Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   17   18   19   20   21   22   23   24   ...   94

42 
 
eyni zamanda aşıq sənətində ötən yüzillikdə Şimali Azərbaycanda baş verən keyfiyyət dəyişikliklərinin hamısını 
Güney Azərbaycanına şamil etmək olmaz. Bu bölgədə aşıq sənəti öz klassik ənənələrini daha mühafizəkarlıqla 
qoruyub saxlamışdır. Aşığın folklordan ayrılma prosesi güneydə şimal ərazidə olduğundan daha ləng getmişdir. 
Son  onilliklərdəki  milli  özünəqayıdış  həmin  prosesi  artıq  dayandırmış  və  ona  dovrün  bir  sıra  yeni 
xüsusiyyətlərini əlavə etmişdir. 
Ağız ədəbiyyatı ilə aşıq yaradıcılığı arasındakı açıqlanan və ya açıqlanmayan, görünən və görünməyən 
ümumilik  və  fərqlər  təbii  ki,  onlar  arasında  müəyyən  sərhədlər  və  fərdiliklər  də  yaradır.  Ona  görə  də  aşıq 
yaradıcılığını mərasim və uşaq folkloru kimi ağız ədəbiyyatının əlahiddə, ayrıca bir sahəsi kimi öyrənmək daha 
doğru olardı. Çünki bir neçə xüsusiyyət fərqinə görə onu xalq yaradıcılığından ayırmaq ümumilikdə mümkün 
olmadığı  kimi,  bu  yaradıcılığı  ağız  ədəbiyyatı  ilə  yazılı  poeziya  arasında  ortaq  bir  təfəkkür  modeli  kimi 
götürmək  də  doğru  olmazdı.  Çünki  o,  ayrıca  və  fərqli  estetik,  yaxud  mənəvi-əxlaqi  dəyərlər  yaratmır,  yalnız 
xalq ənənələrinə və milli-psixoloji qaynaqlara söykənməklə inkişaf edir. 
Aşıq  yaradıcılığını  davam  etdirmək,  yaşatmaq,  ifa  etmək  məharəti  imkanlarına  görə  aşıqlar  müxtəlif 
qruplara  və  yarım-qruplara  ayrılırlar.  Bütün hallarda  həmin  proses  şifahi  ənənəyə  əsaslanır.  Sənəti  yaşadan 
bütün  aşıqlar  ifa  mədəniyyəti  imkanından  asılı  olmayaraq  sənətin  daşıyıcılarıdır.  Onların  hər  birinin  aşıq 
yaradıcılığının  cilalanmasında,  nəsildən-nəsilə  ötürülməsində,  folklor  mətnlərinin  variantlaşmasında 
özünəməxsus  yeri  və  payı  vardır.  Onları  bir-birinə  qarşı  qoymaq,  hansınınsa  xidməti  üzərinə  kölgə  salmaq 
yanlışlıqlara  aparıb  çıxarardı.  Çünki  onların  hamısı  ümumilikdə  aşıq  sənətinə  həyat  verən,  onu  yaşadıb  etnik 
düşüncədəki yerinin pozulmazlığını qoruyan sənətkarlardır.  
İmprovizə və ifaçılıq, eləcə də yaradıcılıq imkanlarına, mənəvi-əxlaqi, estetik dəyərlərin ifa qüdrətinə və 
aşıq sənəti irsini mənimsəmə səviyyəsinə görə aşıqları aşağıdakı qruplara ayırmaq olar: 
Birinci  qrupa  daxil  olanlar  ustad  sənətkarlardır.  Onlar  geniş  yaradıcılıq  və  ifaçılıq  imkanlarına 
malikdirlər. Aşıq sənətinin sirlərinə dərindən bələd olub, bədahətən söz deyən, saz havalarını məharətlə ifa edən, 
aşıq  və  dastan  repertuarlarını  dərindən  mənimsəyən,  şəyird  yetişdirən  sənətkarlardır.  Bu  aşıqlar  da  iki  tipə 
ayrılır.  Birinci  tipə  məxsus  olanlar  sənətə  ənənəvi  yollarla  yiyələnənlərdir.  Onlar  öz  həvəs,  zəhmət  və 
istedadlarının gücü ilə aşıq sənətinin sirlərinə yiyələnib kamil mərhələyə çatır, ustad yanında dərs alır, ölkələr 
gəzir, məclislər aparır, dünyəvi, xüsusilə islami dəyərləri dərindən öyrənir, elin-obanın yol göstərəni, baş biləni, 
məsləhətçisi olurlar. Bu tip aşıqlar aşıq sənətinin sirlərini öz ustadlarından öyrənir, sonralar öz şəyirdlərinə də 
sənəti bütöv şəkildə mənimsətməyə böyük həvəs, diqqət və qayğı göstərirlər. 
Ikinci tip ustad aşıqlar isə qüdrətdən çalıb oxumaq vərdişi alanlar, butalanma yolu ilə sənətə gələnlərdir. 
Onlar  ilk  öncə  saz  çalıb  söz  qoşmağı  bacarmırlar.  Yatmış  halda,  yuxuda  ikən  onlara  badə  içirilir,  üç gün üç 
gecədən sonra yuxudan ayılan kimi saz istəyirlər. Deyildiyinə görə, onlara yuxuda vergi və buta verilir, onlar öz 
butalarının  arxasınca  gedir,  sözün gücü ilə  ən  böyük çətinlikləri  aşır,  məqsədlərinə  çatmaq  üçün  sözlə  bütün 
maneələri dəf edirlər. Onlara öncəgörməlik verilir, belələri insanların qəlbindən keçənləri duymaq məharəti ilə 
şöhrətlənirlər. Xalq arasında onlara «haqq aşığı» da deyilir. 
Ustad aşıqlar qarşısında qoyulan tələblər böyük idi. Əvvəla, bu tip sənətkarların çala bilmədiyi saz havası, 
söyləyə  bilmədiyi  dastan  olmamalıydı.  Belə  ustadın  yanında  şəyird  dayananlar  da  bütün  bu  kimi  sənətkarlıq 
bacarığına  yiyələndikdən  sonra  müstəqil  şəkildə  məclis  apara  bilərdilər.  Butalananlar  isə  daha  şöhrətli 
sənətkarlar idi. Məclislərdə onların qabağına aşıq çıxmazdı, çıxsaydı da məğlub olardı. 
Ustad sənətkarların hər iki tipi improvizatorçu idi. Onlar orta əsr aşıq sənətinin forma və məzmunca tarixi 
yüksəlişinin  əsasmı  qoymuş,  aşıq  yaradıcılığını  sənətkarlıq  baxımından  yeni  mərhələyə  yüksəlməsini  təmin 
etmişlər. 
Aşıqların  ikinci  qrupuna  ifaçı  aşıqlar  daxildir.  Aşıq  sənətinin  yaşadılmasında,  xalq  içərisində  kütləvi 
şəkildə  yayılmasında,  ustad  sənətkarların  qoşub-düzdüklərinin  qorunub  saxlanmasında  bu  aşıqların  əvəzsiz 
xidmətləri vardır. Bu tip aşıqlar özləri saz havası, nağıl, dastan, şer şəkilləri yaratmırlar. Onlar yalnız özlərindən 
əvvəlki ustadların və şöhrətli müasirlərinin yaratdıqlarını diqqət və qayğıyla qoruyub saxlayır, məclislərdə ifa 
edirlər. İfaçı aşıqlar içərisində də qüdrətli sənətkarlar az olmamışdır. Onlar xalqın zəngin milli mədəniyyətinə 
tarixən böyük qayğı ilə yanaşmış, çalışmışlar ki, hər hansı folklor mətnini heç bir dəyişikliyə uğratmadan milli 
yaddaşda olduğu kimi ifa etsinlər. İfaçı aşıqların bir çoxu  təhrifi bağışlanılmaz  hesab edir, deyilənləri doğru, 
dürüst  ifa  etmələri,  ustadların  sözünü yaşatmaları  ilə  böyük  iftixar  hissi  keçirirdilər.  Ifaçı  aşıqlar  içərisində 
deyilənləri təhrif edən, saz və söz mədəniyyətini qoruyub saxlamağa o qədər də səriştəsi olmayanlara da təsadüf 
edilir. Onlar xalq ədəbiyyatına, milli folklor irsinə əslində böyük ziyan vurmuş hesab edilərdilər. Vaxtilə ustad 
sənətkarlar, məsələn, Aşıq Ələsgər, Molla Cümə, Xaltanlı Tağı, Aşıq Bilal, Aşıq Mirzə, Aşıq Əsəd belələrinin 
sazını  əlindən  alıb  meydandan  çıxarar,  onlara  aşıqlığı  yasaq  edər,  ya  da  yenidən  ustad  yanına  şəyirdliyə 
göndərərdilər. Xalq özü də belə aşıqları qəbul etməz, onların saz çalıb məclis aparmasına o qədər də meydan 
verilməzdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə