəl­dəsən. O hələ ilk yaranışdan proqramlaşdırılmış bir sistemdir. Gələ­cəkdə nə olacağı, necə olacağı təkcə düşdüyü mühitdən və tərbiyədən yox, həm də onun fitri payından asılıdır. Əgər dibindən qaynamırsa, «quyuya su tökməklə sulu olmaz».

Uşaq özü fəal başlanğıcdır. Onu təbii varlıq kimi bir çox key­fiyyətlər sə­ciy­yələndirir ki, bunlardan biri də temperametrdir. «Tem­pe­rament şəxsiyyətin formalaşması prosesində bir növ xammal kimi çıxış edir».1 Uşaq bir tərəfdən öz daxili genetik meylləri, digər tərəf­dən də, yaşadığı mühitin çox müxtəlif, al-əlvan təsirləri ilə formalaşır. Müəllim, tərbiyəçi hər bir konkret uşaq üçün bu prosesin xüsusiy­yətlərini bilmədən, ona müdaxilə edə bilməz. Daha doğrusu, bu mü­daxilənin hansı istiqamətdə təsir edəcəyini müəyyənləş­dir­mək olmaz. Hətta cansız aləmdə bir zərrəciyin başqa zərrəciyə təsirinin nə­ti­cələri birqiymətli ölçülə bilmir. Daha doğrusu, bu, prinsipcə mümkün deyil. Çün­ki qeyri-müəyyənlik prinsipi var. Çünki güman olunduğu kimi, zərrəciyin də iradəsi ola bilər. Bəs iradəsinə şübhə etmədiyimiz canlı in­­sanlara təsirin isti­qa­mətini müəyənləşdirmək mümkündürmü? Ümu­­miyyətlə mümkün ola bilərmi?
«Tərbiyə etmək», yoxsa insana özünü, təbiəti və cəmiyyəti dərk etməkdə yardımçı olmaq?! İnsanın düzgün həyat yolu seçməsi, xoş­bəxt olması, öz həyat və fəaliyyəti ilə başqalarının xoşbəxtliyinə mane olmaması üçün ilk növ­bə­də yüksək mənəvi-intellektual səviyyə tələb olunur. Bü­tün konkret hallar üçün yarayan hazır həyat reseptləri ola bilməz. Hər bir situasiya başqasından nə ilə isə seçilir. Ona görə də, hər bir məqamda qərarı şəxs özü çıxar­ma­lı­dır. Bunun üçün isə geniş dünyagörüşü, əqidə müəyyən­li­yi və əxlaqi-mənəvi dəyərlər sisteminin mənimsənilməsi tələb olunur.

Heç də bütün insanların fəaliyyəti nəzəri təfəkkür süzgəcindən keçirilmir və elmi prinsiplər əsasında ölçü­lüb-biçilmir. Gündəlik hə­yatda insanı idarə edən onun nəf­sidir. Nəfs isə heyvani hisslərdən ali duyğula­ra­dək, ins­tinkt­dən əqlədək bütöv bir spektri əhatə edir. Tə­sa­düfi de­yil­dir ki, Ş.Sührəvərdinin idrak təlimində «hey­va­ni nəfs» və «düşüncəli nəfs» arasında zövq pilləsi də da­ya­nır ki, bu da əsasən es­tetik hissləri ehtiva edir. Aralıq pil­lələrə həm­çinin qavrayış və hafizə də daxildir. Atalar sözləri, hikmətli fikirlər, aforizmlər, hətta etika və hüquq sahə­lə­ri­ni əhatə edən müddəalar anlama və hafizə səviyyəsində mənimsənilir. Lakin insanın nələri isə bilməsi hələ bun­la­ra əməl edə­cəyinə zəmanət vermir. İnsanın hansı vəziy­yət­də nə kimi qərar qəbul edəcəyi, necə hərəkət edəcəyi hey­va­ni nəfs, zövq və əql məqam­ların­dan hansının üstünlük təş­kil etməsindən asılıdır.

Yalnız zövqün və ali duyğuların inkişaf etdiril­mə­si, nəfsin əqllə işıqlan­dı­rıl­­ması heyvani nəfsi məhdudlaş­dır­mağa imkan verə bilər. Con Lokk nəfsin məh­dudlaş­dı­rıl­masını tərbiyənin mühüm şərti hesab edirdi: «Hər bir fə­zi­lətin və layaqətin əsası və ali prinsipi insanın öz arzu­la­rından imtina etmək, öz istək­lə­rinin əleyhinə hərəkət et­mək və ancaq zəkanın göstərişlərinə əməl etmək qabiliy­yə­tin­dən ibarətdir».1

İnsanın öz istəklərinə, arzularına çata bilməməsi, bu yolda mü­barizələr aparmağa məcbur olması bir şeydir, bu istəklərdən könüllü surətdə imtina etmək məcburiy­yə­tin­də olması başqa şeydir. Yəni in­sanın istəkləri müxtəlif olur və onlar heç də həmişə öz aralarında uy­ğun gəlmir; bir istəyin həyata keçirilməsi, ancaq başqa bir istəkdən uzaqlaşmaq hesabına mümkün olur. Xırda hisslər, kiçik arzular in­sanı böyük ideala gedən yoldan sapdırır. Deməli, ideala gedən yolda kənardan maneələrlə yanaşı, daxili maneələr də vardır. Qurani-Kə­rimdə deyilir: «…On­lar­la istədikləri arasında maneə yarandı».2

İnsanın həyatı əqllə nəfsin mübarizə meydanına çevrilməsin de­yə, o öz is­təklərini boğmaq məcburiyyə­tin­də qalmasın deyə ilk növ­bədə nəfsin özünün tər­biyə edil­mə­sinə böyük ehtiyac vardır. Ş.Süh­rəvərdi «İşıq hey­kəl­lə­ri» əsə­rin­də yazır: «Nəfs bədəndən ayrı düş­dük­də…hiss alə­minə göstərdiyi şövqə görə əzab çəkir». Sührəvərdi ki­mi, Füzuli də nəfsin tərbiyəsinə böyük önəm verir.

İnsanın arzu və istəkləri sağlam olduqda onlara çat­maq uğrunda müba­ri­z­ə cəmiyyət tərəfindən müsbət qar­şı­lanır. Heyvani nəfs isə baş­qalarının izzəti-nəf­sini nə­zə­rə almadığından, ya insan özü, ya da cə­miyyət onun realizasiyasına ma­ne olmaq üçün tədbir görməli olur. Halbuki, xoşbəxtlik məhz arzu və istə­yin reallaşdırılma­sın­­dadır. İc­timai tənbehə səbəb olan, hətta hüquqa zidd gəl­di­yi hallarda cəza­landırılmaqla müşayiət olunan bir xoşbəxtlik, həqiqi xoş­bəxt­lik sayıla bilərmi? Burada, bir tərəfdən, hissi səviyyədə yaşanan «həzz», «ləz­zət» və sosial priz­madan keçən «xoşbəxtlik» anlayışlarının fərqləndiril­mə­si zə­rurəti ortaya çıxır. Digər tərəfdən də, xoşbəxtliyin yal­nız hissi sə­viyyədə ya­şana biləcəyini, insa­nın öz təbii hiss­lə­rinə azadlıq verməli ol­duğunu iddia edən nitsşeçilik və frey­dizm fəlsəfələrini təkzib etmək üçün buddizmin və su­fiz­min metodoloji əsaslarına mü­ra­ciət etmək la­zım gəlir. İstənilən halda müasir dövrdə insa­nın əxlaqi-mənəvi si­ma­sını daha dərindən açmağa imkan ve­rən fəlsəfi nəzəriyyələri araş­dırmadan və onlara isti­nad etmədən ha­zır­la­nan tərbiyə konsepsiyaları heç bir fay­da verə bilməz.

Dünyada tarixən formalaşmış müxtəlif tərbiyə sistemləri vardır. Hər şey məq­səddən asılıdır: əvvəlcə müəy­yənləşdirilməlidir ki, biz ic­raçı, yoxsa yaradıcı insan ha­zır­lamaq istəyirik? Bunlardan hər birinin öz üsulları var­dır. «Böyük­lə­rin buyruğuna əməl edən», «sözə qulaq asan», «deyilənləri qeyd-şərtsiz yerinə ye­ti­rən», nizam-in­ti­zam qayda­larını pozmayan, qoyulmuş yolla gedən və yol­dan sapmayan tərbiyəli şəxs obrazı bizə yaxşı məlum­dur. Dikbaş, «bildiyini babasına ver­mə­yən», böyüklərin ya­nında fikir söyləməkdən çəkinməyən, müəllimlərlə mü­ba­hisə edən, qaydaları pozan, «ipə-sapa yatmayan» tərbi­­siz ya «çətin tərbiyə olunan» uşaq obrazı da yaxşı məlumdur.

Lakin bu ənənəvi tər­biyə meyarlarından fərqli olaraq, Qərbdə ikinci tip uşaqlar özü də iki yerə bölünür. Nəzərə alınır ki, gələ­cə­yin həm cinayətkarları, həm də dahiləri bunların sırasın­da­dır. Liderlik, təşkilatçılıq keyfiyyətləri də məhz ikinci qrup uşaqlarda olur. Dahilik və dəlilik əlamətləri – hər iki­­si əvvəlcə standartdan, normadan kənara çıxma kimi mü­şahidə olunur. Ona görə də, Qərbdə ikinci qrup uşaq­la­ra daha böyük diqqət verilir. Sərbəst düşüncənin, yara­dı­cıllıq poten­sialının inkişafı üçün maksimum şərait yara­dılır. Uşaqlara özünü realiza­si­ya imkanı verilir. Onları «böyüklərin», «avtoritetlərin» qə­li­bi­nə salmaq cəhdləri göstərilmir.

Təəssüf ki, biz Qərb­dən bu mütərəqqi tərbiyə metodika­sını hələ də götü­r­mə­­mi­şik. Hətta «böyük-kiçik» məsələ­sinə görə Qərb gəncli­yi­ni tərbiyəsizlikdə ittiham edirik və qürrələnirik; Şərq tərbiyə sis­teminin üstünlük­lə­rin­dən danı­şı­rıq. Üzdə hər şey, doğrudan da belə­dir. La­kin təəs­süf ki, bu yanaşmanı müt­ləq­ləşdirməklə ifrata var­dı­rılan, alternativsiz meyara çevrilən bəzi adət-ənənə­lərin azadlığı necə buxovladığının fərqinə varmırıq.

Əlbəttə, böyüklərə qulaq asmaq, icraçılıq özü də iki cür başa dü­şülə bi­lər. Bir var sənə düzlüyünə qəti əmin olduğun yol göstərələr, bir də var özün dü­şünə biləcəyin bir məsələdə başqasının buyruğuna əməl edəsən. İslam Şər­qin­də icraçılığı mütilik kimi başa düşmək, görünür, xeyli dərəcədə İslamın ma­hiy­yətinin düzgün başa düşülməməsi ilə bağ­lıdır. «İslam», «müsəlman», «müs­lüm» sözləri «itaət», «mütilik» mənasını verdiyin­dən­­dirmi, yoxsa Qurani-Kəri­min bəzi ayələrinin düz­­­gün təfsir edilməməsindəndirmi, – deyə bilmərik, amma müsəl­man xalqlarının tərbiyə sistemində itaətkarlığın müsbət hal kimi dəyər­lən­dirilməsi çox dərin kök atmışdır.

Əslində isə islamda təlqin olunan itaət heç də total itaət deyil. Nisa surə­sində deyilir: «Ey iman gə­tirənlər! Allaha, peyğəmbərə və (onlar tərəfindən) itaəti sizlərə vacib buyrulan ixtiyar sahiblərinə itaət edin».1 Lakin burada kimə və nə kimi bir itaətdən söhbət getdiyi həmişəmi düzgün şərh olunur?

Allaha itaət etmək və onun sözlərini çatdıran peyğəmbərin de­diklərinə əməl etmək hələ o demək deyildir ki, insan özü düşünüb-da­şınmadan, kor-koranə surətdə hər hansı bir başqasının; yaşca böyük olanın, vəzifə və ya var-dövlət sahibinin buyruğuna da qeyd-şərtsiz əməl etməlidir. İqtibas gətirdiyimiz ayədə sözünə itaət edilməsi vacib sayılan şəxslər ancaq Allah və peyğəmbər tərəfindən buyrulmuş şəxs­lərdir ki, buraya valideynlər və müəllimlər aid edilə bilər; o da ancaq bir şərtlə ki, onların dedikləri Allah kəlamına zidd olmasın. Deməli söhbət əslində yalnız Allaha itaətdən gedir. Əsrlər boyu din xadimləri bu ideyanı tədricən öz xeyirlərinə dəyişdirərək, Allah kəlamının təfsir səlahiyyətini mənimsəmiş və bununla da insanları özlərinə itaət etdir­məyə çalışmışlar. Bu da Allah ilə insanlar arasında vasitəçilik institutu yaratmaqla, dinimizə xas olmayan bir cəhətdir. Görünür, itaətə ça­ğırışın səhv anlaşıla bilməsini istisna etmək zərurətindəndir ki, Qur­ani-Kərimin başqa bir surəsində bu məsələ daha konkret qoyulur: «Si­zin Rəbbiniz Mənəm. Buna görə də yalnız mənə ibadət edin».1

İslam bütün insanları Allah qarşısında bərabər saydığına görə, bir insa­nın başqa bir insana itaət etməsi əslində yasaqdır. Tam tərsinə, xristianlıqda kil­sə və din xadimləri Allah ilə insanlar arasında vasi­təçilik missiya­sını rəsmən üzə­rlərinə götürsələr də, bu missiyaya qarşı böyük bir etiraz dalğası da for­ma­laş­mışdı ki, bu da əsasən fərdi azad­lıq uğrunda mübarizə kimi ortaya çıxmışdır.

Təsadüfi deyildir ki, Qərbin ən böyük prioritetlə­rin­dən biri məhz azadlıq ide­yasıdır. Təkcə fəaliyyətdə yox, həm də düşüncədə azad­lıq! Özünü rea­li­za­siya hüququ, istədiyini demək, yazmaq, möv­qeyini bildirmək hüququ! Biz de­mi­rik ki, Şərqdə azadlıq ruhu ol­mamışdır. Ancaq ayrı-ayrı təzahürlər olmuş, lakin ictimai şüurda ya­şa­ya bilməmiş, unudulmuşdur.

Bu gün fərdlərin hüquq və azad­lıqlarından, müstəqilliyindən, fi­kir plüralizmindən, siyasi plü­ra­lizmdən məhz Qərb dünyasında da­nışılır. Məhz Qərb dünyası ar­tıq neçə əsrdir ki, ayrıca götürülmüş in­sanların səadətini və xoş­bəxt həyatını dövlətin və cəmiyyətin əsas və­zifəsi hesab edir və bu isti­qamətdə məqsədyönlü fəaliyyət göstərir. Şərq ölkələri isə məhz insan hüquqlarının pozulması, fərdi azad­lıq­ların məhdudlaş­dırıl­ması, hamının bir adamın (padşa­hın, monarxın) iradəsindən asılı vəziyyətə salınması faktlarına görə tənqid olunur. Və qlobal­laş­manın əsas pozitiv cəhətlərindən biri də bu ölkələrin sakin­lərinə hü­quq və azadlıq gətirmək, onlara azad iqtisadi rəqabətdə öz gücləri­ni yoxlamaq şansı verməkdən ibarətdir.

Bəli, Qərbi səciyyələndirən məhz onların sivil, ictimai mahiyyətli ol­masıdır. Şərqdə isə insanlar daha çox öz mənəvi dünyaları miq­yasında qapanır və ictimailəşməyə müqavimət göstərirlər. Belə olan halda Şərqdə fərdi azadlıq daha güclü deyilmi? Doğrudan da, pa­ra­doksaldır.

Qərbdə insanların fəaliyyəti də vahid ictimai prinsiplər çərçi­və­sində həyata keçirildi­yin­dən çoxlu sayda adamlar eyni bir ideya­nın reallaşdırılmasına cəlb edilə bilirlər. Ayrı-ayrı insanlar bütöv­lükdə cə­miyyətin hissələri olurlar. Bu baxımdan, Şərqdə cəmiyyət insanların toplusu, Qərbdə isə insanlar cəmiyyətin hissələridir. His­sə­lərin vahid strukturda birləşməsindən bütöv mükəmməl bir sis­tem yaranır. Nəticədə Qərbdə cəmiyyət toplu yox, sistemdir. Şərq­də isə fərdi dün­yalar bir-birinə bənzər olsa belə, hər biri özündə ta­mam­lanan sistem olduğundan, onları üzvi surətdə birləşdirərək va­hid dayanıqlı sistem yaratmaq olduqca çətindir.

Qərbdə ideya binanın ümumi strukturunu əks etdirir. Adam­lar bu mükəmməl struktu­run yaradılmasında vasitədir. Lakin şüur­lu va­sitələrdir. Şərqdə isə insanlar kərpicdən fərqli olaraq, müs­tə­qil və orijinal struktura malik mükəmməl sənət abidələrini xa­tırlatdığından on­lardan nə isə tikmək çox çətindir. Lakin qlo­bal­laş­ma gedir və Şərqdə də Qərbdəkinə bənzər böyük miqyaslı abi­də­lər tikilməlidir. Şərqdə kər­­piclər yoxdur. Ya çay daşları və daş-kəsək var, ya sal qayalar və sənət əsərinə çevrilmiş unikal abi­də­lər – fərdi fəaliyyətlər var. Şərqin öz kiçik miqyaslı fərdi abidələ­ri­ni çay daşı kimi istifadə etməyə əli gəlməsə də, qloballaşma dal­ğaları ağına-bozuna baxmır. Güclü sel fərdi özünəməxsusluqları və fərdi istiqamətləri aradan götürərək ha­mını eyni səmtə yönəldir, güclü sa­hə onları böyük təzyiq altında yapışdırır, birləşdirir. Kiçik ira­də­lər böyük güclü bir iradənin təsir dairəsinə düşərək tərkisilah olu­nur, iradəsizləşir, mənsizləşirlər. Onlar kərpic kimi rahatca üst-üs­tə düzülə bilmədiyindən və ölçüləri də uyar­sız olduğundan bir­ləş­di­rici amil, sahə, yapışqan çox güclü olmalıdır.

Qərb dünyası müxtəlifliyin vəhdəti kimi mövcuddur. Ora­­da fər­di iradələr məhv edilmədən, fərdlərin öz təşəbbüsü ilə əla­­qələndirilir, birləşdirilir. Təkcə fərdlərə münasibətdə yox, etnik qrup­­lara, kiçik millətlərə münasibətdə də mədəni-mənəvi müstəvi­də müxtəlifliyin sax­lanılması mövqeyindən çıxış edən Qərb dünya­sı sosial-hüquqi müs­təvidə eyniyyətin, vəhdətin tərəfdarıdır. Lakin bu­nunla belə, başqa xalqlara münasibətdə hüquq bərabərliyi təl­qin edən Qərb «kütləvi mədəniyyət» ixrac etməklə yeni müstəqillik əl­də etmiş ölkələrin müs­təqil mədəni-mənəvi simasının yaranma­sı­na ma­ne olur. Görünür, belə güman olunur ki, mədəni-mənəvi ira­də qlo­ballaşmaya doğru siyasi-hü­quqi identifikasiya işinə mane ola bilər.

Qloballaşma-qərbləşmə şəraitində etnik qruplar, kiçik mil­lət­­lər də, bax be­ləcə, hərəsi bir rən­gə çalan çay daşları kimi qəlibə tö­külərək betonlaşırlar. Fər­dilik itir, müxtəliflik itir və dü­nən gö­zəl­lik sayılan özünəməxsusluq bu gün ç­a­tış­mazlıq kimi ortaya çı­xır. Bir qranit parçası, bir çay daşı kərpic və ya blok-be­ton kimi düz­­gün həndəsi biçimdə olmadığı üçün dəyərsizləşir, təhqirlərə mə­ruz qalır. Onlar incə və mürəkkəb bir strukturda birləşərək nə isə bö­yük bir şey əmə­lə gə­tirə bilmədiyindən, sadəcə böyük bir şeyin içə­risinə qatılaraq itib-batırlar.

Bəli, hərəsi bir havaya köklənmiş müxtəlif biçimli Şərq adam­­larından vahid layihə əsasında bütöv bir sistem yaratmağın çə­­tinliyi Şərq adamının də­yə­rini aşağı salır. Lakin digər tərəfdən, Qərb ada­mının vahid bir ideyanın (kons­titusiya, hüquq, formal mən­tiq və s.) qəlibindən çıxmış standart kərpic ol­ması Şərqlinin nəzərində bir ça­tışmazlıqdır.


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə