Mədəniyyət və turizm Mündəricat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/94
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#10057
1   ...   50   51   52   53   54   55   56   57   ...   94

100 
 
uşaqların sayı 9-12 nəfər olan ailələr çox idi. Çoxuşaqlı valideynlərin cəmiyyətdə böyük nüfuzu və hörməti var 
idi. 
Ailələrin  böyüyüb  yeni  müstəqil  ailələrə  parçalanması  zamanı  əmlak  da  bölünürdü.  Əmlak  bölgüsü 
ailənin  yalnız  ümumi  mülkiyyətini  əhatə  edirdi.  Ailənin  ümumi  mülkiyyəti  torpaq  sahəsi,  yaşayış  evləri, 
təsərrüfat tikililəri, mal-qara, əmək alətləri, ev əşyaları, qızıl-gümüş və pul vəsaitindən ibarət olurdu. Gəlinlərin 
cehizi və ər evinə gələn zaman  gəlinə qayınatası tərəfindən bağışlanmış "dizdayağı" onların şəxsi mülkiyyəti 
hesab edilirdi. 
Ailə mülkiyyətinin bölgüsü, əksər hallarda məhəllə ağsaqqalının, bəzən mollanın iştirakı ilə adət əsasında 
həyata keçirilirdi. Öncə qadınların şəxsi mülkiyyəti ayrılır, sonra isə valideynlər üçün "xeyratlıq", subay qızlar 
üçün "ərgənlik"  və  subay  bacı  üçün  "cehizlik"  ayrılırdı.  Ailənin  yerdə  qalan  mülkiyyəti  bundan  sonra,  yeni 
ailələr arasında bölünürdü. Bu zaman islam hüququna və şəriət qaydalarına görə, qardaşlar bərabər pay alırdılar, 
qızlara qardaşın payının yarısı qədər, anaya isə səkkizdə biri qədər pay ayrılırdı. Anaya ayrılan payın azlığının 
səbəbi öncə onun şəxsi mülkiyyətinin ayrılması idi. 
Böyük  ailə  kiçik  ailələrə  parçalananda  əmlak  bölgüsü zamanı  qardaşların  sayı  qədər  istehsal  alət  və 
vasitələri  olmadığından,  çox  vaxt  əmək  alətləri  kotan  və  xış,  istehsal  vasitələri    su  dəyirmanı,  su  dingi, 
toxuculuq  dəzgahı,  cəhrə,  xana  və  qoşqu  heyvanları,  məişətlə  bağlı  əşyalar    məclis  qazanı,  məclis  samovarı, 
arxıd  (ağac  nehrə)  və  sairə  bölüşdürülmürdü  və  qardaşların  ümumi  mülkiyyətində  saxlanırdı.  Bu  istehsal 
vasitələrindən yeni ailələr növbə ilə, məişət əşyalarından isə zərurət olanda istifadə edirdilər. 
Ailənin  bütün  üzvləri  keçmişdə  təsərrüfat  işləri  ilə  məşğul  olurdu.  Ailədə  ən  ağır  fiziki  işləri  kişilər 
görürdü. Torpağı şumlamaq, əkib-becərmək, taxılı biçmək və dəyirmanda üyütmək, ot çalmaq, qoyun qırxımı, 
arx  qazmaq,  hasar  çəkmək,  meşədən  odun  gətirmək  və  sairə  işlər  kişilərin  öhdəsinə  düşürdü. Ailənin  daxili 
təsərrüfat işləri isə qadınların qayğısı idi. Qadınlar bostan və dirrikdə çalışır, qoyun-quzu bəsləyir, inəkləri sağır, 
süd məhsulları hazırlayır, qırxılmış yunu yuyur, darayır, əyirir və boyayır, yun iplikdən corabdan tutmuş xalça-
palazadək müxtəlif məişət əşyaları toxuyur, döşək tutur, yorğan sırıyır, uşaqlar üçün paltar tikir, xörək bişirir, 
ev-eşiyi səliqə-sahmana salır və uşaqların tərbiyəsi ilə məşğul olurdular. 
Ailə üzvləri arasında qarşılıqlı münasibətlərin mərkəzində qadının ailə və cəmiyyətdəki mövqeyi dururdu. 
Keçmişdə yoxsul və ortabab kəndli ailələrində qadın ev təsərrüfatında gördüyü işlərdən əlavə, əri ilə yanaşı çöl 
işlərində  də  çalışırdı.  Şəki,  Şirvan,  Qarabağ  və  Naxçıvan  bölgələrində  baramaçılıqda,  Lənkəran  bölgəsində 
çəltikçilikdə,  Quba  bölgəsində  meyvəçilikdə,  Qazax  və  İrəvan  bölgələrində  qoyunçuluqda  qadın  əməyindən 
geniş  istifadə  edilirdi.  Belə  kəndli  ailələrində  qadın  ailənin  bütün təsərrüfat  işlərində  fəal  iştirak  etdiyi  üçün 
onun ailədə sosial durumu daha yaxşı idi. Azərbaycanın əksər şəhər və kəndlərində qadınlar yaşmaq tutur, çadra 
örtürdü. Zadəgan  ailələrindən  olan  və  yüksək  cəmiyyətə  məxsus  qadınlar  küçəyə  çıxdıqda,  üzlərinə toxunma 
rübənd  tutardılar.  Cavan  gəlin  nəinki  yad  kişidən,  hətta  bir  uşağı  olanadək  qayınatasından,  qayınlarından  da 
yaşınmalı idi. 
Kəndli ailələrində isə qadın çöl işlərində kişilərlə yanaşı çalışdığından nisbətən sərbəst idi. 
Ailə məişətində nikah münasibətləri mühüm yer tutur. Azərbaycanın qədim tarixinə aid yazılı qaynaqların 
az olması səbəbindən qədim nikah formaları haqqında təsəvvür çox səthidir. Yalnız Strabonun (e. ə. I əsrin sonu 
- eramızın I əsrinin əvvəlləri) əsərlərində əcdadlarımızdan biri sayılan madalılarda (midiyalılarda) poliqamiya 
(çoxarvadlılıq) kimi nikahın olması haqqında məlumat vardır. 
Poliqam nikah Azərbaycanda qədim dövrdə mövcud olmuş, sonralar aradan çıxmış və orta əsrlərdə yalnız 
qalıq şəklində mövcud olmuşdur. 
Azərbaycanda  poliqamiya,  əsasən,  ikiarvadlılıq  şəklində  təzahür  etmişdi.  Poliqam  nikahlar  müəyyən 
səbəblər  (sonsuzluq,  qız  uşaqlarının  doğulması)  nəticəsində  baş  verirdi.  "Levirat"  və  "sororat"  adətləri  də 
poliqam nikahın səbəblərindən idi. 
Ailə-nikah  münasibətləri ilə  bağlı adətlər arasında  qohumla  evlənmə  xüsusi  yer  tuturdu.  Azərbaycanda 
qohumla evlənməyə icazə verilməsi adəti mövcud olmuşdur. Lakin bu, qəbilə-tayfa quruluşu üçün xarakterik 
olan  "endoqam"  nikah  deyildi,  çünki  qohum  olmayanlarla  evlənməyi  qadağan  etmirdi.  Azərbaycanda 
"ekzoqam"  nikahı  da,  yəni  yalnız  qohum  olmayanlarla  evlənməyə  icazə  verib  qohumlarla  evlənməyi  qəti 
qadağan  edən  nikah  adəti  olmamışdır.  Sonralar  islam  dini  Azərbaycanda  qohumla  evlənmə  adətini 
tənzimləmişdir. 
Azərbaycanda  qohum  ilə  evlənmə  adətlərindən  ən  çox  kuzen  nikahlar  yayılmışdı.  Kuzen  nikahlar  iki 
qrupa bölünür: ortokuzen nikahlar (əmioğlu ilə əmiqızının və xalaoğlu ilə xalaqızının nikahları) və krosskuzen 
nikahlar (dayıoğlu ilə bibiqızının və bibioğlu ilə dayıqızının nikahları). Keçmişdə ortokuzen nikaha, xüsusilə, 
əmioğlu ilə əmiqızının nikahına daha çox üstünlük verilirdi. 
Ailə-nikah  məsələlərindən  biri  də  nikah  yaşı  normalarının  müəyyənləşdirilməsidir.  Azərbaycanda, 
ənənəyə  görə,  nikah  yaşı  normaları  oğlanlar  üçün 16-18,  qızlar  üçün 14-16  yaş  idi.  Keçən  əsrlərdə  oğlanlar 
əksər  hallarda  18  yaşından  sonra  evlənirdilər.  Müəyyən  səbəblərdən  oğlanlar  bəzən  25-30  yaşlarında  evlənir, 
qızları isə 12-13 yaşlarında ərə verirdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə