Məad müƏLLİF: ŞƏHİd ayətullah seyyiD ƏBDÜl hüseyn dəSTĞeyb biSMİllahiRRƏhmaniRRƏHİM



Yüklə 0,55 Mb.
səhifə1/6
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19550
  1   2   3   4   5   6

MƏAD

MÜƏLLİF: ŞƏHİD AYƏTULLAH SEYYİD ƏBDÜL HÜSEYN DƏSTĞEYB

BİSMİLLAHİRRƏHMANİRRƏHİM



MÜQƏDDİMƏ

Ölüm haqqında çox danışılıb. Amma mehrab (mehrab-məsciddə namaz zamanı İmamın durduğu yer – red.) şəhidi, ilahi insan Ayətullah (Ayətullah-böyük din alimlərinə verilən ad – red.) Dəstğeybin 25 il əvvəlki söhbətləri qədər ürəyəyatımlısını xatırlamıram. Mərhum alimin Qur`an ayələrindən, hədislərdən, dini kitablardan o qədər əhatəli mə`lumatı var idi ki, tam bir mübarək Ramazan ayını axirət səfəri haqqında söhbət etdi, ölümü həyatın böyük qapısı, Haqqın rəhmətliyə görüşün başlanğıcı kimi tanıtdırdı. Xalqı bərzəx (bərzəx – dünyasını dəyişənlərin böyük Qiyamət gününədək müvəqqəti məkanları – red.) və onun ne`mətlərindən şövqə gətirdi, əzabından qorxutdu. Ayə və hədislər oxumaqla dinləyiciləri günahdan çəkindirib, xeyir işlərə sövq etdi.

Ruhun şad olsun, ey əxlaq ustadı!

Rəhbərin buyurduğu kimi, bir millət mürşidi idin ki, ömrün boyu xalqı bu sayaq həqiqətə doğru çağırıb, zəlalətdən uzaqlaşdırdın! Şəhadətinlə daha artıq rövnəq verdin. O əziz rəfiq (rəhbər) belə yazmışdı: «Ayətullah Dəstğeybin qanı onun bəyanından inqilab üçün daha uca, düşmən üçün daha acı oldu.»

Dəfələrlə deyirdi, fəryad çəkirdi, yazırdı ki, ölüm yox olmaq deyil, əbədiliyin başlanğıcıdır.

Şəhid ailələrinə təkrar-təkrar müjdə verirdi ki, Qur`ani-Kərim sizin əzizlərinizi diri adlandırmışdır («Bəqərə» 154, «Ali-İmran» 169). həqiqi həyat və kamil idrak onlara məxsus olduğundan, biz onlara nisbətən ölüyük.

Ruhun şad olsun ki, öz şəhadətinlə bu mə`nanı daha da işıqlandırdın! İki aydan artıq deyil ki, aramızdan gedib. Ondan o qədər kəramətlər görünüb və eşidilib ki, gedişi ilə hamını narahat edib. Təəssüf edirlər ki, axı niyə onu olduğu kimi tanımadıq, feyz dolu bağından şaxələr qoparmadıq!

Bu kitabın mövzusu, eləcə də özünün dəfələrlə «şəhidlər ölmürlər», «şəhidlər diridirlər» deməsi münasibətilə onun şəhadətinin yeddinci günü baş vermiş bir hadisəni (bu hadisədən Şirazın böyük əksəriyyəti xəbərdar oldu və bu xəbər Tehranda nəşr edildi) təkrarlamaq istəyirəm.

Qəməri 1402-ci il İmam Hüseyn (əleyhissalam)-ın ərbəinin (qırxının) sübhü gündəlik məramnaməyə uyğun şəhid atamın mənzilinə getdim. Katibliyin mə`sul işçisi məni qarşıladı. Salam, hal-əhval tutandan sonra ilk cümləsi bir ələviyyə (Həzrət Əli (əleyhissalam) soyuna mənsub) qadının yuxusu barədə mə`lumat oldu: «Mənzili bizimlə qonşuluqda olan, hörmətli bir ələviyyə bir xanım deyir ki, dünən mərhum ağanı (Dəstğeybi) yuxuda gördüm. Buyurdu ki, bədənimin hissələrindən küçə divarının kərpicləri altında qalıb, mənə çatdırın.»

Mən əvvəlcə bu məsələyə əhəmiyyət vermədim. Xeyli mə`lumatlar dinlədim. Adamların gəliş-gedişi iki saatadək çəkdi, adi gündəlik işlər davam edildi. Sonra fatihə (mərhumu yad etmə) məclisində iştirak etmək üçün bir dəstə adamla bayıra çıxdıq. Mərhum alimin şəhid olduğu yerə çatanda, həmin yuxunu xatırladım.

Yoldaşlarımdan bə`zilərinə əhvalatı danışdım ki, belə bir yuxu görüblər, deyilən yerə bir nəzər salsaq, yaxşı olar. Elə ilk nəzərdən də uçulmuş kərpiclərin arasında bədəndən qopmuş hissələr gördük.

Rəfiqlərimizdən ikisi qabağa düşüb, şəhidin bədənindən qopmuş hissələri iki plastik torbaya yığdılar. Xüsusən, İmam Hüseyn (əleyhissalam)-ın ərbəini münasibətilə Şirazda tə`til olduğundan, hadisə sür`ətlə bütün şəhərə yayıldı. Adət üzrə cümə axşamı «Came» məscidində, şəhidin ildönümü və «Kumeyl» duasına xeyli əhali toplandı. Hamı əhvalatı eşitdi. E`lan olundu ki, bu gecə saat onda şəhid Ayətullahın bədəninin qalan hissəsi dəfn ediləcək.

Əzadarlıq məclisi gecənin yarısınadək çəkdi. Nəhayət, rəvayətə əsasən, ərbəin günündə İmam Hüseyn (əleyhissalam)-ın bədəninin qalan hissəsinin dəfni yad edildi və parça-parça olmuş əzalarla dolu iki plastik torba camaatın arasına gətirildi. Qəbri aşağı hissədən açıb qalan əzaları dəfn etdilər.

Doğrudan da, təəccüblü, maraqlı hadisə idi. Unutmuşdum deyəm, elə həmin gün dağılmış yerin axtarışından bir saat sonra ruhani libaslı möhtərəm dostlardan biri xəbər verdi ki, iki nəfər başqa şəxs də dünən belə bir yuxu görüblər. Onlardan biri mərhum şəhidə yaxın adamlardandır. Hadisə ciddi şəkil aldığı üçün həmin ələviyyə xanıma xəbər göndərdim ki, gördüyü yuxunu, özünün və həyat yoldaşının adlarını, həmçinin ev ünvanlarını dəqiq yazıb təqdim etsin. Onlar da bu xahişi yerinə yetirdilər. Hazırda həmin yazı qarşımdadır. Əziz oxucuların icazəsi ilə tarix üçün, indiki və gələcək nəslin ibrəti üçün həmin yazıdan bir hissəsini burada nəql edirəm. Ələviyyə xanım belə yazmışdı:



YUXU

«Böyük bir bağda idim ki, Ayətullah Dəstğeyb irəlidə gedirdi, mən də onun arxasınca. Lakin onun olduğu hissə çəmənlik idi. Qəhvəyi əbası çiynində olan ağa mənə dedi: «Get, onlara de ki, ətimdən parçalar divarın layları altında qalıb.» Neçə dəfə təkrar etdi. Yuxudan ayılanda çox narahat oldum.»

