Мцяллиф адлы кимйяви реаксийалар



Yüklə 1,44 Mb.
səhifə3/14
tarix19.11.2017
ölçüsü1,44 Mb.
#11269
1   2   3   4   5   6   7   8   9   ...   14

II Təlim strategiyaları
2.1. Kimya fənnin təliminin təşkilinə verilən əsas tələblər.
İnsana lazım olan biliklərin kəskin və sürətlə artdığı hazırki dövrdə tədris prosesi zamanı çoxlu miqdarda faktların, hadisələrin mənimsənilməsini və yadda saxlanmasını əsas meyar kimi götürmək olmaz. İndi, şagirdlərdə müstəqil şəkildə öz biliklərini zənginləşdirmək vərdişləri yaratmaq və onların elmi informasiyalar bolluğundan baş çıxarmaq, özünə lazım olanları axtarıb tapmaq bacarıqlarını inkişaf etdirmək daha vacib sayılır. Bu baxımdan və dövrün tələblərinə uyğun olaraq kimyanın tədrisi və təlimi zamanı aşağıdakı ümumi prinsiplərə əməl olunmalıdır:

1. Pedaqoji proses tam olmalıdır. Pedaqoji prosesdə təlim məqsədləri kompleks (öyrədici, inkişafetdirici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir.

2. Şagirdlərə azad təlim imkanları verilməlidir. Təlim prosesi bütün şagirdlərə eyni təlim şəraiti yaratmaqla müstəqil olaraq arayıb-axtarmaq, bilik əldə etmək, təcrübələr keçirmək, müşahidə etmək, nəticələri qiymətləndirmək imkanı, şəraiti yaratmalıdır. Pedoqoji proses onların potensial imkanlarını nəzərə almaqla tənzimlənir. Təlim prosesi motivasiya yaradıcı olmalıdır. Tədris materialının öyrənilməsinə şagirdlərdə maraq yaradılmalı öyrənmənin məqsədi aydın olmalıdır.

3. Təlim və tədris işi şagirdlərin həm müstəqil, həm də yoldaşları ilə birlikdə, əməkdaşlıqla fəaliyyət göstərməsini stimullaşdırmalıdır. Pedoqoji prosesin səmərəli effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələri əldə etməsinə istiqamətləndirilməsi təmin edilir.

4. Təlim prosesi şagirdyönümlü olmalıdır. Yəni tədris və təlim prosesi bütövlükdə hər bir şagirdin maraq və tələbatlarının ödənilməsinə, onun istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilməlidir.

5. Təlim və tədris inkişafetdirici olmalıdır. Dərs prosesində və dərsdənkənar məşğələlərdə şagirdlərin idrak fəallığı izlənilməli, nailiyyətləri təhlil edilməli, aktiv və interaktiv üsullarla onların bacarıq və vərdişləri inkişaf etdirilməlidir.

6. Dəstəkləyici təlim mühiti yaradılmalıdır. Tədris-təlim prosesi münasib maddi-texniki baza və sağlam mənəvi-psixoloji şəraitdə təşkil edilməli, keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz mühit yaradılmalıdır

Ümumtəhsil məktəblərində kimyanın tədrisinin əsas reallaşdırılma forması olan dərslərə müasir dövrdə aşağıdakı tələblər qoyulur:

1. Dərsdə həyata keçirilən təlim-tərbiyə, proseslərinin ideya-siyasi səviyyəsi dövrün, zamanın tələblərinə cavab verməlidir: müstəqil Vətənimizin mənafeyinə xidmət etməli, gənclərdə vətəninə, xalqına və dövlətinə dərin məhəbbət hissləri aşılamalı, sağlam mənəviyyat formalaşdırmalıdır, yeni təfəkkürlü insan tərbiyə etməlidir.

2. Öyrədilən tədris materiallarının məzmunu yüksək elmi səviyyədə olmalı, kimya

elminin inkişafını əks etdirməlidir. Dərsliklərin və başqa tədris materiallarının məzmunu həmişə elmin inkişaf səviyyəsindən müəyyən qədər geri qaldığını nəzərə alaraq müəllim tədris olunan mövzu ilə bağlı ən son yenilikləri şagirdlərə çatdırmalı, lakin bu zaman onların vacib olmayan məlumatlarla çox yüklənməsinə yol verməməlidir.

3. Hər bir dərsin ümumpedaqoji, tərbiyəedici və inkişafetdirici məqsədləri əvvəlcədən dəqiq müəyyənləşdirməli, dərsin quruluşu və bütün mərhələlərinin reallaşdırılması həmin məqsədlərə nail olmağa yönəldilməlidir.

4. Müəllim dərsin tipinə uyğun olaraq elə təlim metodları və priyomlarından istifadə etməlidir ki, onlar həm dərsin məqsədlərinin həyata keçirilməsinə və təlimin məzmununa müvafiq olsun, həm də şagirdlərin idrak fəallığını, təfəkkürünü və hafizəsini inkişaf etdirsin, onlarda arayıb-axtarmaq, tədqiq etmək həvəsi yaratsın.

5. Müasir kimya dərsinə verilən mühüm tələblərdən biri də dərsdə şagirdlərin müstəqil işlərə geniş miqyasda cəlb edilməsidir. Müstəqil işlərin genişləndirilməsi və mürəkkəbləşdirilməsi yuxarı siniflərə keçdikcə, həmçinin, bir sinif daxilində tədricən artırılmalıdır. Burada sinif şagirdlərinin ümumi inkişaf səviyyəsi və onların işlədiyi şərait də nəzərə alınmalıdır.

6. Müasir kimya dərsi müxtəlif əyani vasitələrlə, o cümlədən texniki təlim vasitələri ilə təchiz olunmalı, onlardan dərsin məqsədinə uyğun istifadə olunmalıdır. Dərsdə tələb olunan bütün kimyəvi təcrübə növləri nümayiş, laborator təcrübələri, eksperimental məsələ həlli və b. tətbiq edilməlidir.

7. Dərs prosesində proqram materialının öyrənilməsi həyatla, istehsalatla əlaqələndirilməlidir.

8. Dərsdə mümkün olan fəndaxili və fənlərarası əlaqələrdən geniş istifadə olunmalı, yeni materialların öyrənilməsi inteqrativ formada aparılmalıdır.

9. Müasir dərsdə kollektiv, kiçik qrup və fərdi təlim formaları optimal şəkildə birləşdirilməli, müstəqil işlərin həm fərdi, həm də qruplar şəklində yerinə yetirilməsi vərdişləri möhkəmləndirilməlidir.

10. Dərsin bütün hissələri və mərhələləri biri-birini tamamlamalı, məntiqi ardıcıllığa əməl olunmalı, hər bir hissəyə ayrılan vaxt düzgün müəyyənləşdirilməli, həm müəllimdə, həm də şagirdlərdə vaxta qənaət etmək vərdişi yaranmalıdır.

11. Müasir dərsin mühüm tələbindən biri də müntəzəm olaraq şağirdlərin bilikləri və

praktik bacarıqlarının inkişafına nəzarət etmək, onların səviyyəsini qiymətləndirməkdir Bunun üçün sistematik şəkildə cari və dövri yoxlamalar (şifahi və yazılı) keçirilməli, nəticələr təhlil olunmalı, şagirdlərin özlərinə və onların valideynlərinə çatdırılmalıdır.

12. Dərsdə mehribançılığa və qarşılıqlı hörmətə, etibara söykənən işgüzar mühit yaradılmalı, şagirdlər azad və rahat şəraitdə fəaliyyət göstərməlidir. Dərs prosesində gərginliyin, yorulmanın aradan qaldırılması üçün hərdən emosional çıxışlara da yer verilməlidir.

Dərsdə müəllim təlimin bütün formalarını optimal şəkildə və vaxtında birləşdirməyi, onları ardıcıl olaraq biri-birilə əvəz etməyi bacarmalıdır.

Məsələn, bilik və bacarıqların möhkəmləndirilməsi və inkişafı dərs tipində əvvəlcə irəlidə oturdulan 4-6 şagirdə sorğu kartları paylanır (fərdi tapşırıq) və qalan şagirdlərlə onların bilik və bacarıqlarını aktuallaşdırmaq üçün frontal sorğu keçirilir. 10-12 dəqiqədən sonra dərs materialı öyrənildikdə kollektiv iş (hamı birlikdə müəllimin şərhini dinləyir), yaxud kiçik qruplarla iş (dərslikdən və ya proqlamlaşdırılmış vəsaitdən yeni material öyrənilir) təşkil olunur. Öyrənilən materiala aid bilikləri möhkəmləndirmək üçün yenidən ayrı-ayrı şagirdə.və.ya.qruplara.tapşırıqlar.verilir Tapşırıqların necə yerinə yetirilməsi ümumilikdə, bütün siniflə birlikdə müzakirə olunur.

Belə təlim forması şagirdlərin fəallığını artırır, onlarda müstəqil bilik əldə etmək vərdişi yaradır, idrak qabiliyyətini inkişaf etdirir.

Təhsil müəssisələrində müasir tələblərin praktikada reallaşdırılması üçün təkamül yolu ilə tədricən, aşağıdakıların həyata keçirilməsinə şərait yaradılmalıdır:

1) hər bir şagirdin fəal idrak prosesinə cəlb edilməsinə, qazanılmış bilik və bacarıqlardan praktik işlərdə istifadə etmək qabiliyyətinə yiyələnməsinə;

2) dərs məşğələlərində müxtəlif təlim problemlərinin həlli üçün şagirdlərin əməkdaşlıq şəraitində birgə işləməsinə;

3) məktəbdə, ölkəsində, eləcə də dünyadakı elm və mədəniyyət mərkəzlərində olan informasiya mənbələrindən şagirdlərin sərbəst şəkildə istifadə edə bilməsinə, onlarda müəyyən problem haqqında müstəqil, şəxsi fikir formalaşmasına, həmin problemi geniş tədqiq edə bilməsinə;

4) yaranan problemlərin müəyyənləşdirilməsi və onların birgə həllində öz bacarıqlarını sınaması üçün şagirdlərə imkan verilməsinə.

Ümumi təhsil dövrün tələblərinə uyğun şagirdlərdə şəxsi keyfiyyətlərin və fərdi qabiliyyətlərin formalaşmasına geniş imkan və şərait yaratmalıdır. Bu isə təlimin məzmunundan daha çox tədris proseslərində istifadə edilən təlim texnologiyalarından asılıdır. Yuxarıda göstərilən problemləri həll etmək üçün təhsil orqanları və müəssisələri cəmiyyətlə birlikdə kompleks şəkildə iş aparmalıdır.
2.2.Kimya təliminin təşkili formaları və üsulları barədə tövsiyələr
Kimya fənn kurikulumunda müəyyən olunmuş standartlara uyğun bilik və bacarıqların formalaşdırılması üçün fənnin təlimində istifadəsi tövsiyyə olunan başlıca təlim formaları, metodları və

fəaliyyətləri aşağıdakılardır:



Təlim prosesində iş formaları:

- fərdi


- cütlərlə

- kiçik qruplarla

- kollektiv (bütün siniflə)

Kollektiv (bütün siniflə) - Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.

Kiçik qruplarla iş - Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişaf edir.

Cütlərlə iş - Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır.

Fərdi iş - Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır.

Tədris prosesini aktiv şəkildə həyata keçirmək, şagirdlərin fəallığına nail olmaq, onların düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək, kimya fənninin öyrənilməsi əhəmiyyətini dərk etdirmək, biliklərin mənimsənilməsinə və onların praktik olaraq tətbiq edilməsinə maraq yaratmaq hər bir kimya müəlliminin əsas məqsədidir. Sadalanan məqsədləri həyata keçirməyi qarşıya qoyan hər hansı bir müəllim şagirdləri fəal təlimə cəlb edə bilən metod, texnika və üsullarla yaxından tanış olmalı, iş prosesində qarşıya çıxan çətinlik və çatışmazlılıqları aradan qaldırmaq yollarını bilməli , habelə tətbiq olunan metodların əhəmiyyətini başa düşməlidir.

Fəal təlim üsullarının uğurlu alınmasının başlıca amillərindən biri – təlim üsulunun dərsin məzmununa, və dərsin mərhələsinə uyğun seçilməsidir.

Fəal təlim aşağıda təqdim olunan üsullarının dərs prosesinə tətbiq etmək üçün müəllimdən ustalıq, vəziyyətdən asılı olaraq yeni əlavələr etmək və ya ixtisar etmək, mövzuya uyğynlaşdırmaq və s .tələb olunur.

Fəal/interaktiv təlimin bir neçə üsullarının mahiyyət və qısa məzmununu nəzərdən keçirək:

1. Müzakirə (disskussiya) şagirdlərdə məlumat və ideyaların təşkil olunması, fərqli və oxşar cəhətlərin müqayisə edilməsi, anlayış və ideyaların aydınlaşdırılması, yoxlanılması, problemlərin həlli yollarına dair alternativ fikirlərin əsaslandırılması, proqnozların verilməsi, informasiyanın həyati əhəmiyyətinin üzə çıxarılması, təklif və tətbiq edilməsi imkanlarının araşdırılması və s məqsədi ilə həyata keçirilən fikir mübadiləsi müzakirə üsuluunun tərkib hissəsidir.

Müzakirələr və ya disskussiyalar şagirdlərin dərs prosesində:

a) bir- biri və müəllim ilə qarşılıqlı ünsiyyətinə yardım göstərir,

b) informasiyanın təhlili üçün açıq mühüt yaradır,

c)məsələnin öyrənilməsində alternativ fikirlər söyləməyə təkan verir,

d) informasiyaların görünməyən tərəfləri barədə düşünməyə məcbur edir,

e) şagirdlərin hüquq bərabərliyini təmin edərək, demoktarik mühüt yaradır,

ə) şagirdləri passiv dinləyicilərdən aktiv iştirakçıya çevirir.

Müzakirəni tətbiq etməyə hazırlaşan müəllim ilk növbədə müzakirə qaydalarını şagirdlərə xatırlatmalıdır.

Şagirdlər disskusiya mədəniyyətinin vacib və geniş bir məsələ olduğunu dərk etməli ,başqalarının fikirlərinə dözümlü yanaşmanın demokratik ənənələrin əsas sütunu olmasını başa düşməlidirlər. Müzakirənin təşkil edilməsində aşağıdakıları nəzərdən qaçırmaq olmaz.

1.İlk növbədə müzakirə (disskusiya) qaydaları tərtib edilməlidir. Bu qaydalar dərs ilinin əvvəlində sinif şagirdlərinin ümumi razılığı ilə qəbul edilməlidir: –eyni vaxda yalnız bir nəfər danışmalıdır; – danışanı diqqətlə dinləmək , ona cavabı yalnız nitqi tamamladıqdan sonra vermək olar; – tənqid yalnız danışanın fikirinə yönəlməlidir; –vaxt nəzərə alınmalıdır; – söz üçün icazə istənilməlidir; Qaydalar iri vərəqdə yazılmalı və divarda görünən yerdə asılmaldır.

2. Sinifdə şagirdlərin müzakirə üçün münasib formada oturmasına ( dairəvi, yarımdairəvi, üz-üzə və s ) nail olunmalıdır.

3. Müzakirə üçün mövzunun adı ilk baxışdan sadə, şagirdin başa düşəcəyi şəkildə təqdim edilməlidir.

4.Müzakirə “nə baş verdi?, “nə üçün baş verdi?”, “Bu haqda siz nə düşünürsünüz?”, “başqa cür ola bilərmi?” və s kimi inkşafetdirici suallar verməklə başlayır. Disskusiyanı davam etdirmək üçün şagirdlərin verdiyi cavablar diqqətlə dinlənilməlidir. Diskussiyanın gedişinin düzgün qiymətləndirilməsi də onun müvəffəqiyyətlə həyata keçirilməsinə təsir edən amillərdən biridir.

Müəllim şagirdlərin :

– düzgün, əsaslandırılmış fikirlərinə, sanballı dəlillərinə diqqət yetirməlidir.

– fikirləri ümumiləşdirərkən, yekun vurarkən müzakirələrdə iştirak edən şagirdlərin fikirindən nümunələr gətirməli, onlara qarşı diqqətli olmaldır.

- söylənilən fikirlərə səbirlə qulaq asmalı, fikirlər səhv olduqda belə şagirdin sözünü kəsməməli, digər şagirdlərdən həmin fikrə qarşı hansı münasibətdə olduqlarını soruşmalı və sonda özünün düzgün mülahizələrini söyləməlidir.

« Əqli hücum»

Şagirdlərin fəallığını artırmaq üçün tətbiq olunan ən optimal metodlardan biridir. Şagirdlərin hər hansı konkret problemin həlli və ya suala cavab tapmaq üçün yaradıcı təfəkkürünü üzə çıxarmağa təkan verir, onların müxtəlif vəziyyətlərdən çıxış yolu tapmaq, qərar qəbul etmək səviyyəsini və eləcə də fikirlərini konkret ifadələrlə söyləmək bacarığını üzə çxarır.

«Əqli hücum»un şagirdlər arasındakı ünsiyyətin yaranmasında da rolu böyükdür.

Lakin bu metodun tətbiq edilməsində əsas məqsəd verilən problemin həlli yollarını müəyyən etməkdir.

Əqli hücumu həyata keçirmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır:

- Şagirdlər nisbətən böyük qruplarda ( 8-10 nəfərlik ) birləşdirilməlidir.

- Qrupun lideri qoyulmuş problemə dair qrup üzvülərinin söylədikləri ən bəsit ifadələri qeyd etməlidir.

- İrəli sürülmüş şərhləri ümumiləşdirmək və yeni nəticə çıxarmaq üçün, müəllim quruplara vaxt ayırır (10-15 dəq) .Verilmiş ideyaları müzakirə etmək, onları inkişaf etdirmək, və təqdim etmədə sistem yaratmaq üçün qrupların içərisində yarımqruplar ayrılır. Hər bir yarımqrup öz ideyalarını ( bu təsvir,səhnəcik, mahnı, rollu oyunlar və s şəkilində ola bilər) tam qrupun tərkib hissəsi kimi nümayiş etdirir.

Əqli hücumun aşağı siniflərdə təşkil edilməsi daha sadə ola bilər. Belə ki, müəllim sualı lövhədə yazır və sinif şagirdlərinə həmən sualın cavabına dair ideyalarını söyləməyi təklif edir. Şagirdlərin verdiyi (düşünülmüş, təsadüfü və s) cavablar heç bir şərh verilmədən lövhəyə yazılır. Yalnız bundan sonra yazıya alınmış ideyalar təhlil edilir, qruplaşdırılır, mübahisə doğuran yaxud orjinal fikirlər ayrılır və sualın cavabını əks etdirən ideyaların şərhi və müzakirəsi aparılır.

BİBÖ (Bilirik, istəyirik bilək, öyrənməliyik).

Hər hansı mövzunun tədris edilməsində bu keyfiyyətlərlə yanaşı şagirdlərin həmin mövzuya aid sərbəst biliklərinin səviyyəsini müəyyən etmək çox əhəmiyyətlidir. Bu müəllimə şagirdlərdə keçmiş və yeni biliklər arasında əlaqə yaratmağa imkan verir. BİBÖ metodu şagirdlərin dərs boyu fəallığını təmin edir, birgə öyrənmənin yüksək mərhələsini yaradır. Metodun birinci “Bilirik” mərhələsində şagirdlərin dünyagörüşü, onların müstəqil öyrənmə qabiliyyəti, mövzuları əlaqələndirmə imkanları və hafizəsi təyin olunur. İkinci “İstəyirik bilək” mərhələsində isə artıq şagirdlərin təfəkkür tərzi, onların coğrafi düşüncə səviyyəsi, elmi fantaziyaları, əqli qabiliyyəti və arzu , istəklərinin əhatə dairəsi üzə çıxır. Müəllim şagird ehtiyaclarını nəzərə almaqla onları passiv dinləyicidən aktiv iştirakçıya, sadəcə öyrənən obyektdən öyrənmək istəyən subyektə çevirir. Şagirdlərin öyrənmək istədikləri müəllim və şagirdlərin iştrakı ilə tədqiqat nəticəsində birgə öyrənilir. Bu metodun sonuncu, daha vacib “Öyrəndik” mərhələsinin həyata keçirilməsinə imkan yaradır. Biliklərin möhkəmləndirilməsi, qoyulmuş sualların cavablandırılması, yeni biliklərin üzə çıxması mövzunun öyrənilməsində nəzərdə tutulmuş məqsədə xidmət edir.



BİBÖ- nun tətbiq edilməsi aşağıdakı mərhələləri həyata keçirməyi tələb edir:

-Şagirdlər kiçik qruplar və ya cütlər formasında bölünür və onlar tədris olunan mövzuya dair bilikləri siyahiləşdirirlər

- Müəllim lövhədə və ya vatman kağızında üç sütundan ibarət cədvəl çəkir.


Biz nəyi bilirik

İstəyirik bilək.

Biz öyrəndik və hələ nə öyrənməliyik.








- qruplar və ya cütlərin yazdığı məlumatlar sadalanır və müəllim onları cədvəlin sol qrafasında yazır.( təkrar olanları çıxmaq şərti ilə)

- cütlər və ya qruplar mövzuya dair nələri bilmək istədiklərini müzakirə edir və siyahiləşdirir.

Eyni qayda ilə müəllim yenə qeyd edir.

- mövzuya aid mətn (dərslikdə və ya əvvəlcədən hazırlanmış) hissə-hissə oxunur, birgə müzakirə edilir, qoyulmuş sualların cavablarına xüsusi diqqət yetirilir.

- şagirdlərin mövzu ilə bağlı suallara cavabları və eləcə də digər yeni biliklər cədvəlin üçüncü qrafasında əvvəlki qayda ilə siyahiləşdirir və müəllim tərəfindən lövhədə qeyd olunur.

- şagirdlər mövzuya dair əvvəlki bilikləri ilə yeni öyrəndiklərini müqayisə edir, ümumiləşdirirlər.

- şagirdlərin ikinci qrafada verdikləri sualların bəziləri cavabsız qala bilər, yəni onların cavabları mətndə olmaya bilər, bu şagirdlərdə «hələ nələri öyrənmək» lazımdır sualını yaradır,onların şəxsi tədqiqat aparması üçün stimul verir.

BİBÖ metodu fəal təlim metodu kimi müasir dövrün tələblərinə cavab verir, «şagird-şagird» «müəllim- şagird» ünsiyyətinin möhkəmlənməsinə xidmət edir

Kublaşdırma

Şagirdlərin hər hansı problemə inteqrativ və mürəkkəb yanaşma bacarıqlarını inkişaf etdirmək məqsədinə xidmət edən kub metodu, əslində B.Blüm taksanomomiyasına əsaslanır.Bu metoddan tədqiqiqat xarakterli mövzuların tədris edilməsində istifadə etmək məqsədəuyğundur. Kub metodu aşağıdakı mərhələləri özündə birləşdirir:

1.Kartondan kubun həndəsi formasına uyğun maketi yaradılır.

2. Kubun tərəfləri üzərində şagirdlərin fəaliyyətini istiqamətləndirmək üçün- təsvir et, müqayisə et, təhlil et, assosiyiya yarat, tətbiq et, mubahisə et sözləri yazılır.

3. Dərs prosesində müzakirə olunacaq mövzunun adı bu və ya digər şəkildə elan edilir(konkret şəkildə və ya hər hansı metod vasitəsi ilə) .

4. Sinif altı qrupa ayrılır.Qrupların liderləri (püsk atmaq yolu ilə) arasında kubun hansı tərəfini seçməklə (rəqəmlər və ya müxtəlif rənglərə əsasən deməklə )qeyd olunan tapşırığı alır.

5. Mövzunun və ya situasiyanın qruplarda təhlili onlara düşən tapşrıq əsasında aparılmalıdır.

a) təsvir et – mövzunun ölçüləri, forması yerləşməsinə dair məlumat verir

b) müqayisə et – problemin oxşar və fərqli cəhətlərinin üzə çıxarılması, onların təhlili

c) assosasiya yarat- hansı mövzular ilə əlaqəlidir, və ya bu sizi nə haqda düşündürməyə sövq edir.

d) təhlil et - onun tərkibini, mahiyyətini izah etmək tələb olunur.

e) tətbiq et- mövzunun həyati əhəmiyyəti nədir,ondan harada və nə məqsədlə istifadə etməyin mümkünlüyünü müəyyən edirlər.

k) mübahisə et- mövzuya dair alternativ (əks) fikirlərə dair dəlillər gətir, öz mövqeyinizi ( lehinə və əlehinə) əsaslandırın.

6. Şagirdlərin işinin yekunu plakat şəkilində və ya hazırlanmış iri «kubun» üzərində yazıla və sinifdə (eləcə də məktəbdə) nümayiş etdirilə bilər.

Şagirdlərin yuxarı yaş həddində kublaşdırma metodu daha yüksək (B.Blüm taksonomiyasına uyğun) səviyyədə təşkil olunur.Burada əsas məqsəd şagirdlərin bilik səviyyəsinin aşağı səviyyədən yuxarıya doğru yüksəldilməsini təmin etməkdir. Bu məqsədlə çox cəhətli sorğu tətbiq edilir ki, onlar aşağıdakılardan ibarətdir.

Şaxələndirmə

Hər hansı mövzuya dair şagirdləri açıq, və müstəqil düşüncəyə istiqamətləndirən metoddur. Beyin həmləsinin qeyri -səlis xətt üzrə işləmə vəziyyətidir. Şaxələndirmə əsasən fərdi, cütlər və kiçik qruplar formasında aparılmalıdır. Mövzunun öyrənilməsindən əvvəl şagird təfəkkürünə təkan vermək onu düşünməyə cəlb etmək, onlarda mövzuya dair maraq yaratmaq, digər fənnlər və ya şagirdin dünyagörüşünün hüdudlarını üzə çıxarmaq, biliklər arasında əlaqə yaratmaq və s fəaliyyətlərə xidmət edir. Şaxələndirmə metodunun köməyi ilə şagird təfəkkürünü də inkişaf etdirmək mümkündür.

Şaxələndirmə tətbiq etmək üçün ilk növbədə aşağıdakılar tələb olunur:

- şaxələndirmə üçün uyğun gələn münasib mövzu seçilməldir.

- şagirdlərə şaxələndirmə prosesi aydın şəkildə təsvir edilməldir.

- mövzunu açmaq üçün onun daxilində ikinci dərəcəli mövzuları qrup daxilində fərdlərə paylanması təmin edilməlidir

- iştirakçıların qrup daxilində hazırladığı şaxələndirmələri qrupda birləşdirilməsinə nəzarət edilməlidir.

Şaxələndirmə prosesinin mərhələləri sadə və asan yadda qalır.

1. Mövzunun adı mərkəzdə (yazı müstəvisinin ortasında ) yazılır.

2. Mövzu ilə əlaqəli fikirinizə düşən, ağıla gələn bütün sözlər mərkəz sözün ətrafında yazılır.

3. Bir-biri ilə əlaqəli olan fikirlər arasında xətt çəkilərək birləşdirilir.

4. Bütün fikirlərin yazıya köçürülməsi və ideyalar axını üçün vaxt qoyulur. (5-10 dəqiqə)

5. Şagirdlər mümkün qədər daha və çox fikirlər və əlaqəli ifadələr yazmağa həvəsləndirilir ( bu onların dünyagörüşünü, mövzuya dair biliklərinin səviyyəsini göstərən meyardır).

Şaxələndirmə fərdi olaraq tətbiq edilə bilər. Şagirdlərin özlərinin sevdikləri mövzu olduqda onlar bu problemin yerinə yetirilməsinə daha çox cəlb olunurlar.

Şaxaləndirmə dərs prosesi üçün mühüm mərhələlərdən biri kimi son dərəcə cevikdir, şagird aktivliyə yönəldilmişdirdir. Qrup şaxələndirməsindən sonra aparılan fərdi şaxələndirmələr əslində şagirdlər üçün istirahətdir.

İNSERT

Fəal təlim metodlarından biri kimi, coğrafiya fənninin tədrisində «Səmərəli Mütaliə və yazı üçün interaktiv Qeydetmə Sistemi» - dən ( İNSERT) geniş istifadə olunma imkanları vardır.

Bu metod dərslikdəki mətnin aktiv fəaliyyətlə, yəni şagirdin öz münasibətini bildirərək oxunmasıdır. Şagird mövzudakı fikirlərə olan münasibətlərini qəbul olunmuş işarələrlə («V» - bu məlumat mənə tanış idi, «- «-bu informasiya mənim əvvəllər bildiyimi rədd edir, «+» -bu informasiya mənim üçün yenidir, «?» -bu məsələyə dair əlavə məlumat almaq istərdim) bildirir. Dərslik mətni oxunduqdan sonra ümumiləşmələr aparılır və qeyd olunur.


«V»

«- «

«+»

«?»












Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə