44
Aşıq yaradıcılığının bir sıra özünəməxsusluqlarının öyrənilib dürüstləşdirilməsi müəyyən dərəcədə onun
inkişaf yolunun düzgün müəyyənləşdirilməsindən başlayır. Bu mənada onun ənənələrə görə qruplaşdırılması və
hər bir qrup sənətkarın bu ənənənin inkişafındakı yerinin müəyyənləşdirilməsi son dərəcə vacibdir.
Aşıq sənəti yarandığı gündən daim inkişafda, dinamikada və tərəqqidədir. Baş verən bir çox dəyişikliklər
- pozitiv və ya neqativ məzmumundan asılı olmayaraq aşıq yaradıcılığında özünü əks etdirir. Ətrafda baş
verənləri aşıq şeri qədər müntəzəm və mükəmməl ifadə edən ikinci bir bədii təfəkkür modeli nəzərə çarpmır.
XIV-XVI əsrin aşığı özündən əvvəlki əsrin aşığından nə qədər fərqlidirsə, XVII-XVIII əsrin aşığı bir o qədər
açıq dünyagörüşlü, təzadlarla barışmaz, döyüşkən mövqeli, intibaha meyllidir. XIX əsrin sənətkarı isə yenilikçi,
çevik və dinamikdir, hadisələrin mahiyyətinə varan, daxili aləmə məharətlə nüfuz edən, insani gözəllikləri
dəyərləndirəndir, ənənələrə qayıdan, yaddaşda onları bərpa edəndir. XX əsrin aşıq poeziyasında klassik ənənələr
unudulmağa, deformasiyaya uğramağa, əsrin ikinci yarısından sonra isə tam pozulmağa, aşıq şerinə yeni
məzmun gəlməyə başlayır.
Lakin bu vəziyyət aşıq sənətinin yayıldığı bütün bölgələr üçün səciyyəvi deyildir. Anadolu, Təbriz aşıq
məktəblərində klassik ənənələrin mühafizəsi ötən əsrdə də güclü olmuşdur. Bu isə cəmiyyətdə baş verən
hadisələrin aşıq yaradıcılığına bilavasitə təsiri ilə bağlıdır. Məsələn, Şimali Azərbaycanda son yetmiş ildə baş
verən hadisələr aşıq sənətində klassik ənənələrin pozulub yenisi ilə əvəzlənməsinə səbəb olmuşdur. Güney
Azərbaycanda isə aşıq hələ orta əsrlərə məxsus ənənələrini daha mühafizəkarlıqla qoruyub saxlaya bilmişdir.
Yaxud, qruplara və tiplərə ayırdığımız aşıqların hər bir tipi belə rekonstruksiyalardan kənarda qala bilməmişdir.
Məsələn, əsərləri bu günə əlyazmaları ilə gəlib çatan, lakin özünü aşıq adlandıran Molla Cümə yaradıcılığında
klassik ənənələr nə qədər mühafizəkarlıqla qoruyub saxlanmışsa, bunu aşıq, şair, el şairi titullarının heç birindən
imtina etməyən Şair Məmmədhüseyn, Aşıq Şəmşir, Mikayıl Azaflı, Aşıq Soltan, yaxud Şirvan və Borçalı
aşıqlarının heç birinə şamil etmək olmaz. Demək, müasirləşən təkcə aşıq ənənələri, saz havaları deyil, həm də
həmin ənənələrin daşıyıcıları olan ifaçıların özüdür. Bu proses XX əsrin 30-cu illərindən başlayaraq yuxarıda
qeyd edildiyi kimi, ənənələrin pozulması istiqamətində getmişdir. Aşığın «kollektiv təbliğatçı və təşviqatçıya»
çevrildiyi bir ölkədə baş verən hadisələrin təsiri ilə aşığın öz kökündən, ənənələrindən uzaqlaşdırılıb sosialist
həyatını vəsf eləyən bir ifaçıya çevrilməsi özü, ənənələrin qısa tarixi məqamda köklü şəkildə sındırılması idi.
Bununla belə, milli düşüncədə aşıq, tamamilə məhv edilib sıradan çıxarıla bilmədi. O, özünəməxsus bir çox
xüsusiyyətləri qoruyub saxlamağa nail oldu.
XX əsr 60-cı illərin əvvəllərindən başlayaraq aşıq yaradıcılığı üçün yaranmış yeni tarixi şərait onun
daxilindəki milli özünüqayıdışı hərəkətə gətirdi. 90-cı illərdən bu qüvvə daha artan sürətlə yüksəlməyə başladı,
daha müstəqil, demokratik dəyərlərə söykəndi. Ayrı-ayrı aşıq məktəblərində klassik ənənələr bərpa edilməyə,
soykökə qayıtma prosesi genişləndi.
Xalq şeiri üslubu bu gün müasir poeziyanın aparıcı istiqamətinə çevrilmişdir. XIX əsrin ikinci yarısından
Nəbatinin, Qasım bəy Zakirin və başqalarının yaradıcılığı üçün səciyyəvi olan bu ənənə aşıq şeirinin
sərhədlərini müəyyən mənada pozmuş, çox şairi aşıq, çox aşığı şair eləmişdir. Bu qarışıq yaradıcılıq prosesində
həqiqi aşıqlar da yetişmiş, onlar öz ənənələrini qoruyub saxlamış, el şairi, şair və aşıq yaradıcılığı sərhədlərinin
gözlənilməsinə əsasən nail ola bilmişlər. Müəllifli ədəbiyyatın inkişaf səviyyəsi və təsirindən asılı olmayaraq
aşıq yaradıcılığı bütün təsirlərə sinə gələrək öz yolu ilə irəliləmiş, müəyyən tarixi-ənənəvi xüsusiyyətlərini
qoruyub saxlamaqla forma, məzmun və poetik dəyərlərini də zənginləşdirə bilmişdir. Aşıq sənəti öz ənənələrini
həm yaradıcılıq, həm də ifaçılıq istiqamətin-də davam etdirə bilmişdir.
Aşıq yaradıcılığı hələ ta qədimdən şifahi ənənələr üzərində kökləndiyindən onun axarını müəllifli
ədəbiyyatla bağlamaq heç cür mümkün olmamışdır. Aşıq poeziyasında bütün deyilən və deyilməyən
göstəricilərə baxmayaraq müəlliflik şərtidir. O, bir çox çalarlarda xalq yaradıcılığı ənənələrinin kölgəsində qalır.
Bugünkü aşıq əgər bədahətən dediyi və ya qoşduğu qoşmanı təpədən-dırnağa klassik aşıq ənənələri - aşıq ifa
tərzi və üslubu, aşıq şer şəkli və musiqisi ilə cilalayıb tamaşaçı auditoriyasına təqdim edirsə, onu hansısa formal
əlamətə görə müəllifli ədəbiyyatla bağlamağa əsas yoxdur. Çünki bu forma bədii düşüncədə yeni hadisə
deyildir, onun poetik modelləri məhz şifahi düşüncədə aşıq sənəti ilə bağlılığına şübhə olmayan Molla Qasım,
Vanlı Köçər, Qurbani, Abbas Tufarqanlı, Aşıq Ələsgər, Xaltanlı Tağı, Molla Cümə və başqaları tərəfindən
yaradılmışdır.
Çoxəsrlik inkişaf yolu keçib gələn bu yaradıcılıq müxtəlif dövrlərdə özünü mühafizə edib saxlamaqla
müasirləşmələrdən də kənarda qalmamışdır. Aşıq yaradıcılığına müasirləşmə dövrün tələbi kimi daxil olmuşdur.
Yazı mədəniyyətinin yüksəlişinin şifahi ənənələri üstələməsi əslində improvizatorçu aşıqla xalq şeiri üslubunda
yazıb-yaradan şairlərin yaradıcılıq sərhədlərini bir-birinə qarışdırmışdır. El şairi isə onlar arasında ortaq mövqe
tutan, bir sıra hallarda isə yaradıcılıq ənənələri ilə fərqli poetik dəyərlər yaradan sənətkar mövqeyini
formalaşdırımışdır ki, bu da dərin rişələrlə yenə gedib aşıq sənəti qaynaqları ilə bağlanır. Məsələn, Yunis
İmrəni, Qurbanini, Molla Cüməni nə qədər şair kimi təqdim etsək də onların aşıqla şair arasındakı fərqini yenə,
xalqın şifahi ənənəyə əsaslanan «el şairi» anlayışı tamamlayır. Çünki istər dil, poetik üslub, istərsə də forma,
məzmun və ənənə baxımından onlar aşıq şeri qaynaqlarına gedib qovuşur. Geniş anlamda aşıq
şerini təmsil edən