İndi özünüz mülahizə edin ki, bu sadiq (doğru, ilahi) yuxu və gerçək dastan nə qədər ibrətamizdir! Böyük bir kitabdan daha ibrətamiz! Alimin dediyi «ölüm yox olmaq deyil, yeni bir həyata qapıdır»; «Şəhidlər diridir və Allah yanında onlara ruzi verilmişdir» sözləri və ya bu dünya hadisələrindən, bərzəxdə ruhların xəbərdarlıqları, ruhun cəsədə baxması barədə deyilənlər hamısı həqiqətdir. Mərhum şəhid öz əməlləri ilə sübut etdi ki, bəli, bu belədir.

Bu kitabın mətləblərinə ümumi bir nəzərdən sonra onun kiçik həcmindəki böyük dəyərlərə şahid oluruq. Müəllif axirət səfərini çox şirin bir dillə ölümdən başlayır, yaxşılar və pislər üçün ölümün qismlərini sadalayır.

Canvermə (ehtizar) halını oxucu üçün elə canlandırır ki, sanki özü artıq can vermişdir.

Sonra bərzəx aləminə varid olub, ayələr və hədislər əsasında bərzəx Behişti və onun ne`mətlərindən söhbət açır. Eləcə də, bərzəx Cəhənnəmi və onun əzablarını açıqlayır. Tarixi hadisələri, sadiq yuxuları dediklərinə sübut kimi şahid gətirir və aydın bəyanı ilə oxucunun diqqətini onun gələcək mənzilinə yönəldir.

Sonra Qiyamətin başlanğıcından, ölümdən sonrakı həyatın – məadın ayə və hədislərlə dəlillərindən yığcam, sadə söhbət edir.

Mö`təbər mənbələrə istinad etməklə Sirat (axirət körpüsü), Mizan (əməl tərəzisi), Behişt və Cəhənnəm, ne`mət və əzablar barədə nəzərini bildirir. Üstəlik, bu kitabda yüzlərlə maraqlı, oxumalı mətləblər oxucuya təqdim edilir.

Ruhun şad olsun ey şəhid Ayətullah! On səkkiz yaşlı nəvən Seyyid Məhəmməd Təqi Dəstğeybin vəfalı yoldaşlarının ruhu şad olsun!

Şiraz, Seyyid Məhəmməd Haşim Dəstğeyb

BİRİNCİ FƏSİL:  ÖLÜM

VƏHYDƏN BAŞQA YOL YOXDUR

«Məad» (əvd) kökündən olub «qayıtmaq» mə`nasını verir. Çünki ruh ikinci dəfə bədənə qaytarılır. Məad müqəddəs İslam dininin əsaslarındandır. Buna inanmaq vacibdir ki, hər bir insan ölümdən sonra yenidən dirilir və əqidəsinin, əməllərinin əvəzini alır.

Başlanğıcı ölüm və qəbir, sonrası Bərzəx, daha sonrası böyük Qiyamət, sonu Behişt və ya Cəhənnəm olan məad məsələsi əql yolu ilə sübuta yetsə də, zahiri hisslərlə dərk olunmaz. Ölümdən sonra nə olacağını insanın təkbaşına dərk etməsi qeyri-mümkündür. Bu məsələdə vəhydən (Allah buyruqlarından) başqa yol yoxdur, çünki insanın dərki onun yaşadığı aləmin, tutduğu məqamın hüdudlarını aşa bilmir. Məsələn, ana bətnində olan uşağın bətndən bayırdakı aləmin böyüklüyünü, necəliyini anlaması qeyri-mümkündür. Eləcə də qeyri-mümkündür ki, bu uşaq fəza və onda mövcud olanların sonsuzluğunu qavrasın. Həmçinin, maddi aləmdə olub, maddə və təbiətin əsiri olan bir kəs mələkut aləmini necə dərk edə bilər; necə bilər ki, mələkut aləmi maddi aləmin batinidir və bu dünyadan xilas olmaqla yeri həmin mələkut aləmi olacaq? Bir sözlə, dünya aləmində olan insan üçün ölümdən sonrakı aləmlərin xüsusiyyətləri gizlidir və o xüsusiyyətləri tanımaq üçün Yaradanın buyurduqlarını (vəhyləri) təsdiq etməkdən başqa bir yol yoxdur.

MƏADIN XÜSUSİYYƏTLƏRİNİN ƏQLLƏ ƏLAQƏSİ YOXDUR

Bu səbəbdən də əgər bir şəxs desə ki, ölümdən sonra filan cür olacaq, ağıla sığmır, o şəxsin sözləri ümumiyyətlə qəbul olunmamalıdır. Çünki ölümdən sonrakı hadisələrin xüsusiyyətlərinin ağılla heç bir əlaqəsi yoxdur və dünyanın bütün ağıllıları çiyin-çiyinə versələr belə, digər bir aləmdəki cərəyanların möhtəvasından xəbərsiz qalacaqlar. Bildiklərimiz yalnız Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun mə`sum övladlarının buyurduqlarıdır ki, biz də onu tamamilə təsdiq edirik. Çünki onlar mə`sum şəxslər, Yaradanın vəhylərinin nazil olma məhəllidirlər.

ÖLÜ DƏ DANIŞARMI?

Bə`zi nadanların «ölü də danışarmı?» deməklə şübhə toxumu səpməsi tamamilə əsassızdır. Məsələn, onlar deyirlər: «İnsan öldüyü zaman onun bədəni quru budaq kimi adi cansız materiya hökmündədir, qəbirdə sual-cavab nədir?! Əgər ölünün ağzını bir şeylə doldurub, səhəri gün qəbrini qazıb ağzına baxsaq, görərik ki, ağzından bir zərrə belə çölə çıxmayıb.» (Bu şübhələrə tezliklə cavab veriləcək).

NİTQ, DANIŞIQ DİLƏ MƏXSUS DEYİL

Sadalanan şübhələr axirətdən, yaranış dəsgahından xəbərsizlik, qeybə imanın olmaması nəticəsindədir. Bu təəccüblər mə`lumatın, düşüncənin azlığına bir sübutdur. Bu cür düşünənlər güman edirlər ki, nitq yalnız dilə məxsusdur, ruhların isə nitqi yoxdur. Guya hərəkət təkcə cismə aiddir, ruhlar isə hərəkətdən məhrumdurlar. Halbuki, bu sözü deyənlərin özlərinin hər gecə yatdıqları, yuxuda olduqları zaman nitqləri, danışıqları var; dodaqları tərpənmədiyi halda danışırlar, yanlarında dayanmış adam isə onların səsini eşitmir. Eləcə də, bədənləri yataqda hərəkətsiz olduğu halda, yuxuda hərəkət edir, gəzirlər.

YUXUNUN HİKMƏTİ – PEYĞƏMBƏRLƏRİ TƏSDİQ ETMƏKDİR

İmam Kazim (əleyhissalam) buyurur: «Yaranışın ilk çağlarında bəşəriyyət üçün rö`ya (yuxu görmə) yox idi. Sonradan bu xüsusiyyət Allah-Tərəfindən verildi. Səbəbi də bu oldu ki, Allah bir peyğəmbəri onun öz dövründəki insanların də`vət və hidayəti üçün göndərdi. O peyğəmbər də xalqı Allaha itaət və bəndəçilik etməyə əmr etdi. Ona dedilər: «Əgər biz Allaha pərəstiş etsək, əvəzində nə alacağıq? Bir halda ki, sənin sərvətin bizdən azdır.» O peyğəmbər buyurdu: «Əgər Allaha itaət etsəniz, əvəzi Behişt, günah edib məni dinləməsəniz, yeriniz Cəhənnəm olacaqdır.» Dedilər: «Behişt və Cəhənnəm nədir?» Peyğəmbər hər ikisi barədə şərh verdi. Soruşdular ki, bəs nə vaxt onlara çatacağıq? Buyurdu ki, öldüyünüz zaman. Amma onlar «bizim ölülər çürüyüb torpaq olurlar və onlar üçün sənin vəsf etdiyin şeylərdən heç biri yoxdur» – deməklə, o peyğəmbəri inkar etdilər.

Allah bu adamlar üçün əhlam (yuxu görmə) müəyyən etdi. Yuxuda gördülər ki, yeyirlər, içirlər, hərəkət edirlər, danışırlar, eşidirlər. Elə ki, yuxudan oyandılar, sadalananlardan bir əsər-əlamət görmədilər. Həmin peyğəmbərin yanına gəlib, yuxularını danışdılar. Peyğəmbər buyurdu: «Allah-Taala bu dəlillərlə sizə xəbərdarlığını sona yetirdi. Sizin ruhlarınız belədir. Öldüyünüz vaxt bədənləriniz torpaqda çürüsə də, ruhlarınız Qiyamət gününədək əzabda və ya naz-ne`mət içindədir.»

QƏBUL ETMƏMƏK AZ TUTUMLUQDANDIR

Ehtimalların çoxluğu əql üçün zəruridir. (İnsanın əqli onun verdiyi ehtimalların çoxluğu ilə tanınar.) Yə`ni, insan əqli nöqteyi-nəzərdən qeyri-mümkün olmayan bir mətləb eşitdikdə, ehtimal verməlidir ki, ola bilsin ki, doğrudur. Amma xəbər verən şəxs mə`sum (günahsız, pak) olarsa, gərək desin ki, mütləq doğrudur. Lakin insan cahil və ağlı az olarsa, deyəcək: «Bu nə sözdür?!» Qəbul etməmək tutumun kiçik, az olması dəlilidir ki, belə adam fövqəl-təbii (təbiətin fövqünü), maddiyyatdan xaricdəki şeyləri dərk etməkdə acizdir. «Belə insan iki ayaqlı heyvan kimidir və yalnız yemək, içmək, cinsi yaxınlığı dərk edir. Əlbəttə, əgər ulağa, öküzə də desələr ki, öləndə mələk gəlir, qəbirdə sual-cavab olur, qəbul edə bilməzlər. Çünki onların düşüncə hədləri qarın və fərcdən uzağı əhatə etmir. Beləcə, ali mətləblərin qəbulu böyük sərvət və ruhun ucalığıdır.»

Məad məsələsinin geniş izahına ehtiyac yoxdur. Yalnız ilk mənzildən son mənzilədək olan hadisələrin izahını, Əhli-beyt (mə`sum İmamlar (əleyhimüssalam)-ın) hədislərində zikr edilənlərlə şərh etməklə kifayətlənirik.

İLK MƏNZİL – ÖLÜM

Ölümün həqiqəti-ruhun bədənlə əlaqəsinin qırılmasıdır. Ruhun bədənlə əlaqəsini çox şeyə oxşatmışlar. Bə`ziləri bu əlaqəni gəmi və gəminin sükançısının əlaqəsi ilə müqayisə etmişlər ki, ölüm gəmini gəmiçinin ixtiyarından çıxarır.

Deyirik, «mənim ayağım», «mənim əlim», «mənim gözlərim.» Amma əsl «mən» ayaq deyil, əl deyil, göz deyil, qulaq deyil. (Yə`ni, insan ayağını, əlini itirməklə «mən`i itməz – red.) «Getdim» deyəndə, düzdür ki, sən gedirsən, amma ayağınla gedirsən. «Sən» ayaqdan qeyri bir şeysən. Gördüm, eşitdim, dedim, hər biri vahid şəxsə qayıdır. Bu şəxs şərif ruhdur ki, həmin üzvlərlə zühur edir. Görən, eşidən ruhdur. Amma görəsən qulaq və gözdən eşidib görürmü? Deməli görən ruhdur. Göz, qulaq isə yalnız ruhun görüb, eşitməsi üçün çatlardır. Deməli, göz yalnız ruhun görmə alətidir, ruh isə görəndir. Ruh cismin, bədənin zülmətini işıqlandıran çıraq kimidir və göz, qulaq və digər hiss üzvlərinin məcrasından işıqlıq verir.

Ölüm, yə`ni bu çırağın yerini dəyişmək. Məsələn, fərz edin bir neçə deşiyi olan daxmaya çıraq daxil edirik. Görəcəyik ki, həmin dəliklərdən işıq verir. Elə ki, çırağı daxmadan çıxartdıq, zülmətə bürünür. Ölüm, yə`ni bədəndən həmin çırağın (ruhun) çıxarılması.

RUHUN BƏDƏNLƏ ƏLAQƏSİ DAXİL VƏ YA XARİC OLMAQLA DEYİL

Bilməliyik ki, ruhun bədənlə əlaqəsi ona daxil olmaq cəhətindən deyildir. Çünki ruh mücərrəd bir şeydir, cisim deyildir. Onun daxil olub, xaric olması kimi bir şey yoxdur. Bu əlaqə yalnız bədənə tam nəzarətdən ibarətdir. Ölüm yə`ni həmin əlaqənin bədəndən qırılması.

İnanmağımız vacibdir ki, ölüm Allahın izni, icazəsiylədir. Yalnız ana bətnindən son günədək ruhu bədənlə əlaqələndirən Kəs bu əlaqəni qıra bilər. Dirildən də Odur, öldürən də. Bu həqiqət, Qur`ani-Kərimdə çox zikr olunmuşdur. Bə`zi nadanlar isə Əzraili (ölüm mələyini) xoşlamır, onu düşmən tuturlar. Amma bilmirlər ki, o, özbaşına iş görmür, yalnız Allahın əmrlərini icra edir.

RUHUN AYRILMASI KEYFİYYƏTİ

Ruhun çıxarılmasının necəliyi «Me`rac» hədislərinə əsasalanır ki, xülasəsi belədir: Həzrət Əzrailin qarşısında bütün bəşəriyyətin adı qeyd olunmuş bir lövhə mövcuddur. Ömrü sona yetmiş, əcəli çatmış insanın adı bu lövhədən silinir və Əzrail dərhal onun ruhunu çıxarır. Mümkündür (eyni bir anda) minlərlə adamın adı silinsin və Əzrail də eyni bir anda onların ruhunu çıxarsın. Təəccüblü bir şey yoxdur, axı bir külək də minlərlə çırağı bir dəfəyə söndürə bilir. Hamı öz Rəbbinə tərəf qayıdır. Ruhları Əzrail ayırır, amma həqiqətdə Allah öldürür. Çünki bu iş Allah-Tərəfindəndir.

ÖLDÜRƏN ALLAHDIR, ƏZRAİLDİR, YOXSA MƏLƏKLƏR?

Buna görə də Qur`ani-Məcid ruhun çıxarılmasının bir yerdə Allaha (39-cu surə, 41-ci ayə), digər yerdə Əzrailə (32-ci surə, 11-ci ayə), daha başqa yerdə isə Əzrailə bağlı mələklərə (41-ci surə, 26-cı ayə) aid edir. Hər üçü həqiqətdir. Çünki Əzrail və ona bağlı mələklər Allah-Taalanın əmri ilə canları alırlar. Məsələn, əgər bir sultan öz sərkərdələri və qoşunu vasitəsilə bir ölkəni fəth edirsə «filan ölkəni sultanın qoşunu fəth etdi» və ya «filan sərkərdə fəth etdi» deməyin heç bir eybi yoxdur və həqiqətdə qoşunun hökmranlığını və rəhbərliyini öhdəsinə alan sultan fəth etmişdir. Əlbəttə, bu misallar məsələnin dərk olunması üçündür, yoxsa əsil mətləbimiz bundan çox-çox ucadır.

RƏBBİMİZ ÖLÜM ÜÇÜN VASİTƏLƏR YARADIB

Bir sözlə, ölüm məqamı Allah-Taala ruhu, canı alır. Amma diqqət etməliyik ki, Allah dünyanı səbəblər evi kimi yaratmışdır, o cümlədən ölüm üçün də vasitələr müəyyən etmişdir. Məsələn, damdan yıxılmaq, xəstələnmək, öldürülmək və sair. Əlbəttə bütün bunlar səbəbdir. Axı ölənlərdən də ağır xəstəliyə tutulanlar vardır ki, yaşayırlar. Deməli, bu (xəstəlik), təklikdə ölümə səbəb olmur. Bəli, yalnız ömür sona yetdikdə Allah onun ruhunu çıxarır. Necə ki, bə`zən tam sağlam adamların qəfil ölümünə şahid oluruq.

CAN VERƏNLƏR ÜÇÜN ÖLÜM MƏLƏYİNİN SURƏTİ

Növbəti söhbətimiz ölüm mələyinə aiddir. Ruhu çıxarmaq üçün gələn bu mələk can verənlərə müxtəlif şəkillərdə görünür. Rəvayətə görə Həzrəti İbrahim (əleyhissalam) kafir şəxsin canı alınan vaxtda Əzrailin surətini görməyi arzuladı. Bildirildi ki, buna taqətin çatmaz. Amma İbrahim (əleyhissalam) görmək istədiyini tə`kid etdi. Əzrail özünü deyilən surətdə İbrahim (əleyhissalam)-a göstərdi; rəngi qara, bədəninin tükləri biz-biz durmuş, pis qoxulu, qara libaslı, ağız və burnundan od qığılcımları püskürən bir kişi! İbrahim qəşş etdi... Özünə gəldiyi zaman buyurdu: «Əgər kafir şəxsə heç bir əzab verilməzsə, səni görmək əzabı ona bəsdir.»

ÖLÜM ANINDA MƏLAİKƏ VƏ ŞEYTANLARIN İŞTİRAKI

Can verən insanı son anda da sapdırmaq, azdırmaq qəsdiylə şeytanlar ona sol tərəfdən yaxınlaşır. Məlaikələr isə sağ tərəfdə hazır olurlar. Şeytanların işi həmişə adamları aldatmaqdır, xüsusilə can verən vaxtda, hətta imanlı adamların da imanlarını oğurlamaq üçün çalışırlar. Çünki səadət və bədbəxtliyin mizanı işin son nəticəsidir. İnsan yaşadığı tərzdə ölər və öldüyü təzrdə də dirilər. Hansı arzularla ömür sürmüsənsə, o arzularla da ölərsən. Əgər arzun Əli (əleyhissalam)-ın cəmalını görməkdirsə, munisin onun cəmalı olar. Yox əgər, arzun həva-həvas (şəhvət, tamah və s.) olmuşdursa, o son anda da üzə çıxar.

Lakin, Rəbbimiz imanlı şəxsləri qoruyacağını və`d etmişdir. Şeytan belə insanlara yol tapmaz (14-cü surə, 32-ci ayə). Əbu Zəkəriyya Raziyə ölüm anında söylədilər: «De, «la ilahə illəllah» (Bir Allahdan savayı heç bir mə`bud yoxdur). Dedi: «Söyləmirəm.» Qəşş halına düşdü. Huşu başına gələndə dedi: «Gözlərimin qarşısına bir şəxs gəlib deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə, de İsa Allahın oğludur. Cavab verdim ki, demərəm. Sonra çox israr edib «la ilahə illəlah» söylə, dedi. Cavab verdim ki, sən istədiyin üçün demərəm. Bir silahlı gəlib onu kənarlaşdırdı. İndi isə həqq kəlmələrini deyirəm.» Şəhadət kəlmələrini dilinə gətirib, dünyadan köçdü. Axı bir ömür sədaqətlə vahid Allaha pərəstiş etmiş insana can verən halda şeytan necə qalib gələ bilər?! Yox əgər ömrü şeytanla yaxınlıqla ötmüşsə, həmin saatda da munisi şeytandır.

CAN VEMƏNİN ASANLIĞI VƏ ÇƏTİNLİYİ

Hədis və rəvayətlərdə ruhun, canın çıxarılmasının çətinliyi, ağırlığı açıqlanmışdır. Bə`zi hədislərdə bu halı diri şəxsin dərisinin soyulmasına oxşatmışlar. Başqa bir yerdə isə belədir: «Əgər dəyirman daşı Qala qapısı mıxı ilə gözə otursa və hərəkətə gəlsə, o hal canvermədən (səkərat) daha asandır.» Bir qisim rəvayətlərdə isə ruhun çıxarılmasının çətinliyi bədənin tikə-tikə qayçılanmasına, mişarlanmasına bənzədilib. Hətta bə`zilərinin can verməsi son dərəcə narahatlıqla olur ki, deyiləsi mümkün deyil. Bə`ziləri üçün isə ölmək ən ətirli çiçəyi qoxulamaq kimidir. (16-cı surə, 32-ci ayə)

Rəvayətlərdə bu sayaq oxşatmalar da vardır: Çirkli paltarın yenisi ilə əvəz olunması, bədənin buxov və qandallardan azad olması. Yə`ni, ölüm təbiət aləmi zindanından bir növ xilas olmaqdır.

ÇƏTİN CAN VERMƏ MÖ`MİNİN GÜNAHLARININ ƏVƏZİDİR (KƏFFARƏSİDİR)

Ümumiyyətlə bu iki növ canvermənin heç birinin küliyyəti yoxdur. «Bütün imanlı adamlar (mö`minlər) asan can verir», deyilməsi doğru deyildir. Çoxlu mö`minlər var ki, günahlarının bə`zisi çətin can verməklə silinir. Bu hal Allah-Taalanın mö`minlərə göstərdiyi lütfün sayəsindədir. Mö`min dünyadan pak getməli olduğuna görə, onu islah edirlər. Ağır canvermə mö`minlər üçün islah, kafirlər üçünsə əzabın müqəddiməsidir. (47-ci surə, 27-ci ayə)

KAFİRİN ASAN CANVERMƏSİ ETDİYİ YAXŞILIQLARA GÖRƏDİR

Bə`zən də belə olur ki, kafir və günahkar şəxs asan can verir. Bu şəxs əzab (Cəhənnəm) əhlidir. Amma ömründə qismən də olsa, yaxşı işlər görmüşdür. Belə şəxs asan can verir ki, onun hesabı elə oradaca təmizləsin. Məsələn, kafir adam sədəqə vermiş, bir məzluma yardım etmişsə, bu yaxşılıqlar müqabilində asan can verir ki, artıq axirətdə heç bir tələbi olmasın. Eləcə də mö`min şəxs günahdan pak olmaq üçün çətin can verir. Əslində isə istər asan, istərsə çətin, kafir üçün canvermə halı bədbəxtliyinin başlanğıcıdır. Həmçinin mö`min üçün canvermə səadətdir, istər asan, istərsə də çətin. Buna əsasən kafir və mö`minə, əməlisaleh və bədəmələ nisbətən asan, yaxud çətin canvermə külli bir qanun deyildir.

KAFİR RUHLARININ İŞGƏNCƏ İLƏ ÇIXARILMASI

«Biharül-ənvar» kitabının 3-cü cildində şərif bir hədisdə buyurulur: «Bir gün Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alihi və səlləm) əziz əmioğlusu Əliyyibni Əbi Talib (əleyhissalam)-ı görməyə getdi. İmamın o qədər şiddətli göz ağrısı var idi ki, nalə çəkirdi. Allahın Rəsulu dağca səbri olan Əli (əleyhissalam)-a elə qorxunc, vəhşətli bir xəbər verdi ki, İmam göz ağrısını unutdu.

Buyurdu: «Ya Əli! Cəbrail xəbər verdi ki, kafirlərin ruhu alınarkən bir neçə əzab məlaikəsi gələr və taziyanələrlə, qızmış şişlərlə canını çıxararlar.» Əmirəl-mö`minin ərz etdi: «Ya Rəsuləllah! Sizin də ümmətinizdən belə can verənlər olacaqmı»? Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: «Bəli, müsəlmanlardan üç tayfa bu sayaq can verərlər: zalım hakimlər, yetim malını yeyənlər və nahaq yerə şahidlik verənlər (yə`ni, həqiqətin ziddinə şahidlik edənlər).»

Ümumiyyətlə, olacaqlar özümüzdəndir. Hər kəs etdiklərini görər. Asan və çətin can vermək, əməllərimizin nəticəsidir. Pənah Allaha, bə`zən mümkündür pis əməllərə görə insan dünyadan imansız getsin (30-cu surə, 10-cu ayə).

FÜZEYLİN ŞAGİRDİ İMANSIZ ÖLÜR

Məşhur Füzeyl haqqında yazırlar: «Ən bilikli şagirdi xəstələnib ölüm həddinə yaxınlaşdı. Füzeyl və bir dəstə adam onun görüşünə getdilər. Füzeyl «Yasin» surəsini oxumağa başladı. Bədbəxt tələbə öz ustadının əlinə vurub dedi: «Qur`an oxumağını istəmirəm!» Bədbəxtliyə bax ki, bir ömür məscidə, mədrəsəyə, ibadət məclislərinə gedəsən, Qur`an əhli olasan, indi isə «istəmirəm Qur`an oxunsun» deyəsən. Bəli, bu şəxs şəhadət kəlmələrini də demədən həmin məclisdə öldü.

Füzeyl bu əhvalatdan çox kədərləndi. Bir guşəyə çəkilib, evdən bayıra çıxmadı. Nəhayət, həmin şagirdi yuxuda gördü. Ondan pis aqibətinin səbəbini soruşdu. Cavab verdi: «Məndə üç xasiyyət olduğundan dünyadan imansız getdim. Əvvəlincisi həsəd idi ki, kimsəni özümdən yüksək görə bilmirdim.»

Bəli, od çubuğu yandırıb yox etdiyi kimi, həsəd də imanı puç edər.

GÜNAHLAR SƏBƏBİNDƏN İMANSIZ ÖLMƏK

İkinci xasiyyət xəbərçilik, sözgəzdirmək olmuşdur. Yə`ni, camaatın arasını vurmaq, ərlə-arvadın arasına girib ayrılıq salmaq kimi. Əgər bir kəs digərinin arxasınca danışdısa, məbada o adama bu sözləri xəbər verib deyəsən ki, filakəs belə dedi! Əksinə, əgər iki nəfərin arası yaxşı olmasa de ki, filankəs sənin yaxşılığından danışırdı. Belə yerdə yalan danışmağın heç də eybi yoxdur. Çünki iki nəfərin arasını düzəldirsən; əksinə, xəbərçilik isə çox böyük günahdır. Ona görə ki, kini, nifaqı artırır. Üstəlik xəbərçi xəbər apardığı adamın rahat xəyalını aradan götürər. Qəlbini çirkləyər və qətldən də pis olan fitnə yaradar.

Üçüncü xasiyyət isə onun şərab içməsi olmuşdu.

Bəli, bu üç böyük günah alim, fazil, müdərris bir şəxsin dünyadan imansız getməsinə bais oldu.

ÖLÜMÜ SEVMƏK

Bilməliyik ki, Allahla görüşə (liqaullaha) məhəbbət mühüm məsələdir. Yə`ni, mö`minin ölümdən acığı gəlməməlidir, ondan qorxmamalıdır. Elə də yox ki, ölüm arzulaya və ya (Allaha pənah) özünü öldürə. Çünki bu dünyada qaldıqca insan günahlardan tövbə edə bilər, paklanar, xeyir işlərini artıra bilər. Amma Allah onun ölümünü istədikdə gərək ölümü ne`mət hesab etsin. Çünki itaət əhlidirsə, tezliklə savab evinə çatar. Savab, xeyir işlərinin bəhrəsini görər. Yox əgər günahkardırsa ölüm vasitəsilə günahkarlığı dayanar və layiq olduğu cəza az olar. Xülasə, aqil şəxs ölümü, Allahın istədiyi vaxtda dost tutmalıdır. Çünki bütün səadətlərə çatmağın yeganə vasitəsi ölümdür. Qürur evindən xilas olub səadət, sevinc evinə yetmək, Həzrət Yaradanın ne`mətlər büsatına daxil olmaq, həqiqi dostların, yə`ni Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun pak ailəsi (əleyhimüssalam) ilə, şərif ruhlarla görüş yalnız ölüm sayəsində mümkündür. Eləcə də, Allahın istədiyi həddə uzun ömür və əcəlin tə`xirə düşməsini istəmək lazımdır ki, mübarək və uzun axirət səfəri üçün lazımi hazırlıq görülsün.

DÜNYAYA BAĞLILIQ ƏQLƏN VƏ ŞƏR`ƏN MƏZƏMMƏT OLUNMUŞ, PİSLƏNMİŞDİR

Əksər adamlarda olduğu kimi dünya ləzzətlərinə görə ölümə ikrahla yanaşıb, dünyada qalmaq istəyi əqlən və şər`ən (şəriət nöqteyi-nəzərindən) pislənmişdir.

Əvvəla, əqlən bu dünyada mütləq xoşbəxtlik yoxdur. «Ağıza yüz sillə vurmamış ona bir tikə qoymazlar.» Axı o hansı ləzzətdir ki, əvvəlində, axırında yüzlərlə narahatçılıq olmasın?! Əgər bu xoşbəxtlik cavanlıqdırsa, axırı mütləq qocalıq və zəifliklə sona yetər; yox əgər dünya səadətinin əsası olan sağlamlığı ləzzət bilsək, onda bu da hər an cürbəcür xəstəliklərlə hədələnir; ləzzətlərə çatmaq üçün vasitə olan var-dövlətdirsə, o da əziyyətlə ələ gəlir və min bir çətinliklə əldə saxlanılır; və əgər vəzifə, mənsəbdirsə, onun da yollarında çox bəlalar, çətinliklər vardır. Nəhayətdə isə bütün sadalanmış «ləzzətlər» puç olub, əldən çıxma ərəfəsindədir.

Dünyaya vermə könül, bu vəfasız gözəlçə,

Kimsənin məhəbbətin yaşatmamış bir gecə.

DÜNYAYA MƏHƏBBƏT KAFİRLƏRİN XASİYYƏTİ VƏ BÜTÜN GÜNAHLARIN BAŞIDIR

Amma şər`ən: Qur`ani-Məcid dünya məhəbbətini kafirlərin sifətlərindən biri kimi bildirib və buyurub: «Kafirlər dünya həyatından xoşhal olub, ona bağlandılar.» («Yunis», 7). Başqa bir ayədə: «Əbədi axirət həyatı əvəzinə müvəqqəti dünyanı bəyəndiniz?» («Tövbə», 37) Yəhudilər haqqında isə belə buyurur: «Onlar hər biri dünyada min il yaşamaq arzusundadırlar.» («Bəqərə», 96).

Bu barədə ayələr və hədislər çoxdur. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə bir məhşur hədis vardır: «Dünya məhəbbəti bütün günahların başıdır.»

ÖLÜMƏ İKRAH VƏ BAĞLI OLDUĞU ŞEYLƏRƏ GÖZ YAŞI

Deyilənlərdən aydın oldu ki, ölümün insanla onun sevdikləri arasında ayrılıq saldığına görə ölümə pis baxmaq və uzun ömür arzulamaq əqlən və şər`ən xoşagəlməzdir. Lakin axirət səfərinə daha artıq hazırlaşmaq niyyəti ilə ölümün tə`xirini istəmək, əməl dəftərinin gec bağlanmasını arzulamaq çox yaxşıdır. Lakin dostların, yaxın adamların ölməsindən, onların ölməsindən irəli gələn bu narahatlıq, qorxu maddi cəhətdən olarsa, yersiz və səhvdir. Məsələn, insan ağlaya ki, nə üçün onlar dünya ləzzətlərindən ayrılmış və yaxud nə üçün onun özü həmin yaxın adamların vasitəsi ilə çatacağı səadətdən məhrum olub. Amma bu göz yaşları ayrılıq xatirinə olsa, yaxşıdır. Necə ki, bir yerdə səfərə çıxmış adamlardan biri ayrılıb, vətənə tez çatdıqda, mütləq o biriləri tə`sirlənər. Əgər belə olsa, çox gözəldir, hətta müstəhəbdir (yaxşıdır) ki, mö`minin ayrılığı, uzaqlığı üçün ağlayasan. Xüsusilə, o halda ki, bu mö`minin olması ilə axirət səfərinə daha çox tədarük görə bilərdin.

SƏBİRSİZLİK AXİRƏTDƏN XƏBƏRSİZLİK NƏTİCƏSİDİR

Adamların çoxu, xüsusilə qadınlar, dünya məhəbbətinə giriftar olduqlarına görə, onların bir yaxın adamı öldükdə, çox narahat olur, əldən-ayaqdan gedir, səbirsizlikdə həddi aşırlar. Həmişə dünyada qalmaq istəyən bu adamların hədsiz səbirsizliyinin səbəbi ölümü yoxluq kimi başa düşmələridir. Əgər bilsəydilər ki, ölən adam səfərdə idi, öz vətəninə çatdı və onlar da tezliklə ölən şəxsə qovuşacaqlar, belə səbirsizlik etməzdilər.

Həzrət Sadiq (əleyhissalam) oğlu ölmüş bir kişini gördü ki, oğlunun ölümündə haray-həşir qoparıb çox səbirsizlik edirdi. İmam (əleyhissalam) buyurdu: «Kiçik müsibətdə haray-həşir qoparırsan, daha böyük müsibətdənsə, (axirət müsibətindən) xəbərsizsən?! Əgər öz axirət səfərin üçün hazırlıq görsəydin, oğlunun ölümünə bu cür səbirsizlik göstərməzdin. Öz axirətinin fikrində olmamağın oğlunun ölüm müsibətindən daha ağırdır.»

İLAHİ LÜTF VƏ ƏN`AM

Neçə illər bir sultana xidmət etmiş şəxsə xəbər gətirirlər ki, hansısa bir vaxtda sənə lütf göstərib, xidmətlərinin əvəzini, ən`am verəcəklər. Sözsüz ki, bu adam həmin xəbərdən fərəhlənir, lakin daha artıq ən`am almaq üçün, sultanın xoşladığı əməlləri daha artıq icra etmək üçün həmin vaxtın gec gəlməsini istəyir – bəli, mö`min kəs ölüm xəbərini belə gözləməlidir! Mö`min savab evinə yetişmək üçün bir əsl olan ölümdən fərəhlənməli, daha artıq bəndəlik etmək üçün ölümün yubanmasını istəməlidir. Eyni halda, Allah onun ölümünü istədiyi zaman, Allahla hüsnü-zənn əsasında, Onun dostları Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun ailəsi (əleyhimussalam) ilə görüşdən razı qalmalıdır.

CANVERMƏ ZAMANI ƏHLİ-BEYT (ƏLEYHİMÜSSALAM)-IN İŞTİRAKI

Çox rəvayətlərdə zikr olunmuşdur ki, Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Əli (əleyhissalam) (bə`zi digər rəvayətlərdə Fatimə, Həsən və Hüseyn (əleyhimussalam), bə`zilərində isə 14 mə`sum) mö`minin ölümü zamanı onun başı üstə hazır olarlar. Əlbəttə, onların nur surətləri və misali cisimləri nəzərdə tutulur. (Bu məsələ sonra aydınlaşacaq.)

Həzrət İmam Riza (əleyhissalam)-ın yaxın adamlarından biri can üstəydi. Həzrət onun görüşünə getdi. Həmin şəxs canvermə halında, gözlərini yummuş halda dedi: «İndi Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm), Əli (əleyhissalam), Fatimə (əleyha salam), Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam), ta İmam Kazim (əleyhissalam)-adək mə`sumları görürəm.»

Həmçinin, «sizin də nurlu surətiniz görünür» dedi.

Bir sözlə, aydındır ki, hər kəs ölüm zamanı Əhli-Beyt (əleyhimussalam)-ı görsə, onlara mə`rifəti, məhəbbəti qədər bəhrə aparar.

Haris Həmdanidən məşhur bir hədisdə nəql olunub ki, Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurur: «Hər kəs ölüm zamanı bizi görəcəkdir; istər mö`min olsun, istərsə də kafir.»

Bəli, bu görüş mö`minlər üçün ne`mətdir. Onun dilruba camalını görmək bütün ləzzətlərdən ləzizdir. Amma bu görüş kafirlər və riyakarlar üçün Yaradanın qəzəbindəndir.

ÖLÜMDƏN SONRAKI XƏBƏRLƏR

Can alındıqdan sonra ruh bədənin üzərində (üstündə) dayanır. Mö`minin ruhu asimanlara, kafirin ruhu isə aşağıya aparılır. Cənazə götürüləndə mö`minin «məni tez öz mənzilimə çatdırın!», kafirin isə «məni qəbrə aparmağa tələsməyin»! sədası gəlir. Mö`minə qüsl veriləndə mələk soruşur: «Dünyaya qayıtmaq istəyirsənmi»? Cavab verir: «Yox, bir daha dünyanın çətinliklərinə qayıtmaq istəmirəm.»

Qüsl zamanı və dəfndə meyyitin ruhu iştirak edir: qüsl verən şəxsi görür, dəfn edənləri müşahidə edir, onların söhbətlərini eşidir. Bu səbəbdən də əmr olunmuşdur ki, meyyitin ətrafında qalmaqal salınmasın, müxtəlif söhbətlər edilməsin, çox get-gəl olunmasın, əksinə, zikr və Qur`an tilavətinə yer verilsin.

Bə`zi mühəddislərin rəvayət etdiklərinə görə, elə ki, onu dəfn etdilər, ruh bədənlə başqa bir əlaqə və məhəbbət tapır. Dəfn edənlər getdikdə o, tək qaldığını anlayır və narahat olur.

Qəbirdə mö`minə verilən ilk müjdə odur ki, «Allah səni və dəfndə iştirak edənlərin hamısını bağışladı.» Mö`minlər diqqətli olsunlar ki, canvermə, qüsl, kəfən və dəfn vaxtı məzhəbi mərasimə, müstəhəb hökmlərə riayət edilsin. Xüsusilə, müstəhəbdir ki, dəfn edənlər getdikdən sonra, meyyitin vəlisi geri qayıdıb, təlqin desin. Bu, sonuncu təlqindir. Bundan əvvəl iki təlqin vardır: biri canvermə halında, digəri isə dəfn zamanı.

QƏBİR SUAL-CAVABI

Şiə məzhəbinin zəruriyyətlərindən və həmçinin, inanmalı olduğumuz bir şey də qəbirdə Münkər və Nəkrin sualıdır. Ümumiyyətlə, qəbir sorğusuna e`tiqadımız olmalıdır. Amma görək bu sorğu necədir? Görəsən həmin maddi bədənlərdir, yoxsa misali bədən ilə? Həmin torpaq qəbirdədir, yoxsa ruhdan sual olunur? Və ruh da bədənlə əlaqəli olduğuna görə, görəsən bu əlaqədən də tə`sirlənirmi? Bütün bunları bilmək üçün yenə də hədislərə müraciət etməkdən başqa bir yol yoxdur.

Əllamə Məclisi «Biharul-ənvar» kitabının 3-cü cildində və «Həqqül-yəqin`də buyurmuşdur: «Mö`təbər hədislərdən aydın olur ki, qəbir sorğusu və qəbir sıxıntısı əsl bədənlədir. Ruh ya bütün bədən, ya da bədənin bir hissəsinə qayıdır ki, (sinə və ya qurşağadək) sualı dərk edib, cavab verməyə qüdrəti olsun.»

ƏQİDƏ VƏ ƏMƏLLƏRİN SORĞUSU

Nədən sual olunduğunu bilməliyik. Qəbirdə əqidə və əməllərdən sual verilir. Deyirlər Rəbbin kim idi, Peyğəmbərin kim idi? Hansı dində idin? (Bu suallar yetkinliyə çatmamış uşaqları, divanələri, ağlıkəmləri çıxmaqla hər bir mö`mindən və kafirdən soruşulur.)

Həqiqi əqidəsi olanlar əqidələrini deyib, Allahın vahidliyinə, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinə, Mə`sumların (əleyhimussalam) İmamətinə şəhadət verərlər. Əks halda isə, (həqiqi əqidəsi olmadıqda) dili tutular. Elələri də vardır ki, qorxudan mələklərə «sən Allahsan» deyərlər. Gah da cavab verərlər ki, camaat deyirdi ki, Mühəmməd peyğəmbərdir, Qur`an Allah kitabıdır (yə`ni, cavabın öhdəsindən gəlməzlər). Xülasə əgər insan cavab verə bilsə, yuxarı tərəfdən qapı açılar, qəbir göz işlədikcə genişlənər; yə`ni, bu şəxs Qiyamət oyanışınadək uzanacaq Bərzəx aləmində rahatlıq içərisindədir. («Vaqiə», 87) Ona deyərlər: «Yat, ərus yatışı ilə.» («Vaqiə» 93)

Əgər suallara cavab verə bilməsə Bərzəx Cəhənnəmindən bir qapı açılar, Cəhənnəm nəfəsindən bir külək qəbrini oda çəkər (bu cümlələr eynilə rəvayətdən götürülmüşdür).

QƏBİR SORĞUSUNUN FAYDASI NƏDİR?

İnsanın mö`min və ya kafir, əməlisaleh və ya bədəməl olduğunu Allah-Taala bilir. Bəs sorğu nə üçündür?

Mö`min üçün qəbir sorğusu ne`mətə yetişməyin başlanğıcıdır. Qəbirdə gözəl qiyafəli, dilruba iki mələyi görən, onların gətirdiyi Behiştə məxsus gül və reyhan qoxusu iyləyən mö`min çox xoşhal olur. Buna görə də bu mələklərin adı «Bəşir» və ya «Mübəşşir» (xoş müjdəçi)dir. Digər tərəfdən, mö`minlə sorğunun özü də onun üçün ləzzətdir.

Məktəbdə dərsini yaxşı oxuyan uşaqların sual-cavabdan ləzzət aldıqlarını görmüsünüzmü? Mö`minin də meyli olur ki, ondan Allahı barədə soruşulsun, o da kamil yəqinliklə Allahın vahidliyi və Peyğəmbərin risalətinə şəhadət versin.

ƏZAB MƏLƏYİ İLƏ GÖRÜŞ VƏ NARAHATLIĞIN BAŞLANĞICI

Mö`min kəs üçün qəbir sorğusu ləzzətlərin və rahatlıqların başlanğıcıdırsa, kafir şəxs üçün isə bədbəxtliklərin əvvəlidir. Mələklərin gəlişi kafir üçün qorxulu, dəhşətlidir. Rəvayətə görə, onlar gələrkən ildırım səsi verirlər, gözlərindən od sıçrayır, saçları yerlə sürünür. Kafir meyyitə qorxunc surətdə görünürlər. Elə bu səbəbdən də kafir üçün onların adları «Nəkir» və «Münkir» (müşkülçü, inkarçı)dır.

DİGƏR SUALLARDA ACİZ OLARLAR

Bir ömür Allahı düşünüb tanımamış insandan Allah barədə soruşulanda, onun başına nə gələcəyi mə`lum məsələdir. Ömür boyu Allahı pul, şöhrət, rəyasət olub, aləmlərin Rəbbini yada da salmayıb. Belə insandan Rəbbi barəsində soruşulanda, onda elə bir titrəyiş yaranır ki, heç bir cavab verə bilməz. Bə`ziləri isə 1-ci suala cavab versələr də, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) barəsindəki sualda tutularlar. Bə`ziləri də digər haqq əqidələrdən verilən suallara cavab verə bilməz, ya da əqidə məsələlərindən ötüşsə də, əməllərinin sorğusunda aciz qalarlar.

ƏMƏLLƏRDƏN SUAL OLUNAR

«Biharul-ənvar`ın 3-cü cildində nəql edilmişdir ki, qəbir sorğusunda əqidə məsələlərinə yaxşı cavab vermiş bir şəxsdən əməllər barədə soruşulanda, yenə də yaxşı cavab verdi. Xatırladıldı ki, bir məzlumu görüb fəryadına çatmadığın yadındadırmı?! Abrı, sərvəti əldən alınan o şəxsə kömək edə biləcəyin halda, dayandın. Bu sualın cavabında tutuldu. (Məzlumun fəryadına çatıb, kömək etmək vacib əməllərdəndir). Bir yerdə də öz vəzifəsinə əməl etmədiyindən, ona dedilər: «Sənin haqqında yüz taziyanə əzab hökm olunub.» Vurulmuş ilk taziyanə qəbrini alovla doldurdu. Bəli, bir vacib vəzifəni tərk etməyin nəticəsi belədir.

Məqsəd budur ki, deməyəsiniz əməllərimiz doğrudur. Tutaq ki, əqidən düzgün oldu və bu düzgün əqidə ilə dünyadan getdin. Bəs əməllərin necə? İddia edə bilərsənmi ki, əməl baxımından qüsurlu deyilsən? Əgər mə`sum, günahsız şəxs «qəbrimdə Nəkir və Münkirin sualı üçün ağlayıram» deyərək nalə çəkirsə, mən və sən nə deyək?

QƏBİR DOSTU ƏMƏLDİR

Aydındır ki, qəbirdə hər kəsin dostu, yardımçısı onun əməlləridir. Qur`anda və hədislərdə bu həqiqət təsdiq olunmuşdur. O cümlədən, mərhum Şeyx Səduq «Xisal», «Əmali», «Məanil-əxbar» kitablarında Qeys ibni Asimdən belə rəvayət edir: «Qeys ibni Asim Bəni-təmim qəbiləsindən bir dəstə ilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in xidmətinə müşərrəf olur və ərz edir: «Ya Rəsuləllah, bizə elə bir nəsihət ver (moizə et) ki, ondan faydalanaq, axı biz səhralarda köçəri həyat keçiririk. Cənabınızın ziyarətinə az-az nail oluruq.» Həzrətin onlara verdiyi nəsihətlərdən:

«Ey Qeys! Hökmən səninlə dəfn olunacaq bir yaxının (dostun) olmalıdır. O, diridir və öldüyün zaman onunla birgə dəfn olunarsan. Əgər o kərim olsa, səni əziz edəcək; və əgər lə`nətlənmiş olsa, alçaldacaq. Yalnız onunla birgə dirildiləcək, onun barəsində sorğu olunacaqsan. Onu yalnız saleh (yaxşı) qərar ver. Əgər o saleh olarsa, onunla üns yaradarsan; yox, əgər fasid olarsa, yalnız ondan dəhşətlər görərsən. O yaxın (varlıq), sənin əməlindir.»

Qeys bu moizəni elə oradaca şe`rə çevirdi:

Əməllərdən yardımçı seç özünə

Qəbir evində bir əməldir köməyin.

Şəksiz ki, bir zaman çıxacaq üzə

Onun gözəlliyi olsun istəyin.

Baş qatma hər işə, düşün Allahı,

Razılığı əsasıdır əməyin.

Dünyan, axirətin əmələ bağlı,

Bir xoş əməl qalxanı, min kötəyin.

Bəli, bir qonaqdı dünyada insan,

Haqq ayrılıq fərmanıdır fələyin.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə