Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   2   3   4   5   6   7   8   9   ...   94


 
neçə  qrupa  bölünür.  "Çoban",  "Çoban  avazı",  "Tutu  nənəm",  "Sağım  mahnısı",  "Çək,  şumla  yeri",  "Şum 
nəğməsi" kimi qədim holavarların səs diapazonları kiçik olub, reçitativ tipli melodiyaları ara-sıra işlə əlaqədar 
deyilən nidalarla ("ha-ha-ha", "o-ha", "ho-ho-a") kəsilir. Bir çox əmək nəğmələri kollektiv şəkildə oxunur və 
bəzən rəqslə müşayiət olunurdu (Lənkəran, Masallı). 
Mahnıların  qədim  növlərinə  mərasim  nəğmələri  də  daxildir.  Onlar  mövsüm  və  məişət  mərasimi 
nəğmələrinə  bölünürlər.  Mövsümi  mərasim  nəğmələrində  ayrı-ayrı  təbiət  hadisələrinə  inam  və  etiqadlar  öz 
əksini  tapmışdır.  Bu  mahnıların  bir  qrupu  yazın  gəlişi,  Novruz  bayramı  münasibətilə  yaranmış,  Günəşin 
çıxmasına,  bayram  xonçasına  və  s.  həsr  edilmişdi  ("Günəş,  çıx,  çıx,  çıx!",  "Səməni",  "Kos-kosa"  və  s.).  Bu 
mahnıların mətnini bayatılar təşkil edirdi. "Xıdır" və "Qodu-qodu" mövsümi mərasimlərdə oxunan nəğmələr də 
məşhur idi. 
Məişət mərasimi nəğmələri xalqın toy, doğum, yas mərasimlərini müşayiət etmişdir. Toy mərasimləri 
adət-ənənələrinin rəngarəngliyi, mahnı və rəqslərinin zənginliyi ilə seçilir. "Yol açın, gəlin gəlir", "Xoş gəldin", 
"Xonça  mahnısı",  "Verin  bizim  gəlini",  "Aparmağa  gəlmişik"  və  başqa  toy  mahnıları  rəngarəng  intonasiya 
çalarlarına və fəal rəqsvarı ritmə malikdir.  
Yas və dəfn mərasimlərində ağılar, oxşamalar, mərsiyələr oxunardı. Qədim 
ağıların  mətn  əsasları  oğuz  dastanlarından  götürülmüş,  sonralar  isə  ağıların  bayatı 
şəkilli  formaları  yaranmışdır.  Mərsiyələrin  mətnləri  əruz  vəznində  olub,  klassik 
ədəbiyyatdan  (Füzuli,  Şüai,  Raci,  Qüdsi  və  başqa)  götürülürdü. Matəm  mahnıları 
qəm,  kədər  ifadə  edib,  ağlaşma  ilə  bağlı  olduğundan  melodiyalarının  intonasiya 
əsasını "ağlama", "inilti", "zarıma" təşkil edirdi. 
Azərbaycan  musiqi  folklorunda  tarixi-qəhrəmanlıq  mahnıları  nisbətən  gec 
yaranmış,  onlarda  xalqın  tarixi  ilə  bağlı  müxtəlif  hadisələr  öz  əksini  tapmışdır. 
Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qatır Məmməd və Həcər haqqında nəğmələr 
bu qəbildəndir. "Piyada Koroğlu", "Qaçaq Nəbi", "Atlı Koroğlu", "Qaçaq Kərəm", 
"Kərəmxan  Sərtib"  kimi  mahnılarda  tarixi-qəhrəmanlıq  janrının  xüsusiyyətləri 
müxtəlif  səviyyələrdə  təzahür  edir.  Onların  mətn  əsaslarını  aşıq  ədəbiyyatının 
gəraylı,  qoşma,  müxəmməs  kimi  formaları  təşkil  edir.  XX  əsrin  əvvəllərində 
yüksələn inqilabi hərəkatla bağlı Səttarxana, Qatır Məmmədə həsr olunmuş mahnılar 
da yaranmışdır. 
Mahnı  yaradıcılığının  məzmun,  musiqi  düzümü  baxımından  zəngin  və  rəngarəng  hissəsini  lirik 
mahnılar  təşkil  edir.  Onlarda  xalqın  gündəlik  həyatı,  hiss-həyəcanları,  ailə  münasibətləri  öz  əksini  tapmışdır. 
Müxtəlif obrazlarla əlaqədar mahnıların melodik inkişafı daha geniş vüsət almış, nəfis bəzəklərlə aşılanmışdır. 
"Səndən mənə yar olmaz", "Onu demə, zalım  yar", "Laçın", "Küçələrə su səpmişəm", "Nə gözəldir", "Aman 
ovçu" və s. məhəbbəti, təbiəti vəsf edən lirik mahnılardır. Yumorlu "Çalpapaq", "Aman nənə" kimi mahnılar, 
meyxanalar  da  xalq  musiqi  yaradıcılığında  mühüm  yer  tutur.  Xalq  mahnılarının  melodikasına  variant 
dəyişkənliyi, sekvensiya üsulu ilə inkişaf, istinad pərdələri ətrafında gəzişmə, zəngin melizmatika xasdır. 6/8, 
3/4, 2/4 vəznləri daxilində mətn əsası ilə bağlılıqdan irəli gələn müxtəlif bölgü qruplaşmaları qeyd olunur və 
sinkopalardan istifadə edilir. 
Xalq mahnı yaradıcılığının mühüm qolu olan uşaq musiqi folkloru böyüklərin uşaqlar üçün oxuduqları 
laylaları, oxşamaları, beşik nəğmələrini və s., həm də uşaqlarm ifa etdikləri mahnıları ("düzgülər", "sanamalar", 
"uşaq lirik mahnıları") özündə birləşdirir. Bəzi əmək mahnıları ("Zəhmətin işığı", "İş başına", "Tutu nənəm" və 
s.) tədricən böyüklərin folklorundan uşaq yaradıcılığına keçmişdir.  
Azərbaycan  musiqisinin  digər  mühüm  sahəsi  şifahi  ənənəli  peşəkar  musiqidir.  İncəsənətin  bir  çox 
sahələrini (musiqi, poeziya, teatr, ifaçılıq sənəti və başqa) özündə sintezləşdirən aşıq yaradıcılığı bu musiqinin 
önəmli  qoludur.  "Aşıq"  termini  "eşq"  sözündən  yaranmış,  sənətə,  əsl  gözəlliyə  vurğunluq  mənası  daşıyır. 
Termin  kimi  təxminən  14  əsrdə  yaranmışdır.  Hələ  qədim  və  orta  əsrlərdə  aşıqların  ozan,  varsaq,  dədə  kimi 
əcdadları olmuşdur. Onların həyat və yaradıcılığını əks etdirən ilk yazılı mənbə "Kitabi-Dədə Qorqud"dur. Aşıq 
musiqi-poetik yaradıcılığı qəhrəmanlıq və vətənpərvərlik mövzuları ilə zəngin olub, xalqın istək və arzularmı, 
poetik  sevgi  lirikasını  ifadə  edir.  Onun  tərkibinə  məzmunca  zəngin,  formaca  rəngarəng  dastanlar  və  şerlər 
daxildir. Müxtəlif aşıq havaları bu formaların musiqi əsasmı təşkil edir. 
Ənənəvi  klassik  aşıq  havaları  bayatı,  gəraylı,  qoşma,  müxəmməs,  divani,  təcnis  və  başqa  poetik 
formalara  əsaslanır.  80-dən  artıq  ("Kərəmi",  "Əfşarı",  "Misri",  "Dilqəmi",  "Yanıq  Kərəmi"  və  s.)  aşıq 
havalarının ayrı-ayrı ərazi variantları mövcuddur. Dastan aşıq sənətinin önəmli janrıdır. Çoxhissəli ədəbi-bədii 
musiqili əsər  olan  dastanda  şer,  nəsr  və  musiqi  növbələşir.  Aşıq  yaradıcılığının  kiçik  formaları  dastana  daxil 
olub,  onun  tərkib  hissəsini  təşkil  edir.  Dastanlar  mövzu  etibarilə  müxtəlifdir:  qəhrəmanlıq  ("Koroğlu"), 
məhəbbət  ("Əsli  və  Kərəm")  dastanları  və  başqa  Aşıqların  əsas  musiqi  aləti  sazdır.  Sazın  əsas  üç  qrup  simi 
kvarta-kvinta  nisbətində  köklənir,  başqa  interval  nisbətləri  də  var.  Aşıq  musiqisinin  melodiya  və  forma 
xüsusiyyətləri sazın bu quruluşu ilə bağlıdır. 



 
Aşıq  havalarında  musiqi  ilə  poetik  mətnin  qarşılıqlı  əlaqəsi  onların  melodik-ritmik,  forma 
xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının vəzni hecadır. Havaların quruluşu şerin 
forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani (XVI əsr), Abbas Tufarqanlı, Sarı Aşıq 
(XVII əsr), Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm (XVIII əsr), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli 
(XIX əsr) və başqa keçmişin görkəmli aşıqlarıdır. XX əsr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd, 
Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov, 
Hüseyn  Cavan,  Aşıq  Kamandar,  İmran  Həsənov,  Mikayıl  Azaflı,  Əkbər 
Cəfərov, Ədalət Nəsibov və başqa fərqlənir. Aşıq sənəti Azərbaycanın Qazax, 
Tovuz,  Şamaxı  rayonlarında,  həmçinin  tarixi  Göyçə  və  Borçalı  mahallarında 
xüsusilə vüsət tapmışdır.  
Muğamlar şifahi ənənəli peşəkar musiqinin yüksək sənət nümunəsidir. 
Orta əsrlərdə klassik poeziya ilə bağlı inkişaf etməyə başlayan muğamlar dərin 
məzmun,  yüksək  ideya,  emosional  məna  daşıyan  vokal  və  instrumental 
kompozisiyalardır.  Fəlsəfi-psixoloji  məzmunlu  muğam  sənətində  insanın 
zəngin  mənəvi  aləmi,  həyat  haqqında  düşüncələri  ifadə  edilmişdir.  Muğam 
Yaxın  və  Orta  Şərqin  bir  sıra  xalqlarının  musiqi  janrıdır.  Klassik  Şərq 
musiqisində  muğamat  12  muğamdan  ("Üşşaq",  "Nəva",  "Əbusəlik",  "Rast", 
"İraq"  (Əraq),  "İsfahan",  "Zirəfkənd",  "Büzürk"  (Bozorg),  "Zəngulə", 
"Rahəvi",  "Hüseyni",  "Hicaz"),  24  şöbədən,  48  guşədən,  6  avazdan,  rəng  və 
təsniflərdən  ibarətdir.  Azərbaycan  muğamları  quruluş,  dramaturji  inkişaf, 
improvizə  xüsusiyyətləri,  ifa  üsullarına  görə  digərlərindən  fərqlənir.  Çağdaş 
Azərbaycan  muğam  musiqisində  12  əsas  muğamdan  7-si  təşəkkül  tapmışdır. 
Əsas  muğamların  adları  Azərbaycan  musiqisinin  lad  əsasmı  təşkil  edən  7 
məqamın (ladın) adı ilə eynidir ("Rast", "Şur", "Segah", "Şüştər","Çahargah", 
"Bayatı- Şiraz", "Humayun"). Hər bir muğam istinad etdiyi məqamın inkişafı 
nəticəsində onun intonasiya tərkibinin, ifadə özəlliklərinin təcəssümü kimi təşəkkül tapmışdır. Muğam fəlsəfi, 
lirik  məzmunlu  fikir  və  forma  bitkinliyinə  malik  bir  əsərdirsə,  məqam  onun  əsasına  qoyulmuş  lad  tərkibi, 
müəyyən  qayda-qanuna  tabe  olan  səs  düzümüdür.  Hər  hansı  bir  məqamın  əsasında  təkcə  onun  adına  uyğun 
muğam deyil, bir neçə muğam səslənə bilər. Məs., rast məqamına "Rast" dəstgahından başqa "Bayatı-Qacar", 
"Mahur-hindi", "Orta-mahur", "Dügah" və s. muğamlar da əsaslanır. 
Muğam  məqam-intonasiya  inkişafının  vəhdətinə,  müəyyən  dramaturji 
kompozisiyaya  əsaslanan  çoxhissəli  sil-silə  əsərdir.  Muğam  dəstgahlarında  sərbəst 
vəznli  improvizə  hissələri  -  şöbələr  dəstgahın  dəqiq  metroritmə  əsaslanan  vokal 
təsnifləri və instrumental rəngləri ilə növbələşərək təzad yaradır. Muğamlar müəyyən 
ciddi qayda-qanunla düzümlənir. Melodik inkişaf məqamın mayəsindən başlanaraq, 
yuxarı  istiqamətlənir,  ən  yüksək  həddə  -  kulminasiyaya  çatır  və  yenidən  geriyə, 
mayəyə  qayıdır.  İnkişafın  rüşeymini  məqamın  mayəsini  səciyyələndirən  kiçik 
melodik  dönmə-tezis  təşkil  edir.  Muğam  şöbələrinin  ardıcıllığı  pilləvarı  inkişaf 
quruluşunu  yaradır.  Azərbaycan  muğamlarının  vokal-instrumental  və  instrumental 
növləri  var.  Xanəndələr  muğamı  klassik  Azərbaycan  poeziyasının  örnəkləri,  lirik 
fəlsəfi məzmunlu qəzəlləri üstündə ifa edirlər. Muğamlar, adətən, xalq çalğı alətləri 
üçlüyünün (tar, kamança, dəfxanəndə) ifasında səslənir. Muğamın bir növü də zərbi 
muğamlardır  (ritmik  muğamlar).  Bunlar  "Heyratı",  "Mənsuriyyə",  "Simayi  Şəms", 
"Arazbarı",  "Ovşarı",  "Kəsmə  şikəstə",  "Qarabağ  şikəstəsi"  və  başqadır.  Zərbi 
muğamlarda  xanəndənin  muğam  improvizəsi  dəqiq  vəznli  musiqi  ilə  müşayiət 
olunur. Bu zaman poliritmik, polimetrik çoxqatlı faktura yaranır. Zərbi muğamların vokal partiyası üçün yuxarı 
registrdə səslənən zəngin melizmatikalı melodiya xasdır. Azərbaycan klassik muğamının inkişaf tarixi xanəndə 
ifaçılığı sənəti ilə sıx bağlıdır. Görkəmli xalq sənətkarları özəl muğam ifaçılığı məktəbi yaratmışlar (Hacı Hüsü, 
Səttar,  Əbülhəsən  xan  İqbal,  Əbdülbağı  Zülalov,  Cabbar  Qaryağdı  oğlu,  Keçəçi  oğlu  Məhəmməd,  Məşədi 
Məmməd Fərzəliyev, Məcid Behbudov və başqa). XIX əsrin 2-ci yarısı - XX əsr Azərbaycan muğam ifaçılığına 
müxtəlif məktəblər mövcud idi (Qarabağ, Bakı, Şirvan məktəbləri). Xanəndələrdən İslam Abdullayev, Ələsgər 
Abdullayev,  Seyid  Şuşinski,  Bülbül  (Murtuza  Məmmədov),  Xan  Şuşinski,  Zülfı  Adıgözəlov,  tarzənlərdən 
Qurban Pirimov, Mirzə Mənsur Mənsurov və başqalarının Azərbaycan musiqi tarixində mühüm xidmətləri var. 
Azərbaycan xalq musiqisi yuxarıda adları çəkilən 7 əsas və 3 əlavə məqam (Şahnaz, Sarənc, 2-ci növ 
Çahargah) üzərində qurulmuşdur. Məqamların səs sırası beş növ tetraxordun dörd üsulla birləşməsindən əmələ 
gəlmişdir.  Tetra-xordların  sayı  və  birləşmə  üsullarından  asılı  olaraq  məqam  pərdələrinin  sayı  müxtəlif  olur. 
Məqamın əsas sabit pərdəsi - mayədir (tonika). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